Üçüncü Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb

 

Avqustun 13-dən 20-dək keçiriləcək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb. Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq olan festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival proqramının önəmli bir hissəsi olan “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Xüsusilə dünya premyerasını 2019-cu ilə “Sundance” film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” ekran əsəri bu bölmənin ən parlaq filmlərindən biridir. Xatırladaq ki, “Bal ölkəsi” ekran əsəri “Sundance” film festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında “Ən yaxşı beynəlxalq bədii film” və “Ən yaxşı sənədli film” kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametrajlı sənədli filmlər də artıq məlumdur. Belə ki, seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məsələləri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəssisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır.

Qeyd edək ki, festival Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

Festivalın proqramı ilə tanış olmaq istəyənlər https://aki.az/iii-sevil-beyn%c9%99lxalq-qadin-film-festivali-proqramini-elan-edir/ linkindən istifadə edə bilərlər.

Onu da xatırladaq ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.