Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı TÜRKSOY-un Baş katib Sultan Raev təqdim edib. TÜRKSOY-un yüksək təltifi Komitə sədrinin bu ortaq türk qurumu ilə sıx əməkdaşlığına, ümumən Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi işinə töhfələrinə görə təqdim olunub.
Təqdimatda çıxış edən Qənirə Paşayeva bu il yaranmasının 30-cu ildönümü tamam olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının zəngin təcrübəsindən, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yola xidmətlərindən danışıb.
O, TÜRKSOY-un Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə diqqətini, habelə Qarabağ kökənli klassik sənətkarların yubileyinə həssas diqqətini yüksək qiymətləndirib.
Azərbaycanın haqq savaşına dəstək verən TÜRKSOY-a, ümumən Türk dünyasına minnətdarlığını bildirən komitə sədri Şuşanın 2023-cü il umun “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi anlam daşıdığını vurğulayıb, ürək sözlərini bölüşüb.
TÜRKSOY-un yüksək təltifinə görə TÜRKSOY rəhbərliyinə minnətdarlıq edən Qənirə Paşayeva Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu TÜRKSOY-a hədiyyə edib.