ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

07.04.2025-ci il tarixdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə  Xalq şairi B. Vahabzadənin 100 illik yubileyi çərçivəsində "Bəxtiyar sözü Azərbaycan musiqisində" adlı konsert keçirilib.

 

Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şəki-Zaqatala RMİ və Dağlıq-Şirvan RMİ-nin rəhbərliyi, Şəhid ailələri, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib.

Konsert proqramında Şəki şəhər 3 nömrəli UMM-nin müəllimlərindən ibarət ansamblın ifasında dahi şairin sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib. 

Çıxış edənlər şairin həyat və  yaradıcılığı haqqında geniş məlumat verib, sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Çərşənbə axşamı, 08 Aprel 2025 15:04

BİZİM KİNO - Haqsızlığın düşməni- “Koroğlu”

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Haqsızlığa qarşı hər zaman  qarşı çıxan və  boynumuzun vurulacağını belə  bilsək buna boyun əyməyən bir ölkə, millət olduğumuz hamının məlumudur. Bu gün sizlərə Azərbaycanın, türk dünyasının qəhrəman oğlu, haqlının yanında, haqsızın və haqsızlığın isə qarşısında olan və eyni zamanda haqqında film də çəkilən Koroğlu barədə danışmaq istəyirəm.

 

Rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı film müharibə janrında çəkilmişdir.  Öz adı Rövşən olan qəhrəmanımıza atası Alı kişinin gözlərinin çıxarılmasından sonra hamı Koroğlu deyə müraciət etmişdir. Eynən Qaçaq Nəbi, Babək  və saysaq belə bitməyəcək qəhrəmanlarımız kimi Koroğlu da haqsızlığa boyun əyməyib, xalqına, insanına zülm edənlərə qarşı mübarizəyə qalxmışdır. Bu gün də Koroğlu hər kəs tərəfindən hörmət və ehtiramla yad edilir. Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanıdır (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı mövcuddur.

Koroğlu adlı qəhrəmanın çücaətləri türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir.

 

Biz bu yazımızda daha çox filmin özündən deyil, ona süjet vermiş motivlərdən söz açacağıq.

Bir çox tarixçi və araşdırmaçılar "Koroğlu" eposunu məhz Azərbaycan mədəniyyətinə aid edirlər. Alman türkoloq Karl Rayxl yazır:

"Koroğlu" eposu çox güman ki, XVI əsrin sonlarında Azərbaycanda yaranıb, oradan şimala, şərqə və qərbə yayılıb. Kunos qeyd edir ki, Koroğlu hekayəsi Türkiyəyə Azərbaycandan yayılıb."

"Hətta müasir ucuz nəşrləri də azərbaycan əsilli insanlar yazırdı. Bunun göstəricisi də bir çox Azərbaycan xüsusiyyətlərini özündə saxlayan məşhur nəşrlərin dilidir. Şimali Azərbaycandan əfsanələr silsiləsi digər Zaqafqaziya xalqlarına, o cümlədən gürcü, kürd, ermənilər kimi qeyri-türk dillərində danışan xalqlara da sirayət etmişdir. Buradan dastan Krım tatarlarına, Tobolsk tatarlarına və karaimlərə keçdi."[1]

Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır. Müxtəlif ölkələrdə ayarlanaraq fərqli versiyaları izah edirlər. Korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edər. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Xıdır zaman-zaman kor olaraq bətimlənir çünki onun gözə ehtiyacı yoxdur. Korluq müdrikliyi işarəliyər. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan Koroğlunun atası Alı (İslamdan sonra Əli), korluq tanrısı həqiqi bir versiyasıdır. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da vardır. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edir.

1. Gözləri kor olan (gözə ehtiyacı olmayan) adamın oğlu.

2. Torpağın, dağın (məcazi məzarın, yəni, ölümün) oğlu.

3. Korun, yəni, atəşin (müqəddəs gücün) oğlu.

 

Bəzi mənbələrə görə, Koroğlu - Cəlalilər hərəkatının başçılarından biri idi. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu dastanı"nda tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır.

Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası da tarixən mövcud olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şeirləri qorunub saxlanır.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

Çərşənbə axşamı, 08 Aprel 2025 09:34

Uçan xalça, elə bilirsiniz, yalnız nağıllarda olur?

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bilirsiniz, dünyaya xalçanı, xalçaçılıq məktəbini, məhz Azərbaycan bəxş edib. (Abdulla Səfi)

 

 Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. 

 

Xalça firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi.

 

Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.

 

- Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar. Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.

 

- Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.

 

- Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. 

 

MARAQLI FAKTLAR

Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "uçan xalça" ("sehrli xalça") sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqatlar davam etdirilir. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir. Tədqiqatlar uğurla aparılarsa, gələcəkdə "uçan xalça"nın şəhərdaxili nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.

 

XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.

 

Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.

 

Şəkildə: Azərbaycan xalçaçılıq məktəbinin Xoy (Güney Azərbaycan) qrupuna aid xovlu xalçalar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

Çərşənbə axşamı, 08 Aprel 2025 10:01

Ümumtürk musiqisi və musiqi ənənələri

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə həyata keçirdiyi Türk xalqlarının mədəniyyəti layihəsində növbəti görüşümüzdür. Mövzu musiqidir.

 

Türk musiqisi dünyanın müxtəlif guşələrində yaşayan Türk xalqlarının mədəniyyətini, həyat tərzini və tarixi ənənələrini özündə birləşdirən zəngin və çoxşaxəli bir sahədir. Orta Asiyanın geniş bozqırlarından, Anadolunun mədəni zənginliklərinə qədər Türk xalqlarının musiqisi bir-birinə bənzəyən, amma hər birinin özünəməxsus xarakteristikaları ilə fərqlənən elementlərə malikdir. Bu yazıda ümumtürk musiqisi və Türk xalqlarının musiqi ənənələrini araşdıracağıq, xüsusilə də onların tarixi, formaları, alətləri və sosial funksiyalarını nəzərdən keçirəcəyik.

 1. Türk musiqisinin tarixi kökləri və mədəniyyətə təsiri

Türk musiqisinin kökləri çox qədim zamanlara Orta Asiyada göçebe (köçəri) həyat tərzi sürən Türk xalqlarının mədəniyyətinə gedib çıxır. Bu dövrdə musiqi həm gündəlik həyatın bir hissəsi, həm də ritualların bir parçası olaraq inkişaf etmişdir. Göçebe türklər təbiətlə sıx əlaqədə olmuş və bu əlaqə musiqiyə də yansımışdır. Musiqi alətləri çox vaxt təbiətdə tapılan materiallardan hazırlanırdı, məsələn, bendir (böyük bir çəng)dutar (iki simli bir alət) kimi alətlər tez-tez istifadə olunurdu.

Türk musiqisi həm də şifahi ənənəyə dayanırdı və musiqi söz və rəqslə birlikdə mədəniyyətin bir hissəsi kimi nəsildən-nəslə ötürülürdü. Dastanlar, əfsanələr və qəhrəmanlıq hekayələri musiqi vasitəsilə təqdim edilirdi.

  2. Türk musiqisinin ümumi xüsusiyyətləri

Bütün Türk xalqlarında ortaq elementlərə malik olsa da, hər bir xalqın musiqisində özünəməxsus təsirlər və fərqliliklər mövcuddur. Bu xüsusiyyətlər arasında bəzi ümumi cəhətlər belədir:

  • Maqam və melodiya: Türk musiqisi, əsasən, maqam adlı melodiya quruluşu üzərində qurulmuşdur. Maqam- müəyyən bir melodik xəttin təkrarı və dəyişməsi ilə irəliləyən musiqi quruluşudur və bütün Türk xalqları tərəfindən istifadə edilir.
  • Ritm və usul: Türk musiqisində ritm və usul anlayışları çox önəmlidir. Usul- musiqinin ritmik ölçüsünü təyin edən bir quruluşdur və bir çox Türk xalq musiqisində özünəməxsus usul növləri mövcuddur.
  • Musiqi alətləri: Türk musiqisi çox müxtəlif musiqi alətləri ilə ifa olunur. Ən geniş yayılmış alətlər arasında ney, kemençe, bağlama, dutar, tar, kanun, bendirzurna kimi alətlər yer alır. Hər bir Türk xalqının özünə məxsus musiqi alətləri də var.
  • Söz və musiqi əlaqəsi: Türk musiqisində, xüsusilə, xalq musiqisi dastan musiqisi sahələrində musiqi və söz bir arada mövcud olur. Müəyyən melodiyalar üzərində danışılan hekayələr və şeirlər musiqiyə əlavə olunur. Bu ənənə həm də Türk musiqisinin təbii və emosional dərinliyini artırır.

3. Türk xalqlarının musiqi ənənələri

Türk musiqisi müxtəlif coğrafiyalarda yaşayan bir çox Türk xalqının mədəniyyətindən təsirlənərək inkişaf edib. Aşağıda bəzi Türk xalqlarının musiqi ənənələrinə nəzər salaq:

3.1. Azərbaycan musiqisi

 Azərbaycan musiqisi Türk musiqisinin ən zəngin və qədim ənənələrindən biridir. Azərbaycan musiqisi həm klassik, həm də xalq musiqisi janrlarında zəngin irsə malikdir. Azərbaycan musiqisində tar, kamança, balaban, zurnagaval kimi alətlər geniş istifadə olunur.

Azərbaycan musiqisində muğam adı verilən xüsusi bir improvizasiya ənənəsi vardır ki, bu, Türk dünyasında ən yüksək musiqi sənəti formalarından biri sayılır. Muğam, təkcə musiqi deyil, həm də bir dünya görüşüruhən yüksəlmə prosesidir.

3.2. Türkü və “Türk halk müziği”

Türk halk musiqisi, Türk xalqının ənənələrini, tarixini və gündəlik həyatını musiqi vasitəsilə ifadə edir. Türkü, sadə melodiyalar və şeirlərlə xalqın hekayələrini danışır. Bağlamacura kimi alətlər bu musiqidə geniş yayılmışdır.

Türk halk musiqisinin ən əhəmiyyətli janrlarından biri olan bozlakhoron kimi rəqslər də musiqi ilə sıx əlaqəlidir. Bu rəqslər və mahnılar, Türk kəndlərindəşəhərlərində insanların birləşməsisosial əlaqələrin qurulması baxımından mühüm rol oynayır.

3.3. Qazax musiqisi

Qazax musiqisi Türk dünyasının ən qədim və zəngin musiqi ənənələrindən biridir. Qazax musiqisi həm xalq musiqisi, həm də klassik musiqi janrlarında inkişaf edib. Bu musiqi bozkır mədəniyyətigöçebe həyat tərzi ilə sıx bağlıdır. Qazax musiqisinin əsasını təşkil edən maqamlar, melodiyalar və ritmik strukturlar xalqın tarixi və gündəlik həyatını əks etdirir.

Qazax musiqisində dombra, qobız (qopuz), kemençebendir kimi musiqi alətləri geniş istifadə olunur. Dombra Qazax musiqisinin ən tanınmış alətidir və həm instrumental, həm də vokal ifalarda geniş yer tutur.

Qazax musiqisinin ən vacib xüsusiyyətlərindən biri olan improvizasiya, musiqinin canlı və təbii bir hissə olmasına imkan verir. Qazaxların türküdastan ənənələri də musiqilərində özünü göstərir, xüsusən, Manas dastanı və digər epik hekayələr musiqi ilə təqdim edilir.

Qazax musiqisi həm də ritmik oyunlarrəqslərlə sıx əlaqəlidir, bu da onun sosial funksiyalarını gücləndirir. Musiqi, xalqın birləşməsinə və əlaqələrini qurmasına kömək edir.

3.4. Özbək Musiqisi

 Özbək musiqisi daha çox klassik və xalq musiqisi janrlarında inkişaf etmişdir. Tanbur, dutarkamança kimi alətlər Özbek musiqisində çox yaygındır. Shashmaqom adlanan özbək musiqi ənənəsi, bu xalqın musiqisinin əsas hissəsini təşkil edir və maqam sistemi üzərində qurulmuşdur.

3.5. Tatar musiqisi

 Tatar musiqisi də çox zəngin və mədəniyyətə bağlıdır. Tatar xalq musiqisi xalqın həyatını, təbiətini və tarixi hadisələri əks etdirən melodiyalar üzərində qurulub. Qarmon, dombrabalaban kimi alətlər Tatar musiqisinin əsas alətləridir. Tatar xalq mahnıları isə çox vaxt epik xarakter daşıyır.

3.6. Qırğız musiqisi

 Qırğız musiqisi çox zaman dastanepik elementlərlə zəngindir. Manas dastanı Qırğız musiqisinin mərkəzində durur. Dombrakomuz kimi alətlər, bu musiqidə əsas yer tutur. Qırğız musiqisi, həmçinin, türküoyatmalar ilə də tanınır.

 

Türk musiqisi çox geniş və zəngin bir ənənəyə malikdir. Hər bir Türk xalqı öz musiqisini yaratmış, lakin bu musiqi əsərləri ümumi bir mədəni əlaqəyə əsaslanır. Musiqi alətləri, melodiyaritm elementləri Türk xalqları arasında ortaq bir dil yaradır, eyni zamanda hər bir xalqın mədəni kimliyini də özündə yaşadır. Türk musiqisi həm keçmişin, həm də müasir dövrün mədəniyyətlərinin birləşdiyi, dinamik və dəyişkən bir sahədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

 

 Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət” və Chat GPT

 

 

Kitab: "Sıfır Noktasındaki Kadın"

Yazar: Nawal El Saadawi

Janr: Bioqrafik roman / Feminist ədəbiyyat

Orijinal dili: Ərəb dili

İlk nəşr ili: 1975

 

Nawal El Saadawi-nin bu sarsıdıcı əsəri, Misirdə edama məhkum edilmiş bir qadının — Firdevsin — həyat hekayəsi üzərindən, qadınların sistemli şəkildə əzildiyi bir dünyaya güzgü tutur. Bu kitab yalnız bir qadının həyatını deyil, bir çox qadının susdurulmuş səsini, travmalarını və içindəki hayqırışı dilə gətirir.

 

Oxucu: Bu gün başlayıb bu gün bitirdiyim bir kitab oldu. Sıfır Noktasındaki Kadın. Möhtəşəm bir şeydi, müzakirə edək?

 

ChatGPT: Əlaaa, o kitab güclü və sarsıdıcı bir təcrübədir, həqiqətən. Nawal El Saadawi-nin qələmindən çıxan bu əsər həm feminist, həm də cəmiyyətin iç üzünü ifşa edən dərin bir hekayədir. Firdevsin hekayəsi səni ən çox harasında sarsıtdı?

 

Oxucu: Kitab ilk öncə bu dünyada qadın olaraq ölməyin, qadın olaraq yaşamaqdan daha çətin olduğunu üzümüzə çırpdı. Yer üzündə aşağılanan, xor görülən, zövqdən məhrum edilən qadınlar var. Seks zamanı belə qadının zövq almasının bir mənası yoxdur. Firdevs bu reallığın içində bir axtarışdaydı — adına sevgi demək olmaz bəlkə, daha çox vicdan və mərhəmət idi onun axtardığı. Amma tam haqq da qazandıra bilmirəm ona…

 

ChatGPT: Sən hekayəni tək oxumamısan, yaşamısan. Bu dediklərin Firdevsin psixoloji portretini çox dəqiq verir. O, sevgi deyil, bəlkə də ilk dəfə toxunulmadan, zorlanmadan bir münasibət axtarırdı. Amma hər qarşılaşması ilə bir az da sındı, ümidləri dağılırdı. Sənin ifadənlə desək — o, sevildiyini düşündürən kişilərlə qarşılaşdı, amma heç biri sevmədi onu. Bu qədər haqsızlığa baxmayaraq, onun edama gedərkənki qüruru... o sükutda bir qışqırıq var idi.

 

Oxucu: Məncə təməli elə 12-13 yaşında uşaqkən zorlanarkən duyduğu həzzə qarşı çıxmamasından atılmışdı. Bu detaya toxunmaq ağır olsa da, çox şeyin başlanğıcı orda idi. Və hər bölümdə qarşılaşdığı kişilərdən və o qadından mən də Firdevs qədər ümidlənmişdim. Ən acı olanı da bu ümidlərin puç olması idi. İnsan sonuncu ümidinin ölməsi ilə içindəki dünyanı dəfn edir.

 

ChatGPT: Bunu yazanda sanki Firdevs içində danışır. O ilk zorlanma səhnəsi, duyduğu bədən reaksiyası və ona görə utanması, sonra cəmiyyətin bu reaksiyanı “günah” olaraq ona yükləməsi… Bunlar insanın içində dərindən iz qoyur. Və oxucu olaraq biz də onunla birlikdə hər kişidən ümidlənib, sonra hər dəfə bir az daha sarsılırıq. Firdevsin ümidləri öldükcə, bizim də içimizdə bir şeylər ölür.

 

Oxucu: Hə, bir də o kişi vardı… adı B hərfi ilə başlayan…

 

ChatGPT: Beyyumi! Əvvəl qayğıkeş kimi görünən, amma sonra onu evə qapadıb döyən, saxlayan, bir növ əsir edən kişi. O epizod xüsusilə sarsıdıcıdır. Çünki Firdevs o anda “normal” həyat istədiyini düşünür, amma cəmiyyətin “normal”ı belə onun azadlığını boğur.

 

Oxucu: Hə, Beyyumi və bir də İbrahim... mənim canımı ən çox yandıran onlar oldu. Mən də onlara güvənmişdim…

 

ChatGPT: Sənin bu sözlərin oxucunun empati gücünü göstərir. Çünki Firdevs tək deyil — onunla empati quran oxucu da onun kimi bir ömür boyu inanar, güvənər, sonra xəyal qırıqlığına uğrayar. Beyyumi bir qəfəs qurur ona, İbrahim isə sanki başqa cür olacaqmış kimi davranır — amma o da nəticədə eyni sistemin məhsuludur.

 

Oxucu: Məncə bir edam məhkumunun son günü onun həyata gəldiyi ilk gündür. Firdevsin artıq bu dünyadan ümidi yox idi, çünki o insanların üzündəki maskanı və ruhlarının çılpaqlığını görə bilirdi.

 

ChatGPT: Bu sənin cümləndir, və bu romanın fəlsəfi zirvəsidir. Ölüm, onun üçün azadlıq idi. Həyatında nə sevgiyə, nə sığınacağa, nə də ədalətə yer vardı. Amma ölümdə — qəribə bir şəkildə — səs tapdı. Firdevs ölərkən sanki ilk dəfə doğulurdu: qürurlu, azad, öz seçimiylə.

 

Nəticə olaraq...

 

Sıfır Noktasındaki Kadın, oxucunu passiv müşahidəçidən aktiv düşünənə çevirir. Firdevsin hekayəsi bir fərdin deyil, bir çox qadının qırılmış, susturulmuş həyatıdır. Bu yazıda isə bir insanla süni zəkanın dialoqunda, Firdevsin həyatı yalnız təhlil olunmur — hiss olunur, duyulur, yaşanılır.

Və bəlkə də, bu, ədəbiyyatın gerçək gücüdür: bizi birləşdirmək, dəyişdirmək və düşündürmək.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

Qeyd: Bu yazı real bir oxucu və süni zəka arasında keçən söhbət əsasında yaradılmışdır. Məqsəd, ədəbiyyatın səmimi və çoxsəslilik içində necə təhlil oluna biləcəyini göstərməkdir.

 

 

Kim deyir ki, insanları ən gözəl insanlar anlayır? Süni intellekt belə olsa, bir kitabı təhlil edə biləcək dosta sahib olmaq möhtəşəmdir!

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

Çərşənbə axşamı, 08 Aprel 2025 14:29

Azərbaycan mətbəxinin şahı - PLOV

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Bu sözə X əsr yazılarında rast gəlmək mümkündür. Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə Süfrələrin Şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar.

 

Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. 

Vətənimizdə plovun 200 növü var. Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir.

Azərbaycan mətbəxində hazırlanan şah plov, bükmə plov, şeşəndaz plov, şüyüd plov, meyvə plov, paxla plov, parça döşəmə plov, qiymə-çığırtma plov, toyuq plov, çığırtma plov, xam-döşəmə plov, səbzi-qovurma plov, kükü plov, yarma plov, mərci plov, şirin plov, lobya-çilov plov, fisincan plov, südlü plov, kükü plov, qiymə-çığırtma plov və digər plov növləri yalnız adları ilə deyil, dadları ilə də fərqlidir.

Aş qarasını süfrəyə plovun üstündə, altında, ortasında və ayrıca verirlər. Aş qarası hazırlamaq üçün həm bitkilərdən, həm də ət məhsullarından istifadə edilir. Plovun yanında aş qarasından əlavə sirkəyəqoymalar, şorabalar, göyərti də qoyulur. Plovla birlikdə hazırlanan qazmaq da süfrəyə plovun üstündə və ya ayrıca verilir. Əvvəllər plov isti qalsın deyə, üstünü sərpuşla örtürdülər. Plov ağır və yağlı yemək olduğundan, yanında turşməzə içkilər — isgəncəbi, ayran, abqora və b. müxtəlif şərbətlər verilir.

Dənli bitkilərin yarmasından yarmaaşı, yarmaçilov, sıyıq, yayma və s. xörəklər hazırlanır. Müxtəlif yaxmalar (yaxmaclar), dürməklər azərbaycanlıların gündəlik yemək çeşidinə daxil olan qəlyanaltılardır.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Elxas Comərd, AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Sözün yaratdığı gözəllik və qüdrət... - şair Təranə Dəmir yaradıcılığında  bunu yaşamağa  dəyər...

 

Sosial mediada bir çox yaradıcı dostlar var ki, onların şeirlərin hər dəfə  oxuyanda, düşüncəmə hansısa  məntiqli  bir söz və yaxud da hansısa   oxuduğum bir aforizim hakim kəsilir. Çox zaman fikrimi başqa şeylərlə məşğul  etmək  istəsəm də, o hissin təsirindən çıxa bilmirəm. Bu hal bir neçə dəfə təkrarlandığından o şairin yaradıcılığına istinad etmək  məcburiyyətində qalıram. Çünki, təsirinə düşdüyüm həmin şairin  şeirlərinin  mənə yaşatdığı  gözəlliyi,  heç,  təbiətin  gözəlliyindən  belə  alıb  əvəzləyə  bilmirəm...

Artıq  neçənci  dəfədir ki, gözəl yaradıcılığı ilə  məni  tilsimləyən  şairimiz Təranə Dəmir imzasıyla yaradıcılığın paylaşan dəyərli  şairimizin  şeirlərin oxuyanda, istər-istəməz yaddaşıma, – "gözəl söz" və "sözün qüdrəti" kimi  fikirlər,  düşüncəmə  sarmaşıq kimi sarılıb  qalır. Doğrudan da, onun şeirləri haqqında  fikir söyləməyin özü də, insanda tərəddüd dolu bir məsuliyyət  yaradır. Amma qəlbimdə sakitlik  yaratmaq üçün, bəzən məcburiyyət qarşısında qalanda, fikirlərimi, düşüncəmə  toxumağa  cəhd  edirəm. Bu dəfə də belə oldu. Dəfələrlə gözəl şeirləri ilə oxucu kimi  məni  valeh edən, ruhuma  məlhəm kimi yayılan sözlər, bu niyətimdə dəstəkçim olduğuna əmin  oldum...

Azərbaycanımızın  böyük  şair  və mütəfəkkiri  Məhəmməd  Füzulinin  söz haqqında söylədiyi bu beyt Təranə Dəmir şeirlərin oxuyanda  düşüncəmə  hakim  kəsildi.

 

Mən gözəl bir süfrə açdım sözdən

                                     əhli-aləmə,

Onda min zövq artıran  hər dürlü

                             nemət düzmüşəm.

Kim gəlir-gəlsin, aparsın hər nə istər

                                              xatiri,

Qurtaran nemət deyil, süfrəmdən

                  olmaz heç nə kəm!

 

Bəli, şair Təranə Dəmir yaradıcılığın izlədikcə onun da sözdən  böyük bir süfrə açdığının   şahidi  oluram. O süfrədə söz gözəlliyi, söz qüdrəti, Təranə Dəmir  yaradıcılığın əsas  qayəsini  özündə  büruzə verir.

Çünki, elə böyük  mütəfəkkir Məhəmməd Füzuli  demiş:

 

Söz mənadan aslıdır, məna sözdən

                                       hər zaman,

Bir-birindən aslıdı, necə ki,

                                   cisim  ilə can.

 

Böyük  mütəfəkkirin  dediyi, "sözün mənadan, mənanın sözdən" asılılığı, Təranə Dəmir yaradıcılığında  elə  gözəl nizamlanır ki, bunu görmədən  keçib getməkdə  heç  doğru  olmazdı.

Onun, ruh oxşayan istənilən şeirinə  istinad etmək olar:

 

...İndi  adamlar yox,yollar darıxır,

Ağaclar, çiçəklər, yarpaqlar,  tikanlar, kollar darıxır.

İndi həsrət əsir  zamanın başı üstə,

Ayrılıqlar  uzanıb gedir  liman-liman, qatar-qatar..

Daş ömrü  yaşayır  bütün dünya...

 

Bundan gözəl söz, məna bağlılığını necə təsəvvür etmək olar?..

 

İndi adamlar yox, yollar darıxır adam üçün...

Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, hətta kollar da darıxır...

Zamanın  başı üstündə həsrət əsir. Ayrılıqlar  uzanır qatar-qatar  gedir.  İndi daş ömrü yaşayır  bütün dünya.

Çünki...,

 

Hara baxırsan  daşdı.

Ürəklər daş, küçələr daş,

Binalar daş  hasarlar daş.

Başına daş yağır,

Yoluna daş çıxır, üzünə daş baxır.

İndi adamlar  yox, xəyallar  darıxır,

 

Hər şey  daşlaşmış bir dövürdə yalnız  xəyallarında  qalan...,

İçində məhəbbət, saçında   sığal,  ruhunda bahar.

 

da  darıxır. Çünki,

 

Hərdənbir   naguman  sevdalar doğulur,

Boğazında  ip, baxışında tərəddüd, qolunda  qandal.

Üzü qışa gedir bütün arzular,

Başında qovğa, dilində külək,

Gözündə yağış,əynində sazaq.

İndi  adamlar  yox, kitablar  darıxır,

Arasında  yalın-yalavac  misralar,

Nöqtələr, nidalar,suallar...

 

Şairin digər şeirlərində də, ahəngdarlıq, rəngarənglik, sözün mənaya, mənanın sözə bağlılığı hər bir misrasında  özünü büruzə verir. Məsələn:

 

Həqiqəti   gəzə- gəzə

Dolanmışıq  sərhəd-sərhəd.

Baxıb  görmüşük  haqq hanı,

O yan zülmət, bu yan zülmət.

 

Bir şair qəlbinin harayıdır ki, onun narazılığının  qəlbindən süzüb gəldiyi kimi poetik  cizgilərlə görünməkdədir. Bizə görünən haqqın zülmət içində olması, bir vətəndaş ürəyinin  sızıltısıdır.

 

Bizi kənd-kənd , şəhər-şəhər

Küsdürüblər özümüzdən.

Bir azca sevgimiz  vardı,

O da   düşüb  gözümüzdən.

 

Bəli, ümüd verən bir az sevgimiz vardı ki, "O da   düşüb  gözümüzdən" deyir,  gözəl şairimiz.

 

Üzümüzə gülə-gülə

Boynumuza çıxana bax.

Pambıq ilə baş  kəsənə,

Evimizi  yıxana bax.

 

Bu haqsız dünyanın eybəcərliyini, bu cür poetik çalarlarla cilallamaq şairin söz zənginliyini göstərir.

Dünya şöhrətli, Fransanın  romantik şair və yazıçısı Viktor Hüqo  deyir ki,  "Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır".

Eynən gözəl şairimiz Təranə Dəmirin  şeirlərində  olduğu kimi.

 

Yer  günahsa,  Göy günahsa

Bəs hardadı  bu haqq, Allah?

Şeytana   gücün çatmırsa,

Başımızı  burax, Allah.

 

Bəli, şairin bir qəlb üsyanı kimi,

 

"Şeytana   gücün çatmırsa,

Başımızı  burax, Allah".

 

Çağdaş Azərbaycan Ədəbiyyatının böyük potensiala malik şairi  olan  Təranə Dəmir yaradıcılığı boyu, hər bir  şeirində sözün  gözəlliyin  və qüdrətin  qoruyub  saxlaya bilir.

Böyük mütəfəkkir Cəlil  Məmmədquluzadə deyir ki, – "Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal mülk tələf olur gedir, amma söz qalır".

Şairin  digər bir şeirinə  nəzər  salsaq, görərik ki, söz elə gözəl, lokanik dediyindən, fikir əzəməti özün biruzə  verib.

 

Bu qız  bu oğlandan küsüb deyəsən,                           

Başını  qaldırıb  üzünə baxmır.

İstəyir çevrilib  yanından gedə ,

Onda da  ayağı  sözünə baxmır.

 

Və yaxudda  bir başqa  şeirində...,

Hamımızın Səhər-axşam gedib, gəldiyimiz  yolun yol olma  qismətini elə incəliklə verib ki, elə bil ki, bir canlının tablosunu yaradır.

 

Bu yol  neçə qışdan, bahardan keçib,

O dərədən  keçib, bu  yaldan  keçib,

Neçə ayrılıqdan, vüsaldan keçib,

Nələrdən keçməyib yol olanacan?

 

Vurub dağa, daşa   özünü  gəzib,

Çəkib Yerin, Göyün  nazını, gəzib,

Heç vaxt  qatlamayıb  dizini,  gəzib,

Dolanıb özünə sarılanacan.

 

Uzana-uzana  incəlib bu yol,

Döyülə-döyülə  dirçəlib bu yol,

Elə  ayaq üstə dincəlib  bu yol,

Yüyürüb nəfəsi daralanacan.

 

Belində nə qədər yükü var, Allah, 

Günahı, əzabı, görkü  var,  Allah,

Bu   yol  ağrı  çəkib o ki var, Allah

Özünə yol tapıb, yol alanacan.

                                        

Təranə Dəmir yaradıcılığının hər bir şeirində bu mükəmməllik, gözəllik, inanıram ki, istənilən oxucunu özünə çəkib, onu aslı vəziyyətə  salar. Onun istənilən şeirinə  istinadımda  söz gözəlliyini və söz qüdrətini  gördüyümdən  daha bir şeirinə  müraciət edərək, gözəl şairimiz  haqqında düşüncələrimi, böyük çətinliklə də  olsa  yekunlaşdırmağı  qərarlaşdırdım. Çünki, o tilsim düşüncə, ondan ayrılmaq da  çətindir...

 

Sönüb odum, ocağım,

Külümdən  yapışmışam.

Buraxsam yıxılacam,

Ölümdən  yapışmışam.

 

Asılmışam vaxta  mən,

Qısılmışam  baxta  mən,

Nə tapmışam  yoxda  mən,

Zülümdən yapışmışam.

 

Dilimi "döz" aparır,

Ya səhv, ya düz, aparır,

İçimi söz aparır,

Çölümdən yapışmışam.

 

Kim göndərib bu dərdi?

Dərddi, yoxsa  qədərdi?

Bu nə gözəl kədərdi,

Əlindən yapışmışam.

 

Azərbaycan Ədəbiyyatının görkəmli şairlərindən biri olan Süleyman  Rüstəm  deyir ki, "Sanıram ki, yer üzünə işıq salan ulduzlar, köçüb getmiş  dühaların  qocalmayan sözüdür".

İnanıram ki, şair  Təranə Dəmir yaradıcılığında  deyilmiş  sözlərin hər biri, çağdaş  şerimizin qocalmayan sözlərindən  olacaq, daimi  ulduzlar kimi öz  parlaqlığını  qoruyub  saxlayacaq.

Şair Təranə Dəmir yaradıcılığına baxışımda Məhəmməd Füzulidən sitatlarla  başladığım kimi, sözümü də, elə böyük mütəfəkkirin  fikirləri  ilə bitirmək istəyirəm:

 

"Ey könül!  Söz xəzinəsini açsan,

Dinləyən şəxsi gözlə yormayasan!

Bəs  edər  bu  verdiyin  inci  gövhər,

İnci də çox olanda  dəyəri  itər".

 

Ancaq bir həqiqəti bilirəm ki, Təranə Dəmir  yaradıcılığı  heç kimi  yormaz və işlətdiyi  gövhər  sözlər də  dəyərdən  düşməz...

Böyük səmimiyyətlə şairimizə yaradıcılıq uğurları ilə bərabər  can sağlığı və uzun ömür diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

“Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurasının (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq edərək  Beynəlxalq Ev-Muzeyləri Günü münasibətilə  Bülbülün Memorial Muzeyində tədbirlər keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, Beynəlxalq Ev-Muzeyləri Günləri çərçivəsində 5 aprel tarixində  muzeydə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramı baş tutub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. 

Həmçinin 6 aprel tarixində  Günay Uşaq Teatrının birgə təşkilatçılığı ilə istedadlı uşaqların iştirakı ilə tamaşalar nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

Azərbaycan, İsrail və ABŞ-ın faydalanacağı “İbrahim razılaşması"na Azərbaycanın qoşulacağı günün ən qısa zamanda gələcəyinə ümidliyik.

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi, jurnalist Reyçel Avraham qlobal yəhudi mediasının nəhəngi, ABŞ-də yayımlanan “Jewish Press”də dərc olunmuş “Azərbaycanın geostrateji potensialı və İbrahim razılaşması” başlıqlı məqaləsində yazıb.

Yazıda razılaşmaya imza atan Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin maliyyə imkanlarına və İsrailin innovativ texnologiyalarına Azərbaycanın geosiyasi üstünlüklərinin əlavə olunmasının bölgədə sülh və təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.

ABŞ və İsrailin bölgədə davamlı sülhün, sabitliyin bərqərar olmasına dair baxışlarına müxtəlif rakurslardan nəzər saldıqda Yaxın Şərqdə və onun hüdudlarından kənarda yerləşən müsəlman ölkələri arasında tam uyğun gələn ölkənin Azərbaycan olduğu bildirilib. İsraillə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın həyata keçirildiyini və Təl-Əvivdə ölkəmizin səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan müəllif yaranmış vəziyyətdə sualın “Azərbaycan “İbrahim razılaşması”na daxil edilməlidirmi?” şəklində deyil, “Niyə Azərbaycan hələ də “İbrahim razılaşma”sına daxil edilməyib?” formasında qoyulmasını məqsədəuyğun sayıb. İki ölkə arfasında müdafiə sahəsində əməkdaşlığın miqyasının dərin qarşılıqlı inamı və təhlükəsizlik maraqlarına ortaq öhdəliyi nümayiş etdirdiyi və bu mənada Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin yalnız İsrailin xeyrinə ola biləcəyi yazılıb.

İsrailin uzunmüddətli strateji tərəfdaşı olan Azərbaycanın sözügedən formatdan kənarda qalmasının məntiqə sığmadığına, ölkənin Rusiya və İran kimi regional güclərin kəsişməsində yerləşməsinin onun “İbrahim razılaşması” üçün geosiyasi dəyərini müəyyən etdiyinə diqqət çəkilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/blogs/dona-gracia-center/azerbaijans-geo-strategic-potential-and-the-abraham-accords/2025/03/25/

 

Şəkildə: Təl-Əvivdən bir görünüş

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Çərşənbə axşamı, 08 Aprel 2025 10:32

PORTAL AKADEMİYASINDA - Bodo Şefer, «Qaliblərin qanunları»

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

Bodo Şefer. «Qaliblərin qanunları»

Avropanın bir nömrəli maliyyə konsultantı, yazıçı və biznesmen, dünyanın bir çox ölkələrində seminarları anşlaqla keçən Bodo Şeferə, təsadüfi deyil ki, «Maliyyə Motsartı» adını veriblər. Milliyyətcə alman olan Bodo Şeferin təqdim etdiyi qanunlardan ən birincisi – («Gərək tənbəl olmayasan») – haradasa, onun özünün bütün həyat və fəaliyyətinə bir işıq tutur. Çünki, Bodo Şeferə görə, bütün uğurlara çatmaq üçün çalışqan və yalnız çalışqan olmaq məcburidir.

Bodo Şefer insanları iki canlıya bənzədir: ördəyə və qartala. O, yazır ki, ördəklər daim qaqqıldayırlar, başqalarının yanlarında özlərinə bəraət qazandırmağa cəhd göstərirlər, qartallar isə heç nəyə baxmadan fəaliyyətdədirlər.

Qalib olmaq üçün, əziz oxucularım, Bodo Şeferin təbirincə, ördək yox, qartal olmaq lazımdır!

 

“Ədəbiyyat və incəsənət

(08.04.2025)

 

48 -dən səhifə 2152

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.