ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Rusiyanın şimal paytaxtında gerçəkləşən 34-cü “Bəşəriyyətə İsmarıc” Beynəlxalq Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında mükafat qazanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, film Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” pitçinq müsabiqəsi çərçivəsində 2022-ci ildə “Mozalan” studiyasında istehsal edilib və bu il bir sıra beynəlxalq festivallarda nümayiş olunub.

 

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyasının dəstək göstərdiyi filmin baş prodüseri Əli Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalova, icraçı prodüseri Mehman Fətullayevdir. Filmin rejissoru və ssenari müəllifi Azər Quliyevdir. Ekran əsərində əsas rolları Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə və Əli Nəsib oynayıblar.

 

“İkinci planetin qırmızı rəngi” ilk dəfə “Baku Cinema Breeze” Beynəlxalq Festivalı çərçivəsində təşkil edilən XV Bakı Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işinə görə” müsabiqənin əsas mükafatı olan “Qızıl nar”a layiq görülüb.

 

Qeyd edək ki, ekran işinin ilk xarici premyerası bu il Finlandiyada keçirilən “Tampere International Film Festival”da gerçəkləşib. Film ABŞ-də təşkil olunan “Athens International Film Festival”da, Gürcüstanın Telavi şəhərində keçirilən “Golden Grape - Telavi International Short Film Festival”da (əsas müsabiqə proqramı) nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

COP29 kimi mühüm tədbirin ölkəmizdə yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə turizm sənayesinin texniki və təşkilati baxımdan tam hazır vəziyyətə gətirilməsi istiqamətində fəaliyyətlər davam edir. Azərbaycana bu tədbirlə əlaqədar səfər edəcək qonaqların rahat formada yerləşdirilməsi üçün mayın 23-dən etibarən vahid onlayn rezervasiya platforması istifadəyə verilib. 

 

Qeyd edək ki, həmin platforma üzrə rezervasiyaların qəbulu davam etməkdədir. “COP29-accommodation.bnetwork.com” ünvanında yerləşən platformada hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış kompleksləri barədə məlumatlar təqdim olunur. 

Bu barədə AzərTAC-ın sorğusuna Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, yerləşdirmə yerlərinin ümumi həcmi və növləri, təhlükəsizlik, logistika baxımından əlçatanlığı və qonaqlara xidmətlə bağlı digər sahələr beynəlxalq təcrübəyə və meyarlara əsasən götürülür.

Həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə yerində audit həyata keçirilib və onlardan 220-yə yaxını ulduz dərəcəsi əldə edib. Bunlardan 10 hotel 5 ulduza, 20 hotel 4 ulduza, qalanları isə müvafiq olaraq digər ulduz dərəcələrinə sahib hotellərdir.

Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış yerlərinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar (airbnb, booking və s.) vasitəsilə mümkündür. 

Xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-ə yaxın yerləşmə obyektinin 2000-ə yaxın personalına 12 modul üzrə ixtisaslaşmış praktiki peşə təlimləri, eləcə də dayanıqlılıq üzrə təlim, yerləşmə yerlərində mətbəx idarəedilməsi və qastronomiya ilə bağlı (veqan və vegenterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir.

Bundan əlavə 200 turizm bələdçisi sertifikatla təmin edilib və tədbir müddətində hotellərə dəstək olmaq üçün turizm könüllülərinə təlimlər keçirilib. 

COP29 tədbiri ilə bağlı ölkəmizə gələcək qonaqlar üçün yarımgünlük, tamgünlük və gecələmə ilə 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bakı ərazisində İçərişəhər, Yanardağ, Atəşgah, Qobustan kimi qoruqlar, milli parklar və digər turistik əhəmiyyətli yerlərlə yanaşı, Bakı-Şimal, Bakı-Şimal-Qərb və Bakı-Cənub istiqamətində olan turizm marşrutları üzrə də əsas destinasiyalar əhatə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında, şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.

 

18-28 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında ümumilikdə 10150 ağac əkilib.

Aksiyalarda Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Beyləqan-Daşburun avtomobil yolunun, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun  və Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yolların sağ və sol tərəflərində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilməsi, qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

Çərşənbə axşamı, 29 Oktyabr 2024 10:16

Sehirli fırça rəngləri necə ram etdi

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Subtropik diyarımız olan Lənkəran istedadlı yeniyetmələri ilə daim seçilib. Bu gün onlardan biri haqqında söhbət açmaq istəyirəm. 

 

İsmayılzadə Arzu 2009-cu il 3 oktyabr tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. Hal-hazırda İ. Hüseynov adına Osaküçə kənd tam orta məktəbinin X sinif şagirdidir. 

Anası onun istedadını görüb və rəssamlığa yönəldib. O da həvəslə rəsmlər çəkir. 

Arzunun Zəfər gününə aid rəsmləri var. Portret janrında güclüdür. Füzulinin, şəhidlərimizin portretlərini mükəmməl yaradıb. 

Özünəməxsus dəst-xətti isə at rəsmində üzə çıxır. Ştrixlər maraqlı və təkrarsızdır. 

Arzu xanımın rəsmlərindən bir neçəsini sizlərə təqdim edir, ona rəngkarlıq tariximizə adını yazdırmağını arzu edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

 

Oktyabrın 25-də Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və  Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı, Gəncə Dövlət Universitetinin təşkilati dəstəyi ilə Gəncə Dövlət Universitetinin Yunis Əmrə adına mühazirə zalında “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi”nin qalibi olan Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimini GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  açaraq qonaqları salamlayıb,  tədbirə uğurlar arzu edib. O, tələbələrdə mütaliəyə maraq oyatmaq üçün universitetdə görülən işlərdən, yaradılan şəraitdən, bu sayaq tədbirlərin keçirilməsi zəririliyindən bəhs edib.

Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunub və  qalib də Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsi olub. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mәrhәlәdә isə məqsəd Respublikamızın şәhәrlәrindә auditoriyalarda görüşlәr keçirməkdir. Burada mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 125 nüsxə olmaqla iştirakçılara  hәdiyyә edilir.

Çıxışçı artıq Bakıda və Sumqayıtda bu yöndə tədbirlərin keçirildiyini, Gəncədən sonra növbəti görüşün Qubada olacağını da diqqətə çatdırıb.

Daha sonra çıxış edən  Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova kitab sevgisinin ulu Nizami yurdunda əzəldən olmasına diqqət çəkib, burada gedən ədəbi proseslərdən, çıxan bədii kitablardan, Gəncə ədəbi mühitinin gəncliyə aşıladığı kitablara məhəbbətdən söz açıb.

Növbəti çıxışçı - Gəncə Dövlət Universtetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova tədbrdə gənclərə paylanacaq bu iki kitabla tanış olduğunu qeyd edib, onların mümkün faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıb.

Daha sonra  Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov universitet tələbələrinin kitabla ünsiyyətə can atmalarını vurğulayıb, gənclərdə kitaba maraq oyatmağın müasir yollarından öz təcrübəsinə istinadən söz açıb.

Yerli ədəbi mühitin seçilən üzvü, şairə Zülfiyyə Yaqubova ürək sözlərini söyləyib, onda mütaliəyə marağı formalaşdıran amillərdən söz açıb, öz şerlərini səsləndirib.

Həmçinin  universtetin filologiya fakültəsinin tələbələri - “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy və Amil İsmayılov öz şerləri ilə çıxış ediblər.

Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.

Tədbir foto-sessiya ilə başa çatıb. 

Fotolar Coşqun Əliyevindir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

 

 

 

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Yunus Oğuzun paytaxtdakı "Bayaz" nəşriyyatında özbək dilində təkrar nəşr olunan  "Əmir Teymur"  tarixi romanının təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portlı yazara istinadən xəbər verir ko, kitabı məşhur özbək şair və tərcüməçisi, mərhum Usman Kuçkar tərcümə edib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, universitetin professor-müəllim heyəti, şair və yazıçılar, tələbələr iştirak edib.

Təqdimatı filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, onun Özbəkistanda  yaxşı tanındığını diqqətə çatdırıb.

Universitetin prorektoru Gülnoza Əhmədova  bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı -"Əmir Teymur" romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd edib. O, Yunus Oğuzun bir neçə kitabının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edildiyini diqqətə çatdırıb, yazıçının əsərlərinin Azərbaycan və Özbəkistanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də nəşr olunduğunu bildirib.

Alim və tərcüməçi Babaxan Şərif deyib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Cığır" və digər romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.

Alim "Əmir Teymur" romanının bədii dəyəri haqqında  söhbət açıb, kitabın gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.

Filologiya elmləri doktoru, professor Boqijon Toxliyev Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanlarında  bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini söyləyib. Elə buna görə də əsərlərində müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri oxucuları özünə çəkir.

Professorlar Səadət Muxammedova,  Abdulla Uluqov, Behbud Batirov və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar.  Deyilib ki, indiyədək yazıçının dünyanın 25-dən artıq ölkəsində 50-dən çox kitabı çap olunub. Yunus Oğuz "Attila" pyesi, "Nadir şah", "Təhmasib şah", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni bir baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır.

Sonda müəllif çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə universitetə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Bazar ertəsi, 28 Oktyabr 2024 10:16

Heç kim unudulmur, heç nə yaddan çıxmır!

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

24 Oktyabr şəhid Quliyev Rəvanın anım günü idi.

Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı  şəhərinə köçüb. Ailədə iki qardaş olublar. Anası və özündan iki yaş kiçik qardaşıyla yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbayıl rayonunun 51saylı tam orta mektəbinin 1-ci sinfinə daxil olub. 6il orda təhsil aldıqdan sonra 2013cü ildə aila vəziyyəti ilə bağlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7ci sinfinə getmişdir. 1il də orda oxuduqdan sonra yenidən Bakı şəhərinə köçmüşdür. 9cu sinfi Bakı şəhər Sabayıl rayonunun 51saylı məktəbində bitirmiş ve bərbərlik sənətinə  yiyələnmişdir. Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi. 2020-ci il yanvar ayının 7-sində Neftçala rayon hərbi komissarlığından Ağcabədi rayonuna həqiqi hərbi xidmətinə getmişdir. 3ay orda xidmət etdikdən sonra Füzuli rayonunub N saylı hərbi hissəsində xidmətini davam etdirməyə başlamışdır. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-ündə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 

25oktyabrda Neftçala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, Bayraq ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi

 

İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı yazı erməniləri əməlli-başlı narahat edib.

"Qarabağ narı" yazısı yazılan meyvənin haradan, necə gəldiyindən narahat olan erməni sakinlər əraziyə polis çağırıblar.                                

 

Qarşısına 1 kq - 1000 dram (Təxminən 2,5 $ - 4.25 Manat) yazılan narın satıcısı polisin sorğu-sualı zamanı məhsulu haradan gətirdiyi barədə məlumat verib. O bildirib ki, bu nar Gürcüstanda satılır, oradan alıb gətirmişəm.

Qeyd edək ki, bu nar Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonunun Şelli kəndə yetişir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş bu kənd respublikamızda gülöyşə narı ilə tanınıb. Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda nar plantasiyaları salınarkən Şelli kəndindəki gülöyşə nar sortunun qələmlərindən istifadə edildiyi deyilir.

Erməni qəsbkarları 1993-cü ildə Şelli kəndini işğal edən zaman məktəb və uşaq bağçasının binalarını, qədim məscidi və yaşayış evlərini talan edərək dağıdıblar. Kənddəki nar bağlarına isə gəlir mənbəyi kimi istifadə etdikləri üçün toxunmayıblar. Son illərdə Şelli kəndində ermənilər qanunsuz məskunlaşdırma aparırdılar.

Otuz ilə yaxın həsrətini çəkdik, Qarqar, Xaçın çaylarının ruhu dincəldən səsini eşidə bilmədik, hər il payımız budaqlardan özünü asdı, bağrı çatladı gülöyşə narın, intizardan böyürtkən kolları saçını yoldu, almaya, armuda xal düşdü.

Çox şükür ki, işğaldan azad edilmiş Şelli kəndi ərazisində nisbətən salamat qalan 15 min hektar nar bağında bərpa və becərmə işləri aparılıb. Şelli narının keçmiş şöhrətini qaytarmaq üçün gərgin əmək sərf edilir. "Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından artıq 3-cü ildir ki, məhsul yığılır. İndiyədək 133 ton məhsul satışı həyata keçirilib ki, bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb. Məhsul satışından əldə olunan gəlirin bir hissəsi "YAŞAT" Fonduna ianə ediləcək. Bağbanlar yaxşı bilir, nar ağacı çox həssas, necə deyərlər, dəymədüşər, küsəyəndir. Şaxta, soyuq olan kimi quruyur, qızmar yayda da susuzluqdan yarpaqları saralır, budaqlar büzüşüb quruyur, meyvələri çatlayır. Tək bircə əlacı var, nar ağacı gərək sudan korluq çəkməsin. İlahinin möcüzəsi hesab edilən nar dənələri bir qabığın içərisində sayrışan ulduzlara bənzəyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Cavanşir Yusiflinin məqaləsi  təqdim edilir.

 

Hekayələrin, ümumən istənilən nəsr əsərinin yazılmasının tarixçəsindən başqa psixoloji, yaxud ruhi və ya bizim izah edə bilməyəcəyimiz bir əsası olur (fikrimizdə çırpınır, üzə çıxmaq istəndikdə tam unudulur...), bu məsələni düşünərkən, ilk olaraq "Qətl günü" yadıma düşür, o əsərin bütün ruhunu ən dürüst şəkildə mətnin dəryasında hansı deyim daha mükəmməl şəkildə ifadə edə bilir? ...Görəsən, bu dünyada çörəyi daşdan çıxan insanların məmləkəti hardadır? Müəllif əsər yazılana qədər bu deyimi nə qədər pıçıldayıb, neçə dəfə ürəyindən keçirib? Bu deyim, bu düşüncə insanı ən böhranlı vəziyyətdə küncə sıxışdırır, ona necə yaşadığını sözsüz anladır, elə bir ortam yaradır ki, bu ömür deyilən qatarda başına gələnləri bir-bir nəql edirsən. Yenə də fikrində, sözsüz, sadəcə, ruhunu didən deyimlərin, ayrı-ayrı sözlərin diliylə... Yaxud vaxtilə oxuduğum əsərlərin birində "Dərzinin qızı dərzi göydə ulduzların sayı neçədir", "Padşahın oğlu padşah ləkdə reyhanların sayı neçədir" - kimi deyimlər nağıl tilsiminə bürünüb səni haçansa ac-susuz qaldığın bir yerə sürgün edir...

Əsərdə qəribə, hamının bildiyi, ancaq məhz nasirin təhkiyə prosesinə cəlb etdiyi bir proses var: deyək ki, hansı məkandasa çox faciəvi olaylar baş verir, bir lay onun üstüylə gedir şumlayır, dəniz oyununda - sörfinqdə olduğu kimi, sevinc, kədər, faciə, şadlıq, ah, fəğan, şaqraq səs bir-birini həmin dəli dalğalar kimi əvəz edir, həm də doğurur, hər şey bu amansız qovğada "şahə qalxır" (yaranır...), hər şeyin, ən gözəl nəsnələrin də məzarı elə həmin gərginlik sahəsidir. Bədii əsərdə, nəsr mətnində məkan da, zaman da əslində gərginlik sahəsidir, hər şeyin ən son nöqtəsində qərar tutan hadisələr, süjet yarpaqları məhz gərginlikdən su içir.

Bədii əsərləri meydana, dünyaya gətirən deyimlər bədii əsər mətnində iti yaddaş elementi kimi daim özünü diktə edə bilər, ya da unutdurar, ancaq deyimin süjetə calanması, onu adi kəsikdən böyük maqnit sahəsinə çevirmə işi bir an da olsa, dayanmaz, davam edər. Hər bir əsər, hər bir nəsr mətni həmişə təsadüfən yazılır, ancaq onun süjetinin qurulmasında əlahiddə rola malik deyimlər (yazıçının içinə dolan hiss və duyğuların orda məskən salıb ayrıca "dilə" çevrilməsi...) bu təsadüfü aradan qaldırır. Görəsən, "Tatar çölü" romanında, onun min verstlik dərinliyində gizlənmiş, ordan süjet quruculuğuna təsir edən hansı deyim var? Şübhəsiz ki, burda söhbət mifik yer adı kimi tatar çölünün özündən getmir, adam at belində qarnizona gələrkən düşündüyü hər şey bu mübhəm deyimlə qidalanır, nəfəsini ondan alır. Bir də belə bir situasiya: Kamünün "Yad" romanında əsas məsələ baş verdikdən sonra Mersonun keçmişdən yadına düşənlər onun içini boşaldıb bu dünyaya yadlaşdıran hər şey bir cümləlik deyimi formalaşdırır və bu sözlər Mersonun kamerada keşişlə söhbətində paslı qıfıl kimi açılır, qıfılın səsi onun içində səslənir, o səs Mersonun ömrüboyu demək istədiyi sözü pasa çevirir, artıq yol bitib, artıq arxaya - keçmişə və gələcəyə yol qıfıllanıb.

Yaxud Feyxvangerin Russo haqqında romanında, yaxud İsa Hüseynovun "Saz" povestində, Mövlud Süleymanlının "Yel Əhmədin bəyliyi" süjet sərbəstliyi və kompozisiya bitkinliyi baxımından yeni hadisədir, müəllifin yaddaşını əsir edən deyim vektorları ən müxtəlif istiqamətlərə haçalanır, elə ilk pasajlarda kəpənək qanadlarının tozu, yerlə göyün Nəsimi şeirində təması və ayrılması, sürət obrazı və sükunət... bütün bunlar ilkin deyim molekulunu tanınmaz dərəcədə dəyişdirir.

Mübariz Örənin "Çinar yazıları" hekayəsinin süjetinin formalaşmasında ana situasiya, personajın itkin düşən qardaşının pasportunu anasının gözündən yayınıb oğurlamasının alt qatında hekayədə, mətndə sərgərdan gəzən və heç cürə üzə çıxa bilməyən bir deyim var. Darmacalda səni qurtaran, sonradan içini kəsib doğrayan hərəkət həmin deyimlə tuş gəlir, bu pasport səni ölkədən çıxarsa da, adının, kimliyinin zamanla itməsinə səbəb olub. İndi bu kəskin suallara cavab vermək çətindir, demək olar, mümkün deyildir. Deyimin üzə çıxmaması, süjet dolanbaclarında itməsi hekayənin kompozisiya quruluşunun bitkinliyini şərtləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.

 

Kövrək xatirələrin üstünə getmə

Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib


Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi


Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.