İrəvan bazarında satılan nar əraziyə polis çağırılmasına səbəb olub - OLAY Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi

 

İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı yazı erməniləri əməlli-başlı narahat edib.

"Qarabağ narı" yazısı yazılan meyvənin haradan, necə gəldiyindən narahat olan erməni sakinlər əraziyə polis çağırıblar.                                

 

Qarşısına 1 kq - 1000 dram (Təxminən 2,5 $ - 4.25 Manat) yazılan narın satıcısı polisin sorğu-sualı zamanı məhsulu haradan gətirdiyi barədə məlumat verib. O bildirib ki, bu nar Gürcüstanda satılır, oradan alıb gətirmişəm.

Qeyd edək ki, bu nar Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonunun Şelli kəndə yetişir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş bu kənd respublikamızda gülöyşə narı ilə tanınıb. Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda nar plantasiyaları salınarkən Şelli kəndindəki gülöyşə nar sortunun qələmlərindən istifadə edildiyi deyilir.

Erməni qəsbkarları 1993-cü ildə Şelli kəndini işğal edən zaman məktəb və uşaq bağçasının binalarını, qədim məscidi və yaşayış evlərini talan edərək dağıdıblar. Kənddəki nar bağlarına isə gəlir mənbəyi kimi istifadə etdikləri üçün toxunmayıblar. Son illərdə Şelli kəndində ermənilər qanunsuz məskunlaşdırma aparırdılar.

Otuz ilə yaxın həsrətini çəkdik, Qarqar, Xaçın çaylarının ruhu dincəldən səsini eşidə bilmədik, hər il payımız budaqlardan özünü asdı, bağrı çatladı gülöyşə narın, intizardan böyürtkən kolları saçını yoldu, almaya, armuda xal düşdü.

Çox şükür ki, işğaldan azad edilmiş Şelli kəndi ərazisində nisbətən salamat qalan 15 min hektar nar bağında bərpa və becərmə işləri aparılıb. Şelli narının keçmiş şöhrətini qaytarmaq üçün gərgin əmək sərf edilir. "Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından artıq 3-cü ildir ki, məhsul yığılır. İndiyədək 133 ton məhsul satışı həyata keçirilib ki, bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb. Məhsul satışından əldə olunan gəlirin bir hissəsi "YAŞAT" Fonduna ianə ediləcək. Bağbanlar yaxşı bilir, nar ağacı çox həssas, necə deyərlər, dəymədüşər, küsəyəndir. Şaxta, soyuq olan kimi quruyur, qızmar yayda da susuzluqdan yarpaqları saralır, budaqlar büzüşüb quruyur, meyvələri çatlayır. Tək bircə əlacı var, nar ağacı gərək sudan korluq çəkməsin. İlahinin möcüzəsi hesab edilən nar dənələri bir qabığın içərisində sayrışan ulduzlara bənzəyir.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.