Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında, şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.
18-28 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında ümumilikdə 10150 ağac əkilib.
Aksiyalarda Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Beyləqan-Daşburun avtomobil yolunun, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun və Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yolların sağ və sol tərəflərində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilməsi, qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)