“İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Rusiyanın şimal paytaxtında gerçəkləşən 34-cü “Bəşəriyyətə İsmarıc” Beynəlxalq Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında mükafat qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, film Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” pitçinq müsabiqəsi çərçivəsində 2022-ci ildə “Mozalan” studiyasında istehsal edilib və bu il bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyasının dəstək göstərdiyi filmin baş prodüseri Əli Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalova, icraçı prodüseri Mehman Fətullayevdir. Filmin rejissoru və ssenari müəllifi Azər Quliyevdir. Ekran əsərində əsas rolları Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə və Əli Nəsib oynayıblar.
“İkinci planetin qırmızı rəngi” ilk dəfə “Baku Cinema Breeze” Beynəlxalq Festivalı çərçivəsində təşkil edilən XV Bakı Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işinə görə” müsabiqənin əsas mükafatı olan “Qızıl nar”a layiq görülüb.
Qeyd edək ki, ekran işinin ilk xarici premyerası bu il Finlandiyada keçirilən “Tampere International Film Festival”da gerçəkləşib. Film ABŞ-də təşkil olunan “Athens International Film Festival”da, Gürcüstanın Telavi şəhərində keçirilən “Golden Grape - Telavi International Short Film Festival”da (əsas müsabiqə proqramı) nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(29.10.2024)