
Super User
“Səni düşünürəm! Səni!” - GÜNEYDƏN MEHDİ XOŞXƏLQ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Mehdi Xoşxəlqin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Ayrılıqdan daha yaxın bir şey düşünürəm
Səni düşünürəm! Səni!
Kilometrlərcə uzaq olsan da
Gözlərində bir duzaq başına salıb
Xəyalımdan duyğularımı eşiyə çıxardıb
Onları sorğulayırsan.
Duyğuların yaş olur.
Sən güc qələmin qaşlarına çəkirsən
Ruhuma
Köksümə
Bir deprem salırsan.
Ayrılıqdan daha yaxın mənim öpüşüm
Sənin gözlərinin ortasındadır
Aydınlıqdır gözlərin.
Saçların inci dənəsi tökülüb
Gün-ay olarsan xəyalımda
Bir yorğun-arğın divara oxşadıb səni.
Ayrılıqdan daha yaxın sənin əllərindir
Sənin əllərini axtarır gözlərim
Şeir yazmaq üçün.
Ayrılıqdan daha yaxın
Sənsən mənə
O an ki gözlərini bağlayırsan mənə.
II.
Sonu bilinməz... Görünməz... Bir dəniz
Mən bir sərxoş kapitanam.
Xatirələrin bu çaxır misalı dənizə tökülüb
Obasını,
Tayfasını itirmiş
Yalqız bir kapitanam.
Məndən vida edəndən sonra
Səndən mənə qalan
Əflatun gözlərinin başında yansımasıidi.
Əllərimizin iz yeri hər yerdə qalmışdı
Sanki bir sənət əsəri
Ya da ki bir musiqinin notları
Bilmirəm
Sən məni tərk edəndən sonra
Daha azca romantik ola bilirəm.
Xəyalımın torpağında sevda çiçəyi solub
Mən ağlamazdım dəniz məni ağlatdı.
Dalğalar zərbə vurur
Mənim içimdə bir fırtına qalxır
Dənizlə bir ölüb yaralanmış sulara bənzəyirəm.
Sonunda limana çatdım
Alışmışdım səni axtarmağa
Qucaqlaşırlar
Öpüşürlər
Mən sadəcə
Qaşımı qaşlarına qoyub
Ağlayıram
Mən təkcə Ağlayıram!
III.
Mən Xəzərəm!
Tetisim sonuncu
Evranın birinci uşağı
Fikrim bu balaca balıqlara tutunub.
Məni görməyə gəlsən
Donduraram zamanı.
Yandıraram gəmimi
Heç bilməzsən həyat necə keçdi
Dəniz qabıqları,
Balıqçılar
Səsinin məni tanıyandan
Öncəliklə qulaq as və sonra eşit.
Mən xəzəm!
Mən daş-torpaqlar arasında dustaqqalmamışam.
Böyük bir Alabuğayam
Quyruğumun tərsi ilə çəkərəm uçqunları.
Başımdakı dəliklə
Saçıram aydınlığı
Üzgəcimlə
Saxlayaram
Soyuq saxlayaram bu tutqun yeri.
Yüz il boyunca sizi
Səsləyərəm
Mən Xəzərəm.
Səsləyərəm
Mən Xəzərəm!..
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Kollec tələbələrinin hekayələri - “Naməlum əsgərin dedikləri"
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Ayxan Məmmədlidir. Hekayəsini “Naməlum əsgərin dedikləri" adlandırıbdır.
Bax budur. Yenə gəldilər. Səhv etmirəmsə bu onların dördüncü ziyarətidir. Onların hər ilin eyni günü və saatı gəlmək kimi ənənəsi varsa, mənim də bütün hadisələri eyni şəkildə yadetmə ənənəm var.
Qış idi. İsti peçin yanında ailəliklə oturmuşduq. Səhv etmirəmsə… hə hə, atamın ad günü idi. Əmilərim gəlmişdi. Atamla əmilərim söhbət edir, mən də onları dinləyirdim. Bilmirəm söhbət hardan gəldi düşdü mənə:
-Sən də qardaşın kimi həkim olmaq xəyalındasan?
-Mən, mən…
(əmimin bu qəfil sualı məni çaşbaş saldı)
-Yox, axı onun xəyalı hərbçi olmaqdır.
(atam yenə köməyimə çatdı)
-Hərbçi? Nə gözəl! Sən bizim ailəmizin fəxr mənbəyi olacaqsan!
Sonrası… sonrası yadımda dəqiq deyil. Nə yalan deyim, hərbçi olmaq istəmişəm, deyəmmərəm ki atamın istəyinə görə oldum. Amma mənim müəllim olmaq kimi də bir arzum mövcud olub.
Bir dəqiqə dayan! Onlar niyə belə tez getdi?! Axı onlar hər zaman bu soyuq daşa baş qoyub ağlayardılar. Bəlkə də qar yağdı deyə getdilər deyərdim, amma ikinci ziyarətlərində qar yağsa belə tez getməmişdilər. Bilmirəm, bəlkə də onlar da mənim kimi unutqandılar deyə, bura yenicə gəldiklərini unudub tez getdilər. Digər variantı düşünmək istəmirəm, bəli istəmirəm! Mənim ziyarətimə heç kim gəlmir, bunu anlayaram, axı mənim daşımda iki quru söz var. Hə, bir də 2 solmuş qərənfillə 1 bayraq. Amma onun - Teymurun (daşına Teymur yazıldığı üçün deyirəm) daşına adı, soyadı, ata adı, doğum tarixi, göylərə ucaldığı tarix, həyatı - yəni hər şeyi yazılıb. Hər şeyi məlum birini necə unudarsan axı?! Heyif, həm də çox heyif. Əvvəllər ziyarətinə gələnlərin sayı çox idi, hətta birinci ziyarətinə bütün şəhər gəlmişdi. Ümid edirəm, bu qəhrəman yoldaşı kimsə unutmaz, ziyarətinə gələr, yoxsa...
Axı o qəhrəmanın yeri bilinir!
Hörmətlə: Naməlum əsgər
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “İlahi, sənin də sirrini açdım” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şairin bu şeiri də dünyadan, onun işləklərindən giley-güzardan ibarətdir.
Məni yağışlar da yuya bilmədi-
Məndə əzablardı, məndə kir deyil, -deyir şəir. Gözəl metaforadır.
Xoş mütaliələr.
Ömür yarımçıqmış-doya bilmədim,
Atdım son ümidi suya, bilmədim.
Məni yağışlar da yuya bilmədi-
Məndə əzablardı, məndə kir deyil.
O yorğun arzular yoxuşlardadı...
Göyün ağrıları o quşlardadı.
Bəlkə günah elə baxışlardadı-
Bəlkə də bu dünya heç kifir deyil?
Qorxur kölgəsindən- bu, nə ağacdı?
Dərd var ki, dərd özü elə əlacdı.
İlahi, sənin də sirrini açdım-
Daha mənim üçün heç nə sirr deyil...
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Nyuton qanunu bilən təcavüzçül, kimyəvi elementləri bilən istismarçı yetişdirmişik - ESSE
Amil Əhmədov, İqtisad Universtitetinin 3-cü kurs tələbəsi, həvəskar yazıçı - “Ədəbiyyat və incəsənət” üçün
Emine Bulut (TÜRKİYE), Yelena Zakotnova (RUSİYA), Con Lensi (AMERİKA)
Adı çəkilənlər xüsusi amansızlıqla qətlə yetirilən minlərlə qadından yalnızca 3-dü.
Fərqli ölkələrdə, fərqli adət ənənələrlə, fərqli coğrafiyalarda, fərqli mentalitetlərdə yaşamalarına baxmayaraq bu qadınlar amansızlıqla əkscinsləri tərəfindən qətlə yetiriliblər.
Bu da qadınlara zorakılığının və təcavüz hadisələrinin lokal, regional və ya tək bir ölkənin xalqına məxsus birşey olmadığını, global problem olduğunu göstərir. Müasirliyin, modernliyin beşiyi sayılan, iqtisadi-sosial baxımdan inkişaf etmiş cəmiyyətlərdə belə qadın istismarı, qadınlara zorakılıq hallarına rast gəlinir, bu da " Azərbaycan müasir deyil, ona görə qadınları öldürüllər, qağaş" deyən neandertalların ağzına uçan tekme vurur.
İndi burda başqa mövzu da nədi, bəzi qadınlar varki sərt kişilərə meyil eliyir. Buna türklər "maço" deyir. Yəni yumruğu stoldan əskik olmayan hər hadisədə “qoruma" refleksi ilə hərəkət edən, qısqanclıqla qarışıq şüuraltındakı narsizmi ilə qızın həyatının hər nöqtəsinə müdaxilə etmək istəyir. Qız da "Erkəyim necə də məni qoruyur və sevirrr ahğğğ" deyir. Evlənir, 2 il keçir, qucağında bir uşaq münasibətin başlarındakı kiçik ayı olan Erkəyi artıq böyüyüb dağ ayısına çevrilib qapıdan çölə qoymur. Gördüyü psixoloji şiddətin üzərinə bir də fiziki şiddətlər başlıyır, ağıllıdısa boşanır, ağıllı deyilsə" Uşağımın xətrinə" deyə absürd bir səbəb göstərərək özünü, ömrünü, gəncliyini, Ona 1 dəfə yaşamaq üçün verilən həyatı bir dağ ayısı ilə keçirir, bəlkə də keçirə bilmir.
Fiziki şiddətlər bəzən bıçaqlanmalar, qətillərlə bitir.
Yaxşı, indi bu qız ağılsızdı, amma bu şiddətə şərait yaratmayıb yenə də təcavüzə, istismara məruz qalan qadınlar var. Bunun qarşısın necə alaq, nə edək ki bu olmasın. Hamı qınayır, amma bir çözüm yolu təklif edən yoxdu. İllərdi bu kimi hadisələr olur, hamı qınayır, amma azalmaq əvəzinə arta-arta davam edir.
Azaltmaq üçün 2 şeyi düzəldməliyik :
1. Cəza sistemini
2. Cəmiyyəti.
1.İndi cəza sistemi deyəndə nəyi nəzərdə tuturam. Bir insan etdiyi bir hərəkətin nəticəsində onu pis vəziyyətə salacaq birşey olduğunu bilsə, o hərəkəti etməkdən imtina edir. Məsələn, maşınla gedirsiz, ailəniz də maşındadı, qarşıdan Tır gəlir, onun qarşısına çıxsanız bütün ailəniz və Siz öləcəksiniz, bunu bilə-bilə tırın qabağına çıxmarsınız, çünki bunun nəticəsində çəkəcəyiniz vicdani, psixoloji, mənəvi əzab Sizi bu işdən çəkindirər. Yəni qadına zorakılıq və qadına təcavüzün elə bir cəzası olmalıdırki, insanlar bunu etməkdən çəkinsin. Elə bir cəza olmalıdırki, həm insanları bundan çəkindirsin, həm də təcavüzə məruz qalan qadının ürəyi soyusun ki "Aha bu şərəfsiz mənə bunu etdi, amma bunun qarşılığında da bu cəzanı aldı, əccəb oldu"
Yəni qadının ahı yerdə qalmasın. Mövcud məcəllədə adam qadına şiddət göstərir, məhkəməyə çıxır, vəkili buna gəşəng kostyum geyindirir, qalstuk taxdırır, saxta dəli kağızı aldırır, rüşvətin olduğu ölkələrdə belə olur, yəni Siz görməmisiz, Azərbaycanda yoxdu çünki belə şeylər çox şükür ki.
Nəticə olaraq adam kiçik bir cəza ilə məhkəmədən çıxır gəlir 2 ci, 3cü qurbanını axtarmağa, bu qədər sadə.
İndi deyəcəksiz, Amil, yaxşı, buna nə cəza versinlərki, ağlı başına gəlsin?
O Cəzalarla bağlı başqa geniş bir yazı yazacam, hələki burda nə etməliyik, onu deyirəm. Yəni Cəza sistemimiz yetərsizdi, nə qatili qətldən çəkindirir, nədə ki, qətlə məruz qalanın ahını yerdən götürür. Buna görə də insanlar rahat şəkildə "1-2 il yatb çıxaram" düşüncəsi ilə qadınları istismar edə bilir.
2. Cəmiyyəti düzəltmək. İndilərdə demək olarki, hər qadının dilindədi “köhnə vaxtın kişiləri qalmıyıb, azalıb, indi kişilər elə olub, belə olub”. Bəli Sizə qatılıram, əvvəlki dövrlərdə yaxşı kişilərin sayı indikinə nisbətən daha çox idi. AXC-ni quran kişilər bu cəmiyyətdən çıxmışdı, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Üzeyir Hacıbəyov kimi dahiləri bu cəmiyyət, bu millət yetişdirmişdi. Böyük insanlar ideologiyası böyük, təxəyyülü böyük, dərk etməsi geniş olan cəmiyyətlərdən çıxır. Əgər biz 100 il geriyə getsək, mədəniyyət, əxlaq, təxəyyül, dərketmə baxımından 1000 il irəliyə gedərik. İnsanlarımızı o günə salıblarki, adamlar oxuduğunu anlaya və nəticə çıxara bilmirlər.
Adam təcavüzçü olub, tamam, bu adam şərəfsizdi, okay bu adam təcavüzçü olana qədər illərlə yaşayır və bunun təcavüzçü kimi formalaşmasında ailənin, təhsilin, ətraf mühitin axrı nəyinsə bir təsiri olub ki, bu adam təcavüzçü olub. Biz bu faktorları, yəni adamın təcavüzçü olmasına səbəbiyyət verə biləcək faktorları minimuma endirməliyik.
Tanınmış alimlər olduqda qürurla deyirik ki, bu alimi biz yetişdirmişik, biz böyütmüşük, bizim vətəndən çıxıb, əksini fikirləşsək təcavüzçünü, qatili də deməli biz yetişdirə bilməmişik, deməli, biz yaxşı təhsil verə bilməmişik ona, qadına, uşağa, qocaya münasibəti öyrədə bilməmişik. Ona inteqral öyrətmişik, qramatik qaydalar öyrətmişik, amma ən təməl insani keyfiyyətləri öyrətməmişik. Beləliklə cəmiyyətimizə inteqral bilən rüşvətxorlar, nyuton qanunu bilən təcavüzçülər, kimyəvi elementləri bilən istismarçılar yetişdirmişik.
1.Deməli, məktəblərdə ilk sinifdən başlayaraq uşaqlara qarşı cinsə necə davranmalı olduqları aşılanmalı və öyrədilməlidi.
2.Qadınlara şiddətin və istismarın olduğu ailələr müəyyənləşdirməli, şiddətə son qoyulmalıdı.
3.Həmin ailələrdə böyüyən və şiddəti gözləri ilı görən uşaqlar xüsusi qeydiyyata alınmalı və onlara qayğı göstərilməlidi.
4. Qadınların boşandıqdan sonra işlə təmin edəcək qurumlar yaradılmalıdı həmçinin.
5. Onların psixologiyasının düzəldilməsi ilə bağlı psixoloq heyəti yaradılmaldır ki, həmin psixoloqlar könüllü şəkildə fəaliyyətə cəlb edilsinlər.
6. Problemli şəkildə boşananlar ayrıca xüsusi qeydiyyata alınmalıdı, çünki çox vaxt "kişi" ayrılmaq istəmir, məcbur ayrılanda da qadının həyatına sonrakı dövrdə problem çıxarır
7. Bəlkə də ən önəmlisi qadınların təhsilinə, oxuduqları kitablara, örnək aldıqları insanlara xüsusi diqqət yetirilməlidi. Təhsilsiz tək bir qadın belə olmamalıdı.
8. Televiziya kanallarda yayımlanan seriallarda, filmlərdə, verlişlərdə qadına şiddətin legallaşdırılmasının qarşısı alınmalıdı.
Daha çox əlavə etmək olar lakin hələlik bu qədər kifayətdir.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirilib
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Qədim diyar Beyləqanda milli-mənəvi irsin təbliği, mədəniyyətin önəm daşıması faktoru daim duyulandır, gözə gələndir.
26 noyabr 2024-cü il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının zəngin mədəni irsini təbliğ etmək məqsədilə yaradılan “Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Xalq rəssamı Arif Hüseynov və digər incəsənət xadimləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə iştirakçılara, “Sandıq” Milli Geyimlər Studiyasının fəaliyyəti barədə geniş məlumat verildi. Slayd təqdimatında studiyanın məqsədlərindən, fəaliyyət sahələrindən və xidmətlərindən bəhs edildi. Burada həmçinin, milli geyimlərin peşəkar dizaynerlər tərəfindən hazırlanacağı, əl işi naxışlarla bəzədiləcəyi və bu geyimlərin müxtəlif tədbirlər üçün istifadə olunacağı qeyd edildi.
Eyni zamanda bildirildi ki, “Sandıq” Milli Geyimlər Studiyası milli geyim ənənələrimizin qorunması, yaşadılması və təbliği istiqamətində müasir tələblərə uyğun bir mərkəz kimi fəaliyyət göstərəcək. Studiya həm tarixi milli geyimlərin istehsalı və icarəsini təmin edəcək, həm də region əhalisinin milli geyimlərə olan tələbatını qarşılayacaq.
Daha sonra qonaqlar studiyada tarixi ənənələrimizi əks etdirən əlvan naxışlarla bəzədilmiş milli geyim nümunələri ilə tanış oldular.
Tədbir rəsmi çıxışlarla davam etdi. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq rəssamı Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, belə bir mərkəzin yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni yaşam təcrübəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğuladılar. Çıxışlarda qeyd olundu ki, qloballaşmanın mədəni ənənələri sıxışdırdığı müasir dövrdə bu cür təşəbbüslər milli dəyərlərimizin yaşadılmasında vacib rol oynayır.
Tədbir çərçivəsində iştirakçılara çay-kofe fasiləsi təqdim olundu, tar və kamança müşayiətində milli musiqilər səsləndirildi.
Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək “Sandıq” Milli Geyimlər Studiyasının yaradılmasında dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirdi. O, studiyanın milli geyim ənənələrinin yaşadılması və inkişaf etdirilməsində yeni imkanlar açacağına əminliyini ifadə etdi.
Tədbir Azərbaycanın mədəni irsinə dəyər verən bütün iştirakçıların alqışları və yüksək qiymətləndirməsi ilə yekunlaşdı.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Gülüş klubunda begemot
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Oğlanla qız facebook-da tanış olurlar və kafedə görüşürlər.
Görüş istənilən kimi alınmır. Oğlan darıxır, narahatçılıq içində vurnuxur, nəhayət, zəng etmək bəhanəsiylə durub çıxır, qayıdıb gələndə deyir:
-Siz məni bağışlayın, mən getməliyəm, nənəm rəhmətə gedib.
Qız deyir:
-Nə yaxşı. Əks təqdirdə mənim nənəm rəhmətə gedəcəkdi.
2.
Mən çox məsuliyyətli adamam. Əgər bir işi başlayıramsa və onu başa vura bilmirəmsə çox pəjmürdə oluram. Ona görə də heç bir iş görmürəm.
3.
Ağamollayev çox böyük kvadraturada ev alanda makler təəccübləndi ki, bu boyda böyüklük nəyə lazımdır axı.
Ağamollayevin adamından makler bunu soruşanda adam dedi:
-Akvariumu yerləşdirmək üçün.
Makler lap təəccübləndi:
-Lələ, akvarium nə mənədir ki, ondan ötrü min kvadrat ev alasan? Mənim evim səksən kvadratdır, iki akvariumum var.
-Vətəndaş, cənab Ağamollayevinki balıq akvariumu deyil, begemot akvariumudur.
4.
Macarlar AES tikməyə 2 milyard pul xərcləyiblər. Sən demə, bu AES lap zırıltılı xərc aparırmış, lap bizim aeroport yolu qədər.
5.
Biz evlənəndə - 35 il əvvəl həyat yoldaşım and içdi ki, bütün ömrü boyu tək bir adamı sevəcək.
Yalnız indi - 35 ili zor-güc yola verəndən sonra onun yadına saldım ki, sən axı 35 il əvvəl belə bir vəd vermişdin.
Dedi, bəli, vermişdim və vədimə də sadiq qalmışam. Anamdan başqa heç kəsi sevmədim bu illərdə.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumunda iştirak edəcək
26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçiriləcək. BMT-nin Baş katibi Antonio Quttereşin də iştirak edəcəyi forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə mədəniyyət naziri Adil Kərimli Portuqaliyaya səfər edib. Səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gerçəkləşir.
Qeyd edək ki, Türkiyə və İspaniya tərəfindən irəli sürülən “Mədəniyyətlər İttifaqı” təşəbbüsü əsasında 2005-ci ildə yaradılan BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni ətrafında birləşdirir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
“Yoruldu ayaqlarım, mənə qanad ver, Allah...”
“YARADICILIQ EMALATXANASI” SAKİT İLKİNLƏ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bütün izləyicilərimizə salam olsun!
Bu dəfə " Yaradıcılıq emalatxanası" rubrikasının qonağı sözlərlə bacarıqla rəsm çəkən, daxili duyğular dəryasından xəbərdar olub onu ustadlıqla nəzmə gətirən şairimiz Sakit İlkindir.
Heç kimnən ad ummuram,
Mənə bir ad ver, Allah...
Yoruldu ayaqlarım,
Mənə qanad ver, Allah...
( Sakit İlkin, 2 mart 2024)
Bəlkə də şairlərin yorğunluğu, onların daxilindəki yaradıcılğın enerji mənbəyidir. Çünki yalnız yorulan ruh dünyanın yükünü hiss edir.
--Xoş gördük, Sakit bəy! Dünyaya fərqli emosional baxışla baxan şairləri nə yorur, nə sevindirir?
-Xoş gördük, dəyərlimiz Ülviyyə xanım, xoş gördük dəyərli oxucular. Bilirsiniz bu gün adamı ən çox nə yorur?
.... Birinci yalanlarla dolu həyat, etibarsızlıq, zəhmətinə, fəaliyyətinə sağlığında qiymət verilməməsi, abır-həyanın get-gedə itməsi, insanların çoxunun ürəyində sevgi hissinin azalması və sairə...
Mənə elə gəlir ki, hal-hazırda yaşadığımız dünya əsl şairlərin dünyası deyil...
Sapand atdım, o daş dağa dəymədi
Dil qurudu, yaş damağa dəymədi.
Ha çarpışdım, yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya
Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna...
Çox çalışdım, yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya...
Allah bilir bu dünyada tək nədi,
Mən doldurdum, o boşaltdı təknəmi.
Tək atanı, tək oğulu təklədi,
Gördüm kimin dünyasıymış bu dünya...
Bu dünyanın qışı qar yox, dərd yağır
Ömrə sevinc dost dolanır, dərd yağı
Qədəh-qədəh ömrüm içir dərd yağı
Gördüm kimin dünyasıymış bu dünya...
Gecə keçir, ulduz səssiz, Ay sakit,
Ömrün keçir ahu-vayla, say-sakit...
Bu dünyaya bel bağlama, ay Sakit,
Gördün kimin dünyasıymış bu dünya...
Mənə elə gəlir ki, düşünülmüş şəkildə adamları robatlaşdırırlar sanki...
Sənin sevincinə şərik olanlar azalır, uğuruna, hətta yaxşı yaşamağına belə mane olurlar. Ülvi, saf duyğularını anlayanlar azalır.
Sanki adamı adam kimi olmağa qoymurlar...
Sakit, hanı səni edam edənlər?
Odu çoxdan söndü odam deyənlər
Odu çoxdan sönüb "odam" deyənlər,
O qədər çoxalıb "adamyeyənlər "
Adamı qoymurlar adam olmağa!!!
Məni sevindirən ən çox son illərdə gənclərimizin ürəklərində vətən eşqinin çiçəklənməsidi..
İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasıdı...
Bizim igid oğullarımız qanlarıyla, canlarıyla yağılara qarşı mübarizə apardı. Canlarından keçsələr də torpaqlarımızı düşmən tapdağında qoymadılar...
Sevinirəm ki, indi suveren Azərbaycanımızın övladıyam.
Bizə bu sevinci yaşadan ŞƏHİDLƏRİMİZİN müqəddəs ruhları qarşısında baş əyirəm...
Canım sevgilim vətən
Yarana qurban sənin...
Yad əlində utanan
qalana qurban sənin...
Neçə şəhid balan var,
balana qurban sənin
Dalğalan Qarabağda,
dəhşətə gəlsin yağı,
Azərbaycan bayrağı...
Bizə bu qələbəni yaşadan ŞƏHİDLƏRİMİZİN müqəddəs ruhlarına, qazilərimizə daim borcluyuq...
-Sakit İlkini şeir yazarkən elə Sakit İlkinin özü uzaqdan görsəydi, onu bizə necə təsvir edərdi?
-Mən Sakit müəllim Sakit İlkini masa əvəzi qaya üstündə, mamırlı daş üzərində, dizi üstə yazan görürəm. O, şeir yazanda ona yazığım gəlir. Əzablar içində qıvrılan, alnını qovuşduran, saçlarını darta-darta yazan görürəm. Yəni əzablar içində görürəm. Sanki yaza-yaza can verdiyini görürəm.
Elə ki, şeiri bitirdi... Təzə oyuncaq alınmış uşaq kimi sevinir. Görən olmasa, bəlkə də, uşaq kimi atılıb düşər də...
Bax onda Sakit İlkinə baxıb mən də müəllim olaraq sevinirəm...
Yazmağa bir yazı masam,
Yatmağa taxtım olmadı
Səni sevməklə məşğulam,
Özümə vaxtım olmadı...
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
“Lənətlənmiş həyat” povesti haqda - HAMI ÜÇÜN OLMAYAN XOŞBƏXTLİK
“Ədəbiyyat və incəsənət” portalı Əyyub Qiyasın Faiq Balabəylinin “Lənətlənmiş həyat” povesti barədəki yazısını təqdim edir.
Bayıl təcridxanasının «karantin» kamerasının qarşısından keçəndə gözlərimə inana bilmədim. Adətən dustaqları kameradan çıxırdıqda dəhlizdə nəzarətçilərdən başqa heç kəs olmazdı. Bu günsə gördüyüm mənzərə məni çaşdırmışdı. Normalda adam belə yerdə dostunu görəndə sarsılmalıdır, mənsə Faiqi gördüyümə uşaq kimi sevinirdim…
Həbsxananın də öz qanunları var… Əməllicə görüşə bilmədik ki… Sadəcə, bir anlıq da olsa bir-birimizin əlini sıxdıq, vəssalam… Bir dəfə gəzinti yerində səsimi eşitmişdi Faiq… Nə yaxşı ki, səs üçün divar, sədd, sərhəd yoxdu… Hərəmiz divarın bir tayında doyunca danışdıq. … Dəqiq bilirdim ki, Faiq həbsxanada dinc oturan deyil, bilirdim ki, nəsə yazacaq… Başına gələn başmaqçı olar, deyiblər… Mən yazmıya bilirdimmi? Bircə qorxum ondan idi ki, artıq-əskik şeylər yazar, həbsxanadı da, başını ağrıdarlar. Bir vaxtlar Mahir Əliyev adlı bir mayor mənim başımı yazılarıma görə çox ağrıtmışdı. Deyirlər ki, pis günün ömrü az olur… Bu məsəlin həbsxanaya qəti aidiyyatı yoxdu. Orada pis günün ömrü az olmur… hara baxırsan divar, tikanlı məftillər, səni səndən çox qoruyan paqonlu əmilər, əliavtomatlı qaqaşlar… Adamın insanlığından, şəxsiyyətindən, savadından daha çox cibindəki tədavül vasitəsi hesab olunan kağız parçalarının dəyərinə hörmət qoyan nəzarətçilər…
Orda da yaxşılar olur… Amma Allah kəsin oranı da, ordakı yaxşını da, yaxşılığı da. Nə isə… Hərəmiz paytaxtın bir həbsxanasında dustaq ömrümüzü yaşadıq. Mən çıxanda qoltuğumda «Köpək bürcü» var idi. Sağ olsun dostlar, məni unudulmağa qoymamışdılar. Elçin Hüseynbəyli «Ulduz»da, İntiqam Qasımzadə «Azərbaycan»da, Rəşad Məcid «525»də, Əsəd Cahangir «Körpü»də ara-sıra çap eləmişdi yazılarımı. Hələ qonorar da göndərirdilər zindana! Adam yaxşı dostlar üçün yaşamaq istəyirdi. Bilmirəm nədəndi, həbsxanada olanda dostların adama ya yazığı gəlir, ya nəsə eləmək istəyirlər adamçün, izah eləmək çətindi, ancaq mənə elə gəlirdi ki, zindanda olanda dostlarım məni daha çox istəyirlər. Onların sevgilərinin xatirinə adam həmişə zindanda olmaq istəyir bəzən. Amma azadlıqdan gözəli yoxdur, düz demirəmmi Faiq? «Ulduz» jurnalında Faiq Balabəylinin «Lənətlənmiş həyat» povestini görən kimi, adından başa düşdüm ki, zindanla bağlı yazı olacaq. Əl boyda yazıydı, üç-dörd siqareti qurban verib bir oturuma oxudum. Əvvəla onu deyim ki, hisslər, hadisələr, qəhrəmanlar, problem, süjet xətti, konflikt, düyün… nə bilim e, nəsrin tələbləri adlanan bütün terminləri unudub oxudum Faiqin povestini. Faiqin istedadlı şair olduğuna şübhəm yox idi, daha çox zindan şeirləri gözləyirdim ondan, amma açığını deyim ki, povesti də şeir kimi birnəfəsə oxunurdu. Bir də ki, kim nə deyir desin, Faiqin Mamedi bir az da mənim Məmmədağamsayağı qəhrəman idi. Kasıb, amma mərd, qədeş… Faiq Mamedi ilə zindan dvarları arasında günahlı-günahsız cəza çəkən dustaq yoldaşlarına olan borcunu verməyə çalışıb. Yüzlərlə insanın acı taleyinin cəmləndiyi bu kiçik həcmli povestdə bir insanın, bir ailənin, bir cəmiyyətin deyil, bütöv bir toplumun lənətlənmiş həyatı öz əksini tapıb. Bu povesti oxuduqdan sonra adam bir qədər ehtiyattlı olmağa çalışır. Bəzən Faiqin asi fikirləri ilə qarşılaşmalı olan oxucu ilk baxışdan bu fikirləri ani bir hissin, ötəri bir duyğunun göstəricisi kimi qəbul edir, amma povest finala doğru irəlilədikcə bu asiliyin arxasında duran konkretliyi görmək olur. «Əgər Allahın xəbəri olsa idi, heç olmasa bir dəfə, cəmi bircə dəfə özünün yaratdığı ən ali varlığa rəhmi gələrdi. Yox idi Allahın Azərbaycan türmələrində baş verən hadisələrdən xəbəri. Allahın bu bağlı qapılar, hündür, qalın divarlar, tikanlı məftillərlə əhatələnən, adına “zon”, islah-əmək koloniyası, türmə, zindan, qazamat deyilən yerlərdən və buradakı nəzarətçilərdən, DPENK-lardan, operlərdən xəbəri olmayıb. Bura şeytanın və şeytanabənzərlərin nəzarətində olub həmişə». Bu yerdə Faiqin üzünü tutub ittiham etdiyi bəzi nəzarətçilərin, polis işçilərinin, müstəqtiqlərin və bu sahədə çalışan insanların insanlığa sığışmayan hərəkətlərini xatırlayıram mən də. Onların hər biri yəqin ki, Faiqə müəyyən qədər hörmətlə yanaşıblar, onu ziyalı, qələm əhli kimi qəbul ediblər. Faiqin ünvanladığı sərt ittihamlar təbii ki, birbaşa onun özünün hisslərinin təzahürü deyil, amma bu ittihamların arxasında Faiqin özünün keçirdiyi hisslər, qarşılaşdığı məqamlar, haqsızlıqla barışmayan bir insanın duyğuları dayanır. Faiqin Məmmədi bir dəfə dustaq yoldaşının «zibilinə» düşərək həbsxanaya qayıtmalı olur. Növbəti dəfə «uçastkovu»nun tikdiyi torbaya düşüb həbsxanaya qayıdır və hələ Mamedin gələcək həyatında belə sürprizlərin nə qədər olalacağı heç kəsə məlum deyil. Amma ürək ağrıdan odur ki, baş verən hadisələrin, yaşanan olayların hər birinin sonunda şər qalib çıxır. Mən tale yazısına inanan adamam. İnandığım da odur ki, Mamed də talelisiz bir bürcün altında doğulub və onun xoşbəxt olmağa haqqı yoxdur. Bu fikirlə kim barışmırsa özü bilər. Amma mən dəqiq bilirəm ki, Faiq ömrünün müəyyən bir hissəsində zindan həqiqətini yaşamalıydı. Bu ömürdü, taleydi… Mamed qızının adını Xoşbəxt qoymuşdu ki, balası xoşbəxt olsun. Adla xoşbəxt olmaq olsaydı Mamed hər kəsdən çox xoşbəxt olmalıydı, adı peyğəmbər əfəndimizin adıydı. Sonuncu dəfə «KPZ»də olanda Mamed bir vaxtlar namusunu qoruduğu qadının oğlunun yaxşılıqları ilə qarşılaşır. Son dərəcə dəyərli və yerində olan mənzərədir. Müəllif bununla demək istəyir ki, həyatda yaxşılıq da, pislik də itmir. Onunla çörək kəsən, dustaqlığın əzablarını yaşayan «dostu» Ağamirzənin nakişiliyi də itən deyil, bir vaxtlar onunla bərabər kənddəki fermada işləyən Sənəmin oğlunun diqqəti və hərəkəti də. Yəni lənətlənmiş həyatın içində də bir işıq, bir ümid, xoşbəxtlik var. Sadəcə hamı üçün deyil… Açığını deyim ki, final hissəsində bir qədər kövrəldim də. Son dərəcə sentimental duyğularla verilən parça inanmıram ki, hanısa oxucunun içini göynətmədən keçsin. Amma Faiqin polis işçisinin Mameddən götürdüyü 100 000 (20 AZN) manatın arvadı Yetərə qaytararaq «Orda ona lazım olmayacaq»- deməsinə inanmadım. Birincisi, bu vaxta qədər görməmişəm və eşitməmişəm ki, polis gtürdüyünü geri qaytarsın, ikincisi isə zindanda pul azadlıqdan çox lazım olur adama. Nə isə… Povestdə bəyəndiyim, razılaşdığım, içimi göynədən duyğuların olduğundan az-çox söz açdım. Amma bu o demək deyil ki, «Lələtlənmiş həyat» povesti ilə bütövlükdə razıyam. Hiss olunur ki, Faiq yazı üzərində az işləyib. Bir tələskənlik duyulur povestdə. Bir də balaca bir povestdə çoxsaylı «varavskoy» terminlərin işlənilməsi ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, hər bir əsər müxtəlif tələbləri olan oxucu üçün yazılır. Bu əsər məndə daha çox insan taleyinə, onun faciəsinə, keçirdiyi hisslərə, yaşadığı acı həyata münasibət bildirməyə çalışan, üsyan etmək istəyən, barışmaz mövqeli bir şairin nəsrin dili ilə cəmiyyətə göndərdiyi mesaj təsiri bağışladı. Kim nə deyirsə desin, mənə elə gəlir ki, hər bir oxucu bu povestdən öz dərsini ala biləcək. «Lənətlənmiş həyat»ın ən böyük uğuru da elə budur.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sən yoxsansa, bəs nə var?” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şairin bu şeiri dünyadan, onun işləklərindən giley-güzardan ibarətdir. İçində “Hərdən xoşbəxt olmağa. Xoş gün də bəs eləmir” kimi mükəmməl ibarələr də var.
Xoş mütaliələr.
Ay da danışa bilir,
Nə olsun, səs eləmir.
Hərdən xoşbəxt olmağa
Xoş gün də bəs eləmir.
Kim yandırdı laləmi?
Dağ da tutmaz naləmi.
Mən istəyən aləmi
Dünya əvəz eləmir.
Nə qayıq var, nə avar,
Sən yoxsansa, bəs nə var?!
Sənsiz udduğum hava
Tək bir nəfəs eləmir...
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)