
Super User
Akademik Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan AzərTAC-a bildirilib ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı proqram haqqında dinləyicilərə məlumat verib.
Bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov, Televiziya Muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat öz ifalarını musiqisevərlərə təqdim ediblər.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Müəllim və şagird münasibətləri necə tənzimlənməlidir? - ESSE
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Müəllim cəmiyyətin sanki görən gözü, döyünən ürəyi, vuran nəbzidir. Keçmişin carçısı, indinin tənzimləyicisi, gələcəyin qurucusu olan müəllimin rolu bu cəmiyyətdə çox geniş şaxəlidir.
Keçən günlərdə Maştağa qəsəbəsində keçirilən bir tədbir var idi. Bu tədbir Həzi Aslanov adına Maştağa mədəniyyət mərkəzinin dəstəyi ilə C.Cabbarlı adına 187 nömrəli məktəbin "Zəfər günü" tədbiri idi. Bu tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalı Polad Həşimovun anası Səmayə ana, Maştağa qəsəbəsinin şəhidlərinin anaları, qazilərmiz iştirak etdilər. Tədbirdə cəmi bircə nəfər ata iştirak etdi. Və mənə ən çox təsir edən o atanın danışığı oldu. (Sözləri və cümlələri tam dəqiq yazmasam da, fikri izah edəcəm) Nitqində gəncliyin bu qədər zəngin olmasını vurğuladı. Və gəncliyin arxasında duran, dəstək olan müəllimlərə təşəkkür etdi. Tək ümidim sizədir, müəllimlər, -dedi. Bəli, atanın sözlərində o qədər həqiqət varki. Bizim ümidimiz müəllimlərmizdir. Şəhidlərmizin unudulmaması üçün də, vətən sevgisinin aşılanması üçün də "ana vətən" ifadəsinin ağıllara yeridilməsi üçün də tək ümidmiz müəllimlərdir.
Bəs bu müəllimlərlə şagirdlərin qarşılıqlı münasibəti necə olsun ki, şagirdlər hər səhər məktəbə sevgi ilə getsin?!
Müəllim şagirdinə baxarkən bir çiçəyə baxırmış kimi hiss etməlidir özünü. O çiçəyin qorunmasını, qurumamasını öz üzərinə götürməlidir. Dərsdə müəllim dərsdən kənar sanki dost olmalıdır. Ciddi olmalıdır, amma ciddi oluşu qorxutmamalıdır, hörmət əsasında yaranan məsuliyyət hissi formalaşdırmalıdır. Bir baxışı yetərli olmalıdır. Amma o baxış qorxutmamalıdır, əvvəldən qurulan hörmət, sevgi bağları o baxışın əsil mənasının nə olmasını şagirdə bildirməlidir. Mənim də belə müəllimlərim çox olub. Əsla heç bir müəllimimdən qorxmamışam. Hər zaman hörmət etmişəm. Və bu qarşılıqlı hörmət hər zaman davam edəcək buna inanıram.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
“Bir payız da yola saldıq beləcə... “ - Xanəli Kərimlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xanəli Kərimlinin şeirləri təqdim edilir.
Allah adamı
Ürəyi Günəşə açılan adam,
Hardandır bu qədər sevgi, məhəbbət?!
Hardandır bu qədər hörmət, ehtiram?!
Bu qədər tükənməz, sonsuz sədaqət?!
Görünür, adamtək yaşamaq olar,
Təki, ləyaqətin, qeyrətin olsun.
Dünyanın yükün də daşımaq olar,
Qəlbində təpərin, cürətin olsun.
Sən bunu bacardın, Allah adamı!
Prometey ömrünü yaşamağınla.
Əridi qəlblərin qaranlıqları,
Zülmətləri yaran gur işığınla.
Bacardın şeytanı mələk etməyi,
Bacaran yaşayır, yaradır ancaq.
Yaradan Günəşdir, qürub etsə də,
Sabah daha aydın, parlaq doğacaq.
İnanıb aldanma...
"İnanmasan, yaşamaq olmur"
əminliyi ilə yaşayanlara
Hər şeyə darılıb üzmə özünü,
Dildaş olmadığın dillərdən uzaq.
Üzə gülümsəyən üzgörənlərdən,
Əlinə əl yetməz əllərdən uzaq...
Öz yükün, öz yolun, mənzilin olsun,
Bil ki, gündoğanın, günbatanın var.
Gündə bir yol tutub ayaq döyəndə
Olmaz nə sədaqət, nə də etibar.
Çətindir, bilirəm, ürək qızdırmaq
Sənə ürəyindən "pay" verənlərə.
Bir az səbirli ol, bir az da ayıq,
Yerli-yersiz sənə say verənlərə.
İnanıb aldanma inandığına,
Aldana-aldana yaşamaq çətin.
Aldana-aldana yaşasan əgər,
İtər ləyaqətin, düşər hörmətin.
Demirəm, hamıdan çəkin, kənar gəz,
Bəlkə də, ən böyük günahdır bu hal.
Daş daşdır,daşlarda inam olmasa,
Dağlar da diz çökər, düşər qalmaqal.
Bir qismət payıdır ömür də, gün də,
Kiminə işıqdır, kiminə zülmət.
Zülməti işığa döndərənləri
Yaşadar məhəbbət, tapar səadət.
Yaşa, ürəyinlə, eşqinlə yaşa,
Neçə ki, gözlərdən çəkilməyib nur.
Aldanma, yalmanma kimsəyə, nəyə,
İnsanı yaşadar sevgi və qürur...
Yaşayırıq zamanla gümanın arasında
"Özümdən özümə" silsiləsindən
Kövrək xatirələrlə yaşayırıq hələ ki,
Xatirələr bitəndə bitəcəkdi ömür-gün.
Yaşayırıq zamanla gümanın arasında,
Çox şeylər də yadlaşıb yaddaşımda büsbütün.
Yaş üstə yaş gəldikcə səngiyir od-ocağın,
Duyub düşündüklərin unudulur bir anda.
O qədər çəlpəşikdir dünyamızın işləri,
Hər şey tərsinə dönür gözlənilməz zamanda.
Nə yaşadın, nə gördün - keçirirsən ələkdən,
Bu günə nə gətirdin, nə itirdin yollarda,
Dönüb baxanda geri bircə anda görürsən,
Ömrünün coxu keçib boş-boş qalmaqallarda.
İndi "ələk ələnib, xəlbir göydə fırlanır",
Ələməyə ələklik qalmayıbdı darı da.
Beş əllə yapışsaq da dünyanın yaxasından,
Dünya filan dünyadı, yoxdu etibarı da.
Bu, bir giley-güzar yox, gəldi-gedər söhbətdi,
Elə-belə dolandı yaşın yaşlı çağında.
Yolun çoxu gedilib, qalsa da beş addımı,
Yenə də ləzzəti var indi yaşamağın da.
Naxçıvanımın
Dağları dağımdı, bağları bağım,
Aranlı, yaylaqlı Naxçıvanımın.
Süsənli, sünbüllü, güllü növrağı
Hüsnünə bəzəkdir Naxçıvanımın.
Bir canlı kitabdı onun hər daşı,
Qovğalar çəkibdi əyilməz başı.
Beş min ildən çoxdu bu yurdun yaşı,
Tarixdir sirdaşı Naxçıvanımın.
Bir yanı Təbrizdir, bir yanı Göyçə,
Bir yanı Ərzurum, bir yanı Gəncə,
Əlinə əl çatar üçü deyincə,
Süfrəsi halaldır Naxçıvanımın.
Xanəli, bu yurda vurğun olandan,
İlhamı almısan dağdan, arandan,
Qorxun yox çovğundan, qardan, borandan,
Hər çağı gözəldir Naxçıvanımın.
Yaxşıdır
Həmişə insanlıqdan
gileyli olan bir dostuma
Kölgəsiz bar ağacından
Kölgəli söyüd yaxşıdır.
Hayla gələn var-dövlətdən
Faydalı öyüd yaxşıdır.
Aranı olmayan dağdan,
Bağbanı olmayan bağdan,
Sənə sən olmayan çağdan
Quruca ad-san yaxşıdır.
Ələ gəlməz keçən gündən,
Duyulmayan səsdən, ündən,
Ümid yoxsa bir könüldən
Sabaha güman yaxşıdır.
Şirin vəddən, yalan sözdən,
Utanmaq bilməyən üzdən,
Haqda haqq görməyən gözdən
Şərəfli ölüm yaxşıdır.
Çox "dost-tanış" gəzmə, canım,
Özünün var adın, sanın.
Yoxdursa qəlbdən yananın
Tək-tənha qalmaq yaxşıdır...
Kim bilir...
Məndən umu-küsü edən
bir doğmama
Sən mənim nəyimdən küsürsən axı?!
Daha qar bağlayıb qapı-bacamı.
Bir vaxtlar gözlərim göz ovlayardı,
İndi o gözəllik, o qamət hanı?!
Yoxdu o gördüyün halım, əhvalım,
Qəlbim də əvvəlki qəlb deyil daha.
Nə sevilə bildim, nə sevə bildim,
Mən də belə-belə batdım günaha.
Vaxt vardı ağacdan bir yarpaq düşcək
Sanırdım qırıldı bir sevgi vaxtsız.
Sanırdım bir ömrün çırağı söndü,
Bir tale beləcə bitdi günahsız.
Onda təmiz idim - çiçəkdən təmiz,
Gül ləçəyi kimi incəydi ruhum.
Nə kinim var idi, nə də nifrətim,
İstərdim hamının qurbanı olum...
Daha dövran kimi dəyişdim mən də,
Ürəyim daşlaşdı, ruhum buzlaşdı.
Gözümün önündə mini ölsə də,
Sanıram insan yox, quruca daşdı...
Mən gəzərgi ruham zaman-məkansız,
Nə gecəm bilinir, nə də gündüzüm.
İllərdir yazıram dağdan, arandan...
Nə dərdim tükənir, nə də ki sözüm.
Dərdli deyingəndi, dərdli danışqan,
Heyif ki, dərdlini dərdli də duymur.
Qaçırsan çıxasan dərd orbitindən,
Bu allahsız səni gözündən qoymur.
...Sən məndən küsmüsən - günahın yoxdu,
Günah səni məndən küsdürəndədi.
Kim bilir, nə vaxtsa keçmişə döndüm,
Kim bilir, bəlkə o keçmiş öndədi.
Bir söz dəllalına
Bir ömür yaşadın ağlı-qaralı,
Hələ dərk etmədin özün özünü.
Dişlər tökülsə də, bel bükülsə də,
Duymadın dünyanın astar-üzünü.
Millətdən,Vətəndən, Haqdan yazırsan...
Tutmadı əməllə sözün bir-birin.
Gündə bir havaya oynadığından,
Hələ bilmirsən ki, hardadır yerin.
Küləklər ağzında xəzələ dönüb
Gah havaya qalxdın, gah yerə endin.
Gərəksiz məqamda bülbültək ötdün,
Gərəkli məqamda aradan itdin.
Sən sözə xəyanət yolunu tutdun,
Qoruya bilmədin bakirəliyin.
Sözə xəyanəti söz bağışlamır,
Sözlə açılacaq çirkin niyyətin.
Qapılar dalında bel bükə-bükə
Haqlının haqqını aldın əlindən.
Çox həşir-harayla yanan ocağın
Dəyəri bəllidir onun külündən.
Bir ayağın burda, biri də gorda...
Yeddində nə idin, indi də osan.
Bu fani dünyada kişi olmadın,
Bəlkə o dünyada kişi olasan...
Bir payız da
yola saldıq beləcə
Başladı payızın yağış nağılı,
Təbiət yuyundu toz-torpağını.
Quşlar-köçərilər köçüb getdilər,
Qalanlar gözləyir qış növrağını.
Ahıllıq bürüyüb çölü, çəməni,
Dəlisov küləklər həlimləşibdi.
Ağaclar mürgülü baxışlarıyla
Bir az da, bir az da gözəlləşibdi.
Bulaqlar astaca pıçıldaşırlar,
Qorxurlar mürgüsü qaça dağların.
Nəğməli çayların dodaqlarında
Havası duyulur şaxtanın, qarın.
Təbiət başlayıb payız nağılın
Çiskinli, dumanlı havası ilə.
Payızsa kövrəlib əlvida edir
Gələn görüşlərin səfası ilə.
Bir payız da yola saldıq beləcə,
Xonçası əllərdə köçən qız kimi.
Nigaran-nigaran əl eyləyirik
Göy üzündən axan bir ulduz kimi.
Qərbi Azərbaycan bayatıları
Qərbi Azərbaycanım -
Qərib Azərbaycanım,
Sənə ki əlim çatmır,
Qürbət çəkən məkanım.
*
Orda bir elim itdi,
Gözümdə həsrət bitdi.
Sənin yolunda,Vətən,
Nə qədər canlar getdi.
*
Uludan ulu torpaq,
Kül oldu külün, torpaq.
Səndə bir bağ salmışdım,
Açmadı gülün, torpaq.
*
Çaylağa döndü çayın,
Söndü günəşin, ayın.
Qaldın yadlar əlində,
Duyulmadı harayın.
*
Bülbülün bağa gəlməz,
Qartalın dağa gəlməz,
Sənə dönük çıxanlar
Nə utanmaz, nə ölməz.
*
Göyçənin gözü ağlar,
Ocağı, közü ağlar.
Aşıq Alının sazı,
Ələsgər sözü ağlar.
*
Dağın dumana qaldı,
Halın yamana qaldı,
Sənə qovuşmaq dəmim
Bir xoş zamana qaldı.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
“Sözdən yaranan incilər”də - “Qanmazın qanı qaralmaz”
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Dəbdəbə dəb olan yerdə ədəb dəbdə olmaz.
- Qanmazın qanı qaralmaz.
- İnsan tərifi dilucu, söyüşü ürəkdən edər.
- Çoxluq seçimini edib, həqiqətə çığır, yalana yol salıb.
- Dar gündə dosta söykənmək olar, minmək olmaz.
- Balıq sümüksüz, həyat təssüfsüz olmaz.
- Böyük insanlara daş atanlar çox olar, çünki böyük olan daha yaxşı nişangahdır.
- Qoşulub ağlaya bilməyəcəyin insana təsəllin həmişə yarımçıq olacaq.
- Dilindən minnətdarlıq düşən, dara düşməz.
- Öyrənmək istəyən şəxs hər kəsi müəllim görər.
“Ədəbiyyat və incəsənət”
(27. 11.2024)
Daşkənddə Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Daşkənd İqtisadiyyat və Texnologiyalar Universiteti və Turan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Türkdilli xalqların tarixi, təhsili, mədəniyyəti, dilləri və ictimai-iqtisadi həmkarlıq perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AzərTAC xəbər verir ki, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, ABŞ və s. ölkələrdən alimlərin iştirak etdiyi konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.
Konfransda çıxış edən Daşkənd İqtisadiyyat və Texnologiyalar Universitetinin rektoru dosent Şavkat Mavlamov son illərdə Türk dünyasında həyata keçirilən yaxınlaşma, inteqrasiya məsələlərindən söz açıb, bu qəbildən olan konfransların təşkilinin prosesə müsbət təsir göstərdiyini vurğulayıb.
Turan Elmlər Akademiyasının prezidenti professor Haydarbek Bababekov tarixən eyni kökə, dilə, adət-ənənəyə, mədəniyyətə malik olan qardaş xalqların inkişafı yolunda Türk dünyasının inteqrasiyasının vacibliyini qeyd edib.
Dosent Sabir Tağıyev, professor Bəxtiyar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və digər çıxışçılar Türk dünyasının qədim tarixi izlərindən bəhs edib, Azərbaycanda olan qədim türk izləri, türk abidələri haqqında məlumat veriblər.
Konfransda müasir dövr üçün birləşmənin vacib əsaslarından biri kimi qədim köklərimiz və tariximizi araşdırmanın vacibliyi vurğulanıb. Türk dünyasının inteqrasiya məsələsində əsas problemlərdən birinin ortaq rabitə dilinin olmaması diqqətə çatdırılıb, çıxış yolu kimi aparıcı türk dillərinin daha intensiv şəkildə işlədilməsinin vacibliyi bildirilib.
Tədbir məruzələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Bakıda Avropa milli geyimləri sərgisi keçirilib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə artıq beşinci dəfə keçirilən “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ilk Avropa milli geyimlərinin sərgisini təşkil edib.
AzərTAC xəbər verir ki, sərginin məqsədi Azərbaycan tamaşaçısını əsrlərdən bizə gəlib çatmış Avropa ənənəvi geyimlər dünyası ilə tanış etməkdir.
Sərgi çərçivəsində Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri müxtəlif tarixi dövrlərə aid adət-ənənələrini, Aİ ölkələrinin müxtəlifliyini və mədəni təcrübəsini əks etdirən milli geyimlərini təqdim ediblər.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tədbirdə çıxış edərək bildirib: “Milli geyim millətin tarixinin əksidir. O, sosial-iqtisadi, mədəni-tarixi, təbii-coğrafi amillərin təsiri altında formalaşır. Məhz buna görə də milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mənbəyə çevrilir. Ümid edirik ki, sərgi Azərbaycan ziyarətçilərinə Aİ-yə üzv ölkələrin milli mədəniyyəti və folkloru haqqında daha çox məlumat əldə etməyə kömək olacaq”.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
BİR SUAL, BİR CAVAB Aysel Xanlarqızı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
F. Dostoyevskinin “Utancaq qız" əsərindəki o məzlum qızın həyatını yaşamamaq üçün qızlara nə söyləyərdiniz?
CAVAB:
-Tale çox vaxt insanın öz əlində olur, ömür ağ vərəqdir, qələmi alıb bəzi yerləri silib yenidən yazmaq üçün heç vaxt gec deyil...
Önəmli olan yazmaq bacarığının olmasıdır...
Mübarizədən və sınaqlardan əsla yorulmasınlar.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Marneulidə Azərbaycan kəlağayı guşəsi açılıb
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kəlağayının Gürcüstan sərgüzəştlərindən sizlərə danışmışdıq. Düşünməyin ki, bu sərgüzəştlər bitibdir.
26 noyabr 2024-cü il tarixində "İnkişaf və Təhsil Mərkəzi" və "Mirvarid Dilbazi Poeziya Məclisi"nin təşkilatçılığı ilə qonşu Gürcüstanın Marneuli rayonunda, “Tea House"da Milli Kəlağayı Gününə həsr olunmuş tədbir keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisindən aldığımız məlumata görə, tədbir "İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədovun çıxışı ilə başlayıb.
Öz çıxışında natiq Milli Kəlağayı Günüylə bağlı iştirakçıları təbrik edib, bu günün Azərbaycandan kənarda qeyd edilməsinin incəsənətin təbliğində böyük rol oynadığını vurğulayıb və "Kəlağayı Güşəsi"nin gələcək fəaliyyətindən danışıb. Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi"nin, Gürcüstan üzrə nümayəndəsi Nurlana Məmmədova və Savalan Osmanlı çıxışlarında milli mədəni dəyərlərin qorunmasının önəmi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.
Daha sonra Səmra Həsənova və Aminə Əhmədova Azərbaycan kəlağayısının növlərindən və qədim tarixi haqqında geniş məlumat veriblər. Tədbirin aparıcılığı Arzu Əliyeva tərəfindən edilib. Yekunda, "Tea House"da yaradılan "Milli Kəlağayı Güşəsi"nin açılışı olub.
İştirakçılar güşədə kəlağayı sənətinə həsr olunmuş kitablar, 50 ədəd qədim və müasir kəlağayılarla tanış olublar.
Məlumat üçün:
"Milli Kəlağayı Güşəsi" “Mirvarid Dilbazi Poeziya Məclisi" və "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə fəaliyyət gostərəcək. Güşənin məqsədi kəlağayı sənətinin təbliği və gənclərin məlumatlandırılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
Adil Kərimli BMT Sivilizasiyalar Alyansının X Qlobal Forumunun açılış mərasimində iştirak edib
Noyabrın 26-da Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr edilən forumun açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Souza, İspaniya Kralı VI Filip, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Baş katibin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər qonaqlar iştirak ediblər.
Ali nümayəndənin dəvəti ilə ölkəmiz də forumda təmsil olunur. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli X Qlobal Forumun açılışında iştirak edib. Forum çərçivəsində “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)
75 yaşın mübarək, Sumqayıt!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş beş yaşın var, mən isə əlli səkkizin içindəyəm. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər. Bilirəm, şəhərlər üçün yetmiş beş yaş elə də çox deyil...
Adına müxtəlif əfsanələr qoşulsa da heç birinə inanmıram. Mən səni gördüyüm, tanıdığım kimi vəsf etmək istəyirəm. Kimin dediyini unutmuşam- “Sumqayıt keçmişi olmayan gələcəyin şəhəridir”. Qoy olsun, fəqət yüz minlərlə insanın keçmişi səninlə bağlıdır. Elə mənim də...
Özümü tanıyanda “İnşaatçılar” qəsəbəndə zəhmətkeşlər üçün inşaa olunan birmərtəbəli “barak”lardan birində yaşayırdıq. Yaşıdlarımla həftənin istirahət günləri yaxınlıqdakı hərbi hissədən cərgələrlə kluba aparılan əsgərlərə qoşulub, müxtəlif filmlərə tamaşa edərdik. Hərəmizin bir əsgər dostu var idi. Dostluq etdiyimiz əsgərlər bizi şinellərinin içində klubun daxilinə keçirərdilər. İllər ötdü. Dördüncü sinifə keçəndə səkkizinci mikrorayona köçdük. Və indiyədək həmin ərazidə yaşayıram. Novruz bayramlarında necə tonqal qalamağımız, həyətdə aşıq, bişdi, çilədi, çijik, qurzinka, xokkey, tennis, futbol oynamağımız yaxşı yadımdadır. Hələ güləş, boks "çempionatlarını" demirəm. Xüsusi zövqlə taxtadan düzəltdiyimiz “samokat”larla ötüşmə yarışları keçirməyimizi indi də xatırlayıram. Elə ki, tədris ili başlayırdı, evdən çölə çıxmağımıza məhdudiyyət qoyulurdu. Hamımızın başı dərs oxumağa qarışırdı.
Həddibuluğa çatandan sonra isə hərəmiz bir dərnəyə yazılıb ya aktyorluq, ya rəssamlıq edər, ya da ki, hansısa idman zalında məşqlərə qatılardıq. İstirahət günləri isə yenə də bir yerə toplaşıb, necə deyərlər, deyib-gülüb bildiklərimizdən danışardıq...
O vaxt şəhərin on yeddinci mikrorayonunu uzaq olduğuna görə öz aramızda “Kamçatka” adlandırırdıq. Beş-on binası olan altıncı mikrorayon isə bizim üçün dənizə çıxış rolunu oynayırdı. Yayda çimərliyə gedər, birlikdə istirahət edərdik...
Evlərdə işıqlar tez-tez sönərdi. Məişət qazının verilməsində fasilələr yaranardı. Birimizə qonaq gələndə, bir evdə məclis olanda qonşudan stol-stul, qab-qaşıq alınardı. Hətta evdə yemək hazırlamaq üçün biri digərindən bir ədəd soğan, kartof, yumurta və ya bir qaşıq duz, tomat istəməkdən çəkinməzdi. İnsanlar arasında qəribə bir mehriban münasibət vardı...
Novruz bayramı ərəfəsində qalayacağımız tonqal üçün əlimizə düşən taxta, odun parçalarını yığıb binamızın zirzəmisində gizlədərdik. Hacı Zeynalabidin Tağıyev qəsəbəsinə gedib, "Aviazavod"un metal zibilliyindən təyyarə təkərlərinin "disk"lərini gətirərdik ki, tonqala atıb fişəng effekti yaradaq və həmçinin partlayış səsi çıxaran, "zırpaket" bükümləri düzəldək...
Bayramda isə hər ailə yeddi qonşuya pay verərdi. Şəkərburaların bəzəyindən, qoğalların dadından bilərdik ki, hansı evdə hazırlanıb. Bəli, təxminən otuz yaşa qədər hamımızın bir-birimizdən xəbəri var idi. Böyüdük, bizimlə bərabər doğma şəhərimiz də böyüdü. Və biz bu böyük şəhərin içində bir-birimizə həsrət qaldıq...
Bu gün nə işıqlar sönür, nə də məişət qazı fasilələrlə verilir. Şərait o qədər yaxşıdır ki, daha qonşu qonşudan nə stol-stul, nə qab-qaşıq, nə də bir qaşıq duz, tomat və ya yumurta almır. Binanın bu başında yaşayan, o biri başında olan qonşusundan xəbərsizdir. Daha heç kim ayaq saxlayıb saatlarla bir-biri ilə dərd-sərini, bildiklərini bölüşmür. Elə bil dünyanın sonudur, hamı harasa tələsir. Bircə səndən başqa, Sumqayıtım...
Beş il uzaq Amerikada yaşadım. Vaşinqton, Nyu York, Çikaqo, Filadelfiya, Hyuston, San Fransisko, Detroit, Sinsinati, İndianapolis və s. möhtəşəm şəhərləri gəzib dolaşmaq qismətim olub. Fəqət heç biri mənə Sumqayıt qədər doğma, əziz olmayıb. Çox bulvarlarda ayaq saxlayıb istirahət etmişəm, Sumqayıt bulvarı qədər gözəlini görməmişəm. Çox adamlarla ünsiyyətdə olmuşam, heç biri sumqayıtlıların yerini verməyib...
Mənim atam gənc yaşlarında Sumqayıta gəlmişdi. Bu şəhərdə yaşa dolsa da əksər böyüklərimiz kimi haradan olduğu soruşulanda özünü gəldiyi bölgənin adıyla təqdim edirdi. Demirəm ki, dədə-baba yurdum mənə yaddır, amma mən özümü sumqayıtlı hesab edirəm və bundan qürur duyuram. Fəxr edirəm ki, haqqında əfsanələr dolaşan bu şəhərdə doğulub böyümüşəm. Necə deyərlər, bu şəhərin övladıyam, məni bu şəhər yetişdirib. Və dünyanın harasında rast gəlsəm də hər bir sumqayıtlı mənim doğmam, əzizimdir...
Bəli, mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım…
Harada olsam, haraya getsəm də sən mənim ilk və son mənzilimsən, SUMQAYIT!..
75 yaşın mübarək!
“Ədəbiyyat və incəsənət”
(27.11.2024)