Super User

Super User

Четверг, 28 Ноябрь 2024 15:42

Sumqayıtın 75 illiyi qeyd olunub

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davam olaraq, noyabrın 27-də “Qərb” sarayında möhtəşəm bayram şənliyi təşkil olunub. 

 

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycanın Dövlət Himni səsləndirilib. Sumqayıtın 75 illik dövrünü əhatə edən film maraqla qarşılanıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıt sakinlərinə təbrikini çatdırıb.

Şəhər rəhbəri bildirib ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı şəhərimiz üçün xüsusilə əlamətdar olmuşdur. Bu dövrdə xalqımızın əbədiyaşar oğlu Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşamışdır. Çünki Ulu Öndər Sumqayıta xüsusi qayğı və məhəbbət bəsləyirdi. Qədirbilən sumqayıtlılar da Ümummilli Liderimizin Sumqayıtla bağlı qayğılarını son dərəcə yüksək qiymətləndirirlər. İndi ikinci həyatını yaşayan, yenidən cavanlaşan və hər qarış torpağı canlanan 75 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhər olmuşdur.

Zakir Fərəcov həmçinin qeyd edib ki, müasir şəhər nümunəsini özündə yaşadan Sumqayıt möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində ən gözəl, abad, müasir bir diyara çevrilib. Son iyirmi bir ildə ölkə başçısının hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, şəhərin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.

Eyni zamanda vurğulanıb ki, şəhər infrastrukturunun yenidən qurulması, küçə və məhəllələrin asfaltlanması, abadlaşdırılması və genişləndirilməsi, əhaliyə göstərilən müasir, rahat nəqliyyat xidmətinin, lift təsərrüfatı xidmətinin yaxşılaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının artırılması və digər işlər böyük coşqu ilə həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. “Bu gün Sumqayıt çox gözəldir, inanırıq ki, sabahı bundan da gözəl olacaq” deyərək Z.Fərəcov çıxışını yekunlaşdırıb. 

Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, müxtəlif illərdə Sumqayıta rəhbərlik etmiş Rasim Eminbəyli, Eldar İsmayılov və Şakir Abuşov şəhər sakinlərini təbrik ediblər, Sumqayıtın uğurlarından danışıblar.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen, Polşanın Belostok şəhərlərindən gələn nümayəndələr çıxışa qatılaraq təbriklərini çatdırıblar. Şənliyin möhtəşəm şəkildə təşkil edildiyini və onların yaddaşında xoş izlər buraxacağını bildiriblər.

Prezidentin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, şair-publisist Əvəz Mahmud Lələdağ, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun anası Emma Şükürova, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva da öz təbriklərini səsləndirərək Sumqayıtın sürətli inkişafından qürur duyduqlarını ifadə ediblər. Onlar Sumqayıtın Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyini vurğulayıblar.

Sonda respublikanın tanınmış incəsənət nümayəndələri maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə “Gizli gözyaşları” hekayəsi ilə Nuray Fərzəliyevadır. 

 

Melisa, ailənin böyük qızı idi. Hələ 16 yaşında həyatın çətinlikləri ilə tanış olmuş, arzuları ilə reallıqları arasında sıxışıb qalmışdı. Onun ürəyində təhsil almaq, öz ayaqları üstündə dayanmaq istəyi vardı. Amma ailəsi üçün bu arzular yalnız xülyadan ibarət idi. Onlar üçün qızlarının erkən yaşda ailə qurması daha önəmli idi. Bir gün, Melisa'nın ailəsi onun fikrini belə soruşmadan ona elçi gələn bir ailəyə razılıq verdi. Melisa göz yaşları içində anasına yalvardı:

– Ana, mən oxumaq istəyirəm. Mənim xəyallarım var! Mən öz ayaqlarım üstündə dayanmaq istəyirəm!

Anası isə sərt və sakit səslə cavab verdi:

– Qızım, bizim kənddə qızların arzuları olmaz. Onların taleyi ailə qurub, ər evində xoşbəxt olmaqdır. Biz də sənin yaxşılığını istəyirik.

Bu sözlər Melisa'nın ruhunu yaraladı. Onun ümidləri yerlə-yeksan oldu. Toy günü gəldi və Melisa "xoşbəxtlik evinə" yola salındı. Amma bu ev onun üçün əsl cəhənnəmə çevrildi. Melisa ailə qurduğu evdə hər gün şiddət görürdü. Həyat yoldaşı onun üzərində hökmranlıq edir, kiçik səhvlərinə belə dözüm göstərmirdi. Bir dəfə yeməyə duz çox qoyduğu üçün ərindən sərt bir zərbə aldı. Başqa bir dəfə isə paltarı düzgün ütüləmədiyinə görə təhqirlərlə üzləşdi. Melis gecələr göz yaşlarına qərq olurdu. Özü ilə danışmağa başladı: 

"Niyə mən? Niyə mənim həyatım belə oldu? Mən də oxumaq, öyrənmək istəyirdim. Mənim də arzularım var idi. Amma indi yalnız məhv olmuş bir ruham. Bu evdə yalnız şiddət var, mən isə heç kim üçün dəyərli deyiləm…"

Hər gün şiddət, təhqir və çarəsizliklə dolu idi. Onun qəlbində nə ümid, nə də sevinc qalmışdı.

---

Melisa yemək masasını hazırlayarkən əlləri titrəyirdi. Ərinin qapıdan içəri necə girəcəyini, hansı bəhanə ilə yenə onu təhqir edib döyəcəyini bilirdi. O qədər sarsılmışdı ki, artıq hər addımı qorxu ilə atırdı. Sanki nə etsə də, nə qədər çalışsa da, heç bir şey onu ərinin zülmündən xilas etməyəcəkdi. Axşam qapı sərt bir şəkildə açıldı. Həyat yoldaşı içəri girdi, yorğun və əsəbi idi. Gözləri Melisa'nın üzərində dayandı, sonra masaya baxdı. Bir anda səsi yüksəldi:

– Niyə şorba bişirmisən?! Mən sənə şorba sevmədiyimi öyrədə bilmədim? Nə vaxta qədər belə cahil olacaqsan?

Melisa başını aşağı salıb, sakit səslə cavab verdi:

– Mən unutmuşam, bir daha…

Lakin sözləri yarımçıq qaldı. Əri onun cümləsini bitirməyinə icazə vermədən masadakı qabı yerə çırpdı. Şorba döşəməyə dağıldı.

– Mən sənə nə qədər dedim, işlərini düzgün gör! Amma sən məni eşitmirsən!

Bunu dedikdən sonra Melisa'ya tərəf gəldi. Onun çiyinlərindən tutub silkələdi, sonra sərt bir zərbə vurdu. Melisa yerə yıxıldı. Dizləri döşəməyə toxunduğunda canını ağrıdan 

aldığı fiziki acıdan çox, ruhunda açılan yeni yaralar idi. Niyə? Niyə belə idi bu həyat?Göz yaşlarını saxlaya bilmədi. Yerdə büzüşüb qalmış halda, yalnız pıçıldaya bildi:

– Mən nə etdim ki? Mən kimdən bu qədər nifrət gördüm? Nə üçün heç vaxt yetərli ola bilmirəm?

Həyat yoldaşı bir an dayanıb onun göz yaşlarına baxdı, amma nə mərhəmət hiss etdi, nə də vicdan. Qapını çırpıb çıxıb getdi. Melisa isə qaranlıq otaqda tək qaldı. Otağına çəkildi, aynanın qarşısında dayandı. Güzgüdəki üzünə baxdı – göyərmiş yanaqları, çatlamış dodaqları, qırılmış ruhu.

Səssizcə öz-özünə dedi:

"Bu mən deyiləm. Bu, mənim yaşamaq istədiyim həyat deyil. Mən xəyal qururdum, oxumaq istəyirdim. Amma indi yalnız məhv olmuş bir bədən və ölməyə hazır bir ruham.”

 

Bir gün də həyat yoldaşı tərəfindən ağır şiddət görən Melisa, aldığı zərbələrdən dünyasını dəyişdi. Xəbər ailəsinə çatanda, onların dünyası başına yıxıldı. Anası göz yaşları içində qızının məzarını ziyarət edərkən özünü günahlandırırdı:

– Melisa'm… Mən səni qoruya bilmədim… Bizim qərarlarımız sənin həyatını məhv etdi. Sənin arzuların vardı, amma biz səni dinləmədik.

Atası hər gün qızının məzarını ziyarət edir, göz yaşları içində qəmli səslə pıçıldayırdı:

– Melisa, qızım… Biz səni itirdik. Mən sənin arzularını məhv etdim, qızım. Səni qorumaq lazım idi, amma səni zülmə məhkum etdik. Bağışla bizi…

Melisa'nın faciəsi ailəyə ağır bir dərs oldu. Onlar kiçik qızları Leyla'nın həyatını qorumaq üçün hər şeyi etdilər. 

Leyla'nın arzularını dəstəklədilər, təhsil almasına və öz ayaqları üstündə dayanmasına kömək etdilər. Leyla təhsil aldı, uğur qazandı və bacısının xatirəsini ürəyində yaşatdı.

 

Bu, Melisa'nın hekayəsidir. Amma hər gün neçə Melisa yaşayır və ölür? Hörmətli valideynlər, qızlarınızın xəyallarını məhv etməyin. Onlara təhsil verin, öz yollarını seçmələrinə imkan yaradın. Qızlarınız cəmiyyətin işıqlı gələcəyi, azad və güclü qadınlarıdır.

Hər göz yaşı bir hekayədir – bəziləri arzuların məhvi, bəziləri isə susmuş çarəsizlik haqqında yazılır.

Melisa'nın göz yaşları isə onun xəyallarını məhv edənlərin imzası. idi. 

Övladlarınızın üzərində imzanız acı yox, ümid olsun.

 

Və bəzi qızlarımız, tələsməyin ailə qurmağa. Öz hüquqlarınızı bilin, özünüzü qorumağı öyrənin və işləyin. Ondan sonra ailə qurun. Yoxsa belə davam edərsə, hələ də neçə qızın xəyalları məhv olacaq, şiddət qurbanı olacaqsınız və bəlkə də gənc yaşda 

öldürüləcəksiniz.

Gənc yaşda həyatınızı məhv etməyin, həyata bir dəfə gəlir insan.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Четверг, 28 Ноябрь 2024 14:40

MÜTALİƏ MƏDƏNİYYƏTİ – 29.Qara ststistika

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

 

29.

 

QARA STATİSTİKA

 

Mütaliə insanların həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu proseslər mütaliənin nəticəsi olaraq cəmiyyət tərəfindən formalaşmış biliklərin mənimsənilməsi (tədris), bu biliklər sisteminin yaradılması (təhsil) və şəxsiyyətin inkişafı gedişinin idarə edilməsi (tərbiyə) kimi ifadə edilir.

Fərdi psixoloji proses olmasına baxmayaraq o, cəmiyyətin sosial həyatına, mövzu marağının məhsulu olan yeni ideyaların yayılmasına və içtimaiyyətin malına çevrilməsinə imkan yaradır, dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, içtimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Sokrat  mütaliənin cəmiyyətin həyatındakı önəmi barədə deyirdi: " Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar."

Təəssüf ki, ölkəmizdə ənənəvi mütaliəyə meyil azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir.

ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur. 

Halbuki mütaliə şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.

Bəs nə etməli?

 

 

Növbəti: 30.Nə etməli?

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 

Четверг, 28 Ноябрь 2024 14:11

BİR SUAL, BİR CAVAB Faiq Hüseynbəyli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

F. Dostoyevskinin “Utancaq qız" əsərindəki o məzlum qızın həyatını yaşamamaq üçün qızlara nə söyləyərdiniz?

 

CAVAB:

Kəpənək əllərin bəyaz təbaşir,

Həllini tapırmı qara lövhənin?

Həyat tənlikləşir, inteqrallaşır,

Sonsuza bərabər eşq ilə yəni... 

 

Qalmışıq həyatın məngənəsində,

Həsrətin uzanır, yol dəyişirsən.

Sən ki, riyaziyyat müəllimisən,

Niyə isim kimi hal dəyişirsən? 

 

Mən səni unuda bilmirəm, amma,

O vaxtdan kodlaşıb, rəqəmləşmişəm.

Sənin həsrətinə, sənin qəminə,

Yenidən vurulub eşqə düşmüşəm. 

(Faiq Hüseynbəyli) 

 

-Həsrətə don biçsəydiniz, hansı rəngdən istifadə edərdiniz və nə üçün?

 

- Həsrətin rəngi monotondu, yaşantılarla qarışdıqda rənglənir. Həsrət bir növ yaşantıların rəngli alınması üçün katalizator rolunu oynayır. Nə qədər poetikləşdirməyə çalışsaq da, hər kəs eyni cür darıxır. Gənclik illərində sevdiyi qıza qovuşmayanlar eyni həsrəti yaşayır, analar, atalar övladlarını eyni cür sevir, torpağını, xalqını sevən, soyuna-kökünə bağlı olan hər kəs vətənini eyni şəkildə sevir. Şəhid anaları eyni taleyi yaşayır. Hərdən mənə elə gəlir ki, şəhid ataları bir ailədir, biri-birinə qardaşdırlar. Həsrətin rəngi hər halda göz oxşayan deyil. Həsrətin rənginə bələnməyi kimsəyə arzu etmirəm. Həsrətin rəngi, bəlkə də, yeddi əsas rəngdən səkkizincisidir. Şeirlərdəki fikir həsrətin rəngini özü ilə gətirir. 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

“YARAT” Müasir İncəsənət Məkanı Moskva “Praktika” teatrı ilə birgə İosif Brodskinin şeirləri əsasında hazırlanmış “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı “YARAT”a istinadən xəbər verir ki, “Praktika” 2005-ci ildə rejissor Eduard Boyakov tərəfindən yeni dram üçün eksperimental mərkəz kimi yaradılmış Moskva teatrıdır.

“Praktika” teatrının və “Jack's Garret” küçə-eksperimental rəqs komandasının plastik tamaşası Cozef Brodskinin şeirlərindən ilhamlanan unikal səhnə quruluşudur. O, tamaşaçını böyük şairin yaratdığı metaforalar və ideyalar aləminə qərq olmağa dəvət edir, yaradıcılıq və seçim əzablarını yaşayan baş qəhrəmanın şüuruna nüfuz edərək sonsuz təxəyyül imkanı yaradır.

Xoreoqraflar Anna Deltsova və Aleksandr Tronov Brodskinin şeirlərini yenidən şərh edərək, hər bir tamaşaçının öz şərhini tapa biləcəyi bir çox rəqslər yaradıblar. Bu, küçə rəqsi və müasir rəqs texnikalarını birləşdirərək, hərəkətin gücünü və şeirin dərinliyini birləşdirən struktur əmələ gətirir.

Dekabrın 5-də baş tutacaq tamaşada Aleksandr Tronov və Aleksandr Alyoxin iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Четверг, 28 Ноябрь 2024 13:41

Bir ayağı Perimbeldə olan Rusiya vətəndaşı...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Ataların belə bir məsəli var: “Ot kökü üstə bitər”. İnsan da harada yaşamasından asılı olmayaraq öz dədə-baba yurduna bağlı olur. Yəqin ki, bu sevgi qanla ötürülür. Mənim ömür hekayəm belədir- Yardımlıda cəmi səkkiz il yaşamışam. Orta təhsilimi Biləsuvarda başa vurub Rusiyaya getmişəm və qırx ildir ki, orada yaşayıram. Amma Azərbaycanla əlaqələrim həmişə olub. Əvvəllər ata-anamın ziyarətinə tələsirdim, indi isə məzarlarını ziyarətə tələsirəm. Bunun özü də bağlılığa səbəb olan qırılmaz tellərdən biridir. Bir də ki, babalarım Mirbaba ağa, Mirəmən ağa da deyilənlərə görə çox səxavətli, bölgəmizin sayılan, mərd kişilərindən olublar. Yəqin bunun da taleyimdə öz rolu var. Atam Mircəfər ağa sovet dövründə yaşayıb, sadə peşə sahibi olmasına baxmayaraq o da səxavətli, əliaçıq kişilərdən biri olub. Saxladığı mal-qaranın arasında “imam malı” deyilənləri olub ki, el-obanın kasıblarına paylayırmış. İkiotaqlı evimizin bir otağı həmişə məscid kimi istifadə edilirmiş, atam tez-tez orada imam ehsanı verirmiş..."

 

Bu sözlər Moskvada yaşayan Mir Əkbər Fətiyevə məxsusdur. O, Azərbaycan diasporunun say-seçmə nümayəndələrindən biridir. 

Fətiyev bu günlərdə növbəti ad gününü qeyd edir. Bu münasibətlə Mir Əkbəri təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Четверг, 28 Ноябрь 2024 13:12

GÜNÜN FOTOSU: Gürcü futbolçu prezidentliyə namizəd oldu

GÜNÜN FOTOSU: Gürcü futbolçu prezidentliyə namizəd oldu

 

Hakim “Gürcüstan arzusu” partiyası sensasion qərar açıqlayıb. Partiyadan prezidentliyə namizəd keçmiş futbolçu Mixail Kavelaşvili olacaq. 

Bir vaxtlar İngiltərənin “Mançester Siti” klubunda top qovan Kavelaşvili qərbəleyhinə “Xalqın gücü” partiyasının liderlərindən biridir.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Четверг, 28 Ноябрь 2024 15:41

“Qayıdan durna səsi” – SƏRDAR AMİNİN ŞEİRLƏRİ

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Sərdar Aminindir.


 

ZƏMİ ƏFSANƏSİ

 

Əlinin tərsində tər,
Ovcunda sərasər
Un gəzdirər Güləsər.

İşdən gecələr çıxar,
yuxunun kəm çağında,
sübhün nabələd vaxtı
günün mübhəm çağında.

Özündən əvvəl çatar
evə unlu xəyalı.
Çörək sexində qalar
boz, dama-dama şalı

Bakı; qara buruqlar,
Bir tərəfdə Ağ şəhər,
Bir yanda neft qoxusu,
Bir tərəfdə Güləsər…
Səhərin ilk addımın
gecədən çölə qoyar.
Şəhərin ac itləri,
ətəklərindən doyar.

Xəyalının ardınca
evə çatar Güləsər,
işığı da yandırmaz
elə yatar Güləsər.

Özü yatar, əlləri
saçın hörər qızının.
Bir azdan oyananda
üzü gülər qızının.

Hörüyü anasının
bu səhər də əlindən
hədiyyə kimi alar,
vərdişkərdə əlindən.

Xəmirli biləyindən
öpüb məktəbə gedən
qızıyçün ovucları
yuxulu dua edər.

Gecə çörək bişirər,
çörək qoxar nəfəsi,
gündüz yatar Güləsər.
Əhmədli qəsəbəsi,
çörəyindən dadanda
yuxu görər – yuxusu
bir zəmi əfsanəsi.

 

Qayıdan durna səsi:

Qorxma, mən səninləyəm.
Həm də burda, yel atım.
Sən çap, yarımçıq qalsın
üç misralıq bayatım...

Bibimin bişirdiyi
şirin ləzgi qoğalı,
gecəmin ay işığı,
əlimin portağalı.

Sən od-alov qızısan,
bir əlcə ürəyində,
o sərçə ürəyində
pulemyotların səsi...
Saçlarını oynadır
fərarilik nəğməsi.

Sən böyük sevinclərin,
ən böyük sevinclərin,
gülüşlərin qəmzəsi.
Qayıdan durna səsi.
Şəlaləsən, şəlalə –
Tanrıdan yerə axan...
Bitməyən su sərgisi…

Sən baxan qara daşlar
çırpınar, leylək olar.
Sən baxmasan, leyləklər
bir topa lələk olar.

Əlini gözünə qoy,
gözünü dik səmaya,
sən ki müqəddəslərin
saman qoxan ağımtıl
kətan çantalarından,
nar qoxan heybələrdən
doğulmusan dünyaya.

Mən də səni süzürəm,
yaşadığın adanı.
Bu tənhalıq, sakitlik,
Məst eləyir adamı.

Hər gün susub baxıram,
Səmadakı rənglərə
Yerini göstərməkçün
atdığın fişənglərə.

Sən canın, elə baxma,
pislik gəlmir əlimdən.
Tənha adan gözəldi
mənim miskin gəmimdən.

Sənə əlim toxunsa,
günəş çıxar bir anlıq.
İtər uçan fişənglər,
bitər atəşfəşanlıq.

Nə olar, əl yelləmə,
qaranlığında qalaq.
Portağalsan əlimdə,
sıxsam, günəş doğacaq.

 

 

33 YAŞIN ŞEİRİ

 

Anamın sancısı kəsəndə dünya
Qara bürünübmüş barama kimi.
Hər il ad günümdən söhbət düşəndə
Deyir, qar yağmışdı burama kimi.

Qaldığım o köhnə binanın bir gün
Cəng atmış tinindən burulacağam.
İş işdən keçəcək həmin döngədə,
Yəqin ki, ağzımdan vurulacağam.

Peşəkar qatilim bir an düşünüb,
İkinci gülləni sinəmə vurar.
Çox uzağa getməz ağzımın qanı,
Qıvrılıb ilantək yanımda durar.

Meyitim çarmıxtək çarpazlananda
Əsrə təslim olar cığal günorta.
Ağzımdan, sinəmdən şırıldayar qan,
Qarışar torpaqda venoz... aorta...

Qürbət sularıtək axıb gedəcək
Süzüləcək qanım çal birçəyimdən,
Hansısa brendin bir hərf kəm gələn
adı həkk olunmuş ağ köynəyimdən.

Qarşı göydələnin pəncərəsində
Günəş bərq vuracaq o saatlarda.
Ətirli uşaqlar böyür-başıma
Gələcək bahalı “samakat”larda.

Şubasın çiyninə salan gəlinlər
Enəcək dəbdəbə qoxan həyətə.
Orta həyacanla biraz uzaqdan
Baxacaq səmaya baxan meyitə.

Gəzərkən gözlərim göylərdə son kəs
Qarlı bacalara qonmağa gedən
ayağı qırmızı bir cüt göyərçin
sıyrılıb keçəcək üzərimizdən.

 

 

"QIŞ KƏPƏNƏKLƏRİ"

 

Cibində mandarin qabığı gəzdirən
duz qoxulu
sarı qız,
gəl, günəşim ol.

Ürəyində nəsə var,
ya da çantanda.
yoxsa məni görəndə
çiynindən sürüşüb
dirsəyində bənd olmazdı.

Arxamca qaç,
bir tin tapaq, nəm qoxan,
silah kimi gəzdirdiyin
çətiri aç!
Gəl, evim ol.

Pəncərəmiz olsun çirkli divardakı “A4”lər
Elanlarda “çörək var və qril var”.
Heç nə lazım deyil başqa.
Döngələrdə zibil var.
Özüylə danışıb Allaha and içən bu qoca
babamız olsun,
Elandan baxan leykoz uşaq
balamız olsun.

Nəsə olmalıdır,
heç vaxt eşitmədiyimiz bir səs gəlməlidir hardansa.
Yanımda ol, sarı qız.

Sarı işığın düşsün
boz çətirə gecələr.
Bitməyəcək onsuz da
soyuq tire gecələr.

İlğım tənhalığı var
insanların qaynaşdığı küçələrdə.
Bu insanlar kimlərinsə ilğımıdır.
Şəklə bax, nəsə demək istəyir
balamızın çöhrəsi:
insanlar bir-birinə nəzirədir,
ulduzlar da onların kölgəsi.

Sarı qız,
bir qızım var,
bir az sənə oxşayır,
bir az da anasına.
Mən qızımçün bir az gec darıxıram,
Amma batıq yanaqları düşəndə xatirimə,
heç kəsdə ağrımayan yerlərim sızıldayır.

Hamiləlik testində
nazik qoşa xətt kimi
uzanaq çətir altda,
Susaq xəcalət kimi.

Sevmədən evləndik,
inanmadan namaz qıldıq, sarı qız.
Hər şeyin yaxşı olacağını düşündük,
bütün ölənlər kimi.

Gözəllik gözdən yoluxur...
Bir adi sözdən yoluxur,
uşaqlar bizdən yoluxur,
qovur kəpənəklərini.

İndi yaz gələcək...
babamız öləcək.
Sən də çətirini bağla, sarı qız.
Aç-bağla, aç-bağla, aç-bağla...
Uç bu nəzirə dünyadan.

 

 

GÖBƏLƏKLİ KÖTÜK

 

Günəş batır uzaqlarda.
Milyon səbəblə zillənmişəm göbələkli bir kötüyə...
Biri bir qəpiyə dəyməyən səbəblər...
Dümağ bəziləri, bəziləri süd rəngi.
İlahi... bu göbələklər...
görən...

Deyirsən, darıxıram, gəl.
Axı göbələkli kötüyə baxıram mən.
Üstəlik, günəş batır. Anlayırsan?
Üstəlik, milyon səbəb var içimdə.
Biri bir qəpiyə dəyməyən.

Deyirsən, qızımızın qızdırması var yenə.
Ara vermir, hey danışır, əldən düşür...
Tez gəl.

Başa düşürəm, əzizim,
bircə balamız var, o da od içində, yanır!
Ancaq məni də başa düş, nolar?
Axı mən göbələkli bir kötüyə baxıram.
Üstəlik, günəş batır...

Ana, bir vaxtlar
bulaq kimi qaynayan
(Ağlama, nolar)
o evimizdə indi tənha qalmısan.
Darıxırsan,
bir saniyə sussam, telefonun bu tayında,
o tayda səsin titrəyəcək,
bir az da sussam...
Üzün büzüşüb yumağa dönəcək.
Başa düşürəm,
bir vaxtlar uşaq səsindən durmaq olmurdu o evdə...
İndi tənhasan, üstəlik, günəş batır orda da.
Başa düşürəm, anam...
Nə olar, sən də oğlunu anla
Mən göbələkli bir kötüyə baxıram.
Günəş batır uzaqlarda...
Birazdan kölgəm düşəcək göbələkli kötüyə.

 

 

BAX, AMELİ...
(İkincilərə...)

 

Bax, Ameli, yenə dovşan çıxacaq
Bu uzunbığ sehrbazın əlindən.
Sən verməsən o qırmızı dəsmalı,
heçnə gəlməz yaramazın əlindən,

Yenə sabah o filləri döyəcək,
Qamçı onun, yarıtmaz zor onundu.
Xortumların dik tutar səni görcək,
Mən bilirəm, fillər sənin dostundu.

Salınarsan tənin boyda çənbərə,
Tən ortadan... bu şəlalə qamətin.
Sağ tərəfdə ayaqların tərpənər,
Sol tərəfdə gülümsəyər sifətin.

İzlərimi tapdayan ayaqlarım
Qopsun, getsin, gəzsin ayaqlarınla.
Qoy uzanım bu qabırğa çənbərə,
Alma yeyim gülümsəyən yarınla.

Hamı səni ikincitək alqışlar,
Bilməzlər ki, yeganə canbaz sənsən.
Heç kim belə gözəl yarı bölünməz,
Bax, Ameli, əsl sehrbaz sənsən.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 



Четверг, 28 Ноябрь 2024 15:05

“Canavarlar” - AĞALAR İDRİSOĞLUNUN PRİTÇASI

“Ədəbiyyat və incəsənət” portalı tanınmış dramaturq, yazıçı, publicist, teatr xadimi Ağalar İdrisoğlunun “Canavarlar” adlı pritçasını diqqətinizə çatdırır.

 

 

Həmin il bu mahala qış çox sərt gəlmişdi. On gün idi ki, qar-çovğun ara vermir, külək ağacları elə bil ki, yerindən çıxarmaq üçün onlarla “güləşirdi”. Küləyin bu gücünə tab gətirməyən yaşlı, kökləri çürüməkdə və üzdə olan ağaclar gurultu ilə yerə dəyirdilər.

Bu qardan, tufandan vəhşi heyvanlar da çox qorxuya düşmüşdülər. Həmişə bir-birini görəndə didib-parçalamaq istəyən vəhşi heyvanlar, indi instinktlə bir yerə yığışıb, mehribanlaşıb, bir-birini qorumaqla bu tufana, qasırğaya, lopa-lopa yağan qara, buz parçalarına güclə də olsa sinə gərərək, ölüm-dirim uğrunda döyüşürdülər…

Amma bir canavar sürüsü başqa heyvanlara qarışmayaraq, özləri qarlı, şaxtalı meşədə yemək axtarmaq, acından ölməmək üçün on gün idi ki, ov axtarırdılar, amma heç nə tapa bilmirdilər… Başqa heyvanlara hücum edib, onlardan ən zəiflərini  özlərinə ov etmək istəsələr də indi heç nə tapa bilmirdilər…

Çünki havanın belə sərt olmasından bütün heyvanlar, ayılar, şirlər, çaqqallar, tülkülər, hətta ən zəif heyvanlar, quşlar belə instinktlə  biri-birinin ətrafına sığınmışdılar. Belə ki, onlar instiktnən başa düşürdülər  təbiətin bu şıltaqlığına yalnız birikdə qalib gələ bilərlər. Ona görə də bu heyvanlar ayıların yaşadığı böyük bir mağaraya sığınmışdılar. Əlbəttə, həmin canavar sürüsünün bundan xəbəri yox idi. Əgər xəbərləri olsaydı bəlkə onlar da həmin heyvanların yanına “təşrif”buyurardılar. Beləliklə, meşədə heç bir canlıdan ins-cins olmadığınadan həmin canavar sürüsü özlərinə ov tapa bilmirdilər. Heç bir qarğa, saxsağan, tısbağa da gözə dəymirdi…

… Artıq bu canavar sürüsünün aclıqdan öləcəyini görən bir canavar özünə belə qərar verdi ki, sürüdən ayrılıb, bir kəndə, insanlar yaşayan yerə getsin. Həm də bu sürü ilə onu daha heç nə bağlamırdı. Çünki iki gün bundan qabaq onlar yol gedən vaxtı həmin canavarın dişisi qayadan dərəyə uçmuşdu. Erkək canavar onu xilas eləyə bilməmişdi. Həmin canavar sürüsü də ona köməklik eləməmişdi. Buna görə özünü qınayırdı ki, uzun illər bu sürüyə arxa-dayaq olmuşdu. Onları həm insanlardan, həm də vəhşi heyvanlardan qorumuşdu. Amma iki gün bundan qabaq onun dişisi qayadan dərəyə düşəndə, heç bir canavar ona kömək edib, qayadan dərəyə düşüb, onun dişisinin sağ qalıb-qalmadığını öyrənmək istəməmişdi. Məhz buna görə də onda artıq bu sürüyə qarşı nifrət yaranmışdı. O özü dərəyə düşmək istəyəndə də onu qoymamışdılar və məcbur eləmişdilər ki, onlarla birlikdə ov axtarmağa getsin. Axı sürüdə olan canavarların çoxu məhz ona, onun qoçaqlığına  güvənirdi... Bütün bunları beynindən keçirən və bu canavar sürüsünə artıq nifrət eləyən erkək canavar, o biri canavarlardan bir qədər arxada qalıb, onlar gözdən itəndən sonra, böyük bir ümidlə son gücünü toplayıb, başqa bir səmtə getdi.

Beş-altı kilometr  bu  ümidlə, inamla yol gedəndən sonra bir işıq gördü. Meşənin kənarında olan həmin işığa doğru getmək qərarına gəldi. Belə də etdi və son gücünü  torlayıb, qarda sürünə-sürünə həmin işıq gələn yerə çatdı. Artıq gecənin yarısı idi. Evdən səs-səmir gəlmirdi. Deməli, evdəkilər yatmışdılar. Bir az kənarda isə başqa evlər görünürdü. Amma həmin evlərə tərəf getməyə canavarda hey qalmamışdı... Canavar həyətin ağac budaqlarından hörülmüş hasarının yanında dayanıb ucadan ulamağa başladı. Artıq heydən düşdüyünə görə səsi elə də ucadan çıxmırdı. Canavar bir neçə dəfə ulayandan sonra, bu vaxt  evdən əlində beşaçılan tüfəng bir kişi çıxdı. Əlindəki fanarı hasarın yanındakı qaraltıya tuşladı. Gördü ki, canavardır. O, ömrü boyu burada yaşadığından və heyvanların da dilini bildiyindən başa düşdü ki, bu canavar bura ziyan verməyə gəlməyib. Yəqin sürüsündən ayrı düşüb və acdır. Ondan kömək istəyir.

Canavar isə elə başa düşdü ki, əlində silah olan adan onu öldürəcək, ona görə də həmin adama yalvarmağa başladı.

-Ey insan! Sizə yalvarıram. Məni öldürməyin. Mən bura sizin mal-qaranı oğurlamağa, sizə ziyan verməyə  gəlməmişəm. Məni bura gəlməyə aclıq məcbur eləyib. On gündən çoxdur ki, acam. Mənə  nə isə verin yeyim, acından ölməyim.

Kişi canavarın həqiqətən də ac olduğunu başa düşdü və evə girib, bir parça ət götürüb, yenidən bayıra çıxdı və canavara sarı atdı. Canavar cəld  qarın üstünə düşən ətə yaxınlaşıb, onu acgözlüklə yeməyə başladı. Əti yeyəndən sonra bir qədər də kişiyə yaxın gəlib, qarın üstündə uzandı.

-Sağ ol ey insan. Sən məni ölümdən qurtardın. Bundan sonra mən sənə qul kimi, sənin sadiq itin kimi qulluq eləməyə hazıram.

-Siz canavarlara etibar yoxdur.

-Düzdür. İnsanlar bizim haqqımızda belə deyir. Əslində belə deyil.

-Mən əlli ildir ki, lap uşaqlıqdan bu meşənin kənarında yaşayıram. Bu vaxta qədər siz canavarların bizə necə ziyanlar vurduğunu çox görmüşəm. Ulularımız da deyib ki, “canavarla dostluq eləyənin silahı yanında olmalıdır”.

-Onu düz deyirsiniz. Biz canavarlar sizlərə çox ziyanlar vurmuşuq. Ona görə etibarımızı itirmişik. Amma mən söz verirəm ki, onlar kimi olmaram. Sizin etibarınızı qazanaram.

Bu vaxt kişi eyvanın üstündəki dəmir məftillərlə toxuduğu qəfəsi götürüb, həyətə düşdü. Hasara yaxınlaşdı və  cəld hərəkətlə canavar olan yerə atdı. Canavar  dəmir qəfəsin ortasında qaldı. O qəfəsdən çıxmağa da heç bir hərəkət eləmədi.

-Qoy siz deyən kimi olsun. Məni elə bu qəfəsin içərisində saxlayın. Əgər sizin etibarınızı qazansam çıxararsız. Amma söz verirəm ki, sizə sadiq itlərinzdən daha yaxşı xidmət eləyəcəm.

-Təki sən deyən kimi olsun. Yaşayarıq, görərik,-deyə kişi cavab  verdi. O, həmin dəmir qəfəsi sürüyüb, kürsülü  evin altına atdı ki, canavar səhərə kimi qarın altında qalıb donmasın.

Sübh tezdən kişi yuxudan durandan sonra həyətə düşüb, evin altında dəmir qəfəsin içində olan canavara baxdı. Canavar soyuqdan donub öləmişdi. Büzüşüb yatmışdı.

-Deyəsən soyuqdan donubsan?

-Hə. Donmuşam. Amma ac olmadığıma görə bir təhər soyuğa dözmüşəm. Bilirəm siz mənə inanmırsız. Amma möhlət verin  əməllərimlə özümü doğruldum.

-Lap yaxşı. İndi səni istlər olan isti tövləyə aparacam. Amma onlarla bir yerdə saxlamayacam. Elə dəmir qəfəsdə qalacaqsan. Yoxsa onlar səni parça-parça eləyərlər.

-Necə istəyirsiniz, elə də olsun.

Kişi dəmir qəfəsi canavarın üstündən götürdü. Amma itlər üçün həmişə hazır saxladığı bir dəmir boyunduruğu canavarın boynuna bağladı və həmin boyunduruğa da bir zəngir bağlayıb, dəmir qəfəsi bir əlində, canavarın ipi də o biri əlində isti tövləyə, itlər üçün olan dama  gətirdi. Bunu görən itlər hürməyə, haray-həşir salmağa başladılar.

-Haray-həşir salmayın!  Bu canavar bundan sonra burada, sizin yanınızda, sizin damınızda, amma qəfəsdə qalacaq. Əgər ona hansı biriniz toxunsanız, hamınızı güllələyərəm!

İtlər ev yisəsinin dediyi sözü eləyən, cod adam olduğunu bildiklərindən və ondan qorxduqlarından  susdular.

Beləliklə, canavar bir müddət həmin qəfəsin içində, itlərin damında  qaldı. Kişi hər gün itlərə verdiyi yaldan bir az da artığını camavara  verirdi ki, özünə gəlsin. Canavar da  bu yalı həvəslə yeyirdi.

Artıq kiçik çillə qurtarmışdı.  Qarlar da ərimişdi. Yalnız dağların ətəklərində  gün düşməyən yerlərində və başında qar qalmışdı. Az bir vaxtdan sonra havalar da isinməyə başladı.

İtlər həyətdə gəzir və yeri gələndə həmin kişinin qoyun sürüsü və mal-qarası ilə birlikdə meşəyə gedirdilər. Amma canavar hələ də  itlərin damında  qəfəsdə  qalırdı. Hərdən kişinin ən çox sevdiyi qancıq iti, kənardan durub, bu canavara baxırdı. Canavar,  həyətdəki itlərdən daha böyük və yaraşıqlı idi. Hətta alnında ağ bir qaşqa vardı. Ev yiyəsi də canavarın alnında ağ olduğuna görə, ona  Alabaş adı qoymuşdu.

Kişi qancıq itin kürsəyə gəldiyini başa düşüb, onu canavarla cütləşdirmək istəyirdi. Amma canavar heç cürə cancıq itə yaxın getmək istəmirdi. Bu, kişini çox qeyzləndirirdi. Axırda dözməyib canavara dedi:

-Sən niyə bu itə yaxın getmək istəmirsən?

-Biz meşədə yemək axtaran vaxtı mənim cütüm olan dişi canavar qayandan dərəyə düşüb öldü. Siz bilirsiniz ki, biz erkək canavarların dişisi öləndən sonra o heç bir dişi canavarla cütləşmir. Hətta bir dişi canavarın doğduğu dişi və erkək canavarlar da bir-birilə cütləşmirlər.

-Onu bilirəm. Axı bu canavar deyil, itdi.

-İtlər üçün bunun fərqi yoxdur. Amma biz canavarlar heç vaxt belə şey eləmirik.

-Mən istəyirəm ki, sən bu qancıqla cütləşəsən. Onda onun doğduğu küçüklər də sənin kimi güclü, yaraşıqlı olacaq.

-İstəyirsiniz məni vurub öldürün. Amma mən sizin bu istəyi, arzunu  eləməyəcəm... Eləyə bilməyəcəm…

Kişi daha heç nə demədi. Bir gündən sonra gördü ki, həmin qancıq it, öz həyətlərində olan iki erkək itlə yox, qonşunun erkək iti ilə cütləşib. Bu, ona pis təsir etsə də üzə vurmadı…

… Adı Alabaş qoyulan  canavar  az bir vaxtda ev yiyəsinin də, onun uşaqlarının da etibarını qazandı. Kişi zənciri açıb, onu çölə buraxdı. İtlər də kişinin qorxusundan ona dəyib-dolaşmırdılar. Amma qancıq it, daha ona yaxınlaşmırdı.  Həmişə ona nifrətlə baxırdı. Hər dəfə də ona hürürdü ki, ev yiyəsi canavara inamını itirsin və onu burdan qovsun. Alabaş da həmin qancıq itə heç fikir vermirdi. Kişinin meşəyə gedən mal-qoyun sürüsünü itlərlə birlikdə qoruyurdu.

Bir dəfə yenə meşəyə gedəndə qonşunun erkək iti də gəlib ora çıxdı. Həmin it neyçünsə birdən-birə  Alabaşın üstünə cumdu. Əvvəlcə  Alabaş ona fikir vermək istəmədi. Qonşunun iti Alabaşın ondan qorxduğunu hiss edib, onun üstünə cumdu. Alabaş qonşu itinin  onu parçalayacağını başa düşüb, cəld onun qulağından tutdu və möhkəm sıxmağa başladı. Alabaşın dişləri qonşu itinin qulağını bıçaq kimi kəsdi. Qonşu itinin bir qulağı canavarın dişlərinin arasında qaldı. Qonşu iti fəryad qopararaq zingildəməyə başladı. Kişi cəld onlara yaxınlaşıb, Alabaşı vurmağa başladı. Amma özü də görürdü ki, günah  Alabaşda yox, qonşunun itindədir. Alabaş qonşunun itindən uzaqlaşdı. Qonşunun iti qulağından qan axa-axa, tayqulaq və fəryadla zingildəyə-zingildəyə tez oradan qaçdı. Yəqin fikirləşirdi ki, Alabaş onun o biri qulağını da qoparacaq. Bu, kişiyə çox pis təsir elədiyinə görə yenə də əlindəki çomaqla canavarı vurdu və əsəbi dedi:

- Bax,  görürsən? Siz canavarları əhilləşdirmək mümkün deyil. Deyirlər sizi heç sirkdə də əhilləşdirə bilmirlər. Bu hərəkətinə görə də mən səni cəzalandıracam!

Kişi axşam qoyun  sürüsü və mal-qara ilə meşədən qayıdandan sonra canavarı yenə həmin dəmir qəfəsə saldı. Dəmir qəfəsi həyətdəki böyük  ağacının altına qoydu. Qonşunun iti  isə  qorxusundan bir neçə gün heç öz həyətlərinə də getmədi. Qulağının ağrısından zingildəyə-zingildəyə küçələrdə veyil-veyil gəzdi.

Səhəri günü kişi özü mal-qoyun sürüsü ilə, uşaqları və itləri də ona  köməklik etməklə meşəyə getdilər. Hətta kişi acığından  Alabaşa yal da qoymamışdı. Onu aclıqla imtahana çəkirdi. Bu yolla da ona zülüm verirdi…

Artıq günortaya yaxınlaşırdı. Aclıq canavara təsir eləyirdi. Çünki axşamdan ac idi. Bu vaxt kişinin xanımı əlində bir padnos yemək evdən çıxıb, qonşunun hasarına yaxınlaşıb, bir fit işarəsi  verdi. Evin iyəsi, cavan kişi eyvana  çıxdı. Qonşu qadını görüb, tez eyvandan düşüb, onlarla aralarında olan  həyət qapısını açdı.

-Getdilər,- deyə qonşu kişi soruşdu.

-Hə. Getdilər. Uşaqları da məcbur elədim ki, onunla getsinlər.

-Nə yaxşı,-deyə kişi yemək padnosunu qadından aldı və qadın da onun qoluna girib, qonşunun evinə girdilər.

Bunu görən canavar çaşıb qaldı. Başa düşdü ki, bu qadınla kişinin arasında uzun müddətdi ki, bir sevgi macərası var. Əvvəl fikirləşdi ki, dəmir qəfəsi sındırıb, hasardan atılıb, evə girib onların hər ikisin parçalasın. Amma səbrini basıb bir qədər gölzədi.

… Bir müddət keçəndən sonra onlar pörtmüş bir vəziyyətdə evdən eyvana çıxdılar… Qonşu kişi qadını qucaqlamışdı və qadın da balaca quş anasına sığınan kimi  ona sığınmışdı və başını sinəsinə qoymuşdu.

Bundan qeyzlənən canavar möhkəm uladı və qeyzlə qəbəsi sındırmaq istədi ki, oradan çıxıb, onları parçalasın. Canavar qeyzlə qəfəsi qonşunun hasarına sarı sürüyüdü. Qonşu yekəpər kişi və qadın bundan möhkəm qorxdular. Kişi cəld evə girib, tüfəngi götürdü və bayıra çıxdı. Canavar başa düşdü ki, qonşu  kişi onu vurub öldürəcək. Tez sakitləşdi. Yenidən qəfəsi əvvəlki yerinə tərəf sürüdü. Qadın qorxu ilə qonşunun həyətindən çıxıb, tez öz evlərinə qaçdı. Və bütün günü daha evdən çıxmadı…

Axşam kişi evə gələndə, arvadının çox əsəbi olduğunu gördü.

-Nə olub? Niyə rəngin-rufun ağarıb?

-Sənin bu vəhşi  canavarın az qalmışdı ki, məni parçalasın. Axı mən sənə neçə müddətdi ki, deyirəm bu canavarı  itir getsin, sən isə mənə qulaq asmırsan!

-Axı canavarın səninlə nə işi?

-Həyətə düşüb, toyuq-cücəyə dən atmaq istəyirdim, cümdu mənim üstümə. Az qalırdı ki, dəmir qəfəsi sındırıb, məni parça-parça eləsin.

- Axı o səkkiz aydan çoxdur ki, buradadır və  heç vaxt belə hərəkət eləmir. Hətta…

-Sənə əmr eləyirəm, -deyə qadın onun sözünü kəsib daha uca sələ dedi:- Ya elə indi onu vurub öldürməlisən, ya da apar meşəyə burax qoy çıxıb getsin! Bu evdə ya o canavar qalacaq, ya da mən!

Kişinin  arvadı özündən çox cavan idi. Arvadını çox istəyirdi və onun hər əmrini də həmişə yerinə yetirdi. Bu evdə böyüklük də qadının əlində idi. Uşaqlar analarına etiraz etmək istəyəndə qadın onların başına elə çımxırdı ki, hər iki uşaq, qorxularından daha heç nə demədilər.

-Eşidirsən məni,- deyə qadın yenidən ərinin üstünə çımxırdı. O canavar elə indicə bu evdən getməlidi!

Kişi heç nə deməyib, həyətə düşdü. Əsəbi canavara yaxınlaşdı. Canavar artıq hər şeyi başa düşmüşdü. Çünki qadının bayaq dediyi sözləri eşitmişdi.

-Gördün ki, siz canavarları əhilləşdirmək olmur. Deməli, sən neçə müddətdir ki, mənim evimdə yediyin yeməyə də qiymət vermədin. Deyirdin ki, mənə sadiq olacaqsan. Bəs nə oldu?

Canavar kişinin üzünə bax, ona heç nə demədi. Çünki bilirdi ki, əsl həqiqəti ona desə, kişi inanmayacaq. Qadın da məcbur eləyəcək ki, kişi canavarı güllələsin.

-Bağışla. Mən sənə sadiq ola bilmədim,-deyə canavar günahkar kimi başını aşağa dikdi. Yalvarıram. Məni öldürmə. Burax gedim öz canavar sürümüzün yanına.

Kişi dəmir qəfəsi açdı. Canavar oradan çıxdı. Kişiyə və səkkiz aydan çox qaldığı bu həyətə baxdı və meşəyə sarı getdi. Kişi canavarın ardınca baxıb, donub qalmışdı. Bilmirdi düz hərəkət elədi ya yox…

Beləliklə, canavar meşəyə getdi və yenidən sağ qalan bir neçə canavara qoşuldu. Canavarlar onu qəbul elədirlər. Amma özlərinə başçı təyin eləmədilər. Çünki etibarı itirmişdi…

Kişi elədyi hərəkətdən peşiman idi və bir neçə gün gözlədi. Fikirləşdi  ki, boynuna dəmir  xalta taxdığı həmin canavarı  sürüsü qəbul etməyəcək və o  yenidən  geri qayıdacaq. Amma həmin canavardan bir xəbər-ətər olmadı…

Həmin il  yenidən qış sərt gəldi. Canavarlar meşədə heç nə tapa bilmədiyindən artıq kəndlərə hücum eləyirdilər, kəndlilərin mal-qarasına, hətta özlərinə də hücum eləyirdilər və ziyan vururdular. Ona görə də kənd adamları silahlarını hazır saxlayıb, tövlələrin də deşik yerlərini möhkəm suvayırdılar. Gecə səhərə qədər tövlənin yanında öz itlərilə birlikdə keşik çəkirdilər.

Həmin kişinin də qoyun sürüsü, mal-qarası çox idi. Bu ağzıqaralara heç nə verməmək üçün bütün gecəni tövlənin yanında keşik çəkirdi. Onun beş köpək iti vardı. Kişi inanırdı ki, bu itlərin hər biri on canavara dov gələ bilər. Ona görə də tam arxayın idi ki, canavarlar onun sürüsündən heç nə apara bilməzlər…

Fevralın son günləri olduğuna görə kiçik çillə özünü daha yava  göstərirdi. Bütün günü lopa-lopa qar  yağmışdı və gecə də  səngimək bilmirdi. Hava çox soyuq olduğundan kişi nə qədər çox geyinsə də artıq üşüyürdü. Və qorxurdu ki, ayaq barmaqlarını don vursun. Ona görə də sübhə yaxın evə girib, ayaqlarını isitmək istəyirdi. Gecə yuxusuz qalması və otaqda havanın da isti olması, arvadının, uşaqlarının mışıl-mışıl yatması ona da yuxu gətirdi və özündən aslı olmayaraq mürgüləməyə başladı. Bu mürgüləməyin nə qədər davam eləməsini bilmədi və bir də onda eşitdi  ki, bayırdan çox dəhşətli səs-küy gəlir. Bir it ucadan hürür, ulayır  və hərdən də onun xırıltısı gəlir. Kişi tez bayıra çıxdı. Artıq hava işıqlanmışdı. İtlərinin ikisinin  qar üstə sərildiyini və həmin qarın qan ləkələrindən qıp-qırmızı olduğunu gördü. Qalan üç itin orada olmadığını  görüb, onların canavarların qorxusundan canlarını götürüb qaçdıqlarına əmin oldu və çox təəssüfləndi…

Qoyun tövləsinin qarşısında isə bir canavar var-qüvvəsilə qapını qoruyur və o biri canavarların tövlənin içərisinə girməsinə imkan vermirdi. On canavar isə onu dövrəyə alıb, didib-parçalamaq istəyirdilər. Hətta böyük bir canavar onun boğazından yapışsa da heç cürə boğa bilmirdi… Və tövlənin qapısından dartıb,   uzaqlaşdırmağa çalışırdı ki, o biri canavarlar tövləyə girsinlər…

Kişi cəld beş açılan tüfənginin tətiyini çəkib, canavarlardan ikisini vurdu. Onlar zingildəyib, yerə yıxıldılar. Bunu görən o biri canavarlar tez qaçmağa başladılar. Bayaqkı canavarı boğmaq istəyən canavar da bunu görüb tez o canavarın boğazını buraxıb, qaçmaq istədi. Bu vaxt kişinin sərras gülləsi ilə yerə sərildi. Kişi bayaq yekə canavarın boğduğu canavara yaxınlaşdı. O ayağa durmaq istəsə də dura bilmirdi və zingildəyirdi. Boynundan axan qan isə ağ qara qarışır və qarın üstündə əcaib-qəraib rəng yaranırdı… Kişinin ona yaxınlaşdığını görən canavar da ona yaxınlaşmaq və elə bil ki, imdad diləmək istəyirdi. Amma yaxınlaşa bilməyib, qarın üstünə sərildi və xırıltı ilə can verməyə başladı.

Kişi ona yaxınlaşanda canavarın boynundakı dəmir xaltanı gördü və birdən heyrətə gəldi. Özündən asılı olmayaraq, diz üstə onun qarşısında çökdü. Başa düşdü ki, bir vaxtlar acından  ölməyə qoymadığı “Alabaş” adlandırdğı bu canavar onun qoyun sürüsünü qoruyub ki, mal-qarasına canavarlar xətər yetirə bilməsinlər…

Canavar artıq son nəfəsini yaşayırdı. Gözlərindən yaş axırdı. Kişi onun qanlı başını yuxarı qaldırıb, bağrına basdı və özündən aslı olmayaraq hönkür-hönkür ağladı. O, indi sevimli itlərinin ölməsindən çox canavarın can verməsinə daha çox  heyifislənirdi…

-Məni bağışla Alabaş. Deməli, sən mənə sadiq olubsan, amma mən bunu bilməmişəm. Arvadımın sözlərinə qulaq asıb, səni buradan uzaqlaşdırmışam…

-Sənin o sevimli qancıq itin, balalarını da götürüb qaçdı. Əgər o da balaları ilə bizə kömək eləsəydi, o biri itləri canavarlar boğa bilməzdi. Sən həmin vaxtı mənə çox qeyflənib, məni qovdun. Amma həmin vaxtı mənim heç bir günahım yox idi. Əsl həqiqəti də sənə deyə bilməzdim. Çünki…Çünki sən mənə yox, sevimli arvadına inanacaqdın. O…o… səni…

Canavar sözlərinin ardını deyə bilmədi və öldü. Onun başı kişinin qolları üstünə düşdü…

… Güllə səsinə gələn qonşular da, kişinin canavarı qucaqladığını, hönkür-hönkür ağladığını görüb, təəccüblə ona baxır və heç nə başa düşə bilmirdilər…

(Sumqayıt şəhəri, 04 -aprel- 16 may 2024-cü il)

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

XƏYAL RZA

 

YOSUNLAR

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Bir qara qəpik

Bir qara daş da

İndi hər nə varsa

Göy üzündədi

Qanadlı balıq da

Qanadsız quş da

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Nə şeir, nə yazı, nə söz, nə söhbət

Bütün yetimlərə mərhaba...

Bir də...

Məhəbbət, məhəbbət, yenə məhəbbət!

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Mənim nəyim var ki,

Mənim kimim var?!

Yeyib-bitiriblər bütün dünyanı

Bircə mən qalmışam...

Və... Qarışqalar

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Yosunlar ehsandı ayaq izimdə

Məndən heç nə qalmaz

Bu yer üzündə

Nə Allah özündə, nə göy özündə

Məndən heç nə qalmaz

Bu yer üzündə...

Yosunlar, yosunlar, yazıq yosunlar

Hər şey mənimlədir, Yerdən Göyədək

Bütün başlanğıclar və bütün sonlar

 

 

ZƏHRAM

 

Üzündə qan ləkəsi – Zəhra...

Dərdlərin ən yekəsi  - Zəhra...

Körpələr mələkdilər, Zəhra...

Sənə silah çəkdilər, Zəhra...

Mələyə qıyılarmı, Zəhra...

Göz yaşım quruyarmı, Zəhra...

Qanadların gözəldir, Zəhra...

Onlar sənə özəldir, Zəhra...

Uçub getdin göylərə, Zəhra...

Yerim fəryad eyləyər, Zəhra...

Bəndə Tanrı quludur, Zəhra...

Qulun haqqı uludur, Zəhra...

Dünya göz yaşı boyda, Zəhra...

Ömür başdaşın boyda, Zəhra...

Ürək boyda kəfəni – Zəhra...

İki yaşlı VƏTƏNİM – ZƏHRAM!

 

 

EVSİZ QAPI

 

Salam, yaşıl qapı

Salam, ağ qapı

Köhnə dəmirlərdən

Cağbacağ qapı

Hələ qırmızısı

Sarısı da var

Yarını gözləyən, yarısı da var

Sökülmüş, uçulmuş, köhnə evlərdə

Xəstə, əldən düşmüş qarısı da var...

Salam, evli qapı

Salam, dul qapı

Salam, ağa qapı

Salam, qul qapı

Atılsan kimsənin vecinə olmaz..

Satılsan, yox yerdən dolar pulqabı

Salam, həyət qapı

Salam, yol qapı

Salam, qabaq qapı

Salam, dal qapı

Nəzərdən, fitnədən

Uzaq ol deyə

Boynundan sallanan

Qara nal qapı

Salam, otuz doqquz

Salam, qırx qapı

Salam, söyülməkdən

Üzü tökülmüş

Hər gün min təpiyə

Qonaq edilən

Səbirli, təmkinli,

Ay qırıq qapı

Salam, yaxşı qapı

Salam, pis qapı

Salam, paslı qapı

Salam, his qapı

Salam, qızıl qapı,

Salam, mis qapı

Salam, qara qapı

Avara qapı

Salam, köçkün qapı...

Tər-təmiz qapı.

Salam, evsiz qapı

Ən əziz qapı!

 

 

QARA GÖZƏLƏ ELEGİYA

 

Keçər bu körfəzdən yekə bir gəmi

Gəmidə beş gəmi yazıq adamlar

Bir qara gözəlin mavi göz yaşı

Şopenin ritmiylə dənizə damlar

 

Görüşüb, öpüşüb, qucaqlaşarlar

Dəniz damlaları özündən bilər

Bu qızın bu yaşda yaşadıqları

Gəlməzmi dünyanın gözündən, gələr

 

Gah günəş yandırar ümidlərini

Gah sazaq dondurar arzularını

Gözünü yumanda ölmüş körpələr

Gözünü açanda can verən qarı

 

Neçənci gündüzdür, neçənci gecə?..

Günlərin sayını salıb, itirər...

Qəribə bir dildə nəsə pıçıldar

Bir-bir barmağını sayıb, bitirər

 

Külək zəhrimar da başlayar yenə

Görünməz dünyanın azad ölkəsi

“Bəlkə aldadıblar, sağ qalan yoxdu”,

Boğular içində yetim həvəsi.

 

Keçər bu körfəzdən yekə bir gəmi

Gəmidə beş gəmi yazıq adamlar

Bir qara gözəlin... Körpə bədəni...

Bir də ki... buz kimi soyuq dalğalar...

 

 

MƏNİM DƏRDİM TƏKCƏ SƏNSƏN?

 

Sənin çəkdiyin dərd mənəm,

Çək sürü, başına dönüm.

Nə çəkim var, çətin gələm,

Tək sürü, başına dönüm!

 

Evin yolun itirmişəm,

Yolum haradı bimirəm...

Sağımda itlər ulaşır,

Solum haradı, bilmirəm.

 

Ürəyimdə "at yarışı",

Yuxum üzümə dirənib.

Varım yoxa çıxıb, vallah,

Yoxum üzümə dirənib.

 

Sınıq-sökük xatirələr,

İnan, ağladıb anamı.

Ana, sənə qurban olum,

Niyə doğdun bu adamı?!

 

Mənim dərdim təkcə sənsən?

Çəkərəm, başına dönüm!

İşimin adı nədi ki...

Bekaram, başına dönüm!

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.