Super User

Super User

Понедельник, 02 Декабрь 2024 10:16

Eskişehirdə Aşıq Mikayıl Azaflının 100 illik yubileyi qeyd edilib

Türkiyənin Eskişehir şəhərində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi və şair Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, proqram Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının əməkdaşlığı ilə ərsəyə gəlib.

 

Tədbirdə əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

 

Mərasimdə çıxış edən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin rəhbəri Arzuman Azaflı və Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı Mikayıl Azaflı yaradıcılığı, onun Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti və aşıq sənətinə verdiyi töhfələrdən bəhs ediblər.

 

Sonra Azərbaycan və Türkiyənin saz ifaçılarının təqdimatında Aşıq Mikayıl Azaflının əsərləri dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2024)

 

Türkiyənin paytaxtında 21-ci Ankara Kitab Sərgi-Yarmarkası açılıb, Azərbaycan onun fəxri qonağı seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “ATO Congresium” mərkəzində keçirilən sərginin açılışında nəşriyyatların nümayəndələri, yazıçılar, tənqidçilər, kitabxanaların, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Sərgidə ən zəngin stend ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin səyləri ilə yaradılan Azərbaycan Milli Stendi olub. 

Sərginin təşkilat komitəsi Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovu Kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edib.

Açılış mərasimi Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışı ilə başlayıb. Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək, mütaliəni xüsusilə gənclər arasında maksimum dərəcədə populyarlaşdırmağa çağırıb. “Kitab və məktəb hər bir insanın inkişafının əsasını təşkil edən anlayışlardır. Kitabların uşaqların və yeniyetmələrin inkişafına töhfəsi valideynlərin əməyi qədər əhəmiyyətlidir”, - deyə o bildirib.

Diplomat Ankarada keçirilən 21-ci Kitab Sərgisinin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və bu günü haqqında qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Diplomatik nümayəndəliyin rəhbəri türk xalqlarının bir-birinə daha da yaxınlaşması üçün sərgi tədbirlərinin təşkilinin vacib olduğunu da diqqətə çatdırıb.

Daha sonra çıxış edən N. Cəfərov türk xalqlarının irsinin zənginliyinə diqqət çəkərək, bir çox başqa xalqlardan fərqli olaraq türklərin bütün dövrlərdə xüsusi mədəni çoxşaxəliliyə malik olduğunu qeyd edib. 

O, türkiyəli gənclərin kitaba marağından məmnunluğunu ifadə edib: “Sevindirici haldır ki, bugünkü sərgini ziyarət edənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir”, - deyə Azərbaycan Atatürk Mərkəzinin direktoru bildirib.

Türkiyənin mədəniyyət nazirinin müavini Batuhan Mumcu kitab sərgisinin qonaqlarını salamlayaraq, Azərbaycanın öz ölkəsinin hər bir sakini üçün xüsusi əhəmiyyətini vurğulayıb.

O, gənclər arasında mütaliənin kütləviləşməsinə çağırıb. “Hər bir cəmiyyət üçün uşağı oxumağa həvəsləndirmək, ona kitabı və biliyi sevməyi və qiymətləndirməyi öyrətmək xüsusilə vacibdir”, - deyə B.Mumcu bildirib. 

Stend ziyarətçiləri üçün Azərbaycanın aparıcı nəşrlərinin respublikanın tarixi, dövlətçiliyinin inkişaf mərhələləri və mədəniyyəti ilə bağlı nəşrləri ilə tanış olmaq imkanı təqdim edilib.

Dekabrın 8-dək davam edəcək sərginin təşkilatçıları Türkiyənin hər yerindən ən azı 500 min kitabsevərin iştirak edəcəyini proqnozlaşdırırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2024)

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun, Şəki-Zaqatala  Regional Mədəniyyət İdarəsinin və Oğuz İntellektual Oyun Klubunun birgə təşkilatçılığı  ilə "Yaşıl  dünya   naminə  həmrəylik  ili" ilə əlaqədar  Oğuz  rayon  Mədəniyyət   Mərkəzində  Oğuzun  mədəniyyət  müəssisələrində  çalışan  mədəniyyət  işçiləri  arasında bilik  yarışı keçirilmişdir.

 

 

Yarışda I yeri Oğuz rayon Heydər Əliyev Mərkəzinin "Birlik" komandası, II yeri Oğuz 7 illik Uşaq Musiqi Məktəbinin "Gənc musiqiçilər" komandası, III yeri isə Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin "Günəş" komandası tutmuşdur.

Qalib komandalar diplomlarla təltif olunmuşlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2024)

 

 

 

Mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Xırdalan şəhərində vətəndaşlarla görüşüb. 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl Adil Kərimli və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin Xırdalan şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə nazir Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşlar əsasən mədəniyyət sahəsi ilə təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

25-29 noyabr 2024-cü il tarixində Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq olunan innovativ həllər ilə yaxından tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olub.

 “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, səfər 24 aprel 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun reallaşdırılması çərçivəsində həyata keçirilib.

Qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

 Nümayəndə heyətinə “ASAN xidmət” təcrübəsinin qarşı tərəflə paylaşılması məqsədilə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib.

 Qonaqlar “ASAN xidmət” mərkəzlərində tətbiq olunan innovativ həllərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübələrin Qırğız Respublikasında tətbiqinin faydalı ola biləcəyini qeyd ediblər.

 Bundan əlavə tərəflər 2025-2027 illər üzrə Birgə Əməkdaşlıq Proqramının hazırlanmasına dair müzakirələr aparıblar.

 Qonaqlar Bakı və Şamaxı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio, TV-nin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində "Mahnı və romans" axşamı baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov Niyazinin "Vətən nəğməsi", Fikrət Əmirovun "Gülüm", Süleyman Ələsgərovun "Vətənimdir", Vasif Adıgözəlovun "Qərənfil", Ramiz Mustafayevin "Məlahət sultanı" romanslarını, Tofiq Quliyevin "Sevdiyim qız", "Lirik mahnı", Səid Rüstəmovun "Alagöz", Cahangir Cahangirovun "Ana", Sevil Əliyevanın "Qayıt əzizim", Ağabacı Rzayevanın "Könlüm" mahnılarını ifa ediblər. 

Sonda Müslüm Maqomayevin "Azərbaycan" mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Пятница, 29 Ноябрь 2024 21:09

Xalq rəssamı Rafiq Nəsirov vəfat edib

 

Azərbaycanın xalq rəssamı Rafiq Nəsirov vəfat edib.

“Ədəbiyyat və incəsənət” Trend-ə istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.

O, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Biz qayıdacağıq” kimi filmlərdə rəssam, “Fəryad” filmində isə dekor rəssamı kimi çalışıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək.

 

AzərTAC xəbər verir ki, festival çərçivəsində keçiriləcək 3 müsabiqəyə Afrika, Avropa, Asiya qitələrindən, eləcə də Kanadadan tammetrajlı və qısametrajlı filmlər təqdim edilib. Həmçinin, festival çərçivəsində qısametrajlı bədii film ssenarisi müsabiqəsi təşkil ediləcək.

 

Azərbaycan festivalda rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ilə təmsil olunacaq. Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

 

Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.

 

Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.

 

Festivalda mərakeşli rejissorlardan Fauzi Bensaidinin “Boş üçdəbir” tammetrajlı bədii filmi, Həsən Bencəlunun “Məlahda sonuncu Cok” sənədli filmi, Rəşidə əl-Cəraninin “Rəşid” və Əymən Həmmunun “Qoyun, keçi və qarğa” qısametrajlı filmi də nümayiş olunacaq.

 

Festivalın fəxri qonağı Rusiyadır.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Elşən Çayparalının şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

TELDƏN

 

Dərdimsə yağışsız ələnir hey cana teldən, 

Könlüm yanaşır nisgilə dönmüş hana, teldən. 

 

Saçlar da köçür durnaların ah xəyalında, 

Uçsan ürəyimdə qalacaqsan sona teldən. 

 

Bağrım ələnir qanlı buludlar dodağından, 

Barmaqlarımın iç kefini sən xına, teldən. 

 

Yarpızlığımın ahlarını dildə tutardım, 

Nərgizliyini oxşayıram mən nana teldən. 

 

Mən gizlədirəm min cəsədi ağ ciyərimdə, 

Qançıl bu yaram qoy səpilə hər yana teldən. 

 

Dardan asılı qaldığım illər damar ağlır¹

Qansız məni al sən apar allah qana teldən. 

 

Ehmal yapış, ağrım iki qız var; biri kordur 

Layla beşiyim ağlayacaqdır ana teldən. 

 

Tel-tel otağım bir daraq əkmiş ürəyimdə,

Bəlkə gələsən sən yuxuma yan-yana teldən. 

 

BU AXŞAM 

 

Sənsiz bu şəhər bağrıma qan sərdi bu axşam. 

Ağrımla itən göylümə dan sərdi bu axşam. 

 

Baxdıqca qapım pəncərəni yoldu, apardı, 

Yollar hayıma ahla duman sərdi bu axşam. 

 

Dildən başa-baş qəlbimə dən-dən düzülürdün, 

Leş-leş xəyalın ağzıma can sərdi bu axşam. 

 

Sənlə namaz oldum qılıram dil-dodağımdan, 

Tanrım ürəyin boyda quran sərdi bu axşam. 

 

Gəl kefli olaq bir otaq içrə sən ilə mən, 

Bax... Bax, nə gözəlliklə zaman sərdi bu axşam?! 

 

Duyğumda neçə körpə baxış mənsə doğuldu, 

Məndən sənə nazlım xiyaban sərdi bu axşam. 

 

Addımlayıram mən özümü hərdən özümdə, 

Sənsiz bu şəhər bağrım qan sərdi bu axşam. 

 

SƏRƏLƏNMİŞ

 

Sənsiz necə gözlərdə dolan qan sərələnmiş,

Tık-tık çalınan dəyqələr hər an sərələnmiş. 

 

Bilsən ki, boğuldum boğazın sağ sükutundan, 

Sözsüz cəsədəm, sözlərim heyran sərələnmiş. 

 

Köksümdə vərəqlər sökülür kəlmələrimlə, 

Gölsüz qələmin cövhəri dan-dan sərələnmiş. 

 

Öldüm, ahımı bağrıma basdız, nəyim oldu? 

Beş qat kəfənin üstünə yorğan sərələnmiş. 

 

Yaz-yaz payızı dadmağa mən dil göyərirdim, 

İllərdi leşim üstünə tufan sərələnmiş. 

 

Sənsiz içirəm hey içimi, hey dadıram mən, 

Bax, bax ki, bu bəxtsizliyim hardansərələnmiş?! 

 

Nadir², nə xəyallarda yazıbsan qəfəs uçdu, 

İllərdi olar göylərə zindan sərələnmiş. 

 

BU ŞƏHƏRDƏN

 

Dur gəl darıxan sözlərimi al bu şəhərdən. 

Yoldan asılan gözlərimi al bu şəhərdən. 

 

Köçdüm yağışın bağrına ağlar bulud oldum,

Gəl yaşlıca sən izlərini al bu şəhərdən. 

 

Sənsiz sükutun qibləsinə mən namaz idim, 

Səcdəm asılı, dizlərimi al bu şəhərdən. 

 

Beynim alışır bax, dodağımda xəyalın var,

Odlandı saçım, közlərimi al bu şəhərdən. 

 

İllərdi bahar xonçasını qoynuna saldım, 

İllər dolanan yüzlərimi al bu şəhərdən. 

 

Yol-yol şəhərim qaytara bilməz məni sənsiz, 

Daşdan danışan, düzlərimi al bu şəhərdən. 

 

Göylümdə qəzəl var göyərib dil aça bilmir, 

Dur gəl darıxan sözlərimi al bu şəhərdən.  

 

¹ Təbrizdə ləhcədir. Əslində “Ağlayır”dır.

² Nadir İlahi.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Avstraliya parlamenti 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyan qanun layihəsini qəbul edib. Təşəbbüskarların fikrincə, qanun layihəsi avstraliyalı uşaqları sosial şəbəkələrin vurduğu zərərdən qorumaq məqsədi daşıyır.

Bu o deməkdir ki, Avstraliya indi sosial mediaya çıxışı tənzimləyən dünyanın ən sərt qanunlarına sahib olacaq.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.