
Super User
Bakı Kitab Mərkəzində “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib
Sentyabrın 23-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabın müəlliflərindən biri olan Günel Anarqızı bildirib ki, bugünkü görüşü belə bir tarixə salmaqda məqsəd qələbənin ildönümünü qeyd etməkdir. Bildirib ki, bu vaxtadək Qarabağ haqqında çoxlu sayda əsər yazılıb, saysız-hesabsız kitab nəşr olunub. “Ancaq hər zaman qəlbimizdə bir nisgil olub. İndi isə biz qürur hissi keçiririk. Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür edirəm. İnanıram ki, bundan sonra Qarabağ haqqında yeni-yeni əsərlər yazılacaq”, - deyə Günel Anarqızı qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan əsgəri ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın etdi.
Kitab barədə danışan Xalq yazıçısı deyib: “Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. Ən əsası bu yazılar böyük qələbədən sonra yazılıb. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu hisslərlə yazılardı. Amma belə olmadı, qələbə ruhlu bir əsərə çevrildi”.
Milli Məclisin deputatı Jalə Əliyeva kitabı ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib.
Xalq yazıçısı Elçin qeyd edib ki, Vətən müharibəsində Qələbə tək həqiqətin sevinci deyil, insanların daxilindən gələn hissin ifadəsi idi. O, işğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazıların Azərbaycanın böyük Zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsi olduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bildirib ki, Qarabağ haqqında yazılan kitab onun üçün ikiqat müqəddəsdir. Vurğulayıb ki, Vətən uğrunda aparılan mücadilə həmişə qələbə ilə başa çatır.
Xalq yazıçısı Çingiz Abdullayev kitabdakı yazılarda Qarabağın tarixinə dair maraqlı faktların, unudulmaz duyğuların, müəlliflərin şirinli-acılı xatirələrinin əksini tapdığını söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, bir neçə gündən sonra, sentyabrın 27-də Qarabağda canlarından keçmiş şəhidlərim əziz xatirəsi ehtiramla yad olunacaq. Qeyd edib ki, ötən il müharibə başlayanda hamımız səksəkəli günlər yaşayırdıq. Ancaq oktyabrın 4-də Cəbrayıl azad olunanda Prezident İlham Əliyevin çıxışı bizi çox sevindirdi və bu xəbər bizi qələbəyə köklədi.
Kitabla bağlı fikirlərini bölüşən Rəşad Məcid deyib ki, Xalq yazıçısı Anarın müraciətindən sonra Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Qulu Ağsəs Ağdamdan yazıb. Sonradan digər yazıçılar da bu ideyanın işığına toplaşıb.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.
Time təqdim edir: “Dovima və fillər”. 1955.
Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun:
Riçard Avedon, “Dovima və fillə”. 1955.
1955-ci ildə Riçard Avedon Christian Dior-un yeni kolleksiyasının reklamını çəkib. Bir model olaraq, o, sevimlisi Dovimanı seçdi və fillərin fonunda onu möhürləməyə qərar verdi. Avedon bir fotoda həm kövrəklik və güc, həm də işıq və qaranlıq simmetriyasını çatdırmaq istədi. "Dovima və fillər" fotoşəkili Dİver Sirkində çəkilmişdir. Modelin paltarları o zaman gənc və hələ az tanınmış dizayner İv Sen-Loran tərəfindən yaradılmışdı, İv Sen-Loranın köməkçisi Kristian Dior tərəfindən işlənmişdi.
Şəkil: 100photos.time.com
Vyanada Azərbaycan muğam axşamı təşkil olunub
Vyanada - “Sargfabrik” mədəniyyət evində Əməkdar artistlər - tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı ilə çıxış ediblər.
AzərTAC-ın müxbiri Vyanadan xəbər verir ki, konsertdən öncə “Sargfabrik” mədəniyyət evinin təmsilçisi Lukas Handle Azərbaycan Mədəniyyət Mərkəzi və “Kulteurasia” təşkilatına bu konsert proqramının ərsəyə gəlməsindəki əməkdaşlığa görə təşəkkür edib.
“Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt konsertin iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, nüfuzlu “Şərq təranələri” festivalında Qran-Pri mükafatına layiq görülən S. Paşazadə və K. Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Almaniyada bu qəbildən olan festivallardan birində onların ifasını bəyənən D. Libervirt muğam ifaçılarını Vyanaya dəvət edib. İndiyədək Avstriyada dəfələrlə konsert proqramlarında çıxış etsələr də, bu, onların Avstriyada ilk solo konsertidir.
D. Libervirt qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar konsert proqramı iki dəfə təxirə salınmağına baxmayaraq, Azərbaycan ifaçılarının Vyanada musiqisevərlərlə görüşü mümkün olub. O, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinə səmərəli əməkdaşlığa görə minnətdarlıq edib.
Konsertin ilk hissəsində S. Paşazadə və K. Kərimov “Mahur hindi” muğamını tam olaraq dəstgah şəklində və “Bayatı-Şiraz” muğamı və kompozisiyasını ifa ediblər. Kompozisiyaya daxil edilmiş xalq mahnıları və nağaranın ifasında solo ifa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin ikinci hissəsi Azərbaycan muğamları içərisində özünəməxsus yerə malik “Segah” muğamı səsləndirilib. Muğam kompozisiyasının tərkibində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə ithafən “Şuşanın dağları” mahnısı ifa olunub. Sonra 2017-ci ildə Səmərqənddə “Şərq təranələri” festivalında Azərbaycan musiqiçilərinə Qran-Pri mükafatını qazandıran və onlara dünya şöhrəti gətirən “Şur” kompozisiyası tamaşaçılara təqdim olunub. Sürəkli alqışlarla keçən konsertin zirvə nöqtəsini isə Azərbaycanın dilbər guşəsi Qarabağa həsr olunan “Qarabağ” mahnısı və “Qarabağ şikəstəsi” təşkil edib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib. Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.
Mədəniyyət Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.
Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şaxsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından əsərlər təqdim edilib.
Sofi Marso: “Texnologiya yüksəlişdə olanda, mədəniyyət üçün mövcudiyyat çətin olur”
Fransız rejissoru Fransua Ozonun "Hər şey yaxşı keçdi" tragikomediyası dünya prokatına çıxıb, onun premyerası iyulda Kann festivalında baş tutub. Süjetə görə, Sofi Marsonun parlaq ifasında Emmanuel xəstəxanaya tələsir - onun atası, 85 yaşlı Andre Düssole insult olub. Ata qismən iflicdir və kritik vəziyyətdədir. Emmanuel ağır xarakterinə, daimi şıltaqlıqlarına və birgə yaşadıqları keçmişdə atası tərəfindən incidildiyinə, çəkdiyi iztirablara baxmayaraq, sonuna qədər atasına qayğı göstərməyə hazırdır. Ancaq Andre qızının qayğısına tüpürmək belə istəmir, əzablarının tez bir zamanda aradan qaldırılması üçün qızından onun həyatdan köçməsinə kömək etməyi xahiş edir. Olduqca maraqlı və dramatik bir süjet və dünyaşöhrətli Sofi Marsonun ecazkar ifası.
Bu filmin izi ilə TASS agentliyi Parisdə 54 yaşlı aktrisa ilə görüşüb ondan müsahibə götürüb. Sofi Marsonun Azərbaycanda da sevildiyini, dünya kino sənətinin kult ifaçısı hesab edildiyi səbəbindən “Ədəbiyyat və İncəsənət” portalı müsahibəni tərcümə edərək öz oxucularına təqdim edir. Müsahibədə Sofi Marso sözügedən film barədə bir çox suallara cavab verməklə yanaşı niyə nadir hallarda kinoya çəkildiyinə və mükafatlar almağı sevmədiyinə də aydınlıq gətirib.
- "Hər şey yaxşı keçdi" filmində rol almağınızı uzun fasilədən sonra sizin kinoya qayıdışınız adlandırmaq olar. Niyə uzun müddət çəkilmədiniz?
- Mən vaxtımı özümə həsr etmək və filmlərə, reklamlara və sair çəkilişlərə ayırdığım zamanı özümü sərf etmək istəyirdim. Mən öz cədvəlimi azad və sərbəst etmək istəyirdim. Mən bunu böhran adlandırmazdım, çox güman ki, imkanlar üçün açıq qalmaq və heç nə haqqında düşünməmək istəyirdim.
- Onda niyə məhz kambek üçün bu layihəni seçdiniz?
-Yaxşı, etiraf edirəm, belə bir təklifə müqavimət göstərmək çətin idi. Ssenari ilə tanışlıq hər şeyi dəyişdi. Bir gün sevdiyiniz bir şey oxuyursunuz və geri dönməyə qərar verirsiniz. Bu, gözəl, təkrarsız və sadə alındı, ən əsası da, təbii alındı, kinoya qayıtmaqdan məmnun oldum.
- Film sadə olmayan ölüm, borc, valideyn-uşaq münasibətləri mövzusunu qaldırır. Bu filmin üzərində psixoloji anlamda işləmək nə qədər çətin idi?
- Normaldan daha çətin deyildi. Kitab, ssenari çox sadə idi. Onlarda hər şeyi yerinə yetirmək üçün mürəkkəb olan gizli psixoloji motivlər yox idi. Yalnız Fransua ilə (filmin rejissoru – red.) eyni dalğada olmaq, onun nəyə nail olmaq istədiyini, bu filmlə nə demək istədiyini anlamaq lazım idi. Və bu daimi bir proses oldu: biz ilk gündə görüşdük və son çəkiliş gününə qədər biz ssenarini müzakirə etdik. Filmin yaradılmasının bütün məğzi elə bundadır - bu, hansısa sabit bir iş deyil, o, biz onu bitirənə qədər daim dəyişib. Nəticədə, biz, obrazlı desək, müxtəlif şeylərdən Frankensteyn kimi bir əcaib varlıq ortaya çıxardıq.
- Film komediya və dram arasında daim tarazlaşır. Farsa və ya melodrama düşməmək üçün bu balansı necə saxladınız?
- Burada hər şey rejissordan və ssenaridən asılıdır, əlbəttə. Komediya hissəsinə görə eqosentrik, xarizmatik, neolitkorrekt ata rolunu oynayan qəhrəman Andre Düssolye məsuliyyət daşıyır. Hər halda, ölüm - mürəkkəb mövzudur, hansı ki, biz onun haqda fikirləşməyi sevmirik. Biz necə öləcəyimizi düşünmürük. Bax, siz öz ölümünüz üçün hazırlaşmısınız?
- Hələ bu məsələ ilə məşğul olmaq mümkün olmayıb.
-Bəli, mən belə də düşünürdüm. Və elə mənim xoşuma gəlir ki, film səni bu fikirlərə sövq edir və bu barədə danışır. Son bir il ərzində, təbii ki, koronavirus dönəmindən söhbət gedir, biz yalnız ölüm haqqında eşidirik, insanlar birdən-birə ölümlü olduqlarını başa düşdülər. Bu film mənə xatırladır ki, ölüm haqqında bəzən düşünməyə dəyər. Emmanuelin, əslində, atasına kömək etmək və ya etməmək üçün heç bir seçimi yoxdur, çünki o, əvvəlcə atasının tərəfdaşı, dostu, heç bir şeyə baxmayaraq sonuna qədər gedəcək köməkçisi olmaq qərarına gəlir. Bu gözəldir, çünki ata və Emmanuel tamamilə fərqlidir və bu, onların ailəsində bir çox problemləri artırır. Aktrisa kimi mənə belə layihələr olduqca maraqlıdır, çünki onlar emosiya və ziddiyyətlərlə doludur.
- Ssenarini oxuduğunuz zaman özünüzün belə bir xahişə necə reaksiya verəcəyinizi heç düşündünüzmü?
- Mən Emmanuelin seçimi olduğunu düşünmürəm. O əmindir ki, atası heç vaxt fikrini dəyişməyəcək. Onun edə biləcəyi bir şey atasını tək buraxmaqdır ki, qoy hər şeyi özü həll etsin, xüsusən, də atası ilə belə mürəkkəb münasibətlərinin olması şərti ilə. Uşaqlıqda atası ona qarşı qəddar olanda Emmanuel atasını öldürmək istəmişdi və bacısının zarafat etdiyi kimi, indi onun belə bir imkanı var idi, amma o, bunu edə bilməz. Əksinə, bəlkə də, belə həyasız atasına görə o, çox empatik birisinə çevrilib. Mənim qəhrəmanım bir real prototipə malikdir və bütün yoldaşları onun hər kəs üçün əsl dost olduğunu söyləyirlər.
- Film özlüyündə qeyri-siyasi olsa da, onun qaldırdığı məsələlər çox böyükdür. Bu məsələnin etik tərəfi barədə sizin fikriniz varmı?
- Mən istərdim ki, belə bir fikir məndə olsun. Mənim həmişə ev heyvanlarım olub və mənim itim çox xəstə idi. O, artıq qocalmışdı. Biz həkimlərə getdik və bir dəfə həkim mənə dedi: "Sofi, mən başqa bir şey edə bilmərəm". Mən də dedim ki, nə etmək lazımdırsa onu edin. Onu iynə vurub ölüm üçün yatızdıranda hiss etdim ki, itim, nəhayət, sakitləşdi, sanki, gərginlik, ağrı-acı onu buraxdı. Onda fikirləşdim ki, necə dəhşətli imiş, mən bütün bu illər ərzində onun həyatını qoruyub saxlamağa çalışmışdım, o isə bu cür əzab çəkirmiş. Mən hiss edirdim ki, onun bədəni ağrıdan necə gərgin idi, mən isə onu yatıra, onu ovuda bilmirdim. Mən kor-koranə istəmişdim ki, o, həyat uğrunda mübarizə aparsın və o, öləndə məyus oldum ki, onu əvvəllər ağrıdan azad eləməmişəm. Və bu, çox mürəkkəb bir dilemmadır.
- Baxın, siz deyirsiniz ki, film heç də psixoloji deyil, onu təhlil etməyə dəyməz. Amma psixologiya olmadan bir film çəkmək necə mümkün olar axı? Siz özünüz də öz ampluanızda ona müəyyən bir məna çaları artırmalısınız axı.
- Mənə elə gəlir ki, tamaşaçı ekranda baş verənləri özü interpretasiya edir. Çünki vəziyyət, ümumiyyətlə, aydındır və ona çox sayda təhlil, sözlər, emosiyalar əlavə etmək lazım deyil. Bu Ozonun üslubunda deyil və bu - olduqca quru və düz xəttli filmdir. Bununla belə, o sizi gərginlikdə saxlayır və sizin bu baş verənləri özünüz yaşayırsınız kimi hiss etmənizə vəsilə olur. Məşqlər zamanı mən daha çox psixoloji olmağa çalışırdım, Ozona hansısa interpretasiyalar təklif edirdim və o, sadəcə, buna məhəl qoymurdu. Bu halda, sən meydançada bu aspektləri başında saxlamalısan, lakin onlar haqqında danışmamalısan.
- Bu filmi Kann festivalında təqdim etdiniz. Bir şey qazanmaq sizinçün vacibmi idi?
-Yox. Əgər düzünü desəm, mükafatsız qalmaq istəyirdim, əks halda mən qayıtmaq, nitq hazırlamaq, paltar axtarmaq məcburiyyətində qalacaqdım. Əlbəttə, bunlar gözəldir, amma heç bunları etmək istəməzdim. Hər halda, bu, biznesdir, mükafat qazanmaq film üçün çox gözəldir, çünki bu yolla film özünə diqqəti cəlb edir. Amma mən dəhşətli bir eqoistəm, mükafatlardan ötrü əsla sino getmirəm və bütün bu sayaq təntənələrdən uzaq olmaq istəyirəm.
- Sizi məşhur edən "Bum" filmi 40 il əvvəl ekranlara çıxıb. Necə düşünürsünüz, o, gənc nəsil üçün hələ də aktualdırmı?
- Mən qorxuram ki, bəli (gülür), bu da təəccüblüdür. Mən bəzən doqquz yaşlı qızlarla görüşürəm, onlar mənə böyük gözlərlə baxır və düşünürlər: bu xanım həmin o filmdən olan qızdır? Onlar üçün bu, yəqin ki, çox qəribədir, çünki 9 yaşlı qızın rolunu oynadığım filmə çəkilərkən mənim 13 yaşım var idi.
- Amma belə çıxır ki, onlar sizi görən kimi tanıyırlar?
- Oy, yox, bunu onlara anaları deyir, əllərini mənə sarı uzadıb deyirlər: "Bu, "Bum"dakı o qızdır”. Bu da çox gözəldir, hər halda, nəsillər arasında hansısa əlaqə lazımdır.
- Sizcə, gənc ulduzlara indi 40 il əvvəl olduğundan daha çətindir, yoxsa asandır?
- Mən onlara çox acıyıram. Bu, çox ağırdır. Əlbəttə, hər şey sənin ətrafından asılıdır, nə qədər sənin həyata ayıq baxmağından asılıdır, amma bu çox sərt mühitdir. Və indiki zamanda mən əsla məşhur bir yeniyetmə olmaq istəməzdim, çünki ümumiyyətlə indiki yeniyetmə və gənclər müdafiəsizdirlər. Mənə şöhrət gəldikdə, dərhal müstəqil olmağı öyrəndim və indi bu cür tryukların işləməyəcəyini düşünmürəm.
-Kino sənayesi sahəsində çoxları şikayət edir ki, indi hamı yalnız böyük filmlərdə, blokbasterlərdə maraqlıdır, kiçik layihələrə isə nə zaman, nə də pul qalır. Bu dəyişiklikləri özünüzdə hiss edirsiniz?
-Mənə elə gəlir ki, incəsənət həmişə olacaq. Həqiqətən, bu günlərdə hər şey sənayeyə çevrilib, o cümlədən kino da. Bu, əhəmiyyətsiz istehlaka bənzəmirmi? Amma eyni zamanda, biz tərəqqi edən texnologiya dövründə yaşayırıq, belə ki, bu dövrdə mədəniyyətə çox da yer yoxdur. Və əgər tarixə nəzər salsaq, görərik ki, həmişə texnologiya yüksəlişdə olanda, mədəniyyət üçün mövcudiyyat çətin olur. Eyni zamanda, cəmiyyətdə həmişə fərqli düşünən insanlar var, belələrinə ağ qarğalar deyirlər. Onlar necə olsa da optimistcəsinə yaratmaqda davam edirlər, festivallarda iştirak edirlər. Unutmayın ki, hətta blokbasterlər belə, xırda, səfil mədəniyyətdən ilhamlanır. Onlardan əvvəl yaranmış kiçik layihələr olmadan heç bir blokbasterin yaranışı mümkün deyil. Ruhdan düşmək lazım deyil, zira, rəssamlar həmişə tapılacaq.
Şəkillərdə: Sofı Marso "Hər şey yaxşı keçdi" filmində və “Bum” filmində
Niderlandda Rəşid Behbudovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb
Niderlandda SSRİ Xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb.
AzərTAC xəbər verir ki, marka 2004-cü ildən Niderlandda yaşayan, fəal diaspora nümayəndələrindən olan həmyerlimiz Səltənət Rəvanqızının müəllifi və sponsoru olduğu "Azərbaycan inciləri" layihəsi çərçivəsində buraxılıb. Niderland qanunlarına əsasən, vətəndaşlar dövlət səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında lazım olan dövlət orqanlarına məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra markanın çapına icazə verilir.
Səltənət Rəvanqızı Niderlandda belə bir qanunun mövcudluğu haqqında məlumat alandan sonra "Azərbaycan inciləri" layihəsinə start verir. Belə ki, dövlət səviyyəsində buraxılan markalar nəinki poçt ödənişləri vasitəsidir, eyni zamanda ölkəmizin mədəni dəyərlərinin təbliği və tanıdılması üçün olduqca güclü vasitədir.
"Azərbaycan inciləri" layihəsi çərçivəsində buraxılan markalar artıq “PostNL” sistemində geniş istifadə olunur və hətta ABŞ, İsrail, Azərbaycan və digər ölkə poçtlarında da tətbiq olunur.
Bu gün Azərbycanın məşhur aktrisası Əminə Yusifqızının 85 illik yubileyidir
24 sentyabr. Xalq artisti Əminə Yusifqızının 85 illiyi
Onun səsi o qədər cazibədardır ki, hər kəsi öz sehrinə sala bilir. Əminə Yusifqızı 1936-cı il sentyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1955-1959-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Hələ məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1956-1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1964-1975-ci illərdə Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Teatrda xeyli oğlan rolları da oynayıb. Aktrisa dublyaj, səsləndirmə sahəsində də fəaliyyət göstərib. Bununla yanaşı, o, bədii qiraət ustası kimi də tanınır. Bax, ən çox da aktrisa bu ampluada sevilir. Bir vaxtlar dövlət konsertlərində onun şeir oxumasını hamı səbirsizliklə gözləmirdimi?
Əminə xanım 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Lena (“Ürək... Ürək...”), Firuzə (“Tənha narın nağılı”), Nadejda İvanova (“Skripkanın sərgüzəşti”), Xidmətçi (“Musiqi müəllimi”), Qaraçı (“Qaraca qız”) və s. bədii filmlərdə və televiziya tamaşalarında çəkilib. 1982-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2010-cu ildə aktrisaya Cəfər Cabbarlı mükafatı verilib. 2016-cı il sentyabr ayının 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə o, “Şöhrət” ordeni ilə təltif olunub. Bu gün Əminə xanımın günüdür, onu hamılıqla təbrik edək gəlin!
24 sentyabr. Beynəlxalq sarvan günü
Haçansa karvanlar vardı, uzandıqca uzanan karvan yolları ilə irəliləyirdilər, onları sarvanlar idarə edirdi. Belə yollardan biri də İpək yolu idi, qədim Azərbaycandan keçib Şərqi Qərbə calayırdı. O vaxtlar karvanlar təkcə məsafə qət etmək vasitəsi deyildi, həm də güvən yeri idi, belə ki, hamı tək yola çıxmaqdansa karvana qoşulmağı üstün tutardı, belədə təhlükələrdən də vaz keçilirdi. Karvan rəmzi məna daşıyırdı, həmrəylik demək idi həm də. Karvanlara ən intuitiv, ən dözümlü, ən cəsur insanlar sarvanlıq edərdi, o vaxtlar indiki kimi deyildi, işə tanışlıqla, rüşvətlə adam götürməzdilər, ona görə də iş həmişə effektli alınırdı.
Bəs niyə sarvan günü sentyabrın 24-də qeyd edilsin ki? 24 sentyabr məşhur Britaniya dəniz səyyahı Adam Uilyamsın doğum günüdür. O, Yaponiya sahillərinə gedib çıxmış ilk avropalıdır. Bir neçə gəmi Sakit okeanla məqsədə doğru irəliləyirmiş, gəmi karvanının sarvanı isə Adam Uilyams imiş.
Bəzən həyatda da sarvanlar olur. Ölkələrin, xalqların sarvanları. Allah hər kəsə yaxşı sarvan bəxş etsin!
Varisin “21-30 sentyabrın təqvimi” yazısından.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert təqdim edilib
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqisevərlərə daha bir konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, konsertdə polşalı görkəmli sənətkar Pavel Kotlanın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, həmçinin solist İvana Sobotka çıxış ediblər.
Qara Qarayevin “İldırımlı yollarla” əsərinin səslənməsi ilə başlayan konsertdə ilk dəfə olaraq Karol Şimanovskinin “Şahzadənin mahnıları” silsiləsi ifa olunub.
Konsertin son kompozisiyası, dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri olmuş Lüdviq van Bethovenin 7 nömrəli simfoniyası ilə başa çatıb.
Konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbir karantin qaydalarına uyğun şəkildə keçirilib.
TOP 20. Ən çox baxılan 2021-ci il istehsalı olan filmlərin reytinqi
MDB ölkələrində ən populyar kino axtarışı portalı olan Kinopoisk.ru növbəti yenilənmə ilə 2021-ci ildə istehsal olunmuş filmlərin baxış sayı üzrə reytinqlərini təqdim etmişdir. “Ədəbiyyat və incəsənət” portalı həmin reytinqlə oxucularını tanış edir:
1. Wrath of Man (İnsan qəzəbi) 2021. Böyük Britaniya.
Triller-savaş. Baxış sayı 521 954
2. Zack Snyder's Justice League (Zak Snayderin Ədalətlilik Liqası) 2021. ABŞ və Böyük Britaniya.
Fantastika-savaş. Baxış sayı 455 393
3. Майор Гром: Чумной Доктор (Mayor Qrom) 2021. Rusiya.
Kriminal-savaş. Baxış sayı 329 893
4. Мажор (Major) 2021. Rusiya.
Komediya. Baxış sayı 207 701
5. Raya and the Last Dragon (Rayya və sonuncu Div) 2021. ABŞ.
Cizgi filmi. Baxış sayı 201 760
6. Конёк-Горбунок (Konyok-qorbunok) 2021. Rusiya.
Fentezi-komediya. Baxış sayı 183 268
7. Mortal Kombat (Mortal Kombat) 2021. ABŞ.
Fentezi-savaş. Baxış sayı 149 419
8. Cruella (Kruella) 2021. ABŞ, Böyük Britaniya.
Komediya-kriminal. Baxış sayı 126 439
9. Tom & Jerry (Tom və Cerri) 2021.ABŞ, Böyük Britaniya.
Komediya-macəra. Baxış sayı 113 492
10. Nobody (Heç kim) 2021. ABŞ, Yaponiya.
Triller-savaş. Baxış sayı 109 451
11. Suicide Squad (İntiharedənlər dəstəsi) 2021. ABŞ, Kanada.
Fantastika-savaş. Baxış sayı 91 417
12. Godzilla vs. Kong (Qodzilla Konqa qarşı) 2021. ABŞ, Avstraliya.
Fantastika-savaş. Baxış sayı 86 468
13. Ice Road (Buzlu drayv) 2021. ABŞ.
Triller-savaş. Baxış sayı 83 512
14. Black Widow (Qara dul qadın) 2021. ABŞ.
Fantastika-savaş. Baxış sayı 81 320.
15. Chaos Walking (Xaos dairəsi) 2021. ABŞ, Kanada.
Fantastika-fentezi. Baxış sayı 79 457
16. F9 (Forsaj 9) 2021. ABŞ, Tailand.
Triller-savaş. Baxış sayı 65 802
17. Бендер: Начало (Bender: Başlanğıc)2021. Rusiya.
Macəra-komediya. Baxış sayı 65 284
18. Турист (Turist) 2021. Rusiya.
Savaş. Baxış sayı 64 484
19. Пара из будущего (Gələcəkdən olan cütlük) 2021. Rusiya.
Savaş. Baxış sayı 64 484
20. Dune (Dyünlər) 2021. ABŞ, Kanada.
Fantastika-dram. Baxış sayı 57 455.
Türkiyənin ATV kanalı ilə yayımlanan “Milyonçu olmaq istəyən” şousu yeni mövsümə uduş fondunu yüksəldib
Uzun illər böyük maraqla izlənilən, beynəlxalq layihənin Türkiyə variantı "Milyonçu olmaq istəyən" intellektual teleşousunda yeni mövsümdə dəyişikliklər baş verib. Müsabiqənin pul ağacında mükafatların dəyəri artırılıb. Müsabiqəyə 100 min, 200 min və 400 min lirə məbləğində pul mükafatları təqdim olunub. Kenan İmirzəlioğlunun rəhbərlik etdiyi, Türkiyədə teleyayım praymında ən böyük izləyici auditoriyası toplayan “Milyonçu olmaq istəyən” proqramı uduşlar büdcəsini artırmaqla daha böyük başarılara imza atmağı hədəfləyir, bu barədə CNN-türk məlumat verir.