
Super User
Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrında növbəti premyera olub
Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivi tanınmış türk yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” əsərini səhnələşdirib.
AzərTAC-ın xüsusi müxbiri Tbilisidən xəbər verir ki, sentyabrın 26-da Tbilisidə, Kote Marcanişvili adına Dövlət Dram Teatrının səhnəsində tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Giorgi Apxazavadır.
Tamaşada rolları aktrisalar Aida Tağıyeva, Leyla Qasımova və aktyor Telman İsfahanlı ifa ediblər.
Mərhum Dərviş Osman Əhmədoğlunun yeni şeirlər kitabının təqdimatı keçirilib
“Azərkitab - kitab mərkəzində” "Mirvarid Dilbazi poeziya məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Aşıqlar Birliyinin mərhum sədri, şair-publisist Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabının təqdimatı keçirilib. Bu, onun sayca səkkizinci kitabıdır.
Kitab mərkəzinin mətbuat katibi Aysel Kərimin verdiyi məlumata görə, tədbirdə çıxış edən “Mirvarid Dilbazi poeziya məclisi” İB-nin sədri Güllü Eldar Tomarlı kitab barədə açıqlama verib, bildirib ki, kitaba şairin indiyə qədər işıq üzü görməyən şeirləri, saz-söz adamlarının ona həsr etdikləri ithaflar və ürək sözləri yer alıb.
Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədr müavini Vüsal Əmirov, “Aşıq Pəri məclisi”nin sədri Pərvanə Zəngəzurlu və digərləri çıxış edərək mərhum şairin şeirlərindən söyləyiblər, ürək sözlərini bildiriblər.
Sonra iştirakçılara kitablar hədiyyə olunub.
Kitabın redaktoru Güllü Eldar Tomarlı, “Ön söz” müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
“Hərəmiz bir eşqə qurban getmişik” – yazıçı Əyyub Qiyasın şeirləri
İstedadlı yazıçı Əyyub Qiyası biz romanları ilə tanıyırıq. Xüsusən onun “Qara işıq”, "Sonuncu büt" və "Köpək bürcü" kimi romanları, “İtvuran” hekayəsi böyük oxucu kütləsinin rəqbətini qazanıb. Amma ara-sıra o, sosial şəbəkədə Qi Or El təxəllüsü ilə yazdığı şeirlərini də paylaşır. Bu gün Əyyub Qiyas öz yeni şeirlərindən bir neçəsini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. Buyurun, lirik ovqata köklənin.
XATİRƏ DƏFTƏRİ
Mənim ürəyimin ucqar yerində
Sənə oxşatdığım bir qadın qalıb.
Köhnə kağızların içində itən
Ünvanın, xatirən və... adın qalıb...
Zaman qərinəni adlayıb keçib,
O vaxtdan indiyə adlar dəyişib.
Adamlar dəyişib o vaxtdan bəri,
Doğmalar dəyişib, yadlar dəyişib.
Hərəmiz bir eşqə qurban getmişik,
Susub barışmışıq bu dünya ilə.
Çoxu bu savaşdan məğlub ayrılıb,
Bizim savaşımız bitməyib hələ.
Gözümüz yol çəkir gör neçə vaxtdır,
Səsimiz illərin içində itib.
Çoxunun başını ayrılıq qatıb,
Hərə bir küçədə, bir tində itib.
Gündüz yuvasından perik quşlara
Baxıb evimizə dönmüşük gecə.
Hərdən araq içib sərxoş olmuşuq...
Hərdən ayılmışıq araq içincə...
Nə qədər sirr qalıb ürəyimizdə,
Qatıb başımızı bu oğul-uşaq.
Elə bilmişik ki o güzgülərdən
Nə vaxtsa bir cavan adam baxacaq...
Bəzən üzümzdə donub təbəssüm,
Bəzən sıxılmışıq deyib-güləndə.
Ürək ev deyil ki qapısı ola,
Açasan ən əziz qonaq gələndə.
Hər ürək gör neçə eşqə məzardı,
Vaxt olub özgəyə “balam” demişik.
Ağzımız gerçəklə dolub, hər dəfə
Vurub ağzımızdan yalan demişik.
Yalandır dən düşüb saça, yalandır...
Biz ağlı kəsməyən uşağıq hələ.
Quzeyə yığılan qar topasıyıq
Günəşin gözündən uzağıq hələ.
Bilirəm, evinin gizli yerində
“Xatirə dəftəri” qalıb toz çəkir.
Məni unutmağa nə var ki, qadın,
Oxu yazdığımı... sözü söz çəkir.
Salam, unutduğum, sevdiyim qadın...
Dur aç o dəftəri, orda adım var...
Bəlkə o günlərə bir də qayıtdıq...
Dünyanın işini nə bilmək olar...
SƏN Kİ, YUXULARIMIN...
Sən ki yuxularımın ən əziz qonağısan,
Mən səni gerçəklərin qucağında tapmışam.
Niyə çox gecikmisən, kaş ki heç gəlməyəydin...
Niyə səni ömrümün bu çağında tapmışam?!
Ay zalımın balası, bu qədər zalım olma,
Eşq kiminə sevincdir, kiminə də dərd, kədər.
Kim deyir ki, Leylilik, Məcnunluq vaxtı keçib?!
Eşq var elə indi də adamı başdan edər.
Hə, mənim "küçələrə su səpən..." vaxtım deyil,
Eyvanların altında dolaşmağımdan keçib.
Evinizin titində məni pusquya salan
Məhlə uşaqlarıyla dalaşmağımdan keçib.
Əslində çox şey keçib - zaman... qatar... ömür... sən...
Keçməyən ürəyimin içindəki bir addı.
Bax, sənin gözlərində yaş kimi sallanmışam,
Ordan ölümə qədər – cəmi ikicə addım...
Sən ki, yuxularımın ən əziz qonağıydın...
Məni həsrət qoymusan bu gözəl qonaqlığa.
Özün yaxşı bilirsən, yeyib-içən oğlanam,
Gəlsən şərab içərik yenə “həmən” sağlığa!
Amma açığın deyim, özümdə də günah var,
Yuxum ərşə çəkilib, yəqin xəbər tutmusan.
Bəlkə gəlib-gedirsən... yatağımda olmuram,
Mənsə elə bilirəm, sən məni unutmusan...
Nəsə... yatmaq vaxtıdır, səhərə lap az qalır,
Gedim atım kəlləmi. Bəlkə gəldin – kim bilir?!
Sən ki yuxularımın ən əziz qonağısan...
Mənim yuxularımda sevdiklərim dirilir...
ŞƏKİLDƏKİ QADIN
Sabahların birində oyanırsan yataqda,
Elə bilirsən hələ yuxu görürsən, yuxu.
Gözlərini döyürsən:
– Nə ətirdir otaqda?!
Otağın havasını dəyişmişdim mən axı...
Yatağında dikəlib, baxırsan divarlara....
Çərçivədən bir şəkil sənə baxıb qımışır.
Birdən qəribsəyirsən:
– Mən hara, bura hara?
O kimdir, yan otaqda, öz-özünə danışır?!
O kimdir pıçıldaşır?
Axı kim var bu evdə?
O nə səsdir, bir baxım...
Cumursan yan otağa.
Görürsən bir qadın var, büzüşüb bir tərəfdə,
Qorxursan yaxınlaşıb, saçına toxunmağa...
Üzünü görmək üçün bilmirsən nə edəsən.
Danışmaq istəyirsən,
səsin batır eləcə...
– Ətri də tanış gəlir mənə axı deyəsən.
Bu qadın buralara necə gəlib, bəs necə?
– Bəs onun gəlişindən niyə yoxdur xəbərim?
Kim onu qarşılayıb?
Bəs kim açıb qapını?
Oyatmaq istəyirsən köhnə xatirələri,
Birdən xatırlayırsan şəkildəki qadını.
– Bu ki odur, o qadın...
Tanış saçlar, xoş qoxu...
Bəlkə yuxu görürəm?!
Çimdikləyin bir məni .
Evdəkilər hardadır?
Hara gediblər axı?!
Kim asıb divarımdan o qadının şəklini?
Bir az cəsarət tapıb ona doğru gedirsən,
İrəli uzadırsan titrək barmaqlarını.
Qəribədir, sən onu şəkil tək hiss edirsən...
Qəlbinin döyüntüsü yarır qulaqlarını.
Üzünə toxunursan, gözlərinə baxırsan...
Onun hərarətindən barmaqların alışır.
– Hey... səni tanıyıram, şəkildəki qadınsan.
Bax, evimdə nə varsa ancaq səndən danışır...
Axı hara getmişdin, gözlərim yol çəkirdi?!
Nə yaman uzun oldu bu sonuncu gedişin?!
Səni hansı küləklər yenə bura gətirdi?!
Daha başından çıxart bu qəribə vərdişi...
Üzünə gülümsəyir, evinə nur çilənir,
Sənə baxıb astaca pıçıldayır nə isə.
– Nə dedin, eşitmədim, səsin qırıldı yenə...
Bir az ucadan danış... Bax da... əgər mümkünsə...
Bu dəfə onun səsi qucaqlayır ruhunu .
– Susma, danış, nə olar!
Davam elə, sən danış...
Dünyanın işinə bax, nə qəribə adamam,
Taleyimdə bir səsə tamarzı qalmaq varmış.
Kimsə toxunur sənə, çiyninə bir əl dəyir.
Gözlərini açırsan:
– Bu nə şirin yuxudur...
Çiyninə toxunan əl: “Səhər açılıb”, – deyir.
Bu tanış səs bəs nədən səni belə qorxudur?!
Tez durursan yataqdan, gözlərini döyürsən.
Ağzında hiss edirsən o yuxunun dadını.
Ürkək-ürkək yenə də o səsə boylanırsan;
O anda tanıyırsan şəkildəki qadını...
BİR GÜN QAPINI AÇIB...
Bir gün qapını açıb
Yerimi boş görərsən.
Tez baxarsan güzgüyə,
Gözündə yaş görərsən.
Görərsən pəncərəmdən
Sənə baxır kitablar.
Elə bilərsən yenə
Otağımda kimsə var.
Masamı toz basacaq,
Silməyə əlin gəlməz.
Bəsdir zəhəri çəkdin
Deməyə dilin gəlməz.
Otağımda bir sükut,
Başlayacaq o gündən.
Axtaracaqsan məni
O sükutun içində.
Üstünə yeriyəcək
Divardakı şəkillər.
Baxıb köks ötürərsən:
"Harda qaldı o illər?"
Yazdığın son işmarış
Yenilənər əlində:
"İki çörək, bir sabun,
Bir də ət al gələndə."
O gündən xatirələr
Həmdəm olar səninlə.
Yoxluğumla barışıb
Yaşayacaqsan belə.
Hər şeyi belə qoyub
Çəkiləcəm gözündən.
Qayğıların bitəcək...
Muğayat ol özündən.
ARZULAR TÜKƏNİR...
Arzular tükənir, bitir,
Yerində ümid doğulur.
Çəkdiyimiz ahla birgə
Göylərdə bulud doğulur.
Səsimiz səsə qovuşur,
Toyumuz yasa qovuşur,
Ruhumuz bizə qovuşur,
Beşikdən tabut doğulur.
Yanır – sonunda şam ölür,
Gecə düşür – axşam ölür,
Hardasa bir adam ölür,
Hardasa bir it doğulur.
MƏNİ SEVMƏK YASAQDIR
Mən sevgi göylərində
Mən ürəkdə son arzu,
İlkin umud kimiyəm...
Məni sevmək yasaqdır.
Dərdlə, qəmlə qalmışam
Ömrün ötən köçündə.
Mən yaşaya bilmədim
Bu dünyanın içində.
Dünən də belə idim,
Mən beləyəm bu gün də.
Məni sevmək yasaqdır.
Məni sevmək boş xəyal,
Məni sevmək ümidsiz.
Birdən xəbərim olmaz,
Çaşıb məni sevərsiz –
Məni sevmək yasaqdır.
Göydən yerə boylanan
Mələklərdən qaçıram,
Eşq yolunda saralan
Çiçəklərdən qaçıram.
Mənlə oyun oynayan
Fələklərdən qaçıram...
Məni sevmək yasaqdır.
Ruhumda gəzdirmişəm
Sevgi adlı əzabı.
Sevib unutmaq imiş
Taleyimin savabı.
Sevə bilənlər üçün
Məni sevmək cəzadır,
Məni sevmək yasaqdır.
Dünyanın göylərində
Ayaq izlərim yetim.
Sevgi ömür kimidir
Sonunda ölüm-itim.
Niyə qulaq asmadın,
Axı mən sənə dedim –
“Məni sevmək yasaqdır”.
Hər əvvəlin bir sonu –
Yəqin ki, sonum çatıb.
Ağlım kəsəndən bəri
Bu eşq məni aldadıb.
Gör neçə illərdi ki,
Girib içimdə yatır,
Məni sevmək yasaqdır.
Eşqimin son mənzili
Birotaqlıq olacaq.
O mənzilin hər yeri
Zil qaranlıq olacaq.
Məni sevməyin sonu
Ya edamlıq olacaq,
Ya da – özün bilərsən...
Məni sevmək yasaqdır.
Nizami Gəncəvi Beynəlxalq mükafatı Vendi Fişerə təqdim olundu
2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin təbliğ olunması məqsədilə, bu dəyərləri özündə cəmləşdirən çox görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunmaq üçün “Nizami Gəncəvi Beynəlxalq mükafatı” təsis edilib.
Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, qurumun 20-ci Beynəlxalq mükafatı Solomon R.Guggenheim Qəyyumlar Şurasının sədri xanım Vendi Fişerə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil olunan xüsusi mərasimdə təqdim edilib. Xanım Vendy Fişer dünyadakı mədəniyyət müəssisələri ilə əməkdaşlıq edən tanınmış bir xeyriyyəçi, A4 İncəsənət Fondunun yaradıcısı, İsrail İncəsənət Muzeylərinin Dostları Britaniya Bürosunun (BFAMI) prezidenti, Tate Beynəlxalq Şurası, MoMA kimi mədəniyyət mərkəzlərinin idarə heyətinin üzvüdür.
Mükafatın təqdim olunmasına həsr olunmuş tədbirdə Albaniyanın Baş naziri Edi Rama, Robert F.Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni və Mərkəzin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Seragəldin, Mərkəzin Baş katibi Rövşən Muradov çıxış ediblər.
Qeyd edək ki, ənənəvi olaraq hər il təqdim olunan beynəlxalq mükafatçılar sırasında Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer, İordaniya Kralı II Abdullah, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, BMT-nin sabiq Baş katibi Butros Butros-Qali, Nobel Sülh mükafatçısı Kailaş Satyarthi kimi şəxsiyyətlər var.
Moskva Beynəlxalq Kitab Yarmarkasında 24 yazıçının yazdığı roman mükafat qazandı
Rusiya ədəbi mühitində maraqlı bir hadisə qeydə alınıb. 24 yazıçı yeniyetmələr üçün bir roman yazıb.
“Rossiyskaya qazeta”nın məlumatına görə, 24 müasir yazıçının (o cümlədən məşhur Sergey Lukyanenko və Dmitriy Bıkovun) kollektiv şəkildə yazdıqları "Müharibə və sülh ayrıca götürülmüş bir məktəbdə" romanı artıq Rusiyada milli ədəbiyyat tarixinə düşmüşdür.
Moskva Beynəlxalq Kitab Yarmarkasının açılışı mərasimində isə romanın yaradıcıları "Z nəsli" nominasiyasında "İlin kitabı" mükafatını qazanmışlar.
Xatırladaq ki, 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkası “Eksposentr” sərgi salonunda fəaliyyət göstərir. Yarmarkada Rusiyanın müxtəlif regionlarının 200 nəşriyyatı iştirak edir. Burada 300 kitab təqdimatı nəzərdə tutulub.
“Şollerin arxivi” filmi beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
Azərbaycanlı rejissorun “Şollerin arxivi” və “Stalinin qaranlıq keçmişi” filmləri daha bir uğura imza atıb. Belə ki, bu filmlər “Toronto 4th Multicultural” film festivalının seçilmiş filmlər siyahısına daxil olunub. Bu ekran əsərləri sentyabr 26-dan birincilik uğrunda yarışacaq.
Bu barədə AzərTAC-a “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
O deyib: “Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir”.
Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
Festivalda ölkəmizi təmsil edəcək növbəti ekran əsəri Cəlaləddin Qasımovun “Stalinin qaranlıq keçmişi” filmidir. “SSP Production” şirkətinin ekranlaşdırdığı filmin redaktoru Əkbər Qoşalıdır, mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.
Elnarə Akimova, “Uzun, incə bir yolda”
Bu günlərdə Filologiya elmləri doktoru Elnarə Akimovanın "Uzun, incə bir yolda" kitabı çap olunub.
“Ədəbiyyat qəzeti”nin məlumatına görə, “Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitab milli düşüncənin, türkçülük ruhunun, məfkurə istiqamətinin qorunmasında və təbliğində ardıcıl xidmətləri olan, Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı Azər Turanın ömür yoluna və yaradıcılığının vacib məqamlarının elmi dəyərləndirilməsinə həsr olunub.
Monoqrafiyanın elmi redaktoru akademik Nizami Cəfərovdur.
Şuşa “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçilərini qəbul edib
Dünən Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçilərinin Şuşa şəhərinə səfəri təşkil edilib.
AzərTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi aparatının rəhbəri Vasif Eyvazzadə, Trabzon Ortahisar Bələdiyyə sədri Ahmet Metin Genç, nazirliyin və TÜRKSOY-un məsul nümayəndələrinin iştirakı ilə yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tarixi-mədəni abidələrlə, erməni vandalizminə məruz qalmış məscidlərlə, eləcə də qədim şəhərin görkəmli yerləri ilə tanış olublar.
Səfər çərçivəsində yerli və xarici media təmsilçiləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”i, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Aşağı və Yuxarı Gövhərağa məscidlərini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini və digər mühüm yerləri ziyarət ediblər.
Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə media nümayəndələrinə geniş məlumat verilib.
Qeyd edək ki, sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə verilib. Həmçinin Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər də bu mükafata layiq görülüblər.
Bu gün Vətən müharibəsinin ildönümü və Anım günüdür
27 sentyabr. Azərbaycanda Anım Günü
Təqvimdəki günlər içində bir gün də var ki, bizlərçün çox əzizdir, 30 il məğlub adını daşıyan xalqımızın qalib adına keçid etməsinin təməli həmin gün qoyulub – 27 sentyabr, 2020-ci il. 2 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Haqq və Şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu həlak olub. Allah şəhidlərimizə rəhmət eləsin!
27 sentyabr. Beynəlxalq Turizm Günü
1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatları 1970-ci ilin 27 sentyabrında Ümumdünya Turizm Təşkilatı kimi formalaşdı. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçürülən təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis etdi. Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. 2001-ci il sentyabrın 25-də Koreya Respublikasının paytaxtı Seulda keçirilən Ümumdünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv oldu və müstəqil respublikamızda ilk dəfə olaraq hər il 27 sentyabr - Ümumdünya Turizm Günü kimi qeyd olunmağa başlandı. Turizm sahəsi üçün ölkəmizdə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı”, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”, habelə “2010- 2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması böyük əhəmiyyət kəsb edir, onların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təməlinin qoyulması üçün şərait yaratmaqdadır. Bakının daxili şəhəri olan İçərişəhər, Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi Qobustan, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi YUNESKO-nun dünya mədəni irsi siyahısına salınıb.
Bu gün assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu o deməkdir ki, Azərbaycan artıq turizm sahəsində dünyada öz sözünü deyir. Azərbaycanda turizm sahəsi gün-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramının təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən, sentyabrın 27-si ölkəmizdə həm də Turizm İşçilərinin Peşə Bayramı kimi qeyd olunur. Bayramınız mübarək, turizm xadimləri deyirik. Və onu da əlavə edirik ki, turizmlə ərəblərin gecə klublarına daşınması heç də eyni anlam kəsb etmir, birincidə milli rifah, ikincidə milli rüsvayçılıq dominantlıq edir.
27 sentyabr. Banka taptalamaq günü
Düşünməyin ki, zarafat edirəm, ABŞ-da belə bir gün qeyd edilir, amerikalılar sentyabrın 27-də içində Fanta, Cola, enerjetik içkilər, pivə və s. olan aluminium bankaları içindəkini içdikdən sonra yerə atıb taptalayırlar, amma çalışırlar ki, bunu incə tərzdə, bankanın ruhu incimədən etsinlər. Əgər bu gün kimsə təsadüfən Amerikada olsa küçələr boyu hamının tappatarap banka əzməsini görəndə əsla təəccüblənməsin. İnsanların problemləri olmayanda həyatdan hər gün bir fərqli cür zövq alırlar.
Amma amerikalıdırsa bir bayramla kifayətlənərmi, kifayətlənməz. Bu gün fövqəldövlətdə Milli mal əti tuşonkası və milli şokoladlı süd günüdür həmçinin.
27 sentyabr. Nobel mükafatının təsis edilməsi
1998-ci ilin bu günündə Google kompaniyası yaranıb, 1990-cı ildə SSRİ İnterpola üzv olub, 1977-ci ildə Çernobıl atom elektrik stansiyası işə salınıb, 1941-ci ildə başıbəlalı Suriya müstəqillik əldə edib, 1939-da nasistlər Varşavanı işğal edib, 1917-ci ildə Lenin “Bolşeviklər hakimiyyəti ələ keçirməlidirlər” adlı məktub yazıb (kaş ki, əli quruyaydı, yazmayaydı), 1895-ci ildə isveçli kimyaçı və sahibkar Alfred Nobel vəsiyyətini yazıb ki, ondan qalan mirasla Nobel mükafatı təsis olunsun (bu miras Bakı nefti hesabına başa gəlmişdi, bunu unutmaq olmaz), 1825-ci ildə Böyük Britaniyada dəmir yolu ilə ilk qatar hərəkət edib, sürəti saatda 24 km olan bu qatar 450 sərnişini daşıyıb. 1821-ci ildə Meksika müstəqillik əldə edib, 1601-ci ildə fransız kralı 13-cü Lüdovik dünyaya gəlib. Bax belə bir gündür 27 sentyabr günü.
Varisin “21-30 sentyabrın təqvimi” yazısından
Mədəniyyət naziri: “UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqlar aparılır”
İşğaldan azad edilmiş ərazilərimizin durumu ilə bağlı dünyanı məlumatlandırmaq, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktlarını, erməni vəhşiliklərini diqqət mərkəzinə gətirmək hazırda olduqca prioritet məsələdir. Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb.
Bunu mədəniyyət naziri Anar Kərimov Türksoy media mükafatlarının təqdimat mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Beynəlxalq Muğam Mərkəzində düzənlənən tədbirdə nazir deyib: “Məsələ hazırda bizim tərəfimizdən UNESCO-nun diqqətinə çatdırılıb. Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. İstərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, UNESCO da bu məsələyə eyni həssaslıqla yanaşsın”.
Gözləyək və ümidimizi üzməyək.