Super User
Bu gün beynəlxalq gözəllik günüdür
9 sentyabr. Beynəlxalq Gözəllik Günü
İnternational Beaty Day - vizajistlər, parikmaxerlər, kosmetoloqlar, manikür və pedikür ustaları, plastik cərrahlar və öz peşəkar fəaliyyətlərini insan gözəlliyinə yönəldən digər peşə ustaları bu günü bayram edəcəklər. “Gözəllik ondur, doqquzu dondur” məsəlinə uyğun olaraq mən bu sıralamaya kuturyeləri, loru dillə desək dərziləri də əlavə edərdim.
20-ci əsr kosmetologiya sahəsində inqilabi çevrilişlər ili oldu, kosmetologiyanın inkişafında ən innovativ dövr oldu. Kosmetologiya həm də bir elmdir, insan orqanizminin estetik problemlərini öyrənir, onların korreksiyası ilə məşğul olur. 1946-cı ildən fəaliyyət göstərən Beynəlxalq Estetika və kosmetologiya komitəsinin təşəbbüsü ilə təqvimə belə bir günün salınması özündə müxtəlif gözəllik müsabiqələrinin keçirilməsini ehtiva edir. Və gözəllik yaradanların məşhur bir deyimi də var, 1951-ci ildə Londonda keçirilən ilk “Dünya missi” gözəllik yarışmasında bu deyim ilk dəfə səsləndirilib: “Ən böyük gözəllik xarici gözəlliklə daxili gözəlliyin vəhdəti zamanı qeydə alınır”. Gəlin bunu unutmayaq.
9 sentyabr. Görkəmli tibb xadimi Adilə Namazovanın 95 illiyi
Adilə Əvəz qızı Namazova 1926-cı il sentyabr ayının 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsində, Moskva Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunun aspiranturasında təhsil almışdır. Moskvada təhsil aldığı illərdə alim kimi formalaşmış, namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə dünya şöhrətli alim, akademik B.V.Petrovskinin klinikasında o dövrə qədər hələ də qaranlıq qalan və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının tədqiqatına başlamış, xəstəliyin düzgün topik diaqnozunu dəqiqləşdirərək ürək üzərində cərrahi əməliyyatın aparılması göstərişini və əks-göstərişini təyin etmişdir. 1960-1965-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının doktoranturasında təhsil alan Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və bununla da pediatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.
1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1971-1992-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının sədri, 1972-ci ildə Azərbaycan Respublikası uşaq həkimləri cəmiyyətinin sədri, 1983-cü ildə Azərbaycan EA həqiqi üzvü, 1989-cu ilin mart ayında SSRİ Xalq Deputatı, iki dəfə SSRİ Ali Sovetinin üzvü, 2005-ci ildə Azərbaycan Uşaq Fondunun həmsədri seçilmişdir. Adilə Namazova 1975-ci ildə “SSRİ Səhiyyə əlaçısı” adını almış, 1976-cı ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmiş, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 1996-cı ildə isə səhiyyənin inkişafındakı nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Adilə Namazova 2000-ci ildə ADTU-da Etika proqramının tərtibinə görə Albert Şveyserin SOROS qrantına layiq görülmüş, 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiya-sının “Akademik Mirəsədulla Mirqa-sımov mükafatı”na və Rusiya Pediat lar İttifaqının “Akademik G.Speranski Medalı”na layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.
Böyük və unudulmaz alim 2020-ci il dekabr ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Ruhu şad olsun!
9 sentyabr. Gözəl möcüzələr günü
Gözəl möcüzə nə ola bilər? Balıq tutarsan, tilovuna qızıl balıq düşər, sənin üç arzunu yerinə yetirər. Lampa alarsan, içindən cin çıxar, deyər, qadan alım, əmrinə müntəzirəm, mənə buyruq buyur. Bunlar utopik möcüzələrdir deyərsiniz, onda reallarını deyim: lotereya alarsan, cek-potu apararsan. Ya da marketlərin 30 manatlıq alış-veriş müqabilində avtomobil qazanmaq şansından yararlanarsan, cağbacağ avtomobil sənin olar. Amma əslində elə bunlar da utopiyadır. Ən böyük utopiya isə odur ki, gözünü açasan, görəsən arzuladığın ən ideal bir quruluşda, cəmiyyətdə yaşayırsan. Görəsən, xoşbəxtlər xoşbəxtisən.
Möcüzə heç vaxt baş tutmayan nəsnələrə deyilir, mənim əzizlərim. Baş tutursa, adi gerçəklik olur, onun nəyi möcüzədir? Bizimçünsə bu günə ən gözəl möcüzə o ola bilər ki, tutalım, marketdə bizi çəkidə aldatmazlar, JEK-dən arayış alanda şirinlik istəməzlər, məktəbdə uşaqlarımızdan süpürgəpulu yığmazlar, benzin pulu 5 qəpik, işıqpulu 3 qəpik ucuzlaşar. Möcüzələrimiz var olsun!
9 sentyabr. Prezidentin adıyla adlanan oyuncaq ayı günü
Bu gün yumşaq ayı oyuncağının da günüdür. Bu günün çox ibrətamiz bir tarixşəsi var. 1902-ci ilin bu günündə Missisipidə ov zamanı ABŞ prezidenti Teodor Ruzvelt balaca ayıya güllə atmaqdan imtina edir. The Washington Post bu əhvalatı ictimailəşdirir, hadisə barədə cizgi filmi çəkir. Morris və Rouz Mixtomlar qardaşları isə Teddi ayıları adında yumşaq ayı oyuncağı buraxmaq üçün prezidentə müraciət edib razılıq alırlar. (Teddi – Teodorun qısa variantıdır). Beləcə, Teddi ayısı adı altında yumşaq ayı oyuncaqları peyda olaraq dünya uşaqlarını sevindirməyə başlayır. Yeri gəlmişkən, mənim qızımın da oyuncaq ayısı var. Gərək ona mütləq bu oyuncağın yaranma tarixşəsini danışım.
9 sentyabr. Əlamətdar hadisələrlə zəngin bir gün
Beynəlxalq Alkoqol sindromlu döl barədə məlumat günü. Yəni, xroniki alkoqolizm xəstəliyinə tutulanlar məlumatlandırılırlar ki, övladınız şikəst ola bilər, ay binəvalar.
Beynəlxalq sudoku günü. Sudoku – rəqəmli başsındırandır, həll etmək insandan diqqət və düşüncə bacarığı tələb edir. Bizim skanvord həll etməyi sevən xalqımız bilmirəm sudoku da həll edirmi, amma dünyada bu əyləncəli riyaziyyat çox populyardır, biləsiniz, ayrıca gününün keçirilməsə də buna bir sübutdur.
Əfqanıstan Məsud gününü qeyd edir. Şah Məsud Əfqanıstanın milli qəhrəmanı hesab edilir. “Taliban” hərəkatının lideri kimi Sovet işğalına müqavimət hərəkatının başında dururdu, 2001-ci ilin bu günündə terakt nəticəsində həlak olub deyə bu gün onunçün göz yaşı axıdılır. Müstəqilliyini qeyd edən Şimalı Koreyaya gəlincə, yer kürəsinin ən totalitar rejiminin formalaşdığı bu ölkə 1948-ci ildə SSRİ-nin barmağı ilə Cənubi Koreyadan ayrılandan öz mövcudiyyatını bayram edir. Bütün ölkədə parad keçirilir, insanlar robotlarsayağı hakim elitaya təzim edirlər.
Çinlilər bu gün Tibeti işğal etmələrinin düz 70 illiyini qeyd edəcəklər. 1913-cü ilin bu günündə kiyevli təyyarəçi Pyotr Nesterov tarixdə ilk dəfə “ölü petlə” adlı yüksək pilotaj fiqurunu icra edib ki, hazırda bu fiqur Nesterov petləsi adlanır. 1908-ci ilin bu günündə ən ünlü italyan yazarlarından biri olan Çezare Paveze doğulub. 1828-ci ilin bu günündə rus ədəbiyyatının zirvəsi Lev Tolstoy dünyaya gəlib. 1769-cu ilin bu günündə isə yeni Ukrayna ədəbiyyatının banisi İvan Kotlyarevskiy doğulub.
45 il əvvəl - 1976-cı il sentyabrın 9-da dünyanın ən böyük diktatorlarından biri – Mao Tse Dun vəfat edib.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
Time təqdim edir: "Yaponiya üzərində qələbə günü”
Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun:
Alfred Eyzenstadt. “Tayms-skverdə Yaponiya üzərində Qələbə Günü”.
1945-ci ilin yayında fotoqraf Alfred Eyzenstadt tərəfindən “Tayms-skverdə Yaponiya üzərində Qələbə Günü " adlı təsadüfi şəkil çəkilmişdir. Məsələ bu cür olmuşdur: Fotoqrafın obyektivinə Yaponiya ilə müharibənin sona çatdığını eşidib şad-xürrəm olan dənizçi gəlir. "O, bütün küçədə gəzirdi, gördüyü bütün qadınları qucaqlayırdı, onun üçün fərqi yox idi, onlar yaşlıdırlar, ya cavan, gödəkboyludurlar, ya qamətli. Mən onun qarşısında Leykam ilə (fotokamera markası - red.) qaçdım, ətrafında fırlanıb şəkil çəkməyə çalışdım, amma kadrların heç biri alınmırdı, məni qane etmirdi. Və birdən-birə bir flash kimi - gördüm ki, ağ bir şey obyektivimi tutdu. Dənizçi həmin o ağ bir şeyi - tibb bacısını öpəndə dönüb düyməni basdım", - sonradan fotoqraf bunları danışırdı.
Bir həftə sonra Eyzenstadtın bu fotosu bütün səhifəni tutaraq Life jurnalında nəşr olundu. Kadr bir kulta çevrildi və bir çox amerikalılar üçün sülh simvolu oldu.
Şəkil: 100photos.time.com
“Arşın mal alan” Çin səhnəsində
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası təqdim olunacaq.
AzərTAC xəbər verir ki, 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsinin dəstəyilə hazırlanır.
Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev, baş menecer Yan Linyan, dirijor Sun Cinkaydır, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şendir. Tamaşa Tiencinin Mahnı və Rəqs Opera Teatrının truppasının ifasında təqdim olunacaq.
Qeyd edək ki, bu, “Arşın mal alan” operettasının Çində 3-cü dəfə səhnələşdirilməsi olacaq. Əsər Çində ilk dəfə 1959-cu ildə, növbəti dəfə isə 2010-cu ildə səhnəyə qoyulub.
“Flaşbellek” filmi Nyu-York kinofestivalında “Ən yaxşı əcnəbi film” mükafatını qazanıb
Nyu-York şəhərində keçirilən “New York Indepedent Cinema Awards” festivalında kiprlı rejissor Dərviş Zaimin “Flaşbellek” filmi “Ən yaxşı əcnəbi film” mükafatına layiq görülüb.
Xarici KİV xəbər verir ki, 2019-cu ildə Gaziantep və Konyada çəkilən film Suriyada yaşanan hadisələrdən bəhs edir. Film Suriyada yaşayan Əhməd adlı bir nəfərin başına gələnləri nəql edir. Belə ki, o, bir hücum nəticəsində danışıq qabiliyyətini itirir. Bu faciədən sonra Əhməd münaqişələrdə ölən insanların fotoşəkillərinin çəkməyə başlayır və gördüklərini dünyaya çatdırmaq qərarına gəlir. Bu qərar onu böyük bir seçimlə üz-üz qoyur. Əhməd özünü və ailəsini qorumaqla, insanlıq qarşısında vəzifələrini yerinə yetirmək arasında seçim etmək məcburiyyətində qalır.
Qeyd edək ki, 2022-ci ildə nümayiş ediləcək film bundan əvvəl 27-ci Sedona Film Festivalında “Ən yaxşı beynəlxalq film” mükafatını və Fransada Cinemed Montpellier Film Festivalında "Gənc jüri mükafatını" qazanmışdı.
Düşüncələr eynidir: “Böyük Jan-Pol Belmondonun yeri həmişə görünəcək”
Euronews xəbər verir ki,
Fransa matəm içindədir, dünyaşöhrətli aktyor Jan-Pol Belmondo dünən vəfat edib. Onun vəkili aktyorun 88 yaşında Parisdə vəfat etdiyi barədə məlumat yayıb. Fransızlar onu sevərək “Bebel" adlandırırdılar. Belmondo parlaq və qeyri-adi şaqraq oyununa görə sevilirdi, o, hamı kimi deyildi. Cəsarətli, qarşısıalınmaz, şən, açıq baxışlı və heyranedici təbəssümlü birisi idi.
Altmış illik karyerası ərzində Belmondo 80-dən çox filmə çəkilmiş və Fransanın Milli sərvətinə çevrilmişdi. Aktyor ən yaxşı rollarını Fransanın "yeni dalğa" rejissorları Jan-Lük Qodar, Lui Malya, Fransua Truffo, Kloda Şabroldanın filmlərində oynayıb. Belmondoya böyük uğur və dünya şöhrəti qazandıran Qodarın “Son nəfəsdə" filmi olub. Aktyorun ən mühüm yaradıcılıq nailiyyətlərindən biri də Jorj Lotnerin "Peşəkar” filmində oynadığı rol hesab edilir.
2009-cu ildə ekranlara çıxmış "İnsan və onun iti" filmi isə Belmondonun sonuncu bədii filmi oldu. 2001-ci ildə baş vermiş insultdan sonra Belmondo bu filmlə sənətə qayıtmışdı. Amma ardını gətirə bilmədi, 2015-ci ildə karyerasını başa vurduğunu açıqladı.
Fransanın ən böyük və ən ali mükafatını isə ona 14 iyul 2019-cu ildə Fransa prezidenti təqdim etdi - aktyor Fransanın Fəxri Legion ordeni ilə təltif edildi.
Dünən bir çox kino mütəxəssisləri və həvəskarları Jan Jak Belmondonun vəfatını eyni sözlərlə şərh ediblər:
– O, böyük aktyor idi, çox böyük bir məktəb qoyub getdi. Çox üzülürük. Onun yeri görünəcək.
Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsində sıra Təzəpir məscidinindir
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyimiz “İslam irsimizi tanıyaq” layihəsində müqəddəs ocaqlarımız barədə tanıtım video çarxları hazırlayır. Bu dəfə nazirliyin rəsmi saytı Təzəpir məscidi haqda çəkilmiş video çarxı təqdim edib.
Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir.
Təzəpir məscidi Hacı Nabat xanım Aşurbəyova tərəfindən 1905-1915-ci illərdə inşa edilib. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verib. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək ona böyük miqdarda pul verib, İstanbula və ərəb ölkələrinə göndərib. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Əhmədbəyovun Təzəpir məscidinin layihəsinə dair ideyası da belə yaranıb.
SSRİ dövründə dini məkanlar digər müəssisələrə çevrildiyi üçün 1934-cü ildə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonralar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunub və məscid fəaliyyətini davam etdirib.
2005-ci ildə Prezident İlham Əliyevin göstərişi əsasında məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən təmir olunub və dövlət başçısının iştirakı ilə məscidin təntənəli açılış mərasimi keçirilib.
Videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: https://youtu.be/-OTuc2fqyFA
“Allahın əli” dramı Venesiya Kinofestivalı tənqidçilər reytinqində liderliyini saxlayır
Ayın 11-də başa çatacaq Venesiya kinofestivalı davam edir. İtaliyalı rejissor Paolo Sorrentinonun “Allahın əli” dramı Venesiya Kinofestivalının tənqidçilər reytinqində liderliyini saxlayır.
Bu barədə İtaliyanın “Ciak” nəşri məlumat yayıb.
İtaliyanın Lido adasında keçirilən Beynəlxalq Venesiya Kinofestivalında müsabiqənin əsas proqramına 21 film daxil edilib. Kinotənqidçilər altı gün ərzində 11 filmə baxıblar. Onlar ən yaxşı qiyməti hələ ki, Paolo Sorrentinonun gəncliyində baş verən faciəvi hadisədən bəhs edən “Allahın əli” filinə veriblər. Ekran əsəri hazırda 3.9 bal qazanıb.
Siyahıda ikinci yeri ilk dəfə ana olmağa hazırlaşan iki qadın haqqında Pedro Almodovarın ekranlaşdırdığı “Paralel analar” filmi və Pol Şrederin “Kart oyunçusu” filmi tutur. Hər iki film 3.5 bal dəyərində qiymətləndirilib.
Onore de Balzakın əsəri əsasında italiyalı rejissor Ksave Cannolinin çəkdiyi “İtirilmiş illüziyalar” filmi reytinq cədvəlində üçüncü yerdədir. Benjamen Vuazen, Sesil de Frans, Ksave Dolanın rol aldığı ekran əsərinə tənqidçilər 3.4 bal dəyərində qiymət verib.
Təbii ki, hələ baxışda 19 film var, liderlər sırasına yeni fiımlərin daxil olacağı istisna deyil.
“David”in, bir də “Qoca və dəniz”in ildönümü
8 sentyabr. Beynəlxalq Savadlılıq Günü
Yazıb-oxuya biliriksə demək savadlıyıq? Əsla yox. Savadlılıq – yazıb oxumaq qabiliyyətindən dividendlər götürməyə deyilir. YUNESKO-nun 14-cü sessiyasında təqvimə belə bir gün salmaq təşəbbüsü heç də boşuna olmayıb. İnsanın ətrafdakı insanlar arasında yer tuta bilməsi, cəmiyyətə faydalı ola bilməsi, həyatda müəyyən izlər qoymaq bacarığını özündə aşılayan tələblər vardır ki, mütləq bu tələblərə riayət olunmalıdır. Xüsusən, hədəf qrupu gənclər hesab edilir. Proqnozlara görə, 2020-ci illərdə - yəni ta ki 30-cu ilədək gənc mütəxəssislərə özlərinə iş tapmaq üçün ən vacib olan keyfiyyətlər kommunikabelli olmaq, komandada işləyə bilmək, qoyulan məqsədlərə çatmaq üçün innovativ və yaradıcı yanaşma, habelə tənqidi düşünmə tərzi hesab ediləcək. Bax bütün bunların cəmi də savadlılıq kriteriyasına aiddir. O ki qaldı ümumən yazıb-oxuya bilənlərin sayına, yəni qismən savadlılara, belələrinin sayı dünyada 4 milyard nəfərdir.
8 sentyabr. Jurnalistlərin beynəlxalq həmrəyliyi günü
1958-ci ildə Buxarestdə, beynəlxalq jurnalistlər təşkilatlarının 4-cü konqresində belə qərara gəlinib ki, 8 sentyabr günü jurnalistlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd edilsin. Bütün dünya jurnalistləri xüsusən öz hüquqlarının müdafiəsi yönündə həmrəylik nümayiş etdirməlidirlər.
1943-cü ilin 8 sentyabrında Almaniyada çex jurnalisti, yazıçısı Yulius Fuçik edam edildi. O, antifaşist kimi Praqa həbsxanasında yatarkən “Boğazda petlə ilə reportaj” kitabını yazaraq məşhurlaşmışdı. Həmin kitab Fuçikin ölümündən sonra 70 dilə tərcümə olundu. Jurnalistlərin beynəlxalq həmrəylik gününün ən cəsur jurnalist sayılan Fuçikin edam edildiyi gündə keçirilməsi rəmzi xarakter daşıyır, jurnalistlər mərd, cəsarətli, habelə həqiqətpərəst olmağa çağırılır. Həmin gün müxtəlif ölkələrdə bayram konfransları keçirilir, jurnalistlər mükafatlandırılır. Məsələn, Amerikada ən nüfuzlu jurnalist mükafatı hesab edilən Pulitser mükafatı məhz 8 sentyabrda təqdim edilir.
8 sentyabrda digər əlamətdar hadisələr
Ümumdünya fiziki terapiya günü. Ümumdünya üzristəmə günü. Hemenqueyin “Qoca və dəniz” kitabının işıq üzü görməsinin (1952), İngiltərə futbol liqasında ilk matçın keçirilməsinin (1888), Luvr muzeyində ilk eksponatın qoyulmasının (1791), Florensiyadakı Sinyorina meydanında Mikelancelonun əl işi olan 5 metrlik “David” heykəlinin açılışının (1504) ildönümü.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
İtaliyanın Matera şəhərində mədəni irsimizə qarşı törədilmiş erməni vandalizmindən danışılıb
Xəbər verdiyimiz kimi İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” adlı beynəlxalq tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparatının rəhbəri Read Qasımov Matera şəhərində tok-şou formatında təşkil olunmuş tədbirə qatılıblar.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, tədbir təşkilatçı qurumların sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.
Tok-şounun aparıcısı İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) texniki direktoru Andrea Qriletto Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarix-memarlıq abidələrinin vəziyyəti, bərpa sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarına dair suallar ünvanlayıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Prezidenti İlham Əliyevin ötən il İtaliyaya dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, strateji əməkdaşlığın inkişafı, eləcə də Vətən müharibəsi vaxtı İtaliyanın tutduğu ədalətli mövqedən danışıb.
Səfir Vətən müharibəsindən dərhal sonra İtaliyadan Azərbaycana rəsmi nümayəndə heyətlərinin səfərləri, işğaldan azad olunmuş ərazilərindəki bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunması imkanlarının müzakirəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçirilmiş görüşlər haqqında məlumat verib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Böyük qayıdış” prosesindən, azad olunmuş ərazilərdə yerləşən mədəni sərvətlərin Mədəniyyət Nazirliyi tərəfindən monitorinqi və dağıdılma, mənimsənilmə və vandallığa məruz qalma vəziyyətinin öyrənilməsi haqqında danışıb. Bildirib ki, Azərbaycanlı məcburi köçkünlərin yenidən öz doğma şəhər və kəndlərinə geri dönməsi tarix və mədəniyyət abidələrinin, əcdadlarımızın minillər boyunca öz həyat tərzini, həyat fəlsəfəsini və baxışını maddiləşdirdiyi tikililərin yenidən canlandırılmasından başlayacaqdır. Bu, böyuk bir irs, Azərbaycanlıların kimliyi deməkdir. 30 il ərzində zədələnmiş hisslər yalnız abidələrimizin yenidən bərpası, ucaldılması, qədim yaşayış məskənlərimizin abadlaşdırılması yolu ilə sağaldıla bilər. Vurğulayıb ki, azad olunmuş ərazilər dedikdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox abidənin cəmləndiyi, Azıx, Xudafərin, Üzərliktəpə, Qutlu Musa oğlu kimi misilsiz abidələrin yerləşdiyi məkan başa düşülür. Yalnız abidələrin bərpası vasitəsilə rifaha, yüksəlişə, davamlı inkişafa nail olmaq mümkündür. Bununla əlaqədar Azərbaycan Hökuməti tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə irəli sürülmüş “Mədəniyyət naminə sülh” kompaniyasını xatırladıb. Sülhün mədəniyyətin qorunması və inkişafı üçün əsas şərtləndirici amil olduğu diqqətə çatdırıb.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi aparılan bərpa prosesi, nəzərdə tutulan layihələr, habelə bu il qoruq ilə Matera Şəhər Bələdiyyəsi arasında “Dostluq və Əməkdaşlıq haqqında Protokol”un imzalanması və əməkdaşlığın inkişafı imkanları barədə məlumat verib.
Azərbaycan nümayəndə heyətinin çıxışları vaxtı işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədəni irsimizə qarşı törədilmiş vandalizm aktlarına dair videomaterillar nümayiş etdirilib.
Sözügedən tədbirdə Matera şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, Albaniya və Livanın nümayəndələri də çıxış ediblər.
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb
Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.
Bu barədə AzərTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.
Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.
Filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.