Super User
Böyük faciələr günü
8 dekabra təsadüf edən tarixi hadisələri və əlamətdar günləri diqqətinizə çatdırırıq:
Ümumdünya iqlim günü
Təqvimdə mayın 15-də də belə bir gün qeyd olunur, daha təntənə ilə qeyd olunan həmin gündə iqlimin qorunması, onun yad təsirlərdən xilası işləri təşviq edilir, ilin sonuna yaxın - bu gün isə yenidən bu qlobal məsələ xatırlanmaqla ona ikiqat diqqət ayrılmasına nail olunur. İqlim günü bir ekoloji tədbirdir, metereoloqların hazırkı və sonrakı nəsillərin xilası naminə iqlim dəyişikliklərinə yol verməməyə çağırışı hesabına ərsəyə gəlib. Uzun danışmayacağam, tək elə sos siqnalı ilə gündəmdə dayanan qlobal istiləşmənin, Arktika buzlaqlarının əriməyə başlamasının (buzlaqlar son 40 ildə 33 faiz nazilib), yağıntı normasının sürətli sıçrayışının, dəniz səviyyəsinin yüksəlməsinin bəşəriyyətin mövcudiyyatına təhlükəsi aşkar deyilmi? Climate crisis (iqlim tənəzzülü) Demokl qılıncı kimi başımızın üstündədir. İqlim dəyişkənliyinin başlıca səbəbi əlbəttə ki insandır, onun təsərrüfat fəaliyyətidir. Və biləsiniz, nəhəng zavodların atmosferə buraxdıqları zəhərli qazlar deyil əsas baiskar, burada ön sırada parnik (istixana) qazları dayanır, deməzsənmiş, biz xiyar-pomidor tamahı ilə gələcəyimizi məhv edirik.
“Məlumun olsun ki...” günü
Bu gün hər kəs kiməsə bu frazayla başlayan qiymətli bir xəbər, informasiya çatdırmağa borcludur. “Məlumun olsun ki, koronavirusla mübarizədə yeni effektiv üsul tapılıb” kimi qlobal, eləcə də “Məlumun olsun ki, dostun filankəs dünən filan işi törətdi” kimi lokal məlumatlanmadan asılı olmayaraq məlumatvermə zəruridir. Gəlin biz də bu ənənəyə qoşulaq. Kimisə nədəsə xəbərdar etmək çox vacibdir, inanın. Bəzən səndə gizlənən bir informasiya kiminsə xilasına da çevrilə bilir.
Xor günü
Çox sayda solistin birlikdə mahnı ifa etməsidir xor. Tarixi çox qədimdir, antik Yunanıstanda, Bizansda xor ənənələri zəngin olub. Bir çox xalqlarda masa arxasında xorla oxuma mədəniyyəti də var. Bir dəfə Gürcüstanda qonaq olarkən masa arxasındakı gürcülər (azı otuz nəfər olardılar) bir nəfər kimi “Suliko” mahnısını oxudular. Onda bir gürcüstanlı soydaşımız söylədi ki,” Bu hal ruslarda, almanlarda, şotlandlarda və qeyrilərində də var. Düşmən millət də masa arxasında xorla oxuyur. Təkcə biz xorla oxumuruq, çünki xor – birlik, ümumi mənafe deməkdir, bizdəsə birlik yoxdur, bizdə hər kəs ayrıca oxumaq, öz sözünü eşitdirmək istəyir.”
Lennon, Bakıxanov, Horatsiy
Bu gün finlər fin musiqisi gününü qeyd edəcəklər. Qırğızlar radio və televiziya işçiləri gününü. Yaponlar Budda bayramı olan Bodxi gününü. Özbək dostlarımız Konstitusiya, fransızlar maariflənmə və savadlanma, bolqar və makedonlar tələbə gününü qeyd edəcəklər. O ki qaldı amerikalılara, “haydı mətbəxə” şüarı ilə onlar milli bulka gününü qutlayacaqlar. Bu azmış kimi, onlar bu gün milli barmen gününü də bayram eləyəcəklər.
2013-cü ilin bu günündə Kiyevdə, Yevromaydanda xalq kütləsinin gücü ilə bolşevik diktatoru Leninin abidəsi uçurdulub. 1980-ci ildə Londonda 25 yaşlı Mark Çepmen həyat yoldaşı Yoko Ono ilə evinə qayıdan Con Lennonu bir neçə güllə ilə qətlə yetirərək bəşər tarixində ən səbəbsiz bir cinayətə imza atıb. 1941-ci ildə Polşada faşistlər ilk dəfə yəhudiləri öldürmək üçün qazdan istifadə ediblər. 1934-cü ildə sovet kişilərinin ucdantutma simpatiya bəslədikləri aktrisa, “İşdə məhəbbət macərası”, “12 stul” filmlərində şəkilmiş Alisa Freyndlix doğulub. 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində Tofiq adlı bir oğlan uşağı dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun nəticəsi idi. Bu oğlan böyüyüb, adını Azərbaycan musiqisinin qızıl salnaməsinə yazdırıb. Gəlin Azərbaycanımızın görkəmli bəstəkarını, professorunu bu gün yada salaq, ruhu şad olsun deyək; 1865-ci ildə böyük fin bəstəkarı Yan Sibelius, 1861-ci ildə dünya kinematoqrafiyasının banilərindən biri, fransız Corc Melyes, eradan əvvəl 65-ci ildə isə Roma ədəbiyyatının qızıl dövrünün nümayəndəsi Horatsiy dünyaya gəliblər.
Böyük faciələr günü
8 dekabr həm də bəşər tarixində böyük faciələr günü kimi tanınır, nədənsə məhz həmin gün onlarca irili-xırdalı qəzalar, yanğınlar, təbii fəlakətlər baş verib. Bir neçəsini xatırlayaq: 1966-cı ildə Egey dənizində yunanlara aid “Heraklikon” gəmisi qəzaya uğrayıb, 264 insan həlak olub. 1963-cü ildə Ginnesin rekordlar kitabına düşən ən ölümcül ildırımvurma hadisəsi baş verib, Elkton səmasında ildırıma tuş gələn Boinq 707 təyyarəsindəki 81 nəfər həlak olub. 1881-ci ilin 8 dekabrında dünya tarixinin daha bir qara səhifəsi yazılıb. Vyana şəhərindəki Rinqteatrda – komik opera teatrında dəhşətli yanğın baş verib, 850 insan yanıb kül olub. Bununla da 8 dekabrın faciələri tükənmir. 1863-cü ildə Çilinin La-Kampana kilsəsində yanğın baş verib, 2000 insan həyatını itirib.
Varisin “Həftənin təqvimi” yazısından
“Titrəmə” və “Anya” adlı iki filmimiz beynəlxalq festivalda mükafat qazanıb
Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Festivalının Mükafatları təqdim olunub. Bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul edilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, bu dəfəki festival Azərbaycan üçün düşərli olub. Mükafatlandırmanın final mərhələsinə Azərbaycandan 2 film keçib: Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri.
Türkiyə Respublikasınn Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığıı ilə keçirilən mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutub. Rejissor Amil Amalın “Titrəmə” filmi beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına layiq görülüb.
Film bir ayağını mina partlayışı zamanı itirmiş əsgər barəsindədir. Ayağını itirən əsgər bədəninin bir parçasını axtarmaq üçün böyük bir yol keçməli olur. Filmin ssenari müəllifləri Amil Amal, Aqşin Evrən, Ayşad Səfərəliyev, təsvir rejissoru Əli Sultanov, bədii rəhbəri və prodüseri Cəmil Quliyevdir. Filmdə əsas rolları Bəhruz Vaqifoğlu və İlqar Cahangirli canlandırır. “Titrəmə” Mədəniyyət nazirliyiin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Filmdə vaxtilə kənddə rus dili və ədəbiyyatı müəllimi olan yaşlı Anyanın həyatından epizodlar təqdim edilir, onun düşüncə və xəyallarndan bəhs olunur. Film budan əvvəl 38-ci Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” bölməsində iştirak edib. Məlumat üçün bildirək ki, Lətif Lətifsoy "Azərbaycanfilm" kinostudiyasının PR meneceri vəzifəsini həyata keçirir.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı keçirilib
Dekabrın 7-də İçərişəhərdə “Art Garden” restoranında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilati, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə dəstəyi ilə işıq üzü görmüş respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitabın təqdimatı olub.
AzərTAC xəbər verir ki, konfrans ölkəmizdə bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamına əsasən təşkil edilib.
Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov açaraq bildirib ki, 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bütün ilboyu eyni xarakterli layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı elmi məqalələr toplusu nəşr olunmuşdur. İnanırıq ki, “Nizami Gəncəvi İli”nin sonunda ərsəyə gələn “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı araşdırmalar toplusu da elm və sənət tariximiz üçün çox faydalı olacaq.
Konfransda kitabın elmi redaktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Nizami Gəncəvi lap çoxdan yalnız Azərbaycanın övladı olmaq çərçivəsindən çıxıb: “Onun ədəbi yadigarları bəşəriyyətin ən qiymətli sərvətləri xəzinəsinə daxil olub, özü isə bütün xalqların, insanlığın övladı olmaq mərtəbəsinə ucalıb. Nizamidən sonra onun əsərlərinə yüzlərlə nəzirələr yazılıb, Hindistanda Əmir Xosrov Dəhləvi Nizami poemalarına cavab olaraq ilk beşliyi yaratmaqla, əslində, həm də Nizami məktəbinin bünövrəsini qoydu. Əmir Xosrov həm də Nizamiyə cavab yazmağın düsturunu müəyyənləşdirdi: süjet, obrazlar qalmalı, təməl prinsipləri qorunmalıdır”.
Nizaminin dünya dillərinə ən çox tərcümə edilmiş klassiklərdən olduğunu söyləyən R.Hüseynov deyib ki, bu dillərin sırasına zaman ötdükcə yeni-yeni dillər əlavə olunacaq. “Nizami əsərləri ilə yalnız əsrlər boyu təkrarlanacaq ədəbi model deyil, həm də düşüncə, millət quruculuğu, mənəviyyat quruculuğu, dövlət quruculuğu modeli yaratdı. O ideyaları ki, onları Nizami səkkiz əsr əvvəl təbliğ edirdi, bu gün də arzulanandır. O keyfiyyətlər ki, Nizami səkkiz əsr əvvəl onları insanlarda, cəmiyyətdə görmək istəyirdi, bu gün də insanlıq həmin dəyərlərin daha artıq bərqərar olması yolunda mübarizə aparır. Nizami daim bizdən bir addım irəlidədir, həmişə də bizdən bir addım qabaqda olacaq və hər zaman da bizi daha aydın gələcəyə yönəldəcək”, - deyə akademik qeyd edib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən Xalq yazıçısı Anar vurğulayıb ki, böyük şairə həsr olunan hər bir tədbir Nizami bayramıdır: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami hər zaman bu xalq xidmət edib. Nizami də Homer və Firdovsi, Yunis Əmrə və Nəvai, Rustaveli və Puşkin kimi bütün dünyanın fəxridir, amma ilk növbədə, əlbəttə, öz xalqının övladıdır”.
Konfransda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Şəfəq Əlibəyli, Zümrüd Dadaşzadə, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və başqaları Nizami yaradıcılığı haqqında danışaraq kitab barədə fikirlərini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.
Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Vurğulanıb ki, ölkəmizdə yubileyinin 880 illiyi silsilə tədbirlərlə qeyd olunan dahi şairin irsinə həsr olunmuş “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab “Nizami Gəncəvi İli”nə gözəl bir töhfədir. Kitabdan elmi-mədəni, geniş ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri yararlana bilərlər.
Qeyd edək ki, iki fəsildən – “Nizami Gəncəvi klassik araşdırmalarda” və “Nizami Gəncəvi müasir tədqiqlərdə” ibarət kitabın redaktoru akademik Rafael Hüseynov, “Ön söz” müəllifi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, işçi qrupun rəhbəri filologiya üzrə fəlsəfə doktoru İradə Musayevadır.
“Ağdərə”
Fransa
Paris ətrafındakı mitinqdə Fransanın prezidentliyə namizədi Erik Zemmuru insanlar sevimli müğənniləri kimi alqışladılar. Yeni yaradılmış “Rekonkista” hərəkatının lideri Zemmur yeni bir Fransa quracağını vəd etdi.
Foto: Euronews
Bir kitabın səkkiz rayonda təqdimatı
Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi "Ölümsüzlər" adlı kitabına səkkiz rayonda yerli icra hakimiyyətlərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.
Bu barədə “Qaynar-info”ya Elşad Barat özü məlumat verib. Bildirib ki, noyabrın 30-da ilk təqdimat Salyan Rayon İcra Hakimiyyətində keçirilib. Daha sonra Biləsuvar, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Cəlilabad rayonlarında kitabın təqdimat mərasimi baş tutub.
E. Barat bildirib ki, sözügedən səkkiz rayonda ümumilikdə 500-ə yaxın kitab paylanılıb. Hər tədbirdə rayon rəhbərliyi, ziyalılar və şəhid ailələri iştirak edib.
Qeyd edək ki, Elşad Barat İkinci Qarabağ savaşı şəhidlərinin hər birinə bir şeir həsr edir. Yüzə yaxın şəhid haqqında şeirlər "Ölümsüzlər" adlı kitabın ilk cildində cəmlənib. Kitabın sonunda ümumi şəhidlərin siyahısı var. Kitaba millət vəkili Adil Əliyev, xalq şairi Sabir Rüstəmxanlı və şair Ağacəfər Həsənli ön söz yazıblar. Kitabın redaktoru Əsəd Cahangirdir.
“Sənətçinin düşüncəsində “sənət” sözünün sinonimi “azadlıq” olmalıdır, onun “məhkumluğ”a çevrilməsi sənətçi üçün əbədi bir əzabdır”
“Ədəbiyyat və incəsənət” portalının “Üzbəüz” rubrikasında əməkdaşımız Bahəddin Salman sizləri impressionist rəssam Nazilə Fərzullayeva ilə tanış edəcək. Ən müxtəlif rəng çalarlarını palitrasına qataraq möcüzə yaradan, hətta ABŞ-da belə sərgiyə qatılan Nazilə xanımla söhbət, düşünürük ki, marağınıza səbəb olacaq.
-Nazilə xanım, ilk olaraq sizi portalımızın bütün heyəti adından salamlayırıq.
-Salam. Təşəkkür edirəm! Müsahibə üçün məni seçdiyinizə görə sizə və bütün yaradıcı heyətinizə dərin minnətdarlığımı bildirirəm.
-Nazilə Fərzullayeva necə oldu ki, rəssamlıq sənətini seçdi?
-Kiçik yaşlarımdan rəssamlıq sənətinə xüsusi meylim var idi. Təbii ki, bu meylin sənət eşqinə çevrilməsində valideynlərimin böyük rolu oldu. Məni rəssamlıq kurslarına qoydular. Demək olar, bu sənətin əlifbasını həmin kurslardan öyrənməyə başladım. Sonrakı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Xalça rəssamı” fakültəsinə daxil oldum. Akademiyanın bu fakültəsini seçməyimin səbəbləri var idi. “Azərbaycan xalçaçılıq sənəti”ndəki milli naxışları çəkməyə həmişə böyük həvəsim olub. Mənim uşaqlıq illərim, məktəb illərim Rusiyada keçib. Tam səmimi deyim ki, o mühitdə yaşamağıma, böyüməyimə baxmayaraq, Azərbaycan mədəniyyəti ilə mənəvi dünyam arasında incə bir tel olduğunu həmişə sezmişəm. Beləcə, bu iş, sevgi hiss etdiyim həmin incə telin sayəsində indiki məcraya qədər irəliləyib.
-Hal-hazırda xalça rəssamlığı ilə məşğulsunuz?
-Xeyr, sadəcə rəssamlıqla məşğulam və rəssam dostlarımla bərabər gördüyünüz bu emalatxanada rəssamlıq dərsləri verirəm. Xalçaçılıqla bağlı son işim Nəsimi ilinə və onun yaradıcılığına aid olub. Həmin xalçada Azərbaycan naxışlarını, miniatürləri və dahi şairimiz İmadəddin Nəsiminin bir qəzəlini işləmişdim. Bir metrlik ölçüdə olan həmin xalça həm də mənim diplom işim idi. Peşəkar rəssamlar tərəfindən bəyənildi və çox sevildi.
-Nazilə xanım, məlumatım üzrə sizin bir tablonuz Amerikanın Nyu-York ştatında keçirilən sərgidə yer alıb. Bu barədə məlumat verərdiniz.
-Bəli, beynəlxalq rəsm sərgisi idi, 2018-ci ildə Amerikanın Nyu-York ştatında keçirilmişdi. Sərgiyə göndərdiyim tablonun adı “Mifik quş” idi. Həmin tabloda öz təxəyyülümün məhsulunu - mifik quşun obrazını rəngli kağız üstündə çəkmişdim. Mifik quş tablosunu, tam olaraq naxışlarla bəzəmişdim və neon rəngləri çox sevdiyim üçün həmin rənglərdən də istifadə etmişdim. Tabloda ilk baxışdan mifik quşun baş hissəsi tovuz quşunu xatırladır. Bəzən bu quşu ilana belə oxşadırlar. Ümumiyyətlə, quşlarla bağlı bir çox tablolarım var. Bunlardan biri “Mizan” adlı xalça rəsmimdir. Mizan tarazlıq mənasını verir. Bu xalça rəsmimdə iki quşu təsvir etmişəm. Tablonun orta hissəsində in-yan işarəsindən, Məhəmməd peyğəmbərin istifadə elədiyi islimi (islami) naxışlardan, Şah Abbasın yaratdığı və adına uyğun olaraq “Şah Abbası naxışı” adlanan naxışlardan istifadə etmişəm. Rəsmin orta hissəsində isə xeyir və şər ağ-qara rəng fonunda təsvir edilib.
-Sənətdə özünüzə ustad bildiyiniz rəssamlar varmı?
-Əlbəttə var. Fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri sayılan Oskar Klod Monenin yardıcılığını ayrıca bəyənir və örnək alıram. Klod Mone təbiətin işığını rəsmlərində heyrətamiz şəkildə təsvir edən rəssam olub. Ümumiyyətlə, onun yaradıcılığının böyük bir hissəsini təbiət mövzulu əsərlər təşkil edib. Sonradan qocalıq dönəmlərində gözləri zəifləyəməyə başlayan Monenin rəngləri qəribə təzadlarda əks etdirməsinin özü belə onun ayrıca istedad olduğunu sübuta yetirirdi. Özünəməxsus bir rəng seçimi və stili olduğu üçün Van Qoqu da hədsiz bəyənirəm. Rəssam olaraq özünəməxsusluq yaratmaq hər kəsə nəsib olmur, amma bu, Van Qoqa nəsib olub. Dünya rəssamlıq sənəti, modern rəssamlıqda hələ də onun dəsti-xəttindən yararlanırlar.
-Milli rəssamlarımızdan kimlərdən təsirlənmisiniz?
-Bir xalça rəssamı olaraq mən Lətif Kərimovun işlərini çox bəyənirəm. Lətif Kərimovun Azərbaycan xalça sənətinə böyük töhfələri olub. O, akademik təhsilini İranda alıb və milli xalça rəssamlığının əsaslarını Azərbaycana gətirib. Özündən sonra qoyduğu ən böyük izlərdən biri də Rəssamlıq Akademiyasındakı müəllimlərimizdir. İşlərinə rəğbətlə yanaşdığımız digər rəssamlarımız da var. Məsələn, Səttar Bəhlulzadə, Sakit Məmmədov... Amma təsirləndiyim rəssam Lətif Kərimovdur.
-Keçmişlə müqayisədə bugünkü rəssamlığın dəsti-xətti dəyişibmi? Müasir rəssamlıqda postmodernizmin təsirləri qalıcıdırmı?
-Bəli, dəyişib və postmodernizmin təsirləri qalıcı olub. Keçmiş rəssamlar daha çox idealizmə meyl edirdilər, amma biz, lap elə mənim özüm, düşünürəm ki, daha asana qaçırıq (gülür. )Məsələn, onlar insan, təbiət rəsmi çəkirdilər, amma biz internet dövrünün sənət adamları olaraq, çox şeyin hazırına sahib olduğumuz üçün gözlə görünən faktı yox, öz düşüncələrimizdə gizlənən qeyri-adiliyi sənətə çevirməyə çalışırıq.
-Məncə, sizin – müasir rəssamların təsvirləri asan yox, daha çətin və maraqlıdır. Yəni bir adama, yaxud təbiətə baxıb rəsm çəkməklə beynindəki düşüncəni rəsmə çevirmək arasında çox böyük bir fərq var. Bu, ədəbiyyatda da, rəssamlıqda da, heykəltəraşlıqda da eyni cürdür. Postmodernizmin əsas prinsipi –“hər şeyə icazə verilir” deməkdir. Bəs, sizcə, sənətdə hər cür yaradıcı, sərhədsiz azadlığa icazə verilməlidirmi?
-Bəli. Məncə, sənətçinin düşüncəsində “sənət” sözünün sinonimi “azadlıq” olmalıdır. Bu sinonimin “məhkumluğ”a çevrilməsi sənətçi üçün əbədi bir əzabdır.
-Nazilə xanım, insanların sənətə qarşı maraqlarının azalma səbəbini nədə görürsünüz? Buna səbəb kimi, dünyanın intellektuallaşmasını, internet və informasiya məkanlarının yaranmasını göstərmək olarmı?
-Bu problemə iki fərqli yanaşmam var. Bir tərəfdən çox insanın sənətə axın elədiyini görürəm. Məsələn, hər il Rəssamlıq Akademiyasına yüzlərlə gənc üz tutur. Burda – emalatxanada fəaliyyət göstərən rəssamlıq kursumuza baş vuran çoxlu gənclər olur. Hətta valideynlər görürəm ki, özlərinin tamamlaya bilmədikləri sənət sevgisinin uşaqlarında bütünləşməsini istəyirlər və çox uşaqlar ailələrinin etimadını yüksək bacarıqla doğruldurlar. Digər tərəfdən isə ölkəmizdə sənətlə bağlı ixtisaslara yönəlmiş insanların işlə təmin olunmasının çətinliyi bir çoxunu sənətdən soyudur və onlar məcbur qalıb başqa ixtisasa yönəlirlər. Təbii ki, incəsənəti sevən insanlar tam şəkildə fədakarlıq göstərirlər, sənətdən uzaqlaşmırlar, daim özlərini inkişaf etdirib tutduqları işi daha peşəkar dərəcəyə qədər apara bilirlər. Amma sənət yolunu tutan şəxsin mütləqdir ki, özünəxas dəst- xətti və peşəkarlıq, yaradıcılıq keyfiyyəti olsun. Sənətə eqo ilə, özünü aldatmaq təşəbbüsü ilə gələn insanların yolu qısa olur. Məsələn, mən, eləcə də bir çox rəssam dostlarım var ki, biz bir rəsmi çəkdikdə onun satılıb-satılmayacağını düşünmürük. Rəsmi sevgi ilə, bizə bəxş edilən istedadla, öyrəndiklərimizi işə qatmaqla, düşüncələrimiz və hisslərimizlə yaradırıq. Onu da deyim ki, həmişə yaratdığım rəsmlərin məndən sonra bir iz kimi dünyada qalacağına, məni xatırladacağına inamım var. Təbii ki, bizdən öncə yaşayıb-yaradan rəssamların belə, bütün əsərləri sevilmədi, amma, bir, ya da iki əsərləri iz qoydu. Bu prosesi tam yaşamaq hər insana nəsib olmur.
-İnternet dövründən razınız?
-Əlbəttə. İnternet, bizim işlərimizi xeyli asanlaşdırır.
-Leonardo da Vinçinin gözəl bir aforizmi var: “Görənlər, göstərəndə görənlər, görməyənlər.” Necə düşünürsünüz, bir tablonu, portreti, yaxud adi bir fotonu köçürtmək rəssamlıqdırmı?
-Bilirsiniz, öyrənmək üçün köçürtmək mütləqdir. Akademik tədrisdə belə bu var. Böyük rəssamların işlərini, onların dəsti-xəttini köçürərək rəssamlığı öyrənirsən. Təbii ki, bunu bir adət halına çevirmək lazım deyil. Müəyyən bir vaxtdan sonra sən öz işlərini, düşüncələrini, hisslərini rəsmə çevirməyə başlamalısan. Təhsil müddətimdə Azərbaycan xalçalarının rəsmlərini çəkməyi bizə tapşırıq kimi versələr də, bununla yanaşı, bir rəsmi də öz beynimizdən çəkirdik. Yekunda onu da deyim ki, mənim üçün ancaq köçürmək nə sənətçi olmaq, nə də rəssam olmaq deyil.
-Rəssamlıq akademik sənətdir? Bu işlə məşğul olan biri üçün təhsil şərtdirmi?
-Məncə, hər bir insan, istəsə rəsm çəkə bilər. Əgər işin peşəkar səviyyəsindən danışırıqsa, bəli, rəssamlıq bir təhsildir. Yəni həkim təhsil almasa, ona necə həkim deyilə bilər? İnsanlar sənətə nə qədər həvəskar yöndən, hobbi kimi yanaşsalar da, peşəkarlıq dərəcəsinin şərt olduğunu, elə də asan yol olmadığını, hamının öhdəsindən rahatlıqla gələ biləcəyi iş olmadığını da anlamalı və bilməlidilər. İşə ciddi yanaşan insanlar, əgər həqiqətən istedadları varsa, akademiyalara üz tuturlar, peşəkar rəssam müəllimlərdən işin doğru, yanlış tərəflərini öyrənirlər.
-Nazilə xanım, sözün əsl mənasında bu sualın yeridir. Müəllimləriniz hansı rəssamlar olub?
-Mənim müəllimim Xanlar Əsədullayev olub. Bundan əlavə Rəssamlıq Akademiyasında xalça rəssamlığını mənə öyrədən müəllimlərim Məmmədhüseyn Hüseynov, Münəvvər Hacıyeva olub.
-Dünya rəssamlıq sənətində bu gün çoxlu axtarışlar, cərəyanlar var. Məsələn, realizm, popart, postmodernizm, materializm, sürrealizm... Bu qədər çoxsaylı cərəyanlar arasında nəyə görə imperessionizmi seçdiniz?
-Əvvəllər kompozisiyalar, yəni öz düşüncələrimin məhsulu olan rəsmlər çəkirdim. Sonralar tam fərqli təsvirdə rəsmlər çəkmək istədim. Təbiət rəsmləri məndə həmişə çox qəribə emosiyalar yaradıb. Çünki bu təsvirdə al-əlvanlıq var. Və belə qərara gəldim ki, bu al-əlvanlığın təsvirini impressionizm cərəyanına yönəlməklə canlandırım. Bugünkü gündə sakit təbiət qoynunda, yaxud bir yol kənarında dayanan ağacın üstündəki öz minimalistliyi ilə seçilən yüzlərlə rəngləri görmək, onları hiss etmək məni hədsiz həyacanlandırır. İmpressionizm sözü “rəngin və işığın əksi” mənasına gəlir. Düzdür, bir çox insan bu istiqamətdə çəkilən rəsmlərə o qədər ciddi, mənalı bir iş kimi yanaşmır, elələri olur ki, tənqid edirlər, “bu klassika deyil, başqa janrdır, düzgün çəkmirsiniz, belə rənglərdən istifadə etməli deyilsiniz!” deyirlər. Ancaq, hər şeyə rəğmən, təbiətdəki rənglərin, işıqların əksi bütün bu qeyri-adiliyə laqeyd yanaşmağıma icazə vermir.
-Günümüzdə bir çoxları rəsmləri sadə karandaşla işləyirlər. Sizcə, əsl rəsm əsəri rəngləri düzgün çalarlarda yerində işləməklə yaradılır, yoxsa sadəcə karandaşla? Bunlardan hansı rəssamlıq sənətinin əsl üzüdür?
-Düzdür, dövrümüzdə bəzi insanlar rəssamlıq sənətini çox adiləşdiriblər, çox primitivləşdiriblər. Hər portret yaradan şəxs haqqında belə bir fikir formalaşır ki, “bu rəsmdir. O, əsl rəssamdır!” Həmin şəxs də “mən portret çəkə bilirəmsə, əsl rəssamam” deyə düşünür.
-Gəlin, işin başlağıc və gedişat mexanizmi haqqında bizi məlumatlandırın. Rəsm çəkən adam üçün işin mexanizmi nə olmalıdır?
-Ən önəmlisi sən nə çəkmək istədiyini düşünməlisən. Məsələn, təbiət rəsmi çəkmək istəyirsənsə, təbiəti düzgün şəkildə müşahidə etmək işin gedişat prinsipini daha da real və təbii hala çevirir. Təbiət günün üç saat bölümündə özlüyündən fərqli rənglərə boyanır. Burda bir çox rəng çalarlarını aşkara çıxarmaq mümkündür. Bu, internetdən hansısa rəsmi götürüb çəkməklə eyni şey deyil. Müşahidəni bitirdikdən sonra rəsmin eskizi çəkilir, sadə karandaşla rəsm cızılır və sonra rəng etaplarına keçid başlanılır.
-İncəsənətin məngənəsi tənqiddir. Bəzən bu məngənədə əzilib, buxarlanıb yoxa çıxan çox insanlar olub. Rəssamlıq sənətində ictimailəşmiş tənqid, peşəkarlar tərəfindən tənqid mövcuddurmu?
-Əlbəttə...tənqid həmişə olub və olacaq da. Məsələn, mən bir rəsm üzərində çalışanda, onu ortalığa çıxaranda xeli düşünürəm, xeyli qorxuram...
-Rəssamlar rəsmlərini satır və ondan məhrum olurlar. Bu çətin deyilmi?
-Çəkdiyimiz hər bir rəsm bizim üçün həyatın parçası sayılır. Bəli, biz həmin rəsmi satanda həyatımızın parçasını, sərf elədiyimiz zamanı, enerjini də rəsmlə bərabər satmış oluruq. Amma eyni zamanda həm də bu sevindirici haldır ki, rəsmlərini kimsə bəyənir, onu alır və evinin, yaxud iş otağının bir guşəsindən asır.
-Nazilə xanım, rəsmləriniz necə satılır?
-Sifariş edən də olur,“instagram” səhfəsində işlərimi görüb həmin işlərdən hansınısa istəyənlər də və həmçinin “Passage Shop” adlı rəsm qalereyasında da rəsmlərim açıq şəkildə satılır.
-Həyat özü gözəl deyilmi ki, onu yenidən uydurmaq lazım gəlsin?
-Biz həyatı uydurmuruq, sadəcə onu görünən və görünməyən tərəfləri ilə daha dəqiq təsvir etməyə çalışırıq.
-Hal-hazırda hansı rəsm üzərində çalışırsınız?
-Yeni bir tablo yaratmağa çalışıram. Adı “Şuşa məscidi” adlanır. Tablonu tam başa çatdırmamışam deyə, hələ ki, bu haqda təfsilatlı heç nə deyə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, bu işi xalqıma, vətənimə, dövlətimə, uzun illər yaşadığımız Qarabağ həsrətinə, ən əsası da şəhidlərimizə, qazilərimizə həsr edirəm.
-Maraqlı müsahibə üçün təşəkkür edirəm.
-Sağ olun, mən də sizə təşəkkür edirəm.
Şəkillərdə: Nazilə Fərzullayevanın müxtəlif janrlarda rəsmləri
“Yaradanlar” filmi təqdim olunub
Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Yaradanlar” film Nizami Kino Mərkəzində geniş ictimaiyyətə təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat veriri ki, Memarlar İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunmuş filmin ideya müəllifi Elbay Qasımzadə, rejissoru Şamil Əliyev, ssenari müəllifi Natiq Rəsulzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.
Təqdimat mərasimində çıxış edən filmin rejissoru Şamil Əliyev ekran əsəri ilə bağlı məlumatları qonaqların diqqətinə çatdırıb. Film haqqında ətraflı məlumat verən Elbay Qasımzadə bildirib ki, ekran əsərinin çəkilişləri bir ilədək davam edib: “Filmin çəkilişləri asan başa gəlməyib. Hər iki memar haqqında arxiv materiallarının azlığına baxmayaraq, bu ekran əsəri çəkilib. Filmdə hər iki memarın həyat və fəaliyyətləri, taleləri barədə də məlumatlar yer alıb”.
Filmin ssenari müəllifi Natiq Rəsulzadə deyib ki, “Yaradanlar” sənədli film olmağına baxmayaraq, burada həm də bədii filmin elementləri var: “Gənc nəslin belə şəxsiyyətləri tanımağı vacibdir. İnanıram ki, bu film uzunömürlü olacaq”.
Film görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
İl ərzində müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatalara layiq görülmüş film ölkədə ilk dəfə geniş atamaşaçı auditoriyasına nümayiş olunub.
“İnsanın ən qatı düşməni çox vaxt özü olur” - Siseronun anım günündə ondan müdrik kəlamlar
7 dekabr həm də adı dillər əzbəri olan Roma filosofu Mark Tulliy Siseronun dünyadan köçdüyü gündür. Eramızın 43-cü ilində işıqlı dünyaya əlvida deyən Siseronun bu gün bir neçə qiymətli kəlamını xatırlamaq yerinə düşər:
“Silahlar guruldayanda qanunlar susur”,
“Gizli düşmənçilik açıq düşmənçilikdən daha təhlükəlidir”,
“Sülhə razılığa gəlməklə yox, qələbəylə nail olunmalıdır”,
“Tamahkarlıq – başqa bir adamın sənə qarşı törətdiyi cinayətdir”,
“Bütün sənətlərin ali məramı – həqiqəti araşdırmaqdan ibarətdir”,
“Hətta şöhrətin əleyhinə traktatlar yazan filosoflar da kitabın üstündə öz adlarını qeyd etməyi unutmurlar”,
“Qorxduğun və səndən qorxan adamı sevmək mümkün deyil”,
“Adama qarşı iki yolla ədalətsizlik etmək olar – zorla və aldatmaqla”,
“Heç kimin almaq istəmədiyi adamın satılmamağı elə də böyük qəhrəmanlıq deyil”.
Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvainin “Xəmsə”lərinin özbək və Azərbaycan dilində tərcümələri təqdim olunub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində bu ölkənin Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri əlyazmalarda” adlı tədbir və sərgi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən Nizami Gəncəvinin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsəri və alim, tərcüməçi Ramiz Əskər tərəfindən Azərbaycan dilinə çevrilmiş Əlişir Nəvainin “Xəmsə” əsərinin də təqdimatı keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini tədbirdə Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli təmsil edib. O, Özbəkistanla bütün sahələrdə olduğu kimi dövlətlərimiz tərəfindən mədəni əlaqələrin inkişafında da böyük işlərin həyata keçirildiyini qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Elmlər Akademiyası arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Akif Marifli Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsi layihəsindən danışaraq bunu Azərbaycan və Özbəkistanın mədəni həyatında böyük hadisə adlandırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında həyata keçirilən mədəni layihələrdən danışıb, bu mövzuda indiyədək 90-dan çox adda kitabın özbək dilində çap edildiyini bildirib. Diplomat böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaratdığını vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvai haqqında tezislərlə çıxış ediblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.