Super User
Eynşteynin 1922-ci ildəki real fotosu
“Ədəbiyyat və incəsənət” portalı Albert Eynşteynin 1922-ci ildə çəkilən real fotosunu Mediasol-a istinadən təqdim edir.
Eynşteyn nisbilik nəzəriyyəsi barədə mühazirə söyləyir naməlum fotoqrafdan yadigar qalan bu fotoda.
Ölməkdən yox, yaşamamaqdan qorxan gənc şair Ulucay Akifin “Gizlənqaç” kitabının təqdimatı keçirildi
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan" klubunda gənc şair Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tənqidçi Əsəd Cahangirin apardığı tədbirdə ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edib. Gənc şairin yaradıcılığı barədə fikir bildirən Rəşad Məcid qeyd edib ki, beş il öncə bu məkanda Ulucay Akifin ilk kitabının təqdimatına toplaşmışdılar, bu beş ildə çox şey dəyişib, müəllifin irəliləyişi göz qabağındadır. Rəşad Məcid Ulucayın bu illər ərzində karyera yüksəlişinə də toxunub, onun qəzet müxbirliyindən Kulis portalının baş redaktorluğuna yüksəlməsini təqdirəlayiq hesab edib. AYB sədrinin müavini AYB-nin foyesində satışda olan “Gizlənqaç” kitabından üç nüsxə aldığını, kitab ala bilməyən gənclərə hədiyyə edəcəyini də dilə gətirib.
Tənqidçi Əsəd Cahangir bu yeni kitab haqqında məqalə yazmağı planlaşdırdığını bildirib və söyləyib: "Ulucayın birinci və ikinci kitabı arasında kifayət qədər fərq var. Təkcə kitabların adlarını müqayisə edəndə bunu görmək mümkündür. Ulucay Akifin bütün şeirləri mənə altında minalar basdırılmış torpağı xatırladır. Sanki sən gedirsən, yerin altından nə isə bir məna çıxır”.
Əsəd Cahangir Ulucayın şeirlərinin yüksək poetik dəyərlər ifadə etdiyini vurğulayaraq misal olaraq dörd sətirlik “Əlfəçin” şeirini oxuyub:
Bitməsini istəmədiyim kitab kimisən
küləkli havada oxuyuram səni
saçın kitab səhifələri
barmaqlarım əlfəçindi.
Millət vəkili Aqil Abbas Ulucay Akifin atası, mərhum şair Akif Səmədlə bağlı xatirələrini danışıb, şairin “Ədalət” qəzetində müxbirlik fəaliyyətindən, məqsədyönlülüyündən, şeirlərinin dəyərindən söz açıb. O bildirib ki, Rəşad Məcid üç kitab alıb imkansız gənclərə hədiyyə edirsə, o özü beş kitab alıb hədiyyə edəcək.
Sonra şair Baba Vəziroğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi Elnarə Akimova, yazıçılar Varis, Əyyub Qiyas, şair Qəşəm Nəcəfoğlu çıxış ediblər.
Daha sonra Ulucay Akif tədbirə qatılanlara minnətdarlığını ifadə edib, tədbirə təşrif buyuranlar əldə etdikləri kitabları müəllifə imzaladıblar.
Qeyd edək ki, redaktoru Salam Sarvan olan kitabda müəllifin son beş ildə yazdığı şeirlər toplanıb. Kitab “Radius” MMC nəşriyyatında çap olunub.
Maraqlı dizaynda çıxan kitabın arxa cildindəki cümlə olduqca ibrətamizdir: “Sevmək, ayrılıqla yaşamaq ölümlə gizlənqaç oynamaq imiş. Bircə onu bilirəm ki, bu oyunun sonunda Tanrı hamımızı tapacaq”.
Fotolar APA agentliyinindir.
Xalça Muzeyində uşaqlar üçün Yeni il festivalı təşkil olunacaq
Dekabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Yeni il festivalı təşkil olunacaq.
Xalça Muzeyindən AzərTAC-a bildirilib ki, rəngarəng proqramla zəngin olan bayram şənliyində uşaqların əl işi olan geyimlərdən ibarət moda nümayişi, xalça kvesti oyunu, bir-birindən fərqli ustad dərsləri, konsert proqramı və nağıl saatı təşkil olunacaq. Balacalara sevinc dolu, unudulmaz anlar yaşatmağı hədəfləyən festivalda “Fitnə” kölgə teatrı janrında və “Tıq-tıq xanım” tamaşaları da göstəriləcək.
Uşaqlar festivala qatılmaqla əylənəcək, həm öyrənəcək, həm də öz istedad və bacarıqlarını göstərmək şansı qazanacaqlar.
Sabaha təsadüf edən əlamətdar hadisələrlə tanış olun
Sabah bazar günü olduğundan sabaha təsadüf edən əlamətdar hadisələri də diqqətinizə çatdırırıq:
12 dekabr.
Heydər Əliyevin anım günü
Bugünkü Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfatından 18 il keçir. 2003-cü ildə ABŞ-da, Klivlenddə vəfat edən Heydər Əliyev 80 il yaşayıb, həyatı boyu ən yüksək kürsülərdə əyləşib. Hər şey dünyaya gəldiyi Naxçıvandan başlayıb. O, 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Orada iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1967-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildə 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Qorbaçov hakimiyyətinəcən davam edən bu vəzifədaşımaya Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda xitam verilib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. 1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamının qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, Heydər Əliyev hakimiyyətini qoruya bildi. Bu dönəmlərdə iki gündəmdə duran məsələ də öz həllini tapdı: 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.1994-cü il sentyabrın 20-də isə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu ABŞ-ın Klivlend Klinikasında vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olundu.
Xeyriyyəçilik günü
Azərbaycanın tarixdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçisi olub, məktəblər açaraq savadsızlıqla mübarizə aparan, xaricdə tələbələr oxudub ölkənin ziyalı potensialını yaradan, iş yerlərini ardıcıl sıralayaraq həm Azərbaycanın iqtisadiyyatını gücləndirən, həm insanlara çörək verən, yaraşıqlı binalar tikdirib Bakının hüsnünü gözəlləşdirən, incəsənətə pul qoyaraq xalqının milli mədəniyyətinin inkişafına böyük töhfələr verən, hətta Pakistanın epidemiyadan qırılan əhalisinə yardım etməklə iki xalqın əbədi dostluğunu təmin edən bu böyük şəxsiyyətə haqlı olaraq “Millət atası” deyiblər. Və bu Xeyriyyəçilik günündə məhz onun adını çəkmək bizim borcumuzdur. Çox təəssüf ki, hazırda ölkədə milli burjuaziya olmadığına görə xeyriyyəçilik hərəkatı da Kamil Zeynallı, Elçin Ləmbəranski kimi bir-iki nəcib və vətənpərvər insanın ianə toplamaqla həyata keçirdiyi xırda aksiyalar şəklini alıb. Dünyada isə xeyriyyəçilik missiyasını çox iri kompaniyalar, milyardçı filantroplar həyata keçirirlər, dövlətlər də onları dəstəkləyir. ABŞ və digər dövlətlərdə xeyriyyəçilik barədə ayrıca dövlət siyasəti də aparılır, müvafiq qanunvericilik qüvvədədir. Dünya bu gün xeyriyyəçi qurum və şəxsiyyətlərə minnətdarlıq ifadə edir. Xeyirxahlar olmasa dünya məhvərindən çıxar, biləsiniz.
Neytrallar, Araz Ağalarov, Aytmatov
Beynəlxalq neytrallıq günüdür həm də 12 dekabr. Müharibələrə qoşulmayan Avropanın cırtdan dövlətlərini, habelə İsveçrəni yada salaq. Neytral qala bilmək böyük xoşbəxtlikdir, belədə məğlubiyyət təhlükəsindən tam sığortalanmış olursan. Ümumdünya tam tibbi təminat günüdür. Allah bizləri bacarıqsız həkimlərlə və dava-dərmansız xəstəxanalarla sınağa çəkməsin əsla. Zınqırovda zəng çalma günüdür. Bəzi ölkələrdə bol-bol zınqırov çalınacaq. Amerikada milli ambrosi günüdür. Elə bildim nədisə hərblə bağlı bir gündür, deməzsənmiş, söhbət meyvə salatından gedir.
1979-cu ildə milyonçu Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov dünyaya gəlib. Ata pullarını eyş-işrətə deyil, sənətə xərcləyən bu istedadlı gənc çoxlarına nümunə ola bilər. 1980-ci ildə neft maqnatı Armand Hammer 5,3 nilyon dollara London auksionunda 1508-ci ilə aid Leonardo da Vinçinin 36 səhifəlik qeydlər dəftərini alıb. 1979-cu ildə SSRİ “politbürosu” Əfqanıstana qoşun yeridilməsi barədə qərar qəbul edib. 1935-ci ildə Henrix Gimmler “Həyat mənbəyi” adlı nasist əhali artımı proqramını ortaya çıxardıb. 1928-ci ildə dünyaşöhrətli qırğız yazıçısı, “Kötük”, “Gün var əsrə bərabər” kimi romanlarla adını ədəbiyyat tarixinə yazmış Çingiz Aytmatov dünyaya gəlib. 1925-ci ildə ABŞ-da “Motel” adlı yolkənarı otel açılıb, bütün motellər adlarını burdan götürüblər. 1917-ci ildə Fransada hərbi eşelon qəzaya uğrayıb, cəbhədən sağ-salamat qayıdan 700 fransız əsgəri həlak olub. 1821-ci ildə “Madam Bovari” adlı romanı əl-əl gəzən fransalı yazıçı Qustav Flober doğulub. 1792-ci ildə Vyanada 19 sent ödəməklə 22 yaşlı Lüdviq van Bethoven Frans Yozef Qaydndan ilk musiqi kompozisiyası dərsi alıb. Həmin il rus komediyalarının atası Denis Fonvizin rəhmətə gedib. 1766-cı ildə isə rus yazıçısı və tarixçisi Nikolay Karamzin doğulub.
Qaradərililərin möcüzəsi
Həyatda elə təsadüflər olur ki, onların zərurətdən doğulması əsla inandırıcı görünmür, amma təsadüfün miqyası da insanda şübhələr yaradır. Elə bax indi deyəcəyim də. Bilirsiniz ki, Afrikanın Keniya adlı ölkəsində dünyanın ən bərk qaçan insanları doğulurlar. Hüseyn Boltun vətəni idmanın qaçış növü üzrə bütün medalları daşımaqda pərgardır. Demək, 1969-cu ilin 12 dekabrında Keniyada gələcəkdə qaçış üzrə ən müxtəlif çempionluqlar qazanacaq Uilfred Kiroşi dünyaya gəlib. 1971-ci ilin yenə də 12 dekabrında Keniyada çempionluqlar sıralayacaq qaçışçı Semmi Korir, 1972-ci ilin 12 dekabrında isə çempionluqlar sıralayacaq digər qaçış ustası Uilson Kipketer doğulublar. 1974-cü ilin yenidən 12 dekabrında bu ölkədə növbəti qaçış üzrə çempionlar çempionu Bernard Laqat doğulub. Yox, hamısı deyil. 1990-cı ilin yenə də 12 dekabrında bu ölkədə daha bir qaçış çempionu – Nikson Çepseba doğulub. Demək, 12 dekabrda balaca ölkədə birdən-birə 5 dünya çempionu atlet ad gününü qeyd edəcək. Möcüzə deyilmi?
Üçlərin vəfatı
Və ən nəhayət, 12 dekabrda üç tanınmış Azərbaycan ədibi dünyasını dəyişib. Xalq şairi Cabir Novruz, xalq yazıçısı Hüseyn Abbaszadə, habelə istedadlı istiqlalçı şair Ağamalı Sadiq. İndi Cabir Novruzdan “Gecikmiş məhəbbət” şeirini əzbər deyərəm, amma bilirəm ki, onu çoxunuz bilirsiniz. Odur ki, vaxtsız aramızdan gedən böyük şair Ağamalı Sadıq Əfəndidən bir-iki bənd demək istədim həftəyə yekun olaraq:
Bu dünyanın axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçdikcə daşa dəydi inadım,
Korun-korun, gilə-gilə yaşadım.
Sən əylənmə, aylı dağda qar azdı,
Mənim yolum Həkəridi, Arazdı
Görən yazan taleyimə nə yazdı?
Göz yaşımı silə-silə yaşadım.
Varisin “Həftənin təqvimi” yazısından
Aşıq Pənahın 95 illiyidir
Sovetlər dönəmində bütün dövlət konsertlərində başında iri papaq olan bəstəboy bir aşıq çıxış edər, saz çalar, rəqs edər, pariyadan, Lenindən mahnılar oxuyardı, Əlipənаh Ələsgər оğlu Pənаhоv (Аşıq Pənаh) idi o. Salyan rаyonunda аnаdаn оlan Aşıq Pənah Şirvan aşıqlarının yetişdirilməsində müstəsna rol oynamışdı. İşin ideoloji tərəflərini çıxsaq, insafən, yaxşı aşıq idi, sadəcə, qırmızı kommunist kabusuna xidmətdən sui-istifadə etmişdi.
Aşıq Pənahın yaradıcılığında dörd və beşbəndlik gəraylılar və qoşmalar əsas yer tutur, məşhur gəraylılarından “Dilbər”, “İnciyər”, “Vurulmuşam”, “Ana Kürüm”, qoşmalarından isə “Desin”, “Uşaqlar”, “Bu yanda dur”, “Gördüm” və s. adlarını çəkmək olar. Aşıq Pənah iki dastanın (“Sülh”, “Pambıqçılar”), 18 aşıq havasının (“Dilbər”, “El gözəli”, “Ala gözlüm”, “Yeddi qardaş”, “Səhər nəğməsi”, “Azərbaycanım” və s.), 128-ə qədər qoşmanın müəllifi olub, onun “Saz və söz”, “Sözlərimi saxla yadda”, “Məhəbbətdən danışaq”, “Təzə söz, təzə mahnı”, “Mənim sazım” kimi şeirlər kitabı işıq üzü görüb. Аşıq Pənаh kеçmiş SSRİ-nin müхtəlif şəhərlərində, Finlandiya, Bolqarıstan, Rumıniya, Polşa, Çexoslovakiya, Hindistan kimi xarici ölkələrdə Azərbaycan mədəniyyətini, aşıq sənətini təbliğ edib, mədəniyyətimizin inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1978-ci il аvqust ayının 26-da vəfаt еdən aşığın adını Salyanda bir küçə, 1 lisey və Salyan rayon Yenikənd Folklor Evi daşıyır. 2007-ci ildə haqqında film də çəkilib.
“Harri Potter və fəlsəfə daşı” romanının nadir ilk sərt üzlü nəşri rekord qiymətə satılıb
İngilis yazıçısı Coan Roulinqin gənc sehrbazdan bəhs edən “Harri Potter və fəlsəfə daşı” romanının nadir ilk sərt üzlü nəşri Texasın Dallas şəhərindəki “Heritage Auctions” hərracında 471 min dollara satılıb.
TASS agentliyi xəbər verir ki, 1997-ci ildə bu romanın ilk nəşri cəmi 500 nüsxədən ibarət olub. Onlardan 300-ü dərhal kitabxanalara və məktəblərə paylanılıb, yalnız 200-ü mağazalarda satılıb. Bu səbəbdən kitabxana möhürü olmayan nüsxələr kolleksiyaçılar tərəfindən xüsusilə yüksək qiymətləndirilir.
Məlumatda bildirilib ki, satılan nüsxə əla vəziyyətdədir. “Bu nüsxəni insan qəlbini ovsunlayan, gözü qamaşdıran sözlərindən başqa cür təsvir etmək mümkün deyil. Onu əldə saxlamaq inanılmaz görünür”, - lotun təsvirində deyilir.
Qeyd edək ki, sehrbaz oğlan haqqında 1997-2007-ci illərdə nəşr olunan yeddi roman Coan Roulinqə dünya şöhrəti gətirib. 80-dən çox dildə nəşr olunan kitabların ümumi tirajı 500 milyon nüsxəni keçib. Bu əsərlər əsasında səkkiz blokbaster çəkilib.
Baladadaşın toy hamamı” tamaşası növbəti dəfə səhnədə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” (bəstəkar Firidun Allahverdi) ikihissəli musiqili lirik komediyası dekabrın 18-də nümayiş olunacaq.
Teatrdan AzərTAC-a bildirilib ki, sevilən tamaşalar sırasında yer alan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Əmrah Dadaşov, Aydan Həsənova, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Güldanə Əzimova, Telnaz Hüseynova, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa edəcəklər.
Doğum günü bu günə təsadüf edən Oşodan müdrik kəlamlar
11 dekabrda dünyaya gələn ünlülər sırasında Oşonun da adı var. 1931-ci ildə Hindistanda doğulan, adı dillər əzbəri olan din xadimi və filosof Oşonun təlimləri Azərbaycanda çox məşhurdur, onu gənclər sevə-sevə oxuyurlar. Oşonun qızıla bərabər kəlamları var, onlardan bəzilərini “Ədəbiyyat və incəsənət” portalı seçərək diqqətinizə çatdırır:
Həyat qorxunun bitdiyi yerdə başlanır;
Əgər bir gülü sevirsinizsə onu qırmayın. Çünki siz onu qıranda o gül ölür, sizin sevdiyiniz də ölür. Deməli, əgər gülü sevirsinizsə, qoyun, o yaşasın. Sevgi nəyəsə sahib olmaq deyil, onu qiymətləndirməkdir;
Kədər dərinlik, xoşbəxtlik yüksəklikdir. Kədər kök atır, xoşbəxtlik qol-budaq atır. Xoşbəxtlik başı göylərə dəyən ağac kimidir, kədər isə yerin dərin qatlarına işləyən kök kimidir. Hər ikisi vacibdir. Ağac nə qədər yüksəkliyə qalxsa, onun kökü də dərin olur;
Körpə dünyaya gələndə ana da doğulur. Körpə doğulmazdan əvvəl o qadın idi, ana yox;
Mən bu dünyanı sevirəm, çünki bu dünya mükəmməl deyil. Mükəmməl deyil, ona görə də inkişaf edir. Əgər mükəmməl olsaydı, çoxdan ölərdi, inkişaf etməzdi;
Bu dünyaya çoxlu insan gəlib, sonra bu dünyanı tərk edib. Bu çox yaxşıdır. Onlar daha yaxşılar üçün yerləri boşaldırlar;
Xoşbəxt olmağın çox sadə yolu var. Nə edirsinizsə edin, qoymayın ki, keçmiş sizin beyninizə köçsün, qoymayın ki, gələcək sizi narahat etsin. Çünki keçmiş artıq yoxdur, gələcək isə hələlik yoxdur. Xatirlərdə yaşamaq, xəyallarda mövcud olmaq mövcud olmamaqdır.
Hüseyn Nihal Atsızı yad edək!
Təqvimdə bu gün – 11 dekabrda doğulan və vəfat edən çox sayda ünlülərin adları qeyd edilib. Bəzilərinə mütləq nəzər salmağımız gərəkiyir. 1975-ci ildə İstanbulda çağdaş türk ədəbiyyatının zirvələrindən sayılan, böyük türkçü və turançı Hüseyn Nihal Atsız 70 yaşında dünyasını qeyb edib. 1969-cu ilin 11 dekabrı şahmat üzrə ən güclülərdən biri, dünya çempionu, hindistanlı Vişvanatan Anandın doğum günüdür. 1953-cü ildə “Maşina vremeni” rok-qrupunun solisti Andrey Makareviç dünyaya gəlib, ölkəmizdə onun pərəstişkarları həddən artıq çoxdur. 1945-ci ildə stratosferdə Yer kürəsini zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon qatının olmasını kəşf etmiş fransalı fizik Şarl Fabri dünyadan köçüb. 1933-cü ildə Azərbaycanın görkəmli yazarı, maarifçisi Əbdürrəhman bəy Haqverdiyev dünyadan köçüb. 1918-ci ildə rus dissident yazıçısı Aleksandr Soljenitsin doğulub. Onun “QULAQ arxipelaqı” əsərini yəqin ki, oxuyanlarınız az deyil. Soljenitsin ilə eyni gündə Azərbaycanın xalq yazıçısı Bayram Bayramov da dünyaya gəlib. Sovetlər dönəmində ulduzu parlayan bu yazıçının müstəqillik dönəmində bəxti gətirməyib. Uzun söhbətdir. 1913-cü ildə bir vaxtların ən kult filmi olan “Fantomas”da baş rol almış məşhur fransız aktyoru Jan Mare dünyaya gəlib. 1882-ci ilin 11 dekabrı Nobel mükafatçısı, kvant mexanikasının banisi, alman fiziki Maks Bornun doğum günüdür. 1864-cü ildə soyğunçu Qaben obrazı ilə tarixə düşmüş fransız yazıçı Moris Leblan anadan olub. 1856-cı ildə marksizm ideoloqu, filosof Georgi Plexanov doğulub. 1843-cü ildə isə Nobel mükafatçısı, vərəmin müalicəsini tapmış alman mikrobioloqu Robert Kox dünyaya gəlib.
Bu gün dünya hansı əlamətdar hadisələri qeyd edəcək?
Bu günə təsadüf edən əlamətdar hadisələrə diqqətinizi cəlb etmək istəyirik:
11 dekabr.
Beynəlxalq dağlar günü
İnternetional Mountain Day – BMT-nin Baş Assambleyasının təklifi ilə 2003-cü ildən qeyd olunur. Planetin dörddə birini tutan dağlarda dünya əhalisinin 10 faizi yaşayır. Dağlar bir çox unikal bitkilərin, heyvanların təbii qoruğu olmaqla bütün iri çayların da mənbəyidir. Dünyanın ən hündür zirvəsi – Himalay dağlarındadır, 8844 metrlik Everest (Comolunqma) zirvəsidir, ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Kea dağı sayılır.
Cənubi Qafqaz adlandırılan bir ərazidə yerləşməsi artıq Azərbaycanın dağlarla bağlı olmasına bir işarədir. Axı burda söhbət Qafqaz sıra dağlarından gedir. Azərbaycanın ən hündür dağ zirvələri Bazardüzü (4466m) və Şahdağdır (4243m). Kiçik Qafqaz, Zəngəzur, Dərələyəz, Murovdağ, Qarabağ, Şahdağ, Talış dağ silsilələrinə qucaq açıb Azərbaycanımız. Qərbdə Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa, cənub-qərbdə Qubadlı, şimalda Qax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı, şimal-şərqdə Qusar, Quba, şərqdə Şabran, Xızı, cənub-şərqdə Yardımlı, Lerik sırf dağ rayonlarıdır.
Ümumdünya bronxial astma xəstəsi günü
Statistikaya görə dünyanın yaşlı əhalisinin 5, uşaqların isə 10 faizi bu xəstəlikdən əziyyət çəkirlər. Ümudünya Səhiyyə Təşkilatı bu günü təqvimə saldırmaqla cəmiyyətin diqqətini bu xəstəliyə yönəltmək istəyir, onun xüsusən uşaqlar arasında sürətli artımının qarşısını almağa yönəli tədbirlər keçirməyi tövsiyyə edir. Allah bütün xəstələrə şəfa versin!
Beynəlxalq tanqo günü
İçinizdə çətin ki, tanqosevər tapılmasın. Tanqo XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqsdir. Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranıb, sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Dünyaşöhrətli argentinalı postmodernist Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası, həyatlarını anladırdılar.
Sözümü qəribçiliyə salmayın, hazırda ən depressiv hallarında insanlar ortaya düşüb saatlarca rəqs edirlər, bu, onların xilasına çevrilir, odur ki, ən küskün və ən kədərli anlarınızda tanqo da olmasa, tutalım, “Qaytağı” oynaya bilərsiniz.
Biq Ben saatı niyə dayandı?
Deməyin ki unutmuşam. Amerikalılar dünən milli lager pivəsi gününü qeyd ediblər, bu günsə onlarda iki bayram birdəndir, “Bublikin (simitin) olsun” günü və milli əriştə günü. Ümumiyyətlə, xoşbəxt amerikalılar xoşbəxtliklərini hər gün bir mətbəxə aid bayramla qeyd edirlər, yeyirlər, içirlər. Sabaha da mütləq bir mətbəx bayramları olmamış olmaz. Amma gəlin hadisələri qabaqlamayaq.
1994-cü ilin bu günündə rus ordusu Çeçenistana soxulub. 1993-cü ildə Nyu-York auksionunda tarixin ən bahalı teleqramının satışı baş tutub: SSRİ rəhbəri Xruşovun 12 aprel 1961-ci ildə kosmosa uçmuş kosmonavt Qaqarinə təbrik teleqramı 68500 dollara satılıb. 1988-ci ildə Leninakan yaxınlığında zəlzələdən zərər çəkən ermənilərə İl-76 təyyarəsi ilə köməyə gedən azərbaycanlılar qəzaya uğradılaraq həlak olublar, bu barədə Spitak zəlzələsi barədə qeydlərimdə ətraflı yazmışdım. 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı olub. Hələ də bu terror hər yerdə təyyarə qəzası kimi qeyd olunur, biz bu erməni cinayətinin üstünün açılmasına əsla cəhd etmirik.
1981-ci ildə Londondakı Biq Ben saatı tarixində ilk dəfə dayanıb, 12:27-də baş verən olay şiddətli şaxta səbəbindən olub. 1963-cü ildə oğlu oğurlanan Frenk Sinatra bundan ötrü quldurlara 240000 dollar ödəməli olub. 1960-cı ildə fransızlar prezidentləri Şarl de Qollun müstəmləkələri olan Əlcəzairə səfəri zamanı protest edən əlcəzairliləri gülləbaran ediblər. 1946-cı ildə milyardçı və filantrop Con Rokfeller Nyu-Yorkda 18 akrlıq torpağı BMT-yə iqamətgah tikmək üçün hədiyyə edib. 1946-ci ildə Böyük Britaniyada ilk proqram kompüteri patent alıb. Həmin il YUNİSEF uşaq fondu yaradılıb. 1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan edib. 1937-ci ildə Moskvada, Böyük Teatrda Stalin “Deputat- xalqın quludur” frazasını işlədib (kaş ki,”deputat – pulun quludur” frazasını işlədəydi). 1894-cü ildə 9 firmanın iştirakı ilə Parisdə dünyanın ilk avtosalonu açılıb. 1872-ci ildə ABŞ tarixində ilk dəfə qaradərili şəxs qubernator olub – Luizanada Pinki Stüart. 1785-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru 2-ci İosif masson lojalarının leqallaşdırılması barədə qərar qəbul edib. Və ən nəhayət, 630-cu ildə Məhəmməd peyğəmbər 10 min nəfərlik ordunu Məkkəyə yeridib.
Varisin “Həftənin təqvimi” yazısından