Super User
Karikaturaçımız İranda Karikatura Festivalında iştirak edir
İstedadlı karikaturaçı rəssamımız Soltan Soltanlı İranda "İnsanlıq" mövzusunda keçirilən Beynəlxalq Karikatura Festivalında iştirak edir. Rəssam “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında bildirib ki, festivalın sərgisinə 632 əsər seçilib. Sərgidə onun da iki əsəri yer alıb.
Sidqi Ruhulla Səməd Vurğunun “Vaqif” pyesini necə zənginləşdirdi
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə Sidqi Ruhullanın (1886-1959) xatirələrini təqdim edəcəyik. Milli tetarımızın tarixində əvəzsiz rol oynayıb bu böyük sənətkar. Ruhu şad olsun!
***
Hələ uşaqlıqdan aktyor sənətinə böyük marağım vardı, imkan tapan kimi meydan tamaşalarına baxar, kəndirbaz oyunlarını, səyyar sirk tamaşalarını izləyər, Novruz bayramlarında yaşıdlarımla bərabər “Kosa-kosa” oyunu hazırlayıb yaşadığım Buzovna qəsəbəsində dolaşardım.
Az sonra Hüseyn Ərəblinski ilə dostlaşdım, səhnəyə, aktyor sənətinə olan marağımı ona bildirdim.
– Sənin teatra göstərdiyin həvəs məni də heyran edir, – Ərəblinski dedi. – İstənilən bir işi görmək üçün həvəs lazımdır. Gəl belə danışaq, sabah günortadan sonra vaxt tap, gəl “Nicat” cəmiyyətinə, imkan eləsən, balaca bir monoloq da hazırla, həm də səni dostlarımla tanış edərəm.
Hüseynin sözləri mənə qol-qanad verdi, ondan ayrılandan sonra bir müddət gəzib-dolaşdım, sabahkı görüşü fikirləşdikcə ürəyimə bir qorxu doldu. Belə çıxırdı ki, sabah imtahan verməyə gedirdim. Az qala fikrimdən daşınacaqdım. Amma sonra bu düşüncələri ağlımdan çıxarıb qəti qərara gəldim. Fizulinin “Leyli və Məcnun” poemasından bir parça hazırlayıb deyilən vaxtda Ərəblinski ilə görüşdüm. O, məni diqqətlə dinlədi, səsimə, boy-buxunuma, mimikama nəzər salıb əlini çiynimə qoydu.
– Elə belə də bilirdim, – dedi. – Sənin böyük gələcəyin var.
Qulaqlarıma inanmadım:
– Doğru deyirsən? Yəni məndən də artist çıxar? – uşaq sadəlövhlüyü ilə xəbər aldım.
– Əlbəttə çıxar. Sən tezliklə tanınmış bir artist olacaqsan! Aramıza xoş gəldin.
***
Bir dəfə tamaşada tərəf müqabilimə məktub verməliydim, hər dəfə zərfin içində olan kağızda məktubun mətni yazılırdı. Bu dəfə kimsə məktub yerinə ağ kağız qoymuşdu. Nə mən, nə də tərəf müqabilim məktubun mətnini əzbərdən bilmirdik. Mən məktubu aktyora verdim, açıb ağ kağız olduğunu görəndə məktubu mənə uzatdı:
– Oxu gör nə yazıblar, – dedi.
Bir anlıq çaşsam da, tez vəziyyəti başa düşdüm.
– Cənab, çeşməyim yan otaqda qalıb, gözlə gətirim, oxuyum, – deyib, hər ikimizi vəziyyətdən çıxartdım.
***
Böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun “Vaqif” dramında yaratdığım Qacar obrazı ilə bir daha ümumxalq sevgisi qazandım.
Tamaşanın məşqlərindən birinə Səməd Vuruğun özü də gəlmişdi, zalda oturub bizə baxırdı. Vaqiflə Qacarın görüş səhnəsini məşq edirdik. Birdən məşqi saxlayıb üzümü Səmədə tutdum:
– Bu yerdə Qacarın daha qaniçən, daha cəllad olduğunu vermək üçün elə bil nəsə çatmır, – dedim.
Səməd ani olaraq fikrə getdi, sonra ayağa qalxıb söylədi:
– Bir boynu olsaydı bəşəriyyətin
Onu qılıncımla vurardım yəqin! – burda belə deyərsən.
Məşqdə olanlar şairi alqışladılar. Beləcə həmin beyt əsərə əlavə olundu.
Azərbaycan və Qətər arasında mədəni əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Qətər Dövlətində səfərdə olan Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dekabrın 6-da Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Tani ilə görüşüb.
“Ədəbiyyat və incəsənət portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan və Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilən görüşdə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və səfirliyin nümayəndələri də iştirak edib.
Nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın tarixi, incəsənəti, zəngin ədəbiyyatı, musiqi mədəniyyəti, xalq sənətləri, o cümlədən ölkəmizin xalçaçılıq məktəbləri, şəbəkə sənəti və digər mövzular barədə həmsöhbətini ətraflı məlumatlandırıb. Cari ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edərək, dahi şair və mütəfəkkirin yaradıcılığından söhbət açıb, onun zəngin irsinin regionumuzun hüdudlarından çox uzaqlarda şöhrət tapdığını və dərindən araşdırılıb tədqiq edildiyini söyləyib.
Elnur Əliyev, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini izah edib. Azərbaycanın təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də qələbə qazandığını qeyd edib. Mədəniyyətin ölkələr və xalqlararası münasibətlər üçün körpü rolu oynadığını bildirərək, bu xüsusda mövcud potensialdan geniş istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində nazir Şeyx Əbdülrəhman bin Həməd Al Tani ölkələrimiz arasında ikitərəfli münasibətlərin və mədəni əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, müştərək səylər və birgə fəaliyyət vasitəsilə bu əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, dekabrın 29-da Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Heydər Əliyev Sarayının “Nizami Gəncəvi İli” çərçivəsində keçirəcəyi yekun tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Müəllifin “Xəmsə”yə müraciətinin məqsədi Nizami irsindən bəhrələnməklə yanaşı, ayrı-ayrı poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılmasına və təbliğinə yönəlib. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, tamaşanın aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrdən ibarətdir. Layihənin yaradıcı heyəti əmindir ki, ilk böyük səhnə təcrübələri olmasına baxmayaraq, gələcəyin aktyor və aktrisaların öz rollarının öhdəsindən məharətlə gələcəklər.
Tanınmış balet ustası Tamilla Şirəliyevanın 75 yaşı tamam olur
Nə olsun ki, içimizdə baletsevən çox azdır. Gəlin tanınmış balet ustası Tamilla Şirəliyeva 75 yaşının tamam olması münasibəti iləsəmimi qəlbdən təbrik edək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbində görkəmli balet ustası Qəmər Almaszadənin sinfini bitirən Tamilla xanım həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, Moskvada Xoreoqrafiya Məktəbində təkmilləşmə kursu keçib. 1978-ci ildən Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xoreoqrafiya incəsənəti kafedrasında da dərs deyir. 1998-ci ildən kafedranın dosentidir. O, Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənə banu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Aişə, Fuyetta (“Yeddi gözəl” və “İldırımlı yollarla”, Qara Qarayev), Şəhrizad (“1001 gecə”, Fikrət Əmirov), eləcə də Maşa, Odetta-Odiliya, Şahzadə Florina (“Şelkunçik”, “Sonalar gölü” və “Yatmış gözəl”, Pyotr Çaykovski) rollarını məharətlə ifa edib. Eyni zamanda Qara Qarayevin “Leyli və Məcnun”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Aqşin Əlizadənin “Qafqaza səyahət” baletlərinə quruluş verib. Tamilla Şirəliyeva “1001 gecə” baletində Şəhrizadın partiyasının ifasına görə 1981-ci ildə SSRİ Dövlət mükafatı alıb. O, 21 may 1970-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 10 yanvar 1978-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu gün növbəti təltifini də gözləyirik.
Azərbaycan nümayəndə heyəti UNESCO-nun komitə iclasında iştirak edib
Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, nümayəndə heyəti 2-3 dekabr tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib.
Komitənin gündəliyində əsas məsələlərdən biri olan milli hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək bildirib ki, protokolun icrası barədə milli hesabatların təqdim edilməsinə Azərbaycan tərəfi böyük önəm verir. Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabatda işğaldan azad olunmuş ərazilərdə yerləşən milli irsimizlə bağlı məqamlar öz əksini tapıb. Vurğulayıb ki, hazırda ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə işğalçı tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi və bərpası üzrə tədbirlər görülməkdədir. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinq prosesinə əsas maneə təhlükəsizlik məsələsi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən abidələrin ətrafına yerləşdirilmiş müxtəlif tipli, həmçinin piyadalar əleyhinə minalardır.
Xidmət rəisi bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə abidələrin qorunması ilə əlaqədar mütəşəkkil və sistemli bir fəaliyyəti həyata keçirir. Post-müharibə dövründə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfi öz nümunəvi təcrübəsini digər dövlətlərlə də paylaşmağa hazırdır.
Komitə iclası zamanı abidələrin qorunması üzrə monitorinqin və nəzarətin həyata keçirilməsi üzrə alt komitənin mandatının uzadılması qərara alınıb və Azərbaycan tərəfi də bu qərara öz dəstəyini verib.
Komitənin iclası zamanı Azərbaycan təmsilçiləri həm mahiyyəti üzrə, həm də təşkilati məsələlərlə bağlı dəfələrlə çıxışlar və şərhlər etmiş, Komitənin 12 üzvü arasında fəallarından olmuşdur.
“Dədə Ələsgər” kitabının təqdimatı olub
Milli Məclisin Mədəniyyət komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirilən tədbirin aparıcısı Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı qüdrətli söz ustadının 200 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq Sərəncamının əhəmiyyətindən söz açaraq Aşıq Ələsgər irsinə dövlət qayğısından danışıb. O, Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət komitəsi tərəfindən qüdrətli söz ustadı Aşıq Ələsgərə həsr olunmuş bir sıra mühüm tədbirlər təşkil etdiyini bildirib, “Dədə Ələsgər” kitabının nəşrinin və təqdimat mərasiminin də bu çərçivədə reallaşdığını vurğulayıb.
Mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər yaradıcılığı, şəxsiyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib. O, bu il 200 illiyi keçirilən ustadlar ustadı Aşıq Ələsgərin uzun illərdir erməni işğalında qalan və dağıdılan məzarından da danışıb. Komitə sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dönəmində ermənilər ciddi vandallıq əməlləri törətdiyi kimi Göyçədə də Aşıq Ələsgərin məzarı ilə öz xislətləri üzrə davranıblar.
Ümummilli liderimiz Heydər Əliyevin “Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” sözlərini xatırladan komitə sədri, Aşıq Ələsgər yaradıcılığının məhz yüksək mədəniyyətin örnəyi olduğunu, həmişəyaşarlıq simvolu olduğunu deyib: “Ölkə başçısı fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında, bu günlərdə isə Bakıda heykəlinin ucaldılması ilə bağlı Sərəncam imzaladı. Bu, aşıq sənətinə, ümumən mədəniyyətə dövlətimizin, şəxsən dövlət başçımızın yüksək münasibətinin ifadəsidir. UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyləri ilə Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini də burada minnətdarlıqla xatırlatmaq istərdim.
Aşıq Ələsgər Göyçədən türk dünyasına doğan sənət Günəşi idi. Onun yaradıcılığı sənətkarın insanlığa, hadisələrə, dünyaya baxışını aydın şəkildə göstərir.
Sənətkarın doğma yurdu Göyçə bu gün inzibati, siyasi-hüquqi sınırlarımız içində olmasa da, mədəniyyət, sənət coğrafiyamıza aiddir. Bizim Göyçədəki maddi-mədəni irsimiz, tarixi abidələrimiz son onilliklər boyu dağıdılıb və ya dağılmaq üzrədir. İnşallah Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi, Göyçədə də mədəni irsimizə sahib çıxacaq, onları bərpa edəcək, yenilərini tikəcək və Aşıq Ələsgərin bir abidəsini də orada yüksəldəcəyik.
Tədbirdəki digər çıxışlarda Aşıq Ələsgər irsi Azərbaycan mədəniyyəti tarixi üçün xüsusi hadisələrdən biri kimi dəyərləndirilib, şeirlərindən örnəklər səsləndirilib, sənətkarın mükəmməl şair, aşıq, dilçi, qüdrətli söz yaradıcısı olmasına diqqət çəkilib. Natiqlər Aşıq Ələsgər yaradıcılığının qorunması və təbliğ edilməsini dövlət mədəniyyət siyasətimizin tərkib hissəsi kimi şərh ediblər.
Aşıq Ələsgər ustaddan dərs almış, özü sağlığında ustadlaşmış qüdrətli sənətkar kimi xarakterizə olunub. Vurğulanıb ki, sənətkar milli, dini mənlik şüurunun gözəl tərənnümçüsü, ustad təbliğatçısı və mükəmməl yaradıcılarından, onu zənginləşdirənlərdən biri olub.
Sonda “Dədə Ələsgər Ocağı”nın rəhbəri Xətai Ələsgər çıxış edərək, bir ildə Aşıq Ələsgər haqqında iki sərəncam verən dövlət başçısına, aşıq sənətinin təbliği işinə yerli və beynəlxalq səviyyədə xüsusi dəstək göstərən Birinci vitse-prezidentə minnətdarlıq ifadə edib. O, gözəl nəşr və təqdimat üçün zəhməti keçən hər kəsə, Milli Məclisin Mədəniyyət komitəsinə təşəkkür edib, Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkür plaketi verib.
Qeyd edək ki, Aşıq Ələsgərin nəvəsi, mərhum filoloq alim İslam Ələsgərin vaxtı ilə topladığı əsərlər və yazısı əsasında “CBS”-də çap olunan nəfis tərtibatlı “Dədə Ələsgər” kitabının layihə rəhbəri və “Ön söz” müəllifi Qənirə Paşayeva, nəşrə məsul Arzu Bağırovadır. Kitabın məsləhətçisi Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, redaktoru Araz Yaquboğlu, rəyçiləri Əziz Ələkbərli, Xətai Ələsgər və Əkbər Qoşalıdır.
Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına hədiyyə olunacaq.
Görkəmli aktrisamız Mərziyyə Davudovanın 120 illiyidir
Bu gün Azərbaycanın görkəmli aktrisası Mərziyyə Davudovanın 120 illiyidir. “Ədəbiyyat və incəsənət” portalı xəbər veriri ki, 1901-ci ildə azərbaycanlıların sıx yaşadığı Həştərxanda anadan olan, rus-tatar məktəbində təhsil alan Mərziyyə Davudova teatr fəaliyyətinə də təhsil illərində başlayıb, həvəskarların hazırladıqları tamaşalarda oynayıb. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən aktrisanın rolunu bəyənərək onu Bakıya dəvət edib.
Azərbaycan teatrının ilk peşəkar aktrisalarından sayılan Mərziyə Davudova 1920-ci ildə Bakıya gəlib və o gündən ta ki ömrünün sonunadək Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. O, 1956-1961-ci illərdə Azərbaycan Тeatr Cəmiyyətinin (indi Azərpaşa Nemətin sədrlik etdiyi Teatr Xadimləri İttifaqının) sədri olub. Xüsusən Cəfər Cabbarlının səhnə əsərlərində yaratdığı obrazlarla (“Aydın” (Gültəkin), “Oqtay Eloğlu” (Firəngiz), “Od gəlini” (Solmaz), “Sevil” (Sevil), “Almaz” (Almaz), “Solğun çiçəklər” (Gülnisə), “1905-ci ildə” (Sona)) adını teatr tarixinə yazıb. 1928-ci ildən filmlərə də çəkilib, kino aktrisası kimi də məşhurlaşıb. Kinoda əsasən müxtəlif xarakterli ana rollarında çıxış edən Mərziyyə xanımı xüsusən 1955-ci ildə lentə alınmış “Bəxtiyar” filmindən yaxşı tanıyırıq. O, 1933-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti”, 1936-cı ildə “Xalq artisti”, 1949-cu ildə “SSRİ Xalq artisti” fəxri adlarına, 1948-ci ildə “Stalin” mükafatına, 1959-cu ildə “Şərəf nişanı” ordeninə layiq görülüb. Mərziyyə Davudova 1962-ci il yanvar ayının 6-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!
Mədəniyyət nazirimiz Şeyx Əhməd Əl Tayiblə görüşüb
Xəbər verdiyimiz kimi mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində Anar Kərimovun Misirin aparıcı Əl-Azar Universitetinin baş İmamı Şeyx Əhməd Əl Tayiblə görüşü baş tutub.
Görüşdə Azərbaycanla Misir Ərəb Respublikası arasındakı dostluq münasibətinin qədim köklərə dayandığını bildirən A. Kərimov Mədəniyyətlərarası Dialoqun inkişafında Misirin mühüm rolundan söz açıb. O, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqda danışıb. Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verərək, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. 2022-ci ildə növbəti Forumun keçiriləcəyinin planlaşdırıldığını qeyd edən mədəniyyət naziri Şeyx Əhməd Əl Tayibi də bu beynəlxalq layihəyə qoşulmağa dəvət edib.
A. Kərimov eləcə də işğaldan azad olunmuş ərazilərimizdə erməni barbarlığının sübutu olan dağıdılmış dini məbədlərimizdən, mədəniyyət abidələrimizdən söz açıb. Bu vandalizmin nəinki Azərbaycana, eləcə də İslam dünyasına qarşı törədildiyini bildirib. Həmçinin qeyd edib ki, “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü çərçivəsində Azərbaycan daim sülhü təbliğ etməyə, bölgədə əmin-amanlığa nail olmaq yolunda faydalı addımlar atmağa hazırdır, və bu istiqamətdə bir sıra işlər görülür.
Anar Kərimovu salamlayan Şeyx Əhməd Əl Tayibi nazirin dəvətini məmnuniyyətlə qəbul etdiyini xüsusi vurğulayıb. Azərbaycanın illər boyu Mədəniyyətlərarası Dialoqun inkişafında gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.
Tərəflər həmçinin İslam dininə qarşı bəzi qüvvələrin apardığı yanlış təbliğatı qınayaraq, dinimizin sülh və barışığa çağırış olduğunu, və bunu ən gözəl nümunələrlə dünyaya çatdırmağın önəmindən danışıblar.
Görüş bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib.
“Avişai Kohen trio” Heydər Əliyev Mərkəzində çıxış edib
Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub.
AzərTAC xəbər verir ki, cazsevərləri bir araya toplayan konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edib.
İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib.
“Avişai Kohen trio”nun Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyalar təqdim edilib.
Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşüb. Elçin Şirinov son 3 ildə Avişai Kohenlə sıx əməkdaşlıq edir və onun iştirakı ilə trio dünyada şöhrət qazanıb. Elçin Şirinov fəal şəkildə “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib.
Trionun digər iştirakçı isə İsraildə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir. Roni Kaspi ABŞ, Meksika, Kanada və digər ölkələrdə çıxış edib.