Super User
Fransada Qarabağ atlarından danışılıb
Fransanın “La Gazette” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli” münasibətilə fransız dilində hazırladığı “Qarabağ atları” məqaləsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən bildirilib ki, məqalənin müəllifi tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “La Gazette” portalı mütəmadi olaraq səhifələrində beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslər, elm, siyasət və mədəniyyət hadisələri ilə bağlı xəbər və materialları işıqlandırır.
O ki qaldı Qarabağ atlarına, dünyanın ən nadir və ən gözəl at cinsindən sayılan bu cins barədə oxumaq təbii ki, fransız oxucu üçün maraqlıdır.
Latviyanın "Bille" filmi təqdim olunub
Dünən axşam Nizami Kino Mərkəzində Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rejissor İnara Kolmanenin "Bille" filminin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri açan kino tənqidçisi Ülvi Mehdi qonaqları salamlayaraq latviyalı rejissor İnara Kolmane ilə bir neçə il əvvəl beynəlxalq festivalda tanış olduğunu bildirib. O, İ.Kolmanenin lentə aldığı filmlərin əhəmiyyətindən bəhs edib.
Sonra filmin rejissoru İnara Kolmane çıxış edib. Bakıya ikinci dəfə səfər etdiyini bildirən xanım Kolmane indiyədək burada onun üç filminin göstərildiyini diqqətə çatdırıb.
"Sizin şəhərinizi çox sevirəm. Yenidən Bakıya gəldiyim üçün şadam. Ümid edirəm ki, "Bille" filmi sizin xoşunuza gələcək. Film yeddi yaşlı Bille adlı balaca qızın həyatından bəhs edir. Filmdə qadınlara, sülhə və azadlığa yer verilib", - deyə filmin rejissoru qeyd edib.
Sonra film geniş auditoriyaya təqdim edilib.
Tamaşaçılar balaca Billeni həqiqətən də seviblər.
Sən sənət üçün qaçarsanmı?
“Run for Art” beynəlxalq fotomüsabiqəsinin mədəniyyət naziri Anar Kərimovun da qatıldığı yekun sərgisinin açılışı mərasimindən qeydlər
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş “Run for Art” (“Sənət üçün qaç”) beynəlxalq fotomüsabiqəsinin yekun sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya Milli Olimpiya Akademiyasının vitse-prezidenti, “Culio Onesti” Fondu İdarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu xanım Klaudio Cordani və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti haqqında məlumat diqqətə çatdırıldıqdan sonra “Culio Onesti” Fondu İdarə heyətinin üzvü Klaudio Cordani çıxış edib. Layihə haqqında məlumat verən italiyalı qonaq diqqətə çatdırıb ki, “Sənət üçün qaç” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq müsabiqədir. Müsabiqənin məqsədi incəsənət və idmanı birləşdirməkdir.
Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə mövzu təklif olunur: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inklüzivlik kimi mövzular idman və fotonun köməyi ilə araşdırılır.
Qeyd olunub ki, müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi, 8 finalçı müəyyən edilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev beynəlxalq fotomüsabiqənin münsiflər heyətinin üzvüdür.
Xanım Klaudio Cordani çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Bakıda yenidən olmaq diləyi ilə fotoqraflara uğurlar arzulayıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə müsabiqəyə təşkilatı dəstək verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il əvvəl yarandığını deyən Ç.Hüseynzadə deyib ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı formalaşıb: “Olimpiya təkcə idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur. Çox şadam ki, müsabiqənin qalibləri arasında azərbaycanlı fotoqraflar da var”.
Sərginin açılışında çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Olimpiya Komitəsinin çox uğurlu, şərəfli yol keçdiyini vurğulayıb: “Bu uğurlu yol ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev ümummilli liderin yolunu uğurla davam etdirir. Möhtərəm Prezidentimizin rəhbərliyi və davamlı qayğısı nəticəsində idmançılarımız bayrağımızı yüksəkliklərə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar. Milli Olimpiya Komitəsinin mütərəqqi fəaliyyəti sayəsində ölkəmizdə idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana böyük maraq oyadıb”.
İdmanla mədəniyyətin biri-birini tamamladığını söyləyən Anar Kərimov qeyd edib ki, idman bədəni möhkəmləndirir, mədəniyyət isə ruhu zənginləşdirir.
Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq üzrə Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinqdə isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər.
Bakıda keçirilən mükafatlandırma mərasiminə Türkiyə və Fransadan olan qalib fotoqraflar qatılıblar. Ölkəmizdən Nəriman Babayev (“Gənc karateçilərin yarışın açılışında nümayiş etdirdikləri fənd hərəkətləri” fotosu) 3-cü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev isə skeytbordinq kateqoriyasının finalçıları sırasında yer alıb.
Daha sonra K.Cordani İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun xatirə hədiyyələrini Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təqdim edib.
Tədbirin bədii hissəsində muğam və klassik musiqilərdən ibarət konsert olub.
Qeyd edək ki, “Run for Art” beynəlxalq fotomüsabiqəsi finalçılarının Beynəlxalq Muğam Mərkəzindəki sərgisi aprelin 16-dək ziyarətçilər üçün açıq olacaq.
Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür
Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.
Bu gün Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 83 il ötür.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 nömrəli Bakı şəhər tam orta məktəbini bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfilm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
“Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında dərc edilib.
Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.
Bakı Musiqi Akademiyasında xatirə konserti təşkil ediləcək
Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında akademiyanın tələbəsi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Tamerlan Mahmudova həsr olunmuş xatirə konserti keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xatirə konsertində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və "Detaşe" violinoçular ansamblı çıxış edəcək.
Günün fotosu: Müharibənin 41-ci gününün situasiyanı 41 dərəcə dəyişdirməsi
Günün fotosu: Müharibənin 41-ci gününün situasiyanı 41 dərəcə dəyişdirməsi
Euronews-un jurnalisti Saşa Vakulina Ukraynadakı hərbi əməliyyatların xəritəsini şərh edir, bildirir ki, müharibənin 41-ci günündə Ukrayna ordusu ölkənin şimalındakı vacib nöqtələri öz nəzarətinə qaytara bilmişdir.
Foto: AP Photo
Rəsm qalereyası: Vyaçelav Yaroyev, “Balaca süvarilər”
“Min bir gecə”dən iki gecə əskik - “999-cu gecə” nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunub.
Quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimli olan tamaşa Xeyirlə Şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizədən bəhs edir.
Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və məşhur mahnılarından istifadə olunub.
Qeyd edək ki, bu eksperimental tamaşaya tamaşaçılar böyük maraqla baxıblar.
Lalə Hüseynin “Uğura son bir addım"ı
Gənc yazar Lalə Hüseynin ilk kitabı işıq üzü görüb. Kitab “Uğura son bir addım” adlanır. Naşir “Qanun” nəşriyyatıdır.
Gənc yazar “Ədəbiyyat və incəsənət” portalına ilk kitabı barədə bunları deyib:
“14 fevral 2020-də yazmağa başladım bu kitabı. Çoxları məni qınayırdı. “Üniversitet oxumadın, həyatın çətin olacaq, ingilis dilini öyrən, Koreya dili sənə lazım olmayacaq, boş-boş saatlarla rəsm çəkirsən, bu sənə pul qazandırmayacaq” kimi mənfi fikirlər daim məni təqib edirdi.
Amma mən o mənfi sözlərə fikir vermədim. Güclü oldum, sonra özümə “hər kəs belə güclü ola bilməz, bu düşüncələrə tab gətirə bilməz” dedim və öz qazandığım uğurlarımdan, eləcə də həyatda uğura nail olmağın sirrlərindən bəhs edəcək bir kitabı qələmə aldım. Adını isə "Uğura son addım" qoydum.
Kitabımı ürək döyüntüləri ilə
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluya təqdim etdim, onun “Sizin kitabınızı oxudum və bəyəndim, gözəl kitabdır, əlimizdən gələn dəstəyi edib çap edəcəyik” dediyində nə qədər sevindim, bir Allah bilir.
Əsas sloqanım isə bu idi: "Xəyallarından qorxursansa cəsarətli olmağının mənası yoxdur".
Bu sözlər daim məni hədəfimə çatdırdı, indi isə sıra sizdədir, əziz
oxucular.
"Uğura son bir addım" artıq satışdadır!”
Hüseyn Cavidin “İblis”i Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib
Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a əsəri Türkiyədə səhnələşdirən, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktyor, rejissor Məlahət Abbasova məlumat verib.
Özünün rejissorluğu ilə səhnələşdirilən əsərin İstanbulda böyük izdihamla qarşılandığını xatırladan Məlahət Abbasova “İblis”in Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil olunması ilə bağlı müraciət etdiklərini bildirib: “Hüseyn Cavid kimi böyük dramaturqun əsərini tamaşaçıya layiqli şəkildə təqdim etmək böyük məsuliyyət tələb edir. Bu işi uğurla başa çatdırdığım üçün çox sevincliyəm. Bir əsərin Türkiyədə səhnələşdirilməsi üçün onun repertuara daxil edilməsi mütləqdir. Amma bu da çox çətin başa gələn işdir. Çünki hər toplantıya yüzlərlə əsər təqdim edilir və onların içindən bir-ikisi seçilir. Mən “İblis”in İstanbul Şəhər Teatrlarında da səhnələşdirilməsi üçün tamaşanı əvvəlcə Bədii Şuranın müzakirəsinə təqdim etdim. İstanbul teatrlarının repertuarına daxil olduqdan sonra əsəri səhnəyə qoya bildik. Onu da qeyd edim ki, 2019-cu ildə böyük büdcə ilə hazırladığımız “İblis” tamaşasında İstanbulda ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edildi. Kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verdi. Sonra isə Azərbaycanın qardaş ölkədəki səfirliyinin dəstəyi ilə əsər Türkiyə Respublikası Dövlət Teatrlarına təqdim edildi. Çox sayda əsərin içindən “İblis” repertuara daxil olundu. Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarında yer alması azərbaycanlı olaraq mənim üçün qürurverici hissdir. Qarşıdan gələn aylarda bu tamaşanın məşqlərinə başlamağı planlaşdırırıq. İnanıram ki, “İblis”i Türkiyənin hər bölgəsində teatrsevənlərə təqdim edə biləcəyik”.
Səhnə əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi ilə bağlı qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi tərəfindən Məlahət Abbasovaya ünvanlanan məktubda deyilir: “Hüseyn Cavid əsəri əsasında hazırlanan, Hilmi Zafer Şahin ilə birgə türk dilinə tərcümə etdiyiniz “İblis” tamaşası dramaturq məruzələri ilə birlikdə baxılıb və Bədii Şuranın iclasında müzakirə edilib. Bədii Şura səs çoxluğu ilə tamaşanın Dövlət Teatrlarının ümumi repertuar fonduna daxil olunmasını qəbul edib. Türkiyənin Dövlət Teatrlarının ümumi repertuarına verdiyiniz töhfəyə görə sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını diləyirik”.