Super User
Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın xatirəsi anılıb
Aprelin 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq artisti Şövkət Məmmədovanın 125 illiyinə həsr edilmiş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verib.
Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən muzey direktoru onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. O deyib ki, Xalq artistinin həyatının keşməkeşli olmasına baxmayaraq, o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan A.Bayarmova onun pedaqoji fəaliyyətindən də danışıb.
Bildirilib ki, o, 1897 il aprelin 18-də Gürcüstanın Tbilisi şəhərində anadan olub. Atası Şövkətin musiqiyə həvəsini hiss edib, onu Bakıya gətirir. Tanınmış milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1911-cİ ildə Milanda musiqi məktəbinə göndərilib. Burada məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova sonra Kiyev Konservatoriyasında təhsil ala-ala R.Qlierlə birgə konsertlər verib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kafedra müdiri, professor, Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova görkəmli sənətkarın həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətləri haqqında danışıb.
Qeyd edilib ki, unudulmaz müğənni mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O eyni zamanda bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da onun təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəylinin, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb. Ş.Məmmədova 1981-ci il iyunun 8-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış videoçaarx vasitəsilə müşayiət olunub. Şövkət Məmmədovanın ifaları səslənən audio və videoyazılar səsləndirilib.
Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” beynəlxalq musiqi festivalı keçiriləcək
Cari ilin 23-26 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Kamera və Orqan Musiqisi Zalı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertlər, tamaşa, ustad dərsləri keçiriləcək.
Ölkəmizdə ilk dəfə keçirilən “Barokko Günləri” Beynəlxaq Musiqi Festivalı çərçivəsində dinləyicilər bu dövrə məxsus musiqi nümunələrini azərbaycanlı musiqiçilərlə yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərin təfsirində dinləyəcəklər.
Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası baş tutacaq. Həmçinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Orkestri və Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq Barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olan “D’accordo” ansamblının çıxışı nəzərdə tutulmuşdur.
Dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo və digər opera teatrlarının bədii rəhbəri olmuş, D’arte Lirika Akademiyasının direktoru, professor Vinçenzo De Vivonun (İtaliya) Festival çərçivəsində ustad dərsi də keçiriləcək.
Bir sözlə, çox maraqlı olacaq.
Doğu Türkistanın görkəmli nümayəndəsi Hızır Bek Ağabey vəfat edib
Ömrünü Doğu Türkistan mücadiləsinə həsr edən, Doğu Türkistanı Qazax Türklərinin də vətəni bilib bu sevdadan heç vaz geçməyən Hızır Bek Ağabey Tanrının dərgahına köçüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına araşdırmaçı-jurnalist Aida Eyvazlı Göytürk məlumat verib.
Onu da qeyd edək ki, Hızır Bek Ağabeyin “Altaylar’da Kanlı Günler” adlı kitabının yayınlandığı illərdə Doğu Türkistan məsələsinin Türkiye mühitində tanınmasında önemli bir yeri olduğunu da tarixə bir not olarak biıdirmək gərəkdir.
Günün fotosu: Bu dəfə yüz faiz öldü
Fevraldan bəri bir neçə dəfə ölməsi xəbəri yayılan və sonra təkzib edilən rus siyasətçisi Vladimir Jirinovski 6 aprel tarixində bu dəfə artıq 100 faiz öldü. Vida mərasimi İttifaq evində olacaq, adam Troekurovsk qəbiristanlığında dəfn ediləcək.
Azərbaycan xalqını təhqir edən, əvəzində az sonra Bakıda rəsmi qaydada böyük təntənə ilə qarşılanan Vladimir Volfoviç qatı millətçi, şovinist, ultra sağçı idi.
Amma kaş ki, o Rusiyanın çöküşünü görüb sonra ölərdi. Həm ruhən, həm cismən.
Onun ölüm xəbərini isə rəsmi Rusiya dərc etdiyimiz bu fotosu ilə yayıb.
Foto: Euronews
Amil Amal “Vulkan üzərində ev”i “tikib qurtardı”
İstedadlı gənc kinorejissor Amil Amal növbəti işini yekunlaşdırıb. “Vulkan üzərində ev” qısametrajlı sənədli filminin çəkilişlərini başa çatdırıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn filmin adı erməni sovet rejissoru Ama-bek Nazaryanın yüz il öncə lentə aldığı məşhur filmi ilə eyniyyət təşkil etsə də orijinallıq baxımından daha üstündür.
Amil Amalın filminin çox maraqlı süjet xətti var. Filmin qəhrəmanı xanımdır, adı da Aqibət. Bakının Binəqədi qəsəbəsində, aktiv olan Keyrəki vulkanı yaxınlığında yaşayan Aqibət xanımı Amil uzun müddət müşahidə edib, 55 yaşlı xanımın həyatı ilə vulkanın bir vəhdət təşkil etməsini detallı ortaya qoyub.
Hazırda film post-prodakşn mərhələsindədir.
Rejissorun qısa tərcümeyi-halını niyə də təqdim etməyək. Burada triumflara da rast gələnir. O, 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, 2013-2015-ci illərdə isə dövlət hesabına Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) kinorejissorluq və kinodramaturgiya ixtisası üzrə ikiillik ali kurslarda təhsil alıb. Sənətin sirlərini ssenarist, rejissor Denis Rodimin və rejissor, pedaqoq Vladimir Fençenkonun emalatxanasında öyrənib.
Rejissorun “Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında (2015), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nda (2016), “Haqq iş” qısa film festivalında (Türkiyə, 2017), Bakı Beynəlxalq Qısa Film Festivalında (2019) mükafatlara layiq görülüb. Müəllifin “Titrəmə” filmi isə ötən il Türkiyədə keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.
Amil Amal həm də gözəl şairdir. Onun bir şeiri ilə söhbətimizə yekun vuraq:
Sudan quruya çıxan
üç yüz milyon illik
amfibiyaların təkamülü kimi
yəqin bir gün
intihar edənlərin də
təkamülü olacaq.
Özünü dənizə atanlar
boğulmayacaqlar
balıq olub üzəcəklər,
özünü göydələnlərdən atanlar
qanad açıb uçacaqlar.
Braziliya Film Festivalı başa çatıb
Paytaxtda, Nizami Kino Mərkəzində 5 gün davam edən Braziliya Film Festivalı başa çatıb.
Azərbaycan Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan festivalın proqramına 4 bədii, 1 sənədli film daxil edilmişdi.
Qeyd edək ki, Braziliya Film Festivalı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunmuşdu.
Ramil Qasımovun yeni “Şuşadan dünyaya” layihəsi təqdim olunacaq
Azərbaycanın mədəniyyət aləmində kifayət qədər məhsuldar fəaliyyət ortaya qoyan Ramil Qasımov (hazırda Heydər Əliyev Sarayının direktorudur) Mədəniyyət Nazirliyinin və “Mədəniyyət” kanalının “Şuşadan dünyaya” birgə layihəsində yer alıb. Ramil Qasımovun təqdimatında layihə tezliklə “Mədəniyyət” kanalında təqdim olunacaq.
Yeni layihə barədə mediaya açıqlama verən Ramil Qasımov bunları söyləyib: “Ölkə başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən xalqımız üçün müqəddəs, əziz məkan və Zəfər rəmzi olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması mədəniyyət və incəsənət xadimlərinin daha çox yazıb-yaratmağa, özünü inkişaf etdirməyə sövq edib və onların həyat eşqinin, ruh yüksəkliyinin artmasına səbəb olub. İnanıram ki, bu məqsədlə hazırlanan “Şuşadan dünyaya” layihəsi də Azərbaycan mədəniyyəti və incəsənətinə yeni bir töhfə olacaqdır”.
Minlərlə insanın toxuduğu Qarabağ xalçası haqqında sənədli film çəkilib
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən “Qarabağ ilmələrdə” sənədli filmi hazırlanıb.
Bu barədə AzərTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə Qarabağ “Çələbi” xalçasına 44 gün ərzində minlərlə insan ilmə ataraq toxuyub. Sonuncu ilmələri işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunub.
Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan Qələbənin yaşatdığı hissləri dilə gətiriblər.
“Qarabağ ilmələrdə” sənədli filmi aprelin 10-da ilk dəfə İTV-də yayımlanacaq.
Nyu-Yorkda lənət – bu hekayə reallığa əsaslanmır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Habil Yaşarın yeni hekayəsini oxucularına təqdim edir.
CNN-in verdiyi məlumata əsasən bu gecə də Christopher Street-də Bartel adlı 23 yaşlı oğlan evində ölü tapılıb. Güllə onun düz alnının ortasına nişanlanıb. Ən maraqlısı odur ki, yüksək texnoloji videokameraların yerləşdirildiyi bu binada heç bir yad adamın olması görünmür. Bundan öncə də hələ də naməlum qalan bir neçə belə cinayət hadisəsi baş verib, ancaq aparılan ciddi araşdırmalara baxmayaraq qatilin kim olmasından hələ də heç bir xəbər yoxdur.
Nelsonun bu xəbərdən olduqca sarsıldığı üzündən məlum olurdu. Bir gün ona da növbə çatacağı qorxusundan rəngi ağappaq ağarmışdı. Düşünürdü ki, bəlkə elə bu gecə, ya sabah, ya günlərin birində onun da naməlum ölüm xəbəri kanalların, saytların, qəzet və jurnalların əsas gündəminə çevriləcək və o da bu həyatdan silinən bədbəxtlərin birindən olacaq.
O, da çox güman, digərləri kimi qatilinin öz evində olmasını son anda anlayacaqdı və bu haqda kiməsə məlumat verib başqalarının həyatını xilas etməyi bacarmayacaqdı.
Nelson çox həyəcanlı halda çarpayıdan qalxdı və alt paltarı ilə güzgüyə yaxınlaşıb bir neçə saniyə ağarmış sifətinə baxdı, əl-üzünü yudu. Sonra yenidən yataq otağına keçib üst paltarını geyinmək istəyirdi ki, anidən atılan bir güllə ilə yerə yıxıldı. Bu güllə də düz onun alnının ortasına nişanlanmışdı.
Bir neçə dəqiqə öncə qorxu ilə düşünən beyin indi əbədi olaraq rahatlığa qovuşmuşdu.
***
Nyu-York polis bölmələrinin, demək olar, hər birində bütün şəxsi heyət əl-ayağa düşmüşdü. Çünki bu işə artıq ölkə başçısı da qarışmış, xəfiyyələri öz işlərinin öhtəsindən gələ bilməyən bacarıqsızlar adlandırmışdı. Bunlar adi cinayət hadisələri deyildi. Bəlkə də Nyu-York Nyu-York olandan belə müəmmalı cinayətlərə rast gəlməmişdi. Nəinki Nyu-York, bəlkə də dünya.
- Edvin, biz hələ bu qədər yenilməmişdik. Bu lənətə gəlmiş qatil hər kimdirsə olduqca təcrübəli, eyni zamanda da bacarıqlı birisidir. Çox maraqlıdır ki, bu qədər təhlükəsizlik tədbirlərinə rəğmən, o, azacıq da olsa bir iz buraxmır.
- Talbert, əlbəttə, maraqlı olduğu qədər də olduqca qeyri-adi cinayətlərdir. Sanki, Nyu-Yorku bir lənət bürüməkdədir. Düzdür, mən mistik şeylərə inanmırdım, amma deyəsən yavaş-yavaş...
- Nədir, deyəsən sən də mövhumata doğru gedirsən? Heç səndən gözləməzdim. Bizə bunlarımı öyrətdilər, ya haqsızlığı, reallığı görüb ona qarşı mübarizə aparmağımı?
- Nə bilim, Talbert, təki sən deyən kimi olsun. Ancaq nəticə nə olur olsun, bu zəhrimara qalmışı məhv etmək üçün çalışmalıyıq. Günahsız insanların naməlum ölümlərinə, göz yaşları içində qalan ailələrə və Nyu-Yorkumuzun bu qədər sarsılmasına daha dözə bilmirəm. Bir şeylər etmək lazım, bir şeylər. Qeyri-adi görünən cinayətə qarşı bizlər də hər cəhətdən qeyri-adi dərəcədə silahlanmalıyıq.
***
- Forester, əzizim, sənə bu gün də işlərində uğurlar arzulayıram.
- Ebba, gözəlim, bütün bu uğurlarımın səbəbkarı sənsən. Çünki, bütün sevincimdə və kədərimdə sən həmişə mənimlə olmusan və mənim sonsuz qədər dayağımsan, Ebbam.
Onlar qucaqlaşıb ayrıldılar. Axı Forester nə biləydi ki, Ebbanı son dəfə görəcək. Nyu-Yorku öz ağuşuna almış naməlum qətllərdən biri də məhz onun evində - Canal Street-də baş tutacaqdı.
Günorta olmasına baxmayaraq hava sərindir və Ebba mətbəxdə Demi Lovatonun Stone Cold (Daş kimi soyuq) mahnısını dinləyərək yemək bişirir. Pekinsayağı ördək, bunu axı Forester çox sevir. Qeyri-adi heç nə yoxdur. Həyat öz axarı ilə davam edir. Hər zamankı kimi qadının üzündə sevinc hiss olunur. Özünü xoşbəxt sayır. Onu dəlilər kimi sevən əri, iki balası və kompüter vasitəsi ilə kiçik biznes həyatı – hər şey öz axarındadır.
Bir neçə dəqiqə sonra hətta küçədə də eşidilən bir qadın qışqırığı. Ətraf həyəcan içində. Məlumat alan polislər dərhal mənzilə yaxınlaşırlar. Qapını çətinliklə də olsa açıb içəri daxil olurlar. Qarşılarında qan donduran mənzərə. Bir qadının alnının düz ortasına güllə ilə nişan alınıb. Bu qadın Ebbadır. Daha bir ailənin faciə dramı.
Yenə də xəbərlər bu dəhşətli qətldən danışır. Ancaq cinayətkar yenə də naməlum olaraq qalmaqda davam edəcək. Nə zamana kimi?
***
Artıq Nyu-Yorkda eyni tərzdə törədilmiş qətllərin sayı on yeddidir. On ikisi kişi, dördü qadın, biri isə beş yaşlı Halford.
***
Times Square-ni minlərlə insanın haqlı etirazı qarişdirib. Üsyan polislərə. Hamı təşviş və qorxu içindədir və hamı narazıdır. Bunca nüfuzu olan Nyu-York polisi bir qatilin qarşısında aciz qalıb.
Polis generalı Dalton kütlənin önünə çıxır, hər nə olursa-olsun, bu amansız cinayətkarın tezliklə məhv ediləcəyini üsyankarlara söz verir.
Daltonun çıxışı odlu-alovludur:
-Salam, əziz və hörmətli xanımlar və bəylər. Bu gün milyonlarla insanla yanaşı mən də çox kədərli, eyni zamanda öz vəzifə borcum qarşısında günahkaram. Çünki hər gün baş verən bu naməlum qətllərin səbəbkarını hələ də aşkar edə bilməmişik. Bildiyimiz kimi, bu qatil digər cinayətkarlardan olduqca fərqlidir. Hər kimdirsə, bu adam azacıq belə iz buraxmır və öz qurbanlarının cinsinə fərq qoymamaq bir yana, balaca, beş yaşlı Halforda belə qıyır. Demək ki, bu adam, əgər ona adam demək mümkündürsə, insan qanına hərisdir və bu dəhşətinə davam etmək fikrindədir. Bütün bunlara tezliklə son qoymaq üçün biz polislər son damla qanımıza kimi mübarizə aparacağıq və sizlərin qarşısında söz veririk ki, bu cinayətkarı aşkarlayıb, lazımlı tədbirlər görəcəyik. Amma bir şeyi də əsla unutmamalıyıq. Biz polislərlə yanaşı hər bir vətəndaş da bu işə cani-dildən yanaşmalıdır. Çünki bu elə bir lənətdir ki, heç kəs bu qurbanlıqdan sığortalanmayıb. Hər biriniz ətrafımızda şübhəli görünən kim varsa, mütləq bizə xəbər etməli və vətəndaşlıq borcunu yerinə yetirməlisiz. Sonda hər birinizi yenidən arxayın edirəm ki, az vaxta bütün bunlara son qoyulacaq və Nyu-Yorkumuz yenidən rahat nəfəs alacaqdır!
***
İzdihamdan ayrılanlardan biri də Maksveldir. O, polis baş leytenantıdır. İyirmi altı yaşlarında ümidverici polisdir. Fikirlidir. Gözləri uzaqları, ürəyi isə cinayətkarı gəzir. Bu naməlum qatili tapmaq üçün iddialıdır. Bir öncəki hədəf qurban olmadan öncə qurban edən məhv olmalıdır.
Central Parkda skamyaların birində düşüncələrə qərq olmuş Maksvelin ağlına anidən bir fikir gəlir. Getmək. Ölümə məhkum olunmuşların bir-bir evinə getmək ve yenidən araşdırma aparmaq. Diqqətlə, hər bir xırdalığa göz qoya-qoya. Baxmayaraq ki, Nyu-York polisi bu işi çoxdan etmiş və edirdi. Nəticə isə sıfırdır.
Əgər 17 qurbanı heç bir qohumluq, tanışlıq, iş münasibətləri birləşdirmirsə, əgər ortada heç bir soyğunçuluq elementləri də yoxdursa, demək bu silsilə qətllərin törədilməsi qanunauyğunluğunda bir ortaq detal, ştrix, çalar mövcuddur.
Maksvel belə də edir. O, bir neçə qurbanın evində olur, digər polis yoldaşları kimi o da heç bir izə, sübuta rast gəlmir.
Amma bütün bununla yanaşı iddiasından əl çəkmək istəmir, sonuna kimi mübarizə aparmağı qarşısına məqsəd qoyur.
***
İki gün keçir. Daha iki qurban. Ölü sayısı on doqquz. Qatil heç kimə rəhm eləmir, qurbanlarının sayını artırır. Qatillə yanaşı zaman da amansızdı, çünki, hər ötən gün özü ilə bir naməlum ölüm xəbəri gətirir. Bu isə hadisələri daha da qəlizləşdirir.
***
Maksvel yenidən on doqquz mənzilin hamısında olur, qətllər baş verən otaqları nəzərdən keçirir. Hər kəsdən fərqli olaraq Maksvel bir şeyə diqqət eləyir. Bütün qurbanların evində, özü də məhz qətl baş verən otaqlarda ortaq olaraq yalnız bir şey var. O şey ki, kimə söyləsə, gülüş doğurar, onu məsxərəyə qoyub hətta ağlına belə şübhə edərlər.
Hər kəsin həyatında ürək sirrini açacaq biriləri olmalıdır. O, birilərindən biri də Maksvelin polis akademiyasında oxuyarkən qrup yoldaşı olmuş baş leytenant Orlandodur.
-Hə, Orlando, sən necə, mənim fikrimə necə baxırsan?
-Fikirlərin fantastik kinolardakı ssenariyə bənzəyir. Amma unutmayaq ki, biz real dünyada yaşayırıq.
-Orlando, onsuz da bizim itirəcək heç nəyimiz yoxdu. Gəl bir günümüzü mən deyən axtarışa ayıraq və planım üzrə hərəkət edək.
-Maksvel, bilirsən ki, sənin heç bir sözünə heç zaman yox deməmişəm və yenə də bu təkrar olunacaq.
-Çox sağ ol, əziz dostum Orlando. İnanıram ki, biz az vaxta bu lənətə gəlmiş qatili tapıb məhv edəcəyik və o zaman sən mənə inandığın üçün məmnunluq duyacaqsan.
***
Maksvelin otağı. Orlando ilə Maksvel eyni otaqda. Otaq gizli olaraq təhlükəsizlik kameraları ilə quraşdırılıb. Ən əsası, qətllər baş verən mənzillərdə Makseveli şübhələndirən əşyayi-dəlildən bu otağa da qoyulub. Sakitlikdir. Ən pessimist bir insan da iddia edə bilməz ki, burada hər hansısa bir cinayət baş verə bilər.
İki saat keçib. Orlando ayaq yoluna keçmək üçün Maksveldən bir dəqiqəlik zaman istəyir və Maksvel razılaşır.
Heç bir dəqiqə belə keçmir. Orlando otağa daxil olur və ürəkləri titrədəcək bir haray bütün evi öz üzərinə götürür.
-Aman, ilahi!
Maksvelin düz alnının ortasına güllə nişanlanıb. Onun cəsədi qan içindədir.
Orlando ağlayır. Göz yaşları içində yıxılıb qalır.
Bir neçə dəqiqə sonra bütün baş verənlərə baxmayaraq Orlando özündə cəsarət tapıb digər otaqda gizli olaraq quraşdırılmış təhlükəsizlik kamerasını izləyir. Gördükləri qarşısında bütün bədəni az qala quruyur, diz üstə yerə çökür və pıçıldayır:
-Sən haqlı idin, Maksvel, sən haqlı idin, əziz dostum. Mən sənə inanmırdım, amma sən dahisən, Maksvel, sən xilaskarsan. Bağışla məni, dostum, gərək səni bir dəqiqə də olsa tək buraxmayaydım. Xahiş edirəm, bağışla məni, cəsədin qarşında diz çöküb yalvarıram, bağışla məni, Maksvel.
Amma daha olan olmuşdu. Vaxt itirmək olmazdı. İtirilən bir gün yeni bir qurban demək idi. Dostunun həyatını xilas edə bilməsə də, onlarla, bəlkə də yüzlərlə, minlərlə insanın həyatını xilas etmək olardı.
***
Bütün Nyu-York, nəinki Nyu-York, hətta dünya da şok içindədir. Bütün mətbuat, televiziyalar bu naməlum cinayətkarın kim olduğunu, daha doğrusu nə olduğunu dünyaya bəyan edir. Polislər iş başındadır. Lənətlənmiş dəlil hər kimin evində varsa polislər vasitəsi ilə məhv edilir, yandırılır. Nyu-Yorkun üzərinə çökmüş bu lənətin də sonu olmalıdır axı.
***
New York City Police Department binası.
General Dalton çıxış üçün sözü artıq polis polkovniki olan Orlandoya verir.
Polkovnik Orlando:
-Salam, əziz və hörmətli həmkarlarım. İlk olaraq söz verdiyiniz üçün general Daltona xüsusi təşəkkürümü bildirirəm. Çox danışıb dəyərli vaxtınızı almaq istəmirəm. Sadəcə, mühüm olanlardan danışacağam. Əgər bu gün bizlərin üzü gülümsəyirsə, əgər bu gün insanlar yeni bir naməlum qurban xəbəri eşitməyirsə , mən də bu gün baş leytenant vəzifəsindən polkovnik vəzifəsinə ucalmışamsa və ən əsası Nyu-Yorkumuz üzərindən bu lənət götürülübsə, bütün bunları yalnız və yalnız bir şəxsə, o, şəxsə ki, mən onunla nəinki həmkar, eyni zamanda ürək dostu, həyat dostu olmuşam, baş leytenant, əgər yaşasa idi o indi daha böyük rütbəyə sahib olacaqdı, Maksvelə borcluyam, hamımız ona borcluyuq. (Bunları dedikcə Orlandonun gözlərindən yaşlar süzülür). Onun ruhu qarşısında baş əyir və sonsuz təşəkkürümü bildirirəm. (Bütün iştirakçıların gözləri artıq nəmlidi). Sonda dinlədiyiniz üçün hər birinizə xüsusi minnətdarlığımı bildirirəm.
***
Nyu-York Nyu-York olandan bəri hələ bu dərəcədə lənətlənməmişdi. Bəs nə idi bu lənətlik? Bəs nə idi bütün evlərdə cəsədlər tapılan otaqlarda ortaq dəlil? Desəm, siz də inanmayacaqsınız, amma inanmalısınız. Çünki buna artıq bütün dünya şahiddir. Bu lənətlik dəlil sadəcə olaraq həmin otaqların divarlarından asılan bir rəsm əsəridir, əlində avtomat tutmuş bir insanın rəsmi idi. Nyu-Yorka bu lənət rəsm vasitəsi ilə gəlmişdi və bu rəsmdəki insan hər bir evə bədbəxtlik gətirmək üçün hər evdən bir nəfəri qurban seçmişdi. Bu rəsm lənətləndiyindən hər gün bir dəfə canlanır və qurbanlarının düz alnının ortasından nişan alırdı.
Nyu-York polisinin araşdırmasına əsasən bu rəsmin tarixi XX əsrin ortalarına qədər gedib çıxırdı. Belə ki, şəhərin kasıb məhəlləsi sayılan Harlemdə yaşayan rəssam ata və oğul öz aralarında baş vermiş münaqişə nəticəsində əlbəyaxa olmuşdu və ata sonda gənc oğlu qarşısında qol gücündə aciz qaldığı üçün onu avtomatla düz alnının ortasından vuraraq qətlə yetirmişdi. Daha sonra cəsəd qarşısında hönkür qurub ağlamış və oğlunun gözüaçıq meyitinin əlinə avtomat verib rəsmini çəkmişdi. Aradan illər keçdikdən sonra bu rəsm xarabalıqdan tapılmışdı, onu tapanlar bir şedevr hesab edərək nüsxələrini çıxarıb müəyyən sayla satışa buraxmışdılar. Yüz əlli rəsmdən qırx beşi satılmışdı və bütün bu rəsmlər həyatdan nakam getmiş gənc oğlanın lənətini rəsmi alan çəxsə yönəltmiş, bu cür inanılmaz hadisələrin baş verməsinə rəvac vermişdi. Demək ki, iyirmi qurbandan daha sonra iyirmi beş insan da məhv ediləcəkdi.
Bütün lazımı tədbirlər görülüb bitəndən dərhal sonra yerdə qalan yüz beş rəsm də yandırılmış və Nyu-York birdəfəlik olaraq bu lənətlənmiş rəsmlərdən qurtulmuşdu.
***
-Siz nə düşünürsünüz, General Dalton?
-Onu düşünürəm ki, Polkovnik Orlando, günahsız insanların, xüsusən gənclərin qətlə yetirilməsinə son qoyulmalıdır. Əks təqdirdə güllə açan yeni fotoların peyda olmayacağına heç kəs zəmanət verə bilməz.
Bakıda Ramiz Qusarçaylı, Sumqayıtda Səlim Babullaoğlu
Bu gün Bakıda və Sumqayıtda ədəbiyyatsevərləri iki maraqlı tədbir gözləyir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, saat 14-də Bakıda, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ramiz Qusarçaylının səs salmış “Vətən” kitabının təqdimatı keçiriləcək.
Saat 15-də isə Sumqayıtda, Poeziya evində Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu ilə görüş baş tutacaq.
Harda poeziya varsa orda gözəllik var!