Super User

Super User

 

Çərşənbə günü məşhur rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyada, Menadjo kurort əyalətində, Komo gölü sahilində yerləşən villasını yerli əhali yandırmağa cəhd etmişdi. İtaliya televiziyasının aparıcısı bu mülkiyyət barədə reportaj çəkdikdən sonra əhali Solovyovun bu mülkə sahib olmasından xəbər tutmuşdu. 

“Məlumdur ki, mülkü yandırmaq üçün təcavüzkarlar avtomobil şinlərindən istifadə ediblər. Onların şəxsiyyəti hələ müəyyənləşdirilməyib, yanğın ləğv edilib” - deyə yerli hakimiyyət bildirmişdi.

Həmin gün Solovyovun bu rayonda yerləşən daha bir villasının fasadı qırmızı boya ilə boyanmış, qapıda "müharibə yoxdur" yazılmış plakat  peyda olmuşdu.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xəbər aparıcı dünya mediasında manşet xəbəri olduğundan ən çox oxunan xəbər statusuna yiyələnib. Axı Ukraynaya təcavüs edən Rusiyanın aparıcı şəxslərinə qarşı hər hansı aksiya ürəklərdən tikan çıxarır. 

Xatırladaq ki, Fevralın sonunda Avropa Birliyi Solovyovu sanksiya siyahılarına daxil etmişdi. Martın 5-də isə İtaliya hakimiyyəti Komo gölünün  ətrafındakı  onun hər iki villasını həbs edib. Bu daşınmaz əmlakın dəyəri, bəzi məlumatlara görə milyonlarla avrodur. 

Bu şəxs 44 günlük müharibədə də, ondan əvvəl və sonra da

dəfələrlə Azərbaycana həqarət yağdırıb, ermənipərəst mövqe sərgiləyib. Əslində o, rəsmi Kremlin  sözçüsüdür, həmişə Kremlin mövqeyini ortaya qoyur. 

Bu qədər varidata sahib olması da ağasına yaxşı işləməsi səbəbindəndir.

Belələrinin aqibətinin acı sonluğu əlbəttə ki, azərbaycanlılar üçün arzulanandır. 

Foto: Euronews

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda şair-publisist Ramiz Qusarçaylının “Vətən” adlı epik poemadan ibarət kitabının təqdimat mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, “Ön söz” müəllifi tarix elmləri doktoru, professor, şair Şahin Fazil olan “Vətən” kitabı “Mücrü” nəşriyyatında çap olunub. 

İndiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutlarında  oxuculara təqdim olunan “Vətən” kitabının bu 3-cü təqdimatı idi. 

Çıxış edən natiqlər – AYB-nin sədr müavini Rəşad Məcid, Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, tənqidçi, şair, publisist Əsəd Cahangir, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova, tarix elmləri doktoru, professor Eynulla Mədətli, şair-qəzəlxan Şahin Fazil, şair Nəzakət Məmmədli və başqaları “Vətən”in Azərbaycan poeziyasına, ədəbiyyatına, tarixinə çox böyük ərməğan olduğunu vurğulayıblar, kitabın müsbət məziyyətlərindən söz açıblar. 

Çıxışçılar “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifi, şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümı edilərək Rusiya, Ukrayna, İran və Türkiyə nəşr olunan Ramiz Qusarçaylının  Xalq şairi adı almasını arzu ediblər.

Ramiz Qusarçaylı öz çıxışında mərasim iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkür edib. 

“Vətən”in qəlblərə yürüşü davam etməkdədir.

Пятница, 08 Апрель 2022 12:35

Ümid Nəccari ispanlara sülhün bayrağından danışır

 

İspaniyanın "Azahar" jurnalının son - 117-ci sayında şair Ümid Nəccarinin şeiri yer alıb. Bu “Sülhün bayrağı” şeiridir.

Xatırladaq ki, “Azahar” jurnalı dünya şairlərinin poetik nümunələrini dərc edir.

 

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün “Gözəl və bədheybət” tamaşası nümayiş olunacaq.

 

Tamaşa Madam Leprens De Bomonun əsəri əsasında hazırlanıb.

Quruluşçu rejissoru Anar Məmmədov olan tamaşada fərqli texnikalarda hazırlanmış kuklalardan canlı plan oyununa müxtəlif formalar tətbiq olunur.

Səhnə əsərinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Cahangir Zülfüqarovdur.

Tamaşa bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşmasını nümayiş etdirir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması” müsabiqəsi elan edir.

 

Bu müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 15 nüsxə alınacaq.

İştirakçılar tərəfindən nəşrlər mayın 10-dək komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilməyəcək.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergiödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

Aprelin 8-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

Müsabiqəyə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərarlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

Təsdiq olunmuş yekun protokola əsasən, nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

“Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən dünyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan Beynəlxalq Buker mükafatının qısa siyahısı barədə icmalı dərc edir. Materialı birbaşa mənbədən Murad Yolçuyev tərcümə etmişdir. 

 

Tərcümə edilmiş bədii ədəbiyyat üzrə 50.000 funt-sterlinq mükafata son iddiaçıların altısından beşi qadındır - Nobel və Buker mükafatları laureatı, polşalı Olqa Tokarcukun (Olga Tokarczuk) ikinci dəfə Buker qalibi olacağı mümkündür. 

Olqa Tokarcukun Məsih olduğunu iddia edən bir adam haqqında yazdığı dastanından Getanjali Şrinin (Geetanjali Shree) yeni həyat yolu tapan dul qadın nağılına qədər mövzu rəngarəngliyi nümayiş etdirən qadın yazıçılar builki Beynəlxalq Buker mükafatının qısa siyahısında əksər yerləri tuturlar. Tərcümə üzrə nüfuzlu bədii ədəbiyyat mükafatı uğrunda mübarizə aparan altı kitabdan beşi qadınlar tərəfindən yazılmış, üçü də qadınlar tərəfindən tərcümə edilmişdir. 

Xatırladaq ki, Beynəlxalq Buker  mükafatı ingilis dilinə tərcümə edilmiş "dünyanın ən yaxşı fantastikası" janrı nümunəsinə verilir və müəllif və tərcüməçi arasında bərabər bölünən 50.000 funt sterlinq pul mükafatından ibarətdir. Münsiflərin sədri, irlandiyalı yazıçı və tərcüməçi Frank Vinnin (Frank Wynne)  dediyinə görə 135 iddiaçının kitabını oxuduqdan sonra münsiflər altı müxtəlif dildən altı ümumi başlıq seçirlər ki, onların hamısı “insan təcrübəsinin sərhədlərini və limitlərini araşdırır”. 

"Münsiflər heyəti olaraq biz çoxlu qeyri-adi kitablar oxumaqdan həzz alırıq" deyə Vinn bildirir. “Onların arasından qısa siyahını təsdiq etmək çətin və bəzən ürək ağrıdan olur.” 

Vinnin münsif yoldaşları Merve Emre, Petina Qappah (Petina Gappah), Viv Qroskop (Viv Groskop) və Ceremi Tianq (Jeremy Tiang) ilə birlikdə seçdikləri adlar "dünyanın hər guşəsinin ədəbiyyatına diqqət yetirməyə” imkan verir.

"Ancaq onların hamısı fantastikanın sonsuz ixtiraçılığının sübutu olan şiddətli və nəfəs kəsən orijinallığı bölüşürlər” - deyir Vinn. 

Nobel mükafatı laureatı Tokarcuk və onun tərcüməçisi Cennifer Croft  2018-ci ildə “Uçuşlar”a görə Buker mükafatını qazanmışdılar. Onların indi 900 səhifəlik “Yaqubun Kitabları” üçün ikinci qalibiyyət şansı var. Vinn bu kitabı Bayenin “Qobelen”i ilə müqayisə edib, onun möhtəşəmliyi belədir – “amma yəqin ki, bir mil yarım daha uzundur”. 

Bu arada Şri və onun tərcüməçisi Deysi Roksvel (Daisy Rockwell) tərəfindən yazılmış “Qum Türbəsi” mükafatın 17 illik tarixində qısa siyahıya düşən ilk hindistanlı  kitabıdır. Münsiflər onun “daim dəyişən perspektivlərini və vaxt çərçivələrini” tərifləyərək, bunu “yüksək və qarşısıalınmaz” adlandırıblar.

“Yaqub Kitabları” və “Qum Türbəsi”, eləcə də Bora Çunqun "Lənətlənmiş Dovşan"ı, Koreyadan Anton Hurun yazdığı “Səmalar” - yeniyetmə zorakılığı haqqında heyranedici nağıl, Mieko Kavakami tərəfindən yazılmış, yapon dilindən Samuel Bett və David Boyd tərəfindən tərcümə edilmiş "janra zidd" qısa hekayələr toplusu - hamısı bir-birindən maraqlıdır. 

Münsiflər “Səmalar”ı Nitsşenin əxlaqla bağlı tənqidini həyata keçirmək üçün məktəb zorakılığı hekayəsindən istifadə edən “intensiv, klostrofobik bir roman” adlandırıblar. 

Münsiflər eləcə də “Sam Bett və David Boydun tərcüməsinin gücü onun həm Mieko Kavakaminin mücərrəd, fəlsəfi fikirlərini, həm də onun dəhşətli insan dramını çatdırmaq bacarığındadır” deyiblər.

Bu sıranı tamamlayanlar isə bunlardır: Yelena Knovs (Elena Knows) və Klaudio Pineyronun (Claudia Piñeiro) yarım-cinayət romanı, Françes Riddl tərəfindən ispan dilindən tərcümə edilmiş qismən əxlaq nağılı və Damion Searls tərəfindən Norveç dilindən tərcümə edilmiş Jon Fossenin “Yeni Ad: Septologiya VI-VII” romanı. 

Hakimlər Fossenin “Septologiya” seriyasının son hissəsinin "incəsənəti, ölümü və Tanrı ideyasını geniş, zərif bir lütflə birləşdirdiyini" söyləyir. 

Həmişə olduğu kimi, qısa siyahıda müstəqil nəşriyyatlar üstünlük təşkil edir. “Qum türbəsi” və “Lənətlənmiş Dovşanı” nəşr edən Tilted Axis və Honford Star bu il ilk dəfə olaraq mükafata namizəd olublar. Bu il həm də ilk dəfə münsiflər heyətinə tərcüməçi sədrlik edir.

“Tərcümə sərhədləri, mədəniyyətləri və dilləri aşan intim, mürəkkəb rəqsdir. Mükəmməl yazıçı və tərcüməçi cütlüyünü kəşf etməyin heyranlığı və həyəcanı ilə müqayisə etmək üçün çox az şey var” deyir Vinn. O, mühakimə prosesinin bəzən “əzabverici” olduğunu etiraf etsə də, 60 illik yubileyi ilə eyni gündə qısa siyahı elan etməsinin “aldığı ən yaxşı hədiyyə” olduğunu söyləyir.

2022-ci il mükafatının qalibi mayın 26-da elan olunacaq. “Ədəbiyyat və incəsənət” portalı təbii ki, sizi yenə də məlumatlandıracaq.

Qapaq fotosunda Olqa Tokarcuk və onun Bukerə iddialı kitabı.

İç fotosunda Frank Vinn.

Пятница, 08 Апрель 2022 11:00

Bu gün “Baladadaşın toy hamamı” oynanılacaq

 Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” (bəstəkar Firidun Allahverdi) ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.

 

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Əmrah Dadaşov, Aydan Həsənova, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva ifa edərilər.

Пятница, 08 Апрель 2022 10:30

“Postponed” sərgisi təxirə salınmadan davam edir

 

Yeni mədəbiyyət ocaqlarından sayılan “Artım” layihə məkanında gənc rəssamlar Nərgiz Abdullayeva, Ağababa Bağırov, Leyli Əhmədova, Əli Yusibov, Müşfiq Heydərov, Novruz Məmmədov və Sabit Zamanovun əsərlərindən ibarət "Postponed" ("Təxirə salınıb") qrup sərgisi davam edir. 

 

Bəs bu sərgi nə anlamı daşıyır? “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgi ertələmə və gecikmənin təməl anlayışlarını öz "xam" formasında təqdim edir və bu ideyanın daha metafizik dərinliyinə qərq etməyə çağırır. Düşünməyə təşviq edən "Postponed" sərgisi, rəssamların müxtəlif prizmasından şərh olunur və təxirə salınmış arzu və istəklərin, niyyət və məqsədlərin mahiyyətini araşdırır. Sürətli yaşamaq tərzinə vərdiş etdiyimiz reallıqda nəyisə təxirə salınmasının hətta düşüncəsi belə bizə dəhşətli gələ bilər. Müasir insanın gündəlik həyatı vaxt ilə çərçivələnmiş hadisələr, dedlaynlar, nəzarəti və proqnozlaşdırılmağı tələb edən vəziyyətlərlə doludur. Lakin həyatın dəyişkən olduğunu nəzərə alsaq, bəzən işləri kontrol etmək alınmır, niyyətlər puça çıxır və gözləntilər əvvəlcə nəzərdə tutulduğu kimi özünü doğrultmayır. Xaos nəzəriyyəsindəki "kəpənək effekti" kimi, ertələmə də hadisələrin gedişatını dəyişə, habelə ilkin vəziyyətin metamorfozuna səbəb olmaqla, nəticədə böyük fərqlərə gətirib çıxara bilər.

Sərgi "möhlət" kontekstini yeniləyərək, həyatda, istər şəxsi, istərsə də ictimai gecikmələrin nəticələrini yenidən nəzərdən keçirməyi təklif edir. Ekspozisiya, rəssamların bir çox mümkün hekayələr üçün başlanğıc nöqtəsi kimi təklif etmək istədiyi "ertələnmiş fəaliyyət" kontekstində şəxsi yetkinlik və yanaşmaları ilə səsləşir.

Sərgi aprelin 10-dək ziyarətçilər üçün açıq qalacaq.

Пятница, 08 Апрель 2022 10:00

“Divan” kitabı iddialı gəlir

 

Lilpar Cəmşidqızının uzun illər üzərində işlədiyi “Divan” kitabı nəhayət ki, işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın ön sözü Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, Yazıçı-dramaturq İlqar Fəhmi tərəfindən yazılıb. 

“Mənim kitabımın ərsəyə gəlməsində köməyi olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm.” deyə Lilpar xanım öz sosial media hesabında sevincini bölüşür.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşdırılan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ilk öncə Azərbaycandan gələn qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyevin abidəsinin, habelə Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül çiçəkləri qoyublar.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri daxildir.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqlara  rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklər haqqında məlumat verib, habelə qonaqları Mərkəzdəki Heydər Əliyev muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi və Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə tanış edib.

Azərbaycan mədəniyyət günü münasibəti ilə ilk tədbir olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılış mərasimi olub. Milli Kitabxananın direktoru Umida Teşabayeva açılış mərasimində çıxış edərək Azərbaycanla əlaqələr, Azərbaycan Mədəniyyət Mərkəzi  ilə birgə layihələr və əməkdaşlıqdan danışıb. Direktor bildirib ki, Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Azərbaycana dair Özbəkistan kitabxanalarına çoxsaylı nəşrlər hədiyyə olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənd və Termez şəhərlərində çoxsaylı tədbirlərin keçiriləcəyini, kitabxanalarda Azərbaycan fondlarının və ocaqlarının açılışı, kitab təqdimatları, sənətçilərimizin iştirakı ilə dostluq konsertləri, moda sərgiləri, habelə çoxsaylı ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.

2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunduğunu qeyd edən diplomat 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması nəticəsində dağıdılmış və viran qoyulmuş yurd yerlərimizin, abidələrimizin  bərpası, məhv edilmiş kitabxanalarımızın yenidən qurulacağını söyləyib.

Özbəkistan Ali Məclisiniin deputatı, şair və tərcüməçi Gülbahar Saidqaniyeva  iki ölkə arasında mədəni əlaqələrin bu qədər dinamik inkişafından sevinc və fərəh hissi keçirdiyini, aparılan sistemli iş nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq platformasının qurulduğunu söyləyib.

Qənirə Paşayeva xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında danışaraq, şair və yazıçılarımız, günü-gündən yüksələn, inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığından danışıb. O, tarixən bu münasibətlərin daim inkişafda olduğunu və möhkəmləndiyini qeyd edərək, bu işdə dövlət başçılarımızın xidmətlərini qeyd edib. Deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. O, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğal etdiyi şəhər və kəndlərimiz yerlə yeksan edilib, məscidlərimiz dağıdılıb.

Deputat Müşfiq Cəfərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O yaxın zamanlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana səfəri və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar haqqında məlumat verib

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, 2023-ci ildə TÜRKSOY tərəfindən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri haqqında danışıb. O, münasibətlərin bu səviyyədə olmasında AMM-nin xüsusi rolunu qeyd edib.

Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Qeyd edək ki, yaradılan Azərbaycan fonduna 400 adda nəşrlər hədiyyə olunub.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı  keçirilib. Təqdimat mərasimində Azərbaycanlı və Özbək alimlər çıxış və məruzələr ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.