Super User

Super User

Понедельник, 11 Апрель 2022 12:15

Bu gün Xalq artisti İsmayıl Osmanlının 120 illiyidir

 

Xalq artisti İsmayıl Osmanlını bizlərin daha çox “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yadımızda qalıb.

 

Bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasının 120 illik yibileyidir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə, yoxsul bir ailədə dünyaya gəlib. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməyib, amma aktyorluğa həvəsini boşa verməyib. O, 1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

"Kəndlilər" filmində daxili işlər naziri, "Bir məhəlləli iki oğlan"da Mahmud, “O olmasın, bu olsun"da Rza bəy, "Yenilməz batalyon"da dərzi Yusif, “Mən ki gözəl deyildim"də poçt müdiri Şərif, “26-lar"da Şahbazov, “Ulduzlar sönmür"də Hacı Zeynalabdin Tağıyev, “Nəsimi"də Nəimi obrazlarını aktyor məharətlə yaradıb, “Yeddi oğul istərəm"də Kələntər obrazını isə ayrıca qeyd etmişik.

İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Ruhu şad olsun!

Bildiyiniz kimi Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsinə start verilib. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar hələ ki, qeydiyyatdan keçmiş 102 nəfər arasından əsas favoritlərin adlarını da açıqlayıblar. Bunlar Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Ələsgər Əhməd,  Orxan Həsəni, Aypara Ayxan, Ümid Nəccari və Murad Muradovdur.

 “Ədəbiyyat və incəsənət” portalı bu gündən etibarən əsas favoritlərlə oxucularını tanış etməyə başlayır. Ardıcıllıq qeydiyyat sırası ilədir.

 

Əlizadə Emin Akif oğlu 

Şair, jurnalist. 11 iyun 1994-cü ildə Bakıda anadan olub. “Eminquey” təxəllüsü ilə yazır. “Günəbaxan” adlı şeirlər kitabının müəllifidir. 2021-ci ildə gənc yazıçı və şairlər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb. 2022-ci il 2 fevral “Gənclər günü”ndə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatını alıb.

Ekspertlərin fikrincə, Eminqueyi festivalın final mərhələsinə adlatmaq üçün bircə bəndi də kifayət edir:

 

o gün bilmişəm,

bizim evin pəncərəsi

atamın divardakı şəklidi,

anam ağlayırsa hava yağışlıdı,

gülürsə günəşlidi.

 

 

***

 

 

o gün anamın avazına oyandım,

nə ev təmizləyirdi,

nə pəncərə,

heç evimizin çölə pəncərəsi də yox ki,

açıb udasan otların qoxusunu,

Günəş sığal çəkə dibçəklərə,

gözlərini ovxalayıb

tökəsən küçələrə gözlərinin yuxusunu.

 

atamçun oxuyurdu "Quran"ı

onun bağlanmış ömür kitabında

səhvləri düzəldirdi,

silirdi,

"günahlarını bağışla, ilahi"

deyirdi...

nə də olsa müəllim işləyib on il,

vərdişidi.

inanmırdım...

elə bilirdi,

adına bişirdiyi yeməkdən atam da yeyəcək,

onunçun çox bişirirdi aşı,

qaranı,

gecə yuxusuna gələcək,

qucaqlayacaq,

göz yaşlarını siləcək.

inanmırdım...

atamdan danışırdı dəqiqəbaşı

divardakı şəklini göstərirdi,

nəfəsini dərirdi,

için-için ağlamaqçun.

  

o gün bilmişəm,

bizim evin pəncərəsi

atamın divardakı şəklidi,

anam ağlayırsa hava yağışlıdı,

gülürsə günəşlidi.

  

o gün bilmişəm,

bu ev nə vaxtsa yansa,

anam birinci o şəkli götürəcək özüylə,

yuxularında sağ qalan

                              atamın bircə sözüylə

xoşbəxt oyanacaq yenə yuxudan.

  

o gecə məni ən çox qorxudan

anamın bir anlıq kəsilən nəfəsiydi,

deyəsən,

atam möhkəm qucaqlamışdı

                                       onu bu dəfə...

 

 yuxulara inanıb yatdım

o gecə səhərə kimi yuxumda

                                     atamı gözlədim...

 

***  

 

yağışlar

- Musanın yardığı dənizin sularıdı.

çətirlər

- Musanın tərsinə tutulmuş çomağıdı.

 

 o çomaq məndə olsaydı,

düz müharibənin göbəyində,

bir əlimdə çomaq,

bir əlimdə vərəq,

sülh marşı çaldırardım düşmən əsgərlərinə.

 

 həqiqət,

ağacın arxasında gizlənmiş

küskün bir uşağın gözləri kimi

parıldayır uzaqdan.

alınmaz,

dirijor çıxmaz məndən,

uzaqbaşı güllələrdən leysan yağdıraram

düşmən səngərlərinə.

  

əgər indi

Musanın çomağı məndə olsaydı,

əminəm,

ac qalmamaqçün

şou göstərirdim,

dovşan çıxarırdım papaqdan.

 

 ***   

 

həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,

sonra atamızın şəklini,

gödəkcəsini, papağını asdı

əllərimizdəki, ayaqlarımızdakı o mıxdan

 

sonrası,

qəfildən uşaq kimi yox,

kişi kimi oyandığın sabah olur...

 

atasız uşaqları incitməyin,

Allahın xətrinə dəyir,

günah olur!

 

əslində,

İsanın yox,

bütün atasız uşaqların atası - Allah imiş,

biz xoşbəxt olanda

Allah - baba olur...

 

***

 

ey sən,

əllərinin qabarında taleyi çirkab adam,

bilirəm,

əllərin ciblərindəki qəpiklərlə kasıblığın tutur ritmini,

çıxırsan Tarqovıya,

o qoca Sveta məğrur yerişlərlə gəzdirir itini,

forsu yerə-göyə,

“Ford”u yollara sığmır,

tənhalıq da belədir,

qollara sığmır,

sığsaydı qucaqlaya bilərdik boşluğu.

 

lənətə gəlmiş pul,

şəhərin başdanxarab küləyi kimi 

hər budağından bir adam aparır,

qızın rütubətdən qaralan divar kağızlarını qoparır,

qadının yuma bilmir

"filankəsin əri bir ailəni də saxlaya bilmir" deyən ağızları.

 

açırsan televizoru,

" ölkəmizdə yeni həbsxanalar açılır" deyib gülümsünür xəbərçi qız,

gülürsən,

hə qadası,

"söz veriblər ki, hamıya iş də verəcəklər"

açılış sonrası.

 

indi bilirəm ki, qarışqa yuvaları

bir-birinə qarışmır,

insanlar torpaq uğrunda yarışmır,

ölüm uğrunda yarışır.

 

insanların pis vərdişləri olur,

məsələn, şokoladı yeyib qurtarırlar,

amma çay qurtarmır.

yəni, ömrün şirin anları tez,

acıları gec bitir...

 

bilirsən,

yer də qumar masasındakı dəyirmandı,

hamının ömrü bir dəfə də olsa "bankrot"a tuş olur,

atam deyirdi, bil ki,

hədiyyələr hamıya xoş olur,

əgər o qara "çamadan"dan çıxmırsa

yəni, hədiyyələr həmişə sevindirmir.

 

ey sən, əllərin qabarında taleyi çirkab adam,

bu həyatın dilini bilməlisən,

həyat həmişə insanı ana dilində dindirmir...

 

 

Bildiyiniz kimi Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsinə start verilib. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

Bu gün “Ədəbiyyat və incəsənət” portalı festivalın ekspertlərinin ilkin rəylərini almışdır. Bazar ertəsinə kimi 157 nəfər müraciət etmiş, 102 nəfər müsabiqə mərhələsinə buraxılmışdır. Ekspertlər final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar qeydiyyatdan keçmiş 102 nəfər arasından əsas favoritlərin adlarını da açıqlamışlar. Bunlar Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Ələsgər Əhməd, Aypara Ayxan, Ümid Nəccari və Murad Muradovdur. 

Bir daha Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunda iştirak şərtlərini diqqətinizə çatdırırıq:

Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turu 2 mərhələdən ibarətdir. 

 

1-ci mərhələ:

Aprel ayınln 20-dək yaşı 39-dək olan gənc yazıçı və şairlər 

Müsabiqə mərhələsinə qatıla biləcəklər. Bu mərhələdə iştirakçılar  12-lik Times New Roman qarniturunda, poeziyada maksimum 4 şeir, nəsrdə maksimum 7500 işarə həcmində yazılarını, özləri haqda qısa məlumatı və əlaqə nömrələrini Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron ünvanına yollamalıdırlar.  Kriteriyalara cavab verən, yüksək ədəbi zövq aşılayan 30 ən dəyərli işin müəllifi gizli ekspertlər

tərəfindən müəyyənləşəcək və final mərhələsinə  adlayacaq. 

 

2-ci mərhələ:

Aprelin 30-da 30 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar (bütün xərcləri təşkilatçı tərəf qarşılayır).

Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə  münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar. 

Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq. 

 

Qala gecə:

Musiqi ilə, təbrik nitqləri ilə, zəngin banket süfrəsi ilə müşayiət olunacaq   Qala gecədə bütün iştirakçılar “festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla  mükafatlandırılacaqlar. 

Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək. 

Festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur. 

Festivalın Təşkilat Komitəsi gənc yazarları müsabiqəyə qatılmağa, öz güclərini sınamağa dəvət edir.

Sonda ədəbiyyat qalib gələcək!

Понедельник, 11 Апрель 2022 14:30

Çingiz Abdullayevdən yeni bestseller gəlir

 

Libraff kitab mağazaları şəbəkəsi Xalq Yazıçısı Çingiz Abdullayevin yeni “Oliqarx” seriyasından çap olunmuş ilk kitabının təqdimatını keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Teas-press nəşriyyayında işıq üzü görən kitabdan gələn gəliri xalq yazıçımız YAŞAT Fonduna keçirəcəyini elan edib.

Понедельник, 11 Апрель 2022 14:00

Rəsm qalereyası: Vyaçeslav Yaroyev, “Mənzərə”

Rəsm qalereyası: Vyaçeslav Yaroyev, “Mənzərə”

 

Saxa Yakutiya Respublikasının Xalq Rəssamı, yakut türkü Vyaçeslav Yaroyevin təbiət lövhələrinin dərcini davam etdiririk. Bu dəfə növbəti mənzərə.

Понедельник, 11 Апрель 2022 13:30

Günün fotosu: Stand up der Ukraine aksiyasına 10 milyard avro toplanıb

Ukraynaya və Ukraynalı qaçqınlara dəstək olaraq 10 milyard avrodan çox vəsait toplanıb. Bu barədə Stand up for Ukraine aksiyasının təşkilatçıları bildiriblər. 

 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu faktı təsdiqləyib. O, xeyriyyəçilik kampaniyasını şəxsən dəstəkləmək və Global Citizen Təşkilatının çağırdığı donorların beynəlxalq konfransında iştirak etmək üçün Varşavaya gedib. 

Forum Polşa hökumətinin iştirakı ilə keçirilir.

 

Foto: Euronews

 

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycanın böyük şairi Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilində nəşr olunub. 

 

Fondun rəhbəri Nüsrət Məmmədova istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar kitaba “Ön söz” yazb. Şeirləri qırğız dilinə Kanıbek Omurzakov, Mukan Asanaliyev və Bakıt Junusaliyev tərcümə edib.

Kitabın redaktoru Altınbek İsmailovdur.

“Uulu Toolor” nəşriyyatında 500 tirajla nəşr edilən kitab Qırğızıstanın təhsil ocaqlarına, kitabxanalara veriləcək və pulsuz yayılacaq.

Qeyd edək ki, 392 səhifəlik kitab fondun bu günə kimi tərcümə etdirib nəşr etdiyi 137-ci topludur.

Понедельник, 11 Апрель 2022 12:00

İran portalı “Qızıl cib saatı”ndan hissələr yayınlayıb

 

Yazıçı Varisin 1893-1993-cü illəri əhatə edən, ermənilərin Türkiyədə  və Qarabağda həyata keçirdikləri mənfur milli siyasəti arxiv materialları vasitəsi ilə açan, ötən il İstanbulda TADEV yayınları tərəfindən nəşr edilmiş “Qızıl cib saatı” romanından  hissələr İranın Yeniqapı.com saytında dərc edilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Təbrizdə fəaliyyət göstərən sayt ilk öncə romanın ən tükürpədən hissəsini: 1918-ci ildə erməni daşnaklarının bolşevik bayrağı altında Bakıda törətdikləri vəhşiliklərdən bəhs edən, Azərbaycan Xalq Cumhuriyyətinin  Fövqəladə İstintaq Komissiyasının materiallarına istinadən yazılmış  fəsli təqdim edib, güneyli soydaşlarımıza bu acı həqiqətdən xəbər tutmaq imkanı yaradıb. 

Qeyd edək ki, yaxın günlərdə sayt digər hissələrin tərcüməsini də oxucularının ixtiyarına verəcək.

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycanın qədim mədəni irsi və turizm potensialı haqqında silsilə məqalələr yayımlayır.

 

AzərTAC-ın ərəb dilində materiallarına istinadla aşıq musiqisi barədə yayımlanan məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Yazıda, həmçinin bu qədim sənətin tarixindən, onun görkəmli nümayəndələrindən bəhs edilib. 

Portalın “Azərbaycanın turizm potensialı” rubrikası altında növbəti məqaləsi isə Azərbaycanın Biləsuvar rayonuna həsr olunub. Bu yazıda ərəbdilli oxuculara rayonun yaranması tarixi, coğrafi mövqeyi, iqlimi, tarix-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilib.

Понедельник, 11 Апрель 2022 10:30

Vyanada azərbaycanlı pianoçu Elçin Şirinov alqışla qarşılanıb

 

Azərbaycan incəsənəti və musiqi mədəniyyətinin ölkəmizin hüdudlarından kənarda tanıtmaq, Azərbaycan musiqiçisi kimi dünyaca məşhur sənətçilərlə bir səhnəni bölüşmək böyük əhəmiyyət daşıyır. Bu məsuliyyətli missiyanı öz üzərinə götürən, dünyanın nüfuzlu konsert salonlarında səhnəyə çıxan sənətçilərdən biri də istedadlı pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti Elçin Şirinovdur.

 

“Ədəbiyyat və incəsənət” poryalı AzərTAC-a istinadən xəbər verir ki, hazırda Londonda yaşayan cazmen Elçin Şirinov dünyanın tanınmış kontrabas ifaçısı Avişay Koenin triosunda çıxış edir. Trio olduqca sıx cədvəl əsasında dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edir. 

Bu günlərdə “Avişay Koen trio”sunun növbəti dayanacaqlarından biri də Vyana şəhəri olub. Bu şəhərin ən tanınmış caz məkanı olan “Porgy & Bess” klubunda trio eyni gündə iki konsertlə çıxış edib. Trionun tərkibində Avişay Koen (kontrabas), Elçin Şirinov (piano) və Roni Kaspi (zərb alətləri) yer alıb.

Bütün biletləri günlər əvvəl satılmış konsertdə Avişay Koenin bəstələdiyi əsərlərə yer verilib, lakin Elçin Şirinovun ifasında Azərbaycan caz musiqisinə məxsus ştrix və improvizasiyalar da həssas dinləyicilərin diqqətindən qaçmayıb.

Azərbaycan və İsrail musiqiçilərinin uğurlu əməkdaşlığın artıq bir neçə illik tarixi var, musiqiçilər 2018-ci ilin may ayından bir səhnəni bölüşürlər və A. Koen konsertlərdə məmnuniyyətlə Elçin Şirinovu Azərbaycanın tanınmış cazmeni kimi təqdim edir. İki ölkə arasında əməkdaşlıq münasibətlərinə xas iş birliyi və dostluq bu iki istedadlı musiqiçini daha da sıx birləşdirir, onların səhnədəki peşəkar ifaları dinləyicilərə də sirəyət edir. Təsadüfi deyil ki, trionun konsert verdiyi məkanlarda İsrail və Azərbaycan icmasının nümayəndələri həvəslə konserti birlikdə seyr edirlər. Vyanada da Azərbaycan və İsrail səfirlikləri, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Yəhudi Mədəniyyət İcması bu ənənəyə sadiqlik nümayiş etdiriblər və geniş tərkibdə konsertdə iştirak ediblər.

Qeyd edək ki, İsraildə doğulan Avişay Koen caz üzrə ixtisaslaşmış “Bassplayer Magazine“ dərgisinin “20-ci əsrdə dünyanın 100 ən yaxşı bass ifaçısı” siyahısında yer alır. Son 20 ildə A. Koen bass ifaçılığı ilə yanaşı, bəstəkar kimi də tanınıb və özünə geniş auditoriya toplaya bilib. Avişay Koen Triosu beynəlxalq qastrollar, caz festivalları və konsert proqramları ilə yanaşı, albomlar üzərində də məhsuldar şəkildə işləyir. Elçin Şirinovun iştirakı ilə indiyədək trio üç albom üzərində işləyib. Ötən il Bakıda konsert verən caz qrupu yeni yazılmış “Shifting Sand“ albomunda yer alacaq kompozisiyaları təqdim edib. Həmin albom bu ilin may ayında işıq üzü görəcək və musiqisevərlərin ixtiyarına veriləcək. Trionun daha öncəki “Arvoles“ və “Two Roses“ albomlarında da azərbaycanlı cazmenin ifalarını dinləmək mümkündür.

Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs almış Elçin Şirinov artıq dünyanın ən tanınmış məkanlarında konsertlər verir, eləcə də çoxsaylı beynəlxalq festivallar və qastrol səfərlərində iştirak etməklə mədəniyyətimizin dünyada təbliğində xidmətlər göstərir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.