Super User
Şuşa şəhərinin 270, Xurşudbanu Natəvanın 190 illiyi qeyd olunub
Beynəlxalq Türk Akademiyası I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Şuşa şəhərinin 270 illiyi və Xurşudbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan konfrans təşkil edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfransda Beynəlxalq Türk Akademiyasının qazax dilində nəşr etdiyi “QARABAĞ: Azərbaycanın incisi – tarixi, mədəniyyəti, təbiəti” kitab-albomunun təqdimatı baş tutub.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Dr. Füzuli Məcidli tədbirin məqsədi və kitab-albom barədə məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı çapdan çıxan kitabın ensiklopedik nəşr olduğunu və ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı fundamental nəşr kimi ortaya qoyulduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstuitutunun direktoru, akademik Muxtar İmanov,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid,
Qazaxıstandan şair Gülnaz Fayzulla, AMEA Ədəbiyyat institundan tanınmış alimlər və digər qonaqlar Xurşudbanu Natəvan irsi barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılar Türk Akademiyasının nəşrlərinin sərgiləndiyi stendlə tanış olublar.
Beynəlxalq Türk Akademiyası Almatıda forum keçirib
Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Türk Akademiyası və İslam Əməksdaşlıq Təşkilatının (İƏM), Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə beynəlxalq elm və texnologiya forumu keçirilib. Konfrans öz işinə başlamazdan əvvəl pakistanlı rəssamlar tərəfindən hazırlanmış “İslam xəttatlığı” sərgisi ziyarət edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun təntənəli açılışında Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli , İƏM-in elm və texnologiya üzrə daimi komitəsi(COMSCTECH)in baş əlaqələndiricisi İqbal Çudaxri, Əl Fərabi Adına Qazaxıstan Milli Universitetinin rektoru Canseyit Tuyimbayev, Qazaxıstan Respublikasının təhsil və elm naziri Kuanış Yerqaliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, İnsan Hüquqları üzrə Pakistan Senatının daimi katibi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin icraçı direktoru Çi Fan, müsəlman və türk ölkələrinin diplomatik korpuslarının rəhbərləri çıxış ediblər.
Beynəlxalq tədbirdə Məhəmməd İqbalın Beynəlxalq Türk Akademiyası tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “İslam düşüncəsinin rekonstruksiyası” kitabının, eləcə də 2020-ci ildə İslamabadda keçirilən Qlobal Forumda edilən məruzələrinin yer aldığı kitabın, Əl Farabinin “El-Farabi Kitabu'l Musika'l-Kebir” kitabının, urdu dilində yazılmış “İqbal ensklopediyası” kitabının təqdimatı keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti , professor Darxan Kıdırəli COMSCTECH-in Baş katibi İqbal Çaudxarini türk dünyasına verdiyi tövhələrə görə Akademiyanın “Qızıl medalı” ilə təltif edib.
Daha sonra forum öz işini sessiya iclaslarında davam etdirib. Sessiya iclaslarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Pakistan, Böyük Britaniya, Rusiya, Tacikistan və İƏM-in üzv ölkələrinin tanınmış alim və tədqiqatçıları, ekspertləri öz məruzələri ilə müzakirələr aparıb və çıxış ediblər.
Foruma dünyanın müxtəlif ölkələrindən alimlər və tədqiqatçılar, diplomatlar həm də onlayn qatılıblar.
Sabah “Beş manatlıq gəlin” tamaşası nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı tamaşalardan sayılan “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyası sabah - mayın 29-da nümayiş etdiriləcək.
Tamaşaya Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib.
Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilib və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva çıxış edəcəklər.
Orkestr, xor və balet artistlərinin də iştirak etdiyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Yuxarı Salahlıda Səməd Vurğun işığı yenə bərq vurdu
Xalq şairi Səməd Vurğunun anım günü- vəfatının 66-cı ildönümü izsiz ötüşə də bilməzdi, şairin doğulduğu Yuxarı Salahlı kəndindəki Poeziya Evində bu münasibətlə yaddaşlarda qalan tədbir keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal, Yazıçılar birliyinin üzvləri Mustafa Rasimoğlu, Mübariz Qaragözov, Azərbaycan Dövlət Universitetinin Qazax filialınin müəllim və tələbələri, Vurğunsevərlər iştirak edirdi.
Poeziya Evinin bələdçiliyi ilə tədbir iştirakçılarına şairin həyat və yaradıcılığı barədə geniş məlumat verildi. Tələbələr şairin şeirlərindən söylədilər.
Ən maraqlı məqamlardan biri - Qazax rəsm qalereyasının tələbəsi Həlimə Alməmmədova Səməd Vurğunun rəsmini çəkərək rayon üzrə rəsm müsabiqəsində birinciliyi qazanmışdı. Balaca rəssam çəkdiyi rəsmi Poeziya Evinin müdiri Mətanət xanıma hədiyyə elədi.
Sonra tədbir yenə də sazla, sözlə davam etdi.
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandır ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi gedərdi.
Unutmaz bu oba, bu mahal məni.
I Türk dünyası ədəbiyyatı və kitab festivalında Beynəlxalq Türk Akademiyasının təqdimatı olub
I Türk dünyası ədəbiyyatı və kitab festivalı barədə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır:
“Festivalın ikinci günü də yaddaqalan oldu. Çox sevindirici idi ki, hər kəs Beynəlxalq Türk Akademiyasının kitab sərgisini ziyarət edərək bu sərgidən kitab götürmək istəyirdi. Türk dünyasına olan bariz sevgimizin nümunəsiydi bu.
Bu gün həm də Beynəlxalq Türk Akademiyasının çap etdiyi bir neçə kitabın təqdimatı oldu. Nizami Gəncəvinin 60 il bundan əvvəl qazax dilinə tərümə edilmiş "Leyli və Məcnun", "Yeddi gözəl" əsərlərinin yer aldığı kitab, professor Ramiz Əsgərin Azərbaycan dilinə tərcümə etdiyi özbək klassiki Əlişir Nəvainin əsərləri, bir də qazax mütəfəkkiri Abay Kunanbayevin Azərbaycan dilinə tərcümə edilmiş"Qara sözlər" kitabı. Bu kitabın tərcüməsi isə mənə aiddir.
Bu möhtəşəm təqdimatın moderatoru olduğum üçün TWESCO-nun vitse prezidenti Füzuli Məcidliyə və kitab festivalının ideya müəllifi Хəyal Rzaya minnətdaram.
Qonaqlarımız Qazaxıstan, Türkiyə və Özbəkistandan idi. Özbəkistanlı professor Şermuradova, qazaxıstanlı tərcüməçi Amantay Şərif, Nəvaişünas Almaz Ulvi Bünyatova, Krımlı tədqiqatçı Zera Bekirova da türk dünyasının ədəbiyyatı və ədəbi simaları haqqında dolğun çıxış etdilər.
Bakı Dövlət Universitetinin qarşısındakı təqdimat mərasimimiz həm də nəğməli, sazlı ötüşdü. Başımızın üstündə isə türk təyyarələri uçurdu.
Günün fotosu: Amerikada silah lobbisi tədbir keçirir
Ötən gün Hyüstonda Amerika silah lobbisinin ən böyük tədbiri başlayıb. Bu, tapança və tüfənglərin - onlarla son silah modellərinin nümayişidir. O cümlədən, sabiq prezident Donald Tramp və respublikaçı senator Ted Kruz da sərgiyə baş çəkəcəklər.
Foto: Euronews
5 illik yubiley
Azərbaycan ədəbiyyatının təbliğində, keyfiyyətli ədəbi məhsulun oxucuya çatdırılmasında böyük əməyi olan “Ədəbiyyat qəzeti”nin elektron variantının - Edebiyyatqazeti.az saytının 5 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı ailəsi adından Azər Turan başda olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik edirik! Yaşasın “Ədəbiyyat qəzeti”! Yaşasın Azərbaycan ədəbiyyatı!
Heydər Əliyev Mərkəzində “Nurlu sənət dünyası” adlı çox maraqlı sərgi açılıb
Heydər Əliyev Mərkəzində Azərbaycanın Əməkdar rəssamı Ağasaleh Nurinin “Nurlu sənət dünyası” adlı fərdi sərgisi açılıb. Sərgidə müəllifin vitraj üslubunda əsərləri, rəsm əsərləri və eskizləri nümayiş olunur.
Açılışda Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vitraj sənətinin özəlliyindən bəhs edib. Bildirib ki, qədimdən vitraj əsərləri öz gözəlliyi və incəliyi ilə insanları daim düşündürmüş və heyran etmişdir. Əsrlər keçməsinə baxmayaraq dekorativ-tətbiqi sənətin bu unikal növü müasir dövrdə də maraq və diqqət mərkəzindədir.
Rəssamın yaradıcılığına toxunan Fərhad Xəlilov deyib: “Ağasaleh Nuri istedadlı bir insandır. O, bu sənətdə uzun illərdir ki, çalışır. Sərgini ərsəyə gətirmək üçün uzun illərin gərgin əməyi tələb olunur. Ağasaleh Nuri də bu sənətdə qocaman bir rəssamdır. Onun vitraj əsərləri çox incə formada işlənilib. Ancaq Ağasaleh Nurinin istedadı tək bununla bitmir. Sərgidə onun bir neçə rəsm əsərləri də nümayiş olunur. Rəsmlərə baxdıqca rəssamın şüşə kimi kövrək bir qəlbə sahib olduğunu görürük. Bu, onun xasiyyətini əks etdirən bir sərgidir”.
Rəssamın qızı Aliyə Əzimova sərginin qonaqlara mənəvi bir gözəllik bəxş edəcəyinə ümidvar olduğunu söyləyib. Atasının sənətə vurğun olduğunu deyən A.Əzimova bildirib ki, bu qədər çətin sənətlə məşğul olmaq üçün ona qarşı fədakarlıq göstərmək vacibdir: “Atamın əsərlərində Qərblə Şərqin əlaqəsi mövcuddur. Bir sərginin hazırlanması çətin prosesdir”.
Sərginin açılmasına görə Heydər Əliyev Mərkəzinə və zəhməti keçən bütün insanlara təşəkkür edən Ağasaleh Nuri deyib: “Yeni dövr hər zaman yeni ənənələr yaradır və buna görə də vitraj - inkişaf edən, yeniləşən və çətin tərif olunan fenomendir. Şüşə özünəməxsus sonsuz imkanları ilə uğurlu və səmərəli bir materialdır. Vitraj gələcəyin sənətidir, mən buna əminəm”.
Sonra qonaqlar sərgi ilə tanış olub.
Sərgi çərçivəsində həmçinin Ağasaleh Nurinin həyatını əks etdirən və rəssamın yaratdığı vitraj əsərlərindən ibarət “Nurlu sənət dünyası” adlı kitab da təqdim olunub.
Sərgidə Ağasaleh Nurinin vitraj əsərləri, kömür və yağlı boya ilə çəkdiyi rəsmlər, həmçinin, rəssamın ərsəyə gətirmədiyi əsərlərin eskizləri də nümayiş olunur.
Bakı Metropoliteninin “İnşaatçılar” stansiyası üçün layihələndirdiyi “Musiqiçilər” adlı diplom işi kimi uğurlu başlanğıcdan sonra Ağasaleh Nuri Azərbaycanın incəsənət həyatında fəal iştirak edərək bir sıra ictimai, dövlət və özəl binalar üçün vitraj əsərləri yaradıb. Onun əsərlərini Azərbaycan Rəssamlar İttifaqı, AMEA-nın Əlyazmalar İnstitutu, Səməd Vurğunun ev-muzeyi, Bibiheybət məscidi, Bakı şəhərindəki alman lüteran kilsəsi və digər görkəmli binalarda görmək olar.
Sərgi avqustun 28-dək davam edəcək.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezidentin Fəxri diplomu ilə təltif olunub
F.Ə.Əlizadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əliağa qızı Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2022-ci il
Müharibə iştirakçılarının təqdim etdikləri “Zəfər tarixi” adlı xeyriyyə konserti böyük maraq doğurub
Xəbər verdiyimiz kimi Heydər Əliyev Sarayında Vətən müharibəsinin qazi və veteranlarının iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunan musiqili-bədii gecə keçirilib.
Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan konsertin açılışında ilk olaraq Dövlət Himni səsləndirilib.
Gecədə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri, tanınmış incəsənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti çıxış edib.
Konsertdə Vətən müharibəsi qazilərinin və tanınmış incəsənət xadimlərinin birgə dueti, eləcə də qazilər tərəfindən bir çox musiqi alətlərində ifalar səsləndirilib. Konsert proqramı qazilərin ifasında bədii qiraətlə davam edib. Bir-birinin ardınca musiqi və rəqs nömrələri nümayiş olunub.
Qeyd edək ki, tədbir xeyriyyə məqsədi daşıyır və biletlərin satışından əldə olunan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.