Super User

Super User

 

Tom Kruzun çəkildiyi yeni “Top Gun: Meverik” filmi ABŞ kinematoqrafiyasının ən uğurlu film siyahısına düşüb. 30 il ABŞ hərbi hava qüvvələrində xidmət edən Meverik təxəllüslü pilot Pit Mitçelldən bəhs edən bu filmin son uikendə qədər ABŞ-da toplanan mədaxili 273 milyon dollara çatıb. Bu da ilk onluq deməkdir. Bu bir. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, T.Kruzun bundan əvvəl 2005-ci ildə təqdim olunan “Dünyaların müharibəsi” romanı əsasında çəkilmiş uğurlu ekran işi 234 milyon dollar mədaxil toplaya bilmişdi. Kruz öz rekordunu təzələyib. Bu iki. 

Amma tək bunlarmı? Əsla yox! İş ondadır ki, “Top Gun: Meverik" ilk olaraq Şimali Amerikada 160,5 milyon dollar dəyərində büdcə rekorduna imza ata bilib. Daha sonra isə filmin büdcəsi xeyli artıb, 170 milyon dollara çatıb. O ana qədər “Karib dənizinin quldurları 3: Dünyanın sonunda” filmi 153 milyon dollar büdcəyə sahib olaraq lider hesab olunurdu. Bu da üç.

Necə deyərlər, üçü birində.

Понедельник, 06 Июнь 2022 10:00

Kukla teatrı beynəlxalq festivaldan diplomla qayıdıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr tədbirindən uğurla qayıdıb.

 

Kollektiv üzvləri iyunun 1-dən 5-dək Gürcüstanın Tbilisi şəhərində təşkil edilən Birinci Beynəlxalq Uşaq və Gənclər Teatrları Festivalında iştirak edib.

Gürcüstan İncəsənət və Tədqiqatlar İnstitutu və Gənclər Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu teatr tədbiri Tbilisi şəhər meriyası və UNESCO-nun təhsil şəbəkəsinin dəstəyi ilə reallaşıb.

Keçmiş ittifaq ölkələri ilə yanaşı, İran və İsveçrə kuklaçılarının da təmsil olunduğu beynəlxalq tədbirin proqramında tamaşa nümayişləri ilə bərabər, müasir uşaq və kukla teatrlarının problemləri, ümumilikdə teatrın hazırkı vəziyyəti, uşaqların təhsil və tərbiyəsində teatrın rolu, eləcə də teatrın dünyada sülhün carçısı kimi çıxış etmək missiyası ətrafında panel müzakirələr də yer alıb.

Avrasiya Mədəniyyət Qovşağı - İpək Yolları təşəbbüslərinin inkişafı çərçivəsində reallaşan tədbirdə Beynəlxalq Teatr İnstitutu və Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) da geniş tərkibdə təmsil olunub.

Kuklaçılar ilk festivalda teatrın repertuarındakı milli koloritli maraqlı tamaşalardan olan M.F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası ilə təmsil olunublar.

2012-ci ildən teatrın repertuarına daxil edilən tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyo, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Milli kukla teatrı elementləri ilə zəngin səhnə əsərində rolları Elmira Hüseynova, Səriyyə Mansurova, Elnur Abbasquliyev, İqbal Əliyev və Cavid Telman ifa ediblər.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi azərbaycanlı teatr təmsilçiləri festival proqramından kənar da çıxışlar ediblər. Belə ki, onlar Gürcüstanın Marneuli şəhərinin azərbaycanlılar sıx yaşayan ərazilərində repertuarındakı müxtəlif tamaşalardan hissələr nümayiş etdiriblər.

Festivalın nizamnaməsində hər hansı nominasiya olmasa da, azərbaycanlı kuklaçılar beynəlxalq tədbirdə fəal iştiraka, eləcə də milli kukla teatrı ənənələrinin yaşadılması və inkişafındakı xidmətlərinə görə Beynəlxalq Teatr İnstitutu və festivalın təşkilat komitəsinin diplomları ilə təltif olunublar.

Publisist Elman Eldaroğlunun bugünkü qəhrəmanı korifey sənətkarımız Müslüm Maqomayevin ailə üzvüdür. Çox maraqlıdır. 

 

Deyir ki, atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtalyanı əks etdirən rəsm...

Mən 1962-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan qarqız deyə çağırırdı…

Marinanın anası Ofeliya, Ağsu rayonunun yetirməsi Vəli Şəmsəddin oğlu Vəliyevin qızı olub. Ofelyanın anası Znaida Petrovna isəTemeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqi məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız imiş. Hər ikisinin 18 yaşı olanda evləniblər...

Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi Ofeliya ilə rəsmi nigaha girə bilməməsindən ötrü, bir müddət Müslümün pasportunu gizləyir. Sonradan nənəsini razı salaraq pasportu alıb Ofelya ilə rəsmi nigaha girirlər. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlirlər ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyadan boşanır. Qaynanasının- "Sən heç vaxt yaxşı ər olmayacaqsan"- sözləri onun çox acığına gəlir.

Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina son gününədək Müslümün sevimli qızı olur. Hətta müğənni qızının şərəfinə "Marina" mahnısı da bəstələyib, tədbirlərdə tez-tez oxuyur…

Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub- musiqi, qızı Marina və həyat yoldaşı Tamara…

Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı- Allen Müslüm Maqomayevin nəvəsi olduğundan qürur hissi keçirir…

Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki, Bakıda doğulmuşam, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh və əminamanlıq arzulayıram. Və insanlarını öz doğma bacı-qardaşlarım hesab edirəm…

Oslo şəhərində 28 May – Müstəqillik Günü çərçivəsində Azərbaycanın əməkdar incəsənət xadimi, şair, tərcüməçi və kinodramaturq Baba Vəziroğlu ilə görüşlər keçirilib.

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi  məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Norveç Azərbaycan Evi və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə paytaxtın “Deichman Bjørvika” mərkəzi kitabxanasında baş tutan görüşdə soydaşlarımızla yanaşı, yerli sakinlər və əcnəbi qonaqlar iştirak ediblər. 

Tədbirdə azərbaycanlı şairin “Qalanı xatirədir...” kitabının təqdimat mərasimi keçirilib. 

Görüşdə çıxış edən Toriil Stokland Norveç dilinə tərcümə etdiyi “Qalanı xatirədir...” şeirini səsləndirib. Baba Vəziroğlu poeziyasının sadə, rəngarəng, axıcı olduğunu vurğulayan Toriil Stokland şeiri tərcümə edərkən zövq aldığını və şairin yaradıcılığına yenidən müraciət edəcəyini bildirib. “Şeirin dili sadə, duyğulu və mənalı idi. Bu baxımdan düşünürəm ki, sizin uşaqlar üçün də şeirlər yazmağınız çox maraqlı olardı”, - deyə tərcüməçi təklif edib. 

Tədbirdə çıxış edən müəllif “Qalanı xatirədir...” şeirinin yazılması, kitabın üzərində işləməsi, gələcək planları barədə müfəssəl məlumat verib, Norveçdə qatıldığı tədbirlərdən təəssüratlarını bölüşüb və şeirlərini oxuyub. 

Sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında şairin şeirləri Azərbaycan dilində səsləndirilib.

Sonda müəllifin imzası ilə oxuculara kitablar təqdim edilib. Görüş çərçivəsində həftəsonu məktəbi şagirdlərinin 28 May – Müstəqillik Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. 

Qeyd edək ki, “Qalanı xatirədir..." adlı şeir kitabı Norveçin Milli Kitabxanasına hədiyyə edilib. 

Oslodakı Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbindəki görüşdə isə Azərbaycan Evinin İdarə Heyətinin üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Görüş zamanı B.Vəziroğlu şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı sualları cavablandırıb, eləcə də ədəbi dilimizin tədrisinin təkmilləşdirilməsi və dərs vəsaitləri ilə bağlı müəllimlərə tövsiyələrini verib. 

Məktəb şagirdlərinin ifasında şairin şeirləri səsləndirilib. Tədbir şairin imzaladığı kitabların müəllim, valideyn və şagirdlərə hədiyyə olunması ilə başa çatıb.

 

Ölkəmiz İstanbulda keçirilən beynəlxalq “Türk Dünyası Hekayə Festivalı”nda təmsil olunur.

 

AzərTAC xəbər verir ki, İstanbulun Zeytinburnu bələdiyyəsi tərəfindən təşkil olunan festival "Hekayəni xatırla" mövzusu ilə keçirilir. Tədbirin məqsədi türkdilli dövlətlərdən olan yazıçı, şair və nasirləri ədəbiyyat və incəsənətsevərlərlə bir araya gətirməkdir.

Festivalın builki aparıcı türkdilli dövləti Azərbaycan seçilib. Tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev (Anar), Pərvin Nurəliyeva, Kamran Nəzirli və Təranə Vahid təmsil edirlər.

Hər il ənənəvi olaraq beynəlxalq səviyyədə baş tutan festival, bu il türk dünyasına və türkdilli dövlətlərin ədəbiyyat, şeir və nəsr əsərlərinə həsr olunub.

Mərasimdə çıxış edən yazıçı İmdad Avşar Azərbaycan və Türkiyə xalqlarının mədəniyyət nümunələrinin oxşar cəhətlərindən bəhs edib. Bu bənzərliyin tarixi-mədəni birliyimizdən irəli gəldiyini vurğulayıb. Türkdilli xalqların ədəbiyyatlarında öz əksini tapan ictimai və estetik ideya həmrəyliyi bu birliyi şərtləndirən əsas amil kimi qiymətləndirilib.

Elman Eldaroğlu yazır

 

Mərhum xalq yazıçısı İsmayıl Şıxlının romanı əsasında çəkilən "Dəli Kür" bədii filminə çox adam baxıb. Filmdə haqqında bəhs olunan Qori seminariyasının  Qazax filialı yəqin ki, yadınızdadır. Bax, həmin elm ocağı üçün binanı Hacı Kərim Sanılı bağışlayıb. O vaxt o, çar dumasının üzvü, mülkədar olub. Haqqında söhbət açdığım Faiq Musayev də Sanılı şəcərəsinin davamçılarındandır…

O, 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini qızıl medalla başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutuna  qəbul olunub. 1973-cü ildə oranın kimya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Bir il Qaradağ rayonunun Sanqaçal qəsəbəsindəki orta məktəbdə müəllimlik edib. 1974-cü ildə indiki AMEA-nın Qeyri üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olub. Xudu Məmmədovun rəhbərlik etdiyi laboratoriyada elmi araşdırmalara başlayıb. Arada bir il əsgəri xidmət keçib. Ordudan qayıtdıqdan sonra elmi fəaliyyətini davam etdirən Faiq Musayev 1979-cu ildə kimya elmləri namizədi, 1991-ci ildə isə kimya elmləri doktoru elmi dərəcələrinə yiyələnib. Və Tayvana yola düşənədək bu laboratoriyada aparıcı elmi işçi vəzifəsinədək yüksələ bilib. 1993-1998-ci illərdə Tayvan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda zülalların ayrılması və onların kristal quruluşunun öyrənilməsi ilə məşğul olub. 1998-ci ildə ABŞ-ın Virciniya Kommonvels Universitetinə dəvət alıb. Bu günədək həmin elm ocağının tibb kafedrasında çalışır. Post doktorluqdan professor vəzifəsinədək yüksələ bilib. Həm də "Quruluş Bioligiyası" laboratoriyasının rəhbəridir…

…Atası Nəsif Musayev uzun illər Çaylı kənd məktəbində tarix fənnindən dərs deyib. Ömür-gün yoldaşı Təranə xanım Xarici Dillər Universitetini bitirib. Bakıda yaşayarkən orta məktəblərdən birində ingilis dili müəllimi olub. Virciniyaya gələndən sonra tibbi təhsil alaraq peşəsini dəyişib. Hazırda həyat yoldaşının işlədiyi universitetin hospitalında çalışır. Böyük oğlu Sanı Sanıyevin 40, ikinci oğlu Emil Sanıyevin isə 27 yaşı var. Sanı bəy Virginiya Kommonvels Universitetində informasiya texnologiyaları üzrə təhsil alıb, kiçik qardaşı isə əzzaçılıq fakultəsində oxuyur…

…Professor Faiq Musayev Azərbaycanın Amerikadakı səfirliyinin bütün tədbirlərinə dəvət alır. Söylədiyinə görə, həmin tədbirlərin əksəriyyətində iştirak edib…
Deyir ki,- "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var. Heç nədən qorxmasınlar, gəlib təhsillərini burada davam etdirsinlər. Yüksək texniki bazası olan universitetlərdə oxusunlar. Əlbəttə, ilk illərdə çətinliklər olacaq. Amma bu ölkədə çalışmaq, uğur qazanmaq istəyən gənclərə geniş imkanlar var"…
…Onun arzuları çoxdur - istəyir ki, doğma vətənində təhsilin səviyyəsi yüksək olsun. Baxmayaraq ki, iyirmi dörd ildir Amerikada yaşayır, hələ də Azərbaycanı unutmur. Gözləyir ki, təqaüdə çıxıb, vətənə dönsün…
…Deyir ki,- "Rəhmətlik Xudu Məmmədov bizə təkcə elm öyrətmədi. O, bizə yaxşı insan olmağı öyrətdi. Bu gün də onun öyüdləri ilə yaşayıram"…
…Bu mehriban, təvazökar, hələ də şirin Qazax ləhcəsi ilə danışan azərbaycanlı professorun gözlərinə baxanda, qəlbinin dərinliklərindən boylanan vətən həsrətini görməmək olmur. İnanıram ki, bu həsrətin sonu vüsalla bitəcək və Faiq müəllim Azərbaycana qovuşacaq…

Пятница, 03 Июнь 2022 15:00

Susayan könlümə yağış yağırdı…

 

Bakı Qida Sənayesi Kollecinin baş müəllimi, "Qazax" Xeyriyyə İctimai Birliyinin veteran üzvü, şair Firudin Orucun sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. 

 

Firudin müəllim olduqca səmimi, təvazökar insandır. İstər gecənin bir vaxtı olsun,  yadıma  düşəndə ki, Firudin müəllimlə filan işlə bağlı danışmalıyam, heç düşünmərəm ki, birdən gec olar, narahat edərəm. Zəng edərəm. Telefonun o tərəfindən nurani ağsaqqal "Eşidirəm, ay Səbişim", deyər. Elə səmimi cavab verər ki, mən də ürəklənərəm  ki, yox, deyəsən narahat etməmişəm. Deyərəm: Firudin müəllim, üzrlü sayın, gec zəng etmişəm. Elə indi vaxtım oldu. "Səbişim, bu nə sözdür? Narahatçılıq yoxdur, buyur, səni eşidirəm", deyər. Bu səmimiyyətdən gözəl nə ola bilər?

Belə insanlar sevilməyə, diqqət edilməyə layiq insanlardır. Ona görə yox ki, sənin gecə zənginə cavab verirlər, sözünü dinləyirlər. Ona görə ki, onlar sözün əsl mənasında səmimidirlər, digərlərinin dərdinə şərik olurlar. Xalqın sevincindən onlara da həmişə pay düşür. 

Ona görə ki, Firidun müəllim doğulduğu yurdu, boya-başa çatdığı mahalı çox sevir. Ona görə ki, o, bütün Türk dünyasını sevir.

Ən çətin illərdə (ötən əsrin 90-cı illərində) Qazax Xeyriyyə Cəmiyyətinin ən fəal üzvü olub. Bakıdan Azərbaycanın ən ucqar sərhəddi Qazağa - əsgərlərə, hərbçilərə lazım olan zəruri ehtiyacları alıb aparmaqdan yorulmayıb, gecə-gündüz çalışıb. Torpaq əldən getməsin deyə! Vətən var olsun deyə!

O ağrılı-acılı illərlə bağlı saysız-hesabsız xatirələri var Firudin müəllimin. Dinlədikcə özünü Qazağın döyüş gedən sərhəd kəndlərində hiss edirsən. Bəzən dönüb uşaq olursan, o illəri yenidən yanaşırsan. Axı mən o illərin itkiləri, acıları ilə böyüyən uşaqlardan olmuşam. 

Firudin müəllimin Vətən, Xalq, El yolunda xidmətləri təqdirəlayiqdir, unudulmazdır.

Firudin müəllim, nə yaxşı ki, varsınız. Ruhunuz duru, yaradıcılığınız qaynar, könlünüz sevgi dolu, ömrünüz uzun olsun.

Пятница, 03 Июнь 2022 14:30

Kann bir qədər də Cənubi Koreya kinosunu yüksəltdi

 

Cənubi koreyalı yazıçı Sungree Hanın xüsusi olaraq “Ədəbiyyat və incəsənət” portalı üçün qeydləri

 

Bir neçə gün öncə yekinlaşmış 75-ci Kann kinofestivalı Cənubi Koreya üçün çox uğurlu keçdi, yəqin xəbərdarsınız, Cənubi Koreya 

kinorejissoru Pak Çan Ux “Ən yaxşı rejissor", Koreyalı aktyor Son  Can Xo isə rejissor Çan-uka Parkın "Getmək qərarı" mükafatına layiq görülüb - Bu mükafat münsiflərin “Qoca oğlan" və “Yarasa" münsif  mükafatlarından sonra ranqına görə üçüncü mükafat hesab olunur. Aktyor Son Can Xo bu mükafatı “Broker" filminə görə qazanıb.

Bir sözlə, 75-ci Kann kinofestivalı Cənubi Koreya kinematoqrafiyasının triumfu ilə başa çatıb. 

Onsuz da son illər bizim rejissorların filmləri beynəlxalq arenalarda fırtına qoparırdı. Bu da davamı!

Rəsm qalereyası: Abbas Kazımov, “Heyvan rəsmləri silsiləsi”ndən.

Пятница, 03 Июнь 2022 13:00

Ən çox oxunan: Johnny Depp qalib gəldi

 

Virciniya Məhkəməsinin binası yaxınlığında Johnny Depp tərəfdarları bir izdiham yaradaraq sevinclə onun adını səsləndirib. Məşhur aktyor keçmiş həyat yoldaşı Amber Hurdaya qarşı böhtan iddiasını qazanıb. Ona 14 milyon avrodan çox kompensasiya verilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Depp sosial şəbəkələrdə yazıb ki, ev zorakılığında ittihamlarla bağlı altı həftə ərzində bütün dünyaya hay-küy saldıqdan sonra nəhayət, keçmiş həyat yoldaşı məğlub olub, o özü isə həyata qayıdıb.

Ember Herd isə məhkəmənin qərarından “son dərəcə məyus olduğunu" bəyan edib və bu qərarı "bütün qadınlar üçün fiasko" adlandırıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.