Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı tədqiqatçı-jurnalist Vasif Quliyevin yazısını təqdim edir. 

Xalq memarı XIX əsr Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği əslən qarabağlıdır. Nadir şah Əfşarın dövründə valideynləri Qarabağdan İrana sürgün olunub. Səfixan da Təbriz yaxınlığındakı Əhər şəhərində doğulmuş, uşaqlıqdan atasının yanında bənnalıq sənətini öyrənib. Dərin zəkaya, ağıllı düşüncəyə malik olub, hələ gəncliyində tikəcəyi binaların layihəsini müstəqil surətdə özü verib. Kərbəlayi İmam Hüseynin məqbərəsini ziyarət etdiyinə görə Kərbəlayi Səfixan Qarabaği kimi məşhurlaşıb. Memarlıq və inşaat sənətini Təbrizdə öyrənib. XIX əsrin birinci yarısında Şuşaya köçüb, ömrünün sonuna qədər burada yaşayıb. Özü ilə Qarabağa Məhəmməd Şükuhi Təbrizi və digər sənət adamları da gətirib.

Kərbəlayi Səfixanın Qarabağ memarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Onun inşa etdiyi binalarda, xüsusilə məscidlərdə Şərq memarlıq ənənələri Azərbaycan memarlıq ənənələri ilə əlaqələndirilib. Bərdədə Zaqafqaziyada yeganə dördminarəli “İmamzadə” kompleksinin yenidən qurulması (1868), Ağdam (1870), Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidləri (XIX əsr), eləcə də Odessa şəhərində “Tatarlar” (1870), Aşqabadda “Qarabağlılar” (1880) məscidləri memarın ən yaxşı işlərindəndir. Onun Şuşada tikdiyi Uğurlu bəyin. Hacı Bəşirin, Bəhmən Mirzə Qacarın, Mehmandarovların, Hacı Dadaşın, Zöhrabbəyovların yaşayış kompleksləri özünəməxsusluğu və orijinallığı ilə seçilir. Malıbəylidə, Abdal-gülablıda, Bəhmənlidə, Qoçəhmədlidə, Azad Qaraqoyunluda, Qarabulaqda, Horadizdə və s. yerlərdə inşa etdiyi hər bir bina, hər bir tikili Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir.

XIX əsrə yaşayıb-yaratmış məşhur el sənətkarı, rəssam, dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabağı Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekorativ panno və kompozisiyaların müəllifidir. Şuşada Mehmandarovların yaşayış kompleksindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, İsgəndər bəy Rüstəmbəyovun evindəki divar rəsmləri isə son işlərindən hesab olunur.

Şəki xanlarının sarayında çəkdiyi divan və tavan rəsmləri bədii-estetik dəyərinə görə ən kamil əsərlərdəndir. Sarayın bədii tərtibatı zamanı çəkdiyi bu rəsmlər məzmun və kompozisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekorativ üslubda, yeni realist təsvir xüsusiyyətləri üzvi surətdə əlaqələndirilib. Rəssamlıqla yanaşı dekorativ tətbiqi sənətin müxtəlif sahələrində də çalışmışdır. Hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəziləri son illərə qədər salamat qalmışdı. XIX əsrdə xəttat Əsədulla Ağahadı oğlunun şikəstə-nəstəliq xətlə fars dilində yazdığı 200 səhifəlik “Nuşafərin Gövhərtac və Sultan İbrahim” dastanının əlyazmasındakı müxtəlif ölçülü 23 miniatürün müəllifi də Usta Qənbər Qarabağidir.

Onun gənc rəssamların yetişməsində mühüm xidmətləri olmuşdur. Rəssamın şagirdlərindən oğlu Şükür Qurbanəli, Əliqulu, Abbasqulu, Səfər və başqa rəssamlar Azərbaycan monumental-dekorativ boyakarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.

Məhəmməd Şükuhi Təbrizi XIX əsrdə yaşamışdır. Həmin əsrin birinci yarısında məşhur xalq memarı Kərbəlayi Səfixan Qarabaği Cənubi Azərbaycandan Şuşaya köçərkən özü ilə müxtəlif sənət adamları da gətirmişdi. Məhəmməd Şükuhi Təbrizi də onların arasında idi. O da öz ustadı kimi Şuşada məskunlaşmış, ömrünün sonunadək burada yaşayıb-yaratmışdır. 1868-1870-ci illərdə tikilmiş Ağdam məscidinin kitabəsindən məlum olur ki, onun mehrabındakı bəzək işləri Məhəmməd Şükuhi Təbriziyə məxsusdur. Qarabağda bir çox iri binalarıdakı nəqqaşlıq işlərinin müəllifi odur.

XIX əsrin ikinci yarısında Şuşada doğulmuş və burada yaşayıb-yaratmış el sənətkarı, naqqaş Usta Əli (Əli Abbasqulu oğlunun təxəllüsü) uzun müddət atasına şəyirdlik edib, sonra sərbəst surətdə fəaliyyət göstərib. 

Usta Əli Qurdlar məhəlləsindəki məscidin ornament və bəzək işlərinin müəllifidir.

Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Dədə Qorqud kitab və rəsm sərgilərinin açılışı olub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Sonra TÜRKSOY tərəfindən nəşr olunan tanınmış tərcüməçi və yazıçı Kənan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, eləcə də millət vəkillərinə təqdim olunub. 

Azərbaycan da daxil olmaqla, türk dünyasının görkəmli rəssamlarının Dədə Qorqud mövzusunda fırça ilə çəkdikləri rəsm əsərləri, eləcə də nəşrlər iyulun 23-dək Bayburtun “Çoruh” Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzalayıb.

Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

İyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.

Xəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar 12-13 iyul tarixlərində Şuşa şəhərini ziyarət etmiş, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuşlar. 

Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıb. 

18 iyul tarixində mədəniyyət naziri Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub. Rəsssamların Şuşa barədə təəssüratlarını dinləyən nazir onların yaratdığı rəsm əsərlərinin Nazirlik tərəfindən təşkil olunacaq sərgidə nümayiş etdiriləcəyini bildirib.

Rəsm əsərləri isə həqiqətən çox gözəl alınıb.

İyulun 19-da mədəniyyət naziri Anar Kərimov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç görüşüb. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Anar Kərimov birgə mədəni əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını bildirib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin önəmini vurğulayıb. 

Nazir Anar Kərimov, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən danışıb. O, bu kampaniya çərçivəsində də Serbiya ilə əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb. 

Səfir Draqan Vladisavljeviç qeyd edib ki, gerçəkləşdirilən birgə layihələr nəinki mədəniyyətlərimizin, eləcə də xalqlarımızın doğmalığının göstəricisidir. 

Görüş zamanı, həmçinin tarixi irsimizə sahib çıxmağın, mədəniyyətimizi gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs olunub. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

“Ədəbiyyat və incəsənət” portalının “Sual-cavab” rubrikasında oxucumuz Yaqut Quliyevanın sualını və əməkdaşlarımızın hazırladıqları cavabı təqdim edəcəyik.

 

Sual: - Bu ilin ilk 6 ayında dünyada bir neçə böyük kitab yarmarkası keçirilib. Onlardan hansında ən çox kitab satılıb?

 

Cavab: - Ən çox kitab Madrid Kitab Yarmarkasında satılıb. 

 

Madridin Retiro parkında 17 gün davam edən 81-ci Madrid Kitab Yarmarkası kitab satışında rekord vuraraq iyunun 13-də başa çatıb. İlkin nəticələrdə bir neçə gün gecikmə olmasına baxmayaraq builki yarmarkada kitab satışında cüzi artım müşahidə olunub. Və bu məbləğ absolyut rekord elan olunub: 10, 3 milyon avro. 

Madrid Kitab Yarmarkasının rəhbəri Eva Oruenin sözlərinə görə, yarmarkanın tarixində son dəfə ən yüksək məbləğ 2019-cu ildə qeydə alınmışdı, pandemiyadan əvvəl keçirilən yarmarkada kitab satışından 10 milyon avro vəsait toplanmışdı.

Bu gün Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Anar Kərimov mətbuatın cəmiyyətdəki rolu və əhəmiyyətindən söz açıb.

Jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edən nazir bildirib ki, hər bir xalqın mətbuatı düzgün qurulsa, həmin cəmiyyət də düzgün inkişaf edəcək: “Mətbuat hər zaman ölkədə baş verən hadisələri dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətdə olan nöqsanları ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.

Mətbuatın informasiya müharibəsində rolunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi olduğunu qeyd edib: “Bu işdə mətbuatın çox böyük rolu oldu. Media, həmçinin Qarabağda aparılan quruculuq işlərini də geniş işıqlandırır və dövlətin apardığı sülhsevər siyasəti dünya ictimaiyyətinə çatdırır”.

 

 

Ötən gün bizim.media xəbər yayıb ki, türkiyəli müğənni və keçmiş model Demet Akalın Naxçıvana gedib, sənətçi "Saat Meydanı"nda konsert proqramı ilə çıxış edib.  

Demet Naxçıvana həyat yoldaşı Okan Kurtla gəlib. Pop ulduzun vizajı və saç düzümünü isə stilist Anar Ağakişiyev edib.  
Konsertdən əvvəl Azərbaycan mətbəxinin təamlarının dadına baxan Akalın əri ilə bərabər dovğanı çox bəyəndiklərini söyləyiblər. 
Konsertdən sonra Naxçıvan hava limanından göruntülərini paylaşan Demet əri ilə Bodruma yollandıqlarını bildirib.

 

Vətənə bənd idi, kim saldı bəndə?

Ahını küləklər daşıdı kəndə…

Bir şair Şuşada xəyal edəndə

Özünü yandırdı Şuşa qazisi

 

Susdu o yerlərin gur bulaqları,

Bir məmur Şuşada hələ buğlanır…

Yandı ürəyində Şuşa dağları-

Özünü yandırdı Şuşa qazisi.

 

Ey vətən, yıxıldı ər oğlu ərin,

Dünyası dar idi, yarası dərin.

Sən ey Cıdır düzü, varmı xəbərin-

Özünü yandırıb Şuşa qazisi?!

 

Bədəni qurd idi, ruhu göyərçin,

Yanmış canına da düşüb göy elçi.

Külünü Şuşaya səpin göyərsin…

Özünü yandırdı Şuşa qazisi.

 

Yalan  ortadadı, bəs hanı gerçək?

Allah da özünü itirdi görcək.

Yasına Şuşanın özü gələcək,

Özünü yandırdı Şuşa qazisi…

 

Sevir zəhərini ilan adamlar,

Düzü düzdə qoyan yalan adamlar.

Külündə dincəlir yanan adamlar…

Özünü yandırdı Şuşa qazisi.

 

İndi daş ağlasın, ya saz, ilahi?

Özün qıl sən ona namaz, ilahi…

Buna göz yaşı da çatmaz, ilahi

Özünü yandırdı Şuşa qazisi.

 

Kim tikib dünyanı?- bənnası ağlar,

Göl ağlar, göllərin sonası ağlar,

Bütün qazilərin anası ağlar-

Özünü yandırdı Şuşa qazisi.

 

Külü dağılmasın- çəkin, səd çəkin,

Biri kef çəkəndə, biri dərd çəkir…

Əzrayıl özü də xəcalət çəkir-

Özünü yandırıb Şuşa qazisi.

 

Orda da yağıydı, burda da yağı?

Hara qaçıb getdi zahid barmağı?

Atacaq özünü Şuşa bayrağı-

Özünü yandırdı Şuşa qazisi…

 

Londondan xoş xəbər almışıq. Dövlət Turizm Agentliyinin dəstəyi və Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu və milli aşpazlardan ibarət nümayəndə heyəti Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında iştirak edib.

 

DÖvlət Turizm Agentliyi bildirir ki, festivalda milli mətbəx nümunələrimizlə yanaşı, Azərbaycanda çay mədəniyyəti, Qarabağ kətəsi də daxil olmaqla şəkərbura, paxlava, qoğal kimi milli şirniyyatlar, o cümlədən Azərbaycan şərabları təqdim edilib.

Milli aşpazlarımız Cavid Həsənov, Ruslan Əlizadə və Samirə Əmrahovadan ibarət komanda tərəfindən festival iştirakçılarına, o cümlədən tədbiri ziyarət edən media nümayəndələrinə Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan qutab, yarpaq dolması, kələm dolması, müxtəlif növ plovlar, həmçinin kükünün bir sıra növləri hazırlanaraq təqdim edilib.

Festival çərçivəsindən milli mətbəximizin incilərini nümayiş etdirildiyi xüsusi ustad dərsi keçirilib.

100 nəfərlik böyük auditoriya qarşısında baş tutan ustad dərslərində aşpazlarımız tərəfindən 2017-ci ildə “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyası üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən milli yeməyimiz dolma hazırlanıb.

Dolmanın hazırlanma qaydası ilə yanaşı, auditoriyaya Azərbaycanın mətbəx mədəniyyəti, onun tarixi, fəlsəfəsi, mətbəxin formalaşmasına təsir edən əsas amillər barədə də məlumat verilib.

Azərbaycan stendini ziyarət edən qonaqların ən böyük marağına səbəb olan yeməklərdən biri də məhz “Cənub çələngi” olub. 6 növ plov, ləvəngi növləri və turşuqovurmanın vəhdətindən formalaşan bu özünəməxsus təqdimat üsulu milli mətbəximizin müasir təqdimatı istiqamətində atılan mühüm addımdır. Bununla yanaşı, bu yeməkdə ölkənin əsas turizm marşrutlarından biri olan cənub istiqamətinin flora və faunası, həmçinin biomüxtəlifliyi də təmsil olunub.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmid hər bir ölkənin qastronomiyasının onun mədəniyyətinin güzgüsü olduğunu qeyd edərək əlverişli coğrafiya və fərqli iqlim zonalarının təsiri ilə yaranan biomüxtəlifliyin, həmçinin tarixi İpək yolunun bir parçası kimi müxtəlif xalqların və mədəniyyətlərin qovuşma mərkəzi kimi çıxış etməsinin Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri kimi formalaşmasına təsir göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən Azərbaycanın zəngin kulinariya ənənələrinin təbliğatı və qastronomiya turizminin inkişaf etdirilməsi məqsədilə nüfuzlu beynəlxalq sərgilərdə və platformalarda irimiqyaslı işlərin icrası üzrə fəaliyyət davam etdirilir.

Mərkəzə yazıçı və jurnalist Orxan Fikrətoğlu başçılıq edir.

Günün fotosu: Cenifer Lopes və Ben Afflek evləndilər

 

20 ildən sonra Cenifer Lopes və Ben Afflek bir-birinə “Hə” dedilər. Las-Veqasda evləndilər. 

Aktyorlar 2003-cü ildə tanış olmuş, uzun müddət küsüb-barışmış, evlənməyə tərəddüd etmişdilər. 

Toyda cütlüyün əvvəlki evliliklərdən olan 5 uşağının hamısı iştirak etmişdir.

 

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.