Super User
Onlar erməniyə əsir düşməsinlər deyə özlərini qayadan atıblar
“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “ÖZÜNÜ QAYADAN ATAN QADINLAR” adlı şeirini təqdim edir.
(Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı zamanı yerli qadın sakinlərdən bir neçəsi düşmənə əsir düşməmək üçün əl-ələ tutaraq özlərini qayadan atmışdılar)
Çovğunlu, şaxtalı, buz havalarda
Ağı havasına kökləndi Vətən.
Qəfil sınaqlarda, sərt çabalarda
El-el, oba-oba təkləndi Vətən...
Murov silsiləsi -- tək xilas yolu;
Qarlı aşırımlar açdı nələri...
Əfsusla, fəryadla, eyvahla dolu
Ağdaban, Başlıbel faciələri!..
Yağılar qurduğu hiylə torunda
ümidlər dörd yandan mühasirədə...
Qətiyyət nə idi bu zor sorunda --
Yaşamaq anamuzd, həyat kirədə...
İsmət nuru hopdu qana, iliyə;
Son addım nə günah, nə də ki, suçdu...
Divar hörülüncə təslimçiliyə,
Faşistlik, vandallıq hasarı uçdu...
Qorxunc qayalıqlar sıldırım, girdə,
Üstə mərd ayaqdan sirr ələnirdi...
Qızlar sığındığı qanlı dərədə
Mərdlik tariximiz zirvələnirdi!..
Qeyrəti bayraqtək tutan qadınlar
Uçrumlar başında baş taclarımdır.
Özünü qayadan atan qadınlar
Məğrur analarım, bacılarımdır!..
...Paytaxtda kreslo davası tin-tin...
Meydanda məsləki birdi qadınlar.
Əldən yapışmayan hakimiyyətin
səhvindən...əl-ələ verdi qadınlar...
Qalxıb könüllülər döyüşə haqla
Darda haray çəkən elimə yetdi.
İqtidar əl-ələ vermədi xalqla,
Qadınlar əl-ələ ölümə yetdi...
Hərc-mərclik içində yol əyiş-üyüş...
O yolda hər yoldan ötən gedirdi...
Arxada vəzifə uğrunda döyüş,
Cəbhədə arxasız Vətən gedirdi...
Yanar ürəklərə yol versəydilər,
Xəyanət ağzında dil açmazdılar...
Məmurlar bu xalqa əl versəydilər,
Əllər ölümlərə əl açmazdəlar...
Neyçün bağlanmışdı nicat qapılar?!
Nədən xilas meylə qatlanmaq olmur?!
Dərədən, təpədən at da çapılar,
Amma dərd üstündən atlanmaq olmur...
Orda zaman özü dayanaydı kaş;
Özünəqəsd tənə biyabanıdır...
Onlar həlak olan o qaya, o daş
Könüllü şəhidlər xiyabanıdır!..
Geniş götür-qoya zaman yox darda,
Hər an amansıza öc ayətiydi.
Ölüm ağuşuna atılmaq orda
Millətin yaşarı şücayətiydi!..
Qorxu -- bir silah ki, geri təpilən,
Hünər -- qanda bitən dilək fidanlar...
Namus toxumuydu Yurda səpilən
özünü qayadan atan qadınlar!
Məsləki, məramı titan qadınlar
Acı həqiqəti rəmzə atdılar..
Özünü qayadan atan qadınlar
Şərəf tariximə imza atdılar!
Bu gün “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək
Bu gün - iyulun 22-də Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək.
Görüşdə Əməkdar rəssam Yelena Haqverdiyeva, publisist, musiqişünas Fərizə Babayeva, filoloq, fotoqraf-rəssam və publisist Leyla Sultanzadə, eləcə də sənətşünas Toğrul Əfəndiyev iştirak edəcəklər. Görüş zamanı hazırda Azərbaycan Rəngkarlığı Muzeyində açılan azərbaycanlı rəssam Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisi, habelə onun həyat və yaradıcılığından danışılacaq. Həmçinin qonaqlar iştirakçıların sualını cavablandıracaq, maraq doğuran mövzular müzakirə ediləcək.
Tədbirin moderatoru kurator, “BARZA Art Bureau”nun təsisçisi Samira Sefidir.
Görüş rus dilində keçiriləcək.
Alinur Aktaş: “Əminik ki, Şuşa şəhəri türk dünyası mədəniyyət paytaxtı missiyasını layiqincə yerinə yetirəcək”
Bizim üçün əlamətdardır ki, Şuşa şəhəri məhz Türkiyənin Bursa şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Böyük Qarabağ Zəfərindən sonra Şuşa şəhərinin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bizi sevindirir. Əminik ki, Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı missiyasını layiqincə yerinə yetirəcək.
Bu fikirləri AzərTAC-a açıqlamasında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.
“Şuşa türk dünyasının incisi, fəxrimiz və iftixarımızdır!”, - deyən bələdiyyə sədri Alinur Aktaş bildirib ki, Bursanın türk dünyasının mədəniyyət paytaxtı estafetini Şuşaya verməsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir təzahürüdür. Hazırda Bursa türk dünyasının birliyi və həmrəyliyinə yönələn böyük layihələrə ev sahibliyi edir. Azərbaycanın bu proseslərdə fəal iştirakından çox məmnunuq.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.
Günün fotosu: Dəhşətli istilər və fillər
Günün fotosu: Dəhşətli istilər və fillər
Kopenhagen zooparkında dözülməz isti filləri də əldən salıb.
Foto: TASS
“Onu bağışladım və onunçün yasin oxutdurdum…”
Ən çox küsüb barışanlar, lap elə sonadək düşmən olanlar şou-biznes əhlidir, sirri nədədir, bilən yoxdur.
“Bağışlamadığım insan yoxdur. Əlbəttə, bağışlamışam. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən sənət adamlarını da bağışlamışam".
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Bağ mövsümü" proqramında deyib. Müğənni aparıcı Murad Əzimzadənin "Bu sənətdə kimi bağışlamamısınız? Sizinlə ciddi konflikti olan sənət adamları gördük. Heç peşman oldunuzmu? O səhvi bir də təkrarlaya bilərlər" sözlərinə belə cavab verib:
"Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulur - red.). Onu bağışladım və özüm onun üçün Yasin də oxudum. Allah qəbul etsin. Çünki yuxuma girdi, halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik".
Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında illərlə qalmaqal yaşanıb. Onların mübahisəsi məhkəməyə qədər gedib çıxıb. İ.Quliyeva Dostəliyevanı məhkəməyə vermiş və 25 min manat təzminat almışdı.
Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa edilir
“Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işlərindən biri olan köynək bərpa edilir. Bu barədə APA Milli Tarix Muzeyinə istinasən məlumat verib.
Qeyd olunub ki, sözügedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə muzeyin Bərpa laboratoriyasına cəlb olunub. Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq. Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.
Xatırladaq ki, eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.
“Qələmlə Vətənə xidmət edənlər” bir araya gəldi
“Azərkitab” Kitab Mərkəzində 22 iyul Milli Mətbuat gününə həsr olunmuş “Qələmlə vətənə xidmət edənlər” adlı sərgi-tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərova olan sərgi-tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və rəssamlar iştirak ediblər.
İştirakcılara Milli Mətbuat günü ilə bağlı diplom və medallar təqdim olunub.
“Azərkitab” Kitab Mərkəzinin direktoru Mirisrafil Həsənov əməkdaşımıza bildirib ki, bu tədbirdə həm media, həm rəssamlıq mövzu olub və bu sayaq miks tədbirlərin keçirilməsi daha effektiv olur.
Mirisrafil müəllim onu da bildirib ki, “Azərkitab” yeni ünvanda 3 böyük zalla kitabsevərlərin xidmətindədir, bundan sonra da onun qapıları kitabsevərlərin üzlərinə açıq olacaq.
“Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz” - Güney Azərbaycan poeziyasından nümunələr
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri Məhəmməd Çalğının yaradıcılığı ilə tanış edir.
Güney Azərbaycanın Təbriz şəhərində yaşayan, Çalğın Məhəmməd adı ilə tanınmış şair MəhəmmədRza Cəfərinin yeni yazdığı “Qarabağ” şeirini təqdim edirik.
QARABAĞ
Ey Füzuli...
Sənin qara gözlərin
Qışın ağ gözlərinin altında su kimi əsir.
Sənin xurmalı yanaqların...
Şirinliyindən
Adamın dodaqların kəsir.
Sənin zeytun gözlərin...
Gözlərin yeridikcə
Adam müsəlmanlaşır.
Ey Füzuli...
Ağrılarını unut
Əllərimdən tut
Gözlərindən o qədər içmişəm-aaaşıram.
Sənin gözlərinə and olsun Füzuli!
Səni məndən uzaqladanlardan-uzaqlaşıram
Dünyanın güzgülərinin önündəsən hala.
Səni göstərə bilməyən aynaların adı şüşədir
Səni göstərə bilməyən gündüzlərin adı gecədir,
Səni səbt edə bilməyən tarix nağıldır
Və səni oxuya bilməyən şair - heç şair deyil!
Ey Füzuli...
Ayağa dur
Taqçalarının tozunu al.
O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt
O küzədəki boyat suyu dışarı süz.
Hələ, divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?
Ooooooy!!
Anan ölsün Sayat
Su boyat, çörək boyat,
Gərəkdir rəngin saralsın.
Ey Füzuli...
Ayağa dur
Əl-üzündə yağış təsviri qur.
Küçələrini xalça uzad
Alışdır tiribonlarını
Həmən bir şeir gecəsi qur
Təbrizdən Çalğın gəlmiş
Və Bağdaddan...
Buyursun Füzuli həzrətləri.
"Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz,
Roxe zibayin ey dilbər nigahilən təbah olmaz.
Əgər məşuqələr içrə sədaqətlən viqar olsa,
Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz.
Mərizi-eşqəm ey dilbər təbibi-dərdi mən sənsən
Təbib dərdə əlac eylər uzaqdan ki, nigah olmaz!
Dodağından tərəhhüm qıl mənə bir qünçə lütf eylə,
İlahi bargahında o qünçeylən günah olmaz.
Mənə bir busə borcun var dedin gəl al Qarabağda
Bu gün nəqd eylə ey dilbər sabah olmaz, sabah olmaz.
Füzuli xainidanından qalan şahzadə Çalğındır
Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz?!
Ey Şuşa...
Ey dünyanın ən dəli-sov gəlini
Ey yer kürəsinin sevgiyə hamilə olan nöqtəsi.
Gecələr qoynunda yazdığımız şeirləri - sinəndəki təpələrdə gizlətdik.
Gündüzlər səsində yazdığımız romanları - göbəyindəki qayalıqlarda…
Ey Şuşa...
Ey xanın ərköyün qızı.
Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?
Yanaqlarındakı qızıl almalarını necə?
Dodaqlarını aç şərqin havası təmizlənsin,
Saçlarındakı bəyaz qartallarını uçurt
Göylər darıxır boşluqdan.
Ey Şuşa...
Qollarını boynuma sal, yalqızam.
Saçlarını çiynimə sər, darıxıram.
Əllərimi bağrına bas, üşüyürəm.
Oooooy! bilmədim
Bağışla Şuşa
Yaralarına əlim dəydi
"Anan ölsün Şuşa
Nə dırmaşıbsan daşa
Bacın qurban olaydı
Gözündən axan yaşa.
Ey Şuşa...
Ey pərişanlığın simvolu
Ey Şuşa...
Ey şeirin istresi
Ey Şuşa...
Ey şairlərin paytaxtı
Hələ şair dedim yadıma düşdü
Oturun Molla Pənah Vaqifi çağırım gəlsin.
"Çoxdandı həsrətəm yaşıl gözünə,
Gəl otur qarşımda göz-gözə Şuşa.
Nə gözəl saatdı, möhtəşəm andı,
Mən sizə qonağam, sən bizə Şuşa.
Boğazın bulurdan ətəyi ağ qar,
Sinəndən aslanır bir cüt qızıl nar,
Gözlərində bir cüt yaşıl zeytun var,
Dəhanın bənzəyir dənizə Şuşa.
Əyir ağ güzəmi uzad hananı,
Sağ ala inəyi bağla dananı,
Yüklə ağ mayanı, boz arvananı,
Yolla bu qatarı Təbrizə, Şuşa!”
Atam illər öncə ağlardı.
İllər sonra mən güldüm.
Qarabağ, siz görən qarabağdan çox uca boydur.
Ağdam...
Ağdamda bir gəlin ağlardı qatar səsiylə,
Gövərçinin ayağına məktub bağlayır bir gəlin
Və mən...
Qara damda otursam da
Ağdama vurulduğum gündən
Özümdən çox məmnunam…
Baş ağrıların toxtayandan sonar,
Yol qırağındakı çinar ağaclarına baxarsan!
Dağların ətəyindəki göz yaşlarına diqqətli ol
Sənin bulutlarla nə işin var?
Uzaqdan görünən o savadlı şəhərin adı Laçındır,
O dirsəyə söykənən şairin adı sücaət!
"Fotoçu şəklini çək,
Hörüyünün saçının.
Şəkildə gözəl düşür,
Qəmi, dərdi Laçının.
Ayazlı bir axşamda,
O qəlbidə yatsam da,
Anam o uçuq damda,
Saçın hördü Laçının.
Gözlərimdə yuxular,
Süzülür xumar-xumar,
Nağılda üç alma var,
Onun dördü Laçının."
Əlimi alnıma qoyub
Kəlbəcərin qəlbisindən baxıram
Yer kürəsinin yuvarlaq olduğunu
kim söyləmişdi?
Milyonlar açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində
Və dərələr, çadır kimi qatlanmış göstərir
yer kürəsini.
Əlimi alnımdan götürüb
Aşağıdakı kəndə sarı yeriyirəm hala.
Bu kənd də bir qız var, adı QIZQAYIT
Qızqayıtın sağ çiyini sol çiyinindən
uca olsa da,
Yeriyəndə sol ombasını bassa da Qızqayıt,
Yerişini sevirəm.
Qızqayıtın dodaqları kənd qoxusu versə də.
Dişləri kömür rəngində olsa da Qızqayıtın,
Gülüşünü sevirəm.
Danışanda topuq vurur Qızqayıtın dili…
Çaçaçaçaçalğın sənə çaçaçaçay
Dəmləmişəm gəgəgəl iç.
Ooooooooy
Sənin şeir dadında çayını çox sevirəm
Qızqayıt!
Qızqayıtın barmağına anamın üzüyünü
Nişan taxıram
Və Kəlbəcəri gələn yaza tapşırıram…
Cənubdan hala,
Zəngəzurun sağ döşündə uzanmışam.
Beynimdə Atillanın yaratdığı xəritə,
Böyrümdə bir sürü quzu mələşir.
Köpəklər yalğızlığımı hürüşürlər
kiçik bir təpənin üstündə
Və bir çoban…
Tütəyində oxşayır:
“Anam ölsün Zəngəzur,
Nə yatıbsan, yatma dur?!
Qollarını aç, uzalt,
Yenidən bir Turan qur.”
Qeyd: orfoqrafiya olduğu kimi saxlanılmışdır.
Oqtay Mirqasımovla yaradıcılıq görüşü keçirilib
Bakıdakı Rus Evində (RİMM) Əməkdar incəsənət xadimi, Xalq artisti Oqtay Mirqasımovla yaradıcılıq görüşü keçirilib.
Bu barədə AzərTAC-a RİMM-dən məlumat verilib. Oqtay Mirqasımov Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin rejissorluq fakültəsinin məzunu olmaqla yanaşı, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Ovsunçu”, “Şeytan göz qabağında”, “Gümüşü furqon”, “Min birinci qastrol” sənədli və bədii filmlərin quruluşçu rejissorudur. O, rejissorluq və ssenari müəllifliyi ilə yanaşı, həmçinin “Ovsunçu”, “Qaladan tapılan mücrü”, “Əgər bir yerdəyiksə” və s. filmlərdə çəkilib.
Qeyd edək ki, Xalq artisti alqışlarla qarşılanıb. Tamaşaçılar rejissorun həyat və yaradıcılıq yolundan hekayələr dinləyib, eləcə də onları maraqlandıran suallar veriblər. Gecənin sonunda Oqtay Mirqasımovun “Yollar” və “Gecə söhbəti” filmləri nümayiş etdirilib.
Şah İsmayıl Xətainin 535 illiyinə həsr olunan videoslayd hazırlanıb
Tarixi şəxsiyyətlər əsla unudulmaz. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Şah İsmayıl Xətainin 535 illiyinə həsr olunmuş videoslayd hazırlayıb.
Baş İdarədən bildirilib ki, videoslaydda Ş.İ.Xətai haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb: “Əsərlərinin çoxunu ana dilimizdə yazaraq “Dəhnamə” poemasını və “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə yanaşı, heca vəzni nümunələri olan qoşma, gəraylı və bayatılar daxil edib. Şair Ş.İ.Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur”.
Videoçarxda, həmçinin Azərbaycan dövlətinin sərhədlərinin xeyli genişlənməsinə səbəb olan Şah İsmayıl Xətainin uğurlu hərbi yürüşlərindən də danışılıb.