Super User

Super User

 

Avqust ayının 12-də tanınmış publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü Şəmistan Nəzirlinin 80 yaşı tamam olur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayan Şəmistan Nəzirlinin bu günədək 42 kitabı, 800-ə yaxın elmi-publisistik məqaləsi çap olunub. Həmçinin o, bir neçə filmin də ssenari müəllifidir. Bir sözlə, Şəmistan Nəzirli həyatının böyük bir hissəsini, daha doğrusu yaradıcı dövrünü Azərbaycan hərb tarixinin, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini, ictimai-siyasi xadimlərini tədqiq edən, Qori Müəllimlər Seminariyasını ilk dəfə Azərbaycan oxucusuna geniş şəkildə çatdıran, Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlər yazmış və Azərbaycan oxucusu tərəfindən böyük sevgi ilə sevilən yazıçılardandır. Yazıçının oxucu və tədqiqatçılar tərəfindən sevgisinin bir nümunəsi olaraq qeyd edək ki, Şəmistan Nəzirlinin həyat və fəaliyyəti haqqında, yaradıcılığı ilə bağlı olan 250-ə qədər məqalə dövrü mətbuatda işıq üzü görüb.

Şəmistan Nəzirlinin qələmindən çıxan əsərlərin hər birinin arxasında gərgin fəaliyyət, işgüzar əmək, dərin araşdırma dayanır. O hər bir əsəri ilə bağlı araşdırma aparmaq üçün aylarla Bakı, Tiflis, Moskva, Leninqrad arxivlərində tədqiqatlar aparmış, dövrün şahidləri ilə görüşmüşdür.

Şəmistan Nəzirlinin müəllifi olduğu və oxucu sayına görə Azərbaycanda nadir kitablardan olan “Qoridən gələn qatar” sənədli povesti 3 dəfə – 1993-cü ildə, 2011-ci ildə, 2018-ci ildə çap olunmuşdur.

Qeyd edək ki, “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2018-ci il tarixli sərancamına uyğun olaraq Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” sənədli povesti 3-cü dəfə təkrar, təkmilləşdirilmiş nəşrlə “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə yüksək tirajla çap olunmuşdur.

Ömrünü olduqca gərəkli işlərə sərf etmiş dəyərli yazıçı, tədqiqatçı Şəmistan Nəzirli ömrünün kamillik yaşında da daim fəaliyyətində yaxından iştirak etdiyi “Qazax” Xeyriyyə İctimai Birliyi ilə əlaqələrini sıx şəkildə qoruyub saxlamışdır. 75 illik yubileyi münasibətilə 2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Fəxri diplom”la təltif olunmuşdur.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, Arif Məmmədov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, professor Rüstəm Kamal, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, professor Məqsəd Qocamanov, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, müğənni Vasif Məhərrəmli, Mədət Səttarov, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Şəmistan Nəzirlini doğum günü, 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Şəmistan müəllim, biz sizinlə fəxr edirik!

 

P.S. Şəmistan Əmiraslan oğlu Nəzirli 12 avqust 1942-ci ildə Qərbi Azərbaycanın Loru nahiyyəsinin (Noemberyan rayonu) Yuxarı Körpülü kəndində anadan olmuşdur.

1950-ci ildə Yuxarı Körpülü kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. Oxuduğu məktəbdə yuxarı siniflər (IX-X) ermənilər tərəfindən bağlandığına görə 1958-ci ildə ailəsi ilə birlikdə Azərbaycana – Dəvəçi rayonuna köçmüşlər.

1960-cı ildə Dəvəçi şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur.

1962-1965-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil almışdır.

1972-ci ildə əmək fəaliyyətinə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) “Gənc Leninçi” qəzetinin redaksiyasında ədəbi işçi kimi başlamışdır.

1973-1991-ci illərdə Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, böyük redaktor və baş redaktor vəzifələrində çalışmışdır.

1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının “Xatirə” redaksiyasında şöbə müdiri vəzifəsində işləmişdir.

1992-1996-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar İdarəsində Hərb tarixi şöbəsinin rəisi olmuşdur.

1995-ci ildə

– “Qacarlar” əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına;

–  Hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “Qazax” Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “General Əliağa Şıxlinski” mükafatlarına layiq görülmüşdür.

1996-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində baş elmi işçi, Azərbaycan Respublikası Televiziya və Radio Şirkətində hərbi “Hərbi proqramlar və salnamə” redakiyasının baş redaktoru işləmişdir.

1996-cı ildə Xalq şairi Səməd Vurğun haqqında yazdığı silsilə əsərlərinə görə Səməd Vurğun Fondunun sədri Aybəniz Vəkilova tərəfindən “Səməd Vurğun” fəxri diplomuna layiq görülmüşdür.

1998-ci ildə polkovnik-leytenant hərbi rütbəsi almışdır.

1999-cu ildə Hərbi vətənpərvərlik mövzusunda yazdığı “Qarxunlu Əşrəf bəy” əsərinə görə “Elm” fondunun “İlin ən yaxşı kitabı” mükafatına layiq görülmüşdür.

2002-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülmüşdür.

2004-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunmuşdur.

– “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medulla təltif olunmuşdur.

– Səməd Vurğun Fondu tərəfindən “Səməd Vurğun” mükafatına layiq görülmüşdür.

2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi elmi Mərkəzinin hərb tarixi şöbəsində polkovnik-leytenant hərbi rütbəsində baş elmi işçi olmuşdur.

2012-ci il 28 noyabr tarixində Azərbaycan Jurnalistlər Birliyi tərəfindən “Həsən bəy Zərdabi isrsinin tədqiqi” sahəsindəki xidmətlərinə görə və H. Zərdabinin 170 illik yubileyi münasibətilə diplomla təltif olunmuşdur.

2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunmuşdur. 

2 oğul övladından 2 nəvəsi var.

Hazırda istefada olan polkovnik-leytanantdır.

Пятница, 12 Август 2022 15:03

Günün fotosu: Latviya Parlamemtindən Rusiyaya soyuq duş

Günün fotosu: Latviya Parlamemtindən Rusiyaya soyuq duş

 

Ötən gün Latviya Patlamenti

Rusiyanı “Terrorizmə sponsorluq edən ölkə” adlandırıb. 

Kaş ki, cırtdan Latviyada olan cəsarətin onda biri böyük dövlətlərdə olaydı.

Foto: Euronews

Пятница, 12 Август 2022 10:02

Xalq artisti prezidentin verdiyi evi satdı

 

“Həyat yoldaşımla məhkəmə qərarı ilə ayrılanda Prezident mənə ev vermişdi. Xətai metrosunun yanında. 2005-ci il idi. Mənə, Yaşar Nuriyə, kamança ustası Habil Əliyevə və Siyavuş Aslana. Təmirli, gözəl ev idi".

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tariyel Qasımov "Onun sirri" proqramında deyib.

"Keçmiş həyat yoldaşım bunu eşidən kimi yaşamaq hüququ ilə bağlı məhkəməyə verdi məni. Yəni, deyirdi otağın birində yaşamaq hüququm var. Mən də dedim, elə bir şey ola bilməz, boşanmışıq. Belə qərara gəldik ki, evi satım və həmin otağın qiyməti nə qədərdirsə, verim onlara. Elə də etdik. Satdım, pulu verdim oğluma. O da getdi özünə maşın aldı.

Məndə "Jeep"dir, onda da. Onda mənimkindən bahadır. Mən 22 minə almışdım, o, isə 32, ya 40 minə. Soruşdum ki, o qədər pulun hamısını niyə maşına verdin? Qarşılığında mənə sual verdi ki, ata, sən kimin oğlusan? Dedim babanı tanımırsan? İsgəndər kişinin. Yenə sual verdi ki, o nəçidir? Dedim, yəqin zarafat edir, cavab verdim ki, kolkoz sədri. O da dedi ki, sən kolxoz sədrinin oğlusan, mən isə Xalq artistinin. Ona görə də mənimki baha olmalıdır. Belə bir zarafat etdi. Mənə ev veriləndə öz adıma olan evi onun adına keçirtdim. 

İndi hər şeyim var. Maşından tutumuş evə qədər. Ağstafada da ev tikdirmişəm. Bakıda da var" deyə, T.Qasımov bildirib.

 

Tanınmış türk ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Şeyx Şamil haqqında serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub. Jurnalistlərlə söhbətində o, hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi isə təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu bildirib.

Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. A.Enginin sözlərinə görə, çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.

 

Sentyabrın 7-dən 11-dək Tatarıstanın paytaxtında keçiriləcək XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan filmləri də nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Rusiya - İslam dünyası” proqramında Əli-Səttar Quliyevin “Olimpiya” tammetrajlı bədii filmi, “Türk dünyası” proqramında Elvin Mirzəyevin “Qul” filmi, “Qısa filmlər” proqramında Qulu Əliyevin “Hasar”, “Qısametrajlı Sənədli Filmlər” proqramında isə Elvin Aşirovun “Eviniz haradadır” filmləri təqdim ediləcək.

XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının münsiflər heyətinə Rusiyanın Xalq artisti Vladimir Xotinenko sədrlik edəcək. Münsiflər heyətinə dünyanın tanınmış kino tənqidçiləri, rejissor və aktyorlar daxildir.

Ümumilikdə bu il festivalda dünyanın 44 ölkəsindən iştirak üçün 625 müraciət qeydə alınıb.

Пятница, 12 Август 2022 13:58

Nazirlikdən yeni kadr dəyişikliyi

 

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim ediblər.

R.Yusifov, öz növbəsində, təşəkkürünü bildirib və ona göstərilən etimadı doğruldacağını söz verib.

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim etməkdədir.

 

 

  

Adi Kristi

 

Şair, nasir, jurnalist. 1954-cü ildə Rumıniyada, Bakeuda anadan olub. 50-dən artıq şeir kitabının müəllifidir. “24:ORE” nəşriyyatının və Yaşi şəhəri Mihay Ursaki adına Mədəniyyət Mərkəzinin direktorudur. Rumıniya Yazıçılar Birliyinin və Rumıniya Peşəkar Jurnalistlər Təşkilatının üzvüdür. Milli və beynəlxalq ədəbi mükafatların sahibidir.

 

 

Tələskən, qorxaq addımlar

 

Ayaqlarımda toplanıb
bütün yollar-
imanlı yollar,
imansız yollar.

Ayaqlarıma dolub
yoğunluğu adamların-
əsgərin Marafon
qaçışı,
tələskən addımı doğuluşu,
ya ölümün qorxaq
 addımları.

 

Qayalara zillənirəm, hündürə-
keçilərə-
kipriklərə-
onların altından
günəş üfüqün arxasına enir,
bir vaxtlar sən də mənim üzərimə enirdin-
elə bil yel əsirdi,
dalğalar sahilə dönürdü,
qağayılar qanadlarıyla
havanı qovurdu-
eynən o cürə.



Dağın ətəyində



Həyatdan alacağın qalıq
daha çox xırda-xuruşdur,
nə gözlədiyindi
(xatırlamaq və saymaq üçün azdır),
nə də qara gün üçün
yarayır.

Yaşadığım günlərdən
alacağım var, gözləyirəm,
ciddi məbləğdir-
o dünyanı tanımaq üçün bəs etməlidir.

 

Öz xalqıma yetişim deyə
səhrada dolanıram...
Təlimlər, daş yazılar və
və dərindən yaralayan adətlərin
girdabında itib-batan xalqım...

Çıxışı axtaran addımlar və
ilğımlara aldanan baxışlar...

 

 

Yeni zamanlarda

 

Hiss edirəm içimdən
keçib gedir bir
heykəl..

Saçımdan dırnağımacan,
daş ovulub ələnəcən,
bədənimi tərk edənəcən-
hər yeni doğuluşda belə olur,
al rəngli dabanlar
yolların sinəsinə susayırlar.

 

Doğulan
ölümdən, küldən deyil,
daşdan geri dönüb,
ruhu da qaya kimidi.

Külüng və qaya arasındakı
havadan sezmək olar:
“Yeni zamanlar üçün yeni insanlar”-
az əvvəl gəliblər,
gedənlərdən sıyrılıblar-
yorğunlardan.

 

 

 

Nikita Danilov

 


1952-ci ildə Rumıniyanın şimal-şərqində, Muşenisada anadan olub. İlk kitabı 1980-ci ildə nəşr olunub.20-dən artıq şeir, hekayə kitablarının müəllifidir. Əsərləri dünyanın onlarla dilinə tərcümə edilib, bir çox nüfuzlu milli ədəbi mükafatların qalibidr. İkidilli “Kitej-qrad” dərgisinin baş redaktorudur.

 

 

Kor

 

Gözlərindən pərvazlanıram-
korun gözlərindən axşamları pərvazlanan
göz yaşlarının zəngi kimi.
Sənə varıram-
korun gözlərinə
enən göz yaşlarının zəngi kimi.

 

 

Üz

 

Suya yumruq vursan da
öz üzünə toxuna bilməyəcəksən,
İki əlini suya salsan da
öz üzünə toxuna bilməyəcəksən.
Miss sikkə kimi sürüşəcək o,
suyun dibinə
lap dərinə
endikcə enəcək.

 

 

Səhraya get, suyun üstüylə addımla.

Gəldilər
və onun ayaqqabılarının altına
qumdan xaç çəkdilər.

Dedilər: səhraya get,
sonra da suyun üstüylə addımla.

 

 

Aydınlıq

 

Nəhayət ki, axşamayaxın o işıqlı,
Kədər ağacına gəlib çatdıq.

Yarpaqlarının xışıltısı
qürub vaxtı göyü və yeri lərzəyə salırdı.
Altında uzandıq. Bir gün. İki gün.
Bəlkə daha çox. Lap çox.
Əllərimizi başımızın altında,
gözlərimiz var gücüylə açılmış
Aydın səmaya silləndik.
Səmada isə nə quş, nə buludlar.

 

İyulun 17-dən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilir. Xalq artisti Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ağalar Bayramov, Azad Şükürov, Elçin Allahverdiyev, İlkin Əhmədov və bir çox mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi layihə oktyabr ayına qədər davam edəcək.

 

Xəbər verdiyimiz kimi, növbəti belə görüş Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla keçirilib. Görüşün təfərrüatını təqdim edirik. 

Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədr mavini Salman Abdulov, RİHBA-nın şöbə müdirləri, rayon sakinləri və ziyalılar iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dovlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Günay Firudinqızı ziyalılarla belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra ustad yazıçının ötən illərinə, fəal yaradıcılığına nəzər salınıb. Anar yaradıcılığında qəhrəmanlarının daxili aləminin, hiss və həyəcanlarının, sevinc və kədərinin, arzu-istəklərinin ortaya qoyulması, ədəbiyyatımızda Anar imzasının, Anar möhrünün xüsusi yeri, mövqeyi olduğunu, yazı mədəniyyəti, dil-üslub keyfiyyəti, sənətkarlıq xüsusiyyətlərinin əsərlərində yüksək səviyyədə qorunmasından ətraflı bəhs edilib.

Yazıcı Anar Şuşada - Vaqif Poeziya günündə iştirakı zamanı yaşadığı sevinci oxucularla paylaşaraq qeyd edib ki, bu bizim həm mənəvi, həm hərbi, həm də siyasi zəfərimizdir.

Tədbir diskussiya şəraitində davam etdirilib.Tədbir iştirakçıları Yazıçı Anara maraqlı suallar ünvanlayıb.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib, qonaqları salamlayıb, Xalq yazıçısının yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar. 

Bildirilib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. 

Tədbir zamanı Anarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonda xalq yazıçısı Anar tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib və xatirə şəkilləri çəkilib. 

Sonda zəruri bit xatırlatma. Ölkənin rəsmi mediasında Anarı bu xəbərdə şair kimi təqdim ediblər. Yazıq bizə ki, hələ də şairlə yazıçının fərqini bilmirik.

Пятница, 12 Август 2022 09:52

Şuşa abidələrini qorumaq prioritetdir

 

Şuşada abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu təsdiqlənib. Daha təfsilatlı: 

 

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib. 

Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir.

Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.

 

Bu gün Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Qydyrálinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstandan Macarıstanın paytaxtı Budapeştə işgüzar səfərə yola düşüb. Bu barədə məlumatı “Ədəbiyyat və incəsənət” portalı Akademiyanın vitse-prezidenti Füzuli Məcidliyə istinadən yayır. 

 

Akademiya rəhbəri Budapeştdə Ahmed Baytursınulinin 150 illik yubileyinə həsr olunmuş konfransda və macar türkoloqu Armin Vambirinin kitablarının təqdimat mərasimində iştirak edəcək. 

Bundan əlavə o, Macarıstan hökumətinin bir sıra rəsmiləri ilə görüşəcək.

Akademiya prezidenti avqustun 12-14-də Buğac bölgəsində keçiriləcək “Hun-Turan” Qurultayında da iştirak edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.