Super User

Super User

 

Son illər Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu janrda fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınayır. Çoxları yeni nəsil komediyaçıları sünilikdə, bayağı mövzular seçməkdə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir".

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu  xalq artisti, tanınmış aktrisa, bir sıra yaddaqalan obrazlar yaratmış Səidə Quliyeva Yenisabah.az-a deyib.

O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib: "Bu gün çəkilən komediyalar acınacaqlı vəziyyətdədir. Elə bilirlər ki, komediya nalayiq sözlərdən, bir-birinə təpik vurmaqdan ibarətdir. Hansı televiziya, yaxud "YouTube" kanalını açırsan eyni aktyorları görürsən. Bu serialdan o seriala, o serialdan bu seriala keçirlər. Hərdən çaşırsan ki, eyni adamı nə qədər görmək olar? Zövqsüzdürlər, bu serialda dediyini o birində də deyir, orada dediyini sosial şəbəkədə də deyir. Rol müxtəlifliyi yoxdur, xarakter yaratmırlar. Əgər bu adam özünü aktyor hesab edirsə, həqiqətənmi kənardan heç özünə baxmır? Görmür ki, bütün rolları bir-birinə oxşayır? Elə bir obraza girib 20 il onun ətrafında fırlanırlar. Xarakter yaratmağı bacarın, bizlərdən öyrənin, niyə öyrənmirsiniz? Biz öyrənə-öyrənə gəlmişik. Estafeti bizə veriblər, biz kimə verəcəyik?!"

Aktrisanın sözlərinə görə, bu gün istedadlı gənclər olsa da, onlara şərait yaradılmır.

 

Digər tanınmış stajlı sənətçilər bu qənaəti bölüşürmü?

 

Xalq artisti Afaq Bəşirqızı mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Estafet elə şeydir ki, onu eyni məkanda, eyni janrda oynayan aktyora verirlər. Bəli, bizim çox istedadlı gənclərimiz, orta yaşlılarımız var. Amma onlar teatrda işləmirlər, estrada janrında oynayırlar ki, bu da teatr deyil.

Səidə xanım tamamilə düz deyir. O, çox ağıllı qadın, gözəl aktrisadır. Yəni demək istəyir ki, indi estafeti kimə versin. Bu, həddən ziyadə çətin məsələdir. Xatırlayıram ki, bir dəfə müsahibələrimin birində bir gənc aktyorun adını çəkmişdim. Həmin aktyoru o qədər bəyənir, xətrini istəyirdim ki, amma sonra gördüm ki, o deyil. Mənə dedi ki, Afaq xanım, mən balalarımı dolandırmalıyam. Bu sözün qarşısında mən artıq heç nə deyə bilmərəm. Nə deyim axı.

O ki qaldı hazırda istedadlı gənc aktyorlarımızın olub-olmamasına, hesab edirəm ki, universiteti bitirən aktyorun fikrində dağınıqlıq olmamalıdır. İllərlə toparlanmalı, peşəsini inkişaf etdirməlidir. Universitetdə aktyor plastika, səhnə mədəniyyəti, tamaşaçını yaxından hiss etmə və digər məsələləri öyrənir. Amma baxır onu kimdən öyrənir. Eyni zamanda burada əsas nöqtəni qoyan ilahidən gələn istedaddır. Bu istedad varsa, aktyor sonradan onu yavaş-yavaş bədəninə çəkir. İstedadı itirmək olmaz, əgər itirirsənsə, deməli, sən adam deyilsən.

İstedadlı gənc aktyorlardan daha çox parodiyaları ilə tanınan İslamın, Fərdanın, Ənvər Abbasovun adını çəkə bilərəm. Fərda təkbaşına bir konserti başa çatdırdı. Mən onu ilk dəfə görəndə dedim ki, Fərdanın rejissoru yoxdur, potensialı olan kimi o saat qoyur ortaya və bu, sonradan ona çətinlik yaradacaq. Həmçinin qeyd etdiyim kimi, "Komedixana"nın ssenarisini yazan və oynayan Ənvər Abbasov çox istedadlıdır. Onu görəndə gözlərim yaşarır. Həmçinin İslam, o, Türkiyəyə gedəndə tamaşaçı zalını fəth etdi. Əgər imkanım olsaydı onlara bir teatr açardım və onlar öz fəaliyyətlərini teatrda göstərərdilər".

Tanınmış komediya aktyoru Fərda Amin isə məsələyə bu cür şərh bildirdi: "Mən özüm də bu vəziyyətdən şikayətçiyəm. Mən bu sənətə 25 ilimi vermişəm. Hesab edirəm ki, bizləri tənqid edənlərin özləri məsələnin həllini tapıblar. Yəni deyirlər ki, aktyorlar üçün şərait yoxdur. Bu, böyük zəhmət tələb edən sənətdir və bir nəfərin yükü deyil. Əgər Mədəniyyət və İncəsənət Universiteti varsa, oranı bitirən tələbələrin üzərində bir nəzarət olmalı, onlara dəstək olmalıdır. Əgər biz bu cür dağınıq vəziyyətdə ortalığa bir şey çıxarırıqsa, sənətin tam ölmədiyini göstəririksə, bu əməyə də bir alqış düşür.

Həmin tənqidi fikirləri səsləndirən sənətkarların özləri də iş görmür axı. Hamı danışıq moduna keçib, sadəcə, danışırlar. Əgər mən 25 ildə işləmişəmsə, işləyənlərə qarşı da haqsızlıq edirlər. Ortaya komediya çıxartmaq lazımdır. Əgər onlar indiki tamaşaçıların nəyə güldüyünü bilirsə, özləri ortalığa nəsə çıxartsınlar. Özləri nəsə bir şey ortaya qoysunlar, heç bizi qatmasınlar. Bizlərə dəstək olmayıb. 25 ildə mənə heç kim dəstək olmayıb, bundan sonra da ehtiyacım yoxdur. Bəlkə də 5 il əvvələ qədər dəstək umurdumsa, indi ummuram. Çünki zamanın özü bu məsələni "bişirdi". Mənim artıq öz tamaşaçım, kütləm var. O tənqidləri deyən sənətkarlar öz kütləsi üçün nəsə etsinlər, biz də kənardan baxıb deyək ki, hə, bu yaşda möhtəşəm bir iş görüblər, gəlin açıb həmin tamaşaya baxaq. Onlar heç sponsor tapa bilməyəcəklər. Ortalığa nəsə çıxartmaq üçün ən azı 35 min manat pul lazımdır. Görün tapa biləcəklərmi? Bəs onlar düşünmürlərmi ki, biz həm özümüz o sponsorları tapır, ssenarini yazır, montaj edir, səsləndiririk, həm də tamaşalar üçün özümüz qala təşkil edir, hətta özümüz öz pulumuza kostyum tikdiririk. Yoxsa ki, danışmağa nə var".

 

Cari ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

 

Dövlət Statistika Komitəsi xəbər verir ki, gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən 166,6 dəfə, Omandan 156,9 dəfə, Pakistandan 31,9 dəfə, Hindistandan 18,2 dəfə, Bəhreyndən 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 7,3 dəfə, İsraildən 7,1 dəfə, Qazaxıstandan 5,8 dəfə, ABŞ-dan 4,4 dəfə, Almaniyadan 3,2 dəfə, Fransadan 2,8 dəfə, Böyük Britaniyadan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,8 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiya Federasiyasından 1,7 dəfə, Gürcüstandan 22,5 faiz artıb.

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 faizi hava, 36,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

 

"Kazan Kremlin" Muzey-Qoruğunda tanınmış modelyer - dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın "Qarabağ" və "Xarıbülbül" adlı kolleksiyaları böyük uğurla nümayiş olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı modelyerin Facebook səhifəsinə istinadən xəbər verir ki, dəfilə Kazanda (Tatarıstan, Rusiya) ikinci Etno-Fashion-Xalq yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - mədəni Kod" çərçivəsində keçirilib. Kolleksiyalar XVII-XIX əsrlərin tarixi binalarında təqdim olunub.

"Azərbaycanı dünya podiumlarında, xüsusən də indi bizim gözəl Qarabağımızı təcəssüm etdirən və Şuşa ilində bu cür kolleksiyalarla təmsil etmək mənim üçün böyük şərəfdir. Məlum olduğu kimi, Xarıbülbül çiçəyi Şuşa və Qarabağla ayrılmaz bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın talismanı, 44 günlük Vətən müharibəsində Qələbənin milli rəmzidir. Sevindirici haldır ki, kolleksiyaların nümayişi qonaqların böyük marağına səbəb olmuş və böyük uğurla keçmişdir. Səfər çərçivəsində gələcək əməkdaşlıq və birgə layihələrin reallaşdırılması istiqamətində də bir sıra işgüzar görüşlər keçirilib", - deyə Gülnarə Xəlilova bildirib.

Festival Rusiya Sənaye və Ticarət Nazirliyinin, Tatarıstan Respublikası hökumətinin, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin və Avrasiya etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Bu il festivalda Rusiya, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 50-yə yaxın tanınmış dizayner iştirak edib, yaradıcılıq görüşləri və ustad dərsləri keçirilib. Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.

 

Azərbaycan prezidenti İlham Əliyev: 

Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. 

Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.

Müslüm bizimlədir, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaq.

 

Mədəniyyət naziri Anar Kərimov:

Bu gün Azərbaycan xalqı və mədəniyyəti üçün əlamətdar bir gündür. Dünyaşöhrətli ifaçı Müslüm Maqomayevin anım gününə toplaşmışıq. Onun Azərbaycan xalqının, mədəniyyətinin zənginləşməsinə verdiyi töhfəni qeyd etmək və xatırlamaq üçün hamınız bu gün buradayıq. Müslüm Maqomayev XX əsrin ən nəhəng vokal ifaçılarından biri olaraq dünya estradasının ən gözəl nümunələrini seçərək özünəməxsus şəkildə ifa edirdi. O, Azərbaycanı bütün dünyada tanıdan yaradıcı şəxsiyyət olub. 

Biz Azərbaycan xalqı olaraq M.Maqomayev kimi şəxsiyyəti heç vaxt unutmayacağıq və onun ifa etdiyi mahnılar daim bizim yaddaşımızda özünəməxsus yerini tutacaq. Dövlətimiz tərəfindən də onun yaradıcılığına hər zaman böyük dəstək göstərilib. Eyni zamanda, ulu öndər Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirərək, Müslüm Maqomayevə çox böyük dəstək olub. Bu ənənə də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. M.Maqomayevin yaradıcılığı və mahnıları hər zaman qəlblərdə yaşayıb və həmişə də yaşayacaq.

 

Müğənni Emin Ağalarov:

Bu gün Müslüm Maqomayevə həsr edilən əsrarəngiz konsert proqramı təqdim olunacaq və həmin konsertdə dünyaşöhrətli müğəninin repertuarında olan mahnıları tanımış ifaçılar səsləndirəcəklər. Müslüm Maqomayev musiqi tarixində bənzəri olmayan unudulmaz sənətkardır. Onun mahnıları hər zaman gənc istedadlar tərəfindən ifa olunaraq əbədi yaşayacaq. 

Prezident İlham Əliyevəvə Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürünüzü bildiririk ki, sənətkarı hər zaman böyük hörmət və ehtiramla yad edərək unudulmağa qoymurlar. Müslüm Maqomayev elə bir böyük sənətkar və şəxsiyyət olub ki, onun musiqi tarixində varlığı, eləcə də əvəzolunmaz yaradıcılığı əsrlər boyu bir çox musiqiçilərə, yaradıcı insanlara örnək olaraq, həmçinin bu sənətdə çoxlarına düzgün yol göstərəcək.

Четверг, 18 Август 2022 09:33

Bu gün Qazaxda Mirvarid Dilbazi anılacaq

 

Bu gün “Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, "Mirvarid Dilbazi poeziya məclisi"nin, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazaxda Azərbaycanın ilk Xalq şairəsi Mirvarid Dilbazinin 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir iştirakçıları ilk öncə (saat 10:45-də) Mütəfəkkirlər Parkında Mirvarid Dilbazinin büstünü ziyarət edəcəklər. Daha sonra (saat 11-də) Ədəbiyyat Muzeyində tədbirin rəsmi hissəsi davam edəcək.

 

Bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.  Prezident İlham Əliyevin çıxışının mətnini təqdim edirik:

- Əziz dostlar, bu gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyidir. Bu gün Bakı şəhərinin ən gözəl yerlərindən birində Müslüm Maqomayevin abidəsi ucaldılıb. Biz bu mərasimə toplaşmışıq. Müslümü tanıyanlar, onu sevən insanlar bu gün birlikdə bu gözəl abidəni açacağıq.

Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.

Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub.

Bildiyiniz kimi, Müslüm Maqomayevin atası İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olanda Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü. Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq.

Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.

Tamara və Müslüm - onların hər ikisi böyük sənətkar, dünyaşöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.

Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz.

Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır.

Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.

“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.

Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır. Sağ olun.

 

x x x

 

Sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış ediblər

 

x x x

 

Daha sonra Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsi üzərindəki örtüyü götürüb.

 

x x x

 

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

 

x x x

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər. 

Sonda xatirə şəkilləri çəkdirilib.

Среда, 17 Август 2022 16:54

Həyatınızda kitaba heçmi yer yoxdur?

 

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər şəhərlərin başçıları, icazə verin bizim də belə küçəmiz olsun. Hər şəhərdə bir kitab passajı olsa dünyamı dağılar?

Amma vətəndaşlarımız da gərək bunu istəsin. Hər yana baxsan ət bazarıdır. Həyatınızda kitaba, incəsənətə heçmi yer yoxdur?

 

Şahbaz Xuduoğlu

Среда, 17 Август 2022 15:00

Günün fotosu: Okeanlar xilas edilməlidir

Günün fotosu: Okeanlar xilas edilməlidir

 

Nyu-Yorkda, Bruklin körpüsünün altında Greenpeace-in fəalları dünya okeanı üzrə Konvensiyanın imzalanmasına çağırış edən banner yerləşdiriblər.

Nəticəsiz dörd sessiyadan sonra BMT-yə üzv dövlətlər okeanların müdafiəsi haqqında müqavilənin yekun bağlanmasına yönələn danışıqları bərpa ediblər.

 

Foto: Euronews

 

“Şantaram” romanını oxumayan çətin tapılsın. Apple TV+” şirkəti “Şantaram” serialının premyera tarixini açıqlayıb. 

 

“Ədəbiyyat və incəsənət” TASS-a istinadla xəbər verir ki, rejissoru Bharat Nalluri olan, Çarli Hunnamın rol aldığı ekran əsəri 2022-ci il oktyabrın 14-də yayımlanacaq. Premyera günü ilk üç seriya nümayiş olunacaq. 

Qeyd edək ki, Qreqori Devid Robertsin eyniadlı epik romanı əsasında çəkilən “Şantaram” serialının ssenari müəllifi Stiv Laytfutdur.

Maraqlıdır ki, o, peşəkar ssenariat deyil, prodüsserdir.

Среда, 17 Август 2022 12:00

Monteneqrodakı kəpənəklərin göz yaşları

 

Siyasət və mədəniyyət xadimləri bir araya gələndə mütləq kreativ ideyalar ortaya çıxır. 

Monteneqronun Fəxri Konsulluğunda Fəxri Konsul Dr. Vüqar Əliyev Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katibi, İki dəfə Prezident təqaüdçüsü, Gənclər Mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Müdafiə Nazirliyi ilə birgə həyata keçirdiyi "Tarixi Yaşadanlar" adlı layihənin rəhbəri, YAP-üzvü Aysel Kərim ilə görüşmüşdür. 

 

Aysel Kərim “Ədəbiyyat və incəsənət” portalına məlumat verir ki, görüş zamanı bir çox məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. O cümlədən Azərbaycan mədəni həyatında mühüm rol oynayan tədbir və layihələr, mədəni irsi əks etdirən mövzular ətrafında söhbətlər getmişdir. 

Vüqar Əliyev müəllifi olduğu "Monteneqro- Adriatik sahilinin incisi", Aysel Kərim isə müəllifi olduğu "Kəpənəyin göz yaşı" adlı kitabını qarşılıqlı şəkildə bir-nirilərinə bağışlamışlar. 

Sonda xatirə fotosu çəkdirilmişdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.