Super User

Super User

 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) “Şuşa İli”nə həsr olunan layihənin icrasına başlayıb. 

 

AzərTAC xəbər verir ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi çərçivəsində ikihissəli sənədli film istehsal olunacaq. Bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibidir.

Layihənin əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək üçün iki hissəli sənədli film hazırlamaqdır. Hazırlanan filmlərin həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur. Bu məqsədlə filmlər Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.

Qeyd edək ki, ikihissəli sənədli filmin əsas mövzusu Şuşada məktəblər və tədris mərkəzləri, həmçinin Şuşada mövcud olmuş mədəni mühit və mədəniyyət abidələri barədə olacaq.

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla “Güneydən gələn səslər” rubrikasında bu gün sizi Zaman Paşazadənin şeirləri ilə tanış edəcək. Bəri başdan deyək ki, lövhələr yaratmaq ustası olan Zamanın bu şeirləri sizləri təəccübləndirəcək.

Qeyd edək ki, güneyli soydaşlarımızın orfoqrafiyasına toxunulmamışdır.

 

 

Zaman Paşazadə Xiyav əsillidir, 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə bir daha Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanın Parsabad şəhərinə köçmüşdür. Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir. 2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.

 

 

 

SSENARİ ŞEİR

İNTİHAR

 

Kağızların üzərində uyumuşkən yazıçı,

Romandan baş qaldırıb çıxdı karakter

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Dik atıldı yazıçı

Qələmi götürüb beləcə bitirdi:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi qəzetlər

Beləcə titr vurdular:

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

Diskindi oxucu

Divardan asılmış tüfəngi götürdü

Taraq

İntihar etdi…

 

  

SSENARİ ŞEİR

DOĞUM

 

İçəri – gecə - doğum evi

Işıq izinsiz cumur gözlərimizə

Yenicə göz açmış kameradan zillənirik divardakı saata

Saat iyirmi dördü tələsir…

 

İçəri – gündüz – doğum evi

Çeşidli açıdan üzümüzə zillənir kameralar

Yaxınlaşdıqca dodaqları yekəlir

Öpülürük

Öyülürük

Öööö

Burnumuzdan gəlir ana südümüz

Zaman ağzımızın ağuz zamanı.

 

Mavi boyalı istamp güpsənir ayağımızın altına

Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində

Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…

 

Yoxlanılır təməl hüceyrələrimiz

Yoxlanılır sağlamlığımız

Yoxlanılır sağmallığımız

Yoxlanılır varlıq.

 

Içəri – gecə - ev

Zillənirik divardakı saata

Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını

Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu

Saat iyirmi dörd…

Geri, geri, geriyə dönür film

Kameralar itir dumanda.

Zamansız – içəri – iç

Cənində bir budda heykəliyik

Boynumuz da göbək bağından bir boyunbağı

Ayağımızın altında doğum çarpayısı

 

 

KLAUSTROFOBİYA

 

Qapıdan içəri keçən əşyaları alkollayıramsa

Pəncərədən sızan hər bir şeyi

Quşların səsini

Çiçəklərin qoxusunu

Havanı

Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa

Fikir vasvasılığı deyil

Ardı kəsilməyən faciələrin normal qorxularıdır.

Hələ ayaqla görüşmək nədir ki,

Plastic geyimlə izolə sevişmək ehtimalı da var.

 

Bütün gücsüzləşdirən ölümcül viruslardan

Öldürməyib də gücləndirən kabuslara qədər

Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.

Biz möcüzələrə inandığımız yerdə

Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır

Acizliyimiz möcüzələrdən daha böyük

İnanmaq kələməsi daha kiçikdir.

 

Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik

Biz hər səhər tanrının ümidi ilə yuxudan durub,

hər gecə ateist giririk yatağımıza

Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.

İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de

İndi gəl qərəntinə trendinə qoşul

İndi gəl klaustrofobiyanı açıqla polislərə

Çörək klaustrofobiyası

Ev kirası klaustrofobiyası

Leylanın gözlərinin klaustrofobiyası

İndi gəl evdə qal və bütün fobiyalara yolux.

 

Gəlin, tanınmamaq üçün maskalarımızı taxaq, əziz vətəndaşlar

Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə

Çünki ölüm maskalılara toxunmur.

 

Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb

Maskasını götürəcək üzündən

Biz o zaman tanıyacağıq tanrını

Və oyun bitəcək.

 

 

SADƏCƏ SƏN BİLİRSƏN…

 

Indi yerin boş olsa da

Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam

Və əllərimi gözlərində qızdırıram.

 

Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur

Yoxsa çoxları qəhvəni şəkərsiz içir.

Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını

qəhvə ilə qarışdırır

mənasını bilmədən

Sadəcə sən bilirsən bütün mənaları

Və bir an öncə tərk etdin kafeni.

Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil,

hadisə yerindən uzaqlaşmaq üçündür.

Sadəcə sən bilirsən caddələr gəlmək deyil,

tərk etmək üçündür.

Sadəcə mən bilirəm

Daha Sezen get mahnısını mələməyəcək

Get

Deyəcək

Get…

Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb

Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq

Və görüşə uzanacaq əlin.

 

İndi yerin boş olsa da

Gözlərinin rəngi üstümə dağılmış

Və kapşenimin cibini axtarır polislər.

Sadəcə sən bilirsən mən özümü öldürməmişəm

Və qatil soyuqqanlılıqla uzaqlaşır taksidə.

 

 

 

 

 

EVƏ QAYIDIRDIM…

 

Günəş saçmalamağa başladı

Durub özümü oyaqlığa vurdum

Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım

Nəbzini yoxladım

Hələ də yanıb-sönürdü trafik ışıqları

Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus

Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus

Öz yarasını yalayan pişik kimi idi şəhər

Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:

“Dinozavrların öldüyü çağda

Peyğəmbər yoldaykən

Mən sənin şairin idim.”

Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca

şeirə dolmuşdu

Bəraheni

Neft dəkəllərinin dalından

dinozavrların ölüm mədlulunu çıxarmışdı.

Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur

Özgürlüyə çıxır kələmələr.

Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər

Ağrılarını öpüşlə yazırlar.

 

Amma Təbriz öz quyruğunu çalan ilan kimidir

Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım

Mən “Düşmənsiz bir savaşçı

Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”

Özümü uzaltdım bulvara

Nəbzimi yoxladı narkoman bir kişi;

Quş dedi quşsan rahatlayacaqsan

Barmağımı saldım boğazıma

Bir quş çıxartdım

Uç dedim, uçsan rahatlayacaqsan

Baxıb gülürdü şəhər

Durub özümü ağıllılığa vurdum

Pambıq dəliliyim əynimdəykən

Evə qayıdırdım…

 

 

Суббота, 13 Август 2022 15:00

Bu dünyadan bir Abay keçib…

Türk dünyasının tanınmış adamı Abay Kunanbayevin 177-ci ildönümünə aid bir neçə ştrixlər

 

Xəbər verdiyimiz kimi, Türk dünyasının tanınmış fəlsəfi fikir adamı Abay Kunanbayevin 177 yaşı  tamam olub. Bu münasibətlə Qazaxıstanın  ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov  azərbaycanalı abayşünaslar və abaysevərlərlə görüş keçirib. Abay Kunanbayevin Binəqədi rayonunda adını daşıyan  küçədəki  memorial lövhənin qarşısında xatirəsi böyük ehtiramla yad edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portal həmin gün – avqustun 10-da informasiya təqdim etmişdi. İndi daha geniş reportajı diqqətinizə çatdırırıq.

Öncədən qeyd edək ki, tədbirin həm rəsmi, həm musiqili hissəsi gözəl təşkilatçılığı və maraq kəsb etməsi ilə yadda qalıb. Qazaxıstanın ölkəmizdəki  Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov tədbiri açaraq qazax xalqının Abay Kunanbayevlə fəxr etdiyini, onun yazıb qoyduğu ədəbi irsinin bu gün qazax xalqı üçün mənəvi istinad yeri olduğunu söyləyib. Eyni zamanda qeyd edib ki, Abayın ədəbi irsi bütün türk dünyası üçün önəmlidir, Abay yaradıcılığı bütün türkdilli xalqları, ölkələri bir-biri ilə dost edib. Diplomat eyni zamanda qardaş Azərbaycan xalqına Abay şəxsiyyəti və Abay irsinə göstərdiyi diqqətə, sevgi və hörmətə görə  minnətdar olduğunu  bildirib. Abayın əsərlərinin son illərdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda çap olunmasının Türkdilli Dövlətlərin Birliyi yolundakı əhəmiyyətindən, Abayın  təkcə türk xalqlarına deyil, bütün insanlığa məxusus olduğundan danışıb. 

Görüşün ikinci hissəsi Bakının Dənizkənarı Bulvarında qurulan Qazax çadırında davam edib. Burada tanınmış azərbaycanlı tarixçi, publisist və teoloq Teymur Atayevin “Abay möhtəşəmliyi və XXI əsrin  fəlsəfi fikir adamının portretinin yaranmasına cəhd”  kitabının təqdimatı olub. Tədbirin musiqili hissəsində Abay Kunanbayevin sözlərinə yazılmış mahnılar və musiqilər səslənib. İtaliyanın  Turin şəhərində təhsil alan həmyerlimiz Əli Övsəl dombrada Abay musiqilərini ifa edib.

Qazax çadırında qonaqlar Qazaxıstanın görməli yerləri, iqtisadiyyatı, mədəniyyəti və tarixinə aid  bol məlumatlı sərgilərə baxıblar. Eyni zamanda Qazax çadırının necə qurulması və əhəmiyyəti haqqında qonaqlara məlumat verilib.  Qazax süfrəsinin təamları da qonaqlara təqdim olunub.

Bəli, dünyamızdan böyük bir qazax oğlu – Abay keçib. İzləri isə illər ötsə belə təzətər qalacaq.

Fotolar Serikbol Koşmaqambetovundur.

Bu gün - 13 avqust 2022-ci ildə, saat 11-də Qubadakı “Azərkitab” kitab mərkəzində AYB Quba bölməsi Əmir Pəhləvanla görüş keçirəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Quba bölməsindən məlumat verilib.

 

Əmir Pəhləvan müasir Azərbaycan ədəbiyyatının  və kino sənətinin görkəmli nümayəndəsi, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr respublikalarının Dövlət mükafatlarının, eləcə də digər fəxri titulların laureatıdır.  

Əmir Pəhləvan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" adlı bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi-Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin, Avropa ölkələrində və Amerikada çap olunan "Bakılı Nobel", "Neft taleli Nobel", “Ayrılıq”, “Səfir”  "İsa, Məryəm və Sona" sənədli romanlarının, “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” adlı roman, pyes və librettoların, Azərbaycanda nəşr olunan 30 kitabın, Ukraynada və keçmiş possovet respublikalarında nəşr olunan 27 kitabin, DVD formasında Almaniyada işıq üzü görən 15 kitabın müəllifidir.

Maraqlanan hər kəs görüşdə iştirak edə bilər.

Günün fotosu: Anomal istilər İngiltərəni də təslim edib

 

Anomal istilər Dumanlı Albionu qoynuna alıb. Esseks qraflığı - Londonun 60 kilometrliyi meşə yanğınına bürünüb.

Foto: Euronews

Суббота, 13 Август 2022 13:00

Emmi mükafatını ispaniyalı rejissor Mielqo qazanıb

 

"Süpürgəçi" qısametrajlı animasiya filminə görə “Oskar” mükafatı laureatı ispaniyalı Alberto Mielqo “Netflix”də yayımlanan "Love, Death & Robots" cizgi serialında "Jibaro" epizoduna görə “Emmi” mükafatı qazanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadla xəbər verir ki, rejissor mükafatı “Qəhrəmanların dizayn edilməsi” nominasiyası üzrə alıb. 

ABŞ-ın Televiziya Akademiyası “Creative Arts Emmy Awards” kimi tanınan bu mükafatı kreativliyi ilə seçilən sənətçilərə təqdim edir.

 

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalını rəngarəng etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə xarici ölkələrdən qonaqlar dəvət olunub. Məqsədimiz xaricdə nüfuzlu festivallarda yer tutmuş film yaradıcıları ilə yerli rejissorlar arasında təcrübə mübadiləsini sürətləndirməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bu sözləri III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalın təsisçisi Aygün Rəşidova festivalla bağlı keçirilən mətbuat konfransında deyib. 

“Çox zaman kinosevərlər xarici festivallarda iştirak edən yerli filmlərimizdən xəbərsiz olur. Bu məqsədlə builki proqrama “festivaldan seçmələr” bölümü daxil edilib. Bu bölümdə dünyada nüfuzlu festivallarda qalib gəlmiş Azərbaycan dilində altyazıları ilə 9 seçilmiş film nümayiş olunacaq”, - deyə Aygün Rəşidova bildirib. 

Bildirib ki, festivala 90 ölkədən 300-ə yaxın müraciət olunub, onlardan 6 tammetrajlı, 6 qısametrajlı və 6 yerli filmlər seçilib.

Qeyd edək ki, festivalın maliyyə dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı və ABŞ Beynəlxalq İnkişaf Agentliyidir.

Суббота, 13 Август 2022 11:05

Sarayevo Film Festivalı başladı

 

Avqustun 12-də Bosniya və Herseqovinanın paytaxtında 28-ci Sarayevo Film Festivalı başlayıb. 

 

“Ədəbiyyat və incəsənət portalı xəbər verir ki, festivalın ilk günündə isveçli rejissor Ruben Östlundun “Kədər üçbucağı” filmi nümayiş olunub. 

Avqustun 19-dək davam edəcək festivalda kinosevərlər 62 ölkədən 230 filmə baxmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin izlərini silmək, paytaxt Sarayevonu yenidən mədəniyyət və incəsənət mərkəzinə çevirmək üçün təşkil edilən Sarayevo Film Festivalına bu illər ərzində dünyaca məşhur bir çox kino ulduzu qoşulub. Həmin məşhurlar sırasında Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum və başqaları var.

 

Avqustun 12-də Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 75 illik yubileyi münasibəti ilə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azərpaşa Nemətovla görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nazir müavini mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu A.Nemətova təqdim edib, yubiley yaşını qeyd edən sənətkara uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb. 

Xalq artisti A.Nemətov diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərpaşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr rejissoru” fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunu bitirib.

Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb, bu teatrın inkişafında böyük xidmətlər göstərib.

A.Nemətov 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak edib.

A.Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir.

Teatr sənəti sahəsində xidmətlərinə görə ona 1987-ci ildə “Əməkdar incəsənət xadimi”, 2002-ci ildə “Xalq artisti” fəxri adları verilib. 1997-ci ildə “Humay” milli ictimai mükafatına, 1998 və 2003-cü illərdə “Qızıl Dərviş” mükafatına, 2007-ci ildə “Şöhrət ordeni”nə, 2015-ci ildə “Haldun Taner”, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik medalına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqüdçüsüdür. 2-ci dərəcəli “Vətənə xidmətə görə” (2017) və "Şərəf" (2022) ordenləri ilə təltif olunub.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                 

 

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2022-ci il

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.