Super User

Super User

 

UNESCO-nun 70 illik Proqramı çərçivəsində qurumun dəyərlərinin təşviqinə töhfə verən incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin yubileyi qeyd olunur. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov da UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinə böyük töhfə verib. Bu gün onun anadan olmasının 100 illiyini qeyd edirik. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri UNESCO-nun Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsertdən sonra AZƏRTAC-a müsahibəsində ifadə edib. 

Firmin Eduard Maotoko gecənin təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və təşkilat yanındakı daimi nümayəndəliyinə təşəkkür edərək, belə bir gecənin təşkilindən çox şad olduqlarını bildirib. 

“Belə bir gecənin təşkili, həmçinin Azərbaycan ilə UNESCO arasında sıx əməkdaşlığı əks etdirir. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov öz musiqisi vasitəsilə UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinin təşviqinə töhfə verib. 

Musiqi bütün dillər üçün əlçatandır və bədii ifadə baxımından mühüm dəstəkdir. Musiqi universal xarakterə malik mesajdır. Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd olunması beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. UNESCO-nun artıq 70 ildir həyata keçirdiyi Proqram vasitəsilə qurumun dəyərlərinin təşviqinə töhfə vermiş və verən incəsənət xadimlərinin, tanınmış vacib şəxsiyyətlərin yubileyi qeyd olunur”, - deyə F. E. Matoko vurğulayıb. 

Qeyd edilib ki, bu tədbir mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi əks etdirir.

 

“Azərxalça” ASC 8 Noyabr - Zəfər Günü ərəfəsində həyata keçirilən tədbirləri sırasına əlavə olaraq ikinci ən böyük satış və nümayiş qalereyasının açılışını edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə çıxış edən “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov söyləyib: “Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarıq və sənətlərindən zövq almasına imkan yaratmaqdır. Bu məkana gələcək qonaqlar xalçaların necə yarandığını əyani görə biləcək, eləcə də bu çətin əl əməyinin pərdəarxası görüntüləri ilə tanış olaraq, xalça toxuma prosesindən zövq alacaqlar. Bir məlumat da bildirim. “Azərxalça” ilə əməkdaşlıq çərçivəsində “Four Seasons Hotel Baku”nun foyesinin 8 Noyabr - Zəfər Günü münasibətilə görülən işlər çərçivəsində noyabrın 4-dən heyrətamiz mərkəz elementi ilə bəsədilibdir. Hər biri dünyaca məşhur dörd növ Qarabağ xalçasından (Çələbi, Malıbəyli, Xətai və Qasımuşağı) hazırlanmış dörd uçan Qarabağ atının instalyasiyasının 30 illik işğaldan azad edilmiş qədim Qarabağ torpaqlarının unikal mədəniyyətinin dirçəlişini simvollaşdırmasından bəhs edib. Çarpışan Qarabağ atları dünyanın ən qədim və ən qiymətli cinslərindən olub, Azərbaycan xalqının milli irsinin və qürurunun simvolu kimi təqdim edilir”. 

“Azərxalça” yaradıcı qrupunun direktoru Əsmər Abdullayeva “Azərxalça”nın Qarabağ lobbisinin instalyasiyasını konseptuallaşdırdığını bildirərək deyib: “İnstalyasiya böyük qələbədən sonra Qarabağın çiçəklənməsi və inkişafının simvolu kimi qaçan atların ifadəsini göstərir. Nümayiş olunan naxışların hər biri ölkəmizin zəngin tarixini əks etdirir. Bəzi naxışlar XVII əsrə aiddir və Səfəvilər sülaləsi dövründə toxunub. Dizaynları butikimizdən əldə etmək mümkün olacaq”, - deyə Ə.Abdullayeva vurğulayıb.

Sonda “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov və hotelin baş meneceri Bob Suri “Four Seasons Hotel Bakı”da təşkil olunan lobbi vitrininin açılışını ediblər.

Lobbi vitrin noyabrın 18-dək fəaliyyətdə olacaq.

Суббота, 05 Ноябрь 2022 10:45

Günün fotosu: Putin görün bir nəyə getdi

 

Günün fotosu: Putin görün bir nəyə getdi

 

Rusiya prezidenti Vladimir Putin ötən gün iki sərəncam imzalayıb. Birinci - Ukraynada vuruşmaq üçün könüllü batalyonlarının formalaşdırılması. İkinci - Ukraynada vuruşmaq üçün məhkumlardan ibarət batalyonların formalaşdırılması. 

Bu şəxsin həbsxanadakı məhbusları cəbhəyə yollamaq qərarı Rusiyanın döyüş potensialının tükənməsinə sübut deyil? 

 

Foto: Euronews

Пятница, 04 Ноябрь 2022 16:55

Parisdə Fikrət Əmirovun 100 illiyi qeyd edilib

 

Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramı çərçivəsində dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.

Konsertdən əvvəl UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və UNESCO rəhbərliyinə 2022-2023-cü illər bienniumu çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş gecənin təşkilinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib. Azərbaycan xalqının musiqi xadimi, görkəmli və sevimli bəstəkarı F.Əmirovun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Gəncədə anadan olmuş bəstəkarın geniş çeşidli yaradıcılığında simfonik muğamın özünəməxsus yeri var. 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı olan muğam F.Əmirov yaradıcılığına güclü təsir göstərib. Onun simfonik muğamları dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə Avropa ölkələrinin, eləcə də ABŞ-ın ən böyük konsert salonlarında səsləndirilib. Fikrət Əmirovun simfonik muğamları, operaları, baletləri, kamera-instrumental əsərləri, vokal əsərləri, musiqili komediyaları haqqında məlumat verilib.

UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 1956-cı ildən UNESCO tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin xatirəsini anmaq məqsədilə üzv dövlətlər və assosiativ üzvlər tərəfindən qeyd olunan anım tədbirlərində iştirak edir.

Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd edilməsi beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. F.Əmirov da öz əsərləri ilə UNESCO dəyərlərinin təşviqinə töhfə verib.

Sonra Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Babək Niftəliyev (xanəndə), Səbinə Əsədova (mezzo-soprano), Selcan Nəsibli (soprano), Orxan Cəlilov (tenor) F.Əmirovun əsərlərini ifa ediblər. Həmçinin konsertdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) çıxış edib. Azərbaycan musiqiçilərinin ifaları sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Parisdə 2021-ci ildə UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti - mesenat H.Z.Tağıyevin (1823-1924) anadan olmasının 200 illiyi və bəstəkar F.Əmirovun (1922-1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

Пятница, 04 Ноябрь 2022 09:56

Hələ də evdə onun yolunu gözləyirlər…

 

Ötən gün Nizami Kino Mərkəzində qələbəlik idi. Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəliyinin təşkilati dəstəyi ilə və “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin himayədarlığı ilə çəkilmiş və Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan "Qəhrəman Muxtar Qasımlı" sənədli filminin qala gecəsi keçirilirdi. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, Milli Məclisin deputatları, icra hakimiyyəti başçıları, məmutlar, gənclər, məktəblilər, incəsənət, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. 

 

“Ədəbiyyat və invəsənət” portalı xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən şəhidin valideynləri Əli Qasımov və Almaz Qasımova övlad itkisinin çox ağır olduğunu, lakin Muxtarla qürur duyduqlarını deyiblər. Muxtarın 27 illik ömrünə həm idmanda nailiyyətlər, həm də şəhidlik kimi əlçatmaz zirvəni sığışdırdığını bildirən şəhidin valideynləri onun şərəfli həyat yolunun gənclərə örnək olduğunu qeyd ediblər. Övladlarının xatirəsinə çəkilən filmdə əziyyəti keçən hər kəsə minnətdarlıq bildirən valideynlər Vətənə layiqli övlad yetişdirilməsi üçün qəhrəmanların tanıdılmasının vacibliyini vurğulayıblar. 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Qələbə qazandığını, neçə-neçə qəhrəman oğulların ərazi bütövlüyümüzün bərpası uğrunda canından, qanından keçdiyini qeyd edib. Şəhidliyin ən ali zirvə olduğunu bildirən Adil Əliyev Muxtar kimi qəhrəmanların sayəsində Azərbaycan xalqının dünyada başının uca olduğunu, tənələrdən, iradlardan qurtulduğunu vurğulayıb.

Adil Əliyev Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu sahəsinin  yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu da Qələbəni şərtləndirən amillərdən biri olub.

Adil Əliyev çıxışının sonunda Azərbaycanda şəhid ailələri və qazilərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, xalqımızın öz qəhrəmanlarını hər zaman dərin ehtiram və hörmətlə yad etdiyini deyib. 

Qala gecədə çıxış edən gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, kiçik yaşlarından döyüş idman növləri ilə məşğul olan Muxtar Qasımlı dəfələrlə yarışlarda iştirak edərək bir sıra mükafatlara layiq görülüb. Bildirilib ki, Muxtar Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb və fitnes müəllimi kimi gənclərin fiziki tərbiyəsi ilə məşğul olub. O, Vətən müharibəsində neçə-neçə idmançının iştirak etdiyini, onların fiziki gücünün şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir etdiyini deyib. 

"Şəhid idmançıların xatirəsinə yarışlar, turnirlər təşkil olunur, onların qəhrəmanlığı yetişən nəsilə, gənclərə aşılanır. Sevindirici haldır ki, azyaşlılar Muxtar Qasımlı kimi qəhrəmanları özlərinə örnək götürərək sağlam həyat tərzi vərdişlərinə yiyələnir, böyük həvəslə idmanla məşğul olurlar. Odur ki, bu cür tədbirlərin davamlı olmasını diləyir, Gənclər və İdman Nazirliyi olaraq belə təşəbbüslərə dəstək olduğumuzu bildiririk", - deyə Fərid Qayıbov fikirlərinə yekun vurub.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun şəhid əməkdaşı Muxtar Qasımlının mehriban, ünsiyyətcil, gülərüz biri olduğunu, kollektiv arasında xüsusi hörmət qazandığını qeyd edib: "Vətən müharibəsində "AzerGold" QSC-nin iki əməkdaşı ən uca zirvəni fəth etdi. Hər səhər işə gələndə şəhid əməkdaşlarımız Muxtar Qasımlı və Rauf Əsgərlinin xatirə lövhəsinin qarşısından keçir, onları salamlayaraq işə başlayırıq. Biz fəxr edirik ki, elə qəhrəmanlarla çiyin-çiyinə çalışmışıq. Şəhidlərimizin xatirəsini yaşatmaq, onların şücaətini gələcək nəsillərə ötürmək hər birimizin vəfa borcudur".

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib, incəsənət xadimləri vətənpərvər musiqi nümunələri təqdim ediblər. Xüsusən Şəmistan Əlizamanlının “Cənab Leytenant” mahnısı böyük alqışlar qazanıb.

Sonra "Qəhrəman Muxtar Qasımlı" sənədli filmi nümayiş etdirilib. Filmdə şəhidin ailə üzvləri, yaxın dostları, müəllimləri, döyüş yoldaşlarının onunla bağlı xatirələri, o cümlədən şəhidin müxtəlif vaxtlarda çəkilən şəkil və videoları yer alıb.

Şəhidin ailə üzvləri filmin ərsəyə gəlməsinə və övladlarının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib, xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Mollayevdit. 

Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Muxtar Qasımlı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.

Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Film bitəndən sonra əməkdaşımlz fəxri qonaq kimi qala gecəyə dəvət edilən yazıçı Varisdən filmlə bağlı təəssüratını alıb. Varis qeyd edib ki, şəhidlərimiz barədə ən gözəl filmlər və ən gözəl romanlar zaman keçdikcə ərsəyə gələcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Пятница, 04 Ноябрь 2022 13:00

“Heyecanı yok"un ifaçısı Bakıya gəlir

 

"Heyecanı yok" mahnısı ilə populyarlaşan türk reper Gazapizm Azərbaycana gələcək.  

Əsil adı Anıl Acar olan sənətçi noyabrın 19-u ilk dəfə Bakıda konsert verəcək. O, "Elektra Events Hall"da Radio TMB 100.5 FM-in 1 yaşında səhnə alacaq.

 

Böyük uğurlara imza atan Gazapizm, ölkəmizdə də ən çox izlənən seriallardan biri olan "Çukur" serialının sevilən soundtracklarinin sahibidir.

Məlumat üçün bildirək ki, "Heyecanı yok" mahnısı ilə dinlənmə rekordu yeniləyən Gazapizm, eyni adlı musiqi klipi ilə 2018-ci ilin "Altın Kelebek" müsabiqəsində ilin mahnısı nominasiyasının qalibi olub. Bununla yanaşı  Gazapizm GQ jurnalının 2018-ci il reytinqinə görə  "İlin Görkəmli Musiqiçisi" nominasiyasını qazanıb. Onun "Unutulacak Dünler" (2020) mahnısı 2020-ci ildə Türkiyədə ən çox dinlənilən mahnılar sırasında yer alıb.

Пятница, 04 Ноябрь 2022 10:30

“O qız batan gəmi kimi, Dönmədi liman yerinə…”

 

Gözəl şairimiz Əlizadə Nuri yeni yazdığı “Ömür-yanmış zəmi kimi …” adlanan şeirini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. 

 

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

Yığılıbdı dan yerinə?!

 

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir…

O kimdi eşq rəsmi çəkir 

Sinəmin kətan yerinə?.

 

Ömür-yanmış zəmi kimi…

Su basmış zirzəmi kimi.

…O qız batan gəmi kimi,

Dönmədi liman yerinə…

 

“Azərxalça” ASC-nin Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbənin ildönümünə həsr etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinə müraciət edən yüzlərlə gənc sırasından yalnız 15-i seçmə mərhələni keçərək təlimlərə qatılıb. Bir ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşüblər. Təlimlər həm nəzəri, həm də praktik yöndə keçirilib. Həmin kolleksiya artıq hazırdır.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu sözlər “Azərxalça”nın Zəfər Gününə həsr etdiyi “Zəfər” xalça kolleksiyasının təqdimat mərasimində səslənib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov rəhbəri olduğu müəssisədə Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarından 17 nəfərin çalışdığını söyləyib. Bildirib ki, tədbirdə, həmçinin “Azərxalça”nın regionlarda yerləşən emalatxanalarında müxtəlif vəzifələrdə çalışan Vətən müharibəsi iştirakçıları, qazi işçiləri də iştirak edirlər.

Bir il əvvəl “Zəfər” adlı xalça müsabiqəsinə start verildiyini deyən Emin Məmmədov bildirib ki, qısa müddətdə müsabiqəyə 60-a yaxın müraciət daxil olub. Münsiflər tərəfindən 15 çeşni seçilib. 15 iştirakçı “Azərxalça”nın bölgələrdəki müəssisələrinə baş çəkib, emalatxanalardakı yaradıcı heyətlə tanış olub, Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər və Azərbaycanın tanınmış xalçaçı-rəssamı Eldar Mikayılzadədən ustad dərsləri alıblar. Bir ay ərzində müsabiqə iştirakçıları üçün xüsusi təlimlər təşkil olundu. Bu gün isə layihə qaliblərinin adları açıqlandı.

“Toxunan xalçalar müsabiqədən xatirə kimi “Azərxalça”nın nümayiş və sərgi salonunda saxlanılacaq. Gün ərzində xalçalara baxmaq istəyən hər kəs salona baş çəkib rahatlıqla bu sənət əsərlərindən həzz ala bilər. Yaxın zamanlarda qalib olan xalçaların çeşniləri əsasında yeni xalçalar toxunacaq və hər kəs bu xalçaları əldə etmək imkanı qazanacaq”, - deyə Emin Məmmədov əlavə edib.

Sonra kolleksiyaya daxil olan xalçalar haqqında müəlliflərin özləri məlumat veriblər. 

Birinci yerin qalibi Fidan İlham toxuduğu “Zəfəri bizə gətirənlər” xalçasının ideyası haqqında danışıb: “Təqdim etdiyim xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atlarıdır. Toxuduğum xalçada Qarabağ atlarının timsalında mübarizlik və döyüşkənlik ştrixlərini əlaqələndirməyə çalışmışam”.

Fidan İlhamın sözlərinə görə, xalça üzərində yaratdığı təsvirdə əsgərlərimizin 44 gün ərzində çiyin-çiyinə döyüşməsi, möhtəşəm həmrəylik nümayiş etdirmələri əksini tapıb. Burada, həmçinin şəhidlərimizin adlarının və soyadlarının baş hərfləri əks olunub. Atların arasında olan boşluqda isə stilizə olunmuş alov elementi var. Bu, Azərbaycanda heç vaxt sönməyəcək ocaq mənasına gəlir. Ən əsası, xalçanın mərkəzində ərəbcə yazılmış “Allah” sözü şəhidlərimizin ən uca zirvəyə, yəni cənnətə ucalmasını göstərir.

İkinci yerin qalibi Aytac Ələkbərlinin yaratdığı “Dəmir yumruq” xalçası da maraqla qarşılanıb.

O, müəllifi olduğu əsər haqqında deyib: “Quranı-Kərim”də Ən-nəhl, yəni Arı surəsi var. Mən hazırladığım xalçada məhsuldar və zəhmətkeş arıları PUA kimi təsvir etmişəm. Xalçadakı buludlar hər zaman səmadan döyüşə hazır vəziyyəti əks etdirir. Ocağı qoruyan əllər isə Şəhidlər xiyabanındakı “Əbədi məşəl”dir. Şölələnən alov şəhidləri unutmamağı və unutdurmayacağımızı simvolizə edir”.

Üçüncü yerin qalibi Təhminə Məmmədova toxuduğu “Dönüş” xalçası haqqında danışıb: “Zəfər” mənim üçün yenilənmək deməkdir. Mən toxuduğum xalçanın dizaynını bu ideyaya əsəsən verdim. Ana haşiyədə alovu buta şəklində stilizə etmişəm. Alovun içində olan ornament döyüşçülərdir. Eyni zamanda, alov təmizlənmə mərhələsinin işarəsidir. Günəbaxan günəşin və məhsuldarlığın simvoludur, yəni torpaqlarımız bizə qayıtdıqdan sonra təbiətimiz dirçəlib. Buludu spiral şəklində stilizə etmişəm ki, bu da inkişaf və hərəkatın simvoludur. Ağacı isə xilaskar və təbii fəlakətlərdən qoruyucu kimi simvollaşdırmışam. Ümumiyyətlə, Azərbaycan xalçaları qədim rəmzlərlə zəngin olduğu üçün mən toxuduğum xalçanı müasir simvollarla zənginləşdirmişəm”.

Xalçaçı Maya İbadlı isə sosial şəbəkələrin nəticələri üzrə qalib seçilib. Müəllif bildirib ki, Azərbaycanın cənnət guşəsi Qarabağa, alınmaz qala olan Şuşaya neçə illik həsrətdən sonra atdığımız addımı “Cənnətə giriş” adlı xalça-kompozisiyasında əks etdirib: “Cənnətə giriş”i öz canları, qanları bahasına bizə Zəfəri bəxş edənlərə həsr edirəm. Bu kompozisiyada öz hisslərimi, duyğularımı, Vətənə olan sevgimi göstərməyə çalışmışam”.

 

Lüksemburqun RTL radiosunda Azərbaycanın bu il noyabrın 11-dən 13-dək bu ölkədə keçiriləcək 62-ci beynəlxalq xeyriyyə bazarında təmsil olunmasından danışılıb. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan stendinin təşkilatçıları - Lüksemburqda yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədov stend haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycanın builki beynəlxalq bazarda təqdim edəcəyi məhsullar haqqında danışıb, ölkəmizin şirkətləri tərəfindən təklif olunacaq məhsullardan, şərablardan söz açıblar. Radionun dinləyiciləri Azərbaycan mədəniyyəti, həmçinin ölkəmizin şərab məhsulları barədə məlumatlandırılıb. 

Soydaşlarımız əvvəlki illərdə Azərbaycanın Beynəlxalq Bazardan əldə etdiyi gəliri xeyriyyə məqsədilə xərclədiyini bildirib, bu il də əldə olunacaq gəlirin xeyriyyə təşkilatlarına köçürəcəyini diqqətə çatdırıblar. 

Bildiriblər ki, bu il Azərbaycan stendinin təşkilinə ölkəmizin Lüksemburqdakı səfirliyi, “Meysəri” və “Azərsun” şirkətləri böyük töhfə veriblər. Qeyd edilib ki, Beynəlxalq Bazar çərçivəsində Azərbaycan stendinin ziyarətçiləri milli mətbəximizin təamlarından da dadmaq imzanı qazanacaqlar.

 

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ölkənin müxtəlif nazirlik və komitələrinin dəstəyi ilə 2019-cu ildən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi-yarmarkanın əsas məqsədi kitab və mütaliənin təbliği, mütaliə mədəniyyətinin formalaşdırılması, iştirakçı ölkələrin ədəbi irsinin dəstəklənməsi və inkişaf etdirilməsi, qlobal poliqrafiya sənayesinin təcrübəsinin öyrənilməsi və beynəlxalq əlaqələrin qurulmasıdır.

Açılış mərasimində çıxış edən Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev ölkədə kitab sənayesinin, mütaliənin inkişafına dövlətinin böyük qayğısı olduğunu qeyd edərək, Daşkənddəki “UzExpo Center” Sərgi  Mərkəzində keçirilən tədbirə maraq böyük olmasından məmnunluğunu bildirib. O, Özbəkistan Respublikasının aparıcı kitab sənayesi təşkilatları, mədəniyyət müəssisələri ilə yanaşı, sərgi-yarmarkada Azərbaycan, Türkiyə, Misir, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Belarus, Qırğızıstan dövlətlərinin milli stendinin təşkil olunduğunu qeyd edib.

Qeyd edək ki, bu il 2-4 noyabr tarixlərində keçirilən III “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

 

“UzExpo Center” Sərgi Mərkəzinin görkəmli yerində təşkil olunmuş və daha geniş sahə verilmiş  Azərbaycan stendi ölkəmizin milli mədəniyyətinə dair elementlərlə – suvenir, xalçalar, posterlər, bayraqlarımızla bəzədilmiş və stenddə ölkəmizə dair Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və özbək dillərində nəşrlər yer alır.

 

Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ermənistanın Azərbaycana təcavüzü, işğalçılıq siyasətinə dair nəşrlər, habelə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin təbliği məqsədi ilə milli mədəniyyətimizə dair nəşrlər sərgilənir.

 

Milli stendimizdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi və Özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin portretləri, onların Azərbaycan və özbək dillərinə tərcümə olunmuş "Xəmsə"ləri nümayiş etdirilir.

 

Yeni kitablar olaraq özbək dilində “Kitabi-Dədə Qorqud”, "Azərbaycan və Özbəkistanın atalar sözləri, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Şah İsmayıl Xətainin əsərləri sərgi iştirakçılarına təqdim olunur.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il “Şuşa ili” elan olunmasını nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə edilmiş və yeni çap olunmuş kitabı, habelə  özbək müəllif Şuxrat Salamovun "Zəngəzur - Türk dünyasının qapısı" adlı nəşrin sərgi-yarmarkada tanıtım layihəsi keçiriləcək və ictimaiyyətə təqdim olunacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.