Super User

Super User

 

Portalımız ötən gün Səhər xəbərlərində Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsi iştirakçılarının şeirlərindən ibarət  “İgidlərin sözü” almanaxının işıq üzü görməsi barədə məlumat yaymışdı. Amma bu hadisə o qədər böyükdür ki, onun barəsində yazdıqca yazmaq lazımdır. Bu gün də təqdimat barədə daha geniş icmalı oxucularımızın ixtiyarına veririk. İcmalın müəllifi layihə rəhbəri, sevimli şairəmiz Nigar Həsənzadədir. “Söz” layihəsi ilə ədəbiyyatımızı canlandıran Nigar Həsənzadə “İgidlərin sözü” ilə bu dəfə Qarabağ müharibəsinin poetik xəritəsini cızmaqla diqqət çəkdi. 

Buyurun, bu da icmal.

 

“İgidlərin sözü” möhtəşəm alındı! 

Hamımızı təbrik edirəm!!! 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri  olaraq mənim  təşəbbüsümlə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş  təqdimatı keçirildi. Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada - Vaqif Poeziya günlərində olmuşdu.

Kitab təqdimatın Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun  sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin  müdiri Akif Maarifli, qələbəmizin məsul nümayəndələri, aprel döyüşlərinin, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov,  “Şəhid analarına dəstək” İctimai Birliyininin üzvləri, şəhid ailələri və övladları, Vətən müharibəsi iştirakçıları, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. 

Azərbaycanın himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə möhtəşəm tədbirimiz başladı. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən  qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd etdi. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə  qalacaq sözlərinin bir kitabda şer kimi toplanmasını alqışladığını dedi. O, bu gün Azərbaycanın dünyadakı nüfuzundan danışaraq, prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən danışdı.

Milli Məclisin deputatı Ceyhun Məmmədov öncə qazilərə və şəhid analarına kitabda sözləri əbədiləşənlərin məqamının ucalığını bəyan etdi, daha sonra layihə müəlliflərinə dedi: 

“Bu gün Siz etdiyiniz “İgidlərin Sözü”  layihəsi  hər kəsin könlücə olan, ürəkləri riqqətə gətirən layihədir. İgidlərimiz Vətən torpağını azad etmək üçün atıldıqları səngərlərdə həm də Vətən dadlı, ana məhəbbətli şerlər yazırdılar.”

Kitabın  təqdimatında iştirak edən “YAŞAT” fondunun  sədri Elvin Hüseynov hələ aprel döyüşlərindən sonra birinci vitse-prezident  Mehriban xanım Əliyevanın qazilərlə görüşündə səsləndirdiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini xatırladaraq bildirdi:

“Bu gün Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti  bərpa edirlər. Biz çalışırıq ki, qazilərimizin yanında olaq, onlara dəstək verək. “İgidlərin sözü” kitabı isə vətən uğrunda döyüşən igidlərimizin həm də sözlərini əbədiləşdirib.”

Mədəniyyət Nazirliyi rəsmisi Akif Maarifli qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, Mədəniyyət Nazirliyinin bu sahədə nəşr etdirdiyi kitablardan və keçirdiyi tədbirlərdən danışdı:

“Layihənin həyata keçirilməsində məqsəd  44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.”

“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında  bildirdi ki, bu layihəyə həyat vermək heç də asan başa gəlməyib. O dedi: 

“Redaktoru olduğum “İgidlərin sözü” antalogiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu SÖZ-ləri yazan İgidilərin hər biri Vətəndir! Türk dünyasının  savaş igidlərinin yaradıcılığından bəhs edən ilk qaranquşudur, ilk antalogiyadır.”

İndi isə keçək kitabın içinə. “İgidlərin sözü” antologiyasında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov, baş  gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, şəhid əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Mayıl oğlu Nəbiyevin də şerləri yer alıb. Digər müəlliflər isə 44 günlük Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhidləridir. Onların adlarını az sonra xatırladacağıq. 

Təqdimatın ədəbi-musiqili hissəsi də Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirildi. Vətən Müharibəsi qazisi Məbud Əhmədov yaralı olarkən təcili yardım otağında oxuduğu “Anadır arzulara hər  zaman Qarabağ” mahnısı ilə türk dünyasında məşhurlaşmışdı. Bu gün də öz mahnısını qonaqlara ərməğan etdi.  Onu Vətən müharibəsi iştirakçıları Fərid Atazadə, şəhid Toğrul Hacıyevin qardaşı Toğrul Ülvi Hacıyev, eləcə də “Ritm alətləri” ansamblı, İdris Hüseynov, Hacıbala Həşimov müşaiyət edirdilər. 11 yaşlı Həzrət Əzizlinin də iştirakı böyük alqışlarla qarşılandı.

Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev, Tamerlan Əsədov öz şerlərini səsləndirdilər. Qəhrəmanlarımızın hər birinin çıxışından sonra ehtiram əlaməti olaraq qonaqlar onları ayaq üstündə alqışladılar.

Tədbirin sonunda  “Söz” və “İgidlərin Sözü”   Layihələrin müəllifi və  rəhbəri olaraq mən çıxış etdim, dedim:

“Bugünkü gün adi günlərə bənzəmədi. İnanırıq ki,  məclisimizə dəvət etdiyimiz şəhid anaları, şəhid övladları, Sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, onlara yaşatdığımız bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar. Necə ki, biz  bu böyük Zəfəri yazanları unutmuruq, onların Sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o Söz İgidlərin sözüdür!”

 

Fotolar Kamran Bagirovundur

 

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə noyabrın 11-də Nizami Kino Mərkəzində açılışı keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) bu gün yekun vurulacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festivalın dəstəkçilər sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması, “Azprint” şirkəti, “Oskar prodakşn”, “Bimtek” və “Özsüt” şirkətləri də yer alır.

BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyevin festival haqqında məlumatına nəzər salsaq görərik ki, festivala 79 ölkədən (Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Ukrayna, Misir, İran, Qırğızıstan, Çin, Cənubi Koreya və s.) 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışırlar.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, festival çərçivəsində kinosevərlər bir-birindən maraqlı və rəngarəng filmləri seyr etməkdədirlər. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan şöbə müdiri kinonun mədəniyyətin vacib sahələrindən olduğunu söyləyib: “Bu gün festivalın açılışına toplaşdığımız məkana nəzər yetirəndə zalda boş yer olmadığını görürük. Bu da onu deməyə imkan verir ki, kino yaşayır”.

Diqqətə çatdırılıb ki, beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissor və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş türkiyəli prodüser Əmrah Kılıç qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından “FOCAL”-ın “Avantı” proqramının qalibi, müasir kinomuzun məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, tanınmış şair, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.

Builki festivalda “Asiya istedadları” adlı müsabiqə proqramı da nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri kino tənqidçisi Aliyə Dadaşova, Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışır. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq.

“Dili bizim” müsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

“Panorama”da isə xüsusi seçilmiş filmlər nümayiş etdiriləcək.

Kinosevərlər ötən festivalların qalib filmlərindən biri “Bir ata haqqında” sənədli filmini, “Ən yaxşı rejissor” nominasiyasının qalibi “Çarpayı”, “Şaxta” və “Təbii seçim” filmlərini böyük maraqla seyr ediblər.

Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçirilib.

Qeyd etdiyimiz kimi, festivalın filmləri bu günədək Nizami Kino Mərkəzində nümayiş olunub. 

Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi bu gün Nizami Kino Mərkəzində olacaq.

Kann, Venesiya, Berlin film festivallarında mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən BBQFF hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

 

Əlcəzairin “alharir.info” xəbər və İraqın “alnoor.se” ədəbiyyat və mədəniyyət portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın ərəb dilinə tərcümə edilmiş “İtki” hekayəsinin yayımına başlayıb.

 

Tərcümə Mərkəzindən aldığımız məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən hər iki portal, əsasən, Herman Hesse, Ernesto Sabato, Qabriel Qarsia Markes, Federiko Qarsia Lorka, Tomas Lav Pikok kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

Latviya Milli Opera Teatrının səhnəsində dahi Cüzeppe Verdinin “Traviata” operası təqdim olunub. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanı teatrın tarixində ilk dəfə olaraq azərbaycanlı dirijor idarə edib. 

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə keçən tamaşaya biletlər neçə gün öncədən satılıb. 

Vaxtilə dahi alman bəstəkarı Rixard Vaqnerin dirijorluq etdiyi həmin teatrda həyata keçən tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Operada əsas rolları Latviya Milli Opera Teatrının tanınmış solistləri - İnqa Slubovska (Violetta), Mixalis Çulpayevs (Alfredo), Yanis Apeynis (Jorj Jermon), İlona Bagele (Flora Bervua), həmçinin, Quntars Rungis (Qaston), Viesturs Vitols (Baron), Yuris Adamsons (Markiz), Eviya Martinson (Annina) və Krisyanis Norvelis (Doktor Qrenvil) ifa ediblər. 

Əsərdə azərbaycanlı dirijorla bərabər Latviya teatrının simfonik orkestri və xoru da yer alıb. Riqada gerçəkləşən tamaşanın quruluşçu rejissoru Andjey Jaqars, quruluşçu rəssam Andris Frayberq, geyim üzrə rəssam Kristina Pasternak, işıq üzrə rəssamı isə Qleb Filştinskidir. 

Ayaq üstə alqışlarla qarşılanan tamaşadan sonra Latviya Milli Opera Teatrının direktoru, məşhur opera müğənnisi Elgis Silinş və Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov ifaçıları təbrik edərək onlara xoş arzularını bildiriblər. Azərbaycanlı dirijor Əyyub Quliyevin tamaşasını izləmək üçün xüsusi olaraq Leypsiqdə çıxışlarını yarımçıq qoyaraq Riqaya gələn Egils Silinş Bakı ilə bağlı xoş xatirələrini bölüşüb.

Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəvətilə Egils Silinş Üzeyir Hacıbəyli Festivalında rəsmi qonaq qismində iştirak edib. Səfər çərçivəsində Latviya Milli Opera Teatrı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi perspektivləri ətraflı müzakirə olunub.

Понедельник, 14 Ноябрь 2022 10:30

Opalizm haqq etdiyi qiymətini alır

“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Etibar Əbilovdan aldığı bir  xəbəri yayımlayır. 

Dünyada ən gözəl hisslərdən biri dost uğuruna sevinməkdir. İndicə xoş bir xəbər aldım. Qazaxıstan Elmlər Akademiyası və Qazaxıstan Mədəniyyət Nazirliyi tərəfindən  "Turan Romantizmi" adlı elmi monaqrafoya-albom nəşr olinub. Bütün dünyadan olan nüfuzlu redaksiya heyətinin yekdil rəyi ilə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun yaratdığı "Opalizm"" cərayanı da, digər təməl və məşhur cərəyanlarla bir sırada özünün haqq etdiyi yüksək qiymətini alıb.

Onsuz da Sakit Məmmədovun yaratdığı "Opalizm" cərəyanı  bütün dünyada tanınırdı, dünyanın dörd bir tərəfində bu cərəyanın yetərincə ardıcılları var. Bu gün isə, necə deyərlər, "Opalizm" cərayanı bir izm olaraq öz təsdiqini tapmaqdadır.
Dünya rəssamləğında yeni bir cərəyanın -Sakit Məmmədovun yaratdığı "Opalizm"in dövrü başlayır.
Uğurlar arzulayırıq.

Понедельник, 14 Ноябрь 2022 09:30

Günün fotosu: İstiqlal caddesində terakt

Bazar günü İstanbulun mərkəzində - İstiqlal caddesində dəhşətli partlayışın baş verməsi, 6 nəfərin ölməsi və 58 nəfərin yaralanmasına ölkə lideri Rəcəb Tayyib Ərdoğan reaksiya verərək bunu terror adlandırıb. 

Foto: Euronews

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc istedadların konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəz tərəfindən gənc istedadların dəstəkləndiyini və onların xaricdə mədəniyyətimizi təmsil etmələrinə şərait yaradıldığını bildirib. Qeyd edib ki, Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri avstriyalı musiqisevərlər üçün maraqlı proqram hazırlayıblar.

Diqqətə çatdırılıb ki, bu günlərdə Azərbaycanda bir neçə bayram günü qürurla qeyd edilir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları qəhrəmanlıq dastanı yazdılar və bu münasibətlə artıq ikinci ildir ki, ölkəmizdə Zəfər Günü qeyd edilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda Dövlət Bayrağı Günü və Konstitusiya Günü də bu bayramlar sırasında yer tutur.
Tədbirin bədii hissəsində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. 

Proqramda bəstəkarlar Qara Qarayevin, Vaqif Mustafazadənin və Polad Bülbüloğlunun əsərləri yer alıb. Əsas diqqət isə bu il yubileyləri qeyd edilən Fikrət Əmirov, Tofiq Quliyev və Emin Sabitoğlunun əsərlərinə ayrılıb. Azərbaycan bəstəkarları ilə yanaşı, avstriyalı bəstəkar Yohann Ştraussun bəstələri də tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Понедельник, 14 Ноябрь 2022 08:00

Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə müğənni Roza Zərgərli paylaşım edib.

O, qarmon ifaçısının xəstəxanadan görüntüsünü izləyicilərlə bölüşərək, "Canım sənətkarım, keçmiş olsun", - deyə, bildirib.

 

“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-da müğənni Cəfər Behbudov haqqında dərc edilən maraqlı faktları oxucularına təqdim edir.

 

Cəfər Ağaəli oğlu Behbudov 17 avqust 1951-ci ildə Bakı şəhərində teatr rejissoru Ağaəli Məstanov və aktrisa Nəcibə Behbudovanın ailəsində anadan olub. Nəcibə Behbudova - Rəşid Behbudovun bacısıdır. Onlar ailədə iki uşaq olublar. Bacısı Firuzə və Cəfər.

*

Lakin sonralar onun valideynləri ayrılır. Onların ailəsinin dağılmasına səbəb isə Cəfərin atasının Nəcibə xanıma etdiyi saysız-hesabsız xəyanətlər olub. Onlar rəsmən boşandıqdan sonra Nəcibə xanım Cəfəri atasının soyadından çıxararaq öz soyadına keçirir.

*

Cəfər Behbudov Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 70-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub.

*

Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnıları həmin dövrlərdə populyarlıq qazanıb.

Konsertlərdə Flora Kərimova ilə bir yerdə çıxış edib, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa edərək, klip çəkdirib.

*

Cəfər Behbudova ən böyük uğuru 1980-ci ildə ifa etdiyi Tofiq Quliyevin "Zibeydə" mahnısı gətirib. Bundan başqa "Bəyin oğurlanması" filmində kino işçilərinin axşam vaxtı istirahət etdikləri zaman səsləndirilən mahnını da o ifa edib.

*

Cəfər Behbudov iki dəfə evli olub. Onun Viktoriya və Səidə adlı qızları var. Cəfər bəyin ikinci evliliyi özündən yaşca çox böyük xanımla olub.

*

Nəcibə xanımın qardaşı Rəşid Behbudovdan bir neçə dəfə xahiş etməsinə baxmayaraq Rəşid Behbudov bacısı oğluna heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər. Bu barədə müğənni Sərxan Sərxan da müsahibəsində deyir:

"Cəfər Behbudov çox istedadlı adam idi, qəşəng səsi vardı. Amma dayısı Rəşid müəllim nə isə ona kömək etmirdi. Bilmirəm niyə. Cəfər həm də yaxşı insan, fağır oğlan idi. Biz onunla bir-iki dəfə Azərbyacanın rayonlarına, Qarabağa qastrollara getmişdik. Rəşid müəllim onu bir az qısqanırdı. Dayday idi də, gərək kömək edəydi".

*

Məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc müğənni ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:

"Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə".

*

Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanır. Ömrünün son illərində isə özünə qapanır, mətbuata müsahibələr verməkdən imtina edir, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirir.

*

Azərbaycanı tərk edəndən sonra anası həmişə onun geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. O, hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.

*

Müğənni sonuncu dəfə Bakıya 1999-cu ildə anasını itirən zaman gəlib. Bundan sonra yaxınlarının və doğmalarının heç biri ilə görüşməyib. Anasının məzarını isə internet vasitəsi ilə ziyarət edir. 

*

Cəfər Behbudov ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutulur. O, 26 sentyabr 2019-cu ildə Kiyevdə vəfat edir. Özünün vəsiyyəti ilə Kiyevdə dəfn olunur.

Понедельник, 14 Ноябрь 2022 12:00

Əlikram Bayramova vəzifə verilib

 

Azərbaycanın tanınmış müğənnisi Əlikram Bayramova yeni vəzifə verilib.  

 

“Ədəbiyyat və incəsənət” portalı manset.az-a istinadən məlumat verir ki, məşhur müğənni Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub. 

Müğənni faktı sayta təsdiqləyib.

Qeyd edək ki, Əlikram Bayramov Biləsuvara köçüb. Hazırda orda yaşayır və fəaliyyət göstərir

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.