Super User
Yarım əsrlik kino bileti 12 min funt sterlinqə hərraca çıxarılıb
İngiltərənin paytaxtı Londonda Bonhams Hərrac Evində keçirilən “Rock, Pop & Film Sale Photocall” hərracında "Willy Wonka & The Chocolate Factory" filminin qızıl bileti satışa çıxarılıb.
“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, yarım əsrlik kino biletinin 12 min funt sterlinqə (təxminən 24000 manata) alıcı
tapacağı gözlənilir.
Hərrac davam edir. Tədbirdə Led Zeppelinin konsert posteri də nümayiş etdirilib. Posterin isə 30-40 min funt sterlinqə satılacağı ehtimal olunur.
Günün fotosu: Biz çoxalırıq və qocalırıq
Günün fotosu: Biz çoxalırıq və qocalırıq
Planetin 8 milyardıncı insanı dünyaya gəldi. Cəmi 12 il ərzində planet əhalisi 1 milyard nəfər artdı.
Amma 1 milyard əhali həddinə çatmaq üçün bəşəriyyət milyon il gözləməli olub, bu sayda əhali sayı məhz 19-cu əsrin əvvəlində qeydə alınıb.
O da var ki, planet əhalisinin orta yaş həddi günbəgün artmaqdadır.
Foto: Euronews
Gözəl havada Vaqif Bəhmənlidən 3 gözəl sevgi şeiri
Bəzən şairlər öz əvvəlki şeirlərini paylaşmağa səbəb tapmaqda çətinlik çəkirlər. Amma sevilən şairimiz Vaqif Bəhmənli üçün bu səbəb rahatca tapılıb. O, öz facebook səhifəsində yazır:
“Hava olduqca təmiz və çox gözəldi. Elə bilirəm, qarşıda məni hansısa böyük bir bəxtiyarlıq ğözləyir. Bəlkə elə bu qəribə ovqat səbəbindən 3 sevgi şeirimi paylaşmağa cəsarət elədim. Şeirlər Vaqif Bəhmənli, “Əsərlər”, 3-cü cilddəndir.”
Həmin şeirlərlə biz də oxucularımızı tanış etmək istəyirik. Qoy saf sevgi ovqatı çilənsin ruhumuza.
1. Sevgi şeirlərimi
Bal eləyib dilimi
yazdım ömrün yazında.
Yoluşdurub telimi
yelə verdim... yazanda
sevgi şeirlərimi...
Doyulmaz dadla-tamla
çəkilib bir qırağa
gözümdən damla-damla
ələdim ağ varağa
sevgi şeirlərimi...
Söz dinirdi dərində,
Sevənə döz deyirdi,
Xatirə dəftərində
qızılgül bəzəyirdi
sevgi şeirlərimi.
Anası izləyirdi,
qız düşürdü təlaşa
Çaparaq gizləyirdi
alt üzündə balışın
sevgi şeirlərimi.
Bəyənir Kərəm lələ,
Məcnun da qollayırdı.
Oğlan xətt sala-sala
yarına yollayırdı
Sevgi şeirlərimi.
Yar sözümə qızıl dən,
gülab axdı, deyirdi...
Elə bil ürəyimdən
tikan çıxdı, deyirdi
sevgi şeirlərimə.
İndisə çəkib ahı
başın sallayıb dinmir...
Başıma kül, İlahi,
Arvadım da bəyənmir
sevgi şeirlərimi!
2. Amma, ancaq, və, lakin
Ovum gəlir hədəfə...
amma, ancaq, və, lakin...
Bu dəfə, bax bu dəfə...
amma, ancaq, və, lakin...
Qonhaqonda çaparaq
gül üstünə kəpənək
qopur qəfilcən külək -
amma, ancaq, və, lakin...
Ruhum avara gəzir,
“yar” deyib cara gəzir,
gəzir, dübarə gəzir -
amma, ancaq, və, lakin...
Gələn kimdi, yar ola,
Bağçasında bar ola,
Küllü-ixtiyar olam -
amma, ancaq, və, lakin...
Demə bir səfil batır,
Dərya gözdə fil batır.
Yarı görcək dil batır -
amma, ancaq, və, lakin...
Sevmək deyil ki, dərd, döz!
Boylanıb qalma dördgöz.
Bəlkə çarmıxdı dörd söz -
amma, ancaq, və, lakin?
...Qəlbimi əzirsiniz –
Çox da ki, əzizsiniz...
Ölsəm qannım sizsiniz,
Amma, Ancaq, Və, Lakin!
3. Əlbət
Gözümü yaş aparsa,
silib dözərəm əlbət.
Dizimi daş aparsa,
dəlib dözərəm əlbət.
Arif xəzinə bilər,
Qəmi yığar ipinə.
Nadan eşqi nə bilər? –
bilib dözərəm əlbət...
Hər qadasın alaram,
“Yox” desə, saralaram...
Arsızlığa salaram,
gülüb dözərəm əlbət.
Sübh yeməyim naz olar,
Axşamıma az olar.
Qəm bölünsə azalar –
bölüb dözərəm əlbət.
Günüm dava-şavalı,
Ollam başı havalı;
Götürərəm qavalı,
çalıb dözərəm əlbət.
Yalandı, kiri, dözməz;
Milyonda biri dözməz...
Bu dərdə diri dözməz,
Ölüb dözərəm əlbət!
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
Özbəkistanın qədim Səmərqənd şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IICAS) təşkilatçılığı, eləcə də İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üfüqlərinin genişləndirilməsi: İpək Yolu – silsilə transmilli UNESCO nominasiyaları” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Tədbir Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının IX Zirvə toplantısı çərçivəsində təşkil edilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, simpoziumun əsas məqsədi Böyük İpək Yolunun qədim dövrlərdə və orta əsrlərdə Avrasiyanın tarixi-mədəni inkişafına təsiri, həmçinin Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında bu mövzularda birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi, eləcə də UNESCO-nun İpək Yolu transmilli silsilə layihələrinin perspektivləri barəsində geniş fikir mübadiləsinin aparılmasıdır.
Tədbiri giriş sözüylə açan Fondun prezidenti Günay Əfəndiyeva simpoziumun tarixi İpək Yolu üzərində yerləşən, qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə toplantısı çərçivəsində təşkilinin önəmindən bəhs edib. Fondun prezidenti bu hadisələri qardaş Türk dövlətləri arasında həmrəyliyin daha da gücləndirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirib. İpək Yolunun vacibliyindən danışan Günay Əfəndiyeva bu marşrutun Şərqlə Qərb arasında körpü rolunu oynadığını, həmin ərazilərdə yaşayan xalqlar arasında mədəni mübadiləyə töhfə verdiyini, həmçinin yeni reallıqlar çərçivəsində bu sahədə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmini qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı səfiri Hüseyn Quliyev, Türkiyənin Səmərqənddəki Baş konsulu Salih Caner, Qırğızıstanın Özbəkistandakı səfirliyinin müşaviri Nurlan Cumaliyev, eləcə də Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Qismət Gözəlov, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli çıxış edərək türk dövlətlərinin istər tarixi, istərsə də müasir İpək Yolu ilə bağlı olan sahələrdə işbirliyinin əhəmiyyətini vurğulayıblar.
Simpoziumun ikinci hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Şahin Mustafayev, tarixçi alim Fərda Əsədov, Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Baurjan Baytanayev, qırğızıstanlı alim Bakıt Amambayeva, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Dmitriy Voyakin, Yaxyo Quliamov adına Özbəkistan Arxeologiya İnstitutunun direktor vəzifəsini icra edən Mominxon Saidov və digərləri məruzələrlə çıxış edərək, İpək Yolu silsilə nominasiyalarının praktik önəmini dilə gətirib və müasir mərhələdə onların coğrafi əhatəsini genişləndirilməsi, bütün türk dünyasında həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.
Həmçinin beynəlxalq elmi simpozium çərçivəsində Beynəlxalq Mədəniyyəti və İrsi Fondu tərəfindən rus və ingilis dillərində nəşr edilən “Azərbaycan İpək Yolu üzərində” kitabının təqdimatı keçirilib. Kitab Fondun həyata keçirdiyi “Türk Dövlətləri Böyük İpək Yolu Üzərində” adlı genişmiqyaslı layihəsinin ilk nəşridir.
Sonda iştirakçılar tərəfindən simpoziumun işi ilə bağlı qətnamə qəbul olunub.
Naxçıvan yazarları özlərinə sədr seçiblər
Ötən gün Naxçıvan Yazıçılar Birliyinin IV konfransı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfrans iştirakçılarının yekdil rəyi ilə şair Asim Yadigar Naxçıvan Yazıçılar Birliyinin sədri seçilib.
Elxan Yurdoğlu Naxçıvan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib.
Şəkildə: Elxan Yurdoğlu və Asim Yadığar.
XII Avropa Film Festivalınln açılışı olub
Noyabrın 14-də “The Landmark” otel və biznes mərkəzində XII Avropa Film Festivalının açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “The Landmark” otel və biznes mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib: “Çox şadam ki, hər il keçirilən Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Bu, “Avropa Komandası” çətiri altında Avropa İttifaqı və ona üzv dövlətlərin Azərbaycanda ənənəvi təşəbbüslərindən biridir. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik”.
Qeyd edib ki, filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunacaq. Filmlər Landmark CineClub (Nizami küçəsi, 90) və “Deniz Mall”da “CinemaPlus” kinoteatrında nümayiş etdiriləcək.
“Avropa Film Festivallarının ənənəsinə sadiq qalaraq, “yer birinci gələnindir” prinsipi ilə bütün filmlərə giriş pulsuz olacaqdır”, - deyə Peter Mixalko əlavə edib.
Sonra çexiyalı rejissor Jiri Havelkanın 2019-cu ildə lentə aldığı “Owners” tragikomediyası göstərilib.
Proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan 12 filmin nümayişi daxildir. On iki gün davam edəcək Avropa Film Festivalında Avropa kinosunun on iki unudulmaz şedevr əsərləri təqdim olunacaq.
Festival zamanı Avropa kinematoqrafiyasının ən son filmləri, onlar arasında “Apteeker Melchoir” (2022), “Sisters apart” (2020), “Blizard of souls” (2019), “Extracurricular” (2019) və s. nümayiş olunacaq. Seçilmiş lentlər bütün zövqlərə və yaşa uyğundur. Dram, komediya, tarixi, sənədli və digər janrda olan filmlər festivalı daha baxımlı edəcək.
Festival noyabrın 25-dək davam edəcək.
Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film sənayesi vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 158 film nümayiş etdirilib.
Bir sevgi şeiri 33 dildə
Sevgi ölməzdir, həmişəyaşardır. Onu vəsf edən gözəl şeirlər də həmçinin.
Bu günlərdə Türk poeziya ədəbiyyatı kitabxanası tarixinə sevgi pıçıltılı yeni bir kitab hədiyyə olunub. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu nadir kitabın ərsəyə gəlməsinə Yakutiya Yazıçılar Birliyi imza atıb.
Yakut xalqının klassik şairi Anempodist Sofronov- Alampanın “Sevgi nəğməsi...” şeri dünyanın 33 dilinə tərcümə edilib.
Kitabın ideya müəllifi Saxa-Yakutiya Respublikasının Xalq şairi Natalya Xarlampyeva deyib ki, kitab Anempodist Sofronov- Alampanın anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb: “Bu münasibətlə Saxa Yazıçılar Birliyi olaraq xalqımızla dost olan ölkələrin şairlərindən Anempodist Alampanın “Sevgi nəğməsi...” şerini tərcümə etməyi xahiş etdik. Nəticədə şairin çox sevdiyi xanımına həsr etdiyi “Sevgi nəğməsi...” şeri türk, Azərbaycan, ingilis, fransız, qazax, qırğız, krım-tatarı, ərəb, bolqar, avar, buryat, macar, italyan, kabardin, kalmık və digər dillərə, hətta azsaylı xalqlardan sayılan şimallı even və yikagir dillərinə tərcümə olundu. “Sevgi nəğməsi ...” adlı kitabda eyniadlı şer 33 xalqın dilində yer alıb”.
Qeyd edək ki, bu şeri Azərbaycan dilinə türkdilli xalqların əsərlərinin peşəkar tərcüməçisi Aida Eyvazlı Göytürk tərcümə edib. Tirajı 500 nüsxədən ibarət olan bu kitab türkdilli xalqların kitabxanalarına biblioqrafik vəsait kimi hədiyyə olunacaq. Türk dünyasının klassik şairinin bu nadir kitabının tərtibatçısı isə istedadlı gənc şair, “Çolobon” jurnalının baş redaktoru Qavril Androsovdur.
Oxucularımıza şeirin azərbaycanca tərcüməsini təqdim edirik.
Anempodist Sofronov -Alampa
SEVGİ NƏĞMƏSİ
Necə izhar edim eşqimi sənə,
İzin ver bir həzin nəğmə oxuyum.
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
Gözlərinə qonub bir röya kimi
Yuxuna şirinlik gətirəcəyəm.
Qarışıq, dolaşıq fikirlərini,
Silib ürəyindən, itirəcəyəm.
Yox! Yox! Gözəl duyğun
qorxmasın ancaq,
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
O elə nəğmədir, qəm gətirməyir.
O elə nəğmədir nəqarəti xoş
Sevinc bəxş eləyir...
Mən səni qəfildən qışqırıq ilə
Yuxudan oyadan deyiləm, Yox! Yox!
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
Könlünə dolacaq həzin avazım...
Təki icazə ver, təki oxuyum!
Bilirsən nələr var o nəğmələrdə:
Sənin o yuxulu, gözəl üzünü,
İpək saçlarını, hörüklərini,
Qara qaşlarının altından baxan,
Qara gözlərini, od baxışını,
Bahar çiçəyi tək təravət saçan
Üzünə yaraşan al yanağını,
Badam ləblərini,
Təbəssümlə dolu dodağın altdan
Mirvariyə bənzər ağ dişlərini,
İzn ver nəğməmlə vəsf eləyim mən.
İzn ver bir həzin nəğmə oxuyum,
Sən nəfəs alanda nəfəsin olum,
O incə, o mərmər sinənə dolum.
Görüm necə vurur sinəndə ürək?
Mənim səsim şirin, avazım ürkək.
Asta oxuyacam sevgi nəğməsin.
Ancaq sən izn ver, bu mənim bəsim.
Nəğməmi dinləsən biləcəksən ki,
Al Günəş altında, bu Yer üzündə
Hər şeydən müqəddəs, hər şeydən əziz,
Tək səni bilmişəm, səni sevmişəm.
Bütün qanım ilə, coşqun qəlbimlə,
Mən səni sevmişəm... Sənin yolunda
İstəsən odlara atım özümü,
Yanıb külə dönüm, külüm qalmasın.
Qoy sənə yetişən ünüm qalmasın.
Külümü küləklər sovursun göyə.
Qarışım dənizin dalğalarına.
Batsın ürəyimə nizələr, oxlar.
Bir kor güllə gəlib batsın köksümə,
Əgər bircə dəfə könlünə dəysəm.
Sonuncu nəfəsim çıxan günədək,
Nə qədər çırpınır sinəmdə ürək,
Mən sənə qəm-kədər vermərəm, inan!
Əl götür bu soyuq inaddan aman,
Niyə istəmirsən nəğmə oxuyum?
Könlümü yandıran eşq atəşimlə,
Səninçün sevgidən nəğmə oxuyum.
Mən özüm haqqında asta-astaca
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
Necə izhar edim eşqimi sənə,
İzin ver bir həzin nəğmə oxuyum.
Klounların təzim etdiyi, xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz...
“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-da dərc edilən məşhur kloun Şurum-Burum - Fərman Şəkili haqqında maraqlı faktları təqdim edir.
Fərman Abdullayev Şəkidə doğulub. Şəkili olduğundan ona Fərman Şəkili deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb.
*
Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verlişindəki Şurum-Burum obrazı ilə tanıyıb və seviblər.
Klounada sənətini ilk dəfə o, Azərbaycana gətirmişdi. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam verirdilər.
*
Azərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan "Dahi" adlı pantomim pyesin müəllifi olub.
Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.
*
Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini "Hamlet" tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da ona mükafatda nəzərdə tutulan məbləği vermirlər. Amma əvəzində Fərman Şəkilinin Azərbaycan kino teatr məkanında heç kimdə olmayan "Teatr fədaisi" adı var.
Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan "Mışovul" filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən "Fransız"da da, "Yalan"da da, "Həm ziyarət həm ticarət"də də, lap elə "Sarı gəlin"də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.
*
Fərman bəyin oğlu müsahibəsində deyir:
"Bulvarda yay teatrı açmaq istəyirdi. Uşaq teatrı layihəsi vardı: "Aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir ha... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O hər dəfə ilk dəfəymiş kimi insanlara inanırdı..."
Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə"sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.
*
Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə 2, 3 qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: "neçə illik stajım var, batar axı." Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.
*
Dini inancını xristianlıqda tapıb. Buna görə qınanılıb, amma Fərman Şəkili öz inandığına tapınan biri idi. Sənətə də eynən belə inanıb tapınmışdı.
*
Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser, ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. "Xoxan, "Hənnas" kimi filmlərin müəlliflərindəndir.
Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: "...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o "bitdi" demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb."
*
İradə xanım Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edir: "Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın".
“Yeddinci ayın yeddisi” nəşr olunub
“Azərkitab” Yayınlarında gənc yazar Habil Yaşarın “Yeddinci ayın yeddisi” adlı ilk romanı nəşr olunub. Redaktoru Əkbər Qoşalı olan roman gənclərə ünvanlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxuduqca oxucunu intizarda saxlayan bu romanda oxucu gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaq.
Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər yer alıblar. Hər birinin öz dünyası var. Və bu günyalar əksərən bir-birinin ziddinədir.
Onu da qeyd edək ki, “Yeddinci ayın yeddisi” müəllifin ilk romanıdır.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində Cabbar Qaryağdıoğlu
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Cabbar Qaryağdıoğluya həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xanəndə, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri idi.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür.
Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.
1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib.
1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilib.