Super User
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilir
Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında məlumat verib.
Vurğulayıb ki, Birinci Teatr Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır. Forum “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ərəfəsində keçirilir. Ulu Öndər mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi. Onun teatr və sənət haqqında ölməz fikirləri var.
“Ulu Öndər mədəniyyətin və sənətin estetikasını bilən adam idi. Bu gün mədəniyyətin davamlı və dayanıqlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun qayğısı ilə əhatə olunub. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğurlu inkişaf yolu keçməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqli dəyərləndirməliyik. Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu gündən mədəniyyət könüllüləri də fəaliyyətə başlayıb”,- deyə Adil Kərimli bildirib.
O əlavə edib ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: “Teatr sənəti daim təkmilləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək”.
Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə ilk dəfə teatrla bağlı Forumun keçirilməsini əlamətdar hadisə adlandırıb. Teatr sənətinin inkişaf naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan M.Əlizadə bu günədək teatrın keçdiyi inkişaf yoluna nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.
Sonra Məryəm Əlizadənin “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.
Forum panel müzakirələrlə davam edəcək.
Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, “Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.
Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.
Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi elan edilir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcəkdir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcəkdir.
Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaqdır.
Namizədlər müsahibə proqramı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər.
Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcəkdir.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqə keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Yuxarıda qeyd olunan Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.
Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Erməni, faşist və Kələntər…
BU GÜN XALQ ARTİSTİ İSMAYIL OSMANLININ 121-Cİ İLDÖNÜMÜDÜR
Çox-çox öncələr “168 saat” qəzetində balaca uşaqlar arasında düşmən obrazlarına qarşı nifrət aşılayan bir sorğu keçirilirdi. Təbii ki, ermənilər, faşistlər deyirdi uşaqlar düşməndən söz düşmüşkən. Amma bir uşaq da Kələntər dedi, söhbət Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazından gedirdi.
Bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 121 il ötür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməyib. Amma elə uşaqlıqdan arzularının dalınca gedib. O illərdə ölkədə bir teatr bumu yaşanırdı, dram dərnəklərinə addımbaşı rast gəlinərdi. İsmayıl da bu sənətin vurğunu idi, sonda da
mükəmməl aktyor olmağı bacarıb...
1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə ailə vəziyyəti ilə əlaqədar Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.
"Kəndlilər" filmində (daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (Poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sönmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.
Gah poçtalyon, gah faytonçu, gah qolçomaq, gah hürufi təriqətçisi…
Hər obraza da ürək qoyub.
Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülmüşdü...
İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Bu bayramı yaradanlar var olsun! - Bu gün 2-ci Uşaq Kitab Festivalı başa çatacaq
4 gündür ki, Bakı İdman Sarayında davam edən və bu gün yekunlaşacaq İkinci Uşaq Kitab Festivalında 24 nəşriyyat iştirak edir. Ötən ildən təşkil edilən bu festival ölkəmizdə və ümumən MDB məkanında bir ilkdir. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi bu festivalın təşkilatçısı, İB-nin sədri Şəmil Sadiq isə ideya müəllifidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, keçən il də bu festivala maraq çox idi, təqribən 20 minə yaxın insan iştirak etmişdi. Bu dəfə də insanların buraya axınını müşahidə edirik və bu statistik rəqəm 50 min civarında olub.
Uşaq Kitab Festivalının təşkilatçılarından olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir:
“Uşaq Kitab Festivalına maraq çoxdur, ailələr buraya kitab ardınca gəlirlər. Bu o deməkdir ki, insanlarda kitaba hələ də sevgi və bağlılıq var. Uşaqlarımız kitaba yaxınlaşmaq, ünsiyyət qurmaq və kitabla böyümək istəyirlər. Bu da cəmiyyəti irəli aparan gözəl keyfiyyətdir. Hər bir ailə öz övladını bu ruhda böyütməlidir. Çünki işıqlı gələcəyi kitabsız təsəvvür etmək mümkün deyil.
Bu festivallarda kitaba olan marağın getdikcə artdığını müşahidə edirik, bu isə çox sevindirici bir haldır. Festival göstərir ki, kitab təbliğatı istiqamətində daha geniş məkanlarda, daha çox insanların, həmçinin kitab işi ilə məşğul olan nəşriyyatların iştirakı vacibdir. Məqsədimiz isə uşaqlarımızın, gənclərimizin cəmiyyət, dövlət və gələcəyimiz üçün faydalı şəxsiyyət kimi formalaşmalarına töhfə verməkdir”.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq isə seyir:
“Festivalın budəfəki məkanı keçənilki sərgi ilə müqayisədə çox genişdir. Dövlət qurumları və özəl nəşriyyatların təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən İkinci Uşaq Kitab Festivalında hər kəs öz stendi ilə iştirak edir. Qardaş ölkə olan Türkiyədən də bir neçə uşaq yazarı burada iştirakçılar sırasındadır. Qarşıdakı illərdə bu festivalı beynəlxalq səviyyədə keçirmək niyyətindəyik. Biz hətta bölgələrimizdə də kitab tanıtımına başlamışıq. Bu istiqamətdə işlər davam etdirilir. Məqsədimiz uşaqlara kitabı sevdirmək, onları mütaliə etməyə alışdırmaqdır. Bu, işıqlı gələcəyimiz üçün çox vacib amillərdəndir. Düşünürəm ki, kitab təbliğatını biz uşaqlardan başlamalıyıq. Əgər uşaqlarımızı kitabların dostu kimi yetişdirə bilsək, bu bizim işıqlı gələcəyimizə bir sərmayə olacaq. Kitaba, təhsilə, mütaliəyə bağlı olan uşaqlar yetişdirmək isə güclü dövlətin, uğurlu millətin qarantıdır”.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Günün fotosu: Roma Papası sülh üçün dua etdi
Günün fotosu: Roma Papası sülh üçün dua etdi
Dünən xristian dünyası Pasxal bazar ertəsini qeyd edirdi. Roma Papası Fransisk bu münasibətlə çıxış edərək bütün dindarları dünyada sülh uğrunda dua etməyə çağırdı.
Foto: Gregorio Borgia/Copyright 2023 The AP. All rights reserved
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Rekviyem - Təvəkkül Boysunar yazır
Bu yazını “Ədəbiyyat və incəsənət” portalı ürək ağrısı ilə təqdim edir. Bir neçə gün öncə tanınməş tərcüməçi Vilayət Hacıyev vəfat etdi və onun dəfn mərasimi barədə gənc yazar Təvəkkül Boysunar bir rekviyem yazıb. Buyurun, tanış olun.
Vilayet Hacıyevlə vida mərasimində Oqtay Əliyevin dəfnini xatırladım.
Oqtay Əliyevin ən yaddaqalan uğuru "Yeni ulduz"da münsif olması idi.
Və dəfnində bütün media orda idi.
Utanmaz televiziya kanalları öz mikrofonlarını dəyərli Şou Biznes əhlinin ağzına dürtürdülər.
Vilayət Hacıyevin dəfnində isə bircə dənə də televiziya kanalı, bircə dənə də sayt yox idi.
Bu mənzərə təkcə bir tərcüməçinin yox, həm də ümumilikdə ədəbiyyatın və kitabın taleyini, aqibətini əks etdirirdi.
Oqtay Əliyev "Yeni Ulduz"da münsif olmuşdu, ölümü ilə bütün gündəmin diqqətini cəlb etdi.
Vilayət Hacıyev isə Kafkanı, Hesseni, Böllü Azərbaycan dilində yazan adam idi. Və nəticə bu cür oldu.
Xalqımızın nəyə dəyər verdiyini görəndə adam öz-özünə fikirləşir ki, bu xalq, hələ, bəlkə də layiq olduğundan daha yaxşı yaşayır.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Müstəqillik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı barədə hər şey
Uşaq İncəsənət Festivalı barədə bütün suallarınızı portalımız cavablandırır.
Xəbər verdiyimiz kimi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə və Heydər Əliyev ili çərçivəsində Mədəniyyət Nazirliyi müxtəlif tədbirlərə imza atır. Bunlardan biri də Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən Uşaq İncəsənət Festivalıdır. Bu festivalın Müstəqillik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı olmasını nəzərə alanda ona olan hədsiz marağın səbəbləri də bəlli olur.
“Ədəbiyyat və incəsənət” portalı festivala qatılmaq istəyən çoxsaylı uşaqların istəyini nəzərə alaraq Mədəniyyət Nazirliyindən festivalda iştirakla bağlı bilgi alıbdır. Xatırladaq ki, iştirakçıların qeydiyyatı 30 mart tarixində bitib.
1.
-Festivalda yaş məhdudiyyəti nə qədərdir?
-Festivala istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər.
2.
-Neçə nominasiya üzrə qalib adı uğrunda mübarizə aparılacaq?
- 21 nominasiya üzrə. Nominasiyaları təqdim edirik:
Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);
Piano ifaçılığı;
Klassik simli alətlər ifaçılığı;
Klassik nəfəs alətləri ifaçılığı;
Azərbaycan xalq çalğı alətləri ifaçılığı;
Akademik vokal;
Estrada oxuma;
Xanəndəlik sənəti;
Aşıq sənəti;
Xor;
Caz ifaçılığı;
Solo milli rəqs;
Milli rəqs ansamblı;
Solo müasir rəqs;
Müasir rəqs ansamblı;
Aktyorluq;
Bədii qiraət;
Hekayəçilik (stand-up);
Dekorativ-tətbiqi sənət;
Rəssamlıq;
Heykəltaraşlıq.
3.
-Ayrı-ayrı mədəniyyət sahələri üzrə peşəkarlıq dərəcəsi şərtdirmi?
-Xeyir, həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə yarışmalar olacaq.
4.
-Neçə yaş qrupu var
-Cəmi üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) var.
5.
-İştirakçıların qeydiyyatı harada aparılır?
-İştirakçıların qeydiyyatı www.uif.az internet saytı üzərindən aparılır.
6.
-Bəs festival hansı qaydalar üzrə keçiriləcək?
-Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.
7.
-Müddətlər nə vaxtdır?
-Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.
8.
-Əlavə suaılar yaranarsa hara müraciət etmək olar?
-Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:
Rəsmi sayt - https://uif.az E-poçt - Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. Facebook - https://www.facebook.com/uif.az Instagram - https://www.instagram.com/uif.az Twitter - https://twitter.com/uif_az Youtube - https://www.youtube.com/@uif_az Tiktok - https://www.tiktok.com/@uif.az
Tapdanmış cığırlarla gedib hamı kimi olmaq da olar, hamıdan fərqlənmək, istedadınla diqqət çəkmək, yüz minlərlə pərəstişkar toplamaq, məşhur olmaq da. İkincilərdən olmaq çox gözəldir.
Əziz uşaqlar, içinizdəki istedadı həmən üzə çıxarın. Bunun üçün Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi sizin üçün gözəl bir şans verir. Uşaq İncəsənət Festivalına qatılın. Birinci olun!
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Milli Muğam Müsabiqəsinin başlamasına sayılı günlər qalır
Muğam diyarında muğamla bağlı hər bir tədbir gözləniləndir. Amma bu dəfə biz ən yüksək səviyyəli tədbirdən söz açacağıq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqəyə 2023-cü il aprelin 24-də start veriləcək, festival aprelin 27-də başa çatacaq.
“Ədəbiyyat və incəsənət” portalı məlum edir ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində görülən fundamental işlərə baxdıqca beynəlxalq və milli muğam müsabiqələri bir ayrı qabarır.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Gəlin yaddaşımızı vərəqləyək. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəlirlər. Təqribən bir həftə ərzində Bakı dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilir. Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəldir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan edir. Xüsusən ilk belə festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsertın akkordları: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamını ifa etmələri, Xalq artisti Alim Qasımovun və əməkdar artist Fərqanə Mövlamovanın "Şur" təsnifini ifa etmələri zənginliyi ilə fərqlənən konsertə unudulmaz çalarlar qatmışdl. Azərbaycan musiqisi əcnəbi qonaqlar tərəfindən böyük maraqla izlənilmiş, hər bir ifa sürəkli alqışlarla qarşılanmışdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət” portal müsabiqəyə qoşulmaq istəyənlər üçün zəruri xatırlatma edir: Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.
Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.
Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Bu gün Azərbaycanda ilk teatr forumu keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində bu gün Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun rəsmi açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq.
Tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, “Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.
Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.
Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Forumda respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivlər, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub.
Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumda iştirak üçün nazirliyin rəsmi internet saytında (“culture.gov.az”) yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.
Xatırladaq ki, öncə forumun aprelin 10-da açılması nəzərdə tutulurdu, amma
Azər Paşa Nemətovun vəfatı ilə açılış bir gün ertələndi.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)