Super User
Sumqayıtda şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
Sumqayıt şəhərinin Səməd Vurğun adına Mərkəzi kitabxanasında Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair-publisist Qəşəm Nəcəfzadə ilə "QƏŞƏM NƏCƏFZADƏ OXUCULARLA ÜZ-ÜZƏ" adlı görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxananın drektoru Natavan Axundzadə açaraq şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, sonra tədbiri aparması üçün sözü kitabxananın əməkdaşı, şairə Gülnar Ümidə həvalə edib.
Tədbirdə şair-publisist Rafiq Yusifoglu, Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evinin drektoru Ibrahim İlyaslı, AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin, Lilpar Cəmşidqızı, Arzu Əsəd, Nazir Rüstəmov, Aygun Fikrətqızı, Vüsal Ağa, Aynurə Ulduz kimi söz adamları iştirak ediblər.
Onlar Sumqayıtda həyat yoldaşı Tabəst Nəcəfzadə ilə qonaq olan, şerləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunan, əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə olunan, 26 şer kitabı çap edilən şair-publisist Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığından, müasir Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, gənclərə böyük dəstəyindən bəhs ediblər.
Tədbirdə iştirak edən Vüsal Ağa qeyd edir ki, bu gün şairin qələm dostları Çağdaş Azərbaycan poeziyasında Qəşəm Nəcəfzadəni ən yaradıcı şairlərlə müqayisə edirlər, tənqidçilər onun yaradıçılığını realist üsluba aid etdiklərini və şairin son illər yaradıcılığında epik, modern və metofizik şerlərin üstünlük təşkil etdiyini vurğulayırlar, onun, saf, dupduru, halal sevgi şairi olduğunu və şeirlərinin sadə və səmimi olmasını qeyd edirlər.
Öz şerlərini səsləndirərək və oxucuların suallarını cavablandıraraq görüşə daha yüksək rəng qatan Qəşəm Nəcəfzadə keçirilən görüşdən çox təsirləndiyini, tədbirə gələn dostlar və oxucular tərəfindən bu qədər sevildiyi üçün sevindiyini, ona göstərilən diqqət və qayğıya görə, bu görüşün təşkil edilməsində S.Vurğun adına mərkəzi kitabxanasının drektoru Natəvan Axundzadəyə, kitabxananın əməkdaşı olan, tədbirin aparıcısı şair Gülnar Ümidə, tədbirə gələn qələm dostlarına və oxucularına təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
Baş daşına həkk etdim yalan sözcüyünü... - güneyli Nuriyyə Lövhün şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti sizlərə Nuriyyə Lövhün şeirlərini təqdim edir.
Nuriyyə Lövh
1984-cü ildə Güney Azərbaycanın Binab şəhərində anadan olmuşdur. Orta məktəbdə humanitar elmlər üzrə, Universitet dövründə Kimya fakültəsində təhsil almışdır.
O, 2011-ci ildən şeir yazmağa başlamış, şeirləri ədəbi qəzetlərdə, portallarda nəşr edilmişdir.
Onun yeni şeir kitabı çapa hazılanmışdır, yaxın gələcəkdə çap olunacaqdır.
İNDİ DÜNYADA QAN QUSULUR
Şeirin nəfəsi geri sayıma düşmüşdü
Qələmi,
Balamı, səni gətirmədilər.
Əlim,
Öpüşüm,
Baxışım,
Acı olduğu üçün...
Amma qoy deyim sənə
Aaaaaay oxucum
Dinləyicim
İnan
Ey özüm təki üsyankar, inan...
Dərdin çoxu da yoluxucu xəstəliyindən deyil
Qəfəsdə təngə gəlir nəfəsim
Vətən çicəkləri solur ürəyimin vulkanında
və millət nisgilini
Daşıya bilməyən çiyinlərimdən aslanıb
qara sevgi.
İndi əllərim əsitməyə düşsə də
Dilimin tutulmasına izin verməmişəm.
Niyə ki, güneyli-quzeylisindən 1400 çiçək yağacaq əllərimə vətən...
Düzdür kələmələr xırıldayır xırxıramda
Və
Ventilyatorla çəkirəm acı sancıları
Amma xəstəliyə inanan deyil polad iradəm.
Axı
Təkcə mən deyiləm ki,
Yer kürəsinin dəli sızıltıları işini bitirib yazıq bəşərin kövrək kürəklərində...
İndi burda elə bu saat 1400-cü günəş cücərir sinəmin daş yarasından
İndi gecə quşları baladan çıxırlar ağ ciyərlərimin qaranlıq böcəklərində.
Pekin ilə Vaşinqton!
Hərdən nə isə Moskvaya süqut edir gözlərimin gücsüzlüyündə...
Mən isə ağ ciyərimin
Sən isə serum-saatın
Pərəstar dostum isə O2-nun eniş-yoxuşuna
Cum-culuq tər içində cummuşuq.
Üçümüz də bilirik
Zalımların hansı felinə uymuşuq.
İndi dünyada qan qusurlur
Humanizmin çeşidli düşuncəsi
Yer kürəsinin atlantasını
Ortadoğu ölkələrinin
Özünü qonşularından tez
və ucuz satan yollarını
Şəhərin balalarıma çatdıran
bütün xəritələrini
Bir də gözlərini
Hə gözlərini çəkirəm
Xəstəxananın şahmatı tavanında
İndi burda bütün isimləri qusaraq
Təkcə talanmış vətəni həzm edə bilirəm
uca röyalarımda
Daşını, kəsəyini, çiçəklərini,
O tay-bu taylı dağlarını, dərələrini, təpələrini
Bütün hər nəyini
Sinirsiz çəkirəm
Vətəndaşların, dildaşların
Ürəklərini kədərsiz, yarasız çəkirəm...
İndi atrovent
Qıtlığına düşüb bu talanmış çevrədə
Və
Sevgilim Qafqaza yürüyüb çiçəkli qıçlarıyla
Bəlkə nəfəs gətirə quzeydən
Yaramı sağaltmaq üçün...
SÜLH SİMGƏSİ
Üfüqi deyil kələmələr
Dikinə döşənir qələmin ucuna
Boyutlar boylanır əski divarlardan
Şamdanlar sevişir
Sərbəst sarmaşıqlarla.
Hə!
Sülh simgəsidir barmaqlarım
Qələmin gücünə inandıqca daha ardıcıl, daha çalışqan
Botları tanıdıqca
Daha güclü, daha qorxmaz Diogenlərəsinə
Sındırıram tabuları
Mən dünyanın şəhərdaşıyam,
Yer kürəsi fırlanır başımın qafatasında
Sınırlar sınır neyronlarımın böcəklərində
Xəzər yol açır göz pınarlarıma
Birrləşir gözümün önündə millətlər.
İstəkanlaşır şeirimin gün çıxan bucağında sülh şairləri
Oriyana doğur o heç doğulmaz uşağı
Nəzar danışır Beyrutun qovurulmuş saçlarından
Bursa dadı verir Hikmətin qanadları
Berlin çat götürür Brechtein yazısında
Ritsosun çiçəklərinə çatır şeirimi xalçası
Epitafiyosu qurtarınca əllərim qızarır
Çörəyı, suyu, havanı alsalar da,
Gülüşlərimi çox görməmişəm şeirimin Pablosuna...
Biz çıxırıq savaşların uzun xəlsəsindən
Duyğular keflənir
Və yenidən sevişirik şəhərin röyalı günbatışında.
Məzələnir savaşdan qurtulan dodaqlarımız
Və dincəlir yorğun orqanlarımız.
O mərtəbəli yuxudur şeirim
Bir an diskinirəm orta qatında
Burası şingen deyil
Bir tayım Qafqaz
Bir yanım ortadoğu
Üzbəüzüm isə qara qoşunun sındırılmaz qayaları.
Burda tanrılar daha zorlu cəhalət at çapdırır içimizin boş imperatorluğunda.
Meksika divarlarından hündürdür nadanlıq
Burda ağ-qara gəzirlər qaranlıq şeytanrıları
Dara çəkirlər azadlığı
Və oraqlayırlar sevginin gənc çağlarını.
Hə!
Biz orta əsirləri yaşayırıq əslində
Xaç yürüşləri qurtarmayıb burda hələ.
AZƏR
Azər, çirikliyimin sevdiyi qızdır
İnqilaba alışmadan
Qışa çevirdi vətənin son baharın
75 illik açıq bir yara
Bitmədən
Qan tuluğuna dönür hər xəzan
Əskilərdəki dostumun adı
İndi isə
Əkizlərinin sicillisinə döyülmüş...
Azər vətən gözətçisi
Doqquz başlı bir devdir
Talançıların bünövrəsini laxlatmaq üçün.
Neçə qatlı qanlı torpaqdır,
Özgürlüyün üzünə qonmuş
İmamiyyədə gömülmüş igidlərin dar ağacı...
Südü qaçan anaların ürək döyüntüsü
Sürgün düşənlərin qara boğuntusu
Qulağı kəsilənlərin qara qışqırtısı.
Azər
Azər
Azər
Azər boğazımdan püskürdüyüm iniltilər...
Azər, Təbrizin minarələri
Vətənin təqvimə atılan qanlı göbəyi
Yandırılan kitabların külüdür
Sönük gözlərin sürməliyində.
Ərkdə sönən işıqlar
Gülüstanda asılı qalan iztirablı düşüncələr...
Azər dağlar daşıdır
Ürəyimin başına qalanmış ağladıcı bir şeirdir...
Boğazımın yoluna tıxılmış ağırlıq
Ayrılıq
Qana çevrilmiş yumruqdur azər.
Təndirlərdə yanan azadlıq səsi
Diktatura qurban edilən başların qan fışqırtısı,
Azərbaycanın toy gecəsində ölüm xəbəri
Əfsanə deyil;
Qara pərdələrdə basdırılmış
Real bir faktdır azər...
ƏLƏNDİ SIĞIRÇINLARIN SƏSİ
Hüznlü bir axşam üstü
Sığırçınlı ağac altında
Paslı sofanın üzərində qonuşduq.
Çiyin-çiyinə
Əl-ələ
Göz-gözə
Sofanın tilişkəsinə toxunmadan
Sıxıldı qoltuğuma boşluq
Palmalar yanaqlarıma çırparkən
Sayxaşlaşdı içimdəki yoxluq
Yırğalandı gözümün önündə şəhər
Atdı sığırçın səsini başından
Və yatdı o heç kiriməz cığaz!
Mən ilə yalqızlığım
Cumduq bu atmosferə
Şəhərin yırğasını dayandırdı yağış
Çatlatdı ağacın bağrı bu durumdan
Ələndi sığırçınların uçuş səsi
Diskindi
Kəsdi böyrünü aramızdakı tilişkə
Partladı.
Parçalandı.
Batdı...
Palmalarla cumdu sıcaq dərimə
İtdi içimdəki sənsizlikdə...
İNAM
Səndən sonra
Öyrəndiyim sözcüklərin biri də inam idi.
Gilələrim günəşdən oxlandığında
Kədərli çırpıları çırpdığımda süfrə başında
İlk hecasını udqunduğumda bəzək masamın arxasında!
İkincisi ilə mavi xəyallara cumduğumda
Əlimdə araşdırdığım kitablarda,
Yataqda,
Hamamda...
Taksi durağında
Pasajlar üstümə gələn zaman
Pozuntudan qaş qaralana qədər
Gün orta çağılar...
Səndən sonra hər an
İnamı məşq edirdim
Duyğuların eniş-yoxuşunda.
Basqınlıqdan ilişib qalan
Yalanları didrəkən
Sərf edirdim inam sözcüyün
Hər axşam çağı.
Birinci şəxsi
Qusurdum sinəmin narlığına.
Üçüncü isə tökürdüm
Ətəyimdə solan çiçəklərin
Yorğun dibinə.
Gahdan da boyaqçılaşıb,
Qaralayırdım inamı
Baltanı buraxıb,
Çəkici götürürdüm
Ancaq öldürməyinə alışmışdım
Qəbrini qazıb
Baş daşına həkk etdim
Yalan sözcüyünü...
DƏNİZİNİ İTİRMİŞ FLAMİNQOLAR
Dialektik bir görüş idi
Zır kefli bir oğlan sayağı
Gözlərimin yaşını anladığında
Dil açdı cansız dalğaları.
Çaldı, çevirdi
Özünü düz yatağına çırparaq
Məni qucağına almaq
Mən onda
O məndə rahatlaşmaq istədik.
Çılpaqcasına
Toxundum şor sıxlığına.
Günəşi döşlərimin ucuna alaraq
Acı bir öpüş buraxdım şorallığına.
Yaladı duzlu dili ilə gövdəmin vətən dadını
Pıçıldadı qulağıma qıtlıqdan
Ağladı içimə talanmış varlıqdan
Yandım, yaxıldım.
Elə ki, yanıb-yaxılar bakirə dodaqlar
Dənizsiz sahillər
Və sevdasız ürəklər...
Sonra bir şey çaba vurdu bətnimdə
Boylu bir qadın sayaq
Ürəyim ağzıma gələ-gələ
Çimdirdim qara yaraları.
Qurtara bilməyəcəksən yaxamdan
Adını “Dəniz” qoy qızımın söylədi.
İllər sonra ürəyini dələn həmən bu yerlərdə
Mavi göydələnlər qovzayacaqlar
Göydələnin buynuzunda oturduqda
Dəftərində qabıq qoymuş
Duzlu yaralarımızı.
Açıqlayacaq oxuculara
Tarix yazacaq
Dənizini itirmiş flaminqolara...
Ekspress qatar çəkiləcək ürəyimin başından
Təbrizin beli bükülüb
Urmunun birçəkləri ağaracaq şoranlığımda.
Osman yumruğunu şüşləyəcək tanrıya
Duz mifinə çevriləcək Artmiya.
Yasımda saçını yolacaq Şərəfxananın günəşi.
Barı Urmunun mənsiz gecələrini bağıracaq aya.
Rəhmanlı ulduzların axıtdıracaq
Kazım daşının yalnızlığına...
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
"Türkoloji etüdlər" təqdim olunub
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda, görkəmli türkoloq, professor Minaxanım Təkləlinin "Türkoloji etüdlər" kitabının təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, türkploji və dilçilik baxımından çox dəyərli olan kitabda müxtəlif illərdə yazılmış məqalələr yer alıb. Filologiya elmləri doktoru professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı elmi və publisistik məqalələrin müəllifi Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər, bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. O, həmçinin Özbəkistanda, Moskvada, İranda, Türkiyədə keçirilən türkoloji və şərqşünaslıq məsələlərinə dair konfranslarda iştirak edir. Minaxanım Təkləlinin "Mərkəzi Rusiyanın türk coğrafiyası", "Türk əsilli ruslar", "Yaddaş", "Azad və tənha adamlar'", "Türk sözləri rus dilində" və s. kitablarını da sadalamaq olar. Bu mövzuda kitablar çoxdur. Amma M.Təkləlinin kitabları öz unikallığı ilə seçilir.
Öncə Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Müəllif kitabından bəhs edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, kitabının necə ərsəyə gəlməsindən və nədən bəhs etdiyindən danışıb. Bildirib ki, araşdırmalarının əsasını bir çox rus sözlərinin, dövlətçilik ənənələrinin, dövlət atributları və simvollarının türkcədən gəlməsi, türk köklü olması təşkil edir.
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güney Minaxanım Təkləlinin bu araşdırmalarının təqdirəlayiq olduğunu qeyd edib.
Tanınmış yazıçı Hüseynbala Mirələmov “Ədəbiyyat və incəsənət” portalının əməkdaşına kitabın türkologiya tarixində möhkəm yer tutacağına əmin olduğunu bildirib.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
2023-cü il PEN/Folkner mükafatının qalibi elan edilib
PEN/Folkner Fondu bədii ədəbiyyat üzrə 2023-cü il PEN/Folkner mükafatının qalibini elan edib: Yiyun Linin“Qaz Kitabı”.
“Ədəbiyyat və incəsənət” portalı Habil Yaşarın təqdimatında təltifetmə və müəllif barədə bilgilər verir.
“Qaz Kitabı” münsiflər heyəti tərəfindən 2022-ci ildə ABŞ-da nəşr edilmiş 512 roman və qısa hekayələr toplusu arasından seçilib. İki münsifin dediyinə görə Yiyun Linin “Qaz Kitabı” göz qamaşdıran, konvensiyalara zidd, nüanslı bir romandır.“Bu, iki qızın bir-birinə tərəf əyildiyi və bir-birindən uzaqlaşdığı mürəkkəb dostluq hekayəsidir. Nəsr təkdir; mərkəzi personajlar, Agnes və Fabienne, radikal ixtiraçılıqları və cəsarətli, itaətsiz ambisiyaları ilə bizi təqib etdilər. Yiyun Liyə 2023-cü il PEN/Folkner Mükafatını Bədii Ədəbiyyat üzrə vermək şərəfdir”.
Li öz çıxışında "Mən bu mükafata görə çox qürur duyuram, həyəcanlanıram və minnətdaram" dedi. “Roman yazmaq, bilinməyənə bir şüşə içində mesaj göndərmək kimidir. Bu tanınmanı almaq kiminsə şüşəni tapdığını və mesajı oxuduğunun ürəkaçan təsdiqidir. PEN/Folkner Fonduna, münsiflərə və finalçı həmkarlarıma dərin təşəkkürümü bildirirəm: insanların ədəbiyyatı diqqətlə və düşüncəli oxuduqları gün həmişə yaxşı gündür”.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub
Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.
ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert proqramında həmçinin “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları ifa olunub.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
Bəs Gənc Kulinarların V Respublika Çempionatının qalibi kim oldu?
Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən təhsil alan gənc kulinarların beşinci Respublika çempionatı
barədə sizlərə məlumat vermişdik. Yalnız qalibin adı elan edilməmişdi. Bu gün sizi qaliblə tanış edəcəyik.
Hələliksə təfərrüat barədə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, çempionatda paytaxtdakı və müxtəlif bölgələrdəki universitet və peşə məktəblərində təhsil alan gənc kulinarlar iştirak ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, yubilyar Tahir Əmiraslanovun açıqlamasına görə, rəhbərlik etdiyi qurum tərəfindən artıq 5-ci ildir ki, təhsil alan kulinarların çempionatını keçirməkdə məqsəd milli mətbəximizin tanıdılması və gənclərin kulinariya sahəsinə həvəsinin yaradılmasıdır. Belə yarışların və tədbirlərin keçirilməsi Azərbaycan kulinariyasının inkişafına xidmət edir.
Tədbirin ilk hissəsində iştirakçıların hazırladıqları müxtəlif yemək çeşidləri və şirniyyatlar münsiflərə və qonaqlara təqdim olunub.
Sonra münsiflər ən dadlı və ən vizual effektli təamları müəyyənləşdirməyə başlayıblar.
Seçimlərin həm dadlandırmaya, həm da ümumi kompozisiyaya uyğun aparılması, təbii ki, beynəlxalq kulinariya müsabiqələrinin tələbidir. Görünüşü xoş olmayan ən dadlı yemək diqqət çəkməz, eləcə də görünüşcə gözəl olan dadsız yemək.
Qaliblər müəyyən edilərkən təamların təqdimatı və milli xüsusiyyətlərə uyğunluğu da nəzərə alınıb. Sevindirici haldır ki, kulinar iştirakçılar - gənclər və yeniyetmələrin hamısında gözəl əhvali-ruhiyyə və həvəs müşahidə olunub.
Bəyənilən iştirakçılara gəldikdə isə, Naxçıvandan qatılan kulinarların stendi çox bəyənilib, çünki onlar daha çox qədim və milli kompozisiya yaradıblar.
Çempionata Sumqayıt şəhərindən qatılan gənc kulinarların təqdim etdikləri
fisincan və səbzi plov da hədsiz bəyənilib.
Sonda tədbirin rəsmi hissəsi baş tutub və çempionatın qalibləri mükafatlandırılıb.
Hamı tədbiri gözəl ağız dadı və xoş ovqatla tərk edib.
Qalib isə Naxçıvan Dövlət Universitetinin (NDU) Texnologiya Mərkəzi olub.
NDU-nu təmsil edən komandaya Texnologiya Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva rəhbərlik edib.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
Rəsm qalereyası: Aynur Covasary, “Nənəmin nəğməkar tikiş maşını”
“Didaktika xəzinəsi” - Kim axmaqdır?
“Ədəbiyyat və incəsənət” ən hikmətli pritçaları seçib dərc etməkdə davam edir. Bu, xüsusən yeniyetmələrin formalaşmasında vacibdir. Biz təlim-tərbiyəni yalnız məktəbin və valideyinlərin üzərinə atırıq. Halbuki, medianın, sosial medianın bu işdə hədsiz yükü olmalıdır.
Rubrikanı psixoloq Güldəstə Eyvazova aparır.
Uşağın biri bərbərə girincə bərbər təraş etdiyi müştərisinə deyir:
-Bu içəri girən uşaq var ya, dünyanın ən axmaq insanıdır, izlə indi.
Bərbər ani bir əl hərəkətiylə uşağı yanına çağırır.
Bir əlində 1 manat, digər əlində 5 manat uşağa uzadaraq "hansını istəyirsən" deyə soruşur, uşaq da 1 manatı götürüb çıxır.
Bərbər müştərisinə dönərək "gördünmü, heç dəyişməz, hər gün bunu təkrarlıyar, bu tam bir axmaq" deyir.
Daha sonra müştərisi təraşını alıb çölə çıxdığında 100 metr irəlidə dondurma yeyən həmin uşaqla qarşılaşır.
Uşaqdan niyə 5 manatın yerinə 1 manatı götürdün deyə soruşur.
Uşaq da dondurmasını yalayaraq adama cavab verir:
-Mən o 5 manatı götürən an oyun bitər. Belə isə gündə 1 manat qazancım var.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
“Mənim bir cümləmin ağırlığına girə bilməyən adamlar məni dildə ittiham edirlər” - Kamal Abdulla
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Xalq yazıçısı Kamal Abdullanın Kulis.az-da yayımlanan saytın Baş redaktoru Ulucay Akifə müsahibəsini diqqətinizə çatdırır.
– Kamal müəllim, necəsiniz?
– Sağ olun. Yavaş-yavaş yaşayırıq, çalışırıq.
– Standart sualla başlayaq elə. Yaradıcılıqda nə yenilik var?
– Beyində gedən proseslərə yenilik demək olarsa, hansısa proseslər beyində gedir. Real yenilik demək olarsa, sizin saytınızda çap olan eyniadlı hekayəm əsasında yazdığım “Gülçöhrə xanım və Əsgər ağa” adlı telefilm ssenarimi qeyd edə bilərəm.
– Oxudum, orada İran mövzusuna toxunmuşdunuz və əksər əsərlərinizdəki kimi, yenə keçmiş zamanlara qayıtmışdınız.
– Konkret İran mövzusu deyil. Ancaq içindən İran xətti keçir.
– İran məsələsi indi aktualdır deyə bu mövzuya müraciət eləmisiniz?
– Yox. O dövrdə bir azərbaycanlı ziyalısı, azərbaycanlı iş adamı üçün İran, əlbəttə ki, əhəmiyyətə malik bir məkan idi. Əlaqələr daha geniş idi. İran tacirləri Azərbaycandan gəlib Rusiyaya keçirdilər və hətta parlament İrandan Rusiya və yaxud başqa ölkələrə gedən tacirlər üçün əlavə vergi qoymuşdu. Onlar da narazı idilər. Yəni bu ticarət yolu ilə o qədər çox gəlib-gedirdilər ki, əlavə vergiyə ehtiyac duyulmuşdu. İran deyəndə hekayədə onun azərbaycanlılar yaşayan hissəsindən söhbət gedir. Bir azərbaycanlının orada dostuna pənah aparması o dövr üçün təbii idi. Nə qədər insanlarımız Türkiyəyə, İrana köç etdilər. Qələmə aldığım bu insanların taleyi İrandan keçdi, biri geri qayıtdı, o biri Fransaya getdi və sonra onlar bir daha görüşə bilmədilər.
Süjet özü, mənə görə, çox maraqlıdır. Xoşbəxt sonluqla bitən “Arşın mal alan” filmi, əlbəttə ki, insanı düşüncələr aləminə atır. O filmin son kadrları səni elə bir hala salır ki, sən düşünməyə bilmirsən ki, bəs bu xoşbəxt adamların sonrakı həyatı necə oldu? Çünki sonra inqilab gəlir, Azərbaycan başdan-ayağa şumlanır, mənəviyyat şumlanır, müxtəlif insanlar məhv edilirlər. Təkcə fiziki yox, mənəvi cəhətdən məhv edilirlər. Ona görə mən istədim qəhrəmanların o filmin xoşbəxtliklə bitən kadrlarından sonrakı həyatını təsvir edim.
– Sizin yaradıcılığınıza az-çox bələdəm. Belə başa düşürəm ki, siz heç vaxt gündəmə uyğun nələrsə yazmaq niyyətində olmursunuz.
– Yaxşı bələdsən.
– Bunun mənfi tərəfləri varmı, mövzuları nələrə uyğun seçirsiniz?
– Məndən gündəmə münasibət gözləyən insanlar var, tənqidçilər var, özünü ədəbiyyat adamı sayan adamlar var. Mən deyim ki, nədən yazırsansa-yaz, ən uzaq, ən fantastik, ən detektiv əsər yazsan belə, yenə də sən gündəmin içindəsən. Məsələn, “Dəvə yağışı” hekayəmdə göydən yerə yağış əvəzinə dəvə yağır yazmışam. Bu, gündəmdə olmaq demək deyilmi? Əgər bunu başa düşmürlərsə, bu, mənim günahım deyil. Yəni elə bir məqam gəlir ki, göydən sən yağış yerinə yağan dəvə gözləyirsən, şir gözləyirsən...
– Hazırda irihəcmli əsər üzərində işləyirsinizmi?
– Son romanım “Laokoon laokoon, yaxud bir romanın gerçək yazılma tarixi” adlı əsərdir. Onun janrını mən belə müəyyənləşdirmişəm – romanvari. “Yarımçıq əlyazma”nın faktiki olaraq yazılma tarixi ilə bağlı bir romandır. Mənə elə gəlir ki, bunu qələmə almağın özü maraqlı bir proses idi. Ən azından, “Yarımçıq əlyazma”nı qiymətləndirən insanlar üçün maraqlı ola bilər. Bu roman necə yarandı, necə üzə çıxdı? Ondan çıxan xətlər Dədə Qorqud, Şah İsmayıl Xətai xətləridir. Maraqlıdır ki, ədəbiyyatdan uzaq adam, Dədə Qorqudu tanımayan adam Dədə Qorqud dünyasına girəndə hansı əhvalı, hansı hissi keçirə bilər? Bax, mən çalışmışam bunu romanda qələmə alım. Mənə elə gəlir ki, Dədə Qorqud dövrü ədəbiyyatımızın ənliksiz, kirşansız, süslənməmiş bir dövrüdür. Yəni o metaforlardan uzaq, bədiyyatın cilalanmamış, klassik şeirimizə xas olan bəzəkləri olmayan dövrünün içinə girəndə sən özün də təmizlənirsən. Dədə Qorqudun təmiz bətninə daxil olanda, sən özün də paklanırsan.
– Əsərlərinizdə paralel zaman anlayışları çoxdur, fərqli zamanlara çox müraciət edirsiniz. Mənə maraqlıdır ki, keçmişə qayıdışınızın əsas səbəbi nədir?
– Paralel zamanlar və məqamlar, insanların ikiləşməsi, keçmişdən bu günə ötürülən “mesajlar” və başqa bizə mistik görünən məqamlar mənim üçün çox cəlbedici və maraqlıdır. Biz sanki güzgüyə baxırıq, biz güzgüyə baxanlarıq. Amma güzgüdən bizə baxanlar da var. Biz onları görmürük. Kimdirlər? O biri dünyanınmı adamlarıdır, yoxsa təhtəlşüurumuzun dərinliyindəkilərmidir? Sartr və Kamyu kimi bir güzgünün iki tərəfində qərar tutublar?! Güzgüyə baxan tərəf ayrı, güzgüdən baxan tərəf bir ayrıdır. Və onlar tez-tez yerlərini dəyişirlər. Biri o birinin yerinə keçir. Maraqlı deyilmi? Məncə, maraqlıdır.
– Özünüz hansı dövrdə yaşamaq istəyərdiniz?
– Mənə elə gəlir ki, hər bir dövrün müsbət və haradasa məni qane eləməyən tərəfləri ola bilər. Müraciət etmək dediniz, “müraciət etmək” sözü bir az mənə yad kimi göründü. Mən müraciət etmirəm. Mən yazıram, hara gedib çıxıram, özüm də çox zaman bilmirəm. Buna dövrlərarası səyahət də demək olar.
Məsələn, mənim romanımda doqquz qata qədər getmək olur. Yəni bir qata enirsən, ondan keçirsən o biri qata. Bir də görürsən ki, səkkizinci qatdasan. Amma əsas məsələ həmin səkkizinci qatdan əvvələ qayıtmaqdır. Bu qatlar dövr də ola bilər. Ədəbi-bədii istiqamətdən baxdıqda bir ədəbiyyatçı üçün son dərəcə maraqlı məqamlardır.
Mən xüsusi olaraq qarşıma məqsəd qoymuram. Obrazla bağlı, məncə, yazan bəndə “o düşündü”, “ona elə gəldi” kimi ifadələrdən qaçmalıdır. Xüsusilə, qədim dövrə aid mətnlərdə. Asan deyil, amma buna nail olmaq lazımdır. “Ona elə gəldi”ni sən qəhrəmanın üzünü, gözünü, hərəkətini təsvir edərək verməlisən. Bu qəhrəman fikrə gedir, yada salır keçmişini, təhtəlşüurunda gedən prosesləri anlamağa çalışır. Ona görə də o, hansısa qata enməyə məhkumdur. Bu, səkkizinci qata qədər gedib çıxır və düşünmüşəm ki, özümə də qəribə gəlib ki, mən oradan necə qayıtmışam? Baxıb görürəm ki, çox normal şəkildə qayıdış etmək mümkündür.
– Belə başa düşdüm ki, yaşadığınız bu dövrdən də məmnunsunuz.
– Çox istərdim ki, Cümhuriyyət dövründə də yaşayım, o iki ilin ləzzətini hiss edim. Bu, təbii ki, mümkün deyil. Amma indi müstəqil Azərbaycanda yaşamaqdan çox məmnunam.
– Əsərlərinizdə mistika xüsusi yer tutur. Maraqlıdır ki, Kamal Abdullanın həyatında mistika nə dərəcədə yer alır?
– Biz həyatımızda, əlbəttə ki, mistika adlı bir aləmlə qarşılaşmışıq, bu bizim uşaqlıq dövrümüzdür. Məsələn, anam mənə deyəndə ki, “a bala, az şuluq elə, az atıl-düş, balkon uçacaq”, mən elə bilirdim ki, balkonumuz, həqiqətən, qanad açıb uçacaq. Yəni o sözlərin içindən doğan metaforik mənalar, sözlərin özü ilə gətirdiyi mistika dolu poetizmlər uşaqlıq dövrünün məhsuludur. Mənə deyiləndə ki “ayağının altına bax, yıxılarsan”, mən əyilib ayağımın altına baxardım. Bizim həyətdə mənim bir qoca nənəm vardı, mən ona “nənə” deyirdim, bizim ailəyə yaxın adam idi. Adı Badam nənə idi. O mənə qəribə əhvalatlar danışardı, nağıllar danışardı, məni qorxudardı. Damdabaca ilə qorxudardı. Mən də damdabacadan çox heç nədən qorxmazdım, amma sonradan anladım ki, bu elə adi damda bacadır. Damın bacası olar da. Amma “damdabaca” sözü bir yerdə deyiləndə qorxulu bir şey idi.
Mənim “Əsgər Ağa və Gülçöhrə xanım” hekayəmdə qorxulu bir məqam var: “Adı özündən uzun olan Gülüqahqah xanım”. Sonradan özüm də özümə sual verdim ki, adı özündən uzun olan bu məxluq kim ola bilər? Bu hekayədə onun pəhlivanları, sehrbazları, əyan-əşrəfi var. Amma sonralar anladım ki, mən, əslində, özümdən xəbərsiz taxtabitidən yazmışam. Adı özündən uzun Gülüqahqah xanım bir taxtabiti, tarakan imiş. Uşaqlıqda Əsgər ağanı damdabaca ilə, Gülçöhrə xanımı da adı özündən uzun Gülüqahqah xanımla qorxudurmuşlar. Ona görə təəssüf ki, çoxumuz həmin uşaqlıq dövrünün mistikasını unuduruq, ona qayıda bilmirik, ya da ehtiyac duymuruq.
Mənə elə gəlir ki, o məqam, o ab-hava bizim həyatımızda bu gün də var, bizim təhtəlşüurumuzda biz böyüdükcə yenə də qalır.
– Uşaqlıq dövrünün saf mistikası hamıya bəllidir. Bəs Kamal Abdulla ömrünün uşaqlıqdan sonrakı dövrlərində mistika ilə qarşılaşmadı?
– Ola bilər, mən ona vəfasız çıxdım, mən onu heç axtarmadım ki, qarşılaşım. Həyatda qarşılaşdığım və sevdiyim adamların hamısı, elə bil ki, taleyin sənə bağışladığı bir sirr, mistikadır. Bunun arxasınca düşmədim, amma bunun təsirilə bəzi şeirlər yazdım. Çox zəif şeirlərdi. Həmin şeirləri məktəb illərindən bəhs edən “Tarixsiz gündəlik” adlı povestimə daxil etmişəm. Kimlərinsə bəyənəcəyi şeirləri sonradan yazdım. Əsl mistika həyatıma sonralar daxil oldu.
– Mən sizin şeirlərinizi də oxumuşam, bir şeirinizdə yazmısınız, “Sən çətin tapasan axtardığını, sən axtardığını itirməyiblər”. Mənə maraqlıdır ki, nə axtarırdınız?
– Mən nə axtardığımı bilsəydim, bəlkə, tapardım. Bəzən insan nə axtardığını bilmədən elə axtarışdadır, özü özüylə axtarışdadır. Dəbdəbəli çıxmasın, yəqin ki, özüm özümü axtarmışam. Məsələn, dost axtarmamışam, çünki dostlar həmişə mənim yanımda olublar, dostu çox olan adam olmuşam. Bəzilərini itirmişəm, Allah rəhmət eləsin. Bəziləri bu gün də yaşayırlar, mənim yanımdadırlar. Məsələn, Ramiz Rövşən mənim ən yaxın dostlarımdan biridir. O, ünsiyyəti üçün darıxdığım və son dərəcə can atdığım insanlardan biridir. Başqa insanlar da var. Nazim var, Muxtar var... Mən özümdən yaşlı adamlarla dostluq etməyi də bacarmışam, məsələn, Azad Mirzəcanzadə mənim yaxın dostum olub. O mənə öz dostluq münasibətini bağışlamışdı. Böyük alim Rafiq Əliyev var, onunla da biz dostuq, qardaşıq. Yəni yaşlı adamlarla dostluq eləmək daxili məsuliyyətimi artırır. Bunların ikisiylə də birgə kitabımız var, həm Azad müəllimlə birgə kitab yazdıq, həm Rafiq müəllimlə.
– Kamal müəllim, tənqid məsələlərinə keçək. Sizin romanlarınızın dili çox müzakirə olunur, ancaq hekayələrinizdə o dildən çox istifadə olunmur. Tənqidlər olur ki, Kamal Abdulla dili bilmir, Kamal Abdulla dilin belini qırır. Bu üslub məhsuludur, yoxsa başqa bir məqsədlə belə yazırsınız?
– Yenə mənə demək çətindir ki, bu üslubdur, yoxsa bilərəkdən qoyulan bir məqsəddir. Çünki roman yazanda sən hansısa ahəngin içinə girirsən. Əsas olan üslub yox, daha çox ahəng və intonasiyadır. Sən suyun dərinliyinə baş vurarkən nəfəsini dərindən alıb da girə bilərsən, elə-belə də girə bilərsən. Demək istədiyim budur ki, romanın içinə girəndə nəfəsi dərindən alıb girirsən. Çünki roman həcmcə böyük bir məkanı əhatə edir. Ona görə də sən o ahəngə, intonasiyaya girəndə eləcə də nəfəsin buna çatmalıdır.
Fikir versəniz, görərsiniz ki, “Yarımçıq əlyazma”da orta əsrlərin dili, Dədə Qorqudun dili və müasir dil bir-birindən fərqlidir. Şah İsmayılla bağlı yerlər mənim aləmimdə, təxminən, XVI və XVII əsrlərin Azərbaycan dilinin timsalıdır. “Dədə Qorqud” hissəsindəki dil abidənin dilinə yaxındır. Hətta bir dəfə bir türk alimi yazmışdı ki, Kamal Abdulla Dədə Qorqudun 13-cü boyunu tapıb çap edib və bu alim romanı Dədə Qorqudun 13-cü boyu kimi təhlil etmişdi. Biləndə ki, bu, bir romandır, rəngi ağarmışdı. Yəni bu qədim dillə mən o qədər eynilik yarada bilmişdim ki, o alim belə düşünə bilmişdi.
Sənin isə sualına bir az kəskin desəm, belə cavab verərdim ki, mənim bir cümləmin ağırlığına girə bilməyən adamlar məni dildə ittiham edirlər, bu onların vicdanının boynuna, özləri bilərlər, amma mən onlara həm də belə cavab verərdim: mən Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin potensialında yazıram. Bu nə deməkdir?! Bilirsinizmi, bir var hamımızın öyrəşdiyi Azərbaycan dili, bir də var, hər cümlənin özünün bir etalonu olur və eyni zamanda bu etalonun variantları olur. Variant olur ki, digər cümlə quruluşunun sərhədində durur. Bax, mənə o sərhəddəki variant, etalonun potensialı maraqlıdır. Məsələn, çox ağıllı adamlar bir dəfə dedilər ki, “Hamı səni sevənlər buradadır” nə deməkdir? Səni sevənlərin hamısı buradadır” - belə olmalıdır! Mənim Şah İsmayılla bağlı pyesimin adı belə idi.
Bəli, bu etalondur, amma onun variasiyaları var, formaları var. Bax bu, “Hamı səni sevənlər buradadır” variantlardan biridir. Burada dilin intonasiyası, dilin ahəngi, dilin rəngi görünür. Etalon rəngsizdir, burada isə hər şey var. Mənim yazımda bir adam mənə göstərə bilməz ki, sən bu cümləni pozmusan. Cümlənin on variantı varsa, onlara pozuntu kimi görünən haman variantlardan biridir.
– Ədəbiyyatın əsas funksiyalarından biri onun həm də məişət dilinə təsiridir.
– Bəli, mən yazdığım elə məişət insanlarının bir-biri ilə danışdıqları dildir.
– Bu dil televiziya, media, kitab vasitəsilə insanların dilinə də düşür, yəni kütləviləşir. Siz onda bir yazıçı kimi dili korlamış olmursunuz?
– Mənə elə gəlmir. Mənə elə gəlir ki, mən dilin rəngarəngliyini, şəhdi-şövqünü göstərirəm, Azərbaycan dili təkcə sovet dövrünün dili ütülü yazıçılarının dilindən ibarət deyil. Azərbaycan dili yelpazə kimi açıldıqda bir tovuz quşu kimi cürbəcür rəngləri bərq vuran dildir. Məsələnin başqa tərəfi də var. Dil öz-özündən məhv ola bilməz. Dili ayrı-ayrı adamlar korlaya bilməzlər. Olsa-olsa bu adamlar öz nitq mədəniyyətlərini təqdim edirlər, bütövlükdə mədəniyyətlərini göstərirlər. Dil və nitqin bir-birindən fərqli olmasını, nəhayət, anlamaq gərəkdir.
Dil insanın şüurunda bizdən xəbərsiz yaşayan bir dəyərdir. Dil şüur əlamətidir, xalqa məxsusdur. Nitq isə fərdə məxsusdur.
Bir dəfə mənə xəbər verdilər ki, bizim bir hörmətli deputatımız deyir ki, mən küçədə gedirdim, yanımdakı üç-dörd gənc rus dilində danışırdı, dilimiz əldən gedir. Jurnalistlər bu sualla üstümə gəldilər. Məni divara dirədilər. Nəhayət, cavab verəsi oldum. Dedim ki, əgər bir dil üç nəfərin küçədə rusca danışmağı ilə əldən gedəcəksə, o dil dünəndən əldən getsə, yaxşıdır. Bunun dilə dəxli yoxdur, bu, o həmin adamın öz mədəniyyətinin, nitqinin göstəricisidir.
Bakıda küçədə, evdə, hər yerdə ingilis dili də özünü göstərməlidir, rus dili də, ispan dili də. Dillə nitq, dediyim kimi, ayrı-ayrı dəyərlərdir. Bunun dilə dəxli yoxdur. Bu, insanın özünün nitq mədəniyyətinin, başqa cür desək, ümumi mədəniyyətinin göstəricisidir.
– Son ərəfələrdə Azərbaycan dilinin Türkiyə türkcəsiylə dəyişdirilməsi haqqında ədəbi mühitdə müzakirələr getdi. Sizin bu məsələyə münasibətiniz necədir?
– Azərbaycan dili Azərbaycan dili, türk dili isə türk dilidir. Bunlar bir ailəyə mənsub dillərdir, qohum dillərdir, amma qohum dillər olsa da, sən əmin oğlundan da fərqlənirsən, öz qardaşından da fərqlənirsən, düzdürmü? Biz uzun müddət Türkiyədən kənarda qalmışıq. Bizim dilimiz bir istiqamətdə inkişafını davam etdirib, türk dili başqa istiqamətdə. Bu dil qədim dövrdə eyni olub, məsələn, Dədə Qorqudun dili ikimiz üçün də eynidir. Hətta, bəlkə, başqa türk xalqları üçün də eynidir. Hər bir dil özü özlüyündə gözəldir. Mən təsəvvür edə bilmirəm ki, bunların hamısını bir yerdə necə birləşdirmək olar?! Bəli, orası da var ki, elə etmək lazımdır ki, bizim get-gəlimiz, bizim mədəni, iqtisadi, siyasi münasibətlərimiz elə olmalıdır ki, biz elə bilək ki, biz birik. Bütün Avropa ağıllı şəkildə buna doğru gedir. Sən özünü Almaniyada olarkən Fransadakı kimi hiss edirsən, Fransada İtaliyada olduğun kimi hiss edirsən.
Bəli, türk dilləri ailəsi var. Amma bu gün kimlərsə Azərbaycan dili Türkiyədəki türk dilinin eynidir deyirsə və hansısa təkliflər irəli sürürsə, mən bunu deyə bilmərəm.
– Müasir yazarların əksəriyyəti Azərbaycan dilinin kasadlığından şikayətlənir.
– Onlar daha çox öz mütaliə dərəcələrinin kasadlığından şikayətlənsinlər. Dilin dərinliyinə və genişliyinə baş vura bilməmələrindən rahatsız olsunlar. Azərbaycan dilinin şəhdi-şövqünü yaradan insanlar olub. Onu bacarıb ifadə edən yazıçılarımız olub. Mirzə Cəlil, Əbdürrəhim bəy, Üzeyir bəy olub. Hər bir dil həm zəngindir, həm də bəsitdir. Dədə Qorqudun dili necə bir dildir? Mən hesab edirəm ki, çox sadə və bəsitdir, amma eyni zamanda bu bəsitliyin klassik ölməz bir “qədd tutması” var. Qazi Bürhanəddinin dilində belə bir ifadə var: qədd tutmaq. Elə durmaq ki, kişi kimi ləyaqətlə qədd tutmuş olasan. Qorqudun dili qədd tutub, amma çox sadə dildir. Dədə Qorqudda hissiyyata getməyin yeri yoxdur. Mən “Yarımçıq əlyazmada” çalışmışam ki, başqalarının necə düşünəcəyini təsvirdən qaçım. Orada düşüncəyə yer varsa, bu, yeni qəhrəman tipinin yaranması deməkdir. Məhz bu zaman ədəbiyyatda yeni qəhrəman, düşünən insan yaranır, psixoloji sarsıntı keçirən insan tipi üzə çıxır. Məsələn, Beyrək belə birisidir. O həm sədaqətli, həm cəsarətli, həm də hiyləgərdir. Bu, psixoloji mürəkkəblikdir. Amma aşkar yox, gizli mürəkkəblikdir.
Mən Dədə Qorqudda əsl psixoloji sarsıntı keçirən bir obraz tanıyıram, o da Təpəgözdür. Basata olan etirafında o nə deyir? Deyir ki, mən adam əti yeməyimə görə, adamları öldürdüyümə görə istəyirdim, Sallaxana qayasından özümü atım və öldürüm. Dastanımızın bütün digər qəhrəmanları yekrəng, sadə psixoloji tutuma malikdirlər.
– Ötən gün Aqşin Yeniseyin bir yazısını oxudum, orada amerikalı ədəbiyyatşünas Frederik Ceymsonun fikirlərindən yola çıxaraq deyir ki, üçüncü dünya ölkələri heç vaxt böyük ədəbiyyat yarada bilməz, yarada bilməyəcəklər, çünki onlar daha çox milli problemləri ilə əlləşirlər. Siz nə cür düşünürsünüz? Üçüncü dünya ölkələrindən biri kimi böyük ədəbiyyat yarada bilmişikmi, ya da yarada biləcəyikmi?
– Mən bu suala cavab vermək istəməzdim.
– O zaman belə soruşum: ümumiyyətlə, Azərbaycan ədəbiyyatında böyük ədəbiyyat yaranıbmı, yaranacaqmı?
– Biz hər şeydən əvvəl özümüzə belə bir sual verməliyik ki, böyük ədəbiyyat nə deməkdir? Dünyada müxtəlif ölkələrdə yaşayan insanların yaratdığı ədəbiyyat çox zaman öz vaxtında böyük ədəbiyyat sayılmayıb, bir az sonra sayılıb. Yəni böyük ədəbiyyatın kriteriyaları nədir? Mən həmişə bu sözü deyirəm ki, ümumiyyətlə, qiymət verməkdə sən gərək deməyəsən ki, bu əsər yaxşıdır, ya pisdir. Bu əsər böyükdür, yaxud kiçikdir. Sən gərək mədəniyyət çərçivəsində deyəsən ki, bu mənim yazıçımdır, ya mənim yazıçım deyil.
Bu kriteriyadan yanaşanda həm sən qarşıdakına hörmət edirsən, həm öz oxucuna hörmət edirsən, həm də özünü göstərirsən ki, sən də adamsan.
Suala qayıtsam, kiçik xalqların da böyük ədəbi nümunələri ola bilər. Elə bircə Çingiz Aytmatovu göstərmək yetər.
– Kamal müəllim, siz bizim məmur yazıçılarımızdan birisiniz...
– Yazıçı ruhən məmur olmur axı (cümləmi tamamlamağa icazə vermir). Niyə siz o saat bir yarlıq vurursunuz? Yazıçı yazıçıdır. Höte saray vəziri olub, Nizami sifarişlə yazıb. Hamı hansısa vəzifəni daşıyıb.
– Sualım başqa məcraya yönlənəcəkdi (gülürəm). Sizin bəlli bir vəzifəniz olub və illər boyudur vəzifədəsiniz, amma məhsuldarlığınızı da itirmirsiniz. Bunun səbəbi nə ola bilər?
– Mənim həyatda çox müəllimim olub. Hətta bəzən tələbəm olub ki, ondan öyrənmişəm. Bu o demək deyil ki, tələbəm mənə dərs deyib. Mən onun reaksiyasından öyrənmişəm. Mənim həm auditoriyada, həm də evdə gözəl müəllimlərim olub. Məsələn, ictimaiyyətimizin yaxşı tanıdığı Yəhya Məmmədov vardı. Gözəl dilçimiz Ağamusa Axundov vardı, onlar mənim həm qohumum olublar, həm müəllimim.
Yəhya müəllimin gözəl bir sözü vardı, deyərdi, adam gərək vəzifəni axtarmasın, gərək vəzifə adamı axtarsın.
Mən bu sözləri həmişə qulağımda sırğa eləmişəm. Mən heç vaxt vəzifə axtarmamışam, hansı vəzifəyə irəli çəkilmişəmsə, mənim planlaşdırmadığım şəkildə olub. Ulu öndər Heydər Əliyev məni Slavyan Universitetinə rektor təyin edəndə də belə olub. Azərbaycan Prezidenti İlham Əliyev qiymət verib məni dövlət müşaviri təyin edəndə də belə olub. Mənim xəbərim olmadan mənim işimə qiymət verib ediblər.
Bu gün əgər mən həm romanımı yaza bilirəm, həm də universitetimiz QS kimi ciddi beynəlxalq təşkilatın reytinqində 1650 universitet sırasında 300-cü yerə çıxırsa, özünüz təsəvvür edin ki, bunlar necə ola bilir?
– Bəlkə, vaxtınızı yaxşı bölə bilirsiniz? Xüsusi bir iş, yazı rejiminiz var?
– Mən vaxtı özüm bölmürəm. Hekayə yazılmağa gələndə, heç nə onun qabağında dura bilmir. Roman əhvalı gələndə mən gecə də beynimdə onunla əlləşirəm, səhər duranda da, yuxunun özünün içində də. Ona görə də yazı prosesinin özü mənim üçün son dərəcə asan və sadədir.
– Bizim müəlliflər, şairlər niyə böyük beynəlxalq mükafatlar ala bilmirlər?
– Mən dəfələrlə demişəm, bu gün də deyirəm ki, ay gənc, ay yazar, ay ədəbiyyat adamı, sənin fitri istedadın var. Bu fitri istedadın arxasında dünya mədəniyyəti bilgisi durmalıdır. Azərbaycan ədəbiyyatı bilgisi durmalıdır və hökmən ingilis dili, rus dili durmalıdır. Bunları öyrənmək lazımdır. Ona görə də zamanında Yaradıcılıq fakültəsini yaratdıq.
Mənim yazdıqlarım bu gün Almaniyada, İtaliyada, Amerikada, Rusiyada və əlbəttə ki, Türkiyədə çap edilir. Nəşriyyat və tərcüməçilərlə münasibətim var.
Mən tanıdığım adamlara vaxtilə dedim, gəlin sizə həmin münasibət xətlərini verim, gedin siz də yararlanın. Gələn olmadı. Bilmirəm, niyə. Bəlkə də, özlərinə inam və əsassız iddiaları buraların sərhədinə qədərdi?! Amma gələcəkdə indi yaxşı tanımadığımız və qiymət vermədiyimiz o gənclər o mükafatları buraya gətirəcəklər.
– Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatını müqayisə edəndə hansı mənzərə ortaya çıxır?
– Bu sualı bir dəfə mənə, təxminən, 35 il bundan əvvəl bir jurnalist vermişdi. Yaponiya səfərindən sonra o soruşdu ki, Yaponiya ilə bizi müqayisə etsəniz, biz haradayıq? Dedim, biz Yaponiyadan nə arxadayıq, nə qabaqda. Biz başqa-başqa qalaktikalardayıq.
– Müasir ədəbiyyatımız haqqında nə düşünürsünüz?
– Mən indi saytlar vasitəsilə onunla tanış oluram. Xüsusilə də, sənin rəhbərlik etdiyin saytdan, “Ədəbiyyat” qəzetindən, “525-ci qəzet”dən. Bu gün bizim gənclərimiz hansısa xarici bir yazıçının adını əzbər deməyi sevirlər. Onlara oxşamağa çalışmaq elə də pis deyil. Bu yol ilə o gənclər axırda özlərini tapacaqlar, düşünürəm.
– Kamal müəllim, siz və sizin nəsildaşlarınız bir sıra yeniliklər etdiniz, romançılığımızda yaxşı nümunələr ortaya çıxdı. İndi elə hiss olunur ki, axsamalar var, səbəb nə ola bilər?
– Əsasən, özündən müştəbehlik! Başqasından bəhrələndiyini gizlətməyə çalışmaq. Mən bilirəm ki, “Yarımçıq əlyazma” nə qədər adamın ilham mənbəyi oldu... Bunu aşkar etiraf edənlər də oldu. Qarayaxanlar da. Amma mən bilirəm axı, bu romanın çalarları hansı bağlı daxıllardan çıxır...
– Azərbaycan ədəbiyyatının hansı dövrü sizin üçün qızıl dövrdür?
– Əlbəttə ki, XX əsrin əvvəli.
– Siz həm də “Xalq yazıçısı” fəxri adını daşıyırsınız. Dünyada bu cür fəxri adlar artıq ya yoxdur, ya da əhəmiyyətini itirib. Bəs sizin üçün bu ad nə deməkdir?
– Bu ad mənə başqalarının göstərdiyi hörmət və etimadın bir nümunəsidir. Mən böyük fəxrlə bu adı daşıyıram. Yəni mən heç təsəvvür eləməzdim ki, nə zamansa Xalq yazıçısı olaram. Düzdür, bu cür adlar dünyanın heç bir yerində yoxdur. Azərbaycan çərçivəsində bu adı daşımaq qürürverici və məsuliyyətlidir.
– “Kitabi-Dədə Qorqud”la bağlı Rafiq Əliyevlə kitabınız çap olundu, bu kitab yazıçılar üçündür, yoxsa filoloqlar üçün?
– Bu kitab informasiya nəzəriyyəçiləri və filoloqlar üçündür. Rafiq müəllimlə ortaq fikirlərimizi bir yerə gətirdik və belə bir kitab ortaya çıxdı. Dədə Qorqud hissəsi informasiya nəzəriyyəçiləri üçündür, informasiya nəzəriyyəçilərinin ideyaları filoloqlar üçündür. Bu kitabın belə bir ikili funksiyası var.
– Son olaraq bir sualım da var. Bu gün siz nə cür mətn yazmaq istərdiniz?
– Elə bir mətn ki, əvvəldən axıra qədər oxunanların mənası axırdan əvvələ qədər oxunanların mənasına bərabər olsun.
– Mümkündürmü belə güzgülü mətn?
– Xeyr, mümkün deyil.
– Bəs o zaman?
– Mən həmişə mümkün olmayana can atmışam. Mümkün olanı o birilər onsuz da yazırlar.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)
Bəs necə olacaq? - Bu il Mədəniyyət Nazirliyi kitabxanalar üçün kitab almayacaq
Adətən kitabxanalara kitablar Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən kitab kollektoru vasitəsilə alınır. Amma bu il nazirlik kitab almayacaq. Onsuz da kitab bazarı kasad olan ölkəmizdə az da olsa, dövlət satınalması yazıçıların tələbatlarını ödəyirdi. Bəs indi necə olacaq? Deməli, müstəqil əməliyyatlar keçirmək səlahiyyətləri olan kitabxanalar bu il özləri öz fondları üçün kitab alacaqlar. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası kimi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər tutanda ki, Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir, daha ətraflı məlumat almaq və oxucularıyla bölüşmək təşəbbüsündə bulundu. Beləliklə, müsabiqənin şərtlərinin yazarlar üçün, nəşriyyatlar üçün, ümumən kitabsevərlər üçün maraqlı olacağını düşünərək sizlərə təqdim edirik.
Öncə ondan başlayaq ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.
Şərtlər:
1.
Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.
2.
İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.
3.
Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.
4.
Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.
Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.
5.
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
6.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.
7.
Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.
8.
Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.
Satınalınma qaydaları:
1.
Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.
2.
Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır.
3.
Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.
4.
İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.
5.
Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.
Beləliklə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gözəl bir təşəbbüs irəli sürüb. Alqışlanmağa layiq bu təşəbbüs oxuculara məhz arzuladıqları, populyar, maraqlı kitabları oxumaq imkanı yaradacaq.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)