Super User
Uğurqazanma şərtlərində marketinq planının rolu əsasdır
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Uğur şərtləri barədə danışmaqda davam edirik.
Marketinq planı
Potensial müştərilərin real müştərilərə çevrilməsi üçün kiçik müəssisə marketinq planına malik olmalıdır. Bu plan müştərilərin sizin məhsulu niyə alacaqlarını əks etdirməlidir.
Siz burada marketinq planınızın əsas elementlərini düşünüb hazırlamalı və potensial partnyor və ya investorlara izah etməlisiniz: qiymətqoyma, əmtəənin yayım sxemi, reklam, satışı stimullaşdırma metodları, satışardı müşayiətin təşkili, imicin formalaşması.
Bəs əmtəəyə necə düzgün qiymət qoymalı? Əsas prinsiplər bunlardır:
· Əmtəənin qiyməti maya dəyərindən yüksək olmalıdır;
· Qiymət bazar imkanları ilə müəyyənləşir;
· Qiymət maksimal gəliri təmin etməlidir (vahid məhsula görə deyil, hər hansı zaman kəsiyinə görə).
İnsan kimi istənilən əmtəə də bazarda öz həyatını yaşayır: gənclik, yetkinlik, qocalma və ölum. Bu mərhələlərin hər birində də qiymətqoyma məsələləri özünəməxsus qaydada həll edilir.
Məsələn, əmtəə cavan olanda ona olan tələbatı qiymət vasitəsilə stimullaşdırmaq lazımdır. Burada qiymətlərin müvəqqəti olaraq uzlaşdırma strategiyası özünü doğruldur. Əmtəə yetkinlik dövrünə çatdıqda və ona olan tələbat formalaşdıqda məsələ başqa cür olur. Bu zaman ilkin əmtəənin modifikasiyalarının qiymətlərində bacarıqla manevr edərək ən yüksək gəlir əldə etmək məqsədilə onları bir qədər qaldırmaqla satış həcminin artımını stimullaşdırmaq olar. Əmtəə köhnəlməyə başlayanda isə ona tələbat düşdüyündən, onun həyatını qiymətləri kəskin aşağı salmaqla uzatmaq olar (məsələn, mikrokalkulyatorların belə qiymət düşümü onların satış həcmində kəskin sıçrayışa və istehsalçıların gəlir kütləsinin artımına gətirdi, çünki yeni qiymətlə bu əmtəə hər bir məktəbli üçün əlçatan olmuşdu).
Satışın stimullaşdırılması kampaniyası planlaşdırılarkən dörd faktora xüsusi diqqət yetirmək lazımdır:
· Potensial müştəriləri tapmaq;
· Onları maraqlandırmaq və stimullaşdırmaq;
· Onların tələbatlarını təmin etmək;
· Satmaq.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Ağaclarla söhbət edən şair
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Etibar Əbilovun şair Vaqif Bayatlı Odərə həsr etdiyi yazısını təqdim edir
Böyük şair Vaqif Bayatlı Odərin şeirlərinı dərk etməyə çətinlik cəkirəm. Ona görə yox ki, onun şeirləri anlaşılmazdır, əksinə, onun qadər aydın yazan şairlər indi az qala barmaq hesabıdır. Sadəcə olaraq bu şeirlərlə ruhən bağlantı qurmaq çətindir və bu ruhi bağlantını şeirlər özləri tələb edirlər.
Vaqifin şeirlənin alt qatı çox safdır, təmizdir. Şeirlərdəki fikirlər, məna tamam başqa, müqəddəs, ali bir aləmin ab-havasını daşıyır özündə. Biz o dünyaya vaqif deyilik, düzdür, bəzən o aləmi qismən hiss edə bilirik, amma çox az qismini. Yəni o aləmlə tam rabitə yarada bilmirik.
Günahlardan arınmayan insan Vaqifin şeirlərini tam başa düşə bilməz. Vaqif özü də cismən bu dünyanın adamlarına bənzəmir. Mən onun ağaclarla söhbət etdiyinin çanlı şahidiyəm. Bir parkda, sübh vaxtı özü ilə söhbət etdiyini də görmüşəm. Yaxud da elə həmin parkda bir fidan çiçəyin qarşısında əyilib bir saata yaxın həmin çiçəyi dinlədiyini (bəli məhz dinlədiyini) də ğörmüşəm. Və onun bu mübhəm söhbətləri mənə o qədər təbii gəlib ki...
Ən əsası isə müşahidələrim nəticəsində onu da bilmişəm ki, söhbət etdiyi ağac da onunla söhbət edir. Və yaxud hiss etmişəm ki, o özü-özü ilə yox, bəlkə də öz ruhu ilə söhbət edir. Və yaxud həmin fidan çicək ona gül dilində ətir dolu misralar pıçıldayır. Məhz buna görə Vaqif Bayatlı özü də şeirləri qədər safdır, təmizdir... Günaha batmış dünyamızda Vaqaf kimi bir insanın yazdığı şeirləri tam anlamaq mənim üçün bu mənada cətindir...
Amma gül ətirli, təmiz ruhlu bu şeirləri sevməmək də mümkünsüz... çünki o təmiz ruhdan, gül ətrindən mənim mənəviyyatıma da müəyyən qədər pay düşür...
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Qısa fikirlər xəzinəsində Martin Haydegger
“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Martin Haydeggerin fikirlərini çatdıracaq.
***
Düşünmək – varlığı şükranla yad etməkdir.
***
Nitsşenin “Səhra böyüyür” sözü... düşünülmüş bir söz,.. həqiqi sözdür... Günümüzün, bəlkə, üzərində ən çox düşünülən sözüdür...
***
Gözəllik həqiqətin alın yazısıdır…
***
Bizi qurtarsa, bir Tanrı qurtara bilər.
***
Ömrüm boyu gözlədim ki, biri gələcək və mən də onunla dərin-dərin söhbətə başlayacağam. Amma o gəlmədi.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Səddam Laçından yeni kitab gəldi
Gənc şair Səddam Laçının “Səndən gözəl olmasın” adlı şeirlər kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab “Qanun” nəşriyyatında, cildində kitabın leytmotivinin bir bəndlik izahı ilə çap olunub:
Mən səni neynirəm ki.
Sən olsan da sevirəm, olmasan da sevirəm.
Ey dodağı yasəmən, yanaqları qızılgül,
Qorxma, payız gələndə
Sən solsan da sevirəm, solmasan da sevirəm.
İstedadlı gənc şairin kitabının işıq üzü görməsinə reaksiyası isə bu cürdür: “İndiki şəraitdə quru maaşa işləyən Azərbaycan gəncinin şeir kitabı çıxartmaq xülyası başlı-başına dəlilikdir. Heç mən də xəyallarımdan əl çəkəcək qədər ağıllı deyiləm.
Vətənə, millətə xeyirli olsun!”
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
“Bas gözlərinin bağrına məni” - Ağrın Paşa
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında ən yaxşı şeir seçmələrini sizin diqqətinizə çatdırırıq.
Sırada hələ ki Arğın Paşadır. O, “İnqilab qoxusu”ndan danışacaq.
İNQİLAB QOXUSU
İnqilab qoxusu gəlir;
İntihar edir dodaqlarım
Yaxınlaş mənə.
Eheeeey gözləri poeziya xiyabanı,
Muğanda qora pişirən ay;
Təbrizdə titrəyən ərk
Şuşada həsrət...
Gözlərin ıslaq son baharın öpülməmiş dodağı;
Gözlərin alça bağı.
Gözlərin bir qızıl almanı ikiyə bölmüş Araz,
Yaxınlaş mənə biraz.
Gözlərin yazarlar birliyinin sədri.
Kamaləddin kamyunun "qürbət" şeiri
Şuta Yataşuylinin "daranmış saçları"
Nəzar Qəbbaninin "yüz sevgi məktubu"-dur gözlərin.
Mayakovskinin "şalvarlı bulud"-u,
Gözlərin Nəsimi,
Nazim Hikmətin asılma xəbəri;
Nüsrət Kəsəmənlinin şah əsəri:
"Məndən əsirgəmə o gözlərini..."
Gözlərin Müşfiqin tutqun tarıdır,
Arzularıdır Əhməd Cavadın.
Sökük Oxtaydır,
Oxa tay;
Toxtayıram tikiləndə dənizinə...
Gözlərin sürgün Sahirin azadlıq şeiri,
İlahiləşən Nadir
Qarşında çalınan darıxma sazlar
Qəzəllərə sığmayan darıxmalar...
Nisgilli bayatılar...
Qoşmalar...
Sərbəst çiçək toplusu.
Gözlərin uduzma qorxusu!
Baxırsan;
Dili tutulur gözlərimin,
Ağzı bağlanır dilimin!
Düşünmür düşüncəm
Helen Kelerlənirəm...
Gözlərin şeir ocağıdır;
Yandırırsan,
Yaxırsan,
Baxırsan, şair oluram.
Gözlərin, dilimdə yazılan bütün divanlar.
Gözlərində ədəbi yatıram, ədəbiyyat öyrənirəm
Baxışın kölgəsində.
Dağıdırsan qalibləri
Sərhədlər itir
İt olur Hitler
Səddam itilir
Gözlərin Əbdülmalikin pakistan torpağında
Qurşun çağıdır;
Sükut çəkir içimə!..
Bas gözlərinin bağrına məni
Gözlərin candır
Güneydə susuz urmu gölündən küsən durnalar...
Quzeydə sürgün düşən torpaqlar;
Gözlərin ölkəmdəki dağlar.
Gəl!
Gəlişini düşünürəm;
Sinəm su səpir baxışlarına bağlanan küçələrə.
Baxırsan;
72 hava gəlir başıma
"Ayaq cəlili" gəlirsən açıq kökdə;
Baş kökdə "baş müxəmməs"
"Paşa köçür" gözlərində...
Gözlərində bitir yaşam
Yaşam gözlərində
Buraxma məni.
Gözəllərini qısqanıram
Eheeeeey... Qız, qan!
Qısqanıram şeirimdə gözlərini.
Gözlərinlə şirindir yaşam
Şirinəm;
Bahar baxışlım,
Fəsillərə son qoymuş yaz;
Yaxınlat
Yaxınlat dodaqlarıma gözlərini biraz...
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
Həm rejissorluq etdi, həm obraz canlandırdı
Səməd Vurğun adına Rus Dram Teatrı “Rusiyada görüşlər - Baltiya evi” festivalında çıxış edib
Rusiyanın şimal paytaztı Sankt-Peterburqda
“Rusiyada görüşlər - Baltiya evi” adlı XXV beynəlxalq teatr festivalı davam edir. Özü də Azərbaycanın təmsilçiliyi ilə.
Ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları festivalın tamaşaçılarına M.Lermontovun "Maskarad" əsəri əsasında tamaşa təqdim ediblər. Rejissoru Aleksandr Şarovski olan bu tamaşa rəğbətlə qarşılanıb. Xatırladaq ki, "Maskarad" əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə tamaşaya qoyulan əsərdir. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Aleksandr Şarovski tamaşanın rejissoru olmaqla yanaşı, bu tamaşada Arbenin obrazını canlandırıb.
“Ədəbiyyat və incəsənət” portalı festivalın rəsmi internet saytına istinadən xəbər verir ki, aprelin 7-də açılan və aprelin 16-dək davam edəcək builki festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdən aparıcı kollektivlər iştirak edirlər.
Festival çərçivəsində çərşənbə axşamı Rus teatrı xaricdə rus mədəniyyəti institutu kimi” adlı IV Beynəlxalq konfrans keçirilib.
Tədbirdə MDB ölkələrindən rus teatrlarının bədii rəhbərləri və baş rejissorları iştirak ediblər.
Festival həm ən yaxşı tamaşaları təqdim edir, həm də rusdilli teatr incəsənətinin aktual məsələlərinin müzakirəsi üçün peşəkar diskussiya məkanıdır.
Bundan başqa, tamaşaların müzakirələri, ustad dərsləri, yaradıcılıq görüşləri planlaşdırılıb. Tədbirin yubileyi ərəfəsində “İyirmi beş il birlikdə” adlı MDB dövlətlərinin rus teatrlarının tamaşalarının fotosərgisi açılacaq, iştirakçı teatrların iyirmi beş il ərzində yaratdıqları ən maraqlı quruluşlar barədə məlumat veriləcək.
O ki qaldı bizimkilərə, tamaşadan dərhal sonra teatrın kollektivi mətbuat konfransı keçirib. Konfransda Rus Dram Teatrının bədii rəhbəri və baş rejissoru, xalq artisti Aleksandr Şarovski 95 illik sənət tarixçəsi olan Azərbaycan Dövlət Rus Dram Teatrı haqqında Sankt-Peterburqun teatr ictimaiyyətinə ətraflı məlumat verib.
Bu gün Fazil İskəndər adına Suxumi dövlət teatrının “Sofiçka” tamaşası nümayiş olunacaq. Sevgi süjeti üzərindən kişiliyə, insanlığa, xeyirxahlığa diqqət yönəldən “Sofiçka” romanı Fazil İskəndərin ən gözəl romanıdır.
“Ədəbiyyat və incəsənət” portalı sizlərə xatırladır ki, “Rusiyada görüşlər - Baltiya evi” festivalı 1991-ci ildən keçirilir. Müstəqil Rusiya tarixində ilk hər iı keçirilən beynəlxalq teatr festivalı hesab olunur.
Bu festivalda Rimas Timinas, Lyuk Perseval, Kristian Lüpa, Robert Sturua, Yeji Yarotski, Kama Ginkas kimi Avropa teatr rejissorluğunun ünlü nümayəndələri iştirak ediblər.
Ukraynaya təcavüzkar müharibəsinə görə boykot olunması səbəbindən bu il festivala yalnız MDB məkanından qatılıblar.
Şəkillərdə: A.Şarovski; Tamaşadan səhnə
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
ADA Universitetində UNESCO üzrə Milli Komissiyaların baş katibləri üçün ikincisi təlim proqramı yekunlaşıb
Aprelin 12-də ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə keçirilən təlim proqramı yekunlaşıb. İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilən təlim Benin, Niger, Toqo, Burkina-Faso, Qvineya, Qabon, Cibuti, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineyanın UNESCO üzrə milli komissiyalarının baş katiblərini bir araya gətirib.
ADA Universitetindən AzərTAC-a bildirilib ki, təlim proqramının bu gün baş tutan bağlanış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və onun müşaviri Aygün Hacıyeva, həmçinin Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev iştirakçılara sertifikatlar təqdim ediblər.
Aygün Hacıyeva proqramın yekununa dair təqdimatla çıxış edərək bildirib ki, dövlət qurumlarından dəvət edilmiş yüksək səlahiyyətli qonaq çıxışçılar və ADA Universitetinin professor-müəllim heyətinin mühazirələri vasitəsilə Afrikalı diplomatlar ölkəmiz barədə dərin biliklərə yiyələndilər.
“Bu proqram Azərbaycanla Afrika ölkələri arasındakı dostluğun, əməkdaşlığın inkişafına fayda verir”, - deyən prorektor İsmayılzadə iştirakçıların təmsil etdikləri regionla ölkəmiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev Afrikanı təmsil edən iştirakçılara regionlarımız arasındakı uzun məsafəyə baxmayaraq proqrama qatıldıqlarına görə minnətdarlığını ifadə edib: “Əminik ki, təlim proqramı ilə bağlı təəssüratlarınızı UNESCO Katibliyi və digər Afrika ölkələrindən olan həmkarlarınız ilə bölüşəcəksiniz”.
Qeyd edək ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi olduğundan iştirakçılar ölkəmizin mədəni irsi, tarixi, regiondakı mövqeyilə bağlı hərtərəfli məlumat əldə etmək üçün bir sıra dövlət qurumlarında nazirlərin iştirakı ilə keçirilən görüşlərdə olublar, paytaxtdakı müxtəlif tarixi yerləri və muzeyləri, eləcə də mədəniyyət paytaxtımız Şuşanı ziyarət ediblər.
Proqram çərçivəsində aprelin 4-ü Xarici işlər naziri Ceyhun Bayramovla görüşən iştirakçılar UNESCO çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri müzakirə ediblər.
Aprelin 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin sədr müavini Sevinc Fətəliyeva ilə görüşən baş katiblər Azərbaycan parlamentinin tərkibi, strukturu və fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.
Aprelin 10-da elm və təhsil naziri Emin Əmrullayevlə görüşən iştirakçılar Azərbaycanın təhsilin bütün pillələri üzrə əlçatanlıq və keyfiyyətin təmin olunması istiqamətindəki təcrübəsi barədə məlumatlandırılıblar.
Təlim proqramının bağlanış mərasimində proqram iştirakçıları adından Kot d'İvuarın UNESCO üzrə Milli Komissiyasının baş katibi N'Golo Aboudou ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının Milli Komissiyasının prezidenti Ceyhun Bayramova sözügedən proqramın təşkilinə görə dərin təşəkkürlərini ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(13.04.2023)
“Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu başa çatıb
Xəbər verdiyimiz kimi, Azər Paşa Nemətovun vəfatı ilə bir gün ertələnərək dünən açılan “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu bu gün başa çatıb.
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə reallaşan Forum iki gün davam edib.
Forumda "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", "Marketinq və reklam strategiyası", "Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri", “Prodüser institutunun milli teatr məkanında tətbiqi", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu", “Teatrın aktual məsələlərin effektiv təbliğat platforması kimi rolu”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı, region teatrlarında kadr potensialı” mövzuları ətrafında müzakirələr aparılıb.
Sonda sual-cavab sessiyası təşkil edilib.
Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
Şuşanın mehi Özbəkistanda necə əsdi
Son günlər Özbəkistanla daha sıx yaxınlaşırıq. Bu, mədəniyyət sahəsində özünü daha qabarıq büruzə verir.
Şuşa şəhərinin türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda "Şuşa günləri"nin rəsmi açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən aldığı məlumata görə, mərkəzdə keçirilən mərasimdə Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəni Meros Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkəndə akkreditə olunmuş türk dövlətlərinin səfirləri, dövlət və hökumət nümayəndələri, çoxsaylı mötəbər qonaqlar, media nümayəndələri iştirak ediblər.
"Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına, həmçinin “Şəhidlər və Zəfər” abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində qonaqlara “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim edilib.
Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri” silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtının azad olunduğunu, Prezident İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verildiyini söyləyib. Diplomat bununla da Şuşanın yalnız Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtına çevrildiyini vurğulayıb.
Sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olduğunu vurğulayaraq, onun uzun müddət erməni işğalı altında qalmasını, şəhərin dağıdıldığını və tarixi abidələrin məhv edildiyini bildirib. O, Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərini və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa günləri”nin açılış mərasiminin keçirilməsini böyük hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi Fond tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa günləri”nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirin Özbəkistanda keçirildiyini vurğulayıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, şəhərin musiqimizin, muğamımızın, poeziyamızın beşiyi olduğunu vurğulayaraq, onun zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib. Fondun prezidenti Qarabağ xanlığının mərkəzi və qala şəhəri olan Şuşanın çoxsaylı Azərbaycan ədibləri, bəstəkarları və mütəfəkkirlərinin vətəni olduğunu və özünün çoxsaylı, unikal abidələri ilə məşhur olduğunu qeyd edib. “Şuşa günləri”nin keçirilməsini ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsi, türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirib.
Konfransda çıxış edən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ölkələrimiz arasında son illərdə daha da inkişaf edən siyasi əlaqələr haqqında danışaraq, iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələri xüsusi qeyd edib.
Nazir Özbəkistanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə keçirilən “Şuşa günləri” tədbirlərini yüksək qiymətləndirib, bu hadisənin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də vacib və əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Ozodbek Nazarbekov Şuşanı Azərbaycanın ürəyi adlandırıb, şəhər haqqında maraqlandığını və şəhərin zəngin mədəni irsinin onu heyrətə gətirdiyini vurğulayıb. O, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını bütün qardaş türk dövlətləri üçün fəxr mənbəyi və qürurlu hadisə olduğunu söyləyib.
Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er və Özbəkistanın Mədəni Meros Agentliyinin direktoru Baxodir Abdukarımov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu layihənin Türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyiblər. Onlar yüksək memarlıq və şəhərsalma sənətinə malik, tarixi Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevirdiyini qeyd edərək, Şuşanın Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşmasının mühüm tarixi və mədəni hadisə olduğunu vurğulayıblar.
Daha sonra tədbir iştirakçıları Xurşidbanu Natəvan haqqında sənədli filmi izləyiblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə hazırlanmış sənədli filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılığına dair, həm sənədli, həm də bədii səhnələr yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın Xalq artisti Mehriban Zəki çəkilib.
Tədbirin bədii hissəsində Özbəkistanın Xalq artisti, “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları, muğamlar səsləndirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı və dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutub.
Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim olunub.
Şəkildə: Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılığına dair çəkilən filmin ssenari müəllifi Ülviyyə Heydərova açılış mərasimində.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)
Çingiz Fərzəliyevin sərgisi Azərbaycan – Gürcüstan mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu sübut edir
Tbilisidə Azərbaycanın Əməkdar Mədəniyyət xadimi Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılışı ölkələrimiz arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
AzərTAC xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq mədəniyyət naziri, akademik, Azərbaycan-Gürcüstan Mədəniyyətlərarası Dialoq Assosiasiyasının prezidenti Valeri Asatiani aprelin 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi ilə əlaqədar mətbuat konfransında söyləyib.
O deyib ki, bu günlərdə Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri və Qəbələdə Prezident İlham Əliyevlə görüşü, tarixi, mədəni abidlərlə tanışlığı, orada söylənilən fikirlər bizə mədəni əlaqələrimizi daha da genişləndirmək və möhkəmləndirmək üçün yaxşı imkan yaradıb.
Düşünürəm ki, Tbilisidə Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərginin açılması mədəni əlaqələrimizin necə yüksək səviyyədə olduğunu sübut edir.
V.Asatiani deyib ki, Ç.Fərzəliyev Gürcüstanın yaxın dostudur və bu gün çox az adam tapılar ki, bu böyük sənətkarı tanımasın.
Onun sözlərinə görə, Ç.Fərzəliyev həm də Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktorudur.
O. Ç.Fərzəliyevin yaradıcılığında həyat sevgisinin xüsusi diqqət cəlb etdiyini vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)