Super User

Super User

Среда, 12 Апрель 2023 17:21

Nodar Şaşıqoğlunun vəfatından 10 il ötür

 

Bu gün Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anım günüdür. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün onun vəfatından düz 10 il ötür.

 

Azərbaycan izləyicisinə “Uzaq sahillərdə” filmində yaratdığı Mixaylo obrazı ilə tanış olan, bu rolla hədsiz şöhrət qazanan 

Nodar Şaşıqoğlu milliyyətcə Gürcüstan acarıdır. O, 1927-ci il martın 13-də Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. 

Nodar Tiflisdə yaşayıb, orada orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib. O, bir il Vaxtanqov adına teatrda işləyib, beş il isə Taqanka Teatrında çalışıb.

İlk rolunu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oynayıb. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.

Nodarın aktyor kimi parlamasında bəxt amili rol oynayıb. Azərbaycanın əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadə roluna aktyor axtaran "Uzaq sahillərdə" filminin ikinci rejissoru Rəşid Atamalıbəyov təsadüfən Nodar Şaşıqoğlunun oynadığı tamaşaya baxıb, aktyoru bəyənərək "Uzaq sahillərdə" filmində sınaq çəkilişinə dəvət edib. O da ümidləri doğruldub.

Əfsanəvi Mixaylo rolundan sonra Nodar Şaşıqoğlu ard-arda “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, "Telefonçu qız", “Leyli və Məcnun” filmlərinə də çəkilib.

Nodar Şaşıqoğlu, eyni zamanda, teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Berjerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa") və s. obrazlar yaradıb. 

Aktyor 2003-cü ildə S.Vurğun adına Rus Dram Teatrına qayıdıb və səhnədə Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") və s. bu kimi parlaq obrazlar ifa edib. 

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

Bu gün iqtisadiyyat yönümündə təhsil alan tələbələrin bur qrupu - UNEC və Biznes Universitetinin istehsalat təcrübəsində olan tələbələri “Ukrayna Ticarət Evi" MMC-nin Abşeronun Güzdək qəsəbəsində yerləşən Abşeron Bioekstraksiya Fabrikində istehsalat təcrübəsində olublar. Tələbələri “Ataşah” Əmtəə Nişanının səlahiyyətli nümayəndəsi, “Ataşah” MMC-nin baş meneceri Paşa Məcidov müşayiət edib.

 

Paşa Məcidovun “Ədəbiyyat və incəsənət” portalına açıqlamasına görə, iş şəraiti ilə yaxından tanis olan tələbələrə texnoloji prosseslər haqqinda ətraflı məlumat verilib. 

Onlar 500 kiloqram nar çəyirdəyindən cəmi 1 litr yağ əldə edilməsinə dedikcə təəccübləniblər. Elə bu yerdə tələbələrə izah olunub ki, qatqısız yağın maya dəyəri çox baha başa gəldiyindən bitki yağı istehsal edən şirkətlər ən azı 1:2 nisbətində çaytikanı, üzüm və nar çəyirdəyi kimi bahalı yağlara zeytun və digər ucuz yağlardan qataraq müştəriləri aldadırlar.

Azərbaycanın yeni brendi - “Ataşah” isə məhz tam qatqısız yağlarla insanların sağlamlığı keşiyində durur.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

“Ədəbiyyat və incəsənət”in Açıq portfelində  növbəti statistika: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 77 min 687 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, onlardan 12 min 820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. Bildirilib ki, 1245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Həmçinin yanvar-mart aylarında 2 min 190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 min 432 şəxsə isə peşəyönümü xidmətlərin göstərildiyi də qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Среда, 12 Апрель 2023 13:45

Tənqidçi Əsəd Cahangir tələbələrlə görüşüb

 

Bakı Avrasiya Universitetinin filologiya fakültəsinin tələbələrinin Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Müasir ədəbiyyatımızda vətənpərvərlik idealları" mövzusunda tənqidçi Əsəd Cahangirlə görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müasir vətənprəvərlik şeirimizin tanınmış isimlərindən Vəli Qaraçaylı və Güləmail Murad Qarabağ zəfəri haqda şeirləri ilə görüşdə çıxış ediblər. 

Əsəd Cahangir görüşün təşkilatçılarına - universitetin müəllimələri İlhamə Qəsəbova və Çiçək Hüseynovaya bu gözəl gün üçün minnətdarlığımı bildirib. Əmin olduğunu bildirib ki, tələbələrin öz çıxış və sualları ilə aktiv surətdə qatıldığı bu görüş onların yadında xoş bir xatirə kimi qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

“Ədəbiyyat və İncəsənət” portalının “Üzbəüz” rubrikasında əməkdaşımız Bahəddin Salman sizləri rəssam Elvira Elveylə tanış edəcək. Rənglərlə öz palitrasında qeyri adi müxtəliflik yaradan Elvira xanımla söhbət, düşünürük ki, marağınıza səbəb olacaq.

 

-Elvira xanım, sizi portalımızın bütün heyəti adından salamlayırıq.

-Mən də sizləri salamlayır, müsahibə üçün məni seçdiyinizə görə sizə, bütün yaradıcı heyətinizə təşəkkürümü bildirirəm.

 

-Elvira Elve necə oldu ki, rəssam oldu?

-Valideynlərim deyir ki, mən artıq iki yaşımdan rəssam olmağı seçmişəm. (gülür) Orta məktəbin ilk illərində çəkdiyim rəsmlər var idi ki, digər şagirdlərin hamısının çəkdiyi rəsmlərdən daha professional idi. Bunu, müəllimələrimin sezgisindən hiss edirdim. Həmin illərdə valdeynlərimin çəkdiyim rəsmlərə vurduğu təriflər işi üst səviyyə gətirməyim üçün məni ruhlandırdı. Sonrakı illərdə rəssamlıq kurslarına getməyə başladım.

 

-Bildiyim qədərilə rəssamlıq üzrə ali təhsiliniz yoxdur, amma Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin vokal bölümündən məzun olmusunuz.

-Elədir, rəssamlıqla bağlı ali təhsilə yiyələnməmişəm, amma musiqi təhsilim həmişə rəssamlıq fəaliyyətimə mücərrəd rəng və ab-hava qatıb. Mümkün deyil ki, hər hansısa rəsm əsəri çəkəndə paralel şəkildə klassik musiqilər dinləməyim. Mən sənətin ilahi bəxşiş olduğuna inanıram. İnsanın sağlam doğulmağı Allahın insana bəxşişdir, incəsənət istedadı isə tanrının insana verdiyi bəxşişdir. Bu səbəbdən “istedadlı olmaq üçün sırf ali təhsilin olmalıdır” deyə bir deyimlə də razılaşmıram. Mən daim rəssamlıq sənətiylə bağlı çox şeylər öyrənməyə çalışıram, işin mexaniki tərəflərinə yiyələnmək üçün araşdırmalar aparır, bir çox şeyə yiyələnirəm. Nəticədə cəhd edib öyrəndiklərimin istedadıma hədsiz müsbət təsir göstərdiyini, müsbət nəticələr alındığını görürəm. Təbii, bu yöndə ali təhsilin olması qətiyyən pis bir şey deyil, hər şey insanın gördüyü işi, sənətini sevməsi ilə başlayır və bu başlanğıc ölənə qədər də bitmir. İşin maraqlı tərəfi də var... yaxşı sənətkar ölür, amma sənət nümunələri ondan sonra hələ də yaşayır.

 

-Özünüzü bir rəssam kimi hansı cərəyana daha yaxın görürsünüz? Çəkdiyiniz rəsmlər hansı janra aiddir?

Əslində öz xarakterimə uyğun rəsmlər abstrakt ekspressionist üslubda çəkdiyim rəsmlərdir. Səbrsiz biriyəm, emosiyalarımı rəsm üzərində göstərməyi, improvizasiyalar etməyi sevirəm. Rəngləri kətan üzərinə damladaraq cəld bir rəsm ərsəyə gətirməyə aşiqəm. Bununla yanaşı, klassik janra qarşı da xüsusi heyranlığım var və bu yöndə də rəsmlər yaratmağa çalışıram.Ümumiyyətlə klassik janrdan  qərb sənət tarixinin qoxusunu alıram, fransız peyzajı ənənələrinin səs-küyünü eşidirəm, Klod Jellenin “Günorta” əsərindəki günəşi, “Axşam” əsərindəki qaranlığı duyuram. Başqa janrlarda da hansısa rəsm əsərləri yaratmağa cəhd edirəm. İlk növbədə həmin janrların mexanizimləri ilə tanış olmaq isə ən vacib şərtdimdir.

 

-Çəkdiyiniz rəsmlərin çoxunun ideyası özünüzə məxsusdur, yoxsa tanınmış rəssamların əsərlərindən köçürmələr daha çoxdur yaradıcılğınızda?

Bayaq danışdığımız janrlarla tanışlıq ərəfəsində hansısa tanınmış rəssamın əsərini köçürmə edə bilərəm, amma bunun yeganə səbəbi həmin janrla tanışlıqdır. Həmin əsərləri öz yaradıcılıq nümunəm hesab etmirəm. Mən əsasən öz dünyamın rəsmlərini, öz xəyallarımın, arzularımın formasını çəkirəm. Qarşımda bir bina dayana bilər, mən onu olduğu kimi çəkməyəcəm, mütləq öz dünyamın, xəyallarımın, arzularımın formasını ora əlavə edəcəm. Fikrimcə, yaradıcılıq gücünün əzələsi elə bu improvizasiyalarda qabarır.

 

-Sizcə cəmiyyətin incəsənətə marağı yetərli səviyyədədir? İnternet dövrü insanları incəsənətdən soyudubmu?

Məncə, hər şey əladır. İnsanların ciddi sənətə, ciddi sənət işinə qarşı münasibəti çox ədalətlidir. Təbii ki zövqlər fərqlidir, bir kütlə subkultural incəsənəti ciddi sənət hesab edə bilər, bir kütlə də tam əksinə...  Düşünmürəm ki, internet bizim həyatdan tam ləzzət almamıza əngəl törədir. Bu inkişafın qədrin bilmək lazımdır.

 

-Məlumatım üzrə qadın geyimləri üçün də rəsmlər çəkirsiniz, doğrudurmu?

Bəli, doğrudur. Öz zövqümə uyğun geyim eskizləri çəkirəm və bunu bir neçə dəyərli xanım dərzilər var ki onlara təqdim edirəm, onlar çəkdiyim eskizlərə uyğun paltarlar tikirlər.

 

-Yəni modelyersiz?

Hə, demək olar. Mən 2013-cü ildə “İlin paltarı konkursu”nda birinci kolleksiyamı tikmişəm. Sonradan bu işlə bağlı çəkdiyim qadın geyim defilesi televiziya kanallarında da yayınlanıb və xoş qarşılanıb. Hal hazırda daha çox hicab qadın geyimləri ilə bağlı eskizlər çəkirəm, amma bu işdə məqsədim gözəl xanımlara rahat, zövqlü paltar dizaynı vermək, köməklik göstərməkdir.

 

-Gözəl xanımsız və bildiyim qədərilə gözəlliyiniz bir neçə gözəllik yarışması da sizə uğur gətirib.

-Bu cür xoş sözlər üçün təşəkkür edirəm! Bəli, elədir, “Miss Azerbaijan2015” yarışmasında Miss baku oldum. Miss Lafarella gözəllik konkursunda isə 1-ci yer tutub avtomabil mükafatını qazandım. (Gülür) ” Əslində buna öz uğurum yox tanrının uğuru deyərdim. Həyatda nail olduğum bütün uğurlarıma görə tanrıma çox minnətdaram.

 

-Elvira Elve üçün həyat hansı rəngdədir?

-Sarı rəngdə – günəşin rəngində.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

 

 

 

 

 

Среда, 12 Апрель 2023 13:18

Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür

 

Bu sahədə Azərbaycanın çəkisi nə qədərdir? 

 

Dünya təqviminə 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi düşür. Bu günün tarixi uzaa 1961-ci ilə təsadüf edir, həmin ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə orbitə çıxıb. Kosmik gəmi 1 saat 48 dəqiqə Yer kürəsi ətrafında dövr edib və  uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

 

Bu sahədə Azərbaycanın çəkisi nə qədərdir sualına gəlincə, “Ədəbiyyat və incəsənət” portalı ilk öncə ondan başlamaq istəyir ki, Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O,  “R-2” kosmik raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

İndi də müstəqillik dövrümüzə keçid alaq. 

Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərkosmos” ASC təsis edilib. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Bununla da ölkəmizin kosmik sənaye üzrə fəaliyyətinə mühüm təkan verilib.

“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. “Azerspace-1” peyki vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətləri təqdim edilir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən çox ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir. 

2014-cü il iyunun 30-da “Azersky” Yerin müşahidə peyki “Satish Dhawan” Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.

Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2” 2018-ci il sentyabrın 26-da 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

Bütün bunların nəticəsində xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.

Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. 

Xatırladaq ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamına əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu konqres “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. 

74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq. Bu tədbir ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq. Konqresə kosmik sahənin NASA, CNES, “Airbus”, “Boeing”, JAXA, TUA və bir çox aparıcı qurumlarının, eləcə də dövlətlərin nümayəndələri də olmaqla, 6 mindən çox qonaq gələcəyi gözlənilir.

Konqresə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub. Belə ki, kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3 min 532 elmi məqalə qeydiyyatdan keçib. Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

 

Bu il Azərbaycandan da rekord sayda - 214 elmi məqalə təqdim edilib. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.

Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.

Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.

Bu sahədə fəaliyyət göstərən bər kəsi peşə bayramı münasibətilə təbrik edirik.

 

Şəkildə: Kərim Kərimov

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Среда, 12 Апрель 2023 13:16

Qavalına bülbül qonan xanəndə

 

Bu gün Seyid Şuşinskinin anadan olmasından 134 il ötür

 

Bəli, həqiqətən Şuşadan elə xanəndələr çıxlb ki, onlar Cıdır düzündə muöam pəstahı açanda qavallarına uçub gəlib bülbül qonub. Onlardan biri də Seyid Şuşinskidir. Bu gün görkəmli xanəndənin anadan olmasından 134 il ötür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində dünyaya göz açıb. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər. Balaca Seyid atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edib.

İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühiti həlledici rol oynayıb. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, Seyid Şusinskini “Şərq musiqisinin incisi” adlandırıb.

Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyub. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudarmış.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. Seyid həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edib. Seyid 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (bəstəkar Fikrət Əmirovun atası) tanış olur. O, Şuşinskinin ifasını bəyənir və özü ilə onu Gəncəyə aparır.

Seyid Şuşinski gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verirdi.

O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyib, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olub.

Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.

Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Среда, 12 Апрель 2023 16:30

Cəfa çəkən bir aşiq, dözərdi min bəlayə...

 “Ədəbiyyat və incəsənət” portalının “Qəzəl saatı” rubrikasında Sumqayıtda yaşayıb-yaradan şairə Lilpar Cəmşidqızının növbəti qəzəlləri təqdim edilir.

 

 

***

 

Könül çıxardı bir gün, dar olmasaydı xanə,

Ağıllı bir sevən də, verərmi qüssə canə.

 

Dedim məhəbbətinlə gəl oynama əzəldən,

Könül veribsən artıq, o qaşları kəmanə.

 

Nə Leyli var, nə Məcnun yaman dəyişdi dövran,

O çöllərin tozunda, de kim düşüb dumanə?

 

Sevib- sevəndə insan, qanadlanır səmadə,

“Məhəbbətin” dəmindən, olur könül miyanə.

 

Sevənlərin çoxunda, bitib- gedib sədaqət,

Yalanla doğdu insan, nə eyləsin zəmanə.

 

Bu bəhridən çıxanlar, boğulmayır cahanda,

Ömür sürən zamanda, gəlir qayıq limanə.

 

Qızılgün yanında o xəstə bülbül olsa,

Bulaq başında hər gün ətir səpərdi nanə.

 

Ötüb- keçən məhəbbət, qayıtmayan qatardı,

Kədərlə yol gedənlər, edir bunu bəhanə.

 

Nələr alıbdı səndən, nələr veribdir aləm ,

Susur könül də Lilpar, dolanda sevgi qanə.

 

 

***

 

Pəncərədən gələr külək, bağlamamış, əsər keçər,

Yar qayıdar bu gün səhər, gəlməsə görsənər keçər.

 

Gəl görüşək deyər mənə, bax nəfəsim gəlir gedir,

Gör necə il sıxılmışam, dar küçədən qəhər keçər?

 

Çöldə yağış döyəcləyər, daş divarın yuyar üzün,

Göydə bulud sıxar gözün, göy çəmənə tökər keçər.

 

Gözlərimin dərinliyin, görmək üçün baxar bir az,

Çayda batıb boğulmamış sahilinə üzər keçər.

 

Mən necə söyləyim ki, yar inciməsin, darıxmasın,

Yoxsa gələr görər məni, bir sənəlik küsər keçər.

 

Məktubunu sətir- sətir mən oxuyum cavab verim,

Çox düşünüm bir az gərək ağzını yar büzər keçər.

 

Gör nə qədər yazılmamış kəlməsi var, bu Lilparın,

Bir qəzəlin içindəkin, ağladaraq gülər keçər.

 

 

***

 

Düşərdimi bir eşqə, könül vurulmasaydı?

Axardımı damardan o qan durulmasaydı?

 

Nə sevgi vardı indi, nə ülvi bir məhəbbət,

Nə Adəm ilə Həvva, cahan qurulmasaydı.

 

Cəhənnəm ilə Cənnət, dolub daşardı hər gün,

Bilərdi səhvin insan, günah sorulmasaydı?

 

Fəğan edərdi bülbül, qızılgülün dəmindən?

Açanda gül budaqdan o xar sarılmasaydı.

 

Cəfa çəkən bir aşiq, dözərdi min bəlayə,

Külək gələrdi hardan, o cam qırılmasaydı?

 

Tutub bərabər aşiq, içəndə qəm şərabın,

O fərqi bilməz idi, ürək yarılmasaydı.

 

Yazardı burda Lilpar, tapıb qələm və dəftər,

Cilid- cilid kitablar, əgər yorulmasaydı.

 

***

 

Xəyali-yarə yetsəm, görüşməyim gümandı,

Gəlibdi həsrət artıq, yolum-izim dumandı.

 

Vüsalına ümid yox, qayıtmayır ki, zalım,

Zəhər tökür dilindən, o bəxtəvər yamandı.

 

Vurulmuşam o bilmir, bir od yanır içimdə,

Ki, oxlayan yaxamdan, o qaşları kamandı.

 

Gözümdə sellər oynar, tutanda yar əlimdən,

Bir azca diqqət etdim ki, tutduğum samandı.

 

Bu sevgidən səmər yox, yalançıdır məhəbbət,

Gedən bu bəxti bizdən, gətirməyən zamandı.

 

Mənim bu qanlı könlüm sıxışdırır yaxamda,

Döyəcləyəndə köksüm, deyim ki, qəhrəmandı.

 

Nə arzudur, nə istək, bilinməyir xəyalın,

O gözlərin də, Lilpar, oxunmamış romandı.

 

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

 

Среда, 12 Апрель 2023 15:30

Qısa fikirlər xəzinəsindən - Jül Renar

“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Jül Renarın fikirlərini çatdıracaq.

 

 

***

Bir kəndlinin başqa bir kəndliyə nifrət elədiyini görəndə adamın ürəyi ağrıyır.

 

***

Doğruçu insanın istehzasından da füsunkar nə ola bilər ki?

 

***

Heyvanlara baxanda onlar haqda lətifələrimə görə utanıram.

 

***

Bəxtli – başqalarının görməyə hazırlaşdığı işi artıq görən kəsdir.

 

***

Dovşan yuvası dovşan olmayanda belə qorxaqlıqla doludur.

 

 

 “Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. İlham Namiq Kamalla müsahibə 25.01.1998 tarixində götürülüb

 

Müsahibim “İlham” miniatür teatrının direktoru, Əməkdar artist İlham Namiq Kamalla tamaşadan sonra onun otağında görüşdüm. Bir az yorğun da olsa, söhbətimiz baş tutdu.

 

-İlham müəllim, Miniatür Teatrını açmaq hansı zərurətlə bağlıdır?

-Keçmiş İttifaqın bəzi şəhərlərində bu tipli teatrlar çoxdan var idi. Məşhur gülüş ustası Arkadi Raykinin teatrı buna misal ola bilər. Hər teatrın öz siması, yalnız ona məxsus ifadə formaları olmalıdır. Miniatür Teatrı nəğməli teatr olmaqla bərabər, günün ən vacib problemlərinə cəsarətlə toxunmağı bacaran dişli teatrdır.

 

-İndi bəzən tələm-tələsik çoxlu özəl teatrlar yaranır. Amma bunlar teatrın ən zəruri atributlarından məhrum olurlar.

-Bizim teatr bütün teatr atributlarına malikdir. Anar, Rəhman Əlizadə, Rafiq Səməndər kimi dramaturqlarımız var. Əsərləri sifarişlə yazdırırıq. Bəstəkarımız Cavanşir Quliyev, rəssamımız isə Nazim Bəykişiyevdir. Fəaliyyət göstərdiyimiz 5 ildə 12 tamaşa hazırlamışıq.

 

-Teatrınızın aktyorları əsasən gənclərdir. Bəzən bunu bir nəfər istedadlı adamın ətrafına cavanları yığıb özünü göstərməsi kimi qiymətləndirirlər...

-Bizim teatrda, tamaşada da gördünüz, gözəl aktyorumuz Atabala Səfərov da fəaliyyət göstərir. O, teatrımızın sərəncamçı direktorudur, mən isə bədii rəhbəri. Gənclərlə işləməkdə məqsəd isə yalnız və yalnız gələcək aktyorlar nəslinin yetişməsinə kömək etməkdir. Mən inanıram ki, teatrımızın cavanları içindən gələcəyin adlı-sanlı sənətkarları yetişəcək.

 

-Uzun müddət işlədiyiniz Dram Teatrı üçün qəribsəmirsiniz ki?

-Mən işlə məşğulam, odur ki, qəribsəməyə heç vaxtım belə yoxdur.

 

-Özünüzü yeni dövrə uyğun işbaz adam hesab edirsinizmi?

-Bəli. Bizdə sovet dövründən qalma belə bir psixologiya var ki, daim gileylənirlər, kimdənsə hamilik gözləyirlər. Sözdən işə keçmək lazımdır. Hər kəsin bəxti, taleyi mütləq öz əlində olur.

- Sizi həyatda bəxti gətirmiş adam saymaq olarmı?

-Mənə həmişə Allah kömək edib. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət.

 

-Bəs, siz Allah üçün neynəmisiniz?

-Mən...

 

-Məsələn, hazırda oruc tutursunuzmu?

-Bilirsinizmi, bizim işimiz elədir ki, səhərdən axşama qədər məşğuluq. Mən həm də İncəsənət Universitetində aktyor sənətindən dərs deyirəm. məşqlər, institut, tamaşalar... Doğrusu, vaxt olmur.

 

-Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuriyev, Eldəniz Zeynalov, Arif Quliyev və bura Telman Adıgözəlovu da əlavə etmək olar. İlham Əhmədov bir gülüş ustası kimi bu komiklər içərisində öz yerini necə görür?

-Məncə, aktyor birinci növbədə klassikada öz sözünü deməyi bacarmalıdır. Bu cəhətdən Yaşar əvəzolunmazdır. O, həm müasir, həm də klassik tamaşalarda öz sözünü deyə bilir. Mənim də çoxlu klassik rollarım olub. Məsələn, Qoqolun “Müfəttiş”ində Xlestakov, Qoldoninin “Mehmanxana sahibəsi”ndə Markiz, Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah”ında həm Müsyö Jordan, həm də Dərviş Məstəli Şah...

 

-Bəs, Miniatür Teatrında, nə əcəb, klassik əsərlər qoymursunuz?

-Bizim teatr günün ən zəruri tələblərinə cavab verən müasir tamaşalar üstündə qurulub. Bu, ümumiyyətlə miniatür teatrların xüsusiyyətidir. Amma bizdə müasirliyin özü də həmişə klassikaya söykənir. İndicə baxdığınız “Yorğanını ayağına görə uzadan teatr” tamaşasında kimlərə parodiyalar yox idi – Nizamiyə, Axundova, Şekspirə, Mirzə Cəlilə, Füzuliyə, Üzeyir Hacıbəyova... Amma biz klassikanı yeni yozumda təqdim edirik. Məsələn, tamaşadan da gördüyünüz kimi, Məcnun səhranı özəlləşdirib, qum satır, Gülçöhrə isə xlor.

 

-Neçə övladınız var və onlardan aktyor sənətini seçən varmı?

-Böyük qızım Bakı Dövlət Universitetinin psixologiya fakültəsində oxuyur, kiçik qızım isə hələ məktəblidir, 11-ci sinifdə oxuyur, ingilis dilini öyrənir.

 

-Aktyorluq bir ailə başçısı kimi sizin üçün problemlər doğurmur ki?

-Yox, bizim ailə üzvləri müasir və ağıllı adamlardır.

 

-Hərdən oynadığınız qadın rollarına görə ailədə etiraz edən olurmu?

-Mənim qadın rollarım, axı deyəsən, o qədər də çox olmayıb. Bir dəfə “Kişilər”də Hüseyn Ağabacı, bir də ayrı-ayrı yumoristik monotamaşalarda.

 

-Yeni nə tamaşalar hazırlayırsınız?

-Rəhman Əlizadənin ziyalılarımızın faciəsinə həsr olunmuş “Bəxtimin kələyi” tamaşasının məşqləri gedir. Bir də Rövşən Mustafayevin “Ruhları çağırıram” əsərini hazırlamaq fikrindəyik.

 

-Təssəvvür edin ki, sehrli xalçaya minib başqa planetə gedirsiz, bir daha geri dönməyəcəksiz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi seçərdiz?

- Mən gülüşü götürərdim.

 

- Allahn sizə həmişə gülüş qismət eləsin.

-Sağ olun.

 

 “Ədəbiyyat və incəsənət”

(12.04.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.