Super User

Super User

Cümə axşamı, 27 İyun 2024 14:38

Komitə sədri Xalq artistinə məktub ünvanlayıb

 

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyovun 75 yaşı tamam olur. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa sənətkarın bu özəl günü ilə bağlı ona təbrik məktubu ünvanlayıb. 

 

Komitə sədrinin məktubunda Xalq artistinin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib. “Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:

 

“Hörmətli Mərahim müəllim,

Sizi – görkəmli teatr rejissorunu 75 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz səhnəyə hələ orta məktəb illərindən maraq göstərmisiniz. Məktəbi bitirdikdən sonra bir müddət ictimai və yaradıcı fəaliyyətlə məşğul olmuş, sonra ali təhsil almaq üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollanmısınız. Orada Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (indiki Rusiya Dövlət İncəsənət İnstitutunun) Rejissorluq fakültəsinə daxil olmusunuz. İxtisas müəlliminiz – dünyaşöhrətli rejissor, görkəmli sənətkar, professor Georgi Tovstonoqov başda olmaqla, görkəmli sənətkar-pedaqoqlardan sənətin incəliklərini öyrənibsiniz (1970-1975). Ali təhsilinizi başa vurduqdan sonra, təyinatla Çeçenistan paytaxtı Qroznı şəhərindəki M.Lermontov adına Dövlət Rus Dram Teatrına göndərilmiş, həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış (1975–1977), müxtəlif əsərlərə səhnə quruluşu vermisiniz.

Sonra, Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1977–1981) işləmiş, daha sonra, Akademik Milli Dram Teatrına rejissor təyin olunmusunuz. – Akademik teatrda əsasən çağdaş Azərbaycan dramaturqlarının, eləcə də, dünya klassiklərinin əsərlərinə fərqli səhnə quruluşları vermisiniz.

Siz həmçinin (dəvətlə) Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif tamaşalar hazırlamısınız. 80-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyası nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Azərbaycanlı və xarici müəlliflərin  pyesləri əsasında yaddaqalan tamaşalar hazırlamısınız.

2006-cı ildə, Akademik Milli Dram Teatrına baş rejissor təyin olunmusunuz.

2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorusunuz.

Teatr sənətinin inkişafında göstərdiyiniz xidmətlərə, rejissorluqda qazandığınız uğurlara görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüsünüz. 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinizə görə “Şöhrət” ordeni ilə təltif edilmisiniz.

 

Sizi bütün sənət uğurlarınız və yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı diləyir, ən xoş arzularımızı yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Redaksiyanın poçtundan rubrikasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun məktubuna diqqət edəcəyik.

 

Çoşqun Xəliloğlu yazır: “Salam, hörmətli  redaksiya.Şəhidlər haqqında iki şeirimi  Sizə göndərirəm.Baxmağınızı və məsləhət olarsa, saytınızda dərc etməyinizi xahiş edirəmƏvvəlcədən təşəkkür edirəm.
 

VƏTƏN SEVDALISI, İGİD ETİRAF
Sahil qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində şəhid olmuş, hazırda adını daşıdığı Qaradağ rayonundakı  Sahil qəsəbəsindəki 273 nömrəli orta məktəbdə təhsil almış şəhid Etiraf Məhəd oğlu Eyyubovun  əziz xatirəsinə ithaf edirəm.

(28.05.1973.-15.06.1992)

 

Vətəni bilirdin canından əziz,

Əməlin saf idi, qəlbinsə təmiz,

Həyatda qoymusan pozulmaz bir iz,

Vətən sevdalısı, igid Etiraf.

 

Döyüşə yollandın ürəyində əhd,

Arzun - azad olsun hər oba, hər kənd,

Hünərinə şahid oldu Sırxavənd,

Vətən sevdalısı, igid Etiraf

 

Əməli tanıdır hər bir insanı,

Oğullar yaşadır Azərbaycanı,

Yağıda qalammaz Türkün məkanı,

Vətən sevdalısı, igid Etiraf.

 

Ömrün nümunədir gənc nəsillərə,

Mərdliyin düşübdür dildən-dillərə,

Doğma bir övladsan bizim ellərə,

Vətən sevdalısı, igid Etiraf.

 

Ömrünü-gününü vermədin bada,

Səni ehtiramla salırıq yada,

Layiq görülmüsən bir ölməz ada,

Vətən sevdalısı, igid Etiraf.

 

Sahilin adını qaldırdın göyə,

El gördü övladı qadirdi nəyə,

Candan keçdin, Vətən yaşasın deyə,

Vətən sevdalısı, igid Etiraf.

 

Müqəddəs arzular hasilə yetib,

O kədərli illər, o günlər ötüb,

Şuşa həsrətimiz qurtarıb, bitib,

Düşmən əməlinə alıbdır cavab,

Vətən sevdalısı, igid Etiraf.

 

 

ELXAN
Sahil qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində şəhid olmuş, hazırda adını daşıdığı Sahil qəsəbəsindəki 253 nömrəli orta məktəbin  məzunu  Elxan Nazim oğlu İsmayılovun əziz xatirəsinə ithaf edirəm.
(16.04.1969.-25.02.1992)


Anacan, mən getməliyəm.
Döyüşə getməsi üçün Elxanın anası Raya xanıma xahişi:

Perik düşüb xoş çağımız,
Pozulubdur növrağımız,
Qan ağlayır torpağımız,
Anacan, mən getməliyəm.

Vətən başımızın tacı,
Qarabağım çəkir acı,
Mənə də var ehtiyacı,
Anacan, mən getməliyəm.

Getməsəm, ölərəm, ana,
Divanə olaram, ana,
Darıxma, gələrəm, ana,
Anacan, mən getməliyəm.

Xeyir-dua ver oğluna,
Pis şey gətirmə ağlına,
Qurbanın olum, ağlama,
Anacan, mən getməliyəm.

Qan ağlayır elim-obam,
Şəhid olub əmim, babam,
Düşmənləri gərək qovam,
Anacan, mən getməliyəm.


Elxan getdi döyüşə

Elxan getdi döyüşə Sahil qəsəbəsindən,
Mərdi döndərmək olmaz, döyüşmək həvəsindən.
Qorxmaz əsgəri idi Birinci batalyonun,
Xətrini istəyirdi əsgər dostları onun.

Qələbə  bizimlədir, bu duman, çən dağılar,
“Elxan” adı gələndə əsirdilər yağılar.
Deyirdi, a dostlarım, Qarabağ canımızdır,
Bu mqəddəs yurd ki var-Azərbaycanımızdır.

Doğma Vətən uğrunda döyüşdü son anadək,
Şəhid olub torpağı qucaqladı anatək.
Daşaltıda ucaldı şəhidlik zirvəsinə,
Döndü cəsarətiylə azadlıq nəğməsinə.

Qəhrəmanı qeyrəti, cəsarəti tanıdır,
Şəhidlər Xiyabanı əbədi məkanıdır.
Hər gün nə qədər  insan gəlir ziyərətinə,
Qəlbən “Əhsən!” deyirlər Vətən məhəbbətinə.


Qəhrəman balasısan


İllər keçdi, vaxt ötdü, çatdı o tarix,  zaman,
Şəhidlərin arzusu çiçək açıbdı, Elxan.
Qələbə bizim oldu, şanlı zəfər qazandıq,
Bu yolda candan keçən hər bir şəhidi andıq.

Oxuduğun  məktəbə verilib sənin adın,
Vətən unutmamışdır öz qeyrətli övladın.
Vaxt var idisakini, oğlu idin Sahilin,
İndi isə qəhrəman balası
san bu elin.

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)


 

 

 

Cümə axşamı, 27 İyun 2024 16:36

Yaxşı ki… - MİNİATÜR HEKAYƏLƏR

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Elə axırıdır...

 

Bir tanışı ovqat yaratmaq üçün gecə-gündüz Xeyrəddin Qocaya zəng vuraraq soruşur:

-Xeyrəddin müəllim, bu işlərin axırı necə olacaq?

X.Qoca da hər dəfə belə cavab verir:

-Elə axırıdır də...

 

Yaxşı ki...

 

Xeyrəddin Qocaya zəng vurub bildirirlər ki, Əli adlı iki naziri vəzifəsindən çıxarıblar.

O, qeyri-iradi dillənir:

-Yaxşıdır ki, bizim adımız Əli deyil...

 

Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Nigar Rəfibəyli. “Alagözlüm, səndən ayrı gecələr…” sətirləri ilə başlayan ölməz şeirin müəllifidir Nigar xanım. O şeirin ki, ona bəslənən və Akif İslamzadənin ifa etdiyi mahnı illərdir ki, dəbdən düşmür. Bu şeirdəki “alagözlü” Nigar Rəfibəylinin həyat yoldaşı, Xalq şairi Rəsul Rzadır. 

Amma Nigar xanımın dillər əzbəri olan bir başqa şeiri də var, “Ayrılıq” adlı. Bu gün sevilən rubrikada məhz bu şeir yayınlanacaq. 

 

 

AYRILIQ



Mən ki, doymamışdım heç vüsalından,


Mənə zülm elədi yaman ayrılıq.


Nə olardı bir gün durub yuxudan


Görəydim ki, olub yalan ayrılıq...


 


Biz ki, bir ruh idik iki bədəndə,


O gülüb-sevinsə gülərdim mən də,


Vüsalın bülbülü uçub gedəndə,


Daş kimi gəlbimdə qalan ayrılıq.

 



Kim qıydı dostların bahar elinə?


Mehriban sözünə, şirin dilinə,


Cananın sazını alıb əlinə


Əğyar mizrabıyla çalan ayrılıq.



 

Mən görəndə orda yaz səhəriydi,


Xoş nəfəs baharın küləkləriydi,


Açılan ağ badam çiçəkləriydi,


İndi onlardımı solan, ayrılıq!


 


Gün çıxar, dağların əriyər qarı,


Pozulmaz dostların əhdi, ilqarı,


Keçər ürək dərdi, könül qubarı,


Gəl etmə meydanda cövlan, ayrılıq!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Cümə axşamı, 27 İyun 2024 15:29

BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

" Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır." (Ömər Xəyyam)

Rüstəm bəy, əziz Şairimiz, bəlkə, elə həyat anlamı təzadları anlamamız üçündür, nədir həyatın anlamı?

 

CAVAB:

“Mən sizi yaratdım ki, məni tanıyıb, mənə itaət eləyəsiniz". 

Bu bir dini kitabda yazılıb .                  

Yəni deyilir ki, yaradılışın səbəbi, həyatın anlamı budur! Bu çox cılız bir düşüncədir!                     

Mənə görə, ömür-ölümü öyrənmək, yaşamaq, yavaş-yavaş ölməkdi əslində!                   

İnsan da, ona verilmiş ömür də qurulmuş saat kimidi.

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

“Ədəbiyyat və incəsənət”in təqdimatında Zaqatalada yaşayıb yaradan şairə Adilə Aslanovanın doğma bölgəsi barədə ürək sözləri təqdim edilir. 

 

Azərbaycanın hər bir guşəsi gözəldir. Doğulduğum, ta qədimdən "Qafqazın Parisi" adlandırılan Zaqatala isə, nəinki Azərbaycanın, dünyanın ən füsunkar gözəlliyə malik olan şəhərlərindən biridir. Bu gözəlliyi qoruyub saxlamaq, daha da baxımlı etmək, gələcək nəsillərə örnək kimi ötürmək hər bir zaqatalalının müqəddəs borcudur.

AMEA-nın əməkdaşı, əslən Balakənli olan tanınmış tarixçi alim Akif Məmmədli  yazır:

“El arasında deyirlər ki, Zaqatala” az qala 50 il bizdən irəlidir”. Dünən axşamüstü Zaqatala parkına getmişdik və bu fərqi hiss etdim: heç bir kafe və çayxanada bizdəki kimi insanın əsəblərini “cırmaqlayan” səviyyəsiz musiqi, çığır-bağır yox idi və insanlar gerçəkdən istirahət edirdilər... İstirahət parkı dediyin belə olar. Təəssüf ki, reallıq belədir.

Bunun tarixi səbəblərini araşdırmaq istədim və 1851-ci ildə imperatorun əmri ilə Cənubi Qafqazda İmperiyanın ən böyük strateji məntəqəsi Zaqatala qalası olduğu üçün Zaqatalaya şəhər statusunun verildiyi, əsas küçələrdə neft lampalarının yandırılaraq küçələrin işıqlandırıldığı, gəzinti və istirahət parkının salındığı məlum oldu. (Bakıya 1878-ci ildə şəhər statusu verilib) Mənim üçün Azərbaycanımızın hər guşəsi əzizdir. Ancaq, çox istərdim ki, Zaqatala parkındakı mədəni davranış (ət tökən şit musiqilər və çığır-bağır olmadan) Balakənin gözəl parkında da olaydı..."

Daha bir qonşumuz, tanınmış şair- publisist, araşdırmaçı Vaqif Osmanlı yazır:

“Çoxları cənnəti Balkan yarımadasında, yaxud Alp dağlarının ətəklərində axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir.

Zaqatala elit şəhərdir - insanları, bərəkətli torpağı, saf suyu, havası, təmizliyi və əsrarəngiz təbiəti ilə."

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fazil Əsədin şeirlərini təqdim edirik. 

 

 

Yalandı

 

Yalanla doğulur çoxu dünyanın,

Oynayıb yerindən oxu dünyanın.

...nəyinə lazımdı axı dünyanın? -

Çoxunun aldığı nəfəs yalandı.

 

Baxışı adamı dəlir eləcə,

Guya dərd-sərini bölür eləcə.

Adamın üzünə gülür eləcə,

Eh, içindən gələn o səs yalandı.

 

Yalanı nəm çəkir - gün altda sərir,

Elə yalan əkir, yalan da dərir...

Hər şeyə ürəkdən həvəs göstərir,

Amma göstərdiyi həvəs yalandı.

 

Qohumu, tanışı, yadı qaradı,

Soyadı yalançı, adı qaradı...

Qoxusu üfunət, dadı qaradı,

Ağa ağ deməyən hər kəs yalandı.

 

 

Göndərir

 

Etdiyin yaxşılıq heç yadda qalmır,

Dua istəyəndə qarğış göndərir.

Başına döndüyüm nəzərə almır,

Günəş istəyəndə yağış göndərir.

 

Sevirəm - sevgimdən naz istəyirəm,

Çoxla işim yoxdu, az istəyirəm.

Bir güllü-çiçəkli yaz istəyirəm,

Başına döndüyüm qar-qış göndərir.

 

Olur ki, bilmirsən hara düşübsən?

Hansı cəhənnəmə, gora düşübsən?..

Amma ki, görəndə dara düşübsən, -

"Şahmat taxtasında" çıxış göndərir.

 

 

Yerinə

 

Yaşayıb gedir nəsillər,

Üzə çıxır əsil sirlər.

Çox vaxt ağacı kəsirlər,

Qurumuş budaq yerinə.

 

Buludtək dolmaq istədim,

Dağlarda qalmaq istədim,

Bir ağac olmaq istədim,

Söykənib bu dağ yerinə.

 

Ağacı qurd içdən yeyər,

Qurd yesə, oğulsan, göyər,

Qaldırır qaranı göyə,

Tanrım, bu da ağ yerinə.

 

 

Mən necə adamam?

 

Yarpaq-yarpaq tökülürəm,

Gövdə-gövdə ağrınıram.

Ağac-ağac əkilirəm,

Meşə-meşə doğranıram -

Mən necə adamam, adam?!

 

Yanıqlı naləyəm, aham,

Özümü yandırır ahım.

Hər dərd-sərindən agaham,

Günahsızlıqdır günahım -

Mən necə adamam, adam?!

 

Ha yandırıb, ha üfürsən,

Qızdırarmı bu şam məni.

Dinsizsən, kafirsən, nəsən?

Öldürərsən axşam məni -

Mən necə adamam, adam?!

 

Yol gedirəm "haqqa" doğru,

Gəlib yetişmiş zamanam.

Çoxalır canımda ağrı,

Yoxsa dərvişəm, şamanam -

Mən necə adamam, adam?!

 

Üstümə cinlər yeriyir,

Ayağım yerdən üzülür.

Baxıram, cismim əriyir,

Ruhum inciyir, əzilir -

Mən necə adamam, adam?!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Cümə axşamı, 27 İyun 2024 14:30

GÜLÜŞ KLUBUnda xorvat bayrağı

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Uşaq vərəqdə bir dairə çəkir. Böyüklərdən biri deyir, günəş çəkib. Biri deyir, yox, alma. Digəri deyir, velosiped təkəridir.

Nəhayət, uşaq dözə bilməyərək dillənir:

-Böyüklər necə də axmaqdırlar. Hər şeyi mürəkkəbləşdirməyi sevirlər. Mən adicə dairə çəkmişəm.

 

2.

“Bir işdə ki oğurluq mümkün deyil, o artıq iş deyil, sadəcə hobbidir” (Məmurun etirafı)

 

3.

Xorvatiyanın bayrağını ya taksisürənlər, ya şahmatçılar düşünüblər.

 

4.

Minaaxtaran və elektrik ömürlərində tək bir dəfə səhv edirlər. Həmin vaxt elektrik həm də oynayır.

 

5.

İnsanın kölgəsi səsin əks-sədası ilə eyni cinsdəndir. 

 

6.

İki axmaq adamı tanış et, onlar ömürlük dost olacaqlar. İki ağıllı adamı tanış et, dərhal dalaşacaqlar.

 

7.

Kazino aforizmlərindən: Hər bir tuz haçansa altılıq olub. 

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Xan baliğı soyutmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR

§ Balıq – 152 qr

§ Bibər – 15 qr

§ Acı bibər – 10 qr

§ Cəfəri – 10 qr

§ Soğan – 17 qr

§ Kök – 25 qr

§ Limon – 15 qr

§ Dəfnə yarpağı – 1 qr

§ Duz – 4 qr

§ İstiot (dənəvər) – 0,05 qr

Xörək əlavəsi:

§ limon – 15 qr, nar şirəsi – 5 qr

 

HAZIRLANMASI:

Balıq və tərəvəzlər yuyulur, təmizlənir. Tərəvəzlər xüsusi formada doğranır (tərəvəzlər həm xörəyin hazırlanmasında, həm də bəzənməsində istifadə olunur). Doğranmış ərzaqlar qazana yığılır. Göyərti bütöv halda ərzaqların üzərinə qoyulur. Xörəyə limon, duz, istiot, dəfnə yarpağı, üzə- rinə çıxana qədər su əlavə edilir və bişirilir. Qaynadıqdan 15-20 dəqiqə sonra xörək hazır olur. Xörək tərəvəzlər, nar və limonla bəzənir. Xörəyin yanında nar şirəsi, limon verilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün ilk dəfə sizi Oğuzda yaşayıb yaradan istedadlı şair VÜsal Oğuzla görüşdürürük. “Anladıq ki…” şeiri şairin zəmanədən, onun insafsız-mürvətsiz insanlarından şikayətidir, insanların ibtidaidən aliyə inkişafa can atmaları, sonda isə peşiman halda geriyə dönmələri hekayətidir. 

Xoş mütaliələr!

 

Bu çayın sularında axıb getdi

uşaqlıq xatirələrimiz..

Göz yaşı kimi dumduru sularında

Yuyub "tabuta qoyduq"

Qılıb "cənazə namazını" dəfn etdik

"böyük şəhərlər"də yaşamaq xəyallarımızı...

Günü-günə caladıq

ayı-aya, ili-ilə

Bizə xatirələr qaldı təkcə

Bir də gördük

böyümüşük

İçimizdəki arzuları öldürdükcə...

Gördük ki, bir başqa imiş

Bir yol üzümüzə gülmədi.

Xəyallarımızdakı dünya rastımıza gəlmədi...

İnsanları nağıllardakı divlərdən yırtıcı,

Cırtdandan çoxbilmiş imiş.

Məlikməmmədin qardaşları toya getməli oldu

Bizə rast gələn "qardaşların" yanında..

Gördük ki, Göyçək Fatmalar təndirdə qalmır

Səsləri Dubaydan gəlir.

Ağatlı oğlanların yerini

"Ağköynəkli" yadelli tutub çoxdan.

Hərə öz kefndədir

Acdan xəbəri yoxdur toxun

Daha Təpəgözə çatmır

Yolu yarıda qırılır

Basatın atdığı oxun..

Şəhərlər,

biz yuxumuzda gördüyümüz kimi deyilmiş

Arzuların qəbistanlığıdır..

Vaxtsız, vədəsiz...

Suyumuz süzülə-süzülə qayıtdıq

Atamızın, anamızın dəfn olunuğu yurda

Anladıq!

Anladıq ki, arzularımız qırılmaq üçün bir himə bəndmiş

Anladıq!

Anladıq ki, bizə bu dağlar qalacaq

Bizimki elə bu kənd imiş...

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.