“Kaş sənə güllə dəyməyəydi, Salatın…” – Əməkdar jurnalistdən sarsıdan etiraf Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illiyi münasibətilə BDU-da “Ötür durna qatarı” mövzusunda görüş keçirilib. Zemfira Məhərrəmli tələblər ilə görüş zamanı universitet və tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. O, tanınmış jurnalistlərdən dərs aldığını qeyd edib, tələbələrə məsləhətlər verib, jurnalist peşəsinin üstünlüklərindən danışıb və I Qarabağ müharibəsi ilə bağlı xatirələrini paylaşıb.

Biz də fürsətdən yararlanaraq Zenfira xanıma sullarımızı ünvanladıq.

 

-“Ömür bitər, yol bitməz” əsəri əsasında insanın həyat yolu onun öz iradəsinin nəticəsidir, yoxsa zaman bu yolu formalaşdırır?

 

– Bu, yaradıcılığımın ilk dövrünə aid kitabdır. Özündən razı olan, özünü formalaşmış və yetkin hesab edən jurnalistlərin ömür boyu bir “yol kitabı” olmalıdır. Mən də o zaman öz yol kitabımı yazdım, xarici səfərlərimlə bağlı qeydlərimi qələmə aldım. Ömür bitir, amma yol bitmir. Düşünürəm ki, insan özü öz ömür yolunu seçir, yol insanı seçmir. Kənar amillər də olur. Məsələn, bizimlə birgə 13 qız oxuyurdu, onlardan cəmi 2-3 nəfər jurnalistikaya gəldi, digərlərinə isə kənar amillər imkan vermədi.

 

– Hüquqi mövzuda yazılar jurnalist üslubunuza təsir göstərdimi?

 

– Bu mövzuda əsasən xəbər üslubunda yazırdım. Press-relizlər hazırlayarkən hüquqşünaslarla məsləhətləşirdim. Amma jurnalistika üslubum dəyişməyib.

 

– Cəbhə bölgəsindən yazdığınız yazılar hansı janra aid idi?

 

– Cəbhə bölgəsindən yazdığım materiallar publisistik yazılar idi. Publisistika çağıran, sövq edən, insanı arxasınca aparan və mübarizəyə səsləyən bir yaradıcılıq növüdür. Əsl publisist oxucunu arxasınca apara bilməlidir. Mən də bəzi əsərlərimdə fikrimi publisist kimi çatdırmasam, bunun dəyəri olmazdı. Özümü həm publisist, həm də yazıçı hesab edirəm.

 

– Müharibəni görmək və müharibədən yazmaq sizcə nə deməkdir?

 

– Müharibəni görmək, onu yaşamaq və o hisslərlə yazmaq böyük məsuliyyətdir. Yazılar həyəcanla, qələbə hissi ilə yazılmalıdır.

 

– Birinci Qarabağ müharibəsində şəhid olan jurnalistlərə nəsə demək imkanınız olsaydı, nə deyərdiniz?

 

– Şəhid jurnalistlərimizdən Salatın Əsgərovanı xüsusilə xatırlayıram. Şəhidlər xiyabanına gedəndə ilk onun məzarına çiçək qoyuram. 8 Martda belə qadın döyüşçülərimiz üçün bayram etmirik, çünki orada uyuyan şəhidlərimiz var. Salatına demək istərdim ki, sən ürəkağrısıyla informasiya ötürməyə getdin. Kaş sənə güllə dəyməyəydi, kaş yaşayardın və canlı əfsanə kimi qalardın.

 

– Əsərlərinizdən yalnız birini seçməli olsaydınız, hansını seçərdiniz?

 

– Bu, övlad sevgisi kimidir. Bu əsərləri mən yaratmışam, onları bir-birindən ayıra bilmərəm. Hamısı mənim üçün eyni dərəcədə doğmadır.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.