
Super User
Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına görə, onun namizədliyi Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyası tərəfindən irəli sürülüb. Komissiyanın sədri - Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov Mehriban Ələkbərzadənin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir.
Mehriban Ələkbərzadə bu mükafata layiq görülən ilk qadın sənətkardır. O, mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ilin noyabrında Assambleyanın qərarı ilə təsis edilib.
Qeyd edək ki, bu ilin 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib.
Yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Azər Hacıəsgərlidir.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Kinorejissor Niyazi Bədəlovun xatirəsi anılıb
Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə görkəmli kinorejissor Niyazi
Bədəlovun anadan olmasının 115 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi də açılıb.
Əvvəlcə kinorejissor haqqında videoçarx nümayiş etdirilib.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında Niyazi Bədəlovun böyük xidmətlərindən danışıb, fondun muzeyində ona məxsus nadir rejissor ssenarisinin qorunub saxlanıldığını qeyd edib.
Diqqətə çatdırılıb ki, Niyazi Mustafa oğlu Bədəlov Şəkidə anadan olub. 1927-ci ildə Şəkidəki “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alıb (1931–1936). 1936-cı ildən “Azərbaycanfilm”də çalışıb. Bir müddət Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. Müharibə (1941-1945) illərində cəbhə bölgələrində çəkilişlər edib. Rejissor həmçinin Sovet İttifaqının müxtəlif respublikalarında istehsal olunan bədii filmləri Azərbaycan dilinə dublyaj edib. Azərbaycanda həvəskar kino hərəkatının təşkilatçılarından biri olub.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə N.Bədəlov haqqında xatirələrini bölüşüb, sağlığında ondan atalıq qayğısı gördüyünü bildirib. Qeyd etdi ki, N.Bədəlov ümumilikdə 40-a qədər sənədli film (“Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və s.), “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib. Azərbaycan kinosunda gənclik mövzusunda çəkilmiş ilk sənədli film olan “Komsomol nəsli” filmi onun müəllif kimi fərdi, maraqlı, zamana müvafiq estetik cizgiləri ön plana çıxarır. N.Bədəlovun maraqlı ekran işlərindən biri də “Azərbaycan aşıqları” – Aşıqların I Qurultayından bəhs edən sənədli filmdir.
O da diqqətə çatdırılıb ki, İkinci Dünya müharibəsi və ondan sonrakı dövr, müharibə qəhrəmanlarının portretləri rejissorun yaradıcılığında xüsusi yer tutur. O, müharibənin, arxa cəbhənin təsvir həllini özünəməxsus boyalarla əks etdirməyə çalışıb.
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy sənətkarın öz filmlərinə ürək qoyduğunun hər ekran işində hiss olunduğunu deyib.
Rejissorun ailə üzvləri adından tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fonduna təşəkkürünü bildirib.
Tədbirin sonunda kinorejissor Niyazi Bədəlovun “Onun adı Serafino idi” və “Estafet” sənədli filmləri nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
İntizar ədəbiyyatı - Əli Tudə
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Kiminsə mənasız baxışlarında
Torpaqdı vətənim daşdı vətənim
Mənimsə dünya durduqca dünya üzündə
Qəlbimdə, gözümdə yaşdı vətənim
Siyasi, ictimai xadim, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı, mühacir Azərbaycan şairi Əli Tudə.
Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçmüşdür. Atası neft mədənində fəhləlik etmiş və buruq ustası vəzifəsinə qədər yüksəlmişdir. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib.
1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunur və təhsili yarımçıq qalır. İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Ərdəbildə fəhləlilik edir. Ağır həyat tərzi keçirir, lakin, bir gün belə olsun qələmini yerə qoymur, daim yazıb-yaradır.
1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri də Əli Tudə olur.
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilir.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi.
Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrilir. Şairin kitabı mətbəədəcə yandırılır. Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verir. Şair yenidən şimali Azərbaycana üz tutur və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayır.
Sovet pasportu daşımır və bir çox yüksək titul və mükafatlardan məhrum olur.
Bütün dünya görür ki,yarım əsrə yaxındır
Mən xalqımın içində siyasi mühacirəm
Mən sakin deyiləm hələ də müsafirəm
Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranır və o Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilir.
Əməkdə fərqləndiyinə görə medalı ilə mükafatlandırılır, Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunur.
O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülmüşdür.
Qardaş xəyalımı soraqlasan sən
Vətən çox genişdir sən hər yanda gəz
Ancaq ürəyimi tapmaq istəsən
Başqa yerə getmə Savalanda gəz
Yaradıcılığının başlıca motivlərini, nisgil, intizar, vətən həsrəti təşkil edən şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunmuşdur.
Ömrü boyu cənub intizarı çəkən Əli Tudə doğma kəndi Çanaqbulağa olan həsrətini belə ifadə edirdi:
Yol üstdəki bulağıyla kəndimizi istəyirəm
Gəncliyimin dodağıyla kəndimizi istəyirəm
Mənə şair balam deyən, şeir sənət qalam deyən
Durnalardan salam deyən kəndimizi istəyirəm
Gülqasımlı yarağanıyla, Gülburnulu bostanıyla
Günəşiylə, dumanıyla kəndimizi istəyirəm
Xəyal hicran dumanında, könül vüsal gümanında
Çanaqbulaq ünvanında kəndimizi istəyirəm
O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Ankarada Əhməd Cavadın xatirəsinə həsr olunan konsert keçiriləcək
Bu ilin may ayının əvvəlində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qərarı ilə Ankarada yaradılan Əhməd Cavad adına İnstitut Türkiyədə “Çırpınırdı Qara dəniz” adlı məşhur mahnının ilk ifasının 100 illiyinə həsr olunmuş konsert təşkil etməyi planlaşdırır.
AzərTAC xəbər verir ki, institutun rəhbəri, MHP liderinin baş məsləhətçisi, türkoloq, professor Ruhi Ersoy “Anadolu” Agentliyinə görkəmli Azərbaycan şairi və maarifçisinin irsinin təbliği ilə bağlı planlarından söz açıb.
Onun sözlərinə görə, bu günlərdə rəhbərliyin iclasında institutun fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib, Əhməd Cavadın xatirəsinə həsr olunmuş konsertin keçirilməsi qərara alınıb.
“Çırpınırdı Qara dəniz” mahnısı ilk dəfə 8 oktyabr 1924-cü ildə Qarsda Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün səfərlərindən birində səsləndirilib. Bu hadisənin yüzüncü ilində Ankarada konsert proqramı təşkil etməyi planlaşdırırıq. Məsələ Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə müzakirə olunur”, - deyə Ruhi Ersoy bildirib.
İnstitutun fəaliyyət planlarında məşhur Azərbaycan şairinin adının məktəblərə, küçələrə və təhsil mərkəzlərinə verilməsi ilə bağlı qərarların da imzalanması nəzərdə tutulur.
Bundan əlavə, Əhməd Cavadın həyat və fəaliyyəti mövzusunda qısametrajlı, sənədli və bədii filmlərin çəkilişi, bioqrafik çap nəşrinin hazırlanması nəzərdə tutulur.
“Gündəliyimizdə Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsində şairin adının əbədiləşdirilməsi məsələsi də var. Əhməd Cavad haqqında məlumat Türk dünyasının maariflənməsinin simvollarından biri kimi institutumuzun saytında da yerləşdiriləcək. Türk dünyasının gənc nəsli belə görkəmli şəxsiyyətlərdən xəbərdar olmalıdır” - deyə o, əminliyini ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Mədəniyyət Nazirliyi ermənilər tərəfindən musiqimizin mənimsənilməsinə qarşı konkret mübarizəyə başlayıb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Tarix boyu bədnam qonşularımız torpaqlarımıza göz dikdikləri kimi mədəniyyət nüminələrimizi də mənimsəməyə çalışıblar. Amma Mədəniyyət Nazirliyi yeni tərkibdə bu xoşagəlməz hallara qarşı əsl mübarizəyə qoşulub.
Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni, “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.
Yəqin bildiniz, söhbət yeddidən yetmiş yeddiyə bütün xalqımızın sevərək dinlədiyi bir mahnıdan gedir:
Sevgilim seyrə çıxaq
burda gəl ilk baharı
Gül açıb ömrümüzün
ən şirin arzuları
Anadır arzulara
hər zaman Qarabağ
Danışan dil dodağım
tar, kaman Qarabağ
Qarabağ can
Qarabağ ana yurdum...
Bu çəmənlərdə gəzir
Vaqifin şux gözəli
Ruhunu burdan alır
Natavanın qəzəlı…
Xüsusən söhbət Qarabağımızdan gedən bir mahnıdan gedirsə, bu zaman onun müdafiəsinə köklənmək vacibdir.
Mədəniyyət Nazirliyi milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Nazirlik və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparır.
Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayılıb.
Bəyanatda deyilir:
“Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bildirir: Qor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib”
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibət göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.
Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.
Nəticə barədə Nazirlik əlavə məlumat veriəcəyini bildirir.
Digər mənimsəmə halları ilə də mübarizə aparılacağı şəksizdir. Bu arada hər kəs külüngü bir yerə vurmalı, hər bir vətəndaşımız mədəniyyətimizə yiyə çıxmağımızla bağlı öz töhfəsini verməlidir. YooTube platformasında, kabel televiziyası kanallarında hər kəs diqqətli olmalı, hansısa mənimsəmə faktı ilə rastlaşarsa bunu ictimai müzakirəyə çıxarmalı, Mədəniyyət Nazirliyinə məlumat verməlidir.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Şəhidlər barədə şeirlər - Asiman Əliyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Asiman Əliyev
Asiman Əliyev Vaqif oğlu 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 1993-2001-ci illərdə Düylün kənd tam orta məktəbində, 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.
Asiman Əliyev 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) "Zabit" ixtisası üzrə təhsil alıb.
Azərbaycan Ordusunun mayoru Asiman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Salam, zəfər qalası,
Vətən şəhid, can şəhid.
Özün asimandasan,
Adın Asiman, şəhid!
Səni yuxuda gördüm,
Səmalarda dolaşdıq.
Yuxuda tanış olduq,
Yuxuda doğmalaşdıq.
Yaşımız da eynidir,
Arada az zaman var,
Mənim də üç balam var,
Sənin də üç balan var.
Bircə fərqimiz budur:
Sən şəhidlik yolunda,
Müqəddəslik yolunda...
Mən həsrətin donunda,
Sən Tanrının yanında.
Bir də ki, sən ucaldın,
Günəşəcən, ayacan.
İgidliyin deyilir
Bakıdan Şuşayacan.
Sağ ol, qələbəmizin
Şuşa-qala şəhidi,
Sən vətən şəhidisən,
Anan bala şəhidi.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
“Şərait metodu” nədir? - AKTUAL
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Son illərdə ənənəvi liderlik konsepsiyalarının uğursuzluğuna rəğmən alimlər liderliyin təhqiqinə yeni yanaşma metodları təklif etməkdədirlər.
Bu metodlardan da biri «şərait metodu»dur ki, onun da məğzi liderlik davranışının hər şəraitdə müxtəlif olmasıdır. Gəlin razılaşaq ki, lider olmaqçün sivilizasiyanın mərkəzi Amerikada, yaxud intellektuallığın mərkəzi Yaponiyada lazım olan liderlik keyfiyyətləri və şəraitlə, tutalım, hələ də yarımvəhşi insanlar yaşayan Qvineya-Bisauda lazım olan liderlik keyfiyyətləri və şəraitlər heç də eyni ola bilməz. Eləcə də, postsovet məkanında, lap elə bizim Azərbaycanda. Milli adət-ənənələr, mental xüsusiyyətlər, dövlət quruluşu, iqtisadi-siyasi vəziyyət, cəmiyyətin strukturu, xarakteri və daha nələr, daha nələr günümüzdə şərait metodunu xeyli aktuallaşdırıb.
Kitabımızda biz mütləq bir neçə ən çox qəbul olunan şərait liderliyi konsepsiyasından bəhs etməliyik, onlardan oxucularım üçün mən Fidlerin şərait liderliyi modelini, Tannenbaum – Şmidt liderlik davranışı kontiniumunu, Hensey və Blanşardın şərait liderliyi modelini və Hauz və Mitçelin «Yol-məqsəd» liderlik modelini seçmişəm.
Növbəti günlərdə bu modellərlə ötəri də olsa tanış olacaq, onların mahiyyətinə diqqət yetirəcəyik.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Qəbirlər də qəribləşir – TAMXİL ZİYƏDDİNOĞLU
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün "Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir” məqaləsi təqdim ediləcək.
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar?!
Bir də bu elin yaralarına isti nəfəsiylə məlhəm qoyan bir oğul vardı. "Qarlı aşırım"dan oğuz ellərinə hay salan, cığa boyda qələmilə toplu-topxanalı Sovet İmperiyasına meydan oxuyan bir oğul. Ürəyinin bir guşəsində Abasqulu
bəyə, birində Kərbəlayi İsmayıla heykəl qoyan Fərman Kərimzadə.
Fərman Kərimzadə 1937-ci ildə doğulmuşdur. O illərdə ki, Stalin repressiya-sının dalğaları Qərbi Azərbaycandan üzübəri bütün Azərbaycan məmləkətini bürümüşdü. Bu məmləkəti sevənlər ya güllələnir, ya ömürlük həbs olunur, ya da sürgün edilib Azərbaycan üzünə həsrət qalırdılar. Ulu Yaradan Fərman Kərimzadəni belə məqamda bəxş etmişdi Azərbaycana. Bəxş etmişdi ki, 37-cilərin yeri boş qalmasın. Amma onun ağrı-acılı günləri 37-ci illərinkindən də erkən başladı. 10 il sonra l947-ci ilin dekabrında Qərbi Azərbaycanın erməniləşdirilməsinə xidmət eləyən Arutyunov indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindəki azərbaycanlıların oradan köçürülməsi xahişi ilə İosif Stalinə məktub ünvanladı. İki həftə keçməmiş Stalin Kremldə SSRİ Nazirlər Sovetinin "Ermənistan Sovet Sosialist Respublikasından kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan Sovet Sosialist Respublikasının Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarını imzaladı.
Həmin qərara əsasən, 1948-50-ci illərdə Qərbi Azərbaycandan, öz dədə-baba yurdundakı doğma ocağından 100 min azərbaycanlı Kür-Araz ovalığına deportasiya olundu. Onlardan biri də İsmayıl kişinin 12 yaşlı oğlu Fərman idi. Beləcə bir əli ilə millətçilərə sığal çəkib "millət atası" adını alan İosif Cuqaşvili o biri əli ilə yüz minlərlə Fərman kimilərimizin deportasiyasına fərman verirdi.
1949-cu ildə Böyük Vedi kəndindən zorla çıxarılan İsmayıl kişinin ailə üzvləri də yüz minlərlə soydaşımız kimi yük vaqonlarına doldurulur. Didərginlərimizin dəmir karvanındakı ağrı-acılarını yaşayan Fərman Kərimzadə növbəti milli-tarixi faciəmizə şahidlik eləyə-eləyə Yevlax rayonundakı Mal Binəsi kəndinə köçürülür. Yevlax arxivindən verilən məlumata görə, buraya uyğunlaşa bilməyən Kərimzadələr Beyləqan rayonuna üz tuturlar. Şura hökumətindən gördükləri, xalqının gözü önündə yaşanan faciələri Fərmanı erkən yaşa doldurub kamilləşdirir. Milli-mənəvi dərd yükünə çiyin verə-verə boy atır, müdrikləşir. Qələminə tapına-tapına Azərbaycanın bütövlüyünə boylanır. Şura hökumətinin dünyaya meydan oxuduğu 60-cı illərdə "Axırıncı aşırım"dan ekrana çıxaraq qəhrəmanının dili ilə "Mən belə hökuməti tanımıram", – deyir.
Doğma od-ocağından didərgin salınan Fərman Kərimzadənin yeganə təsəllisi Vediyə getmək, ağrı-acısını el-obasında qurulan büsatların şirinliyində əritmək idi. Tale bunu da ona çox gördü. Erməni-rus məkri ilə qədim-qayım elləri yenidən pərən-pərən düşdü. 1988-ci ildə Qərbi Azərbaycandan baş alan didərgin axını, çovğunlu-boranlı dağlarda qırılıb çatılan tifillərin, qocaların ah-naləsi, heç yana çatmayan fəryadları Fərman Kərimzadənin varlığına qənim kəsildi. O, soydaşlarının düçar olduğu məşəqqətləri öz şəxsi taleyinə köçürdü. Bakıda, Moskvada səlahiyyətlilərin qapısını döyə-döyə məkrli siyasətin qurbanına çevrildi. Şəhid oldu.
Bəli, şəhid oldu Fərman Kərimzadə. Azad, müstəqil, bütöv Azərbaycan uğrunda mübarizələrdə, qələm cihadında, söz döyüşlərində aldığı "söz güllələrindən, dil yaralarından" şəhid oldu. Artıq 36 ildir ki, onun səsinin, nəfəsinin həsrətindəyik.
Əslində, Fərman Kərimzadənin üzünü görməmişdim. Heç səsini də eşitməmişdim. Təkcə nəfəsini duymuşdum. Bütöv Azərbaycan təşnəli, Təbriz nisgilli yurddaş nəfəsini. "Xudafərin körpüsü"ndən duymuşdum bu xoş nəfəsi, bu Təbriz namusuna hopan, ruhumuza-qanımıza, iliyimizə işləyən isti nəfəsi.
Mənim qüdrətimdə deyil onun yaradıcılığına baş vurmaq, dodaq tərpədib Fərman Kərimzadə şəxsiyyəti haqqında söz demək, onun bir-birindən şah əsərlərini təhlil etmək. Sadəcə şəhid ziyalımızın adını anmağı borc bildim. Borcumu ödəmək üçün tanımadığım bir ünvana-Binəqədi qəbiristanına üz tutdum. Ziyarətə əliboş gəlmişdim. Şəhid analarının göz yaşı ilə sulanmaqdan ağırlaşmış qərənfili onsuz da ağır olan sinə daşına yük eləmək istəmirdim.
Avtobusdan yolayrıcında düşdüm. Soraqlaşmaq üçün kimə yaxınlaşdımsa, yolunu dəyişdirdi. Elə bil nədənsə həmin gün hamı məndən qaçırdı. Axır ki, bir küçədən yol aldım. Tərslikdən bu da "Gülüstan" küçəsi imiş. Tarixi ayrılığımızın şahidi olan Gülüstan. Bu da bir tale işiymiş deyib, yoluma davam elədim. Xeyli gedəndən sonra qarşıma bir hamilə gəlin çıxdı.
– Oğul anası bacım, mənə qəbiristanın yolunu göstər, dedim: – Yolu göstərib, qabaqdakı döngədən dönərsən, – dedi. Döngədə 7-8 yaşlarında bir oğlanla rastlaşdım. Yolun davamını da o göstərdi. Allahıma şükür elədim. Ona görə şükür elədim ki, Fərman Kərimzadəyə aparan yolu dünyanın pisliklərinə bulaşmayanlar göstərdi. Belə yollar həmişə müqəddəs olur. Bu yol məni bir çiçəkli təpəyə apardı. Çiçəklərdən dəstə tutdum. Çox dolaşdım, ziyarətgahımı tapa bilmədim.
Qəbir daşlarının hamısı görünürdü, mənim axtardığımdan başqa. Taqətdən düşüncə gəzdim, axtardım. Ayaqlarım sözümə baxmayanda qıy vurub dəlicəsinə qışqırdım, ey, hardasan, ay Azərbaycanın hər yerindən görünənim?!
Səsimə bir quş pərvazlandı. Ömrümdə bu biçimdə, bu yaraşıqda, bu gözəllikdə quş görməmişdim. Quşun qalxdığı yerə gəldim. Təəccüb, heyrət, giley-güzar, umu-küsü, sevgi dolu qərib baxış məni yaxın buraxmadı. Fərman Kərimzadənin baxışları idi sual dolu o baxışlar. O baxdıqca mən acizləşdim. Acizliyimi gizlətmək üçün yerimi dəyişdim. Yerimi dəyişə-dəyişə özüm də bilmədən qəbrin başına dolandım. Dolandıqca ona bağlandım, o doğma baxışların sehrindən çıxa bilmədim. Qulağıma bir səs gəldi, – oğul, gələndə dərdimə dərman gətir! Bu səs anamın səsi idi, səsə tərəf yön aldım. Çiynimə qonan qərib quş isə hələ də qəbrin başına dolanırdı.
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “Avtobioqrafiya” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın şeirlərini təqdim edir.
AVTO BİOQRAFİYA
1989-am; 1368,
Nisgiləm,
Harayam,
Bağrı qarayam...
İnsanam və özgürlüyün özü;
Yəni öz kefimin paşası!
İgid babamın adını seçdim.
"Paşa"-yam;
Yam-yaşıl Muğanda doğuldum;
Xəzəlin göbəyində.
Kiçik yaşlarımdan şeirlə boy atdım.
Əzbərlədim qəbir şeirlərini!
Atamın söylədiyi nağılları,
Anamın nisgilli bayatılarını və
Sevdim anamı; dilini daha artıq.
Onsəkkizimdə dil açdım.
Ondoqquzumda əsgərliyə getdim
Gənc qardaşımla birlikdə.
Bu anlar şeir içimi döydü!
Çəkib canımdan dağıtdım varaqlara
İçimdəki darıxma qasırğasın...
Bitirib gəldim və son günündə gəldi
Əsgər qardaşım;
Amma əllərdə!..
Bu çağlar sevgi də məndə güllələndi
Və dağıldım...
Bitki uzmanlığı bitirdim Bilim Yurdunda,
İyirmi ikimdə ədəbi dərnəklərlə tanış oldum.
Az sonra Muğanın şeir dərnəyində,
Yazıçılar birliyində birinci səsi qazandım.
Şeir və hekayə oxudum dünya yazarlarından
Və yazıldım neçə ölkədə.
İyirmi üçümdən uşaqlar üçün yazdım,
Kitab etdim neçə dönə.
İyirmi səkkizimdə məzar şeirim doğuldu;
Doğum günümdə!
İyirmi doqquzumda işimdən atıldım...
Yalqızlığımda yalqız olmayanda darıxdım.
Darıxmalarımı Nəsimidə yaşadım
Füzulinin dərdli sətirlərində;
Ramizdə, Xəlil Rzada, Bəxtiyarda
O tayda, bu tayda;
Arazda yaşadım, yaşa doldum aramızda
Yəni yaşamadım yaşam boyu...
Bu an
Otuzumdayam;
Və hələ də iyirmi birimdə!..
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)
Mətanət Ulu Şirvanlının “Dikbaş”ı
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr zamanıdır, sizlərə Mətanət Ulu Şirvanlının “Dikbaş” hekayəsini təqdim edirik.
“Prado” markalı “cip” musiqi sədaları altında sürətlə şütüyürdü. Xarici estradanın gurultusu maşının kabinəsindən ətrafa yayılır, küçədəki insanlar narazılıqla başlarını bulayırdılar. Maşın bir neçə dəfə küçəni boş-boşuna şütüyəndən sonra sürətlə dar dalana buruldu.
Əlil arabasında oturan, hər iki ayaqdan məhrum olan cavan, şikəst adam zorla darvazanı açıb küçəyə çıxmışdı ki...
Elə o andaca böyük uğultu və səs-küy küçəni başına götürdü. Cavan sürücü əyləci basmağı ilə maşının burnu yerə dirəndi, sonra da fırlanıb yaxınlıqdakı dəmir darvazaya çırpıldı.
Əlil arabasındakı adam donub arabanın üstündə qaldı. Sürücü maşından düşüb yüyürərək əlil arabasındakı adamın yaxasından yapışdı:
– Ə, axmaq oğlu, yolun ortasında nə gəzirsən? Canından bezmisən, bilərəkdən özünü maşının altına atırdın?!
Adam kəkələdi:
– Siz...z...siz qəfildən peyda oldunuz. Mən imkan tapıb yoldan çıxa bilmədim. Hələ, üstəlik, darvazamı da əzdiniz.
– Sənin ucbatından təzə maşınım əzildi. Mərdimazar! – deyib, oğlan əlini cibinə atdı. Telefonunu çıxarıb:
–Papa, qəza oldu. Maşınım əzilib, – bir neçə saniyəlik susan cavan sürücü sözünə davam elədi –yox, özümə heç nə olmayıb. Nə bilim, əşşi, bir mərdimazar çıxdı qarşıma. Yox, sağdı, adamı vurmamışam. Deyərəm, gələr, yaxşı, –deyib telefonu söndürdü.
Oğlan üzünü əlil adama çevirib əlindəki kartı ona uzadaraq dilləndi:
–Götür bunu, get burada yazılan ünvana, səni gözləyirlər.
–Niyə? Mən nə günahın sahibiyəm ki? Maşını siz aşırtdınız – desə də, əlini uzadıb kartı oğlandan aldı.
–Az danış, get, yoxsa başın ağrıyar, –deyib maşına qayıtdı.
Əlil adam arabasını əli ilə sürərək dalanı burulub gözdən itdi. Onun arxasınca baxan oğlan kişinin dalınca tüpürüb dedi:
– Dilənçi köpək oğlu, indi dilənib yığdığın pulları verərsən təzə maşına.
***
Rəisin gur səsi yarıaçıq qapıdan dəhlizə qədər yayılırdı. O, bərkdən danışıb-gülür, kimə isə oğlundan fəxrlə danışırdı.
– Bu il universitetə qəbul olunub. Hədiyyə? Hə, bağışladım. Ə, köpək oğlu bayaq zəng eləmişdi ki, bəs ona bağışladığım maşını əzib. Nə bilim, əşşi, deyir, bir mərdimazar kişi özünü yolun ortasına atıb. Bu da ki xam sürücüdür də. Qoy o adam gəlsin, görüm, ondan nə qoparda bilirəm.
Bu söhbətdən sonra rəis danışdığı adamla sağollaşdı. Sonra uca səslə:
– Ay qız, orada gözləyən adamı burax yanıma, – deyib qaşqabağını tökərək, kreslonun arxasında yerini rahatladı.
Katibə qapını geniş açıb, əlil arabasında oturan kişini kabinetə yola saldı. Rəis araba ilə qəbula girən adamı görüb, təəccüblə gözlərini bərəldərək dilləndi:
–Ay qız, mən gözlədiyim adamı göndər, – dedi.
Katibə sıxıla-sıxıla:
–Rəis, elə həmin adamdı.
–Lənət şeytana! –deyən rəis kişinin üstünə çımxırdı. – A kişi, niyə mərdimazarsan?!
–Rəis, vallah, mənim heç bir günahım yoxdu. Sürətlə sürürdü maşını. Ona görə aşırdı, sonra da maşın yumbalanıb dəydi mənim darvazama. Darvazamı da əzdi. Kasıb adamam, vallah. Darvazamı necə düzəltdirəcəyəm heç bilmirəm.
–Darvazanı necə düzəltdirəcəksən, bilmirəm, amma maşını düzəltdirəcəksən!
–Qardaş, başına dönüm, mən kasıb adamam, necə düzəltdirim maşını. Özüm də şikəst adamam, görürsən.
–Mənə nə var şikəstsən. Şikəstsən, qaxıl otur evində. Tay küçəyə çıxıb özünü bilə-bilə maşının qabağına niyə atırsan, hə?!
–Bilə-bilə etmədim. Küçəyə də həkimə getmək üçün çıxmışdım. Kəsilən ayağıma...
Rəis əlil adamın sözünü ağzında qoydu:
– Sənə nə lazımdır? – kinayə ilə güldü. Ayağını niyə kəsiblər, bilmirəm, amma onu bilirəm ki, mənim maşınımın pulunu kəsməyəcəksən. Eşitdin?!
Şikəst adam dözmədi, əsəbiləşdi:
– Mənim ayağımı döyüş bölgəsində – Qarabağda kəsiblər. Sən burada rahat yatanda mən güllə altında, döyüş bölgəsində səni, sənin qudurğan oğlunu qoruyurdum.
Rəis özünü itirdi. Kəkələdi:
– Qazisən... – deyə mızıldadı:
– Gərək ayaqlarını qoruyaydın, – dedi.
–Mənim ayaqlarım səndən, sənin oğlundan qeyrətlidir. Özüm döyüşdən qayıtsam da, ayaqlarım qayıtmadı. Vətən torpağına qarışıb orda qaldı.
Rəis duruxdu. Nə deyəcəyini bilmədi. Qarşısındakı adama haqsızlıq etdiyini bilsə də, özünü o yerə qoymadı. Özünü vətənpərvər adam kimi göstərərək dilləndi:
–Çıx get, qurban olasan Qarabağda qalan ayaqlarına. Dikbaş!
–Dikbaş? Hə, mənim üzüm ağ, başım dikdir! Qarabağım azaddır!
***
Əlil arabası rəsisin otağından azadlığa çıxdı. Keçmiş döyüşçü göz yaşları içərisində gülümsəyir,“Dikbaş” kimi gəldiyi yolu məğrurcasına geri dönürdü...
“Ədəbiyyat və incəsənət”
(15.07.2024)