
Super User
Xüsusi Təyinatlı yazıçı - YUNUS OĞUZUN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun öz təyinatı var- keçmişdən gələcəyə miras daşıyır..
Xoşbəxtdir- hər iki dünyanın rəhmətini qazanır...
Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım…
Yeddi rəngdən üçü ruhunda var, biri də olsaydı dərviş adlandırardım- bunu ariflər üçün söylədim...
Hər adam üçün danışmır- onu anlayanlar anlayır, anlamayanları yorur...
Tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir...
Həmkarları keçmişdən yazıb, bu günə təqdim edirlər. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq. Onu bu günkündən çox tanıyacaqlar...
Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən onu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir- bunu xidmətləri deyir...
Söylədikləri Quran ayəsi deyil, amma arxasıyca haqqı çəkən kəlmələrdir- onu eşitməyə dəyər...
Düşünür, düşündürməyi də bacarır- dərin adamdır…
Sıradan bir nəfər deyil- qənimət insanlardandır…
And olsun, həzrət Yunusa! Yunus peyğəmbərdən sonra yadda qalacaq üçüncü Yunus odur. Ortada Yunus İmrə də var...
İyulun 22-si Yunus Oğuzun yeni yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirəm.
Rəngləri heç zaman solmasın, rəngli arzuları çin olsun!
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Mahcamal Babayeva haqqında - QƏMİN TƏRİFİ
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Bir gün gözlərinə baxdım və itirdiyim hər itgimin təsəllisini tapdım…
Bu gün mən bir qadın şairin mənim dünyamda tutduğu yerindən danışmaq istəyirəm.
Onunla sevimlim Vaqif Səmədoğlunun ev muzeyində qarşılaşdım. Səbirli, təmkinli, ağıryana baxışlarıyla diqqətimi çəkdi. Həmyaşıdlarından çox seçilirdi. Təmkini ilə və ədəbiyyata vurğunluqu ilə o, çox fərqli idi. Sonra qoluma girib evə tərəf yollandıq. Başdan ayağa qəzəl, söz olan bu qadının elə adı da mənə xoş gəldi. Mahcamal, yəni Ay Üzlü. Bütün yolu mənə qəzəllərindən dedi. Bu yolun uzanmağını istədim, yalnız yol da bitdi, qəzəllər də.
Və illər keçdi. Şeir-şeir bu gözəl ruh şairini izlədim, öyrəndim.
Yalnız ...
Zamanla düçar olduğu dərd onun üzünə, gözlərinə çökdü. Bu gözəl ruhun bu qədər dərdə-qəmə batması məni yaman üzdü. Bu elə bir qəm idi ki, Mahcamal xanımın üzündən-gözündən axıb dünyaya dağılırdı. Bu elə bir acizlik idi ki, onun söz ilə ifadəsi yoxdur. Düşünürəm, bu haqsız dünyada Şair olmaq özü bir xoşbəxtikdir. Çünki dərdi nəxş edən Allah bu xanıma gözəl istedad da verib.
Qadın, kişi şair deyirlər. Mən heç bu lazımsız düşüncəylə razılaşa bilmirəm. Nə qadın, nə kişi var. Şair ruhdur. Yalnız Ruh halını Şeir məqamında saxlamaq insanı bu fani dünyada qoruyur. Şair Mahcamal dünyanın uçurum halını belə izah edir.
Vermə saqi, mənə hicran qədəhin, vermə daha!
Acı badəmdən acı an qədəhin vermə daha!
Eşqimi qanına qəltan elədi dövrü zaman,
Saqi rəhm et! Mənə al qan qədəhin vermə daha!
O vüsal badəsin hər kəs çox asan aldı ələ,
Qəliz olmuşluğun əlvan qədəhin vermə daha!
Salmadım meyli qızıl teştinə dünya malının,
Nə hömkdar, nə də bəy, xan qədəhin vermə
daha!
Zülm əlindən bu cahan mülkünü tərk etmədəyəm,
O gülüstanlığa heyran qədəhin vermə daha!
Min ilin karvanı əl yelləyir artıq gedirəm...
Qəm, sitəm karvana sarvan qədəhin vermə daha!
Mahcamal, dur! Güman içrə bir ümid vardır hələ...
Zaman ümmanına bir can qədəhin vermə daha!
Şair bu dövranla, bu aləmlə barışır. Bəzən ətrafda hər kəsə təsəlli verir, söz qəzəl diliylə həyatın keşməkeşliyini başa salır. Yalnız özünə gücü yetmir. Özü ilə bacarmır.
Mahcamal Babayeva Azərbaycan qadın qəzəl yazan şairlər içində sayılan fərqliliyi ilə düşüncəsinin itiliyi ilə, qəzəllərinin dilimizin, kökümüzün keşiyində duran ali qəzəlxan şairlərimizdəndir, mən deyərdim ki, birincidir. O, gözəl duyur, qəzəlləri onun canının, ruhunun məhsuludur. Ustadları təkrarlamır. Özüdür. O, qəzəllərində özünü, öz baxışlarını oxucusuna izah edir.
Mahcamal Babayeva ədəbiyyat üçün gərəkli simalardan biridir. Əlbəttə, bizim ədəbi mühitimiz o qədər də hamar və əmin yer deyil. Çünki nə bəladırsa hamı özünü yuxuya verib şair oyanmaq istəyir. Sözün atasını yandıran bəzi şairlərin xor uğultusunu susduran incə ruhlu, sanballı, gözəl şairlər də az deyil.
Ədəbiyyatı yaşatmaq istəyənlər onu yerlə yeksan etmək istəyənlərdən az deyil.
Yalnız mən ümid edirəm ki, bəzi gözəl şair ismləri içində Mahcamal Babayevanın adı həmişə olacaq. Yazını yazarkən belə onun özümə qarşı olan mehribanlığını, mərhəmətini hiss edirəm. İnsanları sevməyən gözəl şeir yaza bilməz.
Niyə bu yazının adı "Qəmin tərifidir"? Bir qəm bu qədərmi gözəl izah olunar? Allah
dünyadan vaxtsız gedən qız övladı üçün yanıb yaxılan Ana bu dünyanın bəla, qəza qədərindən aciz qalsa da, hər yerdən əlini üzdüyü an belə, ona yeganə təsəlli olan sözündən, inci kimi düzdüyü qəzəllərindən əl çəkə bilmir.
Səntirləmə ey təb, mənə biganə yanaşma.
Məstanə ol, ancaq dəli, divanə yanaşma.
İlham pərimi tut gətir ahəstə, aramla,
Əvvəlcə əlin tut, hələ dur, canə yanaşma.
Qoy gözlərinin aynası sözdən nəzər alsın,
Qoy vəslə təməl, bir daha hicranə yanaşma.
Söz mülkümü tərk eyləmə ey təb, belə olmaz!
Küskünlüyü tərk et, mənə fərzanə yanaşma.
Getdin, qəmin ümmanı o an qoynunu açdı,
Gəl, gəl dedi, ancaq dürə, mərcanə yanaşma.
Hər kimsə bu cür laf eləyib, təblə görüşmüş,
Görmüş zor olur bagə, gülüstanə yanaşma.
Ey Mahcamal, ilhamla təbin xiffətin etmə!
Gəl sən sayıq ol, nakəsə mərdanə yanaşma.
Onun dərdinin, qəminin tərifi şeirləridir.
Övladları, dostları başına fırlansa da gecələrin, səhərlərin eyniliyi onu darıxdırır. Hərdən bu gözəl anaya məktub yazmaq istəyirəm. Bilmirəm həzin qəmli səsinə necə təsəlli olum. Hərdən evdə olarkən, ya yol gedərkən səsi və üzündə olan qəmin şəkli, həzin siması gözümünün önünə gəlir.
Son zamanlar bir hadisə məni sevindirdi. Uzun zaman öz hücrəsinə çəkilib qəminin dəmində qovrulan gözəl Mahcamal Babayevanın son illər yazdığı qəzəllərini bir yerə toplayıb, kitabını nəşr ediblər. Buna sevinməyəsən, nə edəsən.
Uzun müddət təqdimatlara gedə bilməsəm də, bu tədbirdə az da olsa işirak etdim. Gözəl şairimiz İlqar Fəhminin açdığı bu tədbirdə kimlər yox idi. Elm adamları, şairlər, qirayətçilər, onun söz dünyasına valeh olan hər kəs.
Kitab "Hələ də gec deyil" adlanır.
Bu sözü çoxşaxəli yozmaq olar. Yalnız butun bu yozumların sonu yaxşılığa, işığa və nura yol açır.
O yol ki, Mahcamal adlı bir Günəş öz işığından azalda bilmir.
Az zaman olar ki, aktyor Tural Əhmədin ifasında onun bir qəzəlini dinlədim.
O gedən gündən edir zülmünü zindan gecələr,
Daha yanmır çırağım, olmayır əlvan gecələr.
Nə yuxum var ki, görüm hüsnünü röyada onun,
Nə gücüm var ki, üzüm dalğalı ümman gecələr.
Mənə candan da əziz sevgili cananım odur,
O vüsal badəsinə süzsə də hicran gecələr.
Sübhə tək fikri-xəyal zülfə tumarın çəkir hey,
O siyah tellər olur büsbütün üryan gecələr.
Kipriyin çalsa da dan, daima ahəstə yatan,
Eləyibdir bu könül mülkümü viran gecələr.
Yox hüdud səbrimə, ümmidlə güman oldu dayaq,
O dayaqlar yox olur tənha, nigaran gecələr.
Mahcamal, tut qələmin incə belindən belə ki,
Tökə göz yaşlarını, eyləyə neysan gecələr.
Bu gözəl ifanı dinlərkən dərdin büküm -büküm etdiyi yuxusuz gecələri xatırladım. İnsan dərd ilə sevincdən ibarət varlıqdır.
Sadəcə bunu dərk edib anlamaq, bu dünyayla barışmaq gərəkdir.
Bəli bu da bir məktubdur.
Mən bu gün də bir az bu mələksima, ürəyi ümman qadınla dərdləşdim. Ona yazılacaq məktublarım bitməyəcək, bunu bütün ruhumla duyuram.
Bu dünyanın gərdişi ilə barışıb şeir aləminə gözəllik qatmaqda davam etsin hələ..
Ey can, hünər et, gəl məni dövranla barışdır.
Çönmüş fələyi bir təbi ümmanla barışdır.
Tutmur neçə müddətdi əlimdən, gözü dönmüş,
Gəl, güclə deyil, bir ədəb-ərkanla barışdır.
Gəl söylə əzəldən bu könül mülkü talanmış,
Ömründə əsən yelləri səhmanla, barışdır.
Bir taleyi kəm, küskün özündən bəşərəm mən,
Gəl, yaxşılıq et, insanı insanla barışdır.
Gəl Mahcamalın bəxtini röyadan oyandır,
Dünyanı əsilzadə qəzəlxanla barışdır.
Çünki o barışarsa məni də mənim kimi ürəyi itgilərdən param-parça olanları da barışdırar.
Dünyanın kədərinin qəminin sonu görünmür.
Mələklər isə qəmin içində parıldayan işıq selidir.
Mahcamal Babayeva Şeyriyyat dünyasının işıq selidir. Onun qədrini bilin, söz adamları.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzinin Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi seçim turlarına qeydiyyat davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin yaydığı məlumata görə, turlar xarici dillər, ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün sənədləri (Şəxsiyyət vəsiqəsinin surəti; CV) bu ilin oktyabrın 31-dək Mərkəzin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küç., 27/121A; AZ1033 ünvanına təqdim edə bilərsiniz.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir.
Turlarda iştirak ödənişlidir.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Azərbaycanlı pianoçu Marsiak caz festivalında iştirak edib
Marsiak 46-cı caz festivalı dünyanın çox nüfuzlu sənətçilərini bir araya gətirib.
AzərTAC xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli festivalın xüsusi qonağı olub.
Festival çərçivəsində Ş.Növrəsli amerikalı caz ustası, pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın xatirəsinə həsr edilmiş konsertindən əvvəl Areta Franklin Kollecinin şagirdləri ilə görüşüb. Onun gənc musiqiçilər üçün master-klası təşkil olunub.
Builki Marsiak caz festivalında məşhur pianoçu Əhməd Camalın xatirəsinin anılması, onun vəfatının ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub.
Qeyd edək ki, Marsiak caz festivalının mahiyyəti onun eklektik və ruhlandırıcı proqramı ilə sübut olunduğu kimi, sərhədləri aşmaq bacarığındadır.
Festival avqustun 4-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
Teatr Xadimləri İttifaqına yenə də Hacı İsmayılov başçılıq edəcək
İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XV konfransı keçirilib. Konfransda Teatr Xadimləri İttifaqının üzvləri və respublikanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş olunub və hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edən, Xalq artisti Hacı İsmayılov bildirib ki, ATXİ-nin İdarə Heyətinin qərarına əsasən konfransa nümayəndəlik norması hər 10 nəfərdən bir nəfər seçilib, konfransın işində 75 nümayəndədən 67-si iştirak edir. Səkkiz nəfər isə üzrlü səbəblərdən iştirak etmir.
Daha sonra Hacı İsmayılovun təklifi ilə üç nəfərdən ibarət mandat komissiyası seçilib.
İclası aparmaq üçün tanınmış aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov yekdilliklə sədr seçilib.
Konfransda Hacı İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının son 5 ildə keçdiyi inkişaf yolundan bəhs edib, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hacı İsmayılov gənclər üçün yaradılan şəraitdən danışaraq teatrların demək olar ki, hamısında gənc nəslə çox önəm verildiyini deyib. Həmçinin istedadlı gənclərin diqqət mərkəzində saxlanıldığını, onların daim öz üzərilərində çalışması üçün teatrların göstərdikləri dəstəkdən bəhs edib.
Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə də məlumat verilib. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil olunduğu vurğulanıb. Həmçinin bu tədbirlərin təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə etdiyi vurğulanıb.
Məruzəçi ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də məlumat verib.
Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş Komissiyasının sədri, Əməkdar incəsənət xadimi Hafiz Quliyev hesabat verib. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer alıb.
Ardınca mandat komissiyasının məlumatı dinlənilib.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlayıb.
Konfransda çıxış edən Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqların, aktyor və rejissorların böyük rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi barədə danışıb. Bildirib ki, bu layihə çox uğurlu olub, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini daha da fəallaşdırıb.
Xalq artistləri Mərahim Fərzəlibəyov, Sabir Məmmədov, İlham Namiq Kamal, Əməkdar incəsənət xadimləri Əli Əmirli, Ağalar İdrisoğlu, Əməkdar artistlər İntiqam Soltan, Şövqi Hüseynov, Rəhman Rəhmanov, “Günay” uşaq teatrının bədii rəhbəri Larisa Tarusova hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə Heyəti sədrinin fəaliyyətini müsbət, Təftiş Komissiyasının işini məqbul qiymətləndiriblər.
Daha sonra ATXİ İdarə Heyətinin sədri, üzvləri, habelə Təftiş Komissiyası heyəti ilə bağlı səsvermə keçirilib.
Açıq səsvermə yolu ilə Hacı İsmayılov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Sonra Təftiş Komissiyasının üzvləri Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artisti Firudin Məhərrəmov və Əməkdar artist Nadir Xasıyev seçiliblər.
Yeni seçilən sədr ona göstərilən etimada görə konfrans nümayəndələrinə təşəkkürünü bildirib və İttifaqın İdarə Heyətinin yeni tərkibini elan edib. Xalq artistləri Azər Zeynalov, Mərahim Fərzəlibəyov, Siyavuş Kərimi, Cənnət Səlimova və İlham Əsgərov yekdilliklə İdarə Heyətinin üzvləri seçiliblər.
Bundan əlavə, İlham Namiq Kamal və Azad Şükürov ATXİ İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə təsdiq olunublar.
Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Firudin Məhərrəmov oxuyub.
Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı öz işini başa çatdırıb.
“Ədəbiyyat və incəsənət”
(23.07.2024)
AYB Lənkəran bölməsində jurnal təqdimatı
Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsində Bölmənin ədəbi-bədii orqanı olan "Şəfəq" jurnalının 2024-cü ilin 1-2 -cı sayının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Bölmədən verilən məlumata görə, tədbirdə Lənkəran, Cəlilabad, Masalli, Lerik və Astara rayonlarında yaşayan yazarlar, ziyalılar və oxucular iştirak ediblər.
Çıxış edənlər jurnalın təqdim olunan sayı ilə bağlı fikirlərini, təkliflərini, arzularını bildiriblər.
İştirakçıların böyük fəallığı ilə keçən təqdimat mərasimi maraqlı anları ilə yaddaşlara yazılıb.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Bu dəfə Şəkidə - AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ LAYİHƏSi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “''Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 20 iyul 2024-cü ildə qaim-qədim Şəkidə, Şəki şəhər Dövlət Regional Kollecində növbəti konsert tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” poryallna İB-dən verilən məlumata görə, tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi anılaraq, dövlət himni səsləndrilib. "Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq, tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun prezdenti, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. Bu il həmin əlamətdar hadisənin 10 illiyidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Bu münasibətlə Mirvarid Dilbazi Poeziya Məclisi layihə çərçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Şamaxıda və Bakıda konsert proqramları keçirir və qədim kəlağayılar sərgilənir. Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun papuliyarlığını daha da artıracaqdır.
Sonra söz, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğluna verilib. O, çıxışında qeyd etdi ki, Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir. Bu səbəbdən Şəki şəhəri qədim memarlıq və tarixi abidələrlə zəngindir. Şəki kəlağayı istehsalının dünyaya yayıldığı bir coğrafi məkandır. Bu gün də ipəkçilik və kəlağayı istehsalı Şəkidə davam etdirilir. Kəlağayımızın milli-mənəvi dəyərimiz olmasını onu nəsillərdən nəsillərə qiymətli bir əmanət kimi təqdim edilməsini təbliğ etməyə böyük ehtiyac vardır. Mirvarid Dilbazi Poeziya Məclisi bu yolda böyük işlər görür. Buna kəlağayı ədəbiyyatının yaranmasını misal göstərmək olar. Birliyin təşəbbüsü ilə kəlağayı haqqında beş kitab işıq üzü görüb. Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirərək, qədim kəlağayıların sərgisini təşkil edib. Vüsal Sehranoğlu ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinə maddi dəstək göstərdiklərinə QHT Agentliyinə minnətdarlığını bildirib.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayının Şəkidə istehsalının inkişafından, toy-düyünlərimizdə bu gün də necə istifadə olunmasından maraqlı açıqlamalar verib.
Daha sonra Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AYB-nin Şəki Filialının rəhbəri, şair Vaqif Aslan, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin şöbə müdiri Fərqanə Salamova, 3 nömrəli Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Sabahinfo saytının əməkdaşı Elnarə Həziyeva, şairlərdən Əfsanə Rəvan, Gülarə İnci, Zaur Səfərov və başqaları çıxış edərək, tədbirin mahiyyəti, önəmi və vacibliyindən danışdılar. Bildirdilər ki, xalqın tarixi keçmişinə aid olan geyimləri onun mədəniyyətini öyrənmək üçün əsas mənbələrdən sayılır. Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasına əyani sübutdur. Milli-mənəvi dəyərlərin təbliği yolunda Mirvarid Dilbazi Poeziya Məclisinə və maddi dəstək göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıqlarını bildirdilər.
Aşıq Solmaz Kosayeva, Vüqar Hüseynov, Anar Yusifzadə, aşıq Yaşar Cavadov və şagirdləri - Həqiqət Əliyeva, Əli Məmmədov saz ifaları ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, ''Kəlağayı Ev Muzeyi''-nin direktoru, lahiyə rəhbəri Güllü Eldar Tomarlı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Şəki Rayon İcra Hakimiyyətinə, Şəki şəhər Dövlət Regional Kollecinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “İnqilab qoxusu” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın şeirlərini təqdim edir.
İNQİLAB QOXUSU
İnqilab qoxusu gəlir;
İntihar edir dodaqlarım
Yaxınlaş mənə.
Eheeeey gözləri poeziya xiyabanı,
Muğanda qora pişirən ay;
Təbrizdə titrəyən Ərk
Şuşada həsrət...
Gözlərin islaq son baharın
Öpülməmiş dodağı;
Gözlərin alça bağı.
Gözlərin bir qızıl almanı ikiyə bölmüş Araz,
Yaxınlaş mənə biraz.
Gözlərin yazarlar birliyinin sədri.
Kamaləddin, Kamyunun "Qürbət" şeiri
Şuta Yataşuylinin "Daranmış saçları"
Nəzar Qəbbaninin "Yüz sevgi məktubu"-dur gözlərin.
Mayakovskinin "Şalvarlı bulud"-u,
Gözlərin Nəsimi,
Nazim Hikmətin asılma xəbəri;
Nüsrət Kəsəmənlinin şah əsəri:
"Məndən əsirgəmə o gözlərini..."
Gözlərin Müşfiqin tutqun tarıdır,
Arzularıdır Əhməd Cavadın.
Sökük Oxtaydır[1],
Oxa tay;
Toxtayıram tikiləndə dənizinə...
Gözlərin sürgün Sahirin[2] azadlıq şeiri,
İlahiləşən Nadir[3]
Qarşında çalınan darıxma sazlar
Qəzəllərə sığmayan darıxmalar...
Nisgilli bayatılar...
Qoşmalar...
Sərbəst çiçək toplusu.
Gözlərin uduzma qorxusu!
Baxırsan;
Dili tutulur gözlərimin,
Ağzı bağlanır dilimin!
Düşünmür düşüncəm
Helen Kelerlənirəm...
Gözlərin şeir ocağıdır;
Yandırırsan,
Yaxırsan,
Baxırsan, şair oluram.
Gözlərin, dilimdə yazılan bütün divanlar.
Gözlərində ədəbi yatıram,
Ədəbiyyat öyrənirəm
Baxışın kölgəsində.
Dağıdırsan qalibləri
Sərhədlər itir
İt olur Hitler!
Səddam itilir!
Gözlərin Əbdülmalikin[4] Pakistan torpağında
Qurşun çağıdır;
Sükut çəkir içimə!..
Bas gözlərinin bağrına məni
Gözlərin candır
Güneydə susuz Urmu gölündən küsən durnalar...
Quzeydə sürgün düşən torpaqlar;
Gözlərin ölkəmdəki dağlar.
Gəl!
Gəlişini düşünürəm;
Sinəm su səpir baxışlarına
Bağlanan küçələrə.
Baxırsan;
72 hava gəlir başıma
"Ayaq cəlili" gəlirsən açıq kökdə;
Baş kökdə "Baş müxəmməs"
Paşa köçür gözlərində...
Gözlərində bitir yaşam
Yaşam gözlərində
Buraxma məni.
Gözəllərini qısqanıram
Eheeeeey... Qız, qan!
Qısqanıram şeirimdə gözlərini.
Gözlərinlə şirindir yaşam
Şirinəm;
Bahar baxışlım,
Fəsillərə son qoymuş yaz;
Yaxınlat
Yaxınlat dodaqlarıma gözlərini biraz...
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
Liderliyin xüsusi qanunları hansılardır?
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Sabahdan onları sıralayacağıq.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Hacı Bəyim ağadəyirmanı
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Bir gün Həsən xan həyatının sonunun yaxınlaşdığınıhiss edərək, yeganə qızını hüzuruna çağırmağı əmretdi. Xan qızını bu sözlərlə qarşıladı:
“Qızım! Gözlərim getdikcə zəifləyir, eşitmirəm, əllərim əsir, ayaqlarım sözümə baxmır. Deyəsən….”
- Nə danışırsan, ata! – deyə qızı atasına sığındı.
Lakin xan, sərt bir hərəkətlə onu dayandırdı və dedi:
- Taleyə üsyan etmək olmaz. Ölüm məni haqlayıb,görürəm ki, həyatımın son dəqiqələrini yaşayıram.Vəsiyyətimə qulaq as: həyat səni hara aparırsaaparsın, nə çətinliyə düşsən də, həmişə xalqınla ol.Onun iradəsi sənin iradən, taleyi sənin qismətinolsun. Vəsiyyətimi yerinə yetirəcəyinə söz ver, and iç!
Hacıbəyim ağa sakitcə -“söz verirəm”- dedi, and içdi.
Tezliklə qoca şah öldü. Kədərlənən Hacıbəyim dərdinibilmədi ki, kimə desin.
Bir müddətdən sonra küləyin qanadlarında olduğu kimiyurduna dəhşətli xəbər gəldi: yadelli düşmən hücumakeçib. Hacıbəyim ağa at çapmağı, qılınc oynatmağıuşaqlıqdan bacarırdı. O, çox da tərəddüd etmədənpolad dəbilqəsini başına taxıb, od saçan qılıncını əlinəalıb, üç yüz nəfərlik cəngavəri ilə düşmən qarşısınaçıxdı.
Üç tərəfdə sıldırım, əlçatmaz qayalıqlar, o biri tərəfdəisə hündür, etibarlı İrəvan qalası. Hacıbəyim ağa “YaAllah!” - deyib düşmən üzərinə hücuma keçdi, Tezliklədüşmən tərəf çoxlu itki verərək arxaya çəkildi. Hacıbəyimin dəstəsi şahinlər kimi düşmənin başıüzərini bir göz qırpımında aldı, ona aman vermədi. Qılıncların cingiltisi, yaralıların iniltiləri dərəni bürüdü.Düşmənlər bu hücuma tab gətirə bilməyib çaşqınlıqiçində geri çəkildilər. Hacıbəyim ağa isə öz dəstəsi iləqalaya sığındı. Amma düşmənlər öz sevdalarından əlçəkmədilər. Uzun nərdivanlar düzəldib, sıldırımqayalarının üstünə qoyub qalaya keçmək ümidi ilə qaladivarlarına qalxdılar. Qaladakılar onların başlarına daşyağdırıb, qaynar qatran tökdü. Təpəbaşı sakinləri özyurdlarını müdafiə etmək üçün bir nəfər kimi ayağaqalxmışdı. Qalanın mühasirəsi 3 ay davam etdi, qalaalınmaz olaraq qaldı. Düşmən dəhşətə gəldi. Onlarıməğlub edə bilməyəcəyini anladı və hiyləgərliyə əlatdılar.
“Biz qan tökülməsini istəmirik”- dedilər –“Allah sağqalanların ömrünü uzun etsin! Qapını açın, biz sözveririk ki, sizinlə mərhəmətli olacaq, şəhər əhalisinəhətta bizə xərac verməsələr belə toxunmayacayıq.”
Hacıbəyim ağa düşmənin sözləri üzərində uzun müddətdüşündü, atasına verdiyi andı yadına saldı... Bəli, o, xalqa arxayın olmalıydı.
Vəzirlə məsləhətləşdi. Vəzir dedi:
— Şəhərdə su çatmır, ərzaq ehtiyatı tükənib. İnsanlarsusuzluqdan və aclıqdan əziyyət çəkirlər. Kimə, nəyəümid edirik? Rüsvay olsaq da, onları şəhərəburaxmalıyıq.
Digər əyanlar da vəzirin sözü ilə razılaşdılar. Şəhərsakinləri isə düşməni şəhərə buraxmaq istəmir, döyüşləri davam etdirirdi. Amma vəzir göndərdiyielçilər vasitəsilə düşmənlə gizli razılaşdı: canlarına, sərvətlərinə toxunulmazsa qala qapılarını açacaqlar.
- Bəs mənim xalqım nə deyir? – Hacıbəyim ağa xalqamüraciət etdi.
- İcazə verin danışım, Hacıbəyim ağa! - Bir döyüşçüirəli çıxdı. - Qəzəblənməyin, dediyim sözlər vəzirinürəyincə olmayacaq. Düşmən hiyləgər və məkrlidir. Sözünün üstündə durmayacaq. Düşmənin əsarətindəolmaqdansa, ədalətli döyüşdə ölmək yaxşıdır. Yaöləcəyik, ya da qalib gələcəyik!
Xalq cəngavər döyüşçünün sözlərini alqışlarlaqarşıladı. Hacıbəyim ağa xalqına arxayınlaşdığı üçünqurur duydu.
- Elə olsun! - dedi.
- Yaşasın Hacıbəyim ağa! Ya öləcəyik, ya da qalibgələcəyik! - Hər tərəfdən min bir səs gəldi.
Amma bu nədir? Vəzirin adamları atlarına minib, başını-qolunu oynadaraq darvazaya tərəf qaçdılar. Hərşey o qədər gözlənilmədən baş verdi ki, insanlar nə başverdiyini bilməyib, çaş-baç qaldılar.
- Xainlərə ölüm! – sözlər sürətli ox kimi atlılarınınardınca uçdu. Atlılar qala qapılarını açan kimidüşmənlər quzgunlar kimi şəhərə daxil oldular. Vəhsicəsinə dinc əhaliyə hücum çəkib öldürməyə, soymağa, evlərini yandırmağa başladılar. Hacıbəyimağa və qaravaşları əsir götürüldü. Əsirləri düşməninhüzuruna gətirəndə Sultan:
- Siz və xalqınız cəsur döyüşçülərsiniz. Hacıbəyim ağasənə mərhəmət göstərib edam etmək istəmirəm. Mənəgəlsən sənə həyat verərəm.
Hacıbəyim ağa başını dik tutub, qürur və fəxrlə:
“Mən heç vaxt xalqıma xəyanət etmərəm. Sizin əsirinizolmaqdansa ölümü üstün tuturam. Vaxt gələcək, torpaqlarımız azad olacaq. Mən buna inanıram”.
Sultan Hacıbəyim ağanın sözlərinə qəzəbləndi vəəsirlərin edam edilməsini əmr etdi. Cəllad Hacıbəyimağanın başını kəsmək istəyəndə möcüzə baş verdi. O, ağ göyərçinə dönüb uçub getdi.
İllər keçdi. Hacıbəyim ağanın dediyi sözlər xalqındilindən eldən-elə yayıldı. Qonşu türk elləri birləşibonları əsarətdən azad etdi. Sonuncu İrəvən xanı olanHəsən xanın vəsiyyətinə əməl edən Hacıbəyim ağanıxalq heç vaxt unutmadı. Onun şərəfinə dəyirmantikildi. Dəyirmanda üyüdülən buğda unu kasıblarapaylandı. Deyilənə görə dəyirmanda buğda üyüdüləndəbir ağ göyərçin onun damına qonur. Dəyirman sahibiquşun Hacıbəyim ağa olduğunu bildiyindən, ilk buğdaununu kasıblara paylayır ki, xanımın ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(22.07.2024)