Super User

Super User

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə  “Fırlanır” şeiri ilə. 

Təbii ki, yenə də öz təəccübləndirir, heyrətləndirir şair. 

“Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!”

Gözəldir deyilmi? 

Xoş mütaliələr!

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Bu yarpaq da bir çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi-

Nə qədər naşı fırlanır...

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Çərşənbə, 24 İyul 2024 15:39

Nihat Pir, “Bir kəndin manifesti” - HEKAYƏ

 “Ədəbiyyat və incəsənət” portalı Nihat Pirin “Bir kəndin manifesti” hekayəsini təqdim edir..

 

 

         Vallah, bu əhvalat nə vaxt olub, heç özüm də bilmirəm. İndi oturub bunun zaman təfərrüatına varası olsaq, əhvalat uzandıqca uzanacaq. Odur ki, birbaşa mətləbə xitab eləməkdən yanayam.

         Bu söhbət adını bilmədiyiniz və buna heç də gərək olmayan balaca bir kənddə baş verib.

         Olur e, iraq olsun, ölüm ölümü əvəz eləyir; filankəsin meyidi soyumamış bəhmənkəsin xəbəri gəlir, filankəsin azanı verilib qurtarmamış, başqasının qara xəbəri yayılır. Hə, bax belə şeylərə biz tərəflərdə “Kəndə Əzrayıl gəlib” deyirdilər. Hətta o Əzrayılın kənddən biryolluq çıxıb getməsi üçün qurban deyənlər, fitrə çıxardanlar da olurdu.

         Amma əhvalatımızın vaqe olduğu kənddə işlər tam tərsinə gedirdi. İndi deyəcəksiniz ki, təki ölüm olmasın, təki canımız salamat olsun, bunun qəribə tərəfi nədir?

         Kənd mollası Xudayar da əvvəl-əvvəl belə düşünürdü – hamı kimi. Amma iş o yerə çatdı ki, Xudayar əmi düz doqquz ay doqquz gün doqquz saat idi ki, “Molla əmi, filankəs də Allahın dərgahına təşrif etdi” cümləsinə həsrət qalmışdı. Sözün düzü, kişi əvvəllər bunu dərd eləmirdi, daha doğrusu, dilinə gətirməyə utanırdı. Ki məgər kimə demək olar ki, sən Allah, bu kənddə niyə ölən yoxdur? Heç rəvadırmı ki, kiməsə deyəsən, ay mən deyən, niyə yıxılıb ölmürsən? Adama deyərlər, a kişi, yetmiş beş yaşın var, belə ölmək arzulayırsan, get gir qəbrə də. Day camaatın öldü-qaldısı ilə nə işin?

         İş o həddə çatmışdı ki, Xudayar, az qala, mollalığı da yadırğamışdı. Çıxış yolu kimi hər gün bir qəbrin başında yasin oxumağa başlayan molla beləcə bu doqquz ayda qəbiristanı düz üç dəfə o baş-bu baş gedib-gəldi. Axırda çar-naçar keçən ayın ortalarında qonşu kəndin mollasına da ağız açdı ki, sən Allah, arabir məni də gör. Biz tərəflərdə əməlli-başlı  “kasıbçılıq”dır.  O kənddə də ki rəqabət, maşallah olsun, güclü idi. Qonşu mollaya nə lüzum? Kəsəsi, molla Xudayarın sözü elə dediyi kimi də havada qalmışdı. Dönüb-dolanıb yenə də bərk yapışmışdı öz kəndindən.

         Molla Xudayarın narahatlığı üzərinə yavaş-yavaş kənd içində də pıçapıçlar başladı ki, o da kənd ağsaqqallarını bir araya toplamağa fürsət tapdı:

– Camaat! Əvvala, Allah-Taala özü cəmi müsəlmanları hifz eləsin, biz də onun
içində, – deyə sözə başlayan molla bu çıxışı, yalan olmasın, bəlkə, beş aydır ki, məşq
edirdi. – Amma məlumunuz üzərinə, kəndimiz elə bir bəlamı deyim, xeyirmi deyim, vallah, heç özüm də bilmirəm, bildiyim odur ki, bu işdə nəsə var. Ölüm bizdən üz döndəribdir. Allah öz dərgahının qapısını biryolluq bizim kənd üçün qapayıb.

– Şeytan işidir, molla əmi! – Kəndin gətir-götür işlərinin qabaqda gedəni Murtuz idi. – Vallah, çörəyimizin duzu da gedib. Mən həftəyə üç-dörd qəbir qazan adam idim, anamın canıyçün. İndi hardadır e o günlər?! Ayaqyolu qazmaqla, çəpər tutmaqla bir çətən külfət saxlamaq olar?

         Murtuzun bu sözündən sonra yerbəyerdən “Lənətlənmişik!”, “Qurban demək lazımdır!”, “Mən üç dənə qoç qurban deyirəm!” kimi qəribə-qəribə fikirlər məclisi başına götürdü. Xudayar camaatı birtəhər sakitləşdirib düz beş aydır ki, üzərində işlədiyi çıxışına davam elədi.

– Hammınızı başa düşürəm, nigaranlığınızı da annıyıram. Amma mənim qammadığım bir şey var ki, məgər bu doqquz ayda heç  birinizin orası-burası da ağrımayıb? – Mollanın bu sözündən sonra adamlar qəribə təhər-tövürlə bir-birlərinə baxır, ağrıyıb-ağrımadıqlarını soruşurdular.

– Bax elə götürək Kazım kişini. – Xudayar irəli şığıdı, Kazımın qolundan yapışıb onu irəli çəkdi. – Ay Kazım, bir yerin ağrıyıb-eləmir ki?

– Yox, ay kişi, vallah, tırp kimiyəm, – deyən Kazım qaqqanaq çəkib elə güldü ki, protez dişləri yerindən oynadı. Amma heç kəsin gülmədiyini görüncə özünü yığışdırıb keçdi adamların arasına.

– Şeytan əməlidir, vallah, Murtuz demiş, kişi bizdən üz döndərib, – kənd müəllimi Balayar portfelini sinəsinə sıxıb sözə başladı. – Nə günah eləmişik, nə qələt yemişik, bilmirəm, amma kəndimiz misilsiz bir bəlaya düçar olub. – Balayar müəllim bir az ara verib davam elədi:

– Təklif edirəm ki, molla əmi, kəndin dörd bir yanında o kişiyə qurbanlar kəsək, əfvinə sığınaq, bizi bağışlaması üçün dualar edək. Yalvaraq, yapışaq... Biz qulların əlindən başqa nə gəlir ki?..

– Halal olsun!..

– Sağ ol, məllim!

– Var ol!

         Yerbəyerdən Balayar müəllimin təklifinə dəstək nidaları gəldi.

– Vallah, bir dənə öküzüm var, onu elə bəsləyirəm, elə bəsləyirəm, and içirəm ki, kim ki birinci başın yerə qoydu ha, bax onun ehsanına peşkəş edəcəm, öz canımçün. – Qəssab Camalın bu sözündən sonra yenə də yerbəyerdən təkliflər, iradlar bir-birinə qarışdı, molla Xudayar təzədən səs-küyü sakitləşdirib düz beş aydır ki, hazırladığı çıxışına davam elədi:

– Balayar məllimin təklifi yaxşı təklifdir, mən razı. Elə günü sabahdan hər dəngədə bir dənə qoç kəsək, Allah yolunda kasıb-kusuba paylayaq. Hər namazda hammız bir ağızdan Allah-Taalaya bizi bağışlaması üçün dualar edək.

– Eləyək!

– Bəli, bəli!

– Sağ ol, ay Xudayar!

– Allah səni üsdümüzdən əysiy eləməsin!

– Ay Allah, keş günahımızdan...

         Yenə də yerbəyerdən dualar, təkliflər yüksəldi, Xudayar boğazını arıtlayıb növbəti dəfə adamları sakitləşdirdi və düz beş aydır ki, hazırladığı çıxışına davam elədi:

– Mənim də bir təklifim var, camaat. – Adamların səsi, tamamilə, kəsildi. Yetmiş beş yaşlı mollanın, sözsüz ki, bu çıxılmaz və misli görülməmiş vəziyyətdə təklifi hamıya maraqlı idi. – Təklif edirəm ki, Seyran kişinin evinin yuxarı başında, bələdiyyə binasına tərəf o açıqlıqda –  Əli ilə həmin tərəfi göstərərək davam etdi, – iri bir yas çadırı quraq. – Adamların sükütü hələ də davam etməkdə idi. – Məncə, bununla, Əzrayılın yadına sala bilərik ki, arabir, bizim kəndə də baş çəksin...

         Molla Xudayar fikrini tamamlayıb bir az duruxdu, ardından, “Hə, Qasım kişi, nə deyirsən?” deyib kəndin digər ağsaqqallarının da ağzını aradı. Qasım kişi ora-bura baxıb boynunu elə bükdü ki, sanki bu sualı qaldırmağa gücü çatmadı. Eləcə əyilib qaldı bir kənarda. 

Heç kəsin danışmağa cürət eləmədiyi bir məqamda adamların arasından titrək bir səs hamının beynini girinc edən həmin o sualı verib dərhal da susdu:

– Çadır, nəmənə, ay Xudayar?

Bu sualdan ürəklənən adamlar təzədən qaynaşmağa, fikir içindən fikir çıxarmağa başladı.

– Diri-diri basdıraqmı cahamaatı?

– Heç elə şey olar?..

– Xudavəndi-aləm, özün bizi qurtar...

Xudayar təsəkəsini çıxarıb o üz-bu üzünə baxdı, təzədən başına keçirib boğazını artıladı:

– Özüdür ki, var, camaat! O çadırda dirilərimizə yas verəcəyik, üç, yeddi, qırx keçirəcəyik, ehsanı, canamazı da üstündə... – Molla sözünü bitirər-bitirməz yenə də yerbəyerdən etiraz səsləri yüksəldi.

– Xudayar kişi, indi deyirsən ki, məni diri-diri basdırıb halvamı yemək istəyirsən? – Kəndin feldşeri Cəbrayıl yarı zarafat, yarı ciddi soruşdu.

– Yox, ay kişi! Səni niyə basdırırıq? Səni oturdacam məclisin düz başında, öz halvanı da özün yeyəcəksən, day nə istəyirsən ki?

Feldşer Cəbrayıl bir o yana baxdı, bir bu yana, axırda çar-naçar “Nə deyim, vallah?” deyib geri çəkildi. Cəbrayılın cavabdan qane olmadığını görən molla səsini bir az da qaldırdı:

– Bapbalaca bir kəndik, hamının dolanışığına da bələdik. Hüzürümüzü diriykən vermək ən yaxşı çıxış yoludu. Beləcə Əzrayılın da yadına düşər ki, biz tərəflərə də səfər eləsin. Üstəlik, bu camaat dolanmalıdı, ya yox?

– Bəli, bəli!

– Kişi düz deyir!..

– Sağ ol, ay Xudayar!..

Adamların dəstək sədalarını eşidən molla daha da ürəkləndi.

– Bayaq özünüz Murtuzun dediklərini eşitdiz. Həftəyə üç-dörd qəbir qazıb çörəkpulu edən Murtuz indi bəs nəynən dolanmalıdı?

– Allah balanı saxlasın, Xudayar kişi! – Murtuz adamları yarıb irəli çıxdı. – Sənin başına dönərəm, de, qadası, de, ağrın alım, de!

– Yaxud bu Namiq yazıq. Kənddə ayda, ildə bir dəfə toy olar ki, onu da aparıb mərkəzdəki sarayda edirik. Bəs bu kişi çadırını kimin qapısında qursun?

Lap elə götürək mənim özümü. Bu doqquz ayda ölülərinizdən xəbəriniz olubmu heç? O qəbiristanlığı düz üç dəfə o baş-bu baş yasin oxuya-oxuya gedib-gəlmişəm. Biriniz üç manatınızdan keçibsizmi?

– Allah balanı saxlasın!

– Sağ ol səni, Xudayar!

– Var ol!

– Kişi düz deyir! Gələ bu beş manatı da qoy cibinə, –  Camal irəli çıxıb mollanın əlini sıxdı, – axşam da arvad yuxuma girib, sən Allah, ona bir yasin oxuginən! 

– Camaat, mən razı! Elə günü sabah çadırı quraq, hə, nə deyirsiz? – Balayar müəllimin də razılıq verməsi ilə işin böyük qismi həll olundu.

         Bir neçə dəqiqə davam edən sükutdan sonra adamların arasında təzədən pıçapıçlar başladı və ardından bu təklifə görə molla Xudayara dualar yağış kimi yağmağa başladı...

 

***

 

         Bir həftəyə yaxın idi ki, kəndin bələdiyyə binasının yaxınlığında iri və təmtəraqlı çadır qurulmuşdu. Kəndin xeyir-şər çadırlarına düz on il idi, Namiq baxırdı. O yazıq da düz doqquz aydır ki, demək olar, itirilib-axtarılmırdı. Yazıq heç səsini də çıxara bilmirdi. Amma məlum söhbətdən sonra çadırı elə sevincək, elə xürrəm qurdu ki, gəl görəsən. “Allahımıza and olsun, elə bilirəm ki, öz toyumdur, təki bu bəla bizdən əksilsin” deyən Namiq, üstəlik, bu doqquz ay ərzində heç də bikar qalmayıbmış, sən demə. Çadırın pərdələrini dəyişmiş, içində yay üçün sərinlədici sistem, qış üçünsə qızdırıcı qurub-qoşmuş, qab-qacaq dəstini də ən yaxşı şəkildə yeniləmişdi. Amma kənd arvadları eşidəndə ki ağsaqqalar “Əzrayılı kəndə dəvət edir”, onlar da Əzrayılı hörmət-izzətlə qarşılamaq üçün evdəki ən bahalı qab-qacaqlarını gətirib düzmüşdülər masaya.

         Camal da neçə gün idi ki, söz verdiyi öküzü gətirib çadırın yanına bağlamışdı. Camaat da bir ucdan yoncadan, yemdən daşıyırdı. Öküz indi rahat yüz iyirmi kilo olardı, amma nə fayda?! Nə Əzrayıl gəlirdi, nə də ki, ölən tapılırdı...

 

***

        

Bugünkü yas mərasimi Kazım kişinin idi.  Kazım məclisin baş tərəfində molla Xudayarın yanında oturub gəlib-gedənləri salamlayır, “Allah rəhmət eləsin” deyənləri şəxsən özü yola salır və bundan məmnun görünürdü.

– Allah sənə qəni-qəni rəhmət eləsin, ay Kazım!

– Sağ ol, ay Camal, səninçün olsun.

– Allah qoysa, Allah qoysa...

– Allah özü bizi bağışlasın.

– Amin!

         Molla Xudayar o biri dünyadakı haqq-ədalət məclisindən, Allahın savab-günah tərəzisindən, cənnət-cəhənnəm məsələsindən dəm vururdu ki, bu vaxt çadırın çölündə bir hay qopdu ki, gəl görəsən. Adamlar hövlnak özlərini bayıra atdılar.

Budur, kəndin o biri başından balaca bir qaraltı və tozanaq görünür, qaraltı
yavaş-yavaş yaxınlaşdıqca bunun bir at və üzərində bir nəfər uşaq olduğu sezilirdi. Uşaq “Əzrayıl əmi gəldi, Əzrayıl əmi gəldi” deyə-deyə çadıra tərəf çapırdı. O, çadırın yanına varana qədər dua duanı əvəz elədi, şükürlərin sədası ərşə çıxdı.

– Nolub, a bala, nə hay-həşir salmısan? Nə Əzrayılı?

Uşaq çatar-çatmaz atdan düşüb ağzını çadırın girişindəki su çəlləyinə dirədi. İçib yanğısını söndürəndən sonra dedi:

– Molla əmi, “Ala qapı”da (“Ala qapı” kəndin giriş qapısı idi) at arabası qəzaya uğrayıb. Kəndin baytarı Həsənağa kişi bir dənə iri camış vurub, özü də, arabası da yumalanıb düşüb çaya. Seyid Rza kişi tez məni bura göndərdi ki, sizi muştuluqlayım. Eheyy! Əzrayıl əmi gəlir eeey, Əzrayıl!!! – Uşaq təzədən ata minib çığıra-çığıra kəndin içərilərinə doğru çapmağa başladı.

         Bir anda çadırın ətrafında vurhavur başladı. Adamlar “Şükür, ay Allah” deyib mollanın əlini-ətəyini öpə-öpə Həsənağanın yas məclisinin hazırlığına başladılar. Molla Xudayarın göstərişi ilə çadırda Kazımın şəklini çıxarıb yerinə Həsənağanın şəklini yapışdırlar. Qəssab Camal bir hərəkətlə yüz iyirmi kiloluq dananın boynunu burub yıxdı yerə, “Allah sənə rəhmət eləsin, ay Həsənağa, kişinin sözü bir olar” deyib dananın başını kəsdi.  Qəbirqazan Murtuz Həsənağanın boynunu-buxununu öyrənib götürüldü qəbiristanlığa.

– Murtuz, rəhmətlik Salman kişinin yanında qazginən, əmisidir. – Xudayar təsəkəsini çıxarıb dərin bir ah çəkdi.

         Doqquz aylıq ölüm xəbərinə həsrət qalan kənd camaatı bircə saatın içində yas məclisinə hazırlıqları tamamilə yekunlaşdırdı. Xudayarın göstərişi ilə hamı bir nəfər kimi çadıra yığılıb Seyid Rzadan gələcək xəbəri gözləməyə başladı. Bu vaxt çadırın nimdaş, yamaqlı xalçadan hazırlanmış qapısı açıldı, Kazım kişi əlində tüfəng içəri daxil oldu. Bayaqkı haray-həşir ölü sükutla əvəzləndi. Kazım tüfəngi sinəsinə basıb məclisin yuxarı başına doğru addımladı.

– Ədə, Xudayar, dirimə hörmət qoymamağın bəs deyil, üstəlik, mənim yas məclisimi də urvatdan salırsan?

         Molla Xudayar əlləri əsə-əsə stəkanı yerə qoyub ayağa qalxdı.

– Yox, ay...

– Kəs, ə! – Kazım tüfəngin nişangahını tarazlayıb düz Xudayarın sinəsinə tuşladı.

– Sənə sual verirəm: bu gün kimin yasıydı?

– Sənin, Kazım, sənin... – Xudayar arxa-arxaya gedərək çadırın dirəklərinə söykənib dayandı.

– Bəs başının üstündəki o yerdə Həsənağanın şəkli nə gəzir, ə? – Kazım çənəsini az-maz yuxarı qaldırıb şəklə işarə elədi.

– Ay Kazım, özün bilirsən ki, bunu Əzrayılı oyuna gətirmək üçün...

– Kəs, ə, dedim sənə!  Bəyəm Həsənağa mənnən artıq kişidi? 

         Molla Xudayar nə cavab verəcəyini bilməyib əllərini yana açdı. Arabir titrəyə-titrəyə “Ay Kazım, ay Kazım” deməkdən başqa əlindən-dilindən bir şey gəlmirdi. Məclis iştirakçıları da sadəcə olanlara tamaşa eləməklə kifayətlənirdilər. Hamı hadisənin şokunu yaşayırdı.

– Bir halda ki deyəcək sözün yoxdu, onda nolar, mənə də Kazım deyərlər! – Kazım tüfəngi bir dəfə də möhkəmcə sinəsinə sıxıb başını yellədi:

– Xudayar, mən belə hörmətsizliyin altınnan çıxammaram, dədəmin qəbri, – deyib tətiyi çəkirdi ki, Seyid Rza çadıra daxil oldu.

– Camaat, Həsənağa sağdı!

Bu sözü eşidən molla elə bil təzədən doğuldu. Tez masanın bu biri tərəfinə atlanıb Kazımı qolundan yaxaladı. Bunu görən məclis iştirakçıları da Kazımı sakitləşdirməyə başladılar, əlinə-ayağına düşdülər.

– A kişi, sən Allah, qanqaraçılıq salmayaq.

– Bu dana da sənin qismətinmiş, canımçün, halal xoşun! – Camal şirin dilini işə saldı.

– Yas davası eləmirsən, ay Kazım?! Di buyur, bu da yasın, ha-ha-ha!..

 

***

        

Cəmi yarım saat sonra hər şey qaldığı yerdən davam edirdi. Kazım kişi məclisin baş tərəfində oturub başının üstündəki şəklə baxa-baxa adamları salamlayır, “Allah rəhmət eləsin”ləri şəxsən özü qəbul edir və bundan misli görülməmiş məmnunluq duyurdu...

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda bir dostum İtaliyaya getmişdi. Əbədi şəhər olan Romanı, su üzərində bərqərar olmuş Florensiyanı gəzməklə yanaşı, təbii ki, modanın Parisdən sonrakı ikinci vətəni olan Milana da güzar etmiş, bol təəssüratla dönmüşdü. Təəssüratlarını mənə danışdıqdan sonra maraqlı bir məsələyə də toxundu.

 

O, yaşadığı otelin konfrans zalında maraqlı bir tədbirə şahidlik edibmiş. Modanı əsrin bəlası hesab edən aktivistlər cavabdehləri tez bir zamanda dünyanı başına alan atılmış köhnə paltarların yaratdığı cır-cındır qəbristanlıqlarının sürətlə böyüməsinin qarşısını almağa səsləyirdilər.

Düzü, dostumun bu söhbəti mənə olduqca təəccüblü gəldi. Şəxsən mən köhnə paltar təhlükəsindən xəbərsiz idim. O vaxtdan mövzunu gündəmimdə saxladım və bazaar günü Euronews xəbərlərində bu barədə süjet görəndə bu dəfə daha təəccüblənmədim.

Florensiya yaxınlığındakı Toskano əyalətində yerləşən Prato şəhəri bir zamanlar – daha dəqiqi, orta əsrlərdə qitənin tekstil paytaxtı olub. Bu gün isə Pratoda Avropanın ən böyük tekstil rayonu mövcuddur. Və burada təkrar parça emal edən ən böyük kombinat vardır, dünyadakı bütün təkrar papça emalının 15 faizi tək burda başa gəlir. Yəni, hər yerdən istifadəyə yararsız pal-paltar bura gətirilir, burda təkrar emal edilib yenidən istehlaka göndərilir.

Süjet Pratoda çəkilmişdi. İnsanlar kameralara danışırdılar. Bir qadın deyirdi:

-Biz daha çox paltar alırıq, amma bu paltarlar xidmətimizdə çox az dayanır. Səhər bunlar dəbdən düşür. Yeniləri dəbə minir. Biz də bunları atıb yenisini alırıq. Və bu səbəbdən də dünya cır-cındırla dolur, tekstil sənayesi isə ekologiyanı çirkləndirən əsas nəsnəyə çevrilir.

Bəli, ucuz paltarlar, tez-tez dəyişən moda daha çox zəhərli maddələrin ətrafa atılmasını təmin edir.

Prato kombinatının marketinq və kommunikasiya rəhbəri Aliçe Tezi söyləyir:

-Təkrar emala gəlmiş materialın ən yaxşı halda 60 faizi yararlı sayılır, qalanı atılır. Təkrar emaldan çıxanda daha 50 faiz itki olur. Yerdə qalan hissə ya atılır, ya termoizolyasiyaya məruz qalır. Beləcə, biz təkrar emaldan çıxan parçanı fabriklərə, zibilisə yerə gömürük.

Təkrar emaldan çıxan parçalar kimyəvi məhlullarla zəngin olduqları halda onları ekoloji təmiz, saf məhsul adı altında sırımaq da var.

Rifo kompaniyasının sahibi Nikollo Şipriani isə deyir:

-Biz təbii məhsula üstünlük veririk, sintetik məhsullardan qaçırıq. Təbii məhsul isə pambıq və ipəkdir. Biz təkrar emal keçmiş parçalardan əsla istifadə etmirik. Ona görə də vicdanımız təmizdir. Biz əksini edənlərlə tərəzinin eyni gözündə dayanmaqdan usanmışıq. Belə olmaz.

Bəli, biznesdə hamı qazanmaq istəyir, itirənsə təbiət və insanlıqdır. Və məşhur telekanalın süjeti də sonda bu ehtimalı ona görə ortaya atır ki, insanlar az da olsa ümidlənsinlər.

Yekunda deyildi ki, Pratoda gələn il ikinci təkrar parça emalı kombinatı da tikilir. İşbazlar böyük gəlirlər əldə etməkdə israrlıdır. Bununla belə, aktivistlər təbiətə ciddi ziyan vuran Prato kombinatının ikiqat vergiyə cəlb edilməsi məsələsini gündəmə çıxarıblar. Gəliri isə kimyəvi zəhərlənməyə məruz qalan insanların müalicəsinə sərf etmək nəzərdə tutulur.

Hansısa tamaşamızda belə bir fikir var.” Ah, moda, moda. Salmısan bizi oda”.

Orada qəhrəman yeni paltara pul xərcləməyin zülmünə acıyır. Amma indi həqiqətən də moda bizi oda salır. Çünki, tək büdcəmizə deyil, canımıza da ziyan edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

 

 

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Quru meyvə, çərəz və paxla ilə balıq mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR 

§ Balıq – 200 qr

§ Kartof – 100 qr

§ Qırmızı soğan – 35 qr

§ Portağal şirəsi – 35 qr

§ Kərə yağı – 35 qr

§ Bitki yağı – 15 qr

§ Əncir qurusu – 25 qr

§ Badam – 25 qr

§ Müxəşşər – 25 qr

§ Axta zoğal – 17 qr

§ Cəfəri – 16 qr

§ Mərzə (quru) – 2 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr

 

HAZIRLANMASI:

Balıq filesi 60 qramlıq tikələrə doğranır. Tikələrin qalınlığı 2 sm, eni, uzunu isə balığın öz ölçüsündə olduğu kimi doğranır. Tavaya yağ əlavə olunur, yağ əriyəndə duz, istiot vurulmuş balıq tikələri yağda qızardılır. Sonra başqa qaba yığılır, həmin tavada aypara şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın qaynar duzlu suda isladılmış, qabığı təmiz- lənmiş badam, əvvəlcədən bişirilmiş müxəşşər, yuyulub-təmizlənmiş axta zoğal, yarıya bölünmüş əncir qurusu, kvadrat şəklində doğranmış, qızardıl- mış kartof, duz, istiot, sarıkök, mərzə qurusu, xırda doğranmış cəfəri əlavə olunur və bişirilir. Daha sonra qızardılmış balıq düzülür, üzərinə portağal şirəsi əlavə olunur. Tavanın qapağı örtülür, vam odda 10 dəqiqə ərzində bişirilir, yağa düşənə yaxın ocaqdan götürülür. 5 dəqiqə ərzində ağzı örtülü vəziyyətdə yer dəmi alır. Sonra gözəl düzülüşlə buluda çəkilir və süfrəyə verilir.

 

Nuş olsun! 

 

Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Dönə dönə tapşırırdı mürşid müridinə Şükür, pənah, təvkkül deyə..

1,2,3...

 

Mələklər xoşbəxtliyi insanın varlığına, ruhuna ən yaxın, ağlının gələ biləcəyi ən uzaq nöqtəyə qoymuşdular.

Xoşbəxtliyə gedən yol əslində bəşərin düşündüyü qədər uzaq və yorucu deyildi.

Üç addımlıq yol idi əslində, xoşbəxtliklə aramızdakı məsafə.

Birinci addım təşəkkür etməkdən keçirdi, minnətsiz təşəkkürdən.

Yumruqladığımız ovcumuzu açıb əllərimizi rahat buraxmalı idik. Və gözümüzü döyərək boş-boş baxdığımız ovcumuzun içindəki o toxumla nə etməli olduğumuzu artıq anlamalıydıq. Onu aid olduğu yerə gömmək lazım idi…

İkinci addımda dilimizin bağı çözülməliydi, biz danışmağı və ən nəhayət bununla bərabər istəməyi, fikrimizi ifadə etməyi öyrənməliydik. 

“Əllərim palçığa bulaşacaq” dərdi olmadan barmaqlarımızla torpağı qazıb toxumu ora əkməliydik.

Və üçüncü addımda yorulmadan hər gün o toxumun cücərib cücərməyəcəyi təlaşına qapılmadan, səbrlə onu sulamalıydıq.

Düşündüyümüz qədər uzaq deyildi əslində xoşbəxtliklə aramızdakı məsafə, sadəcə üç kiçik addım ayırırdı bizi.

1,2,3...

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Çərşənbə, 24 İyul 2024 11:30

STATUS YAĞIŞI - Elşən Əzim ilə

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Mingəçevirdə yaşayan kəlbəcərli şair Elşən Əzim üçün açır. Buyurun.

 

Azad olmuş bölgələrdə kənd adlarına yer-yurd toponimlərinə, çayların, bulaqların adlarına toxunmaq olmaz. Göz açıb "Tutqu çayı" kimi eşitdiyim çayın adı indi bütün yazılı mənbələrdə "Tutqun çayı" yazılır, tv jurnalisti "Sarı yer" yaylağından hazırladığı reportajda yaylağın adını "Sarı yel" kimi işlədir. Kəndlərindən video çəkiliş edən gənc kəndin adını bəyənmədiyini deyir. Bu adların hər biri özündə bir tarixi yaşadır. Bunu unutmayaq. Yer-yurd adlarını dəyişə-dəyişə tariximizi itiririk.

 

Kəlbəcər doğumlu şair Elşən Əzim!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Çərşənbə, 24 İyul 2024 14:11

GÜLÜŞ KLUBUnda Don Juan

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Üzərək fiziki hərəkətdə olmaq, balıq yemək, çoxlu su içmək insanı formada saxlayar və kökəlməyə qoymaz. Bəs nədəndir bütün bunları edən balina div boydadır?

 

2.

Don Juanların hətta vicdanları da başqalarının arvadları ilə yatır.

 

3.

Əgər sənə cəmi bir sosiska lazımdırsa, bütöv donuzu ələ keçirməyinə dəyərmi, adam?

 

4.

Ən asan düşmən üstünə yumruqla gələn, ən çətini sənə sədaqət andı içəndir. 

 

5.

Ağadadaş Ağayevin atdığı balta Trampın qulağına dəysəydi nə olardı? 

 

6.

Tərcüməçilərin hesabına, Amerika filmi həiqətdə olduğu kimi səfeh deyil. 

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün  yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.

 

 

Hüseyn ARİF

GÖYÇƏLİLƏR, DAĞILMAYIN GÖYÇƏDƏN

 

Göyçəlilər, dağılmayın Göyçədən,

Göyçə qədim, Göyçə ulu Göyçədi,
Göyçəlilər, dağılmayın Göyçədən.
Var-dövlətli, mal-qoyunlu Göyçədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

Toxulcada axdı bulud, ötdü çən,
Xəbər tutdum durnaların köçündən,
Atla keçdim Ağbulağın içindən,
Göyçəlilər, dağılmayın Göyçədən.

Göyçə eli şöhrətlidir ellərin,
"Göyçə gülü" əzbəridir dillərin,
Göyçə gölü göyçəyidir göllərin,
Göyçəlilər, dağılmayın Göyçədən.

Xoş ləhcəni, şirin dili saxlayın,
Həm sevinci, həm nisgili saxlayın,
Zodda zodu, Cildə cili saxlayın,
Göyçəlilər, dağılmayın Göyçədən.

Aləm bilir, hər hörmətim sizədir,
Dədə-baba məhəbbətim sizədir,
Mən Arifəm, vəsiyyətim sizədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

 

Çərşənbə, 24 İyul 2024 10:37

BİR SUAL, BİR CAVAB Ramil Əhməd ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Səndən məcburi köçkün bədənimi 

harada gizlədim,

Vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

Bircə sənin nəyin olum, bilmirəm...

 Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir,

Söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri 

bir-bir öpmək istəyir könlüm.

 O sözləri söz edən hərfləri

 bir-bir bağrıma basmaq,

 Hər kiçik zərrə qədəriylə 

sevmək səni. 

(Ramil Əhməd)

 

Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətin çəkər.. (Cəlaləddin Rumi)

 

Əziz Ramil bəy, həsrət yükü çiyinləri yerə çökdürməyi başarırmı?

 

 

CAVAB

Şeirdəki həsrətin iki istiqaməti var. Bir dünyəvi olana bəndəyə olan həsrət, bir də yaradana. 

Bu çoxlu mənaları şair şeirində yazıb, sonra isə onu şərh edə bilməz. Şair mənanı yaradan adamdır. Şərhi başqaları verir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

“Moskvada yay. Hamı küçəyə” festivalı çərçivəsində Rusiya paytaxtının “Briqantina” parkında Azərbaycan Mədəniyyəti Günü keçirilib. 

 

Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Qadınlar şöbəsinin müdiri, tədbirin təşkilatçısı Ulduz Əsgərovanın AzərTAC-a verdiyi məlumata görə, gün ərzində Rusiya paytaxtının sakinləri və qonaqları incəsənət ustalarının çıxışlarına - milli rəqslər və musiqi nömrələrinə, Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxmaq imkanı əldə ediblər, həmçinin Azərbaycan yeməkləri və şirniyyatlarının dadına baxıblar.

Moskva Linqvistik Universitetinin rəqs qrupu parlaq nömrələrlə səhnəyə çıxıb, Rəna Qafarlı “Qavalla rəqs” və “Stəkanlarla rəqs”i ifa edib. Andrey Katkov, Aysel Məmmədova və Vasil Məmmədovun ifasında məşhur “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları səsləndirilib.

Azərbaycan Mədəniyyəti Günü Rusiyanın müxtəlif mədəniyyətlərinin nümayəndələrini birləşdirən, onları bir araya gətirən, ölkəmizin adət-ənənələrini, mədəniyyətini nümayiş etdirən bayrama çevrildi.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.