Super User

Super User

Dünyanın ən iri kino bazarlarından olan Çində döyüş filmi “The Battle at Lake Changjin” böyük marağa səbəb olub.
Xarici KİV xəbər verir ki, filmin nümayişi olunduğu 4 gün ərzində istehsalçılara 234 milyon dollar qazanc gəlib. Bu, pandemiyadan sonra qısa vaxtda ən çox gəlir gətirən ilk ekran əsəridir.
Film 1950-1953-cü illərdə ABŞ-ın hücumlarına qarşı Koreyaya kömək edən Çinin könüllü əsgərlərinin göstərdikləri fədakarlıqdan və verdikləri qurbanlardan bəhs edir.

Gənc, istedadlı şair İntiqam Yaşarın bu oktyabr günlərində 31 yaşı tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı şairə səmimi təbrikini ünvanlayır və onun yeni şeirlərini oxucularına təqdim edir.

İntiqam Yaşar oğlu Cavanşir 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə oxuyub, 2008–2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub.
İntiqam Yaşar mətbuatda müxtəlif məzmunlu yazıarla və şeirləri ilə  çıxış edir, “Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat qəzeti", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə, eləcə də əməkdaşı olduğu portalımızda mütəmadi olaraq dərc olunur. Şairin 2012-ci ildə "İlk görüş" adlı şeirlər kitabı çapdan çıxıb. Həmçinin 2016-cı ildə "…və susarsan", 2018-ci ildə isə "Evdə yoxam" adlı şeir kitabları işıq üzü görüb.
İntiqam Yaşarın şeirləri yerli türkcəyə uyğunlaşdırılaraq Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb, həmçinin rus, ingilis, belarus dillərinə tərcümə edilib.
24 iyun 2019-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanıdır.
O, 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"na, 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin  "Uğur" mükafatına layiq görülüb.
O, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin "Ən yaxşı şeir" müsabiqəsinin də qalibidir.
İndi isə vəd etdiyimiz şeirlər:

PAYIZ SÜKUTU

Sən də qollarını bir az geniş aç,
sığsın ürəyinə danışdıqlarım.
Özümdən çox qabaq yerlə bir olub,
mənim ümid deyib yapışdıqlarım.

Baxırsan, payızdı, havada ah var,
baxırsan, günəş də xəcalətlidir.
Bəli, yoldan ötən gülər bəlkə də,
vallah, mənim üçün bu dəhşətlidir.

Bax, bir həyətdəki tənha çinara,
yarpaqlar küləyin alqış əlləri.
Beləcə alqışla yola salacaq,
bu çinar həm bizi, həm də illəri.

Bu sənsən, bu mənəm, bu biz deyilik.
Şəhadət barmağın "sus" əmri verdi.
Bilmirəm, yəqin ki, bizdən xəbərsiz,
biri bu taleyə "kəs" əmri verdi.

GETDİN…

Getdin,
saçlarını dağıdan Bakı küləklərini də
aldın apardın özünlə.
Susdu Xəzər.
Getdin, göylərin ulduzları da getdi…
Hələ də inanmıram...
Donmuşam sükut kimi
hava limanında.
Gözlərim çıxış qapısında
ümidlərimin əlində.
Bir "bəlkə" bitib ürəyimin
topuq vuran dilində,
Getdin, gedişin çətindi demirəm...
"Çətin" çox asandı indiki halımdan,
gözlərin qopmaq istəmir,
saçların ayrılmır xəyalımdan.
Nə uzun yol getmişik bu qısa zamanda,
özümüzə, könlümüzə...
Bu yolu qayıtmaq çətin,
bu yolu qayıtmaq əzab.
Getdin, getdin, getdin...
Kaş ki, "gələcəm" deyərdin,
Gəlməsən belə gözləyərdim.

ÖMÜR ADLANIR

Bakı boyda boşluq, Bakı boyda sükut,
Bakı boyda tənhalıq dolaşır
əl-qoluma günboyu.
Addımbaşı tikanlı fikirlər üstünə
yıxılıram üzü üstə.
Qanayır əllərim, qanayır dizlərim.
Yenə qalxıram birtəhər,
yenə çırpıram üst-başımı.
Gizlədirəm yaralarımı,
Görən olmadığına sevinirəm yıxıldığımı.
Silirəm əllərimin arxasıyla göz yaşlarımı.
Hə!
Ömür adlanır deyəsən,
domino daşları kimi düzülən günlər.
Hamısı eyni boyda, hamısı eyni ölçüdə...

BÜTÜN XƏLVƏT OTAQLAR

Bütün xəlvət otaqlarda bir qadın hıçqırığı,
bir kəfkirli saat,
bir körpə mışıltısı.
Bütün xəlvət otaqların qapısı azca aralı,
bütün xəlvət otaqlarda
xəcalət təri basmış pəncərə.
Bütün xəlvət otaqlar,
bütün xəlvət otaqlar,
heç nəyi görmür,
gözünü zilləmiş yerə.

lll

Kəfkirli saatın köksündə səslənir,
sükutun ayaq səsləri.
Zaman etibarı ilə keçmişlər unudur
ona inanan kəsləri.
Düşündükcə düyünlənir
alnındakı qırışlar da.
Eyni səhifədə, eyni yer tutur,
ayrılıqlar da, görüşlər də.
Bu yolda göz oxşayanlar,
sadəcə baş qatmaq üçünmüş.
Gəldiyin yerə dönərkən,
sadəcə tez çatmaq üçünmüş.
Başındakı son havalar
çox sərtdi, bilirəm,
Bir yandan da, havasızlıq,
bir dərddi, bilirəm.
Çıxar hərdən gün işığına,
işığa həsrət ürəyini.
Etibarlıdır, söykə kimsəsizliyə,
söykə kürəyini.

ƏLLƏRİN ÜŞÜDÜKCƏ

Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına
həm özünü inandır,
həm də məni inandır.

Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.

lll

Toxunmaz göz yaşlarına,
axar, axar doyunca.
Səssizcə axışına,
baxar, baxar doyunca.

Bu leysanın sonunu,
yaxşı bilir, bu, düzdü.
Suların can atdığı,
yaxın-uzaq dənizdi.
Odur ki, ürəyində,
liman salıb gəmilər.
Vüsaldı ya, ayrılıq,
bunu tək Tanrı bilər.

lll

Zaman elə gözəl axıb gedirdi,
Gözlərim önündə səssiz su kimi.
Hələ də o hisslər köksüm altdadı,
Ən doğma, ən şirin bir arzu kimi.

Nə bilim, çox vaxt da gücüm yetməyir,
Könlümdən hər keçən sözü deməyə,
Bəlkə də nə vaxtsa deyə bilərəm,
Bəlkə, izin verər özü, deməyə.

Əlləri qoynunda gizlənən adam,
Səni dinləməyə sükut tək gəlib.
Sənin otağına dərd də gələndə,
Şad gəlib, şux gəlib, mübarək gəlib.

lll

Qazıla-qazıla gedir bu qəbir,
Çox gedər, hardasa daşa çıxmasa.
Nə var ki, getməyə, qəbir də yoldu,
Qəfildən ümidlər boşa çıxmasa.

Soyuq şəkillərdə soyuq baxışlar,
Toxunsan əllərin donar bəlkə də.
O baxışlar bezib öz yiyəsindən,
Soruş, sahibini danar bəlkə də.

Zərblə çırpılan qapılar kimi,
Dəyər bir-birinə göz qapaqların.
Səni harayasa aparıb gedər,
Alıb çiyni üstə öz ayaqların.

ÖMÜRDÜ, GÜNDÜ DƏ…

Bütün doğrulardan bir addım uzaq,
Bütün yalanlara bir addım yaxın...
Ömürdü, gündü də sürürük gedir.
Hərdən eyni nəfəs dözülməz olur,
Hərdən kipriklərin sınır yük altda,
Ömürdü, gündü də sürürük gedir.
Yenə dan yerinə ümid can atır.
Yenə sabah üçün əllər uzanır.
Ömürdü, gündü də sürürük gedir.

lll

Bir də həqiqət var,
Haqqında xeyli susmağa.
Bir də sükut var, tavanı döyəcləməyə.
Bir də iki göz var,
Yorulmadan yumulmağa.
Bir də gecələr var görüşünə tələsdiyim.
Bir də bir cüt əl var çarpazlanmağa baş altda.
Bir də bir qədəh şərabdı tək ayaq üstə,
keşik çəkir.
Bir də mən varam çox uzaqlarda payi-piyada.
Bir də sən varsan çox yaxında, əlim çatmır...

lll

İlahi, ən böyük dərd hansıdısa,
Söylə, gücümüzü ona saxlayaq.
İtib-batasıyıq bu vurhavurda,
Bir az özümüzü sona saxlayaq.

İndi dar qəfəsə beşik deyirlər,
Üstündə bir çətən minnətin olur.
Yaxşıya yaxşısan, pisə pis demək,
Ya olmur, ya da ki, çox çətin olur.

Ayağında buxov, önündə yollar,
Ürək çırpınmaqdan sinən qabardı.
Çiynimiz əzilir dərdimiz altda,
Bu yük çiynimzdən düşsə nə vardı.

Ömür qum saatı, ümid dənəcik.
Çevir gah yuxarı, gah da aşağı.
Zaman dayanacaq, saat susacaq.
Dan sökülməyəcək bir səhər çağı.

Musa Yaqubun həyat və yaradıcılığı haqqında Fərid Hüseynin sözügedən kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb. Bu kitabı yazdığı
 müddətdə Fərid Hüseynə şairin ailəsi Musa Yaqubun arxivini etibar edibmiş, şairin bəlli irsi ilə yanaşı, o saysız materialları da oxuyub. Ona görə də şairin həyat və yaradıcılığı barədə xeyli məsələlər ilk dəfə bu kitabda yer alıb.

İsveç rəssamı, Məhəmməd peyğəmbərin karikaturasını cızmış   Lars Vilks və onun iki mühafizəçisi  İsveçin cənubunda, Krunuberg əyalətinin Markaryud yaşayış məntəqəsinin yaxınlığında magistral yolda qəzaya uğrayıblar, onların minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində hər üçü həyatını itirib. Bu barədə SVT telekanalı gecə xəbərlərində məlumat yayıb.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər  verir ki, toqquşma nəticəsində
hər iki avtomobil yanıb, yük maşınının sürücüsü də ciddi xəsarət alıb. Qəzanın necə baş verdiyi barədə hələlik dəqiq məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib. İlkin proqnozlar - bunun bir terakt olması təsdiqlənməyib.
Vilks Peyğəmbərin necə bir karikaturasını çəkmişdisə onu biz küfr olar deyə izah etməyəcəyik. Bütün insani və əxlaqi keyfiyyətlərini itirmiş rəssam bu nanəcib hərəkətə 2007-ci ilin noyabr ayında rəvac vermişdi, karikatura İsveçin  “Nerikes Allehanda” qəzetində çap edilmişdi. Nəşr o zaman dünyanın bir çox ölkələrində müsəlmanların böyük hiddətinə səbəb olmuşdu. Bəzi məlumatlara görə, "Əl-Qaidə" terror şəbəkəsinin yaraqlıları Lars Vilksin  başına 100 min dollar qonorar da vəd etmişdilər. O vaxtdan bəri karikaturaçı daimi polis nəzarəti altında yaşayırdı. 2010-cu ilin iyulunda Landskruna rayon Məhkəməsi iki nəfərə Vilksin evini yandırmağa cəhd göstərdiklərinə görə üç il müddətinə həbs cəzası kəsmişdi. Az sonra karikaturaçıya dərs dediyi Upsal Universitetində hücum oldu, fəlsəfə fakültəsində sənətdəki söz azadlığı mövzusunda mühazirədən sonra bir tələbə yumruqlarını işə salıb onun üzərinə atılmışdı. Daha sonra hakerlər rəssamın veb saytını dağıtdılar.
Növbəti ilin martında İrlandiyada Vilksə divan tutmağa hazırlaşan ekstremist qrup həbs olundu. Sonra bir müddət məsələ sanki unuduldu, Vilks dinc buraxıldı. Ötən il amerikalı Kolin Larouz Vilksə qarşı sui-qəsd təşkil etdi, amma Vilks xilas edildi, məhkəmənin hökmü ilə amerikalı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.
Allah böyükdür. Bəndələr edə bilmədiyini Allah özü etdi. Peyğəmbərə sataşan şəxs bu böyük günahı müqabilində ölümə qovuşdu. Avtoqəzadan sonra onun cəsədinin yanması da boşuna deyil, bu, rəmzi məna daşıyır. Vilksin günahı o qədər böyük idi ki, onun yandırılmasını cəhənnəmə gedincəyə qədər yubatmaq olmazdı.

Çərşənbə axşamı, 05 Oktyabr 2021 10:00

Azərbaycan Daşkənd Beynəlxalq film festivalında təmsil olunub

Özbəkistanda “İpək yolu dürdanəsi” XIII Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivalın açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov çıxış edib, Özbəkistan Prezidenti Şavkat Mirziyayevin təbrik məktubunu oxuyub.
Mədəniyyət Nazirliyimizin yaydığı məlumata görə, dünyanın 50-yə yaxın ölkəsindən 350 qonağın iştirak etdiyi festivalda 150 film nümayiş olunub. Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Mithun Çakraborti, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Nikita Mixalkov, Nuri Bilge Ceylan, Özcan Deniz və digər məşhur sənət adamları iştirak edib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov öz çıxışında belə bir festivalın keçirilməsi üçün Özbəkistan tərəfinə minnətdarlıq ifadə edərək bildirib ki, Daşkənd festivalı dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya yığa bilib. O, festivala uğurlar arzulayıb, Azərbaycan kinematoqrafçılarının fəaliyyətindən danışıb.
“İpək yolu dürdanəsi” Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan kinosu günləri” keçirilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, bir sıra universitet müəllim və tələbələri, jurnalistlər iştirak edib. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri düzüb. Mərasimdə çıxış edən səfir uzun illərdən bəri Azərbaycan kinosunun şərəfli bir yol keçdiyini, dünya kino tarixinə qiymətli sənət əsərləri bəxş etdiyini bildirib. Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışan səfir vurğulayıb ki, tanınmış Azərbaycan kinorejissoru Tofiq Tağızadə vaxtilə “Görüş” adlı film çəkib və bu əsər Azərbaycan-özbək dostluğunun bariz nümunəsidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov çıxışında bildirib ki, zaman-zaman Azərbaycan kinematoqrafçıları Özbəkistanda, özbək kinematoqrafçıları isə Azərbaycanda birgə film çəkilişlərində iştirak ediblər. Məşhur “Nəsimi” filminin bəzi kadrları, o cümlədən Nəsiminin edam edilməsi səhnəsi Özbəkistanda - Xivədə çəkilib. Rüfət Həsənov əmin olduğunu bildirib ki, kinematoqrafçılarımız bundan sonra da daha sıx əməkdaşlıq edəcək, birgə filmlər yaradacaq.
Mərasimdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsal etdiyi, Vətən Müharibəsində şanlı zəfərinə həsr olunan “Biz” sənədli filmi nümayiş olunub.
Kino günləri çərçivəsində İsmayıl Səfərəlinin “Balıqçının qızı”, Əli-Səttar Quliyevin “Olimpia”, Kseniya Laqutinanın “Fəridə”, Orman Əliyevin “Biz”, Fariz Əhmədovun “Sonuncu”, Murad Hüseynovun “Vəhşi durnaların vaxtı”, Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstərilib.
Gənc kinorejissorlar Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi Daşkənd Beynəlxalq Film Festivalının “5 Gündə Film” müsabiqəsi çərçivəsində “Maarifləndirmə və inkişaf naminə” nominasiyasında qalib olub.
Festival çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkkino Milli Agentliyi ilə geniş tərkibli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Rüfət Həsənov və ÖzbəkKino Milli Agentliyinin baş direktorunun birinci müavini Şuhratilla Rizayev tərəfindən memorandum imzalanıb. Memorandum özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutur. İlkin olaraq yaxın müddətdə “Molla Nəsrəddin” filminin istehsalı qərarlaşdırılıb. Filmin rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir.
Festival İpək yolu ölkələrinin mədəni həyatında əhəmiyyətli bir hadisə kimi yaradıcı təcrübə mübadiləsi və mədəni əməkdaşlıq, xalqlar arasında sülh və dostluq ilə əlamətdar olub.

Çərşənbə axşamı, 05 Oktyabr 2021 09:59

Lui Jan Lümyerdən Paul Fleminqə qədər

 

5 oktyabr. Ümumdünya müəllimlər günü

 

World Teachers Day. 1994-cü ildə təsis edilən bu əlamətdar gün müəllimlərin vəziyyəti barədə YUNESKO-nun və Beynəlxalq əməyin təşkili təşkilatının Tövsiyələr protokolu imzalamalarının ildönümü şərəfinə qeyd edilir. Yalnız yaxşı müəllimlərin sayəsində gələcək qurulur, bu şərəfli peşə sahiblərinə hər kəs borcludur. Amma dünyanın siması dəyişdikcə, İKT tərəqqisi, təbii fəlakətlər, epidemiyalar, müharibələr , iqtisadi krizislər dünyanın durumuna bir korrektə edir, nəticədə güzəran pisləşdikcə müəllimlik peşəsinin maddi təminatla uzlaşmaması anlamı yaranır. Təsəvvür edin ki, bu gün dünyada ibtidai təhsil üçün müəllim çatışmazlığı rəqəmi 35 milyon nəfərdir. Həyəcan təbili döymək vaxtı deyilmi?

 

Müəllimlər barədə maraqlı faktlar gətirəcəyəm. Müəllimlik peşəsini seçmiş insanların hamısı axıradək dözüm nümayiş etdirə bilmir, onların 33 faizi ilk üç il ərzində seçimindən peşiman olub işini dəyişir. Müəllim – pilot və yanğınsöndürənlə birgə ən stressli peşə nümayəndəsi sayılır. Müəllimlərin 15 faizi öz ixtisası üzrə dərs keçmir.

 

Gəlin müəllimlərimizi səmimi qəlbdən təbrik edək. Bu gün bir zərərli vərdişimizdən qurtulaq onların xətrinə. Bizdə müraciət vasitəsi kimi müəllim sözünün işlənməsi çox uğursuzdur. Bir də görürsən, küçədə dalandara, parkovşikə, limonsatana da müəllim deyirlər. O gün gözümlə gördüm. İşıqforda avtomobilini saxlayan bir qaqaş dilənçi qadını “müəllimə” deyə yanıına çağırıb ovcuna pul basdı. Əlbəttə, heç bir peşədə çalışmaq ayıblı deyil. Amma gəlin unutmayaq ki, müəllimlik bir zirvədir, onu ucuzlaşdırmaq olmaz.

 

5 oktyabr. Payız tənhalığı günü

 

Payıza dədə-babadan qəm-kədər fəsli deyilmirmi, deyilir. Havalar soyuyur, günəş səmadan didərgin düşür, yaşıllıqlar saralıb-solmağa başlayır. Və bütün bunlar insan ovqatına təsir edir, insane kədərlənir, eyni zamanda özünü nədənsə tənha hiss etməyə başlayır. Təqvimə məxsusi bir payız tənhalığı gününün salınmasının səbəbi var, insanları agah eləyirlər ki, indi hamınız kədərlə baş-başasınız və tənhasınız. Buna görə də dərhal əhval-ruhiyyənizi dəyişməyin qeydinə qalın, sevdiklərinizin əhatəsində olun, ünsiyyətdən doymayın, təbiətə çıxın, sarı-qızılı rənglərin yaşılı əvəzləməsində də sevinc işartıları tapıb payızın nəm torpaq qarışıq xəzəl qoxusunu ciyərlərinizə çəkin.

 

5 oktyabr. Nəsə bir yaxşı iş görmək günü

 

Görün necə bir ideal gündür. Əlimizdən lap kiçik bir yaxşılıq yəni gəlmir ki? Kimsə səndən mərhəmət, kimsə diqqət, kimsə insani münasibət umur. Hamıdan hər şeyi əsirgəyə-əsirgəyə yaşamaqdayıq. Yetər ki, bu gün dəyişək, içimizdəki metamarfoz cəmiyyətə, insanlığa bir zərrə xeyir gətirsin. Böyük sücaətlərə gücümüz çatmasa da, ən azı küçədəki səfil bir uşağı yedirtmək, əyilmiş ağacı dik vurub dikəltmək, zəngimizə tamarzı qalmış ağsaqqal-ağbirçəklərimizə zəng vurmaqla onları sevindirmək ki əlimizdən gələr?

 

5 oktyabr. Vanatulular və konstitusiya

 

Beynəlxalq fahişəliklə mübarizə günü. Ayrıca turizm adı altında ərəblərə və digər əcnəbilərə göstərilən xidmət sferası olaraq xalqımıza rüsvayçılıq gətirən olaylar var ki, onlar barədə saatlarca danışmaq olar. Nə isə. Amerikalılar bu günü Betti deserti günü kimi qeyd edirlər, nuş olsun. Portuqaliyalılar Respublika, vanuatulular isə Konstitusiya günü kimi. Xüsusən ekzotik Vanatu və konstitusiya anlamı mənə maraqlı gəldi. 83 adada yerləşən, 300 nəfərlik ordusu olan, rəsmən prezidenti olsa da bir neçə nəfər avtoritetdən ibarət Məşvərət şurası tərəfindən idarə olunan bu Sakit okean ada-dövlətində insanlar papa və mama canına, Allah haqqıya- filana deyil, konstitusiyaya and içirlər, təsəvvür edirsiniz?

 

2016-cı ilin bu günündə alimlər insan ömrünün maksimal uzunluğunu hesablayıblar, bu 115 ildir. Ən maksimal istisna isə 125-dir. 2011-ci ilin bu günündə Apple şirkətinin sahibi, maqnat Stiven Jobs dünyasını dəyişib. Onun vəsiyyətlərini bütün dünya oxudu, xatirinizdədirmi? İnsan dünyadan köçən anında etiraf etmişdi ki, dünyada ən böyük xoşbəxtlik pul-para-filan deyil, ən böyük xoşbəxtlik açılan hər yeni səhərə sevinməkdir. 1962-ci ilin bu günündə Bitlz qrupunun ilk sinqlı – Love Me Do işıq üzü görüb. 1880-ci ilin bu günündə klassik operettanın banisi – fransız bəstəkarı Jak Offenbax dünyasını dəyişib. 1864-cü ilin bu günündə kinematoqrafı kəşf edən Lui Jan Lümyer doğulub. 1609-cu ilin bu günüdə isə barokko dövrünün məşhur alman şairi Paul Fleminq dünyaya gəlib.

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

 

 

 

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türk Dünyası Jurnalistlər Federasiyası”nın təşkilatçılığı ilə keçirilən 6-cı Türk Dünyası Sənədli Film Festivalının finalist filmləri açıqlanıb.
Bu il festivala rekord sayda - 226 film müraciət edib və bunlardan 25 film finalist olaraq seçilib. Filmlər 2 müsabiqə proqramında - “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq.
Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında 4 Azərbaycan filmi yer alır. Bunlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev) və “Sonuncu” (rejissor Fariz Əhmədov) filmləri, habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.
Festivalın mükafatlandırma və bağlanış mərasimi 15 oktyabr 2021-ci il tarixində İstanbulda keçiriləcək.
Festivalın bu ilki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib. Festivalda mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 Festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq.

Çərşənbə axşamı, 05 Oktyabr 2021 09:57

Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib

Vaşinqtonda on səkkizinci ənənəvi Türk festivalı keçirilib.
AzərTAC Vaşinqtondan xəbər verir ki, festivalda minlərlə Vaşinqton sakini iştirak edib. Şounun təşkilatçıları qonaqlara türk mətbəxinin yeməklərinin və içkilərinin, o cümlədən məşhur türk qəhvəsinin dadına baxmaq, ənənəvi bəzək əşyaları, keramika, müxtəlif əl işləri almaq fürsəti yaradıblar. “ATA-DC” Türkiyə-Amerika cəmiyyəti tərəfindən ABŞ paytaxtında hər il təşkil olunan festival daim ziyarətçilərin böyük marağına səbəb olur.
Festival hər il Vaşinqtonun müxtəlif yerlərində keçirilir. Builki festival paytaxtın “The Wharf” (“Liman”) adlanan tarixi hissəsində təşkil edilib. Əvvəllər burada açıq səma altında ən uzun balıq bazarı yerləşirdi. Son illər ərzində “Wharf” inkişaf edərək Kolumbiya dairəsinin sahilboyunda ən maraqlı yerlərdən birinə çevrilib.
Festivalda türk musiqisi, həmçinin türkdilli xalqların mahnı və rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri təqdim edilib. Vaşinqtondan olan “Silk Road Dance Company” rəqs qrupu qonaqlara Azərbaycan və özbək rəqsləri nümayiş etdirib. Festival ziyarətçiləri Osmanlı Dövlətinin və Türkiyənin mədəniyyətini əks etdirən eksponatlarla, xüsusən də əl ilə toxunan türk xalçaları, ənənəvi geyimlər və qab-qacaqla tanış olublar.


Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür, böyük sənətkarın vəfatından 21 il ötür.
Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.
1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.
O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəsgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.
Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.
1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.
Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.
Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.
1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən, U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.
Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.
O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.
Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.
Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.
T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.
Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.
Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daimmüxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.
Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.
Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.
Mənbə: AzərTAC

Bu qış oxumaq lazım olan daha 3 yeni romanı sizə təqdim edirik.
Həyatınızın nəzarətini necə qaytarmaq olar? Nə çətindir: çətinliyə və ya sevincə dözmək? Peşəkar cəhətdən tanınmanın dəyəri nə qədərdir və buna necə nail olmaq olar? Bu və digər, heç də az əhəmiyyətli olmayan suallara cavab verə biləcək kitabların toplusunu bölüşürük.

Hillarinin romanının qəhrəmanı bir-birinin ardınca peşəsini dəyişdirən gənc bir qızdır. O, müvəqqəti işçilərin toplaşdığı hansısa bir sinfin mövcud  olduğu xüsusi bir dünyada yaşayır. Və özü də "müvəqqəti"lərin üzvüdür. O, agentdən müxtəlif sifarişlər alır, onların mahiyyəti heç də həmişə əvvəlcədən bilmir: təyinatlara bir baxın, gah ayaqqabı kolleksiyası hazırlayır, gah pirat gəmisində bir piratı əvəz edir, hətta cadugərə  köməkçilik də etməli olur.
Və bunlar, kifayət qədər əyləncəli görünür, ciddi görünmür. Və əsərin həyatsevər qəhrəmanı, hər şeylə  razılaşır və nikbindir, zarafatlaşır, deyir, “mənim karyeram mənim geyindiyim ətəklər kimi qısadır". Lakin "Alisa möcüzələr ölkəsində" ruhunda yaşayan bu qızın komik və absurd həyatı get-gedə gerçək, inandırıcı bir hekayə ilə nəticələnir.
Əsərin qəhrəmanına bir uşaq iş sifariş verir - onun uzun müddətlik anası olmaq. Və tezliklə qəhrəman həqiqətən özünü əsl valideyn kimi hiss edir, gənc sifarişçini bir oğlu kimi sevir. Oğlan isə sərt və soyuqdur, onun üçün münasibətlər rəsmi müqavilə çərçivəsində qalır, “muzdlu anasına” ürək qızdıra bilmir. Və nəticədə qəhrəman özünü sınmış hiss eləyir.
Vəziyyət fantastikdir, lakin romanda real problemlər qaldırılıb: qarşılıqlı olmayan sevgi, sinizm, itirilmiş və sosial qeyri-sabitlik. Dəyişikliklər hekayənin dünyasını kaleydoskopa çevirir, burada qəhrəman sanki parlaq şüşədir, amma zəmanə onu parlamağa qoymur, üzərinə çirk yaxmaq istəyir. Əsərin leytmotivi odur ki, həqiqətən də yaxşı insanların onlar üçün yaxşl olan yerlərdə qalmağa haqqı yoxdur.
Gözlənilməz, bəzən qəddar, lakin həmişə məcburi vəzifələr qızın həyat eşqini söndürür, digər insanlarla əlaqə qurmasına mane olur. Belə bir şəraitdə öz həyatına necə nəzarət etmək olar axı?
Hilari Lixter amerikalı yazıçı və jurnalistdir. Onun hekayələri və esseləri Nyu-York Harper's jurnalında və Nyu-York Times qəzetində dərc edilmişdir. "Müvəqqəti" — onun debüt romanıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.