Super User

Super User

 

Ümumdünya Poçt Günü

 

Bu gün əlamətdar hadisələrlə zəngin bir gündür. Öncə Ümumdünya Poçt Günündən başlayaq. Bu tarix baş qərargahı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqının yaradılması barədə müqavilə 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində keçirilən beynəlxalq poçt konqresində imzalanıb. 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunmuş konqres beynəlxalq poçtun vahid qaydada qəbulunu, daşınmasını və tranzitlə göndərilməsini tənzimləyən Ümumdünya Poçt Konvensiyasını qəbul edib və həmin gün Ümumdünya Poçt İttifaqı təsis olunub. 1880-ci ildən ÜPİ-nin üzvləri arasında məktub korrespondensiyasından əlavə, poçt bağlamalarının, 1891-ci ildən etibarən isə çap nəşrlərinin mübadiləsi müəyyən edilib. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul edilib. Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib.

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993- cü ildən ÜPİ üzvlüyünə qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu inkişaf yolu keçib, bu sahədə əldə edilən uğurların məntiqli nəticəsidir ki, son bir neçə ildə Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülüb. Amma gəlin etiraf edək ki, Mirzə Cəlil dövrünün Novruzəli avamlığı olmasa da digər nəsnələr poçtumuza mane olmaqdadır, düzələr deyib gözləyək.

 

Ümumdünya xospis və polliativ kömək günü

 

Dilə yatmayan bu kəlmələri əsla eşitməmişəm, ona görə bu gün mənə maraqlı gəldi. Nədir axı xospis və polliativ kömək? Sən demə, bu, sağalmaz xəstəliyə tutulmuş insanlara xüsusi müəssisələrdə ömürlərinin son günlərində göstərilən xidmətdir. Xospis fəlsəfəsi budur – xospis ölüm evi deyil, həyat evidir. Nə qədər təsəlliverivci fəlsəfə olsa da mahiyyətcə xospis elə məhz ölüm evidir. Ora yollanan pasient anlayır ki, ordan meyiti çıxasıdır. Qəribədir, öləcəyini dərk etdiyi anda insan hansı hissləri keçirir? Xatirələrlə baş-başa qalıb aciz və köməksiz halda göz yaşlarımı axıdır, etdiyi səhvlərin iztirablarınımı çəkir, yoxsa qəddar həyatdan, ona pislik edən insanlardan qisas almaq barədə düşünür? Əsl tədqiqat sahəsidir.

 

Amma mən dəqiq bilirəm ki, keçmişdə cəmiyyətlər daha humanist olublar, insana sağalmaz xəstəliyə düçar olduğunu, öləcəyini əvvəlcədən deməyiblər. O vaxtkı tibbi yanaşma insanı vaxtından əvvəl fikrən ölümə sürükləməyin əleyhinə yönəlmişdi. Zira, indi xərçəngə tutulana həkimlər neşə ay yaşayacağını belə deyirlər, bunu ədalətli sayırlar, “qoy insan yarımçıq işlərini tamamlasın” deyə fikirlərini əsaslandırırlar. İndiki qəddar reallıqda boşuna ümid verməmək əsas yer tutur. Amma nə olursa olsun, məncə, qəfil, gözlənilmədən ölmək daha yaxşıdır. Dünyada ölümə hazırlaşmaq qədər dəhşətli heç nə ola bilməz.

 

Ayını özünlə aparmalısan

 

Ciddi adamlar ağız büzəcəklər, amma qayğısız, bütün təminatlarla əhatə olunan avropalılar bu gün “Öz yumşaq ayı oyuncağını iş, yaxud təhsil yerinə apar” deyə bir gün icad ediblər, bu gün hamı bir ayı oyuncağını qoltuğuna vurub idarələrə və müəssisələrə, universitet və məktəblərə aparacaq. Bunca qayğısız olmaqmı olar, ilahi?

 

Bu gün həm də qeyri-adi hadisələr günüdür. Gərək diqqətli olub ətrafında cərəyan edən belə hadisələri izləyib tapasan. Adi günlərdə bunlara əhəmiyyət vermirsən, indisə verməli olacaqsan. Məsələn, birini mən deyim, aaaaa, toyuğun ikiqat göz qapağı var imiş ki. Yaxud, aaa, suyun üzərinə qəzet sərəndə o, betondan da möhkəm olurmuş ki.

 

Beynəlxalq qəzet korrespondensiyaları günü

 

İnternational Newspaper Carrier Day – oktyabrın ilk tam həftəsinin şənbə gününə təsadüf edən bu gün elektron medianın təzyiqinə baxmayaraq duruş gətirməkdə olan qəzetin diqqət mərkəzində dayanmasına xidmət edir. Korrespondensiyalar – poçt rabitəsi vasitəsilə göndərilən məqalələrdir, bir vaxtlar internet olmayanda ezamiyyətə getmiş müxbirlər öz yazılarını poçt vasitəsi ilə - məktub, yaxud teleqram formasında redaksiyalara göndərərdilər. Operativlik olmurdu, amma prosesin özü həyəcanverici idi, sənin yazını səbirsizliklə redaksiyada gözləyirdilər ki, qəzet sıhifələrinə yerləşdirsinlər. Oxucular isə köşklərdə növbə yaradıb təzə qəzetlərin gətirilməsini gözləyirdilər ki, son xəbərlərdən oxuyub agah olsunlar. İndi harda nə baş verirsə həmin dəqiqə sosial media, saytlar aləmə car çəkir. İndi xəbərin hazırlanması, cilalanması prosesi deyilən bir proses arxaikləşib. Bax belə. Zaman öz sözünü deməkdədir. Bununla belə, gəlin qəzetçiləri təbrik edək. Ölkədə onlar çox az sayda qalıblar, “Yeni Müsavat”, “525-ci qəzet”, “Şərq”, “Ədəbiyyat qəzeti”... Hamısı var olsun, səhnədən əsla  çıxmasınlar.

 

Şindlerin siyahısı

 

Avropada donor və orqan transplantasiyası günüdür. Allah heç kəsi başqasının qanına və orqanına möhtac qoymasın heç vaxt. Yaponiyada Takayama festivalı başlayır. 15-ci əsrdən üzübəri yaponlar bu festivalı keçirirlər, iri gəlinciklər bəzədilib küçələrə düzülür, bambuk bəzəklər, rəngbərəng parçalar aksessuar təşkil edir, həyatın özünün bir butafora olması illüziyası yaradılır. Rumıniyada Xolokost qurbanlarının anım günü, Moldovada pendir günüdür. Gözünə döndüyüm amerikalılar pitsa gününü qeyd edəcəklər. Əlavə olaraq, onlarda həm də pivə günüdür. Keçən dəfə Milli pivə içmək günü idi, indi pivə. Düzü, fərqini bilmirəm. Yəqin yenə pivəni keçən dəfəki kimi içəcəklər, yeyəsi deyillər ki.

 

1989-cu ilin 9 oktyabrında SSRİ-nin Mərkəzi Televiziyası milyonlarla sadəlövh insanın hissləri ilə oynayıb efir vasitəsi ilə Kaşpirovskinin telepatik seanslarının nümayişinə başlayıb. 1975-ci ildə akademik Saxarova Nobel mükafatı verilib. (Arvadı erməni olduğu üçün axıra qədər Qarabağ məsələsində haqsız olan ermənilərin tərəfini tutdu bu nahaq adam). 1974-cü ildə alman biznesmeni Oskar Şindler doğulub, o kəs ki, müharibə illərində 1100 yəhudini xilas edib. Məşhur “Şindlerin siyahısı” filmini xatırladınızmı?

 

1959-cu ildə Boris Nemtsov doğulub - Kremlin divarları önündə siyasi qətlə yetirilmiş həmin o binəva. 1940-cı ildə əfsanəvi Bitlz qrupunun solisti Con Lennon doğulub -  tarixə düşmək məqsədi güdən bir kəmağıl fanatı tərəfindən qətlə yetirilmiş digər bir binəva.

 

 

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

 

 

Şəkildə: Cəlil Məmmədquluzadənin yaratdığı Novruzəli obrazı 1967-ci ildə lentə alınmış “Poçt qutusu” filmində

 

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesə həsr olunan tədbir keçirilib.
AzərTAC xəbər verir ki, Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımdan kitab sərgisinin əhəmiyyətindən söz açıb.
Səfir qeyd edib ki, sərgidə Kolumbiya da fəal iştirak edir. Burada dünyaca məşhur Qabriel Qarsia Markesin əsərləri, həmçinin Kolumbiya haqqında, turizmi, mətbəxi və s. haqqında olan kitablar sərgilənir.
Sonra Əməkdar artist Ağalar Bayramov Qabriel Qarsiya Markes haqqında məlumat verib. Bildirilib ki, 1927-ci il martın 6-da Arakatakada anadan olan kolumbiyalı yazıçı XX əsrin ən çox oxunan yazıçılarından biri, Latın Amerikası ədəbiyyatının ən orijinal nümayəndəsi kimi tanınır.
Bədii yaradıcılığa jurnalistikadan gəlmiş, ədəbiyyatda “magik realizm”in təmsilçisi hesab olunan Markes müxtəlif dillərə tərcümə olunmuş və dünya oxucusunun rəğbətini qazanmış çox sayda dəyərli nəsr nümunələrinin müəllifidir.
1961-ci ildə çap olunmuş ilk povesti uğurlu olmuş, altı ildən sonra isə Markes “Yüz ilin tənhalığı” romanını tamamlayıb. Yazıçı bu əsəri doqquz dəfə yenidən işləyib.
Yazıçı öz romanı haqqında deyirdi: “Mən “Yüz ilin tənhalığı” romanını yazarkən ən nikbin xəyallarımda belə ağlıma gətirməzdim ki, bir vaxt həmin əsəri milyon nüsxə tirajla çap etdirəcəyəm”.
“Nyu-York Tayms” qəzeti bu romanı bütün bəşəriyyətin oxumalı olduğu əsərlər sırasında “Varlıq kitabı”ndan sonra ikinci kitab adlandırıb. “Mistik realizm” janrının əsasını qoymuş Markes 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

“Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Turin dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək üçün İtaliyanın 17 şəhəri və bölgəsi ilə yarışdan qalib çıxdı.
Müsabiqənin   yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi (EBU) ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.

...

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Əyyub Qiyasın təqdimatında Azərbaycan aktyorlarının həyatından maraqlı anları təqdim edir. İlk olaraq sizləri tanınmış, sevilən aktyor, xalq artisti Fəxrəddin Manafovun (1955) xatirələri ilə tanış edirik.

 

              

 

              Bir çılğın operator

 

Çəkiliş prosesi çox mürəkkəb və maraqlı olur. Çünki meydançada müxtəlif peşə sahibləri işləyir və bütün diqqət təbii ki, aktyor üzərinə yönəlir. Bir neçə-əhvalat danışım…

 

Demək, bir dəfə çəkilişdə operatoru kimsə çox əsəbiləşdirmişdi. Adam yerə-göyə sığışmırdı. Səsini almışdı başına:

 

– Bu dəqiqə buraları alt-üst edərəm! – deyib çığırırdı.

 

Axırda Rasim Ocaqov dözmədi:

 

– Yaxşı da, başa düşdük, kamera əlindədir, uzağı bir dublda Fəxrəddini tərsinə çəkərsən, buralar alt-üst düşər, sən də arzuna çatarsan…

 

 

 

 Və bir özündənmüştəbeh aktyor

 

Kinoya təzə çəkilən vaxtlarım idi, yeni filmə çəkilirdim. Bizim məşhur aktyorlardan biri çəkiliş meydançasından kənarda, sərin bir yerdə ayağını ayağı üstə aşırıb, oturmuşdu. Mənim epizodum bitəndən sonra su içmək üçün qan-tər içində qaçaraq, həmin məşhurun yanına gəldim. Adam məni görəndə:

 

– Hə, cavan oğlan, orda işlər necə gedir? – xəbər aldı.

 

Mən də su içə-içə:

 

– Nə bilim, – cavab verdim, – Rasim Ocaqov deyir ki, bu gün mənə qədər çəkilən yerlərin hamısı zibildir.

 

Adam qaşlarını çatıb mənə baxdı:

 

– Deyəsən axı, bu gün səhərdən məni çəkiblər!

 

İkimiz də güldük…

 

 

Oktyabrın 7-də Heydər Əliyev Sarayında 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər, eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün “Bakıdan Qarabağa” adlı ədəbi-bədii musiqili kompozisiya təqdim edilib.
AzərTAC xəbər verir ki, kompozisiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb.
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə icazə verilməsi ilə bağlı qərardan sonra Heydər Əliyev Sarayında ilk tədbir reallaşıb. İlk tədbirin şəhid və qazi ailələrinə həsr edilməsi heç də təsadüfi deyil. Qələbəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məhz onlar bəxş edib.
İlk olaraq “Qarabağ şikəstəsi” ifa olunub. Sonra Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri “Koroğlu” operasından uvertüranı səsləndirib. Xalq artisti Nurəddin Mehtixanlı “Azərbaycan əsgəri” şeirini təqdim edib.
Konsertdə tanınmış ifaçılar geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdən sonra AZƏRTAC-a müsahibə verən ehtiyatda olan zabit Arif Nağıyev Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində apardığı mübarizəsindən və qazandığı Qələbədən danışıb. Bildirib ki, insanlara vətənpərvərlik ruhu aşılayan belə tədbirlər olduqca əhəmiyyətlidir. Çünki səslənən hər bir ifa gənclərdə ruh yüksəkliyi yaradır, onların Vətənə olan məhəbbətini daha da artırır.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən cari il “Nizami Gəncəvi İli” elan edilmişdir.
Cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən cari ilin oktyabr ayında “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin məlumatına görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.
Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli  miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca – 14, 15, 16, 17 oktyabr tarixlərində davam edəcəkdir. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaqdır.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 7-də ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə  heyətini qəbul edib.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, qonaqları səmimi salamlayan Anar Kərimov qonaqlara oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılışı baş tutan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştiraklarına görə təşəkkürünü bildirib.  Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramında qardaş Türkiyənin də nəfis tərtibatlı nəşrlərlə təmsil olunduğu üçün məmnunluğunu vurğulayıb.
Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Ahmet Misbah Demircan da öz növbəsində Azərbaycana növbəti səfərinin əhəmiyyətindən danışıb.
Görüş zamanı iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra incəsənət, kino və nəşriyyat sahəsində birgə fəaliyyətin uğurla davam etdiriləcəyindən bəhs olunub.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında  fikir mübadiləsi aparılıb.

 

Ötən gün Stokholmda Beynəlxalq Nobel Komissiyası ədəbiyyat üzrə növbəti Nobel mükafatçısının adını açıqladı. Xəbər verdiyimiz kimi, ərəb mənşəli yazıçı Abdulrazak Qurna "Müstəmləkəçiliyin nəticələrinə, mədəniyyətlər və qitələr arasındakı uçurumda qaçqınların taleyinə güzəştsiz və təəssübkeş mövqe sərgiləməsinə görə" ifadəsi ilə Nobel mükafatına layiq görüldü.

 

Laureat Şərqlə Qərb arasında uçurum barədə kitablardan oxumayıb, ondan-bundan eşitməyib, o bunu özü yaşayıb. 1948-ci ildə Afrikada, Zənzibarda ərəb mənşəli müsəlman ailəsində anadan olan Abdulrazak bütün məhrumiyyətləri öz gözü ilə görüb. Bir vaxtlar ərəblərin işğal etdiyi, yerli qaradərili əhalini qul ampluasına saldığı, amma zaman keçdikcə qaradərililərin müstəqillik qazanaraq ərəblərə qarşı bir nifrət hissi püskürməsinin şahidi olan Zənzibar partlamaqda olan barıta bənzəyirdi, bu barıt qazışının iyirmi yaşı olanda partladı, qara qitədə ərəb ailələrinə qarşı kütləvi hücumlar başladı, Qurna ailəsi ölkədən qaçmaq məcburiyyətində qaldı. Böyük Britaniyaya pənah aparan ailə orada məskunlaşdı, Abdulrazak təhsilini davam etdirdi. Elmli və kreativ olan bu gənc sürətlə irəlilədi, 1982-ci ildə Kent Universitetində doktorluq dissertasiyası müdafiə etdi. İndi Qurna Kent Universitetinin professorudur, Kral ədəbi cəmiyyətinin üzvüdür, postkolonial ədəbiyyatdan mühazirələr oxuyur. Yazıçı kimi isə Qurna 1987-ci ildə debüt edib.

 

Abdulrazak Qurna - doqquz romanın müəllifidir, onların arasında "Cənnət" (1994) Buker mükafatının qısa siyahısına düşüb, "Dəniz" (2001) Buker mükafatının uzun siyahısına  düşüb. Yazara şöhrət gətirən bu iki romanıdır, habelə "Fərarilik" (2005) romanıdır. Sürgünlük, evsizlik, identikliyin itirilməsi onun ərəb Afrikasında baş verən hadisələri qələmə alan kitablarının əsas mövzularıdır.

 

Bu gözlənilən idimi? Qətiyyətlə deyərdik ki yox. Dünən “Ədəbiyyat və incəsənət” portal olaraq proqnozları dərc etmişdik. Ondan başlamışdıq ki, mərc sistemində əsas favorit iki idi, onlardan biri heç kəsin gözləmədiyi bir kəs idi. Bukmeykerlərin bütün dünya üzrə qəbul dərəcələrində ikinci pillədə  "Kazus Kukotskiy", "Daniel Ştayn", "Yakovun pilləkənləri" kimi kitabların müəllifi Lyudmila Ulitskaya gedirdi, rus sözünün əsl ustası hesab edilən Rusiya yazıçısı. Ulitskaya özü belə reytinqlərə özünəməxsus ironiya və özünütənqidlə yanaşırdı. "Mən ikinci yerdəyəm və bu, məni tamamilə qane edir" deyirdi o özü haqqında. Və necə yaddan çıxarmaq olar ki, ötən il də Ulitskaya Nobel mükafatına əsas namizədlər arasında idi, lakin o zaman Amerika şairəsi Luiza Glyuk onu geridə qoya bilmişdi.
Bu il yüksək mükafata əsas namizəd isə bukmeykerlərin siyahısında başda dayanan dünyaşöhrətli yaponiyalı yazıçı, “Norveç meşəsi” və “Kafka sahildə” kimi şedevrlər yaratmış Haruki Murakami idi. Ədəbi dairələr tərəfindən “əbədi Nobel məğlubiyyətçisi” hesab olunan ünlü yazar hər il əsas namizəd hesab olunsa belə əliboş qalırdı. (Çox təəssüf ki, bu dəfə də belə oldu).
Həmçinin favoritlər arasında başqa bir Afrika təmsilçisi Ngugi va Thiongo və Kanada təmsilçisi Enn Karson da var idi. Xatırladaq ki, Thiongo romançıdır, Karson isə lirik şeirlər yazır. Xanım Karson sosial şəbəkələrdə çox məşhurdur, onun "Şüşə esse"poemasının və şeirlərinin milyondan çox oxunma sayı var.
Liderlərlə dabanbadaban gələnlər "Xidmətçinin hekayəsi"nin müəllifi və iki Buker mükafatının sahibi, kanadalı Marqaret Etvud və “Alternetiv Nobel" mükafatının laureatı fransız Mariz Konde idilər.

 

Nobel ədəbiyyatdankənar məsələlərə yenə önəm verdi, siyasət yenidən ədəbiyyatı üstələdi. Abdulrazak Qurna heç kəsin proqnoz vermədiyi, təxmin etmədiyi halda bir vaxtlar Bakı neftinin pulları hesabına başa gəlmiş Nobel fondunun mükafatını qazana bildi. Xəbəri eşidəndə o, Briyaniyada - Kent əyalətinin Meydston şəhərindəki mənzilinin mətbəxindəymiş, kofe içirmiş, həmin an insanın hansı hisslər keçirməsini bir özünüz təxmin edin. Triumfdan alınan həzzi heç nə əvəz edə bilməz.
Qurna 10 milyon İsveç kronu - 1,19 milyon dollar alacaq. Razılaşın ki, az pul deyil.

 

Amma faktdır ki, kitabsevərlər və ədəbiyyat funksionerləri Haruki Murakaminin mükafatlandırılmasını arzulayırdılar. Bu dəfə də alınmadı. Bəlkə yapon ustad daha bir il gözləsin, gələn il alınacaq?

 

 

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı ilə Mədəniyyət Komitəsində görüşüb, onu  65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Nurəddin müəllim,
Sizi – Azərbaycanın "Şöhrət" ordenli teatr və kino aktyorunu, respublikamızın Xalq artisti, Prezidentin fərdi təqaüdüçüsü və Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustasını 65 illik yubileyiniz münasibəti ilə təbrik edirəm!
Siz ali təhsil illərində böyük sənətkarımız Adil İsgəndərovdan dərs almısınız (1978). Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yaradan Siz, Akademik teatrın səhnəsində oynadığınız rollarla özəlliklə seçilmisiniz.
Sizin sənət dünyanız vətəncanlılıq, milli ideallarımıza sədaqət örnəyidir. Heç təsadüfi deyil ki, 44 günlük Azərbaycan Vətən Müharibəsi başlanınca, siz cəbhəyanı bölgələrdə, eləcə də, döyüşən hərbçilərimiz qarşısında silsilə mədəni proqramlarla çıxış etdiniz, onları qələbəyə ruhlandırdınız.
Çox şadıq ki, builki yubileyinizi işğalçı düşmən üzərində tarixi Zəfərimizin qüruru, sevinci içində keçirirsiniz.
Sizi Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan, yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Qənirə Paşayeva Nurəddin Mehdixanlıya Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Xalq artisti səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.