
Super User
Günün fotosu: Vatikanın Birləşmiş Ərəb Əmirliyində səfirlik açması dünyanın diqqət mərkəzindədir
Günün fotosu:
Vatikanın Birləşmiş Ərəb Əmirliyində səfirlik açması dünyanın diqqət mərkəzindədir
Foto: Euronews
“Danışır Şuşa” radiolayihəsinə start veriləcək
Fevralın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, nazirliyin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, "AzerNyuMedia" şirkəti və "Avto FM"in birgə “Danışır Şuşa” radiolayihəsi start götürəcək.
Layihə Azərbaycanın mədəniyyət paytaxtı – Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.
Layihədə əsas xətti təşkil edəcək cəhətlərdən biri Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.
"Danışır Şuşa" layihəsinin hər buraxılışı beş bölmədən: "Şuşa kimi tarix", "Şuşa tərzi", “Qafqaz mirvarisi”, "Zəfər yolu", "Unutma" rubrikalarından ibarətdir.
Radiolayihə hər həftənin cümə günü efirdə olacaq. Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi, tarixçi Elçin Əhmədovdur.
Mədəniyyət naziri Türkiyənin “Daily Sabah” qəzetinə müsahibə verib
Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Daily Sabah” qəzetinə müsahibə verib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsahibəsində nazir mədəniyyət sahəsində gerçəkləşdirilən bir sıra mühüm layihə və yeniliklərdən bəhs edib.
A. Kərimov tarixi ərazimiz Qarabağın işğaldan azad olunmasından sonra tarixi abidələrin bərpa işləri barədə də danışıb.
Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsinin əhəmiyyətini xüsusi vurğulayan A. Kərimov mədəniyyət nazirliyinin üzərinə düşən şərəfli və vacib öhdəliklərdən söz açıb.
Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşanın həmçinin səfalı iqlimi, füsunkar təbiəti ilə də tanındığını qeyd edib. Bu il 270 yaşını qeyd edən qədim və gözəl Şuşanın tarixi keçmişi haqda geniş məlumat verib.
Nazir həmçinin həm 44 günlük Vətən müharibəsi, həm də tarixi Zəfərimizdən sonra qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin önəmindən danışıb. Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşa şəhərində imzaladıqları bəyannamənin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz tövhə olduğunu bildirib.
“2022-ci ilin “Şuşa İli” elan olunması mühüm hadisədir.”
“Şuşanın bütün mənalarda çox böyük rəmzi əhəmiyyəti var. Şuşa şairləri, bəstəkarları, sənət adamları ilə Azərbaycanın mədəniyyətini təmsil edir. 2022-ci ilin “Şuşa İli” elan olunması mühüm hadisədir.”
Bu fikirləri AzərTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu ifadə edib.
Hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərən qurumun 2009-cu ildə Naxçıvanda təsis edilməsini və uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdıran Yaqub Öməroğlu bu prosesin davamı olaraq 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini şərh edərək deyib: “Ümid edirik ki, Şuşa gələn il türk dünyasının mədəniyyət paytaxtı seçiləcək. Bütün türk dünyası Şuşanın gözəlliyini, Qarabağda yaşananları görəcək. Eyni zamanda, oradakı mədəniyyət və sənətlə bərabər, ermənilərin həyata keçirdiyi vandalizm aktlarının da şahidi olacaqlar”.
Moskvada Qara Qarayevin doğum gününə həsr olunmuş konsert təşkil edilib
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Qara Qarayevin anadan olmasının 104-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.
AzərTAC xəbər verir ki, konsertdə “Legend of fire” triosunun ifasında Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Niyazi, Arif Məlikov və Vasif Adıgözəlovun əsərləri səslənib. Trionun üzvləri - Azərbaycanın Əməkdar artisti Ceyla Seyidova, Zəhra Bədəlbəyli və Arslan Növrəslinin ifaları dinləyicilər tərəfindən hərarətlə qarşılanıb.
Görkəmli Azərbaycan bəstəkarının doğum günü münasibətilə “Azərbaycan” pavilyonunun Moskvanın iki radiosu ilə əməkdaşlığı çərçivəsində “Relax FM” və “Radio Romantika”nın efirində Qara Qarayevin musiqiləri səsləndirilir. Pavilyonun direktoru Səadat Kadırova bildirib ki, adı çəkilən radiolarla əməkdaşlıq böyük əhəmiyyətə malikdir: “Bu radioların geniş auditoriyası var. Düşünürəm ki, Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin bu radiolarda milyonlar üçün səslənməsi çox dəyərli və qiymətlidir”.
“Şuşanın dağları başı dumanlı…”
Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə “Şuşanın dağları” mahnısına həsr olunub.
Şuşada musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib.
Mahnı XX əsrin 30-cu illərində meydana gəlib və musiqi və mətn müəllifi xanəndənin özünə məxsusdur. “Şuşanın dağları” mahnısı muğam üçlüyü – xanəndə (qaval), tar və kamança ifaçıları üçün nəzərdə tutulub. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub.
Mahnı iki dəfə – 1946-cı ildə muğam üçlüyü, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınıb. Bu mahnıya Xan Şuşinskidən sonra da onlarla ifaçı müraciət edib. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şuşanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim edilir. Mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün işlənilərək çap olunub. Musiqi əsəri həmçinin muğam triosunun ifasında “Dərviş Parisi partladır” (1976) bədii filmində səslənir. Ekran əsərində hadisələr elə Qarabağda baş verir.
Son bir il ərzində qala-şəhərimizdə keçirilən musiqi və ədəbiyyat bayramlarında yenidən Xanın səsində “Şuşanın dağları başı dumanlı” sədaları havalandı. Cıdır düzündə Xanın səsinin havalanması ilə Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbül və başqa Şuşa ünvanlı sənətkarların da ruhu rahatlıq tapdı.
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanım.
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı
Son bir neçə gün ərzində bəzi qərəzli xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlarla bağlı qeyd etmək istərdik ki, Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşmışdır. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir. Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, 2 xristian kilsəsini də göstərmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir.
Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır.
İşğaldan azad edilmiş ərazilərimizdə qədim Alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcəkdir. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir.
Qətərin dövlət nazirinə “Nizami Gəncəvi – 880” xatirə nişanı təqdim edilib
Qətərin dövlət naziri, Qətər Milli Kitabxanasının rəhbəri professor Həməd bin Əbdüləziz Əl-Kavari Nizami Gəncəvi irsinin təbliğində və tanıdılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı” ilə təltif edilib.
AzərTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov xatirə nişanını dövlət nazirinə təqdim edib.
Qətərin dövlət naziri Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O əlavə edib ki, ötən ay Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabının ərəb dilinə tərcümə olunaraq çap edilmiş nəşrinin təqdimatı böyük maraqla qarşılanıb.
Şair Əli Vəkil vəfat edib
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.
Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 10 iyun 1938-ci ildə Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Yuxarı Şorca kəndində anadan olmuşdu. Şair, tərcüməçi olan Əli Vəkil Azərbaycan Yazıçılar (1972) və Azərbaycan Jurnalistlər Birliklərinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998) idi.
Allah rəhmət eləsin!
Kitab nəşrinin vəziyyəti müzakirə obyekti olub
Fevralın 7-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab nəşri və Ədəbiyyat işçi qrupu Azərbaycan Nəşriyyatları Assosiasiyasının idarə heyətinin üzvləri ilə birgə “Müasir dövrdə ölkədə kitab nəşrinin vəziyyəti və qarşıda duran vəzifələr” adlı müzakirələr keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müzakirələrdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, sədrin müavini Şahin Qədirov, İctimai Şuranın üzvü Rauf Zeyni, Kitab nəşri və Ədəbiyyat işçi qrupunun rəhbəri, yazıçı Varis, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, “Hədəf” şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq, Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü, “Altun Kitab” Nəşriyyatının rəhbəri Rafiq İsmayılov, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədr müavini, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq, Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü, “Qədim Qala” Nəşriyyat Evinin icraçı direktoru Şöhlət İxtiyaroğlu iştirak ediblər.
Ölkə nəşriyyatlarının hazırkı durumu, nəşriyyat-yazıçı, nəşriyyat-mətbəə, nəşriyyat-kitab satışı şəbəkəsi arasındakı münasibətlərin tənzimlənməsi, kitab sərgilərinin və yarmarkalarının keçirilməsi, piratçılıq və plagiatçılıqla mübarizə, keyfiyyətsiz, oxucu zövqünü korlayan ədəbiyyatın dərci ilə mübarizə yolları müzakirə obyekti olub.
Çıxışçılar Mədəniyyət Nazirliyinin yeni komandasının ölkənin kitab industriyasındakı qüsur və nöqsanların aradan qaldırılması yolunda səmərəli fəaliyyətindən ruhlandıqlarını, gündəmdə dayanan bütün problemlərin tezliklə həll olunacağına inandıqlarını ifadə ediblər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın Kitab nəşri və Ədəbiyyat işçi qrupunun məqsədi Mədəniyyət Nazirliyinin kitab nəşri işinin tənzimlənməsi, ədəbi istedadların üzə çıxarılması, onların dərcinə kömək etmək kimi məsuliyyətlərinə yardımçı olmaq, bu sahələrdəki boşluqların doldurulmasına, nöqsanların aradan qaldırılmasına kömək etməkdir.