
Super User
Bakıya Türkiyənin məşhur “Duman” rok qrupu gələcək
Türkiyənin məşhur rok qrupu “Duman” mayın 1-də Bakı Konqres Mərkəzində heyranlarının qarşısına çıxacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, axırıncı dəfə 2019-cu ildə Bakıda 3000-dən çox pərəstişkarı qarşısında çıxış edən “Duman” qrupu bu dəfə də paytaxtımıza zəngin musiqi proqramı ilə gəlir.
“Seni kendime sakladım”, “Dibine kadar”, “Her şeyi yak”, “Yürek kimi” hitlərlə sevilən “Duman”ın Bakıda seyrçilərinə xoş anlar yaşadacağı şəksizdir.
Qrup Bakıda “Event Office” və “Atlantis” təşkilatlarının dəstəyi ilə çıxış edəcək.
Tunçer Cücenoğlu teatr günlərində Azərbaycan rejissoru İradə Gözəlova da iştirak edəcək
Bu gün Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə İstanbulda Maltəpə Bələdiyyəsi Türkan Saylan Kültür Mərkəzində "Tunçer Cücenoğlu teatr günləri"nə start veriləcək.
“Barışa evet!" şüarı altında dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirəcək və ayın 10-dək davam edəcək bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova təmsil edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, beynəlxalq tədbirə yola düşən rejissorumuz həm də sənət ocağının sülh çağırışlı videoçarxını təqdim edəcək.
Bu videoçarxda məşhur “Ey Vətən!" mahnısı səsləndirilir. Mahnını Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşayiəti ilə Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyev ifa edirlər.
Şəkildə: Maltəpədə Tunçer Cücenoğlu teatrı
Azərbaycan muğamşünaslıq elminə dəyərli töhfə verilib
Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun və Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin müəllifi olduqları “Azərbaycan xalq musiqisi janrlarının təhlili” adlı 200 səhifəlik kitab bu yaxınlarda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə rəhbəri Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi məsləhətçisi isə Xalq artisti Siyavuş Kərimi olan bu kitab girişdən, 4 fəsildən, 11 paraqrafdan, nəticə və notoqrafiyadan ibarətdir, kitab musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün nəzərdə tutulub. Xalqımıza məxsus olan bütün musiqi janrlarının geniş şəkildə təhlil edildiyi kitabda Azərbaycan muğamları ilə əlaqədar daha bir yeniliyə də toxunulub. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli kitabında muğamlarımızın insana ruhi təsirindən söhbət açır, “Rast”ın qəhrəmanlıq, “Şur”un lirik əhval-ruhiyyə, “Segah”ın sevgi, “Humayun” və “Şüştər”in kədər hissləri yaratdığını göstərir. Lakin Azərbaycan klassik muğamlarının çoxlu sayda şöbələrinin hər birinin yalnız ona məxsus olan emosional təsir imkanları vardır ki, bu günə qədər heç kim onları tədqiq etməyib.
Bu baxımdan yeni kitabın müəllifləri muğamlarımızın şöbələrinin adlarının hər birinin mənasının əks etdirdiyi emosional əhval-ruhiyyəni cədvəllər şəklində göstəriblər ki, bunları muğam nəzəriyyəsi tarixində yenilik kimi qeyd etmək olar.
Dünyanın əsas musiqi hadisəsində - “Qremmi”lərin təqdim edilməsində 3 ifaçı və Zelenski qəhrəman oldular (Yenilənib)
Xatırladaq ki, ötən gecə bütün diqqətlər ABŞ-ın Las-Veqas şəhərinə yönəlmişdi. Dünyanın əsas musiqi mükafatı sayılan “Qremmi” müxtəlif nominasiyalarda öz yeni sahiblərinə qovuşurdu. “Qremmi” - Milli səsyazmanın incəsənəti və elmi Akademiyasının (National Academy of Recording Arts and Sciences) mükafatıdır.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, mərasimin əsas özəlliyi lap əvvəldə iri monitorda Ukrayna prezidenti Volodimir Zelenskinin mərasim iştirakçılarına müraciətinin nümayişi olub. Zelenski çıxışında deyib: “Hansı yolla olursa olsun, bizi dəstəkləyin. Susmayın! O zaman bizim şəhərlərə sülh gələcək!”
Gur alqışlar qazanan bu çıxışdan sonra müğənni Con Lecend Ukraynalı musiqiçilər və müğənnilərlə birgə çıxış edib.
O kı qaldı mükafatlandırma mərasiminə, Ledi Qaqanın arzuladığı mükafatı qazanmamasını çıxmaq şərti ilə elə bir fövqəladə hadisə baş verməyib.
Ilin ən yaxşı mahnısı nominasiyasında “Qremmi” “Silk Sonic” (Bruno Mars və Anderson Paak) qrupunun “Leave The Door Open” mahnısı birincilik qazanıb.
Mükafat üçün digər namizədlər arasında Ed Şiranın “Bad Habits” mahnısı, eləcə də Alişa Keys və Brendi Karlaylın “A Beautiful Noise”, Olivia Rodriqonun “Drivers License”, H.E.R-in “Fight For You”, Billi Aylişin “Happier Than Ever”, Doja Kat və SZA-nın “Kiss Me More”, Lil Nas X-ın “Montero”, Castin Biberin “Peaches” və Brendi Karlaylın “Right On Time” mahnıları da olub.
Olivia Rodriqo ən yaxşı yeni ifaçı seçilib. İlin albomu Con Batistin “We Are” albomu olub.
“Ən yaxşı pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “Love for Sale” bəstəsi, “Ən yaxşı rok ifası” kateqoriyası üzrə mükafata isə “Foo Fighters” qrupunun “Making A Fire” mahnısı layiq görülüb.
Beləliklə, 2022-ci il üzrə “Qremmi” nin 3 əsas qəhrəmanını təqdim edirik.
1.
Oliviya Rodriqo -
Ən yaxşı vokal pop-albom;
Ən yaxşı yeni ifaçı;
Ən yaxşı solo pop-ifa.
2.
Con Batist -
İlin albomu;
Amerika kökənli ən yaxşı mahnı ifaçısı;
Ən yaxşı sauntrek;
Ən yaxşı musiqili video.
3.
Foo Fighters -
Ən yaxşı rok ifa;
Ən yaxşı rok mahnı;
Ən yaxşı rok albom.
“Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verilir
Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və onların əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.
Muzeylər insanların ictimai-iqtisadi inkişafında əldə etdikləri, yaratdıqları maddi və mənəvi sərvətlərin toplandığı, qorunub mühafizə edildiyi, öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı mədəniyyət, elm-maarif müəssisələridir. Həmçinin, muzeylər hər bir fərdin, bütövlükdə cəmiyyətin dünyagörüşünün formalaşması və inkişafında, onların mədəni və mənəvi tərbiyəsində çox əhəmiyyətli işlər aparırlar. Hazırda ölkəmizdə muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır.
Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində region (Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Şəki, Şəmkir) üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafizi Mira Məmmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova kimi peşəkar mütəxəssislər tərəfindən 3 gün müddətində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçiriləcəkdir.
Daha sonra iştirakçı muzeylər təlimçilər tərəfindən onlara təqdim edilmiş mövzu üzrə öz muzeylərində həyata keçirəcəkləri layihənin 1 həftə müddətində təqdimatını hazırlayacaq. Sonda hər region üzrə muzey və Heydər Əliyev mərkəzləri tərəfindən hazırlanmış təqdimatlara baxılacaq və qiymətləndiriləcəkdir. Təqdim edilən layihənin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən məqsədəuyğun hesab olunduğu təqdirdə, layihənin reallaşdırılması üçün dəstək göstəriləcəkdir.
London Milli Qalereyasından Rusiya əleyhinə, Ukrayna xeyrinə jest
London Milli Qalereyasının toplantısında maraqlı bir qərar verilib. Fransız impressionisti Edqar Deqanın (1834-1917) "Rus rəqqasələri" adlanan məşhur rəsm əsərini Ukraynaya Rusiya Federasiyasının silahlı müdaxiləsi ilə əlaqədar olaraq "Ukraynalı rəqqasələr" adlandırıblar. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən məlumat verir.
"Bu əsərin adı uzun illər diskussiya mövzusu olub, məsələ elmi ədəbiyyatda da qaldırılıb. Slavyan rəqqasələrinin rus, belarus, yaxud ukraynalı adlandırılması qərarı rusların dominant mövqeyi nəticəsində öz həllini tapıb. Amma indi başqa zamanlar gəlib. Buna görə də qərara gəldik ki, “rus” adını dəyişdirməyə münasib an yetişib, bizcə, yeni ad əsərin mahiyyətini daha yaxşı əks etdirəcək", - deyə The Quardian nəşrinə Milli Qalereyanın əməkdaşı bildirib.
Məlumat verilir ki, kətanın adının dəyişdirilməsi təklifi ilə əvvəllər qalereyanın əməkdaşlarından biri və Londonda Ukrayna diasporunun nümayəndələri çıxış etmişdilər.
Pastel texnikasında yerinə yetirilən "Rus rəqqasələri" əsərini Deqa 1899-cu ildə çəkmişdir. Hesab edilir ki, rəssam Rusiya imperiyasından Parisə - qastrola gəlmiş rəqs truppasının müdhiş çıxışından ilham alıbmış. Rəssamın çəkdiyi qızlar parlaq milli kostyumlardadır, onların başlarında lentli çələnglər var.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin, guya, Donbass respublikası rəhbərlərinin yardım haqqında xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi, əslində isə Ukraynanı işğal edib hakim rejimi dəyişmək məqsədi ilə müharibəyə başlaması get-gedə Rusiyanın beynəlxalq miqyasda iflic vəziyyətinə salmaqdadır. Həm siyasi-iqtisadi, həm mədəni, həm idman, həm də digər sahələrdə.
Bu gün “Rus rəqqasələri”nin adı dönüb “Ukraynalı rəqqasələr” oldu. Kim bilir, sabah “rus” sözü daha haralardan çıxarılacaq.
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, ötən il “Nizami İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı layihələr həyata keçirilib. Nizami Gəncəvi Beynəlxalq Forumu, İşıq Festivalı və s. tədbirlər təşkil edilib, eyni zamanda VII Bakı Beynəlxalq Kitab Sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Vurğulanıb ki, bu layihələrin hər biri Nizaminin Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu sübut edən və təbliğinə töhfə verən fəaliyyətlər kimi mühüm əhəmiyyətə malikdir.
Esse müsabiqəsi haqqında məlumat verən nazir diqqətə çatdırıb ki, ötən ilin noyabrında elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Ümumilikdə müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün 264 esse və onların müəllifləri xüsusi ştrixlə şifrələnərək qiymətləndirmə komissiyasına təqdim edilib. Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb.
Daha sonra qiymətləndirmə komissiyasının üzvləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova, yazıçı Günel Anarqızı, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıblar, təqdim edilən əsərlərdə Nizami irsinə sevgi və yanaşmaların müxtəlifliyindən söz açıblar.
Qeyd olunub ki, müsabiqə komissiyasının yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər qalib elan edilib:
I yer – Selçuk Karakılıç “Büyük kahraman: Nizami Gencevi”(Türkiyə)
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi” (Küveyt)
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”(Rusiya)
Daha sonra qalib müəlliflər mükafatlandırılıb.
Birinci yerin qalibi Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç Azərbaycan ədəbiyyatına və mədəniyyətinə sevgisindən danışıb. Türk dünyasının iki dahi mütəfəkkiri Yunus Əmrə və Nizami Gəncəvi dühasının yaşadıldığını və ölməzliyini, əsrlərlə insanların fəlsəfi düşüncələrinə təsirini qeyd edib. Müsabiqədə qalib olmağından məmnunluğunu ifadə edən S.Karakılıç “Nizami İli” çərçivəsində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən də söz açıb.
Qaliblərin mükafatlandırılması həm də esselərdən qısa parçaların qiraəti ilə müşayiət edilib. Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Samir Cəfərov və Əməkdar artist İlham Nəzərov Nizaminin sözlərinə yazılmış muğam və romansları təqdim ediblər. Bütün ifalar alqışlarla qarşılanıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin birinci yer üzrə qalibinə 2021 dollar, ikinci yer üzrə qalibə 1141 dollar və üçüncü yerin sahibinə isə 880 dollar pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub. 2021 - müsabiqənin elan edildiyi Nizami ili, 1141 - Nizaminin təvəllüdü, 880 isə anadan olmasının 880 iliiyi anlamındadır.
“Nadir şah” Hollivudda çəkilə bilər
Yazıçı-publisist Yunus Oğuzun "Nadir şah" əsərinə Hollivudun Spotlight Media Productions şirkəti tərəfindən film çəkilişi təklifi gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Yunus Oğuza istinadən xəbər verir ki, Spotlight Media Productions şirkətinin istehsal meneceri Charlie McDowell məktub göndərərək” Nadir şah" əsərinə film çəkilişini təklif edib:
"Sizin "Nadir şah" kitabınız ofisimizə gəldi və Hollivud kino agentləri bu materialı beynəlxalq kinoya çevirməyi tövsiyə etdilər. Biz sizin şah əsərinizin Hollivud bazarında aktivə çevrilə biləcək böyük potensialını gördük. Biz 20 ildən artıqdır ki, kino sənayesindəyik və arena daxilində və xaricində sıx əlaqələrimiz var. Warner Bros., Paramount Pictures, DreamWorks və Netflix kimi tərəfdaş film şirkətlərimiz sizin əsəriniz kimi unikal hekayələr axtarır. Əgər müsbət cavab versəniz, film hüquqlarınızı almağa hazırıq".
Məktubun sonunda yaxın gələcəkdə Yunus Oğuz ilə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiklərini qeyd edən şirkət telefon nömrəsini də qeyd edib.
Şimali Kiprdə “Həftə sonu” Azərbaycan Milli Məktəbi fəaliyyətə başlayıb
Şimali Kipr Türk Respublikasında uzun illərdir ölkəmizi təmsil edən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) yeni layihəyə start verib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qardaş ada ölkədə yaşayan soydaşlarımızın 8-14 yaş arası övladları üçün hər həftənin şənbə günləri Azərbaycan Milli Məktəbi təşkil olunur.
Bu barədə məlumat verən AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımızın dil problemi yoxdur. Uşaqlar yüksək səviyyəli yerli məktəblərdə təhsil alırlar. Yalnız bizə doğma olsa belə, yaşadığımız bu ölkədə uşaqlarımızın öz milli-mənəvi dəyərlərimizdən uzaq qalmamaları üçün müəyyən tədbirlərə ciddi ehtiyac var.
Cəmiyyət sədri diqqətə çatdırıb ki, Şimali Kiprdəki azərbaycanlı uşaqlar üçün həftə sonları nəzərdə tutulan bu layihə çərçivəsində Azərbaycanın milli musiqisi, tarixi, mədəniyyəti, ədəbiyyatımız haqqında məlumat veriləcək və onlar rəssamlıq dərslərində iştirak edəcəklər. Əminliklə deyə bilərik ki, bu layihə uşaqların gələcəkdə diasporumuzu uğurla təmsil etməsinə təkan olacaq. Bu günün uşaqları gələcəyin tanınmış şəxsiyyətləridirlər. Onlara dərs verəcək olan müəllimlərimiz ölkəmizin yetişdirdiyi çox qiymətli ziyalılardır. Onlardan dərs almaq özü bir məktəbdir.
Məlumatda bildirilir ki, Azərbaycan Milli Məktəbi layihəsində ölkəmizin tanınmış bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Cavanşir Quliyev, Lefke Avropa Universiteti türk dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nazim Muradov, Kiprdə yaşayan azərbaycanlı rəssam Arzu Məmmədnəbi İncər xüsusi dərs proqramları tədris edəcəklər. Layihənin əlaqələndiricisi Şimali Kiprdə yaşayan pedaqoq Mətanət Aydındır.
ANONS - Bütün zamanların 50 ən yaxşı albomunu təqdim edəcəyik
Əziz musiqisevərlər. Böyük Britaniyanın Rolling Stones jurnalının seçimində tarixin ən yaxşı musiqi albomlarını nəzərinizə çatdıracağıq.