Super User

Super User

 

Elmi-metodiki “Qobustan dünyası” dərgisinin yeni işıq üzü görən növbəti sayı  Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti olaraq arxeoloq alimlər Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxucular bu sayda jurnalın baş redaktoru Vəfa Hüseynovanın Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın həyat və elmi fəaliyyətlərindən bəhs edən "Qobustanın pərvanələri", AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müəllifi olduğu "Qobustan başlanğıcı və zirvəsi", Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Sabir Nəzirovun "Ecazkar tarix yadigarımız- Qobustan" sərlövhəli məqalələri ilə tanış ola bilərlər. Jurnalın "Miras" bölməsində Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Cümalik Rəhimovun və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun böyük elmi işçisi Anar Babayevin məqalələri yer alıb. "Estafet" bölməsində oxucular müxbirimiz Səidə Musayevanın təqdimatında Xalq rəssamı, heykəltəraş, akademik Ömər Eldarovla müsahibə ilə tanış ola bilərlər. "Teatr dərdə dəvadır" deyən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, teatr və kino aktyoru Cahangir Novruzovla müsahibə jurnalın "İlham mənbəyim Vətən" adlı rubrikasında təqdim olunur. Jurnalın "İncə sənətlər" bölməsində Azərbaycanın ilk milli zərgərlik brendi olan "Rəsm"in yaradıcısı Rəsminə Qürbətova ilə müsahibə yer alıb. "Yeddi gözəl" bölməsində Azərbaycanın müxtəlif profilli muzeylərindən seçilmiş eksponatlar haqqında məlumatlar verilir. "Mədəniyyət xeyriyyəçiləri" bölməsinin bu saydakı yazarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovadır. Jurnalın növbəti "Multikultural və tolerant Azərbaycan" bölməsi talışlara həsr olunub. Oxucular professor, talış icmasının ağsaqqalı İmamverdi Həmidovun müəllifi olduğu məqalə vasitəsilə talışların etnik mədəni irsi və ədəbi-bədii yaradıcılığı ilə tanış ola bilərlər. Ali dərəcəli bərpaçı rəssam, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovla müsahibəni jurnalın "Mütəxəssis məsləhəti" bölməsində oxuya bilərsiniz. Jurnalın ölkəmizin bölgələrinin mədəni potensialının təbliğinə xidmət edən "Gəzək qarış-qarış Azərbaycanı" adlı yeni bölməsi 2023-cü il üçün Türk dünyasının turizm paytaxtı seçilən Şamaxıya həsr olunub. "Muzeymaniya" bölməsində ilk azərbaycanlı dünya səyyahı, alpinist Fərid Novruzi dünya səyahəti ilə bağlı xatirələrini oxucularla bölüşüb. Fərid Novruzinin bölmədə yer alan "Vətən daşı" sərlövhəli məqaləsi Qobustan abidələrinə həsr olunub. Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadə ilə müsahibə jurnalın "Yaradıcılıq əngəl tanımır" başlıqlı bölməsində oxuculara təqdim olunub. Dərginin bu sayının "Köşə yazarı" Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovdur. Bölmədə təqdim olunan məqalə vasitəsilə oxucular 2021-ci ildə "Qastronomiya" mövzusu üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Siyahısına daxil edilmiş Lənkəranın mətbəx mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.

Şənbə, 19 Noyabr 2022 15:00

Tarantino serial çəkəcək

 

Kinorejissor və ssenarist Kventin Tarantino 2023-cü ildə televiziyaya qayıtmaq və səkkiz seriyalı serial çəkmək niyyətində olduğunu açıqlayıb.

“Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, bir gün əvvəl Nyu-Yorkda baş tutan "Kino haqqında spekulyasiyalar" adlı yeni kitabının təqdimat mərasimində gələcək planlarını bölüşüb.

Rejissor süjetin təfərrüatlarını, çəkilişlərin nə vaxt və harada aparılacağı ilə bağlı məqamları açıqlamayıb.

Qeyd edək ki, Tarantino artıq 2005-ci ildə televiziyada çalışıb. O, "C.S.I.: Crime Scene Investigation" serialının iki epizodunu çəkib.

 

Əməkdar artist, pianoçu və bəstəkar İsfar Sarabski Roma Caz Festivalında iştirak edib.

Noyabrın 6-19-da keçirilən festival çərçivəsində məşhur caz ifaçısı İ.Sarabski kvartetlə birgə Romadakı “Parco della Musica” konsert zalının səhnəsində “Planet” albomundan mahnılar ifa edib. Beynəlxalq müsabiqələr laureatının ifası dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Roma Caz Festivalı hər il noyabrda təşkil olunur və dünyanın hər yerindən ən yaxşı caz ifaçılarını bir araya toplayır. Festivalın məqsədi təkcə caz musiqisini dəstəkləmək və məşhurlaşdırmaq deyil, həm də dinləyicilər üçün müsbət atmosfer yaratmaqdır. Bu məqsədlə hər dəfə festivalın əsas mövzusu kimi cazın formalarından biri seçilir.

Azərbaycan Bəstəkarlar İttifaqında dünyaca məşhur Azərbaycan bəstəkarı, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib.

İttifaqının mətbuat xidmətinə istinadən AzərTAC xəbər verir  ki, tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir-üzvü, professor Firəngiz Əlizadə açaraq bəstəkarın parlaq və çoxşaxəli yaradıcılığının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Fikrət Əmirov musiqi mədəniyyəti tarixinə novator bəstəkar, yeni musiqi janrlarının yaradıcısı kimi daxil olub. Şifahi ənənənin əvəzsiz peşəkar musiqi nümunələrinə olan hədsiz heyranlığı onu simfonik muğamlar yaratmağa vadar edib. Simfonik orkestrin rəngarəng ifasında “Şur”, “Kürd ovşarı”, “Gülüstan Bayatı-Şiraz” bəstəkara böyük şöhrət gətirib. Fikrət Əmirov həm də Azərbaycanda ilk dəfə olaraq Opera və Balet Teatrının repertuarında uzun onilliklər ərzində qorunub saxlanılan “Sevil” lirik-psixoloji operasının müəllifidir. Onun “Nizami”, “Azərbaycan kapriççiosu” simfoniyası, “Min bir gecə”, “Nəsimi nağılı” baletləri milli musiqi sənətimizin xəzinəsinə daxildir. 

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” layihəsi çərçivəsində bəstəkarın əsərlərinin tam toplusu, onun yaradıcılığına həsr olunmuş kitablar, disklər işıq üzü görüb. F.Əlizadə vurğulayıb ki, Fikrət Əmirovun 100 illik yubileyi təkcə bugünlərdə onun adı ilə bağlı böyük musiqi festivalının keçirildiyi ölkəmizdə deyil, digər ölkələrdə - Fransada, Türkiyədə və Rusiyada da geniş qeyd olunur. 

Konfransda Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin direktoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın “F.Əmirov adına 6 nömrəli İncəsənət Məktəbi dahi bəstəkarın irsinin qoruyucusu və təbliğatçısı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyevanın “Fikrət Əmirovun yaradıcılığında Nizami poeziyası” mövzularında məruzələri dinlənilib. 

Tədbirdə Fikrət Əmirovun publisistik irsindən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, bəstəkarın yaradıcılığının təbliği məsələlərindən isə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirəzqızı danışıb. 

Tədbirin musiqi hissəsində bəstəkarın vokal və instrumental əsərləri təqdim edilib.

Ötən gün ən çox diqqət çəkən mədəniyyət xəbərinin üzərində dayanacağıq. 

 

Azərbaycan İtaliyanın Florensiya şəhərinin tarixi memarlıq nümunələrindən sayılan və “italiyalı məşhurların məbədi” olaraq tanınan Santa Kroçe monumental kompleksində keçirilən beynəlxalq festivalda təmsil olunub. Gəncə və Şuşa şəhərləri ilə bağlı təqdimatların və fotosərginin də nümayiş olunduğu festivalda İrəvan Universitetinin nümayəndələrinin təxribatının qarşısı alınıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “Romualdo Del Bianco” Fondunun və “Life Beyond Tourism” Hərəkatının təşkilatçılığı ilə noyabrın 16-18-də keçirilən “Dünya mədəni özünüifadənin müxtəlifliyi festivalı” çərçivəsində 24-dən çox ölkədən 70 müxtəlif şəhər və məkanlarla bağlı təqdimatlar olub. Bir sıra beynəlxalq qurumlar, iştirakçı ölkələrin təşkilat və universitetlərinin himayəsi ilə baş tutan tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri də iştirak ediblər. Tədbir çərçivəsində dünyadan “Mədəni hekayələr”lə bağlı təqdimatlar sessiyasının Qafqaz regionuna həsr edilmiş hissəsində Gəncə və Şuşa şəhərləri ilə bağlı keçirilmiş təqdimatlar iştirakçıların böyük marağına səbəb olub, fotosərgi nümayiş etdirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri öz təqdimatlarını “Gəncənin ruhunun mədəni ifadəsi” mövzusuna həsr ediblər. Gəncənin təbiəti, özünəməxsus mətbəxi, şəhərə həsr edilmiş musiqilər, burada keçirilən “Yaylaq festivalı” və sair haqqında festival iştirakçılarına məlumat verilib və şəhərin dünya ədəbiyyatına verdiyi töhfələr qismində Nizami Gəncəvi haqqında danışılıb.

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin isə “Şuşa – Azərbaycanın mədən irsinin simvolu” mövzusunda etdiyi təqdimatda Şuşanın tarixi, mədəni, dini abidələri, tarixi şəxsiyyətləri, mətbəx nümunələri və tarixi abidələr, turizm imkanları və Azərbaycan ədəbiyyatının, incəsənətinin və musiqisinin inkişafında bu şəhərin rolu, işğaldan azad edildikdən sonra Şuşanın bərpası və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.

Festival çərçivəsində mütəxəssislər turizm sahəsində aktual mövzulara dair çıxışlar ediblər. İtaliyalı professor Daniel Pommier Vinçellinin həmmüəllifi olduğu “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitab festival iştirakçılarına təqdim olunub. Professor kitabın italiyalı oxuculara Şuşanın Azərbaycanın milli kimliyinin tərkib hissəsi olmasını nümayiş etdirən faktları əhatə etdiyini deyib. O, Şuşanın tarixi, burada yerləşən tarixi, mədəni, dini abidələr haqqında danışıb, şəhəri ziyarət etdiyini və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu bildirib. Şəhərin 30 illik işğaldan sonra öz sahibinə geri döndüyünü və beləliklə Şuşanın bütün dünya mədəniyyətinə yenidən qazanıldığını qeyd edib və şəhərin bərpası ilə bağlı Azərbaycanın gördüyü işlər haqqında danışıb, İtaliya şirkətlərinin də bu prosesə cəlb olunduğunu vurğulayıb. Qeyd edib ki, şəhərin işğaldan azad olunmasından sonra hazırda Cənubi Qafqazda sülh üçün ümid yaranıb.

Ermənistanın İrəvan Memarlıq və İnşaat Universitetinin müəllimləri bu ölkənin seçilmiş hər hansı şəhərinin turizm imkanları və mədəni irsi haqqında danışmaq əvəzinə tədbirin formatından kənara çıxaraq ağlagəlməz yalanlar uydurmaqla region ölkələri, onların tarixi və dini arxitektura nümunələri haqqında təhrif olunmuş məlumatlar səsləndirməyə cəhd ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndəsi tərəfindən Ermənistan təmsilçilərinin təxribatı barədə dərhal təşkilatçılara məlumat verilib və tədbirin təşkilatçılarına müdaxilə edərək onların çıxışını bitirməsini tələb edib. Eyni zamanda, tədbirin təşkilatçıları iştirakçılara səslənərək festivalın müxtəlif mədəniyyətlərə məxsus şəhərlərin təmsilçilərini bir araya gətirərək mədəni mübadiləni və dialoqu, beləliklə də sülhə xidmət etdiyini bir daha xatırladıb. Festival təşkilatçıları İrəvan Universitetinin nümayəndələrinin əvvəlcədən edilmiş xəbərdarlığa baxmayaraq, öz təqdimatlarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən və ölkəmizə məxsus mədəni, tarixi və dini abidələrə yer verdiyini vurğulayıb və beləliklə də onların tədbirdən sui-istifadə cəhdlərindən təəssüfləndiklərini ifadə ediblər.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabın təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Baş İdarənin rəis müavini Nazim Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, bəstəkarın qızı Sevil Əmirova, musiqi məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər. 

Tədbirin aparıcısı bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Fikrət Əmirovun anadan olmasının 100 illiyi bu gün ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və 6 nömrəli onbirillik İncəsənət məktəbinin direktoru Adelya Yusifova çıxış edərək bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan milli musiqisinə verdiyi töhfələrdən söhbət açıblar.

Çıxışlardan sonra F.Əmirovun 100, məktəbin 60 illik yubileyinə həsr olunmuş “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabın təqdimatı keçirilib. 

Diqqətə çatdırılıb ki, üç fəsildən ibarət kitabda məktəbin yaranması, burada keçirilmiş tədbirlərlə yanaşı, Azərbaycan incəsənət xadimlərinin bu təhsil ocağı haqqında xatirələri, ürək sözləri də yer alıb.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin və məzunlarının ifasında konsert proqramı təqdim edilib.

Sonda məktəbin “Odlar Yurdu” rəqs ansamblının təqdim etdiyi “Koroğlu” operasından və F.Əmirovun “Gözün aydın” (xoreoqraflar Z.İbrahimova, T.Mustafayev) operettasından rəqslər alqışlarla qarşılanıb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə monitorinq həyata keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, monitorinq zamanı abidələr üzərində qanunsuz yerləşdirilən reklam lövhələrinin obyekt sahibləri tərəfindən sökülməsi təmin olunub.

Bir daha mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.

Mədəniyyət naziri Anar Kərimov noyabrın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kinorejissor Oleq Səfərəliyevlə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, rejissoru 70 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kino sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb. 

Bildirib ki, yubilyar sənətkar “Murad-Sad”, “Canlı yayım”, “Kilsə”, “Müdriklərlə söhbətlər”, “Ka-De-Bo”, “Qorxu mağarası”, “Əlvida, cənub şəhəri” və s. bədii və sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasına töhfələr verib.

Görüşdə həmçinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Azərbaycan Respublikası Kino Agentliyinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və agentliyin ölkəmizdə kino sənayesinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonda nazir yubileyi münasibətilə Oleq Səfərəliyevə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb, Mədəniyyət Nazirliyinin fəxri fərmanı və "Şuşa – 270" xatirə nişanını sənətkara təqdim edib.

Oleq Səfərəliyev səmimi qəbula və sənətinə göstərilən diqqətə görə nazir Anar Kərimova öz təşəkkürünü bildirib.

 

Hörmətli redaksiya. Mən rejissorluq üzrə təhsil alıram. Sizdən bir ricam var. XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının yekunları barədə mümkünsə məlumat verərdiniz. 

Hörmətlə: Azər Quliyev. 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr tarixində Nizami Kino Mərkəzində keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekunlarını nəzərinizə çatdırırıq. 

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, eləcə də ölkəmizdən və Türkiyədən bir sıra özəl qurumlar dəstək verib.

Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, İsveç Krallığının Bakıdakı səfiri Tobias Lorentzso, bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın münsiflər heyətinin üzvləri və digər qonaqlar iştirak edirdilər.

Festival haqqında məlumat verildikdən sonra qaliblər elan olundu. Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib.

Bildirildi ki, müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissor Sauilius Baradinskasın (Litva) “Texno ana” filmi “ən yaxşı bədii film” nominasiyasında qalibidir. “Ən yaxşı sənədli film” nominasiyası üzrə Lois Patinonun (İspaniya) “Ulduz səpən”, “ən yaxşı animasiya filmi” nominasiyasında Van Li Lyunun (Tayvan – ÇXR) “Vağ çayı” filmləri qalib adını qazanıb.

“Ən yaxşı bədii film rejissoru” nominasiyasında “Rütubət” filmi ilə Turan Xəstə (Türkiyə), “ən yaxşı sənədli film rejissoru” üzrə “Yeva və Ramona” filmi ilə Minka Jakerson (İsveç), “ən yaxşı animasiya film rejissoru” nominasiyasında isə “Həşəratların oyanışı” ekran işi ilə Stefani Lensak, Fransua Leroy (Fransa) birinci oldular. Rejissor Mariya Apçevskanın (Makedoniya) “Şimal qütbü” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Asiya istedadları” müsabiqəsi üzrə Ramin Fərzani və Parisa Sədaiazərin (İran) “Kainatın gecəsi” filmi “ən yaxşı film” nominasiyasında qalib oldu. “Gecəyarısı” filmi ilə Nazilə Əzizi (Əfqanıstan) “Ən yaxşı bədii film rejissoru” elan edilib. Rejissorlar Rəna Vaezi və Ozra Xan Xajehin (İran) “Boşqab” filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazanıb.

Yerli müsabiqənin “ən yaxşı bədii film” nominasiyasında rejissor Qulu Əsgərovun “Hasar”, “ən yaxşı sənədli film” üzrə Toğrul Abbasovun “Toz çəkiləndən bəri”, “ən yaxşı sosial çarx” nominasiyasında Böyükağa Əliyevin “Onun kamerası”, “ən yaxşı tələbə filmi”ndə Kamal Müşfiqin “Motivator” filmləri qalib olublar.

Rüstəm Babazadə “Son payız” filmi ilə “ən yaxşı rejissor”, Türkan Hüseyn isə “Sonuncu foto” filmi ilə “ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar.

Rejissorlar Səddam Mehdiyev və Murad Hüseynov “İki yol” və “Vəhşi durnalar mövsümü” filmlərinə görə münsiflər heyətinin xüsusi mükafatını alıblar.

Rejissor Aynur Kazımovanın “Unudulmuş arzular” filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazandı. Elnur Paşa (“Yalnız məzar” – bədii film), Cavad Nur (“Uzaq” – sosial çarx), Amil Amal (“Vulkan üzərində ev” – sənədli film) və Ruslan Mollayev (“Sınaq” – bədii film) isə münsiflər heyətinin diplomuna layiq görülüblər.

Mükafatlandırma mərasimindən sonra Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək qalibləri təbrik etdi, onlara yeni uğurlar arzulayıblar.

Sonda Q.Əsgərovun “Qızıl nar”a layiq görülmüş “Hasar” filmi nümayiş etdirilib.

Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.


 

Kövrək xatirələrin üstünə getmə

Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib


Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi


Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində


İstəmirəm yerlə səma mənim olsun

 

İstəmirəm yerlə səma mənim olsun
İstəyirəm yerin, göyün arasında
Sakit, rahat, dinc bir guşə
Və… sevgilim mənim olsun!..


Istəmirəm mavi dəniz mənim olsun
İstəyirəm dodaqlarım sudan ötrü
Yanıb külə dönməməkçün
Bir gilə su mənim olsun!


İstəmirəm sevinc içrə üzüm hər an
İstəyirəm kədərimin yarısıcan
Xoş anlarım, gülər günüm
Təbəssümüm mənim olsun!


Istəmirəm bir əbədi ömrüm olsun
İstəyirəm, nə qədər ki yaşayıram
Öz sevgimi dəfn etməyim.
Mənim sevgim mənim olsun!…

 



Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.