Super User

Super User

 

Dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək muzeyin yaranma tarixindən, həmçinin muzeyin kolleksiyasına yeni daxil olan eksponatlar – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid sırğalar barədə məlumat verib: “Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”.

 

Ş.Məlikova muzeyin vəsaiti hesabına “Bonhams” hərrac evindən alınan qızıl sırğaların isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlandığını diqqətə çatdırıb. O, öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaların varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxardıqlarını bildirib. “Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı. Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, - deyə muzeyin direktoru bildirib.

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey kollektivini yubiley münasibətilə təbrik edib. O, 17 noyabr tarixinin Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gün, həmçinin görkəmli alim, xalçaçı rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun doğum günü olduğunu vurğulayıb: “Məlumdur ki, xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələrindəndir və ən qiymətli maddi-mədəni sərvətidir. Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur və sorağı dünyanın ən məşhur muzeylərindən gəlir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qurunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Xüsusi qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizə qayğısı və diqqəti nəticəsində xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, şəhərimizin simvoluna çevrilmiş unikal binasının tikilməsi, Heydər Əliyev Fondunun dəstəyi ilə dünya miqyaslı nadir xalçalarımızın tarixi yurduna qaytarılaraq muzeyə bağışlanması böyük əhəmiyyətə malik nailiyyətlərdir”.

 

Nazir müavini 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Qubanın “Uqah” və Qarabağın məşhur xalça kompozisiyalarından olan “Çələbi” xalçasının İtaliyanın tanınmış Sartirana Tekstil Sərgi Yarmarkasından alınaraq vətənimizə qaytarıldığını, muzeyə və Şuşa filialına hədiyyə edildiyini də diqqətə çatdırıb. Azərbaycanda xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafını həm sənət, həm də iqtisadi baxımdan əhatə edən  “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın xalça sənətinin gələcək inkişafını təmin edən vacib tədbirlərdən olduğunu vurğulayıb. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən muzeyin 55 illiyi münasibətilə Ş.Məlikovaya və muzeyin bir sıra əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva muzeyin direktoru başda olmaqla bütün muzey əməkdaşlarını, tədbir təşkilatçılarını və xalça sənətinə aid olan və bu sənəti sevən hər kəsi təbrik edərək, belə tədbirlərin önəmini diqqətə çatdırıb: “Bu çox gözəl bir gündür, çünki Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyini qeyd edirik. Xalçaçılıq sənəti çox önəmli bir sənətdir. Bu sənətdə bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz, düşüncəmiz və fikrimiz əksini tapıb. Bu mənada xalçaçılıq sənətinin inkişafı hamımız üçün çox önəmli bir məsələdir. Etiraf etməliyik ki, bizim xalçaçılıq sənətinin dünyaya daha geniş şəkildə tanıdılması müstəqil dövlətçiliyimizin yenidən bərpası ilə bağlıdır".

 

“Pasha Holding”in şöbə müdiri Nazim Səfərov da yubiley münasibətilə muzey əməkdaşlarını, bütün xalçaçıları təbrik edib və xoş arzular diləyib.

 

Sonra muzeyin kolleksiyasına yeni daxil olan eksponatların - XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olub. Tədbirə qatılan qonaqlar sonda yubileyə həsr edilən lotereyada iştirak edərək xalça sənətinə dair müxtəlif suvenirlər qazanıblar.

 

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqənin qalibi olan Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən təqdim olunmuş “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb. “Ədəbiyyat və incəsənət” portalı bu barədə DGTYB-nin sədri İntiqam Yaşara istinadən məlumat verir. 

 

“Böyük  Azərbaycan şairi Nizami Gəncəvi irsi, Nizamişünaslıq daha çox Sovet dövründə akademik səviyyədə tədqiqata cəlb edilib. Müstəqillik dövründə də Nizaminin geniş tədqiqat obyekti olan əsərləri daha çox orta və daha yuxarı yaş qrupuna daxil tədqiqatçıların akademik yanaşmalarının, elmi incələmələrinin istinad nöqtəsi kimi xarakterizə olunub.  Bu da, təbii olaraq, daha geniş auditoriyalaraın, günümüzdə geniş oxucu kəsiminin, əsas etibarı ilə gənclər kəsiminin tam da diqqəti mərkəzində sayıla bilmir. Nizami Gəncəvi yaradıcılığı akademik-elmi yanaşmaların şəkilləndiyi, boy atdığı istiqamət üzrə və yaradıcılıq örnəklərinin yenidən mütaliəsi və müasir texnoloji yanaşmaların tələblərinə uyğun şəkildə səsləndirilməsi, tirajlanması baxımından həm ölkəmizdə, həm də Türk dünyasının digər ölkə və topluluqlarında gənclərin diqqətini çəkməlidir. 

Danılmaz faktdır ki, bütün dövrlərdə həqiqi Nizamişünaslar, Nizami Gəncəvi yaradıcılığının araşdırmaçıları, bu misilsiz dünya ədəbiyyatı şedevrinin aşiqləri olub, bütün bu sadlananlar əsas verir ki, Nizami irsinə yenidən, daha dərindən, daha üfüqügeniş şəkildə yanaşılsın”, - təşkilatdan bildirilib.

Qeyd edək ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan araşdırmaçı yazarların məqalələrindən ibarət kitabın çap olunması, layihə ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur. Layihənin yekununda çap olunmuş kitabın geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

 

Bölgələrə mədəniyyət xadimlərinin hər bir gəlişi əsl toy-bayrama çevrilir. O daxil də yazıçıların. Azərbaycanın cənub bölgəsinin subtropik incisi olan Astaraya yazıçı Varisin gəlişi, “Şindan” otelinin konfranszalında görüş bu uğur səciyyəvi oldu. Görüşə gələn gənclər o qədər bol təəssürat aldılar ki, bu təəssürat uzun illərə bəs edə bilər.

 

“Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, Astara gəncləri seçilib, 44 günlük Vətən müharibəsi qazisi Abbas İbrahimli açaraq şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Şəhid anılandan sonra o, gənclərə tanınmış yazıçı və jurnalist – Avrasiya Millət Assambleyası Ədəbiyyat həmsədri, respublikanın əməkdar jurnalisti Varis Yolçuyevi təqdim edən elə onun fəaliyyəti ilə xoş sözlər söylədi. Görüşdə astara çıxışlı şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, “Sim kitab köşkü”nün təsisçisi Fəranə Mikayılova, Astara rayon Gənclər və İdman Təşkilatları Baş məsləhətçisi Bəhlul Rufullazadə, ötən il yazıçının uşaqlıq dostu Telman Aslanov. Şəhid Nurlan Rəhimovun oğlu Əlövsət Rəhimli və qızı Səidə Rəhimli şeir söylədilər. 

Yazıçı ümumən ədəbiyyat haqqında, özünün yaradıcılığı ilə bağlı danışdı, gənclərə uğura gedən yola çatmağı örnək olaraq göstərdi. Görüşə qatılanların suallarını çavablandırdı, onların gətirdikləri kitabları imzaladı. Daha sonra foyedə xatirə fotoları çəkdirildi.

Görüşdə ən fəal astaralı oxucular dalaşırdı: Bunlar Astara Pedaqoji Kollecinin xüsusiyyətləri Zəhra Babayeva, Qənirə Nuriyeva, Sevinc Musayeva və Rusanə Hüseynova oldular. Ən qəhrəmanlara müəllif öz imzalı “Qırmızı ləçəklər” kitabını hədiyyə etdi. Abbas İbrahimli astaralı gənclər adından müəllifə xatirə hədiyyəsi təqdim elədi.

Azərbaycan tək Bakıdan daxil deyil ki. Bölgələrə ədəbiyyat bayramları çox yaraşır.

 

Cümə, 18 Noyabr 2022 11:00

Ruhumuzun qatilləri

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında Vəfa Mürsəlqızının bir duyğulandıran sevgi şeirini təqdim edirik. 

 

Güya mənsiz bəxtəvərsən hardasa,

Nə bilim ey, ürəyində nələr var,

Üzügülər şəkillərin hamsında,

Gözlərində özün böyda kədər var.

 

Bədən ruhdan, ruh bədəndən yorulur,

Mən tanrıdan, tanrı məndən qırılır,

Sən istəsən, mən istəsəm nə olur?

Bu dünyada qismət, tale, qədər var.

 

Ruhumuzun qatilləri görünmür,

Doğruları, batilləri görünmür,

Bu gecənin sahilləri görünmür,

Elə bilmə önümüzdə səhər var.

 

Nə dəyişdi belə vaxtsız gəlişlə,

Ayrılacam səndən titrək gülüşlə,

Möhür qoyum gəl alnına,öpüşlə

Məndən sonra, sən adında əsər var!

 

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində balaca tamaşaçılar üçün hazırlanmış Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşası nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rejissoru Tatyana Şevçenko olan səhnə əsəri uydurulmuş hadisə, alleqorik janrdadır.

Qeyd edək ki, balaca oğlan öz xəyal dünyasında dostluq etmək istədiyi bir xeyirxah sorağındadır. Bu, damda yaşayan Karlson olur. Onun Karlsonla dostluğuna kimsə inanmır. Anası, bacısı onu xəyalpərvər sayırlar. Lakin nəticədə Karlson onların da gözünə görünür. Başa düşürlər ki, balaca düzdanışan, kimsəni aldatmayan, xeyirli işlərlə məşğul olmağa çalışan bir uşaqdır. Elə tamaşanın qayəsi də bu fikrə köklənir

 

Noyabrın 25-də YARAT Müasir İncəsənət Mərkəzində Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevlə görüş keçiriləcək. 

 

YARAT-ın mediaya açıqlamasına görə, görüş zamanı bəstəkarla milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirilməsi və yeni musiqi tərzi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Cavanşir Quliyev 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 17 il səs rejissoru vəzifəsində çalışıb. Onun yaradıcılığının mühüm məqamlarından biri də odur ki, o, ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək əsas alətlər şəklində işlədən ilk bəstəkar olub. Həmçinin o, müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin geniş iclası keçirilib. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclas zamanı ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib.

 

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində - o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapıb. 

Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və digər bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə - kantatalarda, odalarda, mahnılarda vəsf olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə edilir. 

İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına uğun olaraq ona həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təkliflər səsləndirilib. 

İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarları ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılması üçün səfərbər olmağa səsləyib. Xüsusilə, Ulu Öndərin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olunub.

 

2023-2026-cı illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Art Mall” Kompleksinin yaradılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

 

Sənədə əsasən, bu işi əsasən Mədəniyyət Nazirliyi icra edəcək. Digər icraçılar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti, Yerli İcra hakimiyyətləri, Prezidentin Xüsusi Nümayəndəliyidir.

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin (İB) hazırladığı "Azərbaycan kəlağayısı min illərin yadigarı" kitabının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açıb. O, kitabda işıq üzü görən müəllif yazıları və şeirlərinin kəlağayını oxuculara daha da sevdirəcəyini qeyd edib.

Təqdimatda yeni işıq üzü görən kitabla yanaşı, eyni zamanda, qədim Azərbaycan kəlağayıları nümayiş etdirilib. Xüsusilə Basqal ustalarından Mürşüd Cəbrayılovun kəlağayı üzərində hazırlanmış Azərbaycanın tanınmış simalarından Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Xan Şuşunskinin şəkillərini əks etdirən əl işləri nümayiş olunub. 

Kitab Azərbaycanın milli dəyərlərindən olan kəlağayı haqqında klassik ədəbiyyatımızdan müasir ədəbiyyatımızadək dəyərli fikirləri, şeirləri, məqalələri bir araya gətirib.

Tədbirdə çıxış edən görkəmli ziyalılar, söz adamları kəlağayı haqqında kitabın məziyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.

 

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. “Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılsın;

 

1.2. “sədrinin müavini” sözlərindən sonra nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

 

“Azad Cəfərli – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.”.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2022-ci il

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.