
Super User
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş gecə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Xan Şuşinski Fondunun dəstəyi ilə reallaşan gecə ilk olaraq monitordan xanəndənin öz ifası ilə başlanıb.
Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızı xanəndənin həyat və yaradıcılığından söz açıb.
Qeyd edilib ki, XX əsrin 50-ci illərində sənət fəaliyyətinə başlayan Əlibaba Məmmədov öz əməlləri və sənətkarlığı ilə xalqın böyük məhəbbətini qazanıb. Onun sənətini və şəxsiyyətini rövnəqləndirən, nurlandıran da məhz bu xalq məhəbbətidir. Bu məhəbbət daim Əlibaba müəllimin sənət yoluna işıq saçıb. Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları sevərək ifa edirlər. Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır.
Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Onun mahnıları yalnız özünün deyil, başqa sənətkarların da repertuarına daxil edilib. Xalq mahnısı adı ilə səslənən bu nəğmələr xalqın yaddaşına hopub, dillər əzbəri olub. Onlardan “Gəl bizə, yar”, “Beləyəm”, “Yaşa hələ” s. mahnıların adını çəkə bilərik. Bu mahnılar musiqi tədrisi proqramına daxil edilir.
Tədbirdə Xalq artisti tarzən Fikrət Verdiyev, Əlibaba Məmmədovun “Humayun” ansamblında xanəndə ilə birgə çalışan qarmon ifaçısı Hüseyn Hüseynov çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşdülər.
Vurğulanıb ki, Əlibaba müəllimin Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfəni xalqımız heç vaxt unutmayacaq.
Xanəndənin ailəsi adından filologiya elmləri namizədi, dosent Əsmətxanım Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etdi.
Xatirə gecəsində Xalq artistləri Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva, Sevinc Sarıyeva, Fehruz Səxavət, Təhmiraz Şirinov, xanəndələr Nisbət Sədrayeva, Hüseyn Məlikov, Məmməd Nəcəfov, Vəfa Vəzirova, Anar Quliyev Əlibaba Məmmədovun yaradıcılığından təsnif və mahnılar təqdim ediblər. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tərəfindən təşkil edilən xatirə gecəsində həmçinin Səadət Təhmirazqızının Əlibaba Məmmədov haqqında yazdığı “Bizim ustad” kitabı qonaqlara hədiyyə edilib. Kitabda Əlibaba Məmmədov yaradıcılığının hər üç qolu – xanəndə, bəstəkar və şairliyi müfəssəl şəkildə toplanıb.
Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Kitab Mərkəzi tərəfindən yeniyetmələr arasında elan olunmuş “Hacı Zeynalabdin Tağıyev. Tariximizdə silinməz iz” adında inşa müsabiqəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət” portalı Bakı Kitab Mərkəzinə istinadən xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi İlahə Ağayeva 1-ci, Bakı Avropa Liseyinin 5-ci sinif şagirdi Rauf Abdullayev 2-ci, Binəqədi rayonu Namiq Babayev adına 144 nömrəli tam orta məktəbinin 11 “B” sinif şagirdi Məhəmməd Əliyev isə 3-cü yerə layiq görülüb.
Qaliblərə Bakı Kitab Mərkəzi adından diplom və hədiyyə kartları, qalib olmayan iştirakçılara isə təşəkkürnamə və kitablar verilib.
Mükafatları münsiflər heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, Əməkdar artist, uşaq yazıçısı Bəhram Bağırzadə və Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva təqdim ediblər.
Mədəniyyət naziri Anar Kərimov Avropa Şurasının Baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, həyata keçiriləcək birgə layihələrin inkişaf perspektivlərdən söhbət açılıb.
Nazir Anar Kərimov Avropa Şurası ilə ölkəmiz arasında birgə fəaliyyətin əhəmiyyətini xüsusi qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.
Daha sonra Anar Kərimov ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kompaniyası haqqında söz açıb. Bildirib ki, bu kompaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Nazir bu qlobal layihədə Avropa Şurasını da tərəfdaş təşkilat kimi görmək istədiyini dilə gətirib.
Qəbula görə təşəkkürünü bildirən Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın mədəniyyət sahəsində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. Nazirlik tərəfindən irəli sürülən qlobal layihələrdə Avropa Şurasının dəstəyini ifadə edib. Baş Katib Avropa Şurası və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planının mədəniyyət sahəsində də gələcək əməkdaşlığa dair öz töhfəsini verəcəyinə əminliyini qeyd edib.
Görüş qarşılıqlı maraq doğuran layihələr ətrafında fikir mübadiləsi ilə davam edib.
Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar Oqtay Rəcəbovla görüşüb
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin ölkənin tanınmış mədəniyyət xadimlərini doğum günlərində təbrik etməsi artıq bir ənənəyə çevrilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, növbəti dəfədə Elnur Əliyev Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, ömrünün 81-ci baharına qədəm qoymuş bəstəkar Oqtay Rəcəbovla görüşüb.
Bəstəkarı doğum günü münasibətilə təbrik edən Elnur Əliyev bəstəkarın Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətlərini qeyd edib, ona ən xoş arzularını çatdırıb.
Oqtay Rəcəbovun Azərbaycan milli mədəniyyətinin inkişafında bir bəstəkar və pedaqoq kimi layiqli payının olduğunu vurğulayan Elnur Əliyev bəstəkarın operaları, musiqili komediyaları, film musiqisi, elmi məqalələri, kitab və monoqrafiyaları, uşaq mahnıları ilə yanaşı “Xocalı avazları”, “Çingiz” simfoniya rekviyemi, “Xocalı” simfoniyası, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər” oratoriyası kimi əsərlərini xüsusi qeyd edib, bəstəkarın dillər əzbəri olmuş “Necə unudum səni”, “Zəfəran” və bir çox digər mahnılarının necə sevildiyinə diqqət çəkib.
Oqtay Rəcəbov bu diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və nazirliyin təmsilçisi Elnur Əliyevə minnətdarlıq bildirib.
Məhkəmə yazar Əjdər Ola 8 il 6 ay cəza kəsdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər Cəbiyevin - tanınmış yazıçı Əjdər Olun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Ədəbiyyat və incəsənət” portalı Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs son söz deyib.
Əjdər Cəbiyev məhkəmədən xahiş edib ki, şəxsiyyətini və nüfuzunu nəzərə alaraq ədalətli qərar qəbul etsin.
Müşavirədən sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. Yazıçı eks nazir Səlim Müslümovla cinayət ortaqlığında ittiham edilir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ol təxəllüsü ilə tanınan şair, yazıçı, publisist Əjdər Cəbiyevin bir neçə əsəri həqiqətən də Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələri sırasında yer alıb.
Allah onun qapısını açsın!
Litvalı rejissor Ukraynada öldürülüb
Litvalı kinorejissor Mantas Kvedaraviçius Rusiyanın hücumlarını lentə almaq üçün getdiyi Ukraynada həlak olub.
Milli.Az olay-a istinadən xəbər verir ki, mərhumun rusiyalı həmkarı Vitali Manski məlumat yayıb. Qeyd olunub ki, Mantas Mariupolda iş başındaykən öldürülüb.
Yamyaşıl cənnəti görmək istəyən Lənkərana gəlsin! - Nilado çay plantasiyası və “Nilado Green Hotel & Restoran" sizi gözləyir
Reklam əsaslı@
Lənkərana yolunuz düşsə mütləq İstisu qəsəbəsindəki Nilado çay plantasiyasına baş çəkin. Eləcə də plantasiyanın qucağına sığınmış “Nilado Green Hotel & Restoran"a.
Bu məkan əsla indiyədək almadığınız təəssüratlarla yadınızda qalacaq.
Əvvəla, buranın çayı o qədər ləzzətlidir, ətirlidir ki, ondan doymayacaqsınız. Hazırda istehlak bazarında böyük təlabat duyulan “Qarabağ” və “Xan” çay kolleksiyaları bax buranın məhsuludur. Üstəlik, Niladoda sizə 100 faiz təbii gül çayı da təklif edəcəklər, içdikcə içmək istəyəcəksiniz.
Otelin geniş, işıqlı və komfortlu otaqlarında ürəyiniz istəyən kimi dincələcək, ətrafın sitrus qoxulu sağlamlıqla dolu havasını ciyərlərinizə çəkib bir “oxqay” deyəcəksiniz.
Buranın mətbəxinə isə söz ola bilməz. Siz talış mətbəxinin ən ləziz təamlarını dadacaqsınız.
“Nilado”nu qurub yaradan Araz Yaqubov şəxsən Qoç plov, Boxça plov, Boranı-çörək və daha nələr hazırlayaraq ağzınızı dada gətirəcək.
Niladonun sorağı hər tərəfə yayılıb. Ölkəmizin tanınmış siyasət, iqtisadiyyat, mədəniyyət
xadimlərini daim bu gözəlliyin qoynunda görə bilərsiniz. Buradan ingilis, fransız, ərəb, rus dili də əskik olmur, turistlər də bu məkana həvəslə baş çəkirlər.
İndi sizə qaldı sadəcə qərar vermək və üzü cənuba şütümək.
Əziz yolçu, burdan yan keçmə,
mütləq dayan!
Səni gözləyir
“Nilado Green Hotel & Restoran"
Rezervasiya üçün:
Əlaqə: +994 51 465 77 44
Ünvan: Lənkəran rayonu, İstisu qəsəbəsi.
BDU-nun SABAH qrupları Aprel döyüşləri iştirakçıları və yazarlarla görüşüblər
Aprel döyüşlərinin 6-cı ildönümündə ölkəmizdə müxtəlif tədbirlər keçirilir, 44 günlük Vətən müharibəsindəki qalibiyyətə ilk cığır açan bu döyüşlərin şəhidləri yad edilir, qaziləri gündəmə gətirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, belə tədbirlərdən biri də Bakı Dövlət Universitetində keçirilib. SABAH qrupu tələbələri Qarabağ müharibəsi və Aprel döyüşü qaziləriylə, yüksək çinli zabitlərlə, eləcə də qələmlərini süngüyə çevirmiş yazarlarla görüşüblər.
BDU-nun dəyirmi akt zalında baş tutan, Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən tədbir Dövlət himnimizin səslənməsiylə, Aprel döyüşlərində, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda bütün döyüşlərdə həlak olan şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsiylə başlaylb.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli tədbiri açaraq 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında qürurla danışıb: “Cəmi 4 gün çəkən bu vətən savaşı nəticə etibarilə noyabr zəfərimizin ilk qığılcımı, qələbəyə aparan yolda ilk addım, ilk zəfər qoxusu idi. Həmin günlərdə, eləcə də sonrakı tarixi qələbələrimizdəki sevinci xaqlımıza yaşadan şəhidlərimizi ehtiramla anırıq, döyüşçülərimizlə fəxr edirik”.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova, I Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsi iştirakçıları və qaziləri- komando qrupunun komandiri Ramiz Məmmədzadə, çəsur döyüşçümüz İbrahim Həsənov, polkovnik -leytenant İntiqam Məhərrəmov, polkovnik-leytenant Nihad Abdullayev, polkovnik-leytenant Akif Rəhimov, komando birliyinin kəşfiyyatçısı Vidadi Əliyev, XTQ-nin ehtiyatda olan hərbi qulluqçuları Natiq Mehdiyev və Elməddin Novruzov döyüş yolları haqqında danışıblar, müharibə xatirələrini tələbələlə bölüşüblər.
Yazıçı Varis və araşdırmaçı -jurnalist Aida Eyvazlı Göytürk isə çıxışlarında Aprel döyüşlərinin tarixi əhəmiyyəti, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsi yönündə bu döyüşlərin əhəmiyyətini qeyd ediblər, ədəbiyyatın, kitabın vətənpərvərlik hisslərinin oyanmasında rolundan bəhs ediblər.
Yazıçı Varis Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatından və Xocalı qətliamından bəhs edən “Qırmızı ləçəklər” romanını, jurnalist Aida Eyvazlı Göytürk isə Aprel döyüşlərinin qəhrəmanlarından bəhs edən ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitablarını ən yaxşı nəticə əldə edən tələbələrə hədiyyə etdiklərini bildiriblər.
SABAH qrupu tarix müəllimliyi ixtisaslaşmasının İV kurs tələbəsi Fizzə Məmmədovanın şəhidlərimizə həsr etdiyi “Şəhidim, sənə söz verirəm...” şeiri alqışla qarşılanıb.
Sonda SABAH qrupu hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Zübeyir Bağırzadənin ifa etdiyi “Cənab leytenant” mahnısına tədbirin bütün iştirakçıları da ifaları ilə dəstək veriblər.
Xatırladaq ki, Aprel döyüşlərinə həsr olunan bu görüş Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial adaptasiyasına yardım etməkdir.
SABAH-ın tələbələləri yəqin ki, bu yaddaşlara yazılan tədbiri uzun zaman unutmayacaqlar.
Günün fotosu: Bayden Buça cinayətlərinə görə Putini hərbi cinayətkar adlandırdı
Günün fotosu: Bayden Buça cinayətlərinə görə Putini hərbi cinayətkar adlandırdı
Ukraynanın Kiyev vilayətinin Buça şəhərini Ukrayna ordusu işğalçı ruslardan geri aldıqdan sonra oradakı rus hərbi cinayətləri üzə çıxdı. Meyitlərin fotosu bütün dünyanın qəzetlərində manşet oldu.
ABŞ prezidenti Bayden Buça cinayətlərinə görə Putini dünən gecə hərbi cinayətkar adlandırdı.
Rus siyasətçiləri isə həyasızcasına cinayəti öz üzərilərindən atmaq istəyirlər.
Dəvəquşu başını yerə soxur, elə bilir, bütün cəmdəyi görünməz olub.
Foto: Euronews
Çingiz Abdullayevin imza günü keçiriləcək
Aprelin 8-də, saat 17-də Libraff-ın Elmlər Akademiyası metrosu ilə üzbəüz mağazasında Xalq Yazıçısı Çingiz Abdullayevin imza günü keçiriləcək.
Mərasimdə oxucular tanınmış yazıçımızın TeasPress nəşriyyatında çıxan kitablarını əldə edərək imzalatmaq şansından yararlanacaqlar.