Super User

Super User

 

Mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda təşviqi istiqamətində ölkəmiz tərəfindən görülən davamlı işlər nəticəsində növbəti uğura imza atılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Parisdə keçirilmiş UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində 2022-ci il 19 oktyabr tarixində Azərbaycanın təqdim etdiyi “Bakı Prosesi: Dayanıqlı Sülh və İnkişaf naminə Mədəniyyətlərarası Dialoqun və Sosial İnklüzivliyin Təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.

Bu vacib sənəddə “Bakı Prosesi”nin UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində əsas proqramlarının məqsədlərinə verdiyi töhfə tanınır, 2008-ci ildən etibarən “Bakı Prosesi” çərçivəsində irəli sürülmüş təşəbbüs və əldə edilmiş nailiyyətlərə istinad edilir, habelə dözümlülük, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə “Bakı Prosesi”ni dəstəkləməklə bağlı UNESCO Katibliyi, təşkilatın üzv ölkələri və əlaqədar tərəfdaşlara müraciət olunur.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun ən fəal təbliğatçılarından birinə çevrilib.

 

2010-cu ildən etibarən “Bakı Prosesi” regional təşəbbüsdən qlobal platformaya çevrilməyə başlayıb. Belə ki, 2011-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO),  eləcə də digər beynəlxalq təsisatlarla sıx tərəfdaşlıqda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (ÜMDF) mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr və regionlar arasında dinc birgə yaşayışın təşviq edilməsi, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə kimi mühüm mövzular üzrə önəmli qlobal platforma statusu qazanıb. 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizin paytaxtı beş dəfə sözügedən Foruma ev sahibliyi edib.

 

Vurğulamaq lazımdır ki, BMT Baş katibi tərəfindən  2015, 2017 və 2019-cu illərdə qurumun Baş Assambleyasına təqdim edilmiş məruzələrdə “Bakı Prosesi” xüsusi qeyd olunmuş, Azərbaycanda keçirilən ÜMDF mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan edilib.

 

Əminliklə qeyd etmək olar ki, İcraiyyə Şurasının qəbul etdiyi bu qətnamə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla, sülh, dözümlülük, dialoq və dayanıqlı inkişaf kimi ümumbəşəri ideyaların təbliğində öncül rolunu yenidən vurğulayıb və Azərbaycanın bu vacib təşəbbüsünün qlobal əhəmiyyətinin bir daha tanıdılması baxımından əlamətdardır.

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Hər ay müxtəlif rayonlarda keçirilən qəbullarda sakinlərin müraciət və problemləri dinlənilir, həlli ilə əlaqədar müvafiq addımlar atılır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 20-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.

 

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

 

Sonra nazir və icra başçısı Masallı şəhərində Qəhrəmanlar parkını ziyarət edib, Vətən uğrunda canından keçən igid oğulların xatirəsinə ehtiramlarını bildiriblər.

 

Masallı Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və müxtəlif eksponatlara baxış keçirib.

 

Daha sonra rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin  müraciətləri, əsasən, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, əmək müqaviləsinin uzadılması, müəssisələrin təmiri, tarixi abidənin bərpası, müəssisəyə ad verilməsi və digər məsələləri əhatə edib.

 

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Oktyabrın 20-si görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) anadan olmasının 100 illiyi tamam oldu.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, müğənninin sənət dostları və ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Xalq artistinin məzarını ziyarət etdilər, üzərinə çiçəklər düzdülər.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Şövkət Ələkbərovanın Azərbaycan musiqi sənəti tarixində rolundan söz açdı. Bildirdi ki, Şövkət xanım məlahətli səsi, özünəməxsus ifa tərzi, Azərbaycan qadınına məxsus gözəllik və nəcibliyi ilə bütün nəsillərin sevilən ifaçılarındandır: “Şövkət xanımın ifasında “Qarabağ şikəstəsi” çox fərqli idi. Mən düşünürəm ki, hər sənətkar məxsusi zövq yarada bilmir. O, səsləndirdiyi nəğmələrlə həm də şəxsiyyətinin dəyərlərini ifadə edirdi. Onun səsi hər zaman qulaqlarımızdadır".

 

Elnur Əliyev dedi ki, Şövkət Ələkbərovanın musiqi mədəniyyətimizə olan sevgisi bir nümunədir. O, eyni zamanda öz müəllimlərinə ehtiramla yanaşır, onların xatirəsini əziz tuturdu: “Hər ifaçı bütün şəxsi keyfiyyətləri ilə ifasına bağlı olmur. Düşünürəm ki, Şövkət xanımın ifa etdiyi mahnılar həm də onun şəxsi keyfiyyətlərinin tərənnümüdür. Bu mahnılarla öz daxili dünyasının dəyər və dərinliklərini ifadə edib. Biz qürur duyuruq ki, mədəniyyətimiz belə bir sənətkarlar yetişdirib. Arzu edirəm ki, Şövkət xanımın qoyduğu ənənələr davam eləsin. O, sağlığında olduğu kimi, bu gün də gənc sənətçilərə örnək olsun”.

 

Nazirin birinci müavini vurğuladı ki, bir sıra mahnılar yalnız Şövkət Ələkbərovanın adı ilə assosiasiya olunur: “Dəfələrlə başqa ifaçılar tərəfindən səslənsə belə, o mahnıların etalonu Şövkət xanımdır. Sənətkarın da böyüklüyü də elə budur. Hər mədəniyyətə qismət olmayan bu parlaq ulduzlarımızla fəxr etməli, təbliğatını aparmalıyıq”.

 

Şövkət Ələkbərovanın yetirməsi, Əməkdar artist Aybəniz Haşımova sənətkarla  bağlı xatirələrini bölüşdü, 12 yaşında ilk dəfə Şövkət xanımdan sənət dərsi almağa başladığını dedi. Qeyd etdi ki, bu gün öz yetirmələrinə Şövkət xanımın sənət məktəbindən bəhrələndiklərini verməyə çalışır: “30 ilə yaxındır ki, Şövkət Ələkbərova bu dünyada deyil. Lakin biz tələbələri və doğmaları onu heç zaman unutmadıq və hər zaman yanımızda hiss etdik. O, hələ sağlığında öz nəcibliyi, mədəniyyəti, savadı və istedadı ilə hörmət qazanmışdı”.

 

Sonda Şövkət Ələkbərovanın ailə üzvləri adından Tofiq Quliyev adına 12 nömrəli Uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxış edərək sənətkarın xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.

Xatırladaq ki, Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərib.

 

Bildirək ki, anım mərasimi daha sonra T.Quliyev adına 12 saylı Uşaq musiqi məktəbi və Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin birlikdə təşkil etdiyi tədbirlə davam edib.

 

Oktyabrın 20-də İmişli rayonundakı Heydər Əliyev Mərkəzində tarixi romanlar yazarı, publisist Yunus Oğuzla görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə ziyalılar, qazilər və şəhid ailələri iştirak ediblər.

Tədbirin aparıcısı, İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Hürü Şirinova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra "Cığır" romanı haqqında fikirlər səsləndirilib. Sonda tədbir iştirakçılarına, şəhid  ailələrinə, qazilərə və ictimaiyyət nümayəndələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Elə həmin gün Zərdab Mərkəzi Kitabxanasında da "Cığır" romanının müzakirəsi olub. Tədbirdə oxuculara xidmət şöbəsinin oxu zalında müdirə, gənc yazar Leyla  İsgəndərli, kitabxananın informasiya resurs şöbəsinin müdiri Rəqibə Qasımova, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Sultanov, oxuculara xidmət şöbəsinin müdiri Mehparə  Səfərəliyeva, Zərdab rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev və başqaları çıxış ediblər.

Tədbirin aparıcısı Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra "Cığır" romanı müzakirə olunub. Sonda tədbir iştirakçılarına, şəhid  ailələrinə, qazilərə və ictimaiyyət nümayəndələrinə "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Rəsm qalereyası: Soltan Soltanlı, “Anaş toyuq”

 

,,Anaş toyuq". Kətan, yağlı boya.

100x97 sm. 2022.

www.soltan-soltanli.com

 

Türkiyənin “Bozdağ Film” şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə şərti adı “Qarabağ – Vətən müharibəsi” olan çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində filmin çəkilişinə həsr olunmuş brifinqdə məlumat verilib.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov diqqətə çatdırıb ki, film 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük Zəfərə töhfə vermək məqsədilə çəkilir. Ekran işi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də yayımlanacaq: “Əsas yaradıcı heyəti azərbaycanlı kinematoqrafçılardan ibarət olacaq serialın istehsalının ilkin hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. Çəkilişlər Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində aparılacaq. Pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Aktyorlarla sınaq çəkilişləri də həyata keçirilib”.

Şöbə müdiri həmçinin diqqətə çatdırıb ki, 8 seriyadan ibarət filmin hər seriyası 1 saat olacaq. Filmin hazırlıq mərhələsində məkan seçimləri və digər məsələlərdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və başqa qurumların da dəstəyi olub.

Rüfət Həsənov çəkilişlərin 2023-cü ilin mart ayında reallaşacağını bildirib: “Hər seriya üçün 212 min dollar vəsait nəzərdə tutulur. İsmayıl İman tərəfindən yazılan ssenari daha sonra ümumi ssenari qrupu – həm türk, həm də azərbaycanlı ssenaristlər tərəfindən təkmilləşdirilib”.

Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev dedi ki, filmin çəkilişləri ilə bağlı hazırlıqlar dəqiq və məsuliyyətli şəkildə aparılıb, hər bir detala diqqət yetirilib: “Gələcəkdə filmin beynəlxalq arenada yayımlanması işində “Bozdağ Film” şirkətinin də rolu olacaq. Hazırda şirkətin filmlərinin izləyici sayı ümumilikdə 6 milyard yarımdan çoxdur”.

“Bozdağ Film”in ölkəmizdə səfərdə olan nümayəndələri – baş direktor Bilgehan Özen və tanınmış aktyor Osman Albayrak bildirdilər ki, əməkdaşlar artıq üç aydır ki, Azərbaycanda hazırlıqlara cəlb ediliblər. Baş direktor əlavə etdi ki, Qarabağ savaşı bütün Türk dünyası üçün önəmli Zəfər tarixidir: “Bu Qələbəni layiqincə bütün dünyaya çatdırmaq üçün biz Azərbaycanı şəhər-şəhər, qəsəbə-qəsəbə, məhəllə-məhəllə gəzərək hazırlıqlara başladıq. Məqsədimiz filmi beynəlxalq platformalarda nümayiş etdirməkdir. Layihənin hazırkı adı şərtidir. Tam adını hələlik açıqlamaq istəmirik. Qarabağda işğaldan azad edilmiş ərazilərdə də olduq. Çəkilişləri Qarabağda da aparmağı planlaşdırırıq. Aktyorlar hazırda Azərbaycan Ordusunda hərbi təlim keçirlər. Tezliklə onların adları açıqlanacaq”.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, “Bozdağ Film” şirkətinin istehsalı olan “Kuruluş Osman”, “Diriliş Ertuğrul”, “Aşkın yolculuğu. “Yunus Emre”, “Mendirman Celaleddin”, “Destan” kimi uğurlu serial layihələri dünyanın 100-dən çox ölkəsində yayımlanaraq geniş tamaşaçı kütləsi toplayıb.

Çox yəqin, bu film də uğur qazanacaq.

 

“Açar” qısametrajlı bədii filmi 18-27 noyabr tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında keçiriləcək, “Oscar” və BAFTA klassifikasiyalı 35-ci Foyle Film Festivalının “Beynəlxalq qısa film” müsabiqə proqramına seçilib.

 

 “Açar” filmi sözügedən festival çərçivəsində Şimali İrlandiyanın Derry-Londonderry şəhərində nümayiş olunacaq və ABŞ, Fransa, Yaponiya, Estoniya, Yunanıstan, Avstraliya, Kanada, Meksika, İsveçrə, İngiltərə, İspaniya, Almaniya, Niderland, İsveç Lüksemburq və Farer Adalarını təmsil edən filmlərlə “Oscar” və BAFTA-ya vəsiqə uğrunda mübarizə aparacaq (https://www.foylefilmfestival.org/programme/light-motion-competition-international-short-film-programme-1).

Qeyd edək ki, premyerası Niderland Krallığında “Oscar”, BAFTA və Avropa Film Mükafatlarına vəsiqə qazandıran “Go Short – International Short Film Festival Nijmegen”də baş tutan “Açar” filmi oktyabr ayı ərzində İsveçdə “SAMA International Film Festival”, Makedoniyada “KineNova Skopje International Film Festival”, Türkiyədə “Accessible Film Festival” və Hindistanda “Goa Short Film Festival”da ölkəmizi təmsil edib. Film həmçinin noyabrın 29-dan dekabrın 3-dək Fransada keçiriləcək, Avropanın ən yaxşı qısa film festivallarından hesab olunan 40-cı “Festival Tous Courts” Beynəlxalq Qısa Film Festivalının “Beynəlxalq müsabiqə proqramı”na seçilib.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

 

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

 

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" ("Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən "Xəzər İnşaat Həftəsi” öz işinə başlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “İnşaat həftəsi”ndə 17 ölkədən 300-dən çox şirkət iştirak edir.

Sərgilər “Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşir.

Üç gün (19-21 oktyabr) davam edəcək “İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur. Stenddə Qarabağla, eyni zamanda Zəfər tariximizlə, işğaldan azad olunmuş ərazilərin tarixi, memarlığı, mədəniyyəti ilə bağlı xüsusi nəşrlər, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımızı virtual eynək sərgilənir.

Nazirliyin stendində, həmçinin Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, eləcə də Füzuli Memorial Kompleksi və Zəfər Muzeyinin maketləri nümayiş etdirilir. Monitorda isə işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur.

Mədəniyyət Nazirliyinin stendinə yaxınlaşan qonaqlar eyni zamanda muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında təqdim olunan muğam və xalq mahnılarımızı dinləyirlər.

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Bakı Şəhər Baş İdarəsinin nümayəndələri, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Cənubi Rusiya Humanitar Universitetinin fəxri professoru Rasim Nəbioğlu, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfli, Hüseyn Cavid muzeyinin direktor müavini Lalə Əliyeva, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri iştirak ediblər. 

Qonaqlar H.Cavid yaradıcılığı haqqında geniş məruzə ilə çıxış ediblər. İncəsənət gimnaziyasının şagirdlərinin ifasında kompozisiya təqdim olunub.

Eyni zamanda, tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış, Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən videoçarx və fotolardan ibarət sərgi nümayiş olunub.

 

UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçkilər keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, seçkilərdə Azərbaycanın namizədi Ruhiyyə İsayeva İcraiyyə Şurasının üzvlərinin səsinin mütləq əksəriyyətini toplayaraq, qurumun Apellyasiya Şurasının alternativ sədri vəzifəsinə seçilib. Beləliklə Azərbaycan ilk dəfə UNESCO-nun Apellyasiya Şurasının alternativ sədri seçilir.

Qeyd edək ki, UNESCO-nun Apellyasiya Şurası qurumun İşçi Qaydaları çərçivəsində işçi heyətin inzibati qərara və ya intizam tənbehi tədbirinə qarşı verdiyi şikayətlər üzrə tövsiyə vermək üçün Baş direktor tərəfindən yaradılmış inzibati orqandır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.