
Super User
Kinodan 1 milyard dollarlıq gəlir!
Kinoda növbəti başgicəlləndirici rəqəm açıqlanıb. Baş rollarda Culiya Roberts və Corc Kluninin oynadığı "Cənnətə bilet" romantik komediyası inanılmaz uğur əldə edib.
“Ədəbiyyat və incəsənət” pprtalı Qərb mətbuatına istinadən xəbər verir ki, ekran işi yayımlandığı üç həftədən az müddətdə dünya üzrə 60,6 milyon dollar gəlir əldə edib.
Sual olunar, “Cənnətə bilet" filmi nədən bəhs edir ki, bu qədər uğur qazanıb? Roberts və Kluni qızlarının yad adamla evlənməsinin qarşısını almaq və 25 il əvvəl personajların özlərinin etdiyi səhvi təkrar etməmək üçün Baliyə gedən boşanmış valideynləri canlandırırlar.
Və ən maraqlısı: Roberts və Kluninin bu, yeganə birgə işləri deyil. Cütlük bugünədək birgə beş filmdə rol alıb. Onların bu beş filminin ümumi qazancı isə 1 milyard dolları ötüb.
Bax belə!
Tanınmış rejissor Vaqif Mustafayev Şəfiqə Məmmədova ilə bulvarda səmimi fotolarını paylaşıb
Tanınmış rejissor, “Space" TV-nin keçmiş rəhbəri, Xalq artisti Vaqif Mustafayev məşhur aktrisa, Xalq artisti Şəfiqə Məmmədova ilə bağlı paylaşım edib.
“Ədəbiyyat və incəsənət” bizimmediaya istinadla xəbər verir ki, rejissor aktrisa ilə "Dənizkənarı Milli Park"da çəkilən səmimi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Şəkillərdə diqqət çəkən məqam isə V. Mustafayevin əlini Ş. Məmmədovanın çiyninə ataraq, onu qucaqlaması olub.
Qeyd edək ki, Şəfiqə Məmmədova 1995-2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub. 2012-ci ildə yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.
İsfar Sarabski Roma Caz Festivalında çıxış edəcək
Beynəlxalq müsabiqələr laureatı, pianoçu və bəstəkar, Əməkdar artist İsfar Sarabski noyabrın 6-19-da keçiriləcək Roma Caz Festivalında iştirak edəcək. O, kvartetlə birgə noyabrın 15-də Romadakı “Parco della Musica” konsert zalının səhnəsində “Planet” albomundan mahnılar ifa edəcək.
Qeyd edək ki, hər il noyabrda təşkil olunun Roma Caz Festivalı dünyanın hər yerindən ən yaxşı caz ifaçılarını bir araya toplayır.
Hər dəfə festivalın əsas mövzusu kimi cazın formalarından biri seçilir.
Mother's Book - Mədəniyyət Nazirliyinin yeni layihəsi təqdim edilib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi olan "Anamın kitabı" tamaşasının premyerası olub. Öncədən deyək ki, tamaşa ingilis dilində nümayiş olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin ölkəmizdəki səfirlərin, eləcə də tanınmış teatr xadimlərinin, incəsənət adamlarının izlədikləri premyera alqışlarla qarşılanıb.
Əvvəlcə, tamaşa heyətini və tamaşaçıları salamlayan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib: "Azərbaycanın "La Skala"sında sizi görməkdən məmnunuq. Əminəm ki, bu gün burada fərqli və qeyri-adi tamaşa izləyəcəyik. Mədəniyyət Nazirliyinin layihəsi olan "Anamın kitabı" tamaşasının hazırlanma prosesi olduqca fərqli olub. Belə ki, 6 ay əvvəl ingilis dilində bir söz belə bilməyən bu səhnə əsərində gördüyünüz aktyor heyəti gərgin məşqlərin nəticəsində belə bir fərqli və gözəl iş hazırlayıblar. Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor işi nəticəsində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma ana dilimizin təbliğatı istiqamətinə yönəlib. Müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur, lakin hər kəs öz doğma ana dilini, milli dəyərlərini, tarixini bilməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır. Tamaşanın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm və hamını bu gözəl səhnə əsərinə baxmağa dəvət edirəm”.
Premyeradan sonra rəsmi qonaqların, eləcə də incəsənət xadimlərinin tamaşanı hazırlayıb ərsəyə gətirən truppa ilə səhnəarxası görüşü olub. Görüşdə tamaşa heyətinə təşəkkürlərini bildirən rəsmilər, teatrdan xoş təəssüratla ayrıldıqlarını vurğulayaraq, xoş arzularını çatdırıb, tövsiyələrini veriblər.
Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim edilir. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya çevrilir.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.
Qeyd edək ki, Musiqili Teatrın tarixində ilk dəfə ingilis dilində nümayiş olunan səhnə əsəri iki gün dalbadal oynanılıb.
“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan 4 ölkə imtina edib
“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan birdən-birə dörd ölkə imtina edib. “ “Eurovisionwolrd.com” saytına istinadən “Ədəbiyyat və incəsənət” məlumat verir ki, bu ölkələr post sosialist ölkələridir.
Bolqarıstan, Monteneqro, Bosniya və Herseqovina və Şimali Makedoniya Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər.
Bolqarıstan müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.
Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib.
Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb.
2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina isə “Avroviziya-2023”də də iştirak etməyəcəyini heç bir səbəb bildirmədən elan edib.
Yeri gəlmişkən, imtinaçı ölkələrin siyahısının bir qədər də genişlənəcəyi söylənilir.
İstanbulda Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin solo konserti keçirilib
İstanbulda Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin solo konserti keçirilib. Konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Beyoğlu Mədəniyyət Yolu” festivalı çərçivəsində İstanbulun “Grand Pera” Əmək Səhnəsində baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a müsahibə verən Turan Manafzadə bədii gecədə səsləndirilən əsərlərin əksəriyyətinin söz və musiqisinin özünə aid olduğunu bildirib.
Musiqiçi deyib: “Proqrama, eyni zamanda, aranjeman etdiyim xalq mahnıları da daxil edilmişdi. Bundan əlavə, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə repertuarıma onun “Mən səni araram” əsərini də əlavə etdim. Bununla da dahi bəstəkarımızı yad etmiş oldum və Azərbaycan bəstəkarlıq məktəbi haqqında dinləyicilərə məlumat verdim. Salonu dolduran sənətsevərlər Azərbaycan musiqisini böyük sevinc və maraqla qarşıladı, mənimlə birgə oxudular”.
Qeyd edək ki, Turan Manafzadə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun qızıdır və Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edirlər.
Tbilisidə açılan sərgidə nə baş verib?
Ermənilərin Azərbaycana qarşı təxribata cəhd göstərmələri xəbəri yayılıb. Söhbət Gürcüstanın paytaxtında 4-cü “Tbilisi Etno Fest” yaradıcılıq sərgisində baş verən olaylardan gedir.
“Ədəbiyyat və incəsənət” olayla bağlı xəbər paylaşan agentliklərə istinadən məlumat verir ki, ölkəmizi bu sərgidə “Pirşah” şirkəti təmsil edir.
“Pirşah” şirkəti sərgidə Azərbaycan sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət məhsullar təqdim edir.
Amma ermənilər yenə də öz çirkin niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər.
"Pirşah" şirkətinin təmsilçisi Behbud Nəcəfov “AzərTAC”a bildirib ki, ermənilər və onların havadarları bir neçə dəfə Azərbaycan guşəsinə yaxınlaşıb, mədəniyyət nümunələrimizi təhqir etməyə cəhd ediblər. Lakin onların bu cəhdləri baş tutmayıb. Şirkət nümayəndələri, təşkilatçılar, eləcə də bəzi ziyarətçilər Azərbaycan nümayəndə heyətinə dəstək göstəriblər.
Bundan sonra ermənilər guşədən uzaqlaşıblar.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov sərgidə olub, Azərbaycanın sənət ustalarının qayğıları ilə maraqlanıb, onlara səfirlik adından lazımi dəstək göstərib.
“Qonağımız var” layihəsi çərçivəsində Zahid Xəlillə görüş
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində Nərimanov rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında görkəmli şair, yazıçı, professor Zahid Xəlil ilə görüş keçirilib.
Baş İdarədən mediaya verilən məlumata görə, tədbirdə Nərimanov rayon MKS-in əməkdaşları, oxucular, Nərimanov rayon Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin müəllimləri iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd uşaqları yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlilin həyat və yaradıcılığı ilə tanış etmək, eləcə də onların kitaba olan marağını və dünyagörüşlərini artırmaqdır.
İlk olaraq şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan mərkəzi kitabxananın əməkdaşı Günel Eyvazova qonaqları salamlayaraq, uşaq yazarı Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, yazıçı yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” və digər şeir və nağıllar Zahid Xəlil yaradıcılığının bəhrəsidir.
Vurğulanıb ki, Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir.
Şair Vətən müharibəsi dövründə xalqımızın böyük Qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir yumruq dastanı” əsəri haqqında ətraflı danışıb.
Daha sonra Zahid Xəlilin yazdığı şeirlər dinlənilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şairin şeirlərinə bəstələnmiş mahnılar isə hamıda xoş ovqat yaradıb.
Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.
Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərgi açılıb
Müasir İncəsənət Muzeyində “İkinci nəfəs” adlı sərgi açılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir.
Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, “Cultural Network House” (CNH) İctimai Birliyinin və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə reallaşıb.
Açılış mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, diplomatik korpus təmsilçiləri iştirak ediblər.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək layihənin incəsənətimiz üçün önəmindən və sərgilənən əsərlərin dövrümüz üçün dəyərindən bəhs edib. Nazir bildirib ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət nümunələridir. Qalereyanın fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən çox nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Rəsm Qalereyası mədəniyyətimizin hamisi ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində yaradılıb və uzun illərdir təsviri sənətimizin qorunmasına xidmət edir.
Onun sözlərinə görə, CNH öz fəaliyyətində incəsənətin bütün sahələrində olduğu kimi, rəssamlıq sahəsinə də çox böyük önəm verir. Məhz bu səbəbdən, İctimai Birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan bu layihədə əsərlər bərpa olunub və 1960-1990-cı illərə aid rəsmlərə “İkinci nəfəs” verilib.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində 41 rəssamın 1960-1990-cı illər arasında çəkdiyi 72 əsər seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikayıl Abdullayev və digərləri yer alıb.
Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin təsviri sənətinin inkişafı naminə imzaladığı çoxsaylı sərəncam və fərmanlardan danışan nazir bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısı sayəsində bu gün ölkəmizin zəngin mədəni dəyərləri dünyada geniş təbliğ olunur. Hazırda sərginin təşkil olunduğu bu muzey də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.
Sərginin bir ay müddətində davam edəcəyini bildirən nazir qeyd edib ki, zəngin rəngkarlıq məktəbimizin gənc nəslə çatdırılması baxımından da layihə böyük əhəmiyyət kəsb edir.
Sərginin açılışında çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ötən əsrin 60-cı illərini Azərbaycan təsviri sənəti üçün bir intibah dövrü adlandırıb. Həmin dövrə mənsub rəssamların yaradıcılığının özəlliyindən söz açan F.Xəlilov bildirib ki, onların yaratdığı əsərlər əbədiyaşardır. O, layihənin təşkilinə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın təsviri sənət nümayəndələri bu gün də xalqımızın mədəni-ictimai həyatında fəal iştirak edirlər.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
Sərgi noyabrın 6-dək davam edəcək.
UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu başa çatdı
Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursu ikinci günündə davam etmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonaq çıxışçı kimi təlim kursunda iştirak edən “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayevaya “Azərxalça” ASC-nin Azərbaycan xalça sənətinin inkişafı və dünyada tanıdılmasında gördüyü işlərdən danışdı, həmçinin 15 regional emalatxanasında təqribən 600 xanım toxucunun fəaliyyət göstərdiyini qeyd edərək həm ənənəvi, həm müasir dizaynlarla xalçaların, o cümlədən ipək xalçaların toxunulduğunu qeyd etdi. “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə fəaliyyətlərdən danışaraq, xarici ölkələrdə təşkil olunan sərgilər, beynəlxalq ekspozisiyalar haqqında təcrübələri haqqında məlumat verdi.
Ardından, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun UNESCO-nun qeyri-maddi irs nümunələrinin beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən orqanlar Baş Konfrans, Hökumətlərarası Komitə, Komitənin Bürosu, Qiymətləndirmə Orqanı və Katibliyin fəaliyyətlərinə dair real təcrübəyə əsaslanan vacib bilikləri və faydalı məsləhətləri təlim iştirakçıları ilə bölüşdü. Sonra, iştirakçıların mövzuya dair sualları cavablandırıldı və təlim kursu müzakirə şəklində davam etdirildi.
Türkiyənin Ənənəvi Sənətlər Birliyinin əməkdaşı, təlimçi Sona Tomaç Konvensiyaya uyğun olaraq milli səviyyədə qoruma tələb edən qeyri-maddi mədəni irs nümunələri ilə bağlı zəruri fəaliyyətlər haqqında danışaraq nümunələrin inventarlaşdırılması, nümunələrin yaşadılması üçün bilik-bacarıqların artırılması, milli dəstək mexanizmlərindən bəhs etdi. Ardından, xanım Aslihan Erkmen “Türkiyənin Ustaları” adlı layihədən, onun Marmara bölgəsi üzrə pilot mərhələsi üçün kompleks layihə fəaliyyətlərindən və nəticələrindən, ayrı-ayrı ənənəvi sənət növləri üzrə inventarlaşdırma, sənətlər və həmin sənətlərlə məşğul olan ustalara dair məlumatların təhlili imkanlarından danışdı. Vasif Eyvazzadə Türkiyənin Ənənəvi Sənətlər Birliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Azərbaycan Sənətkarları” layihəsi, bu layihənin ölkəmizdə ənənəvi sənət növlərinin qorunması və vəziyyətin təhlili imkanlarının artırılmasına verəcəyi töhfələr və bu sahədə həllini gözləyən məsələlər haqqında danışdı. Sonra, iştirakçılarla regionlar üzrə qeyri-maddi irs nümunələrinə dair fikir mübadiləsi aparıldı və hər birinə dair xarakterik elementlər sadalanaraq onların gələcəkdə daha yaxşı qorunması və yaşadılması üçün layihə və təşəbbüslərə çağırış edildi.
İkinci yarım gündə, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev ənənəvi sənət növlərinin yaşadılması və bu istiqamətdə ailə bizneslərinə və təsərrüfatlarına dəstək istiqamətində bir dövlət layihəsi kimi bu çərçivədə icra olunan fəaliyyətlər barədə danışaraq ABAD-ın əhatə dairəsi, ABAD-çı sənətkarların kateqoriyaları, regionlar üzrə vəziyyəti əks etdirən məlumatları və ABAD məhsullarını təşkilati sayt üzərindən təqdim etdi. Təlimçi Sona Tomaç qeyri-maddi irs nümunələrinin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən, dəstək mexanizmlərindən və bu istiqamətdə Beynəlxalq fondun imkanlarından, dəstəklənən layihələrdən danışdı. Xanım Aslihan Erkmen dövri hesabatlarla bağlı qaydalardan, eləcə də qeyri-maddi irsin etik qavramı barədə, qeyri-maddi irsin qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolundan bəhs etdi. Sonda, təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edildi.
Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar institutunun, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak etmişdir.