
Super User
Kann şəhərində 2014-cü il niyə də təkrarlanmasın?
Türk kinematoqrafiyasının dahi nümayəndəsi, dünyaşöhrətli rejissor Nuri Bilge Ceylanın “Quru otlar üstündə” filminin nüfuzlu 76-cı Kann Film Festivalının əsas proqramında çıxış edəcəyi xəbəri təsdiqlənib.
Bir neçə gün öncə “Habertürk"ün yaydığı məlumat təsdiqlənmişdir, belə ki, filmin adı festivalın rəsmi saytında qərarlaşıbdır.
Merve Dizdar, Musab Ekici və Deniz Celiloğlunun rol aldığı filmdə hadiaələr Anadolunun ucqar bir kəndində baş verir.
Və elə bu yerdə “Ədəbiyyat və incəsənət” portalı bir xatırlatma edir ki, Nuri Bilgə Ceylana ilk uğur gətirən filmdə də hadisələr Anadolu kəndində cərəyan edirdi, söhbət “Bir dəfə Anadoluda” filmindən gedir.
Qeyd edək ki, Kann Kino Festivalı 16-27 may tarixlərində Fransanın Kann şəhərində baş tutacaq. Bura zümrüd sahildir - dünyanın kurort incisidir.
Festivalın əsas mükafatı Qızıl Palma Budağıdır.
Xatırladaq ki, Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi 2014-cü ildə Kann Film Festivalının Qızıl Palma Budağı mükafatını qazanıb. Niyə də ikincisi olmasın?
Şəkillərdə: Nuri Bilge Ceylan ümidlidir; “Qış yuxusu” filmindən fraqment
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Barelyef, Arximed və yazıçı...
“Ədəbiyyat və incəsənət” istedadlı yazıçı Təranə Vahidin qələm əhlinin ümumi faciəsindən bəhs edən yazısını təqdim edir. Çox kədərli, amma real əhvalatdır.
Yazıçı Zaman Zamanlının ölüm xəbəri balaca, təbəssümlü şəhərdən sürət qatarı kimi keçdi. Özün dilsiz-ağızsız olasan, ölüm xəbərin belə hay-küylü ola …
Zaman Zamanlının yaxşı yazıçı olduğunu, əslində, hamı bilirdi. Amma bilmək azdı, Zaman Zamanlı heç vaxt gözə görünmədi, ad-san qazanmadı, pul-para sahibi olmadı, başına dövlət quşu qonmadı. Niyəsi də odur ki, bu sısqa, üzsüz, utancaq adam xoşbəxt ulduz altında doğulmamışdı. Elə bil alnına əyri-üyrü hərflərlə “sənin yerin bax orda, arxa cərgədə, heç kimin görmədiyi yerdədi” sözləri yazılmışdı. O da nəcib adamıydı, alın yazısıyla barışıb bir ömür arxa cərgədə, gözə görünməyən yerdə, xəlvətdə şad-xürrəm yaşadı.
İyirmi bir kitabını da dost-tanışları, daha doğrusu, bir kitabı sonacan oxumayan, əvəzində qaz vurub qazan dolduran səxavətli dostları çıxardı. Kitabları çıxanda da üzünün abrından satışa qoymadı, “kitab oxuyanlar çörək tapmır”, – deyib sevinə-sevinə dost-tanışa həddiyə elədi. Oxuyanlar oxuyub oxumayanlara verdi, kimlərsə kimlərəsə ötürdü, beləcə Zaman Zamanlının xeyli gizlin oxucusu oldu.
Zaman Zamanlının yaradıcılığı geniş olsa da, həyat yolu iki-üç cümlə olardı, ya olmazdı. Belə ki, universiteti qırmızı diplomla bitirib ortalıqda qalanda sevimli Həşim müəllimi çörəksiz qalmasın deyə sevimli tələbəsini Veteranlar Şurasında kargüzar kimi işə düzəltdi. Qorxacaq adam üçün qəhrəmanların arasında yaşamaqdan böyük xoşbəxtlik yoxdu. Bir ömür İkinci Dünya müharibəsi iştirakçılarının toplu-tüfəngli, səsli-küylü xatirələrinə qulaq asa-asa ayları, illəri yelə verdi. Cavanlığı yay armudu kimi sovulub keçəndə qocalığın burnu göründü. Kəsəsi, Zaman Zamanlı azca əməkhaqqısıyla, veteranların xatirələrinə qulaq asa-asa xatirə danışacaq yaşa çatdı. Yeddi roman, yeddi povest, yeddi hekayə kitabı işıq üzü gördü. Amma həyat hekayəsini nə yaşaya, nə də yaza bildi. Böyük imperiyanın çökməsinin şahidi oldu, müstəqilliyin şirinliyini daddı, tarixin dolanbac dalanlarından keçsə də, zalım oğlunun nə həyatında, nə də yaşayışında heç nə dəyişmədi.
Düzdü, həyatında, güzəranında heç nə dəyişmədi, amma günlərin birində dünyasını dəyişdi.
Bu xəbəri ən ağır qarşılayan tənqidçilər oldu. Zaman Zamanlının yaradıcılığını görməzliyə vuran, haqqında bir kəlmə söz deməyə, yazmağa ürəkləri gəlməyən tənqidçilər elə bil Zamanlının qara gününü gözləyirmişlər. Yazdılar, özü də necə yazdılar.
Qırx ilin susqunluğundan sonra pəltək tənqidçilər də David kimi cəh-cəh vurdular. Qəzetlər, saytlar, televiziyalar, radiolar Zaman Zamanlıdan danışdılar. Üç gündə şəhərin təkəmseyrək kitab mağazalarında Zaman Zamanlının kitabı qalmadı. Sağlığında bunu görsəydi... ölməzdi, hər halda belə tez ölməzdi...
Bu arada yuxarıdan göstəriş gəldi ki, vaxt itirməyib Zaman Zamanlının xatirəsini əbədiləşdirsinlər. Hələlik yaşadığı binanın qarşısına yazıçının barelyefini vursunlar, sonra görsünlər neyləyirlər.
Sözün düzü, sağlığında Zaman Zamanlının barelyefdən zəhləsi gedirdi. Daha doğrusu, barelyefdən eymənirdi. Barelyef görəndə yadına Arximed düşürdü. Ona elə gəlirdi ki, bütün barelyeflər bir az da Arximedə oxşayır. Sağ olsaydı, dünyasında imkan verməzdi ki, onu Arximedə oxşatsınlar, amma heç sağlığında səsi eşidilməmişdi, indi torpağın altında onu kim eşidəcəkdi?!
Qərar verilmişdi, çoxdan sifarişsiz qalan heykəltəraş bir həftəyə yoğurdu, yapdı, barelyef hazır oldu.
Səhəri gün kütləvi informasiya vasitələri cana gəldi. Barelyef, əklil hazır idi. Qalırdı Zaman Zamanlının ünvanını öyrənmək, mərasimi keçirmək, böyük yazıçının ruhunu şad edib bu məsələylə birdəfəlik üzülüşmək.
Vəd olunan yerdə uzunşüllət adam qulağında telefon, durmadan danışırdı.
– Qorxmaz müəllim, bu nə məsələdi, gecikirik axı, – deyə, jurnalistlərdən biri dözməyib soruşdu.
Qorxmaz müəllim elə bil diri balıq udmuşdu, dik-dik:
– Heç, xırda bir məsələ var, yoluna qoyan kimi gedəcəyik, – dedi.
Xırda məsələ xeyli uzandı. Əvvəl televiziyanın xəbərlərindən gələnlər, sonra gündəlik qəzetdə işləyənlər deyinə-deyinə çıxıb getdilər. Daha sonra saytdan gələnlər söyə-söyə dağılışdılar. Axıra agentlikdən gələn çəlimsiz qız qaldı.
Günün ikinci yarısı çəlimsiz qızın xəbəri yayımlandı: araşdırmalardan məlum oldu ki, yazıçı Zaman Zamanlının heç vaxt şəxsi mənzili olmayıb. Mərhum yazıçı ömrü boyu şəhərin müxtəlif yerlərində kirayə evlərdə yaşayıb. Evi olmadığı üçün barelyef təntənəli şəkildə veteranlar şurasına təhvil verildi. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Bu il Türkiyədə 750 arxeoloji qazıntı həyata keçiriləcək
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənan Məmmədli qardaş Türkiyə ilə bağlı olduqca maraqlı faktları sozlərə təqdim edir. Söhbət bu ölkədə gedən arxeoloji qazıntılar barədədir. Tarix - həqiqətən xalqın özünüqoruma instinktidir.
Qardaş Türkiyənin ən qədim yaşayış məskənlərindən olan Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Ötən il zəngin coğrafiyaya malik bu diyarda 713 sayda arxeoloji qazıntı aparılıb və 10 min 500-ə yaxın tarixi əsər aşkar edilib.
Və son iki əsrdə Anadoluda bəşəriyyətin qədim mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və ölkə daxilində araşdırmalar bu gün də davam edir. 2022-ci ildə ən çox arxeoloji qazıntı işləri Egey və Aralıq dənizini birləşdirən və 8 min illik tarixə malik olan Muğlada həyata keçirilib. Muğladan sonra Egeyin incisi İzmir fərqlənib.
Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhəri diqqət çəkir. Buradakı Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur məkanlarından biri olub. Laodikiya Qərb Teatrı bərpa edilərək yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.
1979-cu ildən etibarən hər il ənənəvi olaraq Dənizli şəhərində beynəlxalq simpozium keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici arxeoloqlar, alimlər və tələbələr iştirak edirlər.
Türkiyənin Düzcə vilayətində eramızdan əvvəl III əsrə aid qədim "Prusias ad Hypium" şəhərində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti dayandırılan qazıntı işlərinin yenidən başlanması ilə qədim şəhərdə olduqca yaxşı vəziyyətdə olan teatr binası aşkarlanıb. Bu xəbər əsl sensasiyadır. Baxın, əsrlərboyu üzərində müxtəlif tikililərin inşa edilməsinə baxmayaraq, bina öz görkəmini itirməyib.
Mütəxəssislər bu cür qədim tarixə malik tikililərin belə vəziyyətdə qalmasına dünyada nadir hallarda rast gəlindiyini bildirirlər.
Türkiyənin Qara dəniz bölgəsinin qərbində yerləşən tarixi şəhər bölgənin ən qədim yaşayış yeri olaraq tanınır. Burada aparılan qazıntı işləri zamanı teatr binası ilə yanaşı, tarixi divarlar, yazılar, su kəmərləri, "Roma körpüsü" kimi bilinən qədim abidələr də aşkarlanıb. (Qapaq fotosunda)
2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək məqsədilə təxminən 750 arxeoloji qazıntının həyata keçirilməsi planlaşdırılır.
Əslində, tarix hər bir kəsin tarixidir, ümumən dövlətin və xalqın deyil. Turistik baxımdan ən cəlbedici ölkələrdən olan Türkiyə tarixi abidələri aşkarlamağı və qorumağı gözəl bacarır. Sağ əli Azərbaycanın başına.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Bu gün Beynəlxalq Muğam Mərkəzində xanəndə Elgiz Əliyevin solo konserti keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində xanəndə Elgiz Əliyevin solo konserti keçiriləcək. BMM-in solisti Elgiz Əliyev tamaşaçılara rəngarəng proqram təqdim edəcək.
Muğam və təsniflərimiz, xalq mahnılarımızın səslənəcəyi konsertdə sənətçinin tələbələri ilə birgə çıxışı da nəzərdə tutulub.
Solo konsertdə sənət dostlarının xanəndəyə musiqi sovqatı təqdim olunacaq. Milli musiqimizin bütün janrlarının çələngindən ibarət təşkil edilən proqramda xanəndənin duet çıxışları da maraqla qarşılanacaq.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Azərbaycan 84 ölkəyə məhsul ixrac edib
Növbəti Açıq portfel xəbəri: Yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 84 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən idxal edilib.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Bu, həqiqətən də əsl mədəniyyət hadisəsidir!!!
Heydər Əliyev Mərkəzində dahi rəssam Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi nümayiş etdiriləcək
Biz bəzən nəyin şahidi olduğumuzun fərqinə varmırıq. Dünyada çox az ölkə XX əsrin məşhur rəssamlarından olan dahi Salvador Dalinin orijinal əsərlərinin sərgisini nümayiş etdirmək şərəfinə nail olmayıb. Azərbaycan bunu da edir! Aprelin 26-da Heydər Əliyev Mərkəzində Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri nümayiş olunacaq.
Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.
Düşünürük ki, dahi ispan rəssamını oxucularımıza daha yaxından tanıtmağımız yetərli olacaq. Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi, özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi.
Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı.
Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı. uşaqlarla hər hansı bir şəkildə təmasda olmaq, komandalarına öyrəşməyə çalışmaq, əgər yoldaş rolunda deyilsə, başqa bir rolda, daha doğrusu bacardığı yeganə rolda - şokedici və yaramaz bir uşaq kimi qəribə , ekssentrik, həmişə başqalarının fikirlərinə zidd hərəkət edən biri olub o. Məktəb şans oyunlarında uduzduqda, o, qalib gəlmiş kimi davranırdı. Bəzən səbəbsiz yerə dava edirdi.
1921-ci ildə 47 yaşında anası döş xərçəngindən öldü. Dali üçün bu faciə idi. Elə həmin il San Fernando Akademiyasına daxil oldu. İmtahan üçün hazırladığı rəsm baxıcıya çox kiçik göründü, bu barədə atasına, o da öz növbəsində oğluna xəbər verdi. Gənc Salvador bütün rəsmləri kətandan sildi və yenisini çəkmək qərarına gəldi. Yekun qiymətləndirməyə cəmi 3 gün qalmışdı, lakin gənc işdə tələsmirdi ki, bu da uzun illərdir ki, öz qəribəliklərindən əziyyət çəkən atasını çox narahat edirdi. Sonda gənc Dali rəsmin hazır olduğunu söylədi. Müəllimlər son dərəcə yüksək bacarıqlarına görə istisna edərək gənc eksantriki akademiyaya qəbul etdilər.
1922-ci ildə Dali istedadlı gənclər üçün Madriddəki tələbə yataqxanasına köçdü və təhsilinə başladı. Bu zaman Dali Luis Bunuel, Federico Garcia Lorca, Pedro Garfias ilə tanış oldu. Freydin əsərlərini həvəslə oxudu.
Rəsmdə yeni cərəyanlarla tanış olduqdan sonra Dali kubizm və dadaizm üsullarını sınaqdan keçirdi. 1926-cı ildə müəllimlərə qarşı təkəbbürlü və laqeyd münasibətinə görə Akademiyadan xaric edildi. Elə həmin il o, ilk dəfə Parisə getdi və burada Pablo Pikasso ilə tanış oldu. Öz üslubunu tapmağa çalışaraq, 20-ci illərin sonunda Pikasso və Joan Mironun təsiri altında bir sıra əsərlər yaratdı. 1929-cu ildə Buñuel ilə birlikdə "Andalusiya iti " sürrealist filminin yaradılmasında iştirak etdi .
Sonra o, əvvəlcə şair Pol Eluardın həyat yoldaşı olan gələcək həyat yoldaşı Qala ilə tanış oldu. Salvadorla yaxınlaşan Qala həyat yoldaşı ilə yaşamaqda davam edirdi,
bu cür gəlişmələr o zamanlar Dalinin, Eluardın və Qalanın fırlandığı o bohem dairələrində məqbul görünürdü. Dostunun həyat yoldaşını həqiqətən oğurladığını anlayan Salvador onun portretini “təzminat” kimi çəkdi.
Dalinin əsərləri sərgilərdə nümayiş olunur, o, populyarlıq qazanırdı. 1929-cu ildə o, André Breton tərəfindən təşkil edilən Sürrealist qrupa qoşuldu. Şəxsi həyatda isə o, həqiqətın heç bir proqnoza uyğun gəlmirdi.
Rəssamın ailəsinin Qalaya düşmən münasibəti, bununla bağlı münaqişələr, qalmaqallar, eləcə də kətanlardan birində Dalinin yazdığı “Bəzən anamın portretinə ləzzətlə tüpürürəm” yazısı ona gətirib çıxardı ki, ata oğlunu söyüb evdən qovdu.
Rəssamın təxribatçı, qəzəbli və dəhşətli hərəkətləri heç vaxt hərfi mənada və ciddi qəbul edilməyə dəyməzdi: o, yəqin ki, ölmüş anasını incitmək istəmirdi və bunun nəyə gətirib çıxaracağını belə bilmirdi. Ola bilsin ki, o, belə bir küfr hərəkəti ilə özündə stimullaşdırdığı hiss və təcrübə silsiləsi yaşamaq istəyirdi. Bu hiylə sevimli həyat yoldaşının xatirəsini diqqətlə saxlayan atası ilə güclü mübahisəyə səbəb oldu. Cavab olaraq, qəzəbli Salvador Dali atasına zərfdə spermasını qəzəbli bir mətnlə məktubla göndərdi: "Sənə borcum yalnız budur". Daha sonra, 1934-cü ildə Qala ilə rəsmi nikaha girdi. Elə həmin il o, ilk dəfə ABŞ-a səfər etdi.
1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayandan sonra Dali solçu sürrealistlərlə mübahisə etdi və qrupdan qovuldu. Salvador praktiki olaraq apolitik idi və hətta onun monarxist baxışları belə ciddi qəbul edilmədi.
1933-cü ildə Dali Lenin şəklində İsveçrə xalq qəhrəmanını böyük omba ilə təsvir etdiyi " Uilyamın tapmacası " tablosunu çəkdi . Dali Freydə görə İsveçrə mifini yenidən düşündü : Tell uşağını öldürmək istəyən qəddar ata oldu. Atasından ayrılan Dalinin şəxsi xatirələri qat-qat idi. Lenin isə kommunist düşüncəli sürrealistlər tərəfindən mənəvi, ideoloji ata kimi qəbul edilirdi. Rəsmdə hədsiz valideyndən narazılıq, yetkin şəxsiyyətin formalaşması istiqamətində atılan addım təsvir olunub. Lakin sürrealistlər rəsmləri hərfi mənada, Leninin karikaturası kimi qəbul etdilər və bəziləri hətta kətanı məhv etməyə çalışdılar.
1937-ci ildə rəssam İtaliyaya səfər etdi və İntibah dövrünün əsərlərinə heyran qaldı. Onun öz əsərlərində insan nisbətlərinin düzgünlüyü və akademikliyin digər xüsusiyyətləri hakim olmağa başladı. Sürrealizmdən uzaqlaşmasına baxmayaraq, onun rəsmləri hələ də sürrealistik fantaziyalarla doluydu. Sonralar Dali özünə sənətin modernist deqradasiyadan xilas olmasını aid etdi, bu da öz adını onunla əlaqələndirdi, çünki Salvador ispan dilində " Xilaskar” deməkdir.
1939-cu ildə Andre Breton Dalini və onun işinin kommersiya komponentini ələ salaraq onun üçün "Avida Dollars" anaqram ləqəbi ilə çıxış etdi. Bretonun zarafatı dərhal böyük populyarlıq qazandı, lakin Bretonun kommersiya uğurunu çox üstələyən Dalinin uğuruna xələl gətirmədi.
İkinci Dünya Müharibəsinin başlaması ilə Dali Qala ilə birlikdə 1940-1948-ci illərdə ABŞ -a getdi.
1942-ci ildə o , "Salvador Dalinin gizli həyatı" adlı qondarma tərcümeyi -halını nəşr etdirdi. Onun ədəbi səyləri, sənət əsərləri kimi, kommersiya baxımından uğurlu oldu. O, Walt Disney ilə əməkdaşlıq etdi. Disney Dalini kinoda istedadını sınamağa dəvət etdi, lakin Salvadorun təklif etdiyi sürrealist "Destino" cizgi filminin layihəsi kommersiya baxımından yararsız hesab edildi və onun üzərində iş dayandırıldı. Dali rejissor Alfred Hitchcock ilə də işlədi və Spellbound filmindəki yuxu səhnəsi üçün dekorasiya yaratdı. Lakin kommersiya baxımından filmdə səhnə qısaldıldı və onun işi effektsiz hesab edildi.
İspaniyaya qayıtdıqdan sonra Dali əsasən Kataloniyada yaşayırdı .
1958-ci ildə İspaniyanın Girona şəhərində o, Qala ilə rəsmi olaraq evləndi .
1965-ci ildə Parisə gələrək əsərləri, sərgiləri və çılğın hərəkətləri ilə bu şəhəri fəth etdi. Qısa filmlər çəkir, sürreal fotoşəkillər çəkirdi. Filmlərdə o, əsasən əks baxış effektlərindən istifadə edir, lakin məharətlə seçilən mövzular (axan su, pilləkənlərdə sıçrayan top), maraqlı şərhlər, rəssamın aktyorluğunun yaratdığı əsrarəngiz ab-hava filmləri qeyri-adi arthouse nümunələri edirdi. Dali reklamlarda rol alırdı və hətta bu cür kommersiya fəaliyyətlərində də özünü ifadə etmək fürsətini əldən vermirdi. Televiziya tamaşaçıları uzun müddət şokolad reklamını xatırlayacaqlar, bu reklamda sənətçi barın bir parçasını dişləyir, bundan sonra bığları eyforik ləzzətlə burulur və o, bu şokoladdan dəli olduğunu söyləyir.
Rəsaamın Qala ilə münasibətləri olduqca mürəkkəb idi. Bir tərəfdən, Qala münasibətlərinin əvvəlindən onu təbliğ edir, rəsmləri üçün alıcılar tapır, onu 20-30-cu illərin əvvəllərində kütləvi tamaşaçılar üçün daha başa düşülən əsərlər yazmağa inandırırdı. Rəsmlər üçün sifariş olmadıqda, Qala ərini məhsul markaları, kostyumlar hazırlamağa məcbur edirdi. Onun güclü, qətiyyətli təbiəti zəif iradəli sənətkar üçün çox lazım idi. Qala ərinin emalatxanasında hər şeyi qaydasına saldı, səbirlə qatlanan kətanları, boyaları, Dalinin düşünmədən səpələdiyi suvenirləri qaydaya salırdı.
Digər tərəfdən isə Qala daima kənarda kişilərlə münasibət qururdu, ərinə xəyanət edirdi. Artıq sonrakı illərdə həyat yoldaşları tez-tez mübahisə edirdi, Dalinin sevgisi daha çox vəhşi bir ehtiras idi və Qalasız yaşaya bilmirdi.
1968-ci ildə Dali ərindən ayrı yaşaması və özünün yalnız arvadının yazılı icazəsi ilə ziyarət edə biləcəyi Pubol qalasını Qala üçün satın aldı.
1981-ci ildə Dalidə Parkinson xəstəliyi inkişaf etdi. Amma sevimli Qalası daha tez, 1982-ci ildə vəfat etdi.
Bu, Daliyə çox ağır təsir göstərdi və onun həyata bağlılığını azaldı. Həmin dövrdə Dali Fiqerasdan köçərək Qala üçün aldığı Pubol qəsrində yaşamağa başladı. 1984-cü ildə onun yataq otağında müəmmalı şəkildə yanğın baş verdi. Bəziləri bunu Dalinin intihar cəhdi kimi qiymətləndirirlər. Lakin xidmətçiləri onu xilas edə bildilər.
Bundan sonra o, yenidən Fiqerasa qayıtdı və ömrünün qalan hissəsini öz adını daşıyan teatr-muzeydə yaşadı.
1988-ci ilin noyabrında Dali infarkt keçirdi və xəstəxanaya yerləşdiridi. Dekabrın 5-də Kral Huan Karlos onu ziyarət etdi. Salvador Dali 23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını dinləyərkən ürək çatışmazlığından vəfat etdi.
Dali həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkmiş, onlarla heykəllə bərabər, daş üzərində müxtəlif səpkili əsərlər yaratmış, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olmuşdur. 1994-cü ildə İstanbulda Art Fair sərgisində və 2001-ci ildə Brüsseldə beynəlxalq Kunstbeurs sərgisində azərbaycanlı rəssam Sakit Məmmədovla birlikdə də onun rəsm əsərləri sərgilənmişdir.
İndi də Dalinin rəsmləri Bakıya gəlir. Əlbəttə ki, çox böyük hadisədir.
Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Rəsm qalereyası: Salvador Dali, “Yaddaşın dəyişməzliyi”
Azərbaycanlı fotomüxbir İlqar Cəfərov beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
Azərbaycanlı fotomüxbir, AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Albaniyanın Tirana şəhərində keçirilən “MOMENTS 2023” Beynəlxalq Fotomüsabiqəsinin üç mükafatına layiq görülüb.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 56 ölkəsindən 180 fotoqrafın üç mindən çox fotoşəkili göndərilib.
FIAP-ın qızıl medalına müəllifin Bakıda çəkilmiş "Qırmızı paltarlı" fotosu layiq görülüb. Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) qızıl medalına 2016-cı ildə Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında çəkilmiş "Ağırlıqqaldıranın emosiyası" şəkli layiq görülüb. PSA-nın fəxri lentinə isə 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında çəkilən "Məşqçi" fotoşəkili layiq görülüb.
Qeyd edək ki, "Ağırlıqqaldıranın emosiyası" fotosu həmçinin Serbiyada keçirilən "PhotoEXPO 2023" Beynəlxalq Fotomüsabiqəsində də PSA-nın qızıl medalına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Qobustan təsvirləri bilsəniz nə qədər möcüzənin yaranmasına təkan verib…
Söz vaxtını çəkər. “Ədəbiyyat və incəsənət” portalı dünən sizə hazırda Azərbaycanımızın qürur mənbəyi sayılan Qobustan qayaüstü rəsmlərinin başının üstünü alan qara buludlar barədə və Qobustanın xilaskarı barədə söz açmışdı. Gəlin əhvalatı xatırlayaq:
1950-ci illərdə ağılsız bir qərarla Qobustanda daş karxanası yaradılır. Buradakı qayalardan müharibədən qayıdan əsgərlərə ev tikilirmiş. Arxeoloq İsaq Cəfərzadə Qobustanı qorumaq üçün nə qədər müraciətlər etsə də bir nəticə vermir. Respublikanın rəhbəri Mir Cəfər Bağırov onu yanına çağırıb deyir: "Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən sovet əsgərlərinə ev tikməməliyəm?!"
Çarəsiz qalan Cəfərzadə Xalq şairimiz Səməd Vurğuna müraciət edir. Səməd Vurğun xəbəri eşidən kimi dərhal əsəbi halda Qobustana yollanır, ora gəlmiş prokurorun tapançasını alıb maşından yerə düşən kimi havaya dalbadal iki dəfə atəş açır, qayaları dağıtmağa girişmiş buldozerçini buldozerdən düşürür…
Bu hadisədən sonra da Səməd Vurğun Qobustanın qorunması üçün əlindən gələni əsirgəmir…
İndi isə keçid alaq xəbərimizə. Ötən gün Muzey Mərkəzinin sərgi salonunda Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi açıldı. Öncə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış etdi. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis tarixindən və ölkəmizdə bu günün qeyd olunmasından danışdı. Daha sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tədbir təşkilatçılarına belə bir sərginin təşkilinə görə təşəkkür edərək, sərginin əhəmiyyətindən danışdı.
Daha sonra Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Qobustan abidələrinin xalqımız üçün mənəvi əhəmiyyətindən və sərginin önəmindən danışdılar.
Sərgidə 100-ə yaxın əl işinin təqdim olunduğunu vurğulayaq. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə açılan sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunur. Axı Qobustan daim sənətkarların, yaradıcı insanların ilham mənbəyi olub. Bugünkü sərgidə nümayiş olunan bir-birindən dəyərli əl işləri sənətkarlarımızın Qobustanın timsalında qədim tariximizə, zəngin mədəniyyətimizə sevgisinin ifadəsidir.
Rəngarənglik və gözəllik qalereyasıdır bir sözlə.
Nəzərə alaq ki, Qobustan xalqımızın daş yaddaşı və milli sərvətidir. Qobustan qədim tariximizin, zəngin mədəniyyətimizin və incəsənətimizin silinməz nişanələrinin daşıyıcısıdır. Bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Qobustan abidələri qədim insanların həyat tərzini əks etdirən qayaüstü rəsmlər toplusudur. Tariximizin, mədəniyyətimizin ilkin inkişaf mərhələlərini izləməyə imkan verən Qobustan abidələri daim elm adamlarının tədqiqat obyekti, sənətkarlarımızın istinad yeri, yaradıcılıq mənbəyi olacaq.
Və bir daha Səməd Vurğunu, onun vurub Bakıdan Qobustana gedərək tapanşa çəkməsini, buldozerçini yerə düşürdərək Qobustanı dağıtmaqdan xilas etməsini yada salaq. O hadisə olmasaydı Qobustan qoruğu da olmayacaqdı, təsəvvür edirsiniz? Allah dahi şairimizə rəhmət eləsin bu ucalığına görə.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Lətifələrin növbəti reytinqi
“Gülüş klubu”nda növbətçi Sərtyeldir. Şüarımızsa dəyişməzdir: Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur.
5-ci yer
İki aborogen çukça söhbət edir.
-Bu gün yolla gedəndə 10 dollar tapmışdım.
-Bəs neynədin?
-Tulladım.
-Niyə ki?
-Saxta idi.
-Nə bildin ki saxtadır?
-Harda görmüsən ki, 10 rəqəmində iki dənə sıfır olsun?
4-cü yer
Balaca Azər atasından soruşur:
-Ata, niyə 8 mart təqvimdə qırmızı rənglə işarə olunub?
Atası qəlbi riqqətə gətirən kədərli səslə bəyan edir:
-Bu, kişi qanının rəngidir, oğul bala.
3-cü yer
Müğənni Aygün Kazımova müğənni Röya Ayxandan soruşur:
-Nə qəşəng arıqlamısan. Yeni pəhriz bilirsən?
-Aha.
-Nədir?
-Kök, çuğundur və kartof.
-Neynəməli, qızarmalı, ya qaynatmalı?
-Qazıb yerdən şıxartmalı.
2-ci yer
Qeyri-fəal, lal-dinməz millət vəkillərindən biri canlı debatda xalqına səslənir:
-Mənim kimi millət vəkili olan xalqın nəyi çatışmır ki?
Bir ağsaqqal deyir:
-Valeryankası.
1-ci yer
4-cü mikrorayon sakini, 50 yaşlı Zibeydə Bağdagülovanı infarkt vurur. Əməliyyat otağında həkimlər onun həyatı uğrunda mücadilə edərkən Zibeydə xanımın gözünə Pirani bir şəxs görünür.
-Bu mənim sonumdur?, -deyə Zibeydə soruşur.
Pirani şəxs öz kağız-kuğazlarını çıxarır, xeyli vərəqləyib deyir:
-Yox, siz hələ 33 il, 4 gün, 8 saat yaşayacaqsız.
Narkozdan ayıldıqdan sonra qadın xoşbəxt-xoşbəxt həkimə deyir ki, onsuz da burdayam, kosmetoloqları dəvət elə, qoy sifətimi dartsınlar, buxağımı, qarın piylərimi yığsınlar, sinəmi böyütsünlər, dodağımı şişirtsinlər, ayaqlarımı korreksiya etsinlər.
Bütün bunlar olur. Xəstəxanadan çıxan gün onu manikür, pedükür də edirlər, saçlarını da saraldırlar, qadın tam dəyişib xeyli cavanlaşır.
Xoşbəxt qadın xəstəxanadan çıxır, yolu keçmək istəyəndə bir maşın onu necə vurursa qadın ölümcül olur. Onu təzədən xəstəxanaya qaytarırlar. Həkimlər müdaxilə edəndə yenidən gözünün qabağına həmin Pirani kişi gəlir.
Zibeydə ağır-ağır soruşur:
-Sən axı mənə deyirdin, hələ 33 il yaşayacam?
Pirani kişi gözlərini qırpmadan qadına baxıb birdən deyir:
-Aa, Zibeydə, bu sənsən? Sən öz canın bağışla, tanımamışam.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)